Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:34

Gülər Əhmədova özünü öldürmək istəyib


Gülər Əhmədova
Gülər Əhmədova

-

«İnsanları intihar həddinə çatdıranlar günahkardır...».

moderator.az-a danışan keçmiş deputat Gülər Əhmədova belə deyib. O, gənclər arasında intihar hallarının artmasını təəssüflə izlədiyini deyib.

Gülər Əhmədova özü də ağır zamanlarda intihar haqda düşündüyünü etiraf edib: «Hətta Nailə Mirməmmədli ilə birgə «İntihar» adlı bir mahnı da yazmışdıq. Çox təsirli alındı. Düzdü, heç kimə oxumağa vermədik».

Gülər Əhmədova daha sonra intihar edən gənclərin ailələrinə və onları bu dərəcəyə çatdıran insanlara fikirlərini çatdırıb: «Birincisi, üç uşaq anası olan gənc qadını intihar həddinə çatdıran borc verənlərə, kredit borcu üzündən özünü öldürən daha bir gəncin intiharına səbəb olanlara, habelə ailə münaqişəsi ucbatından özünü asan, yandıran gənc qadınların ətrafında olanlara yalnız bir şey demək istəyirəm: istənilən halda intihar edənlər Allah qarşısında günahkardırlar. Amma bunu da bilin ki, bu insanları bu həddə çatdıranlar da günahkardırlar. Mən məsələnin hüquqitərəfi barədə danışmıram. Dediklərim yalnız məsələnin insani və bəşəri tərəfləridir».

Sabiq deputat yaxın vaxtlarda Youtube-da bir videobloqqer-psixoloq kimi fəaliyyətə başlayacağını da bildirib.

Xalidə Hacıyeva
Xalidə Hacıyeva

CAVID HÜSEYNOVUN ANASI MUSAVAT.COM-A DANIŞDI

Həbsdəki futbolçu Cavid Hüseynovun anası Xalidə Hacıyeva «Yeni Müsavat»a danışıb: «Oğlum təqsirsizdir, o, qarışqanı belə incidəcək adam deyil».

O deyib ki, oğlunun zərrə qədər də olsun günahı yoxdur. Ana oğlunun qətli törətməkdə təqsirli bilinən bibisi oğlu Elşən İsmayılovla da yaxın münasibətləri olmadığını deyib: «Elşəni 23 il ərzində iki dəfə görmüşəm. Onlarla qohumuq, amma ailələr arasında çox gediş-gəliş olmayıb».

X.Hacıyeva oğlunun E.İsmayılovun səhvinə görə cəzalandırılmasını istəmədiyini söyləyib: «Cavid bir qarışqanı incidəcək insan deyil. Onu tanıyan tanıyır».

Futbolçunun anası hadisədən Rasim Əliyevin ölümündən sonra xəbər tutduğunu bildirib: «Xəbərimiz yox idi. Günəşli qəsəbəsində olan evimizə polis əməkdaşları gedib. Biz orda qalmırdıq. Qonşular bizə zəng etdi ki, bəs sizi polis axtarır. Polislər Cavidi Qəbələyə gedəndə Şamaxı postunda saxlayıblar. Oradan da Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparıblar. İzahat alıb buraxıblar».

X.Hacıyeva deyib ki, Cavid Hüseynov evə qayıdandan sonra hadisə haqda ətraflı danışmaq istəyib: «Evə gələndə dedi ki, izahat verdi. Jurnalisti döyənlərlə üzləşdirildim. Elşəndən başqa heç biri məni tanımırdı. Elə bir halda idi ki, əlavə nəsə danışmaq istəmirdi. Cavidə səhər 8-də yenidən bölməyə gəlməsini demişdilər».

Pul
Pul

İCRA BAŞÇILARINI «BİRLƏŞDİRƏN DƏYƏR – «SAMİR-AĞDÜLÜ» MMC…

«Bizim yol» yazır: ««Dizayn Construction» bir ildə 73 tenderi necə udub?».

«Bizim Yol» Xətai rayon İcra Hakimiyyətinə ayrılan vəsaitin necə xərclənməsini araşdırıb. Bu zaman məlum olub ki, icra hakimiyyəti abadlıq işlərini «Forvard-CO» MMC-yə etibar edib. Ancaq maraqlısı odur ki, təkcə Xətai rayon İcra Hakimiyyəti yox, Yasamal rayon İH 501 min 500 manat, Suraxanı İH 500 min 650 manat, Nərimanov İH 350 min manat, Xəzər rayon İH 470 min 80 manat, Nəsimi İH 350 min manatlıq abadlıq işlərini adıçəkilən şirkətə gördürüb. «Lerik rayon İH də abadlaşdırma və bərpa işlərini 471 min 938.91 manata «Forvard-CO» MMC-dən satın alıb. Bir ildə icra hakimiyyətlərindən 3 milyon 144 min 819 manatlıq sifariş alan şirkət haqqında internet resurslarında məlumat yoxdur... Həmin il şirkət bu vəsaitlə kifayətlənməyib, sanki ölkədə başqa şirkət yoxmuş kimi bir ildə 40 tenderi qazanıb, müxtəlif dövlət qurumlarından ümumilikdə 4 milyon 709 min 372 manatlıq sifarişi olub. İcra hakimiyyətlərinin abadlığa ayırdıqları vəsaitlərin və işi həvalə etdikləri şirkətlərin eyniliyindən bəllidir ki, bu iş bir mərkəzdən idarə olunur. «Bakı Metropoliteni» QSC və Daxili İşlər Nazirliyi (DİN) də adıçəkilən şirkətə çox işlər həvalə edib».

Qəzet daha sonra yazır ki, Xətai İH 2013-cü ildə irimiqyaslı işlərini təzə şirkət – «Dizayn Construction» MMC-yə gördürüb: «Əslində bu şirkət hələ 2012-ci ildə 21 tenderi təkbaşına udub. Bunun da ümumi dəyəri 6 milyon 151 min 19 manat təşkil edir. Bakı İH də daxil olmaqla icra hakimiyyətlərinin burada payı 5 milyon 344 min 656 manatdır. Nə hikmətdirsə Lerik İH eyni vaxtda üç məktəbi bu şirkətə tikdirib. 180- və 80- yerlik məktəblərdən biri 1 milyon 534 min 806 manat, digəri 711 min 902 manat, üçüncüsü 661 min 785 manata başa gəlib. 2013-cü ildə ümumilikdə 25 milyon 747 min 275 manat dəyərində 73 tenderi qazanan bu şirkətin, doğrusu, kimin patronajlığında olduğunu maraq edirəm. Təkcə bir ildə 25.7 milyon dövriyyəsi olan şirkətin vebsaytı da yoxdur».

Leyla Yunus
Leyla Yunus

«AZADLIQ» QƏZETİNİN VƏ MÜSAVAT PARTİYASININ LEYLASI

«Azərbaycan» yenə hüquq müdafiəçisi Leyla və onun həyat yoldaşı Arif Yunusdan yazır:

«Bu gün «Azadlıq» qəzeti «vicdan məhbus»ları adı altında «vnetka» sərgiləməklə «missiya»sına sadiq qaldığını nümayiş etdirir. Bu «vnetka»nın ön cərgəsində ölkəyə xəyanət edən şəxslərin şəkilləri yer alıb. Diqqətlə baxanda onların hansı prinsiplər əsasında - törətdikləri cinayətin ağırlılıq dərəcəsinəmi, qadın və ya kişi olmasına görəmi, yaxud da ki, məhkəmə tərəfindən onlara verilən cəzanın müddətinə görəmi düzülməsi məsələsi maraq doğurur. Ancaq «Azadlıq» qəzetinin mahiyyətinə bələd olan hər bir kəs dərhal anlayır ki, bu «düzənlənmə» həmin şəxslərin Azərbaycan dövlətinə, millətinə xəyanət etmə dərəcəsinin yüksəkliyi ilə müəyyənləşib. Ümumiyyətlə, «Azadlıq» qəzetinin N.Nəcəfovdan sonra səviyyəsi enmişdir. Hazırda bu mətbu orqanı dönüklərin və xəyanətkarların orqanına çevrilib. Hətta onun qiyabi baş redaktoru Qənimət Zahid vətəndən kənar düşmüş, ailəsini ianələrlə xaricdə yaşadan birisidir. Bu insanlar son dövrlərdə daha çox cinayət törətmələri ilə yadda qalıblar».
Rəsmi qəzet prezidentin «Azadlıq» qəzetinin iki əməkdaşına ev, bir nəfərəsə «Əməkdar jurnalist» fəxri adı verdiyini, qəzetə isə KİVDF tərəfindən indiyə qədər 307 min 400 manat pul ayrıldığını xatırladır. «Göründüyü kimi, ölkə rəhbərliyi müxalifət-iqtidar mətbuatı arasında fərq qoymadan respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün zəruri imkanlar yaradıb», yazır qəzet.

Milli Şuranın mitinqi - 22 sentyabr 2013
Milli Şuranın mitinqi - 22 sentyabr 2013

MÜXALİFƏT ƏNƏNƏNİ POZDU

Müxalifət bu dəfə bloklaşa bilmədi.

Bunu da mövqe.az yazır.

««Demkonqres», SİDSUH, DUH, DUBB, «Birləşmiş Müxalifət Hərəkatı» (BMH), «5-lər», «Azadlıq» Seçki (sonradan Siyasi) Bloku, «Bizim Azərbaycan» Seçki (sonradan Siyasi) Bloku, ATA, YES, «İctimai Palata», «Demokratik Qüvvələrin Məşvərət Məclisi», «EL» və nəhayət, tezbazar ərsəyə gətirilən Demokratik Qüvvələrin Milli Şurası. Bunlar Azərbaycanda mövcud olan müxalifətin 20 ilə yaxın bir müddətdə yaratdıqları birliklərdir.

Hər birinin yaranması seçki ərəfəsinə təsadüf edir, elə məhv olması da seçkidən az sonra baş verir. Ancaq diqqət çəkən məqam odur ki, parlament seçkilərinə aylar qalsa da, radikal müxalifət partiyaları ənənələrinə zidd gedərək bu dəfə yeni blok yaratmayıblar. Hələlik bunun haqqında heç söhbət də açılmayıb», - yazır sayt.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirir ki, müxalifət hələlik seçkiyə gedib-getməyəcəyi barədə dəqiq qərar verməyib: «Cəmil Həsənli seçkiyə getməyəcəyini deyir, amma hansısa qərargaha rəhbərlik etməyə hazır olduğunu da söyləyir. Əli Kərimlidən isə bir səs yoxdur. Qeyriləri də ağızlarını açıb gözləyirlər ki, görək nə qərar olacaq».

Demokratik Azərbaycan Dünyası Partiyasının sabiq sədri Məmməd Əlizadənin dediyinə görə, seçkidə radikal müxalifətin səs yığma ehtimalı çox azdır: «Ona görə müəyyən qədər səs toplamaları üçün seçkilərə blok şəklində qatılmalıdırlar. Təklikdə hansısa müxalifət liderinin səs toplayacağı inandırıcı deyil».

XS
SM
MD
LG