Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:26

Mavi Xəzərdə qətl


Nəriman Mahmud
Nəriman Mahmud

- Nəriman Mahmud (Mahmudov Nəriman Məhəmməd oğlu). Mavi Xəzərdə qətl (roman). – Bakı, “Təfəkkür”, 2008. – 224 s.

Detektiv janrda yazılmış Mavi Xəzərdə qətl” əsərinin əsas qayəsini müəmmalı qətl-qarət hadisələri, bu hadisələrin istintaq axtarışları təşkil edir.

MAVİ XƏZƏRDƏ QƏTL

(detektiv roman)

O, Azadlıq meydanını keçib, idarə etdiyi “Hummer” markalı avtomobili sola burdu. Şəhəri yaxşı tanımasa da, bəzi küçələrinə bələdçiliyi var idi. “Aerokassa”nın qarşısına qədər gəlib çıxdı. Avtomobili kənara çəkib əyləci basdı. Dayanıb ətrafına baxdı. Gözlərinə qarşıdakı bağ sataşdı. Həmişəki kimi bağda xeyli adam vardı. Bura dəmiryol vağzalının yaxınlığındakı məşhur “Səməd Vurğun” bağı idi. O, avtomobili yenidən işə salıb bir az da irəliyə sürdü.

Həmişə olduğu kimi, “28 May” küçəsi sanki qaynayırdı. O, “Hummer”i yavaş-yavaş sağ tərəfə - “Səməd Vurğun” bağına tərəf çəkib yenidən əyləci basdı. Pəncərədən xeyli baxdı. Burdan o tərəfə gedəcəyi istiqaməti müəyyənləşdirmək istəyirdi. Deyəsən çətinlik çəkirdi. Çox fikirləşmədi. Avtomobildən düşüb bağın içərisinə tərəf addımladı. On-on beş metr kənarda dayanıb bayaqdan ona tamaşa edən, təxminən 30-35 yaşlarında bir kişinin bərabərinə çatıb dayandı. Çoxdanın tanışları kimi mehribancasına salam verib, Mərkəzi Univermağa tərəf gedən istiqaməti soruşdu. Oğlan təqribən 55 yaşlarında olan bu kişinin salamını alsa da, sualını deyəsən yaxşı eşitmədi. Gözləri “Hummer”in pəncərəsindən başını çıxarıb ona baxaraq gülümsəyən qara saçlı, iri gözlü sarışın qadına sataşmışdı.

“Hummer”in sahibi qarşısındakı oğlanın diqqətinin yayındığını hiss eləsə də, sezdirmədi. Nəzərlərini yayındırıb beş-altı addım kənarda dayanan başqa kişilərə tərəf addımlamaq istəsə də fikrindən daşındı. Sanki qarşısında dayanan bu adamdan başqa, yaxın həndəvərdə münasibini tapa bilməyəcəkdi. Sabir adlı enlisifət, lopa bığlı, həmişə sifətinə ciddi görkəm verməyə çalışsa da gülərüz olduğu aydın hiss edilən bu adam avtomobildən bayıra çıxan kimi diqqətini qarşısında dayanan həmin kişi cəlb etmiş, ilk baxışdan ondan xoşu gəlmişdi. O, Sabir kişidə yaxşı təəssürat oyatmışdı. Ona görə də verdiyi sualı ikinci dəfə təkrarladı:

- Ay oğul, mənə Mərkəzi Univermaq lazımdır, zəhmət olmasa göstərin.

Kişi sanki heç nə eşitmirdi. Gözlərini “Hummer”dən ona baxan qadına zilləyib qalmışdı. Qarşısındakı adamın qəribə baxışları Sabir kişinin diqqətini cəlb etsə də, həmin baxışların ünvanı ilə maraqlanmadı. Məqsədi gedəcəyi yeri tezliklə müəyyənləşdirmək idi. Tələssə də hövsələsini basdı. Şahidi olduğu mənzərə onu gülümsəməyə vadar etdi. Qarşısında dayanan adama verdiyi sualı yenidən, amma sonuncu dəfə təkrarladı:

- Oğlum, səninləyəm, zəhmət olmasa Mərkəzi Univermağa gedən istiqaməti mənə göstər.

Sabirin sonuncu cəhdi nəticəsiz qalmadı. Kişi sanki dəhşətli yuxudan hövlnak ayılırmış kimi dik atıldı. Bir neçə saniyə bundan əvvəl kişinin salamını aldığı yadına düşəndə xəcalət çəkdi. Atası yaşda kişinin bayaqdan nəsə soruşduğunu dərhal başa düşdü. Özünün bu hərəkətini ədəbsizlik kimi qiymətləndirdi. Vəziyyətdən çıxış yolu tapmağa çalışdı:

- Əmi, siz Allah bağışlayın, deyəsən sizi çox gözlətdim, hə? Dönə-dönə üzr istəyirəm, çox fikirliydim.

Sabir kişi sifətinə gülümsər ifadə verib dedi:

- Elə bir şey yoxdur, oğlum, deyəsən sizi narahat etdim. Mənə Mərkəzi Univermaq lazımdır. Bayaqdan onu soruşmaq istəyirdim. Burdan çoxmu uzaqdır? Hansı tərəfə getməliyəm?

Gözlərini “Hummer”in qabaq salonunda oturaraq onlara tərəf baxan qadından çəkən oğlan, artıq özünə gəlmişdi. O, barmağı ilə “28 May” küçəsinin “Nizami” kinoteatrına tərəf uzanan istiqamətini göstərib dedi:

- Bu küçə də Mərkəzi Univermağa gedir. Amma bir qədər gedəndən sonra müxtəlif istiqamətlərə dönmək lazım gələcəkdi.

O, bunu deyib gözlərini ani olaraq Sabir kişidən yayındırdı. Yenidən hələ də avtomobilin pəncərəsindən baxan qadına tərəf oğrun-oğrun boylandı. Kişi hiss etməsin deyə, tez də nəzərlərini avtomobildən çəkib yerə - ayağının düz ucuna baxdı. Amma deyəsən Sabir kişi onun izahatından heç nə başa düşməmişdi. Qarşısındakı adamın cəsarətini yoxlayırmış kimi bir neçə saniyə onun üzünə baxıb soruşdu:

- Oğlum, başqa işlərin yoxdursa, mənə bələdçilik edə bilərsənmi? Həm də yolda yaxından tanış olarıq. Qorxmağa, tərəddüd etməyə dəyməz. Düşünürəm ki, bu tanışlıqdan sən də fayda görərsən.

Sabir kişi bunu deyib bığaltı gülümsündü, tələssə də bir-iki dəqiqə dayanıb cavab gözləməyə üstünlük verdi. Amma oğlan onu çox gözlətmədi. Dedi:

- Siz deyən, elə bir ciddi işim yoxdur. Madam ki, nabələdsiniz, necə məsləhətdirsə elə də edərik. Şəhərimizin qonaqlarına hörmət borcumuzdur.

Bələdçilik edən adam sonuncu kəlmələrini deyərkən qımışdı, gözlərini yenidən avtomobilə tərəf zillədi. Amma bu gözlərin tuşlandığı nöqtə Sabir kişi üçün məchul olaraq qaldı. Əslində oğlanın hara baxmasının ondan ötrü fərqi yox idi. Bu haqda heç nə düşünmürdü. Bələdçinin birdən-birə təklifi qəbul etməsi, tanımadığı, ilk dəfə gördüyü bu adamlarla birlikdə avtomobilə əyləşməyə razılıq verməsi onu heyrətləndirmişdi. Sabir kişi bələdçini avtomobilə tərəf çəkən başqa bir qüvvənin mövcudluğundan da xəbərsiziydi. Qarşısındakı bu adamın baş yola baxdığını hiss eləsə də, üzü ona tərəf dayandığından öz qızının baxışlarından xəbəri yox idi. Qızı öz baxışıyla eşqin odunu, şərarəsini artıq ürəyinə salmış, onlara bələdçilik edən oğlanda da hansısa hisslər oyatmışdı. Deyəsən onu ilk dəfə gördüyü bu adamlara çəkinmədən qoşulub getməyə məcbur edən də elə həmin naməlum hisslər idi.

Onlar “Hummer”ə əyləşib “28 May” küçəsi ilə üzüyuxarı, “Nizami” kinoteatrına tərəf istiqamət götürdülər. Yad adam arxada oturub Sabir kişiyə yol göstərir, bələdçilik edirdi. Birdən Sabir kişi geri qanrılıb soruşdu:

- Oğlum, bayaqdan bir yerdəyik, amma bir-birimizlə hələ də tanış olmamışıq. Mənim adım Sabirdir. Bu isə mənim qızımdır, adı Gülnarədir. Gülya deyə çağırırıq. Bəs sizin adınızı bilmək olarmı?

Oğlan əvvəlcə özündən başqa ad uydurmaq istədi. Ancaq o da kişinin bayaq dediklərini xatırlayıb adını olduğu kimi deməyi qərara aldı:

- Adım Veysəldir, sizinlə tanışlığa çox şadam. Amma bağışlayın, siz çoxdandır Bakıda yaşamırsınız?

Avtomobillərin hərəkətində tıxacın yaranması onların yaxından tanış olması üçün əməlli-başlı şərait yaratmışdı. Sabir kişi bu vəziyyətdən istifadə edib Veysəlin intizarına son qoymağa çalışdı. Onun əsas məqsədi harda işlədiyini, nə işlə məşğul olduğunu Veysələ söyləmək, bayaq dediyi kimi ona bu tanışlıqdan xeyirin necə gəldiyini açıqlamaq idi. Sabir kişi oğlanın sualını gözləyirmiş kimi vaxtın azlığından ehtiyatlanaraq cəld dilləndi:

- Oğlum, mən Azərbaycandan çıxanda 24-25 yaşım olardı. Rusiyanın Tümen vilayətində yaşayırdım. Bir neçə il işləyəndən sonra iri bir müəssisəyə rəhbərlik etdim. Sovet hökuməti dağılandan sonra həmin müəssisəni özəlləşdirmişdim. Sonralar fəaliyyətim xeyli genişləndi. Başqa şəhərlərdə də biznes fəaliyyətimi davam etdirdim. Artıq dünyanın başqa ölkələrində, elə Türkiyənin İstanbul şəhərində də iri şirkətim fəaliyyət göstərir. Böyük tikinti şirkətlərindən birinin sahibiyəm. On-on iki il bundan əvvəl də Bakıya gəlmişdim. Sonralar şəhərdə sürətlə tikinti işlərinin getdiyi haqda məlumat aldım. Özüm tikinti sahəsində mütəxəssisəm. Doğma şəhərimizdə də keyfiyyətli, bir-birindən gözəl, müasir dizaynlı evlər ucaltmaq fikrindəyəm. İki-üç gündür ki, Bakıdayam. Sənədləri qaydaya salandan sonra işə başlamaq niyyətindəyəm. Amma şəhərə nabələdliyim işlərimi ləngidir...

Veysəl onun sözünü kəsdi:

- Sabir müəllim, bağışlayın, sözünüzü gülnən kəsirəm, mən sizin xidmətinizdə hazıram.

Sabir kişi Veysəlin bu sözlərindən məmnun qaldı. Onunla tanış olduğu qısa müddətdə özünü rahat hiss edir, qəribçiliyin nə olduğunu bilmirdi. Belə ədəb-ərkanlı, mərifətli, xeyirxah bir insana rast gəldiyinə sevinirdi. Ötən hər bir dəqiqə, hər bir saniyə, heç səbəbini özü də bilmədən onu Veysələ daha çox bağlayırdı. Ahənrüba kimi özünə tərəf çəkirdi Veysəl onu elə bil. O, hələ yaxşı tanımadığı bu doğma şəhərdə yad adamların əhatəsində olduğunu unutmuşdu. İlk həmdəminin - Veysəlin mehribanlığı, nəzakətli davranışı, isti münasibəti onsuz da səxavətli adam olan Sabir kişinin xasiyyətinə bir az da həlimlik qatdı. Ağzını açıb nəsə demək istəyirdi ki, Veysəl nəzakətli səslə aram-aram dilləndi:

- Sabir müəllim, sürəti azaldın, biz artıq Mərkəzi Univermağa çatırıq.

O, bu sözləri deyərkən “Bakı soveti” metrosunun qarşısındakı “İstiqlaliyyət” küçəsi ilə üzüaşağı şütüyən “Hummer” markalı avtomobil həmin küçə ilə “Hüsü Hacıyev” küçəsinin tinində idi. Sabir kişi Veysəlin göstərişi ilə tindən sola burulub təxminən 60-70 metr irəlidə əyləci basdı. Onlar avtomobildən düşən kimi Veysəl bir neçə saniyəlik Gülyaya baxdı, qonaqlarla sağollaşıb ayrılmaq istədi. Bunu hiss edən Sabir kişi onun bu tezliklə ayrılmasına razı olmadı:

- Veysəl, vaxtın olsaydı bizimlə univermağa girərdin. Gülya üçün bəzi zinət əşyaları almaq istəyirdim. Sonra səni istədiyin ünvana çatdıraram. Bir də ki, biz hələ yaxşı tanış olmamışıq.

Veysəl yüngülcə qızardı. Bir an duruxub nə cavab verəcəyini kəsdirə bilmədi. Amma qonağın inciyəcəyindən ehtiyat edib dillənməli oldu:

- Nə deyirəm, siz deyən olsun.

Onlar elə birbaşa univermağın ikinci mərtəbəsinə daxil oldular. Sabir kişi Gülyanın istəyi ilə alınan zinət əşyalarına üst-üstə 342 min dollar pul xərclədi. Bundan əlavə lazım olan bəzi şeyləri də alıb avtomobilə oturdular. Sabir kişi Veysəli onun öz arzusu ilə bayaqkı yerə - “Səməd Vurğun” bağına qaytardı. Yerə düşüb onunla bir neçə dəqiqə söhbətləşdi. Veysəlin mobil telefonunun nömrəsini öz telefonunun yaddaşına köçürüb dedi:

- Veysəl, çox sağ ol, mən səni mütləq axtarıb tapacağam.

Sabir kişi bunu deyib, onun pencəyinin cibinə naməlum məbləğdə pul qoydu. Veysəlin etirazı heç bir nəticə vermədi. Sabir kişi iti addımlarla ondan uzaqlaşıb maşına oturdu. “Hummer” yerindən tərpənən anda Veysəllə Gülyanın baxışları yenə də bir-birinə sataşdı.

●●●

Veysəl Sabir kişidən ayrılandan sonra qayıdıb “Səməd Vurğun” bağındakı oturacaqlardan birində əyləşdi. Dərindən nəfəs alıb gözlərini məchulluğa zillədi. Hələ də təəccüb içərisindəydi. Sabir kişinin onun cibinə qoyduğu pulun məbləği ilə maraqlanmadan, təxminən bir saat ərzində baş verənləri xatırlamağa çalışdı. Artıq gec olsa da tanımadığı bu adamların avtomobilinə əyləşməkdə səhv edib-etmədiyini götür-qoy etməyə, onların kimliyini, Sabir kişinin nəyə görə məhz ona yaxınlaşdığını, onun bu müəmmalı xeyirxahlığının səbəblərini araşdırmağa başladı. Fəqət heç nə anlaya bilmədi. Pencəyinin cibindən siqaret qutusunu çıxarıb birini yandırdı. İki-üç qullab alıb dərindən fikrə getdi. Elə indicə həmin adamları axtarıb tapmaq istədi. Köhnə telefonunu çıxarıb qurdaladı. Yaddaş kitabçasına baxdı. Sabir kişinin telefon nömrəsini tapa bilmədi. Bundan sonrakı cəhdlərinin əbəs olduğunu görüb sustaldı. Bir qədər sakitcə dayanıb baxdı, fikrə getdi. Bir az əvvəl birlikdə olduğu adamlardan qalan yeganə xatirə Sabir kişinin zorla onun cibinə dürtdüyü yaşıl əskinas idi. Əlini pencəyinin cibinə apardı. “Yaşıl kağızı” çıxarıb baxdı. Sabir kişi onun cibinə şax yüzlük dollar qoymuşdu...

Hava yavaş-yavaş qaralırdı. Veysəl oturduğu yerdən ağır-ağır ayağa qalxdı. Asta-asta yeriyib çox da uzaqda olmayan dayanacağa çatdı. Mikroavtobuslardan birinə əyləşib “Neftçilər” metrostansiyasının yaxınlığındakı mənzilinə gəldi. Çox vaxt olduğu kimi, bu dəfə də arvadını evdə tapmadı. Özündən asılı olmayaraq əsəbiləşsə də, səbrini basıb sakitləşdi. Onsuz da belə vəziyyətə öyrəşmişdi. Çox vaxt arvadı Səlimə ona bildirmədən evdən çıxar, hətta bəzən evə gecəyarısı qayıdardı. Veysəl də onun harda olduğu ilə maraqlanar, arvadını sorğu-suala tutardı. Amma bunun heç bir əhəmiyyəti olmazdı. Səlimə ərinin çox da sərt, qəliz olmayan sualları altından çox asanlıqla çıxar, hətta onu haqsız hesab edər, bunu Veysəlin düz gözlərinin içinə baxaraq deyərdi.

Veysəl səbrini bassa da bu dəfə qətiyyətli olmağı özünə söz vermişdi. O, saat yarım gözləyəndən sonra mənzildən bayıra çıxmaq istəyirdi ki, lap yaxından ayaq səsləri eşitdi. Qapıya açar salındığını hiss eləyib dayandı. İki saniyə keçmədi ki, qapı açıldı. Gələn Səlimə idi. Qadın on iki yaşı yenicə tamam olmuş oğlu Səlimlə on yaşlı qızı Aytəni evdə qoyub, yeddi yaşlı qızı Xalidəni özü ilə aparmışdı. O, qapıdan içəriyə girəndə qaşqabağını salladı. Saymazyana mətbəxə keçdi. Əri də onun arxasınca mətbəxə keçib əyləşdi. Hirsini içinə axıdıb aram-aram danışmağa başladı. Verəcəyi sualdan sonra arvadının səsini başına atacağından ehtiyatlanıb sakit tərzdə dilləndi:

- Səlimə, bir saata bax, niyə bu qədər gec gəlirsən? Bu vaxtı heç nədən ehtiyat eləmirsən? Hardaydın?

Ərinin ehtiyatla danışması Səliməni ürəkləndirdi. Onun nə demək istədiyini dərhal başa düşən qadın, Veysəldən fərqli olaraq hisslərini gizlətmədən əsəbi tonda cavab verdi:

- Guya harda olduğumu, nə iş gördüyümü bilmirsən?

- Mən səndən nə işlə məşğul olduğunu yox, evə nə üçün bu qədər gec gəldiyini soruşdum, - deyə Veysəl bu dəfə ucadan dilləndi. Amma yenə də səbrini basıb qaneedici cavab gözlədi.

Ərinin səsinin tonunu dəyişməsi Səliməni bir qədər narahat elədi. Sualı cavabsız buraxmaq istədi. Bununla mübahisənin qızışmasının qarşısını almağa çalışdı. Ancaq ani götür-qoydan sonra susmağın razılıq əlaməti olduğunu yadına saldı. Mümkün qədər mübahisədən qaçmaqla ərinin haqlı olmadığını ona anlatmağa çalışdı. Dedi:

- Bura bax, artıq uşaqlar böyüyüb. Böyüdükcə də xərcləri artır. Onlar dərsdən çıxandan iki saat sonra bazara getdim. Səlimlə Aytəni evdə qoyub Xalidəni özümlə götürdüm. Bazarda başqa qadınlarla bir yerdə işləyirdim. On iki ton baş soğan gətirilmişdi. Səhər tezdən bazarda satışa çıxarılacaqdı deyə, qabıqdan təmizləyib qablaşdırmalıydıq. Ona görə də gec gəlməli oldum. Bu işə görə hər qadına on manat pul verdilər. Yəni deyirsən ki, indiki zəmanədə kasıb bir ailədə qadının işləyib evə pul gətirməsi qəbahətdir? Əgər qəbahətdirsə...

Səlimə sözünün ardını gətirməyib susdu. Amma əri onun nə demək istədyini başa düşdü. Arvadına kitab mağazasında satıcı işlədiyini deyən Veysəl, ailəsini güclə dolandırırdı. Bəzən elə olurdu ki, əldə etdiyi qazancı növbəti aya qədər çatmadığına görə tanış-bilişdən, qohum-əqrəbadan borc götürürdü. Ona görə də Veysələ elə gəldi ki, arvadı tamamlamadığı son kəlmələri ilə onun acizliyinə, fərasətsizliyinə eyham vurur.

Veysəl yanılmamışdı. Səlimə həqiqətən də bununla özünə haqq qazandırmağa çalışırdı. Amma Veysəlin özü də arvadını haqlı hesab edirdi. O, bir ailə başçısı kimi məsuliyyət daşıdığını başa düşür, fəqət əlindən heç nə gəlmirdi. Bu vəziyyətdə Səlimənin evə gec gəlməsini, bunun müqabilində pul gətirməsini ona irad tutmaq olmazdı. Ancaq Veysəl arvadının gec gəlməsi ilə barışdığını hiss etdirmək istəmirdi. Ona görə də bunu qüruruna sıüışdırmadı. Bir-iki dəqiqəlik sükutdan sonra dedi:

- Hər halda bu gün hara getdiyini, nə vaxt gələcəyini mənə xəbər verməliydin.

Səlimə dözməyib acı-acı dilləndi:

- Bunu başa salmaq çətin məsələdir. Yəni eyni sözləri sənə hər gün deməliyəm?

Qadın bunu deyib kinayə ilə əlavə etdi:

- Məgər soğan təmizləmək kitab mağazasıdır ki, işin nə vaxt qurtardığı əvvəlcədən məlum olsun? Bəsdir, sən Allah.

Arvadının sonuncu kəlmələri Veysəli xeyli yumşaltdı. Bu an Sabir kişinin ona verdiyi söz yadına düşdü. Nədənsə Veysələ elə gəldi ki, Sabir kişi onu tezliklə tapacaq, bu tanışlıq ailənin həyatını doğrudan da dəyişəcəkdi. Amma hələ dəqiq əmin olmadığı gələcək haqda ailəsinə söz vermək istəmədi. Əlini cibinə salıb Sabir kişinin verdiyi “zəhmət haqqını” çıxararaq Səliməyə uzatdı. Qadın əvvəlcə xeyli təəccübləndi. Ərinin ona vermək istədiyi yüzlük dolların hardan, hansı yolla əldə olunduğunu bilmədiyindən əvvəlcə onu almaq istəməsə də sevindi. Amma bunu büruzə verməyə tələsmədi. Və ani tərəddüddən sonra pulu ərindən alsa da onu hələlik heç yerdə gizlətməyib əlində saxladı. Pulun hardan gəldiyini aydınlaşdırmağa çalışdı. Bir az bundan əvvəlki soyuqluqdan sonra aralarında yenidən yaranan isti münasibət pozulmasın deyə, sifətinə süni təbəssüm çökdürüb soruşdu:

- Belə, başqa cür çıxmasın, ay Veysəl, hələ maaşını almağa çox var, bu “göy kağızı” hardan əldə etmisən?

Səlimənin verdiyi sual Veysəlin xoşuna gəlməsə də, ifadənin təhər-töhrü, bər-bəzəyi onun əsəblərinin üstünə sanki su çilədi. Amma pulu hardan, kimdən və hansı hesaba aldığını gizlətməyə çalışdı. Bu məqsədlə susqunluğu sınaqdan keçirmək istədi. Lakin Səlimə ikinci dəfə təkrar etməli oldu:

- Ay Veysəl...

Arvadının xasiyyətinə yaxşı bələd olan Veysəl onun sözünü kəsdi:

- Rəhmətliyin qızı, axı sənin nəyinə lazımdı ki, hardan almışam? Pul vermişəm, götür xərclə də.

Səlimə doğrudan da çürükçü qadınıydı. Başladığı işi mütləq sona çatdırmaq onun şakəri idi. Belə hallarda həmişə qır-saqqız olub adamın yaxasından yapışar, istədiyini almayınca buraxmazdı. Veysəlin verdiyi sonuncu cavab da onu qane etmədi. Yenə də ovqatına şəkər qatıb təkrar soruşdu:

- Ay xatakar, yox e, mən bilmək istəyirəm, sən bu “göyü” hardan almısan?

Arvadının onsuz da əl çəkməyəcəyini bilən Veysəl elə eyni ovqatla sözün düzünü deməyə başladı:

- Zalımın qızı, heç tutduğunu buraxmırsan, pulu çox asanlıqla qazanmışam. Daha doğrusu, qazanmışam deyəndə, durduğum yerdə gətirib cibimə qoyublar...

Maraq Səliməyə üstün gəldi. Səbrini basa bilməyib ərinin sözünü kəsdi:

- Necə yəni, dayandığın yerdə cibinə qoyublar, məgər indiki zəmanədə belə şey olar? Zarafat etməyə vaxt tapmadın?

- Ay qız, bir səbrin olsun də, altıaylıqsan? - deyə Veysəl bayaqkı izahatının ardını gətirərək pulu necə “qazandığını” arvadına başa saldı.

Ərinin səmimiliyinə tam inanmasa da, Səlimə bu izahatdan sonra sakitlik tapdı. Tam yəqinlik əldə etmək üçün araya çökən bir-iki dəqiqəlik sükutdan sonra daha bir neçə sual versə də Veysəldən əlavə məlumat qopara bilmədi. Əslində ərinin bu haqda ona deyəcəyi bir şey də qalmamışdı. Ahənrüba kimi Veysəlin yaddaşında olanların hamısını çəkib özünün “yaddaş kitabçasına” köçürmüşdü. Təkcə ərinin Sabir kişi ilə “Səməd Vurğun” bağında görüşündən başqa.

Veysəl işlədiyi kitab mağazasından çıxıb birbaşa bağa gəldiyini arvadına deməmişdi. Bilirdi ki, Səlimə yenə də qır-saqqız olub yapışacaqdı boğazından. İşdən çıxandan sonra heç bir səbəb olmadan nə üçün birbaşa evə gəlmədiyini soruşacaqdı ondan. Bu bağın, adətən sevgililərin, aşiq-məşuqların görüş yeri kimi ad çıxarmasından Səlimənin də xəbəri varıydı. Ona görə də Veysəl yüzlük dolları necə “qazandığı” barədə verdiyi izahatda bir kəlmə də olsun Sabir kişinin onunla bağda tanış olması haqda danışmadı. Səlimə də xasiyyətinə xilaf çıxaraq daha bu dəfə çox çərənçilik eləyib çənə-boğaz vurmadı. Əvəzində Veysələ məsləhət verməyə başladı:

- Bu adam kimdirsə, deyəsən, Allah onu bizə tərəf göndərib. Fərasətin, dilin-ağzın olsun, kişidən bərk-bərk yapış, ondan əl çəkmə. Axı bu kitab mağazasından nə tapmısan? İndi kitab oxuyan kimdi? Heç kəs heç kəsin kitabını oxumur, çalış, kişinin qılığına gir, onun yanında işə düzəl. Bəlkə bundan sonra tale bizim də üzümüzə güldü, biz də bir gün gördük.

Arvadının məsləhəti Veysəlin xoşuna gəldi. Əslində onun özü də bu fikirdə idi. İndi Səlimənin də onunla eyni fikirdə olması kişi üçün lap göydəndüşmə oldu. Verdiyi bu məsləhətdən sonra ərinin əhval-ruhiyyəsində yaranan müsbət dəyişiklikdən Səlimə də bunu hiss elədi. Qadın əslində məsləhəti elə-belə vermirdi. O, Veysəllə birlikdə olduğu neçə illər ərzində onu dilsiz-ağızsız, həlim, yumşaq xasiyyətli, Allahın fağır bəndəsi kimi tanımışdı. Fikirləşirdi ki, bəlkə verdiyi bu məsləhətdən sonra cəsarətə gəlib Sabir kişiyə ağız aça, ondan işə götürməsini xahiş edə.

Səlimə yanılmamışdı. Məsləhətlərinin ərinə təsirinin özünü açıq-aşkar büruzə verdiyini hiss edirdi. Veysəl ağzını açırdı ki, cəsarətli olacağını arvadına söz versin, elə bu zaman qızı Aytən yataq otağından çıxıb bayaqdan onların söhbət etdiyi mətbəxə daxil oldu. Uşağın yuxulu gözləri onun əsl vəziyyətini, hansı ovqatda olduğunu qiymətləndirməkdə çətinlik törətsə də, qəmgin və küskünlüyünü sezmək mümkün idi. Bunu yəqinləşdirməkdən ötrü valideynlərinin sorğu-sualına ehtiyac olmadı. Onlar buna imkan tapmamış, qızcığaz doluxsunmuş halda dilləndi:

- Məktəbdə, bizim sinifdə hamı hər gün kişmişli kətə alır, təkcə məndən başqa.

Aytən bunu deyib bir az da kövrəldi. Yay tətilinin qurtardığı, yeni dərs ilinin başlandığı iki aya yaxın bir müddətdə qızının birinci dəfədir ki, bu cür sözlər işlətməsi valideynləri də kövrəltdi. Səlimənin bədənindən soyuq bir gizilti keçdi. Sanki dili tutuldu. İxtiyarsız olaraq bir xeyli sakit dayandı. Uşaq onu çarəsiz və aciz vəziyyətdə görməsin deyə, gözlərinin yaşını sifətinə yox, içəriyə, dərd-qəmlə yüklənmiş ürəyinə axıtdı. Özünə gələndə qəflətən yadına düşdü ki, hər şeydən əvvəl uşağı vəziyyətdən çıxarmaq, onun könlünü almaq lazımdır. Ani olaraq Veysəlin üzünə baxdı. Ərinin sifəti qapqara qaralmışdı.

Özünə də məlum olmayan səbəblərdən nədənsə Səliməyə elə gəldi ki, Veysəlin sifətindəki bu qaraltıda təbiilik əlamətləri yoxdur. Amma dərhal da özünü danlayıb, bu cür fikirləşdiyinə görə peşman oldu. Sanki onun ürəyini oxuyurmuş kimi Veysəl də dərindən ah çəkib qızını özünə tərəf dartdı, üz-gözündən öpüb saçlarını oxşadı. Səlimə də cəld ayağa qalxıb Aytənin qolundan yapışdı. Alnından öpüb qəflətən qəhqəhə çəkdi. Veysəl də ona qoşulub sifətinin ifadəsini dəyişdi, dodaqlarına açıq-aşkar hiss edilən təbəssüm qondu. Sözləşiblərmiş kimi ikisi də birdən dilləndi:

- Qızım, ürəyini sıxma, bundan sonra könlün nə istəyirsə, məktəbin bufetindən alıb yeyərsən.

Azyaşlı olsa da kasıb olduqlarını dərk edən qızcığaz, valideynlərinin vədinə o qədər inanmasa da bayaqkı kövrəkliyi ötüb keçdi. Səlimə bu inamsızlığı hiss edirmiş kimi Veysəlin ona verdiyi yüzlük dolları gətirib Aytənə göstərdi:

- Bax, bu qədər pulumuz var, sabahdan sənə hər şey alacağam, di get yat.

İndiyə qədər dollar görməsə də əcnəbi pul vahidini zənginliyin simvolu kimi qəbul edən balaca Aytənin gözləri güldü, ata-anasının üzündən öpüb yataq otağına yollandı.

Aytənin dedikləri həqiqət idi. Onunla eyni sinifdə oxuyan qızlar hər gün tənəffüs zamanı məktəbin bufetinə gələr, müxtəlif şirniyyatlar alıb yeyərdilər. Aytənə isə belə xoşbəxtlik ən çoxu həftədə bir dəfə nəsib olurdu. Bir az əvvəl bu balaca qızcığazın valideynlərinin yanına gələrək, qara üzlü kasıblığın ona verdiyi əzabdan şikayətlənməsinin köklü səbəbi bu olsa da hər gün belə həyatı yaşayan Aytəni məhz indi buna vadar edən, onu kövrəldən başqa səbəb idi. O, aşkarda yaşadığı acı məktəb həyatını, tay-tuşlarının, qoğal yeyən sinif yoldaşlarının ona yanıq verdiyini yuxuda da görmüşdü.

Aytəni yuxudan oyadıb mətbəxə aparan, indiyə qədər çəkdiyi mənəvi əzablar barədə valideynlərinə heç nə bildirməyən qızcığazı indi buna məcbur edən həmin yuxu idi. Ona ən çox təsir edən isə az qala hər tənəffüsdə bir pirojna “tıxan” bəzi sinif yoldaşlarının yanıq verməsiydi. Aytən bu riyakarlığı röyada görsə də təkcə yuxuda deyil, aşkarda da buna dözməmiş, nizamı pozuq dünyanı nizamlamağın yolunu valideynlərinə şikayətdə görürmüş kimi onların yanına qaçmışdı. Onun ata-anasından yox, bu bivec dünyadan umacağı vardı. Umduğunu ala bilməmişdi deyə, buna küsməklə nail olmaq istəyirdi. “Küsən payını artırar” məsəlinin doğruluğunu yoxlamaq istəyirdi sanki. Hər halda uğurlu nəticə almışdı. Bivec dünya bu balaca qızcığazın tənəsindən usanıb Sabir kişinin vasitəsilə ona yüzlük dollar göndərmişdi. O da payını alandan sonra yataq otağına çəkilib şirin yuxuya ketmişdi.

Qız yuxuya keçən kimi Veysəl dəhlizə çıxdı. Bundan istifadə edən Səlimə onun telefonunu götürüb qurdaladı. Ona tanış olmayan nömrə tapdı. Şübhələndi, tez ərinə göstərib onun kim olduğunu soruşdu. Veysəl udqunub cavab verdi:

- Sabir kişinin nömrəsidir, yaddaşa köçürməmişəm.

Bu izahat qadını sevindirdi. Hər ikisi yataq otağına keçdilər.

●●●

Sabir kişi Veysəldən ayrılıb “Hummer”ə oturdu. “28 May” küçəsi ilə bir qədər irəliyə - iki bağın arasındakı işıqfora çatıb dayandı. Sol tərəfə - “Puşkin” küçəsinə dönməyə hazırlaşırdı. Dayanıb işıqforun yaşıl işığını gözləyirdi. İşıq yenicə yanmışdı ki, “Hummer”i yerindən tərpətdi. Sükanı sola tərəf burmuşdu ki, dönməyə imkan tapmamış sürətlə gələn “Hyundai” markalı minik avtomobili arxadan ona çırpıldı. Hər iki avtomobilin sahibi salondan bayıra çıxdı. “Hummer” heç bir zədə almasa da “Hyundai”ın ön hissəsi xeyli əzilmişdi. Təxminən 25-27 yaşlarında olan sürücünün sərxoş olduğu açıq-aşkar hiss edilirdi. Təqsir bu cavan oğlanda olsa da kobudcasına Sabir kişinin üstünə hörüldədi:

- A kişi, korsan, bir az bərk sür də, görmürsən arxadan maşın gəlir? Ay bədbəxt, tısbağa səndən sürətli gedir, di tez ol, otur maşına getdik.

Sabir kişi onun kobud davranışından əsəbləşsə də səbrini basdı. Eyni rəftar etməyi özünə sığışdırmayıb sakitcə dedi:

- Ay bala, nə olub, bir az səbirli ol. Bir də ki, axı günah sənin özündədir.

Onsuz da bəhanə axtaran oğlana onun bu məsləhəti, xüsusilə də son kəlməsi xoş gəlmədi. Hardansa gözü hələ də “Hummer”də əyləşib atasını gözləyən Gülyaya sataşdı. Elə o dəqiqə nalayiq söyüş söyüb Sabir kişiyə tərəf cumdu. Yumruğunu düyünləyib onun başına zərbə endirmək istəyirdi ki, polis zabiti arxadan tutdu. Bir-iki saniyə geciksəydi, hələ havada ikən ağırlığı bəlli olan zərbə Sabir kişinin başında mütləq iz qoyacaqdı. Amma polis zabitinin bu maneçiliyi onun özü üçün də baha başa gəldi. Cavan oğlanın əli hədəfə çatmasa da dilini işə saldı. Zabit onun əlini havada saxlasa da dilini qıfıllaya bilmədi. Getdikcə özündən çıxan sərxoş sürücü qəzəbini bu dəfə polisin üstünə tökdü:

- Cındırın biri cındır, burax əlimi, yoxsa səninçün yaxşı olmayacaq.

Polis bu cavan oğlanın cəsarətindən, özündənrazı davranışından ehtiyatlansa da, hadisə yerinə toplaşan adamların qarşısında özünü sındırmaq istəmədi. Təhqirlərə biganə yanaşmasının camaat arasında qorxaqlıq kimi qəbul olunacağını yadına salıb cəsarətləndi. Sürücünün digər qolundan da tutub arxa tərəfdən bir-birinə çarpazladı. Oğlan nə qədər cəhd eləsə də polis zabitinin qüvvətli qolları arasından çıxa bilmədi. Zabit onun qollarını buraxmadan güclü təkanla özünün idarə etdiyi avtomobilə tərəf itələdi. Oğlan yalnız bundan sonra müqavimətin əbəs olduğunu görüb bir qədər sakitləşdi. Zabitə elə gəldi ki, artıq onun sərxoşluğu yavaş-yavaş ötüb keçir. O, bu vəziyyətdən istifadə edib artıq ram elədiyi sürücünün sənədlərini tələb etdi. Oğlan bayaqkı inadkarlığı, çılğınlığı ilə uyuşmayan tərzdə itaət göstərib sürücülük vəsiqəsini təqdim etdi. Onun adı Xəyyam idi.

Polis zabiti vəsiqəni alıb özü ilə götürdü. Dərhal da gözləmədiyi mənzərə ilə üzləşdi. Xəyyam qəflətən sərtləşdi. Bu dəfə bir qədər yavaş səslə kobud sözlər işlədib vəsiqəni geri verməsini tələb etdi. Tələbinin saymazyana qarşılandığını görüncə, ətrafdakıların eşidə bilməyəcəyi səslə polis zabitinə nəsə dedi. Ardınca mobil telefonundan zəng edib kiminləsə danışandan sonra onu Cəfərov soyadlı həmin polis zabitinə verdi. Zabit xəttin o başındakı naməlum adamla nə danışdısa Xəyyamın sürücülük vəsiqəsini qaytarıb özünə verdi. Xəyyam elə dərhal da Cəfərovdan aralanıb hələ də gözləyən Sabir kişiyə tərəf gəldi. Polis zabiti də arxasınca düşüb onu sakitləşdirməyə çalışdı. Xəyyam bu dəfə zorakılıq göstərmədi. Yaxınlaşıb dəyən ziyanı ödəməsini istədi. Sabir kişi yenə də təqsirin onda olduğunu xatırladıb ədalətsiz təklifdən imtina etdi. Yalnız bundan sonra Xəyyam birdən-birə dəyişdi. Elə bil cin atına mindi. Səsini başına atıb bağırdı:

- Yaxşı, eybi yoxdur, sinənə dağ çəkməsəm, heç kişi deyiləm.

Xəyyam bunu deyib Sabir kişinin avtomobilinin nömrəsini telefonunun yaddaşına köçürərək “Hyundai”ya oturdu. Sabir kişi bu sözlərə əhəmiyyət verməyib ərazini tərk etdi. Şəhəri yaxşı tanımasa da, avtomobili qəza baş verən anda dayandığı istiqamətdə irəliyə doğru sürdü. Hələlik onun əsas məqsədi gözlənilən təhlükəni sovuşdurmaq idi. Bu vəziyyətdə bir qədər gedəndən sonra sağa burulub “Üzeyir Hacıbəyov” küçəsi ilə üzüyuxarı - “Sahil” bağına tərəf irəlilədi. Bu yerlər artıq ona tanış gəlirdi. Bir az da gedib “Hökumət evi”ni keçdi. Birinci tindən sola burulub 60-70 metr gedəndən sonra yenidən sola tərəf döndü. “Azərbaycan” prospekti ilə hərəkət edərək “Azneft” meydanına gəlib çıxdı. Gülyanın xahişi ilə avtomobili kənara çəkib saxladı. Havasını dəyişmək, dəniz kənarında oturmaq üçün münasib vaxt olmasa da “Hummer”dən düşüb beş-altı metrlikdəki oturacaqlardan birində əyləşdilər. İki-üç dəqiqə səssiz-səmirsiz oturandan sonra bayaqkı hadisədən sarsılan Gülya həyəcanını, daxili narahatlığını atasından gizlətmədi:

- Atacan, nədənsə bərk narahatam, yaman qorxuram...

Qızının bu sözləri Sabir kişinin özünü də həyəcanlandırdı. Onun sözünü kəsib narahatlığının səbəbini soruşdu:

- Qızım, sənə nə olub, hər şey qaydasındadır?

Hələ də həyəcan içərisində olan Gülya birtəhər özünə gəlib cavab verdi:

- Bayaqkı hadisə hələ də gözlərimin qarşısından çəkilmir. “Hyundai”ın sürücüsü kim idi, nə istəyirdi? Polis zabiti niyə ondan çəkinirdi? Onun hədəsi məni lap qorxudur.

Qızının narahatlığına son qoymaq üçün Sabir kişi qəhqəhə çəkib ucadan güldü. Onun başını sinəsinə tərəf çəkib sığallaya-sığallaya:

- Narahat olma, qızım, sən ki atanı yaxşı tanıyırsan, o bizə heç nə edə bilməz, - dedi. - Sərxoş adamdı də, ağzına gələni danışırdı, fikir vermə.

Sabir kişi bunu deyib bayaqkından da hündür səslə güldü. Azacıq ara verib yenidən qəhqəhə çəkdi. Bu hal bir neçə dəfə təkrar olundu. Yaxın ətrafdakı adamlar da ayaq saxlayıb tanımadıqları bu kişiyə baxır, hətta bəziləri kişinin başına hava gəldiyini fikirləşirdilər. Gəlib-gedən adamların bir anlıq ayaq saxlamaları, arxaya boylanıb maraqla ona baxmaları Sabir kişinin də diqqətini cəlb etmişdi. Amma yeganə qızını narahatlıqdan qurtarmaq, həyəcanını qovmaqdan ötrü hər şeyə hazır idi. Hətta bunun üçün tanımadığı bu adamlar tərəfindən ağıldankəm kimi qəbul edilməsindən də çəkinmirdi. Ancaq Sabir kişi süni gülüşünün ömrünü çox uzatmaq istəmirdi. Belə hərəkətlə, əksinə, qızını təəccübləndirə, hətta onu bir az da həyəcanlandıra bilərdi. Ona görə də gülüşünü saxladı, bir anlığa susub sifətinə şən ifadə verərək yenidən dilləndi:

- Gülya, qızım, dur gedək, daha bəsdir, külək əsməyə başlayıb. Bakının küləyindən heç olmaz. Üstəlik, deyəsən yağış da gözlənilir.

Atasının qeyri-adi gülüşü Gülyanın özünə də qəribə gəlmişdi. Sabir kişi süni gülüşünə bir az da davam etsəydi, Gülyanın narahatlığı azalmaq əvəzinə artacaqdı. Atasının vaxtında duyuq düşməsi onu bu vəziyyətdən çıxartdı. Gülya atasının təklifindən sonra ayağa qalxdı. Artıq narahatlığı ötüb keçmiş, həyəcanlı dəqiqələr arxada qalmışdı. Qızının normal vəziyyətə qayıtmasına tam əmin olan Sabir kişi onun qolundan tutub “Hummer”ə tərəf apardı. Onlar avtomobilə əyləşib İçərişəhərdə kirayələdikləri mənzilə getdilər.

Mənzilə çatar-çatmaz Gülya paltarını dəyişib mətbəxə keçdi. Çox çəkmədi ki, şam yeməyi hazırlayıb hər şeyi stolun üstünə düzdü. Ata-bala birlikdə şam eləyib çox sevdikləri nərdin arxasına keçdilər. Oyuna başlayanda Sabir kişi həmişə şərt qoysa da Gülya bu dəfə razılıq vermədi. O, atasını xərcə salmaq istəmirdi. Əminiydi ki, bu dəfə də oyunu udacaq, atası zorla da olsa ona bahalı hədiyyə alacaqdı. Sabir kişi bugünkü daş-qaşı da qızının dünən axşamkı qələbəsinə görə almışdı. Onsuz da çoxlu daş-qaşı, ləl-cəvahiratı, müxtəlif bahalı hədiyyələri olan Gülya, artıq belə əşyalara pul xərcləməyi israfçılıq hesab edirdi. Ona görə də bəzən bilərəkdən uduzmağa çalışır, amma atası dərhal bunu anlayıb etiraz edər, oyunu yarımçıq saxlayardı. Belə hallarda Gülya yeganə çıxış yolunu oyuna şərtsiz başlamaqda görərdi. Atası budəfəki oyunda da Gülyanın xahişi ilə heç bir şərt qoymadı. Və üç taslıq oyun yenə də Gülyanın qələbəsi ilə başa çatdı. Onlar yalnız bundan sonra hərəsi öz otağına çəkilib yatmağa başladılar...

Gündüz baş verən hadisəni, onun narahatçılığını tamamilə yaddan çıxaran, ruhunda yalnız xoş ovqatın havasını gəzdirən Gülya şirin və dərin yuxuya getsə də, Sabir kişi yatmaq bilmirdi. Qızının bayaqkı narahatlığı, hiss və həyəcanı indi də onun ruhuna daxil olmuşdu sanki. Parkda əyləşərkən qızına təsəlli verən, onun həyəcanına son qoyan, başını sığallayıb nəvaziş göstərən Sabir kişinin indi özünün təsəlliyə ehtiyacı vardı. Ancaq qızının da çoxdan yuxuya getdiyi bu tənha otaqda ona təsəlli verən bir kimsə yox idi.

Xəyal Sabir kişini uzaqlara, lap uzaqlara aparmışdı. Həyat yoldaşı Lətafət xanım yaşadıqları Rusiya Federasiyasının Tümen şəhərində avtomobil qəzasına düşüb dünyasını dəyişəndə Gülyanın 19 yaşı vardı. O vaxtdan bəri başqa qadınla rəsmi nigaha girməyən Sabir kişi 10 ildən çoxuydu ki, qızına həm atalıq, həm də analıq edirdi. İndiyə qədər onun bir sözünü iki eləməmiş, həmişə yeganə övladının nazı ilə oynamışdı. Gülya da atasına qarşı nankor olmamış, anası rəhmətə gedəndən sonra atasının qayğısını çəkmiş, onu darıxmağa qoymamışdı.

Bu illər ərzində Sabir kişi, qızına əziyyət olmasın deyə, evin işlərini görməkdən ötrü bir neçə dəfə qulluqçu saxlamaq istəsə də Gülya qəti imtina eləmiş, atasına qulluq göstərməkdən ləzzət aldığını, mənəvi rahatlıq tapdığını demişdi. Sabir kişi isə qızının əziyyət çəkməsini istəməsə də məcburiyyət qarşısında qalıb onunla razılaşmışdı. Ancaq anasının rəhmətə getməsindən bir neçə il sonra Gülyanın ona verdiyi, başqa bir qadınla evlənmək təklifini atası qəbul etməmişdi. Dünyalar qədər sevdiyi həyat yoldaşı Lətafət xanımın ölümü Sabir kişini həddən artıq sarsıtmış, ondan sonra başqa birisiylə evlənməyəcəyinə söz vermişdi. O, həm də qızının ögey ana əlinə düşməsini istəmirdi. Amma qızının ev işlərini təkbaşına görməsi, onun qulluğunda durması kişinin rahatlığını əlindən almışdı.

Nədənsə Sabir kişiyə elə gəlirdi ki, qızının ən yüngül iş görməsi, hətta çay dəmləməsi belə, onun üçün çox ağırdı. Bayaqdan bəri gözlərinə yuxu getməməsinin səbəbi də elə bu idi. Neçə illərdən bəri baş verənlər onun xəyalını o qədər məşğul eləmişdi ki, yatmaq yadına düşmürdü Sabir kişinin. O, elə bu xəyallar içərisində yatağından durub paltarını geyindi. Ehtiyatla qapını açıb eyvana çıxdı. Şəhər dərin yuxuya getmişdi. Bu sükutu təkcə mavi Xəzərin dəli dalğaları, onun sahilə çırpılmasından yaranan vahiməli şappıltısı, bir də aradabir şütüyən avtomobillərin səsi pozurdu. Amma seyr etdiyi bu mənzərə də Sabir kişini xəyallardan ayıra bilmədi. Nə Xəzərin dalğaları, nə də avtomobillərin ara-sıra gələn səsləri həmdəmlik etmədi ona. Əksinə, Sabir kişi bu vahiməli dalğalardan, onun şırıltısından narahat olurdu. Bu dalğaların nəyisə, kimisə öz qoynuna alıb üzü məchulluğa, əbədiyyətə, gedər-gəlməzə aparacağından qorxurdu elə bil.

Sabir kişi çox qala bilmədi eyvanda. Bayaqkından da ehtiyatlı adımlarla geri qayıtdı. Birdən ağlına nə gəldisə, qızının yataq otağına daxil oldu. Asta-asta yeriyib onun yatdığı çarpayıya yaxınlaşdı. Pəncərədən düşən Ay işığı Gülyanın gözəl, yaraşıqlı sifətində bərq vururdu. O, xeyli baxdı, əyilib ehtiyatla üzündən öpdü. Qızının etirazına baxmayaraq, sabahdan qulluqçu tutmaq barədə ciddi düşünəcəyinə söz verdi. Gəldiyi kimi də asta-asta qayıdıb öz otağına daxil oldu. Çarpayısına uzanıb dərin yuxuya getdi.

●●●

Veysəlin Sabir kişi ilə tanış olması, onun verdiyi yüz dollarlıq əskinas, yatmağa hazırlaşan ailədə xoş ovqat yaratmışdı. Üstəlik, Səlimənin hər an gözlədiyi xoş xəbər gətirə biləcək telefon nömrəsini ərinin telefon kitabçasında “tapması” onu ikiqat sevindirmişdi. Bu xəbəri Veysəldən eşidən kimi yüksək əhval-ruhiyyə ilə yataq otağına keçib səhərə qədər rahat yatdı.

Nədənsə heç vaxt ərinin səmimiyyətinə inanmayan Səlimədə artıq Veysələ qarşı çoxdan göstərmədiyi mehribançılıq yaranmışdı. Ərinin Sabir kişidən aldığı əskinasları gətirib ona təqdim etməsi qadını büsbütün dəyişmişdi elə bil. Hətta qəlbində Veysəl haqqında indiyə qədər pis fikirdə olduğuna görə özünü yamanlayırdı da. Amma Səlimə səhvini etiraf etmək istəmirdi. Gecəni rahat yatan qadını indi başqa şeylər düşündürürdü. O, səhər tezdən oyanan kimi yaxınlıqdakı mağazaya yollandı. Çoxdan bəri dillərinə dəyməyən bəzi ərzaq məhsullarını alıb geriyə qayıtdı. Ailəni başına yığıb həmişəkindən xeyli fərqli, ərinin çox sevdiyi səhər yeməyi hazırladı. “Kişilərin qəlbinə yol mədəsindən keçir” deyimini tez-tez xatırlayan və bir neçə dəfə sınaqdan keçirən qadın ərinə məsləhət verməyə başladı. O, Veysəli elə bu dəqiqə Sabir kişi ilə görüşə göndərmək istəyirdi.

Deyəsən, ərinə verilən yüz dollar, qadının iştahasını artırmışdı. Veysəl Sabir kişinin hələ işə başlamadığını arvadının nəzərinə təkrar çatdırsa da xeyri olmadı. Əslində bunu yaxşı başa düşən qadına elə gəlirdi ki, Sabir kişi ilə hər görüş ərinin ciblərinə xeyir gətirəcəkdi. Veysəl səhər yeməyini yeyib mənzildən çıxana qədər görüşün vacibliyini ona bir neçə dəfə xatırlatdı. Bərk-bərk tapşırdı ki, bu gün Sabirlə hökmən görüşsün. Bununla kifayətlənməyib, əri qapıdan çıxaçıxda yarızarafat-yarıgerçək əlavə etdi:

- Bax, dünənki “göy puldan” bu gün də gətirməsən evə gəlmə.

Səlimə bunu deyib yavaşca güldü. Gülüşün mahiyyətində zarafatdan çox, ciddiliyin gizləndiyini əri çox yaxşı bilirdi. Arvadının xasiyyətinə bələdiydi Veysəl. Ailənin rahatlığı, normal yaşayışı üçün onun hər çətinliyə hazır olmasını xoşlasa da tələbkar arvaddan xoşu gəlmirdi. O, səhər-səhər mübahisə yaratmaq istəmdiyindən, Səlimənin gülüşünə elə gülüşlə də cavab verdi. Amma bu istehzalı gülüşlə kifayətlənmədi. Demək istədiklərini gülə-gülə dilə gətirdi:

- Ha.. ha... ha... Bax, belə yerdə deyiblər ki, Allah verdikcə bəndə gümana gəlir.

Veysəl bu sözləri deyib daha ucadan güldü. Arvadının nə deyəcəyini gözləmədi, geriyə baxmadan pilləkənlərlə aşağı düşərək gözdən itdi. Tükü tükdən seçən Səlimə isə ərinin gülüşündəki acılığı deyəsən bu dəfə hiss eləmədi...

Veysəl mənzili tərk edəndən sonra ilk ağlına gələn, mobil telefonundakı “naməlum” nömrə barədə arvadının onu sorğu-suala tutması oldu. O, Səliməni aldatmışdı. Telefonun yaddaşındakı “naməlum” nömrə Sabir kişiyə məxsus deyildi. Arvadının təkidinə baxmayaraq, onunla görüşmək istəsə belə, tapa bilməyəcəkdi. Veysəl bu həqiqəti Səliməyə demək istəmirdi. Çünki arada arvadının qurdalayıb tapdığı telefon nömrəsi varıydı. İndi həmin nömrənin Sabir kişiyə məxsus olmadığını etiraf edəcəyi halda Səlimənin mütləq şübhələnəcəyini, qır-saqqız olub yaxasından yapışacağını bilirdi Veysəl. Bilirdi ki, güc-bəla ilə dünən qazandığı etibarını itirəcəkdi arvadının yanında. O, Səliməni razı sala biləcək çıxış yolları haqda fikirləşdi. “Naməlum” nömrəni telefonun yaddaşından silmək istədi. Bununla telefonda əməliyyatı səhv aparması, guya Sabir kişiylə zəngləşmək əvəzinə, nömrəni silməsi ucbatından görüşün baş tutmadığını bəhanə gətirəcəkdi. Həmin nömrə isə ona lazım olduğundan cib dəftərçəsinə köçürmək istədi. Amma dərhal da fikrindən daşındı. Onsuz da Səlimə bütün dəlmə-deşiyi ələk-vələk edəcəkdi.

Doğrudan da qəribə qadınıydı Səlimə. Heç özünə də məlum olmayan səbəblərə görə Veysəli həmişə izləsə də, ərinin onun hərəkətlərinə nəzarət etməsi xoşuna gəlmirdi. Bəzən evə gec gəlməsinin səbəbləri haqda ərinin onu sorğu-suala tutması qadını hövsələdən çıxarır, ailədə mübahisə yaradırdı. Səlimənin bu hərəkətləri Veysəli təngə gətirsə də, mübahisələrin dərinləşməsinə imkan verməməyə çalışır, çox vaxt kişi qürurunu könüllü sındırmağa məcbur olurdu. Arvadının əndazəsiz hökmranlığı onun üçün nə qədər ağır olsa da, artıq böyüyən uşaqların xatirinə hər şeyə dözürdü Veysəl. İndi də iş elə gətirmişdi ki, “naməlum” nömrənin Sabir kişiyə məxsus olmasını hansısa səbəbdən özündən uydurmuşdu. Və buna görə Səlimədən çox, uşaqlarının yanında yalanının faş olacağından ehtiyatlanırdı.

Veysəl əyləşdiyi avtobusda bu haqda nə qədər fkirləşdisə, arvadını inandıra biləcək bəhanə tapmadı. Bəxtindən marşrutdakı sərnişinlərin bəziləri bir-biri ilə tanış olduqlarındanmı, ya nədənsə ucadan danışıb söhbət edirdilər. Səs-küy onun diqqətini yayındırır, düşdüyü vəziyyətdən çıxış yolu tapmaq üçün fikirləşməyə imkan vermirdi. O, beynini əbəs yerə yormayıb marşrutun mənzil başına çatmasını gözlədi. Başını avtobusun pəncərəsinə söykəyib mürgülədi. 25-30 dəqiqədən sonra sonuncu dayanacaqda - “Səməd Vurğun” bağının yanında düşüb oturacaqlardan birində əyləşdi. Hələ erkən olduğundan bağda seyrəklik idi. Cibindən bir siqaret çıxarıb tüstülədə-tüstülədə arvadının axşam verəcəyi suallara cavab hazırlamağa başladı. Birdən ağlına nə gəldisə Arximedsayağı “evrika, evrika”, - deyə, çox da hündür olmayan səslə öz-özünə qışqırdı. Elə bil nəsə kəşf eləmişdi. Sevincindən ayağa durub o tərəf-bu tərəfə gəzinərək yenidən oturdu. Ağır bir yarışdan qalib ayrılan adamlar kimi hələ də həndəvərində heç kəsin olmadığı boş oturacaqda yayxandı. Bu dəfə səsinə yox, daha çox barmaqlarına qüvvət verərək çırtıq çala-çala kiminləsə danışırmış kimi astadan dilləndi:

- Hə, deməli belə, bu gün işdən sonra Sabir kişi ilə zəngləşib onunla görüşə getdim. Hələ işə başlamadığını, amma başlayan kimi mütləq məni axtarıb tapacağını dedi.

Veysəl bunu axşam evdə arvadına deyəcəkdi. Amma bu dəfə də yalan danışmağa məcbur olduğuna görə xəcalət çəkdi. Bu günahda Sabir kişinin də payının olduğunu düşündü. Özünü saxlaya bilməyib onun qarasınca deyindi. Bir siqaret çıxarıb yandırdı. Oturduğu yerdən ayağa qalxıb əsəblərinə tüstü verdi. Arvadının onu izləyəcəyindən ehtiyat edirmiş kimi arxaya baxa-baxa bağı tərk elədi...

Veysəl işdən evə həmişəkindən xeyli gec gəlmişdi. Arvadının, bunun səbəbini soruşacağını, onu sorğu-suala tutacağını bilsə də narahat deyildi. Gecikmənin səbəbini Sabirlə görüşə getməsi ilə izah edəcəkdi. O, qapının ağzına çatanda özünü baş verə biləcək hər şeyə hazırladı. Çöhrəsinə süni təbəssüm verib qapını döydü. Həmişə olduğu kimi bu dəfə də onu Səlimə qarşıladı. Diqqətlə başdan-ayağa süzdü. Sonda nəzərlərini ərinin sifətinə yönəltdi. Evə hansı xəbərlə gəldiyini, Sabir kişi ilə görüşün nəticəsini onun sifətində axtarmaq istəyirdi. Amma ilk sualı yenə də vaxtsız gəlişi ilə bağlı oldu. Üz-gözünü turşudub dedi:

- Yenə gec gəlmisən, xeyirdimi?

Veysəl suala hazır olduğundan cavab axtarmalı olmadı. Cəld dilləndi:

- Hə, xeyirdi...

Ərinin yarımçıq cavabı Səliməni qane etmədi. Bunu Veysəlin özü də hiss eləmişdi. Əslində bu cavabla arvadının əhval-ruhiyyəsini, hansı ovqatda olmasını öyrənmək istəyirdi. Amma bir-iki dəqiqə də keçsə, onun sir-sifətindən inkir-minkir yağacağını bilirdi. Ona görə də çox intizarda saxlamadı. Sifətinə şən ifadə verib bayaqkı cavabının ardını gətirdi:

- Əlbəttə, xeyirdi, sənin göndərdiyin yerdə zərər olmayacaqdı ki.

Səlimə ərinin nə demək istəiyini dərhal anladı. Üzdə büruzə verməsə də qəlbində sevindi. Amma bu cavab da onu qane etmədi. Qadın xeyirin nədən ibarət olmasını dəqiqləşdirmək istəyirdi. Kişini başdan-ayağa süzüb sualını təkrarladı:

- Ay kişi, nə yaman gec gəldin, yəni işdən indicə çıxmısan?

Verdiyi cavabdan sonra arvadının təkrar sualı Veysəlin ovqatını korlasa da, - lənət şeytana, - deyib hövsələsini basdı. Bu dəfə sualın cavabını lap açıq şəkildə verdi:

- Ay arvad, sən özün demədin ki, Sabirlə mütləq görüşüm? Mən də görüşdüm, də...

Səlimə onun sözünü kəsərək özünü qəsdən qanmazlığa qoyub dedi:

- Hə, nə olsun ki, Sabirlə görüşəndə evə gec gəlməlisən?

Veysəl bu dəfə hövsələdən çıxaraq:

- Ay rəhmətliyin qızı, necə yəni nə olsun, Sabir kişiylə iş vaxtı görüşücəkdim? - dedi. - İndi qandın?

- Deyəsən qandım, - Səlimə cavab verdi. Qəhqəhə çəkib ucadan gülərək, ərini birbaşa mətbəxə dəvət elədi.

Arvadından gözləmədiyi son hərəkət Veysəli təəccübləndirdi. Paltarını dəyişib mətbəxə keçdi. Sabir kişinin dünən verdiyi yüzlük dolların hesabına stolun üstünə düzülmüş şam yeməyini, bir-birindən dadlı müxtəlif təamları görüncə hər şey yaddan çıxdı. Amma Sabir kişi ilə görüşün nəticələri barədə ərindən soruşacaqları Səlimənin yadında idi. Veysələ yaxın oturub qolunu onun kürəyinə doladı. Arxadan saçına astaca sığal çəkə-çəkə soruşdu:

- Hə, de görək, Sabir kişi nə dedi?

Arvadının bişirdiyi kotletin ilk tikəsinin ləzzətindən, onun göstərdiyi nəvazişin təsirindən məst olan Veysəl ərköyün-ərköyün cavab verdi:

- Muştuluğumu verməsən demərəm, arvad.

Muştuluq sözünü eşidən Səlimənin gözləri güldü. Özünü o yerə qoymayıb sevincini gizlətməyə çalışsa da bacarmadı. Ərinin alnından marçıldadıb dedi:

- Al, bu da sənə muştuluq. Başqa sözün var?

- Yox, - deyə Veysəl cavab verdi. Və tələsmədən, sözlərinə ara verə-verə əlavə etdi:

- Sabir kişi hələ işə başlamayıb, ona görə də bir az gözləməli olacağıq. Amma...

Veysəl bunu deyib susdu. Arvadının kefinin pozulduğunu görüb ucadan güldü. Bayaq paltarını dəyişəndə özü ilə götürdüyü əlli manatı cibindən çıxarıb Səliməyə göstərdi. Səlimə pulu onun əlindən göydə qapdı. Ərinin onu hardan əldə etdiyini soruşmadan Sabir kişinin ciblərinə bərəkət arzulayaraq gündüz aldığı təbii şirədən iki stəkan süzüb stolun üstünə qoydu.

●●●

Adətən yuxudan səhər tezdən oyanan Sabir kişi bu dəfə gec ayıldı. Artıq saat 10-a qalırdı. Paltarını geyinib gözlərini ovuşdura-ovuşdura Gülyanın yataq otağına tərəf getdi. Qızını narahat etməsin deyə, qapını asta-asta aralayıb baxdı. Otaqda heç kəs yox idi. Tez geri qayıdıb mətbəxə baş çəkdi. Atasından təxminən saat yarım əvvəl oyanan Gülya, otaqları səliqəyə salıb mətbəxə keçmiş, səhər yeməyi hazırlamağa başlamışdı. Mətbəxin üzü dənizə tərəf baxan pəncərəsi ağzında qoyulmuş stolun üzərində göyərti doğrayırdı. Özü bayıra tərəf durduğundan, atasının mətbəxə daxil olduğunu görmədi. Sabir kişi səsini çıxarmayıb bir xeyli qızına tamaşa elədi. Onun işləməsini istəməsə də belə həvəslə, hansısa mahnını zümzümə edə-edə işə girişməsi atanı sevindirdi. İstər-istəməz dodaqları qaçdı. Bir neçə saniyə qızına tamaşa edib astadan dilləndi:

- Qızım, sabahın xeyir. Nə tezdən durubsan, məgər qaça-qaçdır?

Gülya əlindəki mətbəx bıçağını stolun üstünə qoyub, atasına tərəf çevrildi. İrəli yeriyib üzündən öpdü. Özünün nəvazişə ehtiyacı olsa da, atasının boynuna sarılıb artıq çallaşmış saçını sığalladı. Sabir kişi eyni hərəkətlə qızına nəvaziş göstərib üz-gözündən öpdü. Yalnız bu səhnə bitəndən sonra atasının bayaq dedikləri Gülyanın yadına düşdü. Stolun üstünə qoyduğu bıçağı götürüb göyərti doğraya-doğraya dedi:

- Canım ata, sənin qulluğunda durmaq mənə ləzzət verir. İcazə ver ləzzət alım.

Gülya bunu deyib bərkdən güldü. Sonra əlavə etdi:

- Hə, durma, get yuyun, çay dəmlənib, indi yemək də hazır olar.

Qızının hərəkətləri, bayaqdan bəri dediyi sözlər, göstərdiyi nəvaziş Sabir kişinin əhval-ruhiyyəsini yüksəltsə də, səhər-səhər ona mənəvi qida versə də, dünən gecə keçmişi xatırlamasını, xatırladıqca kövrəlməsini unuda bilmirdi. O, yeganə qızının taleyindən narahatlıq keçirir, gələcəyini düşündükcə bu geniş mənzildə özünə yer tapa bilmirdi. Gülyanın taleyi ilə bağlı heç nəyə gücü çatmasa da, onun rahatlığı üçün əlindən gələni etməyə hazır idi. Daha doğrusu, buna qadiriydi Sabir kişi. Dünən gecə qızı yuxuya keçəndən sonra onun başı üstündə duraraq evə qulluqçu gətirəcəyi barədə verdiyi vədə əməl etmək istəyirdi.

Sabir kişi yaxşı tanımadığı bu şəhərdə təsadüfi adamları qulluqçu götürməyin nə demək olduğunu da yaxşı bilirdi. Bunun üçün axtarış aparmaq, götür-qoy etmək, adamları tanımaq lazım gəlirdi. Bundan ötrü müəyyən vaxt keçməli, açmaq istədiyi şirkətdə işə başlamalı, ora adamları cəlb etməli və nəhayət onlarla əməlli-başlı tanış olub xasiyyətlərini nəzərə almalı, onların vasitəsiylə seçim etməliydi. Bu isə vaxt aparırdı. Ancaq Sabir kişi bu qədər vaxtı gözləmək istəmirdi. Məyus halda hamama daxil olub su kranını açdı. Əl-üzünə bir-iki ovuc su vurmuşdu ki, qəflətən yadına, dünən tanış olduğu Veysəl düşdü.

Yaddaşını qurdalayıb istədiyi adamı tapdığı üçün Sabir kişinin kefi duruldu. Yaxşıca yuyunub mətbəxə keçdi. Mətbəxdə hər şey hazır idi. Gülya hazırladığı səhər yeməyini stolun üstünə düzüb atasını gözləyirdi. Onlar birlikdə stolun arxasına keçib səhər yeməyinə başladılar.

Mənzildən çıxanda qızını həmişə özü ilə aparan Sabir kişi bu dəfə başqa fikirdə idi. Üzünü Gülyaya tutub dedi:

- Qızım, canım mənim, mən şəhərə çıxıram, bir balaca işim var. Olarmı sən bu dəfə evdə qalasan?

Atasının bu təklifi Gülyanın da ürəyindən oldu. Onun gəzməyə o qədər də həvəsi yoxuydu. Şəhərə həmişə atasının xahişi ilə çıxardı. Ona görə də onun təklifini tərəddüdsüz qəbul elədi. Sabir kişi yalnız qızının səmimi razılığını alandan sonra mənzildən çıxıb yaxınlıqdakı dayanacağa getdi. “Hummer”ə oturan kimi mobil telefonunun yaddaş kitabçasından Veysələ məxsus nömrəni tapıb yığdı. Veysəl tanış olmayan nömrəyə cavab vermək istəməsə də, aramsız gələn zəng onu fikrindən daşındırdı. Telefonun “yes” düyməsini basıb qulağına qoydu. Danışanın Sabir kişi olduğunu yəqin edincə sevindi. - Ola bilsin işə çağırır, - deyə ani olaraq bundan sonrakı xoşbəxt gələcəyini xəyalından keçirdi. Ancaq xəyal onu çox uzaqlara apara bilmədi. İndi ən vacib məsələ Sabir kişini dinləmək idi. Sevinmək, xəyal qanadında bəxtəvər günlərə sarı uçmaq üçün onsuz da vaxtı olacaqdı. Ona görə də bütün diqqətini telefonda gələn nəzakətli, səmimi notlar üzərində köklənən səsə yönəltdi. Sabir kişi hal-əhval tutandan sonra onun görüşmək imkanları ilə maraqlandı:

- Veysəl, bu gün vaxtın varmı?

Bir neçə gündür ki, səbirsizliklə Sabir kişinin zəngini gözləyən Veysəl sevinclə dilləndi:

- Sabir müəllim, sizin üçün hər zaman vaxt tapmaq olar.

Xəttin o başından Sabir kişinin səsi gəldi:

- Təxminən iyirmi dəqiqədən sonra ilk dəfə görüşdüyümüz yerdə ola bilərsənmi?

Bu sözlər Sabirin onu işdən ötrü çağırmasına Veysəldə şübhə yeri qoymadı. Telefon danışığı bitəndən sonra uşaq kimi atılıb düşdü. İndi görüşə kimi olan vaxtın hər bir dəqiqəsi ona saat qədər uzun görünürdü. Buna baxmayaraq saatlarla dayanıb Sabir kişini gözləməyə hazır idi. Tez-tez telefonunu çıxarıb saata baxır, səbirsizliklə vaxtın keçməsini gözləyirdi.

Nəhayət vaxt gəlib keçdi. Amma Sabir kişi hələ də görünmürdü. Artıq onun nömrəsi Veysəlin telefonuna düşdüyündən, bu dəfə özü əlaqə yaratmaq istəsə də utanıb fikrindən daşındı. Darıxdığından bir-iki dəqiqə o tərəf-bu tərəfə gəzindi. Sonra qayıdıb düz ilk görüş zamanı dayandığı yerdə durdu. Üç-dörd dəqiqə də bu vəziyyətdə gözlədi. Lakin gözlədiyi adam hələ də gözə dəymirdi. Nədənsə ona elə gəldi ki, Sabir kişi bundan sonra gəlib çıxmayacaqdı. Amma onda heç bir günah görməyib özünün bəxtini danladı. Ümidsiz halda yenidən gəzinməyə başlayırdı ki, kimsə əlini arxadan onun çiyninə qoydu. Qayıdıb geriyə baxdı. Gələn Sabir kişi idi. Sevincindən Veysəlin gözləri yaşardı. Bu görüşdən Sabir kişi daha çox sevinsə də büruzə vermədi. Amma Veysəldən ötrü bunun fərqi yox idi. Varlı-hallı, biznesmen bir adamın ona nə ehtiyacı olacaqdı ki? Hər halda Veysəl həmişə belə düşünürdü. Ona görə də Sabir kişi hətta sevincini gizlətməyi bacarmasaydı belə, heç nə anlamayacaqdı. Bunu heç xəyalına da gətirməyən Veysəl sevincindən yaşaran gözlərini silmədən onunla lap köhnə tanışlar kimi görüşdü. Hələlik çox ehtiyatla Gülyanın da vəziyyətini soruşdu:

- Bacımız necədir, yaxşıdırmı?

Sabir kişi sonuncu sualdan əvvəlcə heç nə anlamasa da, sonradan söhbətin qızından getdiyini başa düşdü. Cəmi bir dəfəlik, həm də çox qısa görüşdən sonra qızının əhvalı ilə maraqlanması xoşuna gəlmədi. Sifəti allandı, gözlərini Veysəlin sifətindən yayındırıb ani fikrə getdi. Dərhal da içini didib dağıdan bu qısqanclığa görə özünü danladı. Bayaqkı şən ovqatını bərpa edib nəzakətlə:

- Yaxşı olasız, çox sağ olun, minnətdaram, - deyə cavab verdi.

Sabir kişi bunu deyib yenə də fikrə getdi. Dünyagörüşlü, vəziyyətdən asanlıqla çıxış yolu tapan adam olsa da, mətləb üstünə gəlmək üçün Veysəllə söhbətə hardan, nədən başlamağın lazım olduğunu ayırd edə bilmədi. İş üçün Veysələ vəd verən, bundan ötrü onu mütləq arayıb-axtaracağını deyən Sabir kişi çıxılmaz vəziyyətdə qalmışdı. Vədini yerinə yetirməmiş öz ehtiyacını qarşısındakı adamın vasitəsilə ödəməyə xəcalət çəkirdi. Səbirsizliklə işə dəvət gözləyən Veysəldən kömək diləmək onun üçün çox ağır idi. Buna baxmayaraq canından çox istədiyi qızı üçün qulluqçu tutmaq, özünün fikirləşdiyi kimi onu “əzabdan qurtarmaq” istəyi xəcalət hissinə üstün gəldi. Nəhayət dilə gəlib dedi:

- Veysəl, qadası, darıxma, hər şey istədiyimiz kimi olacaq. İşə başlayan kimi birinci axtardığım, işə qəbul edəcəyim adam sən olacaqsan. Amma bu gün sənə əziyyət verməkdə başqa məqsədim var.

Sabir kişidən tamamilə başqa təklif gözləyən Veysəl, bu sözlərdən mütəəssir oldu, sanki qolları boşaldı. Ancaq özünü o yerə qoymayıb, heç nə olmayıbmış kimi dilləndi:

- Sabir müəllim, hər nə qulluğunuz olsa hazıram, heç bir əziyyət-filan da yoxdur.

Veysəlin bu cavabı Sabir kişinin əhval-ruhiyyəsini yüksəltdi, narahatlığı tamamilə ötüb keçdi. Qarşısındakı adama rəğbəti bir az da artdı. Özünü cəmləyib ağır-ağır və nə qədər ağır olsa da bir az ərkyana dedi:

- Veysəl, qızımla birlikdə hələlik kirayədə qalırıq. Ev işlərini görmək üçün bizə qulluqçu qadın lazımdır. Bu işdə mənə kömək etməlisən. Belə bir qadın tapa bilərsənmi?

Veysəl heç nə fikirləşmədən “hə” cavabını versə də, peşman oldu. Bu cavabı Sabir kişiyə xoş gəlmək üçün vermişdi. Amma ümidsiz də deyildi. Çox adamın iş axtardığını bilirdi. Bir neçə saniyə fikrə gedib müraciət edə biləsi qadınları xəyalından keçirdi. Birdən ağlına nə gəldisə fikrini qətiləşdirib yenidən dilləndi:

- Hə, oldu, sizə mütləq qulluqçu taparam.

Sabir kişinin dodaqları qaçdı. Amma sevincini bu dəfə də büruzə verməyib içinə axıtdı. Bunun səbəbi qarşısındakı adamın minnətini götürmək istəməməsi yox, xəcalət çəkməsində idi. Tikinti şirkətində işə başlamamış, Veysəldən yararlanmağın sui-istifadə kimi başa düşüləcəyindən ehtiyat edirdi. O, həqiqətən də çıxılmaz vəziyyətə düşmüşdü. İlk görüşdən yaxşı adam kimi tanıdığı Veysəlin xəcalətindən necə, hansı yolla çıxmasını fikirləşsə də tapa bilmirdi. Birinci görüşdə olduğu kimi, onun cibinə bu dəfə də hansısa məbləğdə pul qoymağı xəyalından keçirdi. Ancaq yenə də Veysəlin bunu pis qarşılayacağından ehtiyatlandı. Bu hərəkəti təhqir hesab edərək onu yalqız qoyub getməsindən qorxdu. Buna baxmayaraq əvvəlki fikrinə qayıtmaq qərarını verdi.

Sabir kişi ən çətin anlarda riskə getməyi bacaran adam idi. Məhz bu xüsusiyyəti ona biznesdə uğurlar qazandırmışdı. Bunu gözlərinin qarşısında canlandırıb cəsarətə gəldi. Veysəlin müsbət cavabından sonra nə edəcəyini təxminən bir dəqiqə ərzində götür-qoy edərək qəflətən onun qoluna girib “Hummer”ə tərəf çəkdi. Artıq ikinci dəfə eyni vəziyyətlə üzləşən Veysəlin əti ürpəşdi. Onunla getməkdən imtina etmək istədi. Amma bunun qorxaqlıq əlaməti kimi qəbul ediləcəyindən çəkinib tam ciddiyyətlə qətiləşdi. Sabir kişinin istəklərinə tabe olub onunla birlikdə avtomobilə oturdu. Bu dəfə ikisi də arxada əyləşdi. Sabir aram-aram dilləndi:

- Deyirsən ki, qulluqçu tapa bilərsən, hə?

- Hə, Sabir müəllim, tapa bilərəm, - Veysəl inamla cavab verdi.

Bir neçə saniyəlik sükutdan sonra Sabir kişi yenidən soruşdu:

- Nə vaxt tapmaq olar, bu gün mümkündür?

Veysəl bu sualdan diksinən kimi oldu, bir az tutuldu. O, nəzərdə tutduğu adamlarla danışmalı, razılığını almalıydı. Amma Sabir kişinin ümidlərini qırmaq istəmədi. Yarıinamlı-yarıinamsız cavab verdi:

- Bu günə dəqiq söz verməsəm də çalışaram ki, tapılsın. Amma sabah mütləq düzələr.

Sonuncu sualına aldığı cavab Sabir kişini o qədər qane etməsə də Veysəli başa düşüb onunla razılaşdı. - Hə, yaxşı, sabah zəngləşərik, - deyib əlini cibinə apardı. Sanki əvvəlcədən hazırlayıbmış kimi elə o dəqiqə də bir şax əlli manatlıq çıxarıb Veysəlin cibinə saldı. Onun davamlı etirazlarına baxmayaraq pulu geri qaytarmasına imkan vermədi...

Veysəl Sabir kişidən ayrılandan sonra birbaşa evə yollanmaq qərarına gəldi. Bir azdan hava qaralacaqdı deyə, hardasa ləngimək istəmirdi. Səlimə onu yenə də sorğu-suala tutacaq, bu gün Sabir kişidən aldığı maddiyyatın mənəvi ləzzətini burnundan gətirəcəkdi. Tələsik avtobus dayanacağına tərəf getdi. Bu vaxtları adətən marşrutlarda sıxlıq olurdu. “Neftçilər” metrosu istiqamətində yola düşən avtobuslardan birinə minmək fikrindəydi. Cibgirlərin adətən belə vaxtlarda marşrutlara mindiyini çox yaxşı bilsə də, özündən tam arxayın idi. Heç kəs onun ciblərindən pul oğurlaya bilməzdi.

Veysəl bayaq Sabir kişinin verdiyi 50 manatlığı pencəyinin xüsusi olaraq düzəltdiyi cibinə qoyub ağzını bağlamışdı. Hələ dayanacağa çatmamışdı ki, avtobus yerindən tərpənib ona tərəf gəldi. Növbədə dayanan avtobusun oturacaqlarının hələ tam dolmadığını görsə də, artıq yola düşən başqa marşruta işarə edərək saxlatdırıb mindi. İçəridə doğrudan da sıxlıq idi, adam əlindən tərpənmək olmurdu. Ancaq Veysəl birtəhər içəri dürtülüb özünə yer elədi. Kimisə axtarırmış kimi o tərəf-bu tərəfə nəzər saldı. Keşlə qəsəbəsinin girəcəyində təxminən 30-35 yaşlarında bir kişinin qəribə hərəkətləri onun nəzərindən yayınmadı. Həmin adam qəsəbənin mərkəzinə çatanda avtobusu saxlatdırıb yerə düşdü.

Avtobus yerindən tərpənib 100-150 metr getmişdi ki, ayaq üstə dayanan qadınlardan biri düşməyə hazırlaşarkən dəli kimi hay-həşir saldı. O, gediş haqqı çıxarmaq istəyərkən çantasını açıq halda görərək şübhələnmiş, içərisində 30 manat olan pul kisəsinin və mobil telefonun yoxa çıxdığını başa düşüncə qışqırmağa başlamışdı. Sərnişinlər ona təskinlik versələr də oğurlanan əşyaların geriyə qayıdacağına inanmırdılar. Hətta özlərinin də əşyalarının tam yerində olduğuna əmin deyildilər. Ona görə də hamı üst-başını, çantasını yoxladı, amma heç kəsdən səs çıxmadı.

Avtobus metronun “Xalqlar dostluğu” stansiyasına çatana qədər xeyli sərnişin düşsə də, “Laçın” Ticarət Mərkəzinin qarşısında bir neçə adam mindi. Yenidən basabas yarandı. Hadisədən xəbəri olanlar olub-qalanlarını bərk-bərk saxlasalar da bayaqkı səs-küy kəsilmişdi. Heç kəs bu haqda danışmırdı. Amma sonuncu dayanacaqda - “Neftçilər” metrosunun lap yaxınlığında yenidən hay-küy qopdu. Veysəl orta yaşlı bir kişinin vay-şivənini eşitsə də, dayanıb ona qulaq kəsilməyə nə vaxtı, nə də həvəsi var idi.

●●●

Gülya atasını yola salıb qapını arxadan bərk-bərk bağladı. Qayıdıb yenidən mətbəxə daxil oldu. Bir qədər qəhvə dəmləyib stəkana süzdü. Üç-dörd qurtum alıb stolun üstünə qoydu. Pəncərədən üzü dənizə tərəf baxdı. Bir neçə dəqiqə bu vəziyyətdə oturub bayıra tamaşa edəndən sonra hər şey - stolun üstündəki yarımçıq qəhvə də, Bakıda olduqları da yadından çıxdı. Xəyal onu keçmişə, lap uzaqlara apardı. On il bundan əvvəl anasının faciəli şəkildə həlak olması, bu illər ərzində atasının çəkdiyi mənəvi iztirablar yadına düşdü.

Atası varlı, dövlətli kişi olsa da Gülya ömrünün ötən son ilini yada saldıqca özünü dünyanın ən bədbəxt adamı hesab edirdi. Ona görə də onu keçmişə aparan xəyal qanadlarından yerə enmək, ömrünə heç də yaxşı olmayan, kədərli, qəm-qüssəli günlər calayan həmin illəri yaddaşından silməyə çalışır, amma bacarmırdı.

Gülya iradəsiz adam deyildi. Qadın olsa da mətanətli, dözümlü idi. Bu xasiyyəti ilə atasına çəkmişdi. Qadın xoşbəxtliyinin ona nəsib olmaması da Gülyanın qürurunu o qədər sındırmırdı. Amma bu gün tamam başqa ovqatdaydı. Atasını yola salıb mətbəxdə qəhvə içməyə başlayanda qonşu qadının: - Altay, ay Altay, daha bəsdir, evə qayıt, - deyə yeddi yaşlı oğlunu səsləməsi onu bir neçə il əvvələ qaytararaq haldan çıxarmış, ovqatını korlamış, iradəsini zəiflətmişdi. O, hər gün bu sözləri eşidir, eşitdikcə xəyallara qərq olur, keçmişə qayıdır, kövrəlirdi.

Anası Lətafət xanım rəhmətə gedəndən dörd il sonra Gülya Altay adlı bir oğlanla ailə qurmuş, onunla düz beş il bir yerdə yaşamışdı. Həmin illər ərzində bu izdivacdan onların övladı olmamışdı. Beş ilin tamamında onlar boşanmış, Gülya atasının evinə qayıtmışdı. Amma nə evlənmə, nə də boşanma Altayın istəyi ilə baş verməmişdi. Altay valideynlərinin təkidi nəticəsində Gülya ilə ailə həyatı qurmuş, onları buna Sabir kişinin var-dövləti həvəsləndirmişdi.

Altay Gülya ilə yaşadığı beş il müddətində əlinə düşən imkandan yetərincə istifadə edə bilmiş, qayınatasının yaxından köməkliyi ilə özünə avtomobil də almışdı. Yeganə övladları ilə birlikdə yaşayan valideynləri də bu cür yaşayış tərzindən çox razı idilər. Lakin illər keçdikcə nəvə görmək istəklərinin gerçəkləşməməsi onların Gülyaya olan münasibətlərini dəyişdi, günlər, aylar ötdükcə gəlinə qarşı soyuqluq yaranmağa başladı. Bu soyuqluq ailədə tez-tez dava-dalaşın yaranmasına gətirib çıxartdı. Valideynləri Altaya boşanmağı məsləhət gördülər.

Əvvəllər cibində “siçovul oynayan”, indi isə Gülyanın, daha doğrusu, onun atasının sayəsində var-dövlət, mal-mülk sahibinə çevrilən Altay, valideynlərinin təkliflərinə baxmayaraq boşanmaq fikrində deyildi. Ancaq ailədəki vəziyyət getdikcə pisləşir, Gülyaya qarşı təzyiqlər, hədə-qorxular artırdı. Valideynlərinin bu münasibəti artıq Altayı da haldan çıxarmışdı. İradəsi zəifləmiş, həyata nifrəti güclənmişdi. O, çıxış yolunu artıq spirtli içkilərə qurşanmaqda görür, hər gün evə sərxoş vəziyyətdə gəlirdi.

Ailədə olan söz-söhbəti kənara çıxarmağı xoşlamayan, bu haqda hətta atasına belə heç nə bildirməyən Gülya da artıq cansıxıcı həyatdan bezmişdi. Bu evdən birdəfəlik getmək, ərindən boşanmaq istəyirdi. Artıq başa düşmüşdü ki, ailədəki dava-dalaşlar, ona olan soyuq münasibət, Altayın valideynlərinin ondan gözlədiyi nəvəni dünyaya gətirmək imkanında olmaması ucbatından baş verir.

Hələlik atasına bu haqda heç nə bildirmədiyinə baxmayaraq, Sabir kişi qızının getdiyi evdə son vaxtlar xoşagəlməz hadisələrin baş verə biləcəyini ehtimal edir, bundan narahat olmağa başlayırdı. Qızının ərə getməsinin ikinci ildönümündən başlayaraq, bir neçə dəfə yaxşı tanıdığı həkimlərə müraciət etsə də heç bir nəticəsi olmamışdı. Hətta iki əcnəbi ölkədə qızının müalicəsinə xeyli pul xərcləmişdi. Lakin bu da səmərə verməmiş, əcnəbi həkim sonuncu dəfə Gülyanın ana ola bilməyəcəyini demişdi. Sabir kişi isə bu barədə qızına heç nə bildirməmiş, taleyi ilə barışmalı olmuşdu.

Atası əsl həqiqəti Gülyadan gizlətsə də qızı hər şeyi başa düşür, lakin bu haqda heç nə soruşmurdu. Atasının onsuz da əzab çəkdiyini bilir, yarasının qaysağını qoparıb yenidən qanatmaq istəmirdi. Ərinin evində baş verənləri də məhz buna görə ondan gizlətməyə çalışırdı. Ancaq sonuncu dəfə evdəki dava-dalaş onun səbir kasasını daşdırmışdı.

Günlərin birində Gülya nahar edən zaman yaxınlıqdakı bazardan qayıdan qayınanası mənzilə daxil olan kimi “Sənin özün də, yediyin çörək də cərimədir”, deyə onu acılamışdı. O da buna dözməyib “Ay xala, mən sənə nə pislik etmişəm ki, eyib deyil, sizin üçün? Atam sizə o qədər yaxşılıq edib ki”, deyə cavab vermişdi. Bu cavabdan sonra qayınanası onu nalayiq sözlərlə təhqir eləmiş, saçından tutub sürümüşdü. Gülya da avtobusa oturub atasının evinə qayıtmışdı.

Öz qayınatasının şirkətində işləyən Altay həmişə olduğu kimi, həmin gün də işdən çıxıb özündən başqa iki nəfərlə yeməkxanaya getmiş, dörd şüşə arağı boşaldandan sonra evə gəlmişdi. Otağa daxil olub elə pal-paltarlı yatağa uzanaraq yatmış, arvadının evi tərk etməsindən xəbər tutmamış, yalnız səhər tezdən yuxudan oyananda Gülyanı öz yatağında görməmişdi. Valideynlərindən nə baş verdiyini soruşanda arvadının evi tərk etdiyi məlum olmuşdu. Altay da Sabir kişi işə getməmiş, yarısərxoş halda onun evinə gedərək arvadını geriyə qaytarmaq istəmişdi. Gülya isə fikrində qəti idi, bir daha geri qayıtmayacaqdı. Amma Sabir kişi kürəkəninə söz vermişdi, iki-üç günə qızını geri qaytaracaqdı. Gülya da atasının sözündən çıxmamış, əsəbləri sakitləşəndən sonra ərinin evinə köçmüşdü. Artıq hər şeydən xəbəri olan Sabir kişi onlar üçün ayrıca ev almaq, dava-dalaşa son qoymaq istəsə də buna nail ola bilməmişdi. Gülyanı bu dəfə qayınanası deyil, Altayın özü cana doydurmuşdu. Əri əvvəllər evə sərxoş vəziyyətdə gəlirdisə, indi hər gün narkotik maddədən istifadə edir, nəşələnmiş halda otağa daxil olan kimi onun zəhləsini tökürdü. Gülya isə onsuz da onları bir-birinə bağlayan səbəbi - heç vaxt uşaq doğa bilməyəcəyini dərk edib özünü bu cəhənnəm alovundan birdəfəlik qurtarmaq qərarına gəlmiş, atası ilə məsləhətləşib nigahlarına son qoymuşdu.

Gülya ilə boşanandan sonra Altay bir neçə gün işə getməmişdi. Artıq keçmiş qayınatasının rəhbərlik etdiyi şirkətdə işləməyi özü üçün təhqir hesab edir, Sabir kişinin üzünə çıxmağa utanırdı. Bir tərəfdən də işdən qaldığı neçə gün ərzində xərclədiyi pulların yerini nə ilə dolduracağını fikirləşəndə dəhşət onu bürüyürdü. Anası heç yerdə işləmir, xəstə atası isə qarovulçu işlədiyi orta məktəbdən cüzi əmək haqqı alırdı. Sabir kişi ilə bir yerdə işləməyə başladığı vaxtlarda pulunu sağa-sola xərcləməyə vərdiş edən Altay bilirdi ki, iki-üç ay da işsiz qalsa, olub-qalan pulun hamısını xərcləyib qurtaracaqdı. Hətta başqa bir yerdə iş tapsaydı belə, keçmiş qayınatasının şirkətində əldə etdiyi qədər əmək haqqı ala bilməyəcəkdi. Üstəlik spirtli içkiyə və narkotikaya aludəçiliyin hesabına onun xərcləri əvvəlkindən də çox artmışdı.

İçkinin və narkotikanın təsirindən başı ayılanda bunlar barədə düşündükcə Altay özünü danlayır, valideynlərinin qarasınca deyinir, Sabir kişinin evinə gedib Gülyanın ayaqlarına düşmək, yalvarıb geriyə dönməsini xahiş etmək istəyirdi. Hətta boşanmalarından keçən çox qısa müddətdə bu istəyini ata-anasına da çəkinə-çəkinə bildirmişdi. Amma valideynləri onu danlamış, üstəlik biqeyrət də adlandırmışdılar. Altay da Gülya ilə yaxın keçmişi onlara xatırladaraq: - Axı Sabir müəllimin var-dövlətinə görə onun qızı ilə evlənməyə məni siz məcbur etmisiniz, - deyə bunu onların üzünə vurmuşdu. Bundan sonra acınacaqlı vəziyyətə düşəcəklərini ata-anasına başa salmağa çalışsa da xeyri olmamışdı. Hətta buna görə kobudluq göstərərək “it qaya kölgəsində yatır, elə bilir öz kölgəsidir” misalını da çəkib evdən acıqlı çıxmışdı.

Həmin gün evə gecə saat ikidə qayıdan Altay, ailənin yaman günlük üçün saxladığı pulun yarısını da götürüb səhər tezdən, valideynləri yuxudan oyanmamış mənzili tərk etmişdi. Spirtli içki və narkotikaya öyrənmiş bədəni bunu tələb etsə də güc-bəla ilə özünü yığışdırıb tələbatını ödəməyi sonraya saxlamışdı. Gülyanın yanına ayıq başla getmək istəyirdi. Kafelərdən birinə girib yüngülvari qəlyanaltı etməklə həm də vaxt xərcləyib Sabir kişinin işə getməsini gözləyirdi. Əlverişli vaxt kimi gündüz saat on ikinin yarısını seçmişdi. Bu saatlarda keçmiş qayınatası həmişə işdə olardı. O, taksiyə oturub Sabir kişinin ünvanını verdi.

Atasını yola salandan sonra divanda uzanıb televizora baxan Gülya qapının asta-asta döyüldüyünü eşidib irəliyə yeriyərək gözlükdən baxanda, boşandıqları cəmi bir neçə gündə Altayın həddən artıq arıqlamış sifətini, çuxura düşmüş gözlərini gördü. Onu içəriyə buraxmaq istəməsə də qapının aramsız döyülməsi, keçmiş ərinin yalvarışları qəlbini kövrəltdi. Amma atasının evə qayıtma ehtimalından ehtiyatlanıb fikrindən daşındı. Əvəzində qapını açıb özü bayıra çıxdı. Artıq aralarında hər şeyin bitdiyini, onunla ikinci dəfə evlənməyin mümkün olmadığını Altaya başa saldı. Bundan sonra onun yanına gəlməsini qəti qadağan edib mənzilə qayıtdı. Qapını arxadan bağlayaraq yenidən divanda uzanıb xəyala getdi.

Xeyli keçmişdi ki, qapı sakit-sakit yenidən döyüldü. Gələn adam kimsənin eşitmədiyini hiss edib qapını bu dəfə bir qədər möhkəm döydü. Gülya xəyaldan ayılıb o tərəf-bu tərəfə baxdı. Özünü Xəzər dənizinin sahilində, Bakıda, İçərişəhərdə kirayələdikləri mənzildə gördü. Rusiyada olarkən həqiqətdə baş verən bu hadisələri Bakıdakı mənzilin mətbəxində üzü dənizə tərəf oturarkən xəyalında canlandırdığını indi başa düşdü. Səksəkə içində qapıya yaxınlaşıb gözlükdən baxdı. Gələn atası idi. Dünən gecəni rahat yata bilməyən Sabir kişi, Veysəldən ayrılandan sonra idarə etdiyi avtomobili yolun kənarına çəkib beş-on dəqiqə mürgüləyərkən pis yuxu görmüş, dözməyərək qızına baş çəkməyə gəlmişdi.

Gülya qapını açıb atasını içəriyə buraxdı. Sifətinə baxan kimi narahatçılığını duysa da, səbəbini anlaya bilmədi. Heç nə soruşmayıb boynuna sarıldı, üz-gözündən öpüb mətbəxə dəvət elədi. Sabir kişi də onun başını sinəsinə dayayıb lap balaca uşaqlar kimi saçını sığalladı. Alnından öpüb bir qədər kənara çəkildi. Gözaltı başdan-ayağa qızını süzdü. Elə bil əhval-ruhiyyəsini öyrənmək, bir qədər əvvəl maşında mürgüləyərkən gördüyü xoşagəlməz yuxunun sanki çin olub-olmadığını bilmək istəyirdi. Bayaqdan bəri qızının da oğrun-oğrun ona göz qoymasından xəbəri olmayan Sabir kişi ani müşahidədən sonra qorxulu bir hadisənin baş vermədiyini hiss edincə narahatlığı ötüb keçdi. Əlini yuyub mətbəxə daxil oldu.

Artıq qaynayan çaydanı qaz peçinin üstündən götürən Gülya yenidən atasının sifətinə baxdı. Bayaqkı nigarançılıqdan əsər-əlamət görmədi. Sevindi, üzünü ona tutub mehribancasına soruşdu:

- Atam mənim, canım mənim, çay içəcəksən, yoxsa qəhvə?

Sabir kişi qızına cavab verməyə xəcalət çəkdi. O, səhər evdən çıxanda qulluqçu tapacağını özünə söz versə də, yerinə yetirə bilməmişdi. Doğrudur, bundan Gülyanın xəbəri yoxuydu. Amma Sabir kişi heç bir səbəb olmadan qızının xəbər tutmasından ehtiyatlanmışdı. Hiss etdirmədən bir az qızarıb-bozarsa da eyni mehribanlıqla cavab verməli oldu:

- Qızım mənim, canım mənim, bir az qəhvə dəmlə, nədənsə yuxum gəlir, amma yatmaq istəmirəm, - dedi.

Gülya ağzını açıb, yuxusu gəldiyi halda nəyə görə yatmadığının səbəbini öyrənmək istəyirdi ki, sanki bu sualın veriləcəyini əvvəlcədən bilirmiş kimi, Sabir kişi dediklərinə əlavə etdi:

- Yatsam səni görə bilmərəm, qızım.

Sabir kişi qızını həddən artıq çox istəyirdi. Xüsusilə də yuxulu halda sifətinə baxmaqdan doymazdı. O, adətən qızından sonra yatar, ondan əvvəl yuxudan oyanardı. Gülya da bunu hiss eləmiş, səbəbini soruşmağı lazım bilməmişdi. İndi onu narahat edən, bayaq içəriyə girəndə atasının sifətində açıq-aşkar hiss etdiyi nigarançılıq idi. Bunun səbəbini öyrənməyə çalışırdı. İki stəkan qəhvə süzüb stolun üstünə qoydu. Atasının çallaşmış saçına sığal çəkib alnından öpdü. İki-üç saniyə düz gözlərinin içinə baxıb gülümsündü. Sabir kişinin də dodaqları qaçdı. Qızının xasiyyətini əxz etmişdi deyə, bu hərəkətilə onun nə soruşacağını bilirdi. Atası haqlı idi. Gülya qəhvədən bir-iki qurtum alaraq:

- Atam mənim, bayaq qapıdan girəndə gözümə birtəhər dəydin. Nəsə baş verib? - deyə soruşdu.

Sabir kişi “Hummer”də mürgüləyərkən dünən toqquşduğu “Hyundai” markalı avtomobilin sürücüsü Xəyyamın hədələrinin yuxuda gerçəkləşdiyini görmüş, narahat olaraq qızının yanına qayıtmışdı. Amma bunu hadisə baş verən gün, Xəyyamın hədələrindən onsuz da bərk qorxuya düşüb həyəcan keçirən qızına bildirmək istəmirdi. Ona görə də onun həyəcanına son qoymaq üçün ucadan gülüb özündən başqa səbəb uydurdu:

- Veysəli xatırlayırsan? Bizə bələdçilik edən oğlanı deyirəm, onunla görüşmək istəyirdim, amma dediyinə görə bərk xəstələnib, onunçün bir balaca narahat oldum. Başqa bir şey yoxdur, qızım.

Bu izahatdan sonra Gülya bir qədər sakitləşsə də, Veysəlin oğrun nəzərlərlə ona baxdığını xatırlayıb azacıq xəyala daldı. Ancaq Sabir kişi bunu hiss etmədi.

●●●

Veysəl avtobusdan düşüb yan-yörəsinə baxmadan, sanki kimsə arxadan onu qovurmuş kimi tövşüyə-tövşüyə, iti addımlarla evə tələsdi. Mənzilə çatıb dəmir qapını asta-asta, lakin aramsız olaraq döydü. Oğlu Səlim gözlükdən baxıb atasını tanıyınca qapını açıb onu içəriyə buraxdı. Veysəl elə o dəqiqə arvadının yenə də evdə olmadığını hiss elədi. Çünki Səlimə evdə olanda döyülən qapını kimsənin açmasına imkan verməzdi. - Deməli, Səlimə evdə yoxdur, - Veysəl fikirləşdi. Bu gün evə arvadından tez gəlməsinə sevindi. Çünki Sabir kişi ilə görüş onu gecikdirmiş, Səlimənin sorğu-sualından canını qurtara bilmişdi.

Arvadını səbirsizliklə gözləyən Veysəli təkcə onun evə gec gəlməsi narahat eləmirdi. Səlimənin boz sifətindən xoşu gəlməsə də, uşaqların anasıydı deyə, hərdənbir onu sevindirməyi də unutmurdu. Xüsusilə bu gün ona sürpriz hazırlamışdı. Ağzı göydəydi ki, arvadı qaranlığa qalıb qanını qaraltmasın. Elə bil Səlimə də bunu duymuş, sanki onu gözləyən sürprizin qoxusunu hiss eləmişdi. Veysəl paltarını dəyişərək yenicə yuyunub mətbəxə keçmişdi ki, qapı döyüldü. Qapının döyülməsindən gələn adamın Səlimə olduğunu bilmək Veysəl üçün çətin deyildi. Oğlunu səsləyib anasının gəldiyini xəbər verdi. Gələn doğrudan da Səlimə idi. Səlim qapını açıb anasını içəriyə buraxdı. Həmişəkindən fərqli olaraq onu bu dəfə həddən artıq şən görüncə sevindi. Səlimə çırtıq çalaraq elə dəhlizdəcə qol götürüb oynadı. Uşaq bu müəmmalı sevincin sirrini anlamasa da, Veysəl arvadını dingildədən səbəbin nə olduğunu yaxşı bilirdi.

Bu tezdən Veysəli yola salandan sonra bazara çörəkpulu arxasınca gedən Səlimə, həmişə olduğundan xeyli artıq pul qazanmışdı. O, Bakı kəndlərindən bazara gətirilən göyərtiləri topdansatış qiymətə alıb ilk dəfə pərakəndə satışla məşğul olmuş, baş soğanın təmizlənməsindən gələn gəlirlə müqayisədə fərqin nə qədər olduğunu sınaqdan çıxarmışdı. Daha çox gəlir gətirən göyərti alverini bu gün də davam etdirmiş, dünənkindən çox qazana bilmişdi.

Səlimənin belə qol götürüb oynamasının başqa bir səbəbi də varıydı. Qadın, xasiyyətinin xarab olduğunu bilirdi. Əri ilə bağlı azacıq bəhanə yeri tapılsa qanı qaralacaq, bu gün qazandığı əlavə pullar ailəyə sevinc əvəzinə, başağrısı gətirəcəkdi. Həddən artıq qısqanc olan qadın qapıdan içəriyə girən kimi gözlərini ayaqqabıların qoyulduğu yerə dikmiş, Veysəlin evdə olduğunu yəqin edincə, çırtıq çalıb oynamağa başlamışdı ki, ailədə pis əhval-ruhiyyə yaratmasın.

Qadının qol götürüb oynamasının üçüncü səbəbi xüsusən alatoranlıq vaxtlarda evə ərindən sonra gəlməsi idi. Ər-arvad belə vaxtlarda birinin digərindən gec gəlməsini qəbul edə bilmir, həmişə aralarında mübahisə yaranırdı. Bir tərəfdən də adətən qaşqabaqlı olan arvadının qəflətən şən görünməsi, birdən-birə əhvalının yüksəlməsi həm uşaqlara, həm də Veysəlin özünə xüsusi ləzzət verir, onun əsəblərinin üstünə su çiləyirdi. Səlimənin də bundan xəbəri varıydı. Ona görə də baş verə biləcək qanqaraçılığın qarşısını əvvəlcədən almaq, ərinin əsəblərini elə damarlarındaca boğmaq üçün çırtıq çalıb rəqs etməyə başlamışdı.

Qadın yanılmamışdı. Anasının hərəkətlərindən xoşlanan uşaqlar onun başına toplaşıb əl çaldılar. Səsə mətbəxdə çay dəmləməyə başlayan Veysəl də gəldi. O da uşaqlara qoşulub bərkdən əl çaldı. Oğrun-oğrun ərinə nəzərə salan Səlimə bu hərəkətləri ilə onun ovqatını yüksəltdiyini, ehtimal etdiyi qanqaraçılığın qarşısın aldığını görüb sevindi. “Qələbəsindən” ruhlanırmış kimi rəqsinin ritmini sürətləndirdi. Əlini saxlayıb arvadını süzən Veysəl bir anlığa onun başına hava gəldiyini düşündü. Oğrun nəzərlərini ərinin üzərindən hələ də çəkməyən hiyləgər qadın da ondakı dəyişikliyi dərhal anlayaraq, çevik bir hərəkətlə Veysəlin şübhələrinə son qoydu.

Veysəl yalnız bundan sonra yanıldığını başa düşdü. Arvadının hərəkətləri yenidən onun ruhuna qida, qəlbinə mərhəmət verdi. Bayaq hazırladığı sürprizi təqdim etməyin əsl məqamının yetişdiyini görüb əlini cibinə apardı. Bu gün qazandığı bütöv yüz manatlığı çıxarıb hələ də rəqs edən arvadının başına atdı. Və xasiyyətinə yaxşı bələd olduğu Səlimənin rəqsinin daha sürətli davamını gözlədi. Amma hər şey onun düşündüyünün əksinə oldu. Elə bil arvadının başına pul yox, necə deyərlər, qurbağanın gölünə daş atılmışdı.

Səlimə yüzlüyü görüncə, rəqsini dayandırıb cəld yerə əyildi. Pulu götürüb bu gün göyərti satışından qazandıqlarının üstünə əlavə elədi. Otaqlardan birinə keçib paltarını dəyişərək mətbəxə daxil oldu. Elə indicə bazardan alıb gətirdiyi iri çəki balığını təmizləyib doğradı, qızardıb süfrəyə verdi. Adətən ərinin verdiyi pulları hardan əldə etdiyini soruşsa da, bu dəfə heç bir sorğu-sual aparmadı. Ayın bu vaxtlarında onun əmək haqqı aldığını dəqiq olmasa da, təxmini bilirdi. Bunu ona əvvəllər Veysəlin özü demiş, hər dəfə aldığı maaşı, həm də bu məbləğdə pulu arvadına vermişdi. Amma Sabir kişinin elə bu gün ərinə verdiyi əlli manatlıqdan xəbəri yoxuydu. Veysəl bunu arvadına bildirməyib xüsusi yerdə saxlayırdı. Səlimə hətta onu yuxuya verib axtarış aparsa da tapmayacaqdı. Ancaq aylıq əmək haqqına işləyən Veysəlin bir neçə gündür ki, davamlı olaraq evə pul gətirməsi onun dişində şirə yeri qoymuşdu. Bayaqdan özünü saxlasa da nəhayət dözə bilməyib yarızarafat-yarıciddi soruşdu:

- Bəs Sabir kişinin verdiyi pullar hardadı?

Veysəl arvadının bu haqda xəbər tutmasına məəttəl qalıb əvvəl özünü itirdi. Nə cavab verəcəyini bilmədi. Amma sonradan bu sualla Səlimənin ondan söz almaq istədiyini başa düşüb özünü ələ aldı. Tam ciddi, həm də bir az əsəbi halda cavab verdi:

- Ay arvad, ağlına gələni danışma, sən hardan bilirsən ki, Sabir kişi mənə pul verib? Məgər pul çölə tökülmüşdü?

Səlimə bu gün ərini incitmək, onu əsəbləşdirmək istəməsə də verdiyi sualdan peşman olmadı. Çünki Veysəlin ona təqdim etdiyi, daha doğrusu, rəqs edərkən başından atdığı yüzlükdən əlavə pul əldə etmədiyinə artıq əmin olmuşdu. Ona görə də sözü çox uzatmayıb, artıq əhvalı dəyişməyə başlayan ərinin könlünü almağa çalışdı. Guya zarafat edirmiş kimi hətta qəhqəhə çəkib güldü. Uşaqlarına göz basıb dedi:

- Ay sənə qurban, sözdü də, dedim, elə bil zarafat da qanmırsan. Bir də ki, son vaxtlar belə birtəhər olmusan, e. Hər şeydən ötrü hirslənirsən. Boy, başıma xeyir, səbrin olsun, sənin cana qulluq edən vaxtındı.

Səlimə bunu deyib yenicə qızartdığı balıq tikələrindən bir neçəsini isti-isti boşqaba çəkib ərinin qabağına qoydu. Veysəl bığaltı gülümsündü. Arvadının işlətdiyi sonuncu kəlmələr onun canına yağ kimi yayılmışdı. Üstəlik, çoxdan dadmadığı balıq tikələrini qarşısında görməsi, onun Səliməyə rəğbətini artıraraq əsəblərinin üstünə su çilədi. Neçə illərdən bəridir, arvadından eşitmədiyi bu kəlmələr onu elə məst eləmişdi ki, az qalırdı bayaqkı sualı səmimi cavablandırıb Sabir kişinin 50 manat verdiyini etiraf eləsin. Hətta arvadına yalan danışdığına görə özünü danladı da.

Veysəlin ağzı balıq yeməkdə, beyni isə fikirləşməkdə ikən mobil telefonuna qısamüddətli zəng gəldi. Səlimə ayağa durmaq istəyirdi ki, arvadının bu istəyindən xəbəri olmayan Veysəl fikirlərindən ayrılıb cəld tərpəndi. Pəncərəyə qoyduğu telefonu götürüb baxdı. Zəng yenə də “naməlum” nömrədən gəlmişdi. Xoşbəxtlikdən Səlimə bu dəfə telefona müdaxilə etməyib dünən soyuducuya qoyduğu və ailənin çox xoşladığı təbii şaftalı şirəsini stəkanlara süzməklə məşğul oldu. Veysəl fürsətdən istifadə edib həmin nömrəyə məktub göndərəndən sonra telefonun yaddaşından sildi. Arvadının sualını gözləmədən, onun eşidə biləcəyi səslə guya kiminsə nömrəni səhv saldığını dedi. Bu izahat Səliməni qane etmədi. Ərinin dediklərini eşitmirmiş kimi soruşdu:

- Ay Veysəl, telefona nə üçün cavab vermədin, bəlkə Sabir kişi zəng etmişdi, hə?

Veysəl arvadının bu sözlərindən sonra rahatlıq tapdı. O, telefona zəng gəlməsindən, “naməlum nömrə”yə göndərdiyi məktubdan Səlimənin xəbər tutmadığına əmin olmuşdu.

Düzdür, Səlimənin nəzərindən adətən heç nə yayınmırdı. Amma bu gün həm ərinin, həm də özünün evə xeyli pul gətirməsi ailədə əsl bayram ovqatı yaratmışdı. Qadın bu axşamkı bər-bəzəkli, zəngin süfrə arxasında yaşanan xoş əhval-ruhiyyəni korlamaq istəmirdi. Nəzərlərini arabir ərinin hərəkətlərinə yönəltsə də, başı əsasən ailə qayğılarına qarışmışdı. Arvadının onu nəzarətsiz buraxması Veysəli təəccübləndirmişdi. Səlimədən bu hərəkətləri gözləməsə də onun pula həddən artıq aludə olduğunu bilir, bu axşamkı dəyişikliyin səbəbini də elə bunda görürdü.

Amma Veysəl üçün arvadının hansı səbəbdən mülayim davranmasının fərqi yoxuydu. Belə davranış bu axşam onun başını ağrıtmayacaq, kefinə soğan doğramayacaqdı. Veysəlin imkanı olsaydı belə dəqiqələrin, belə saatların, günlərin ömrünü dartıb uzadardı. İndi onun ağzı göydəydi ki arvadının tərs damarı tutmasın, heç olmasa bu gecəni mehriban keçirsinlər. Elə bil Səlimə də Veysəlin ürəyindən keçənləri duymuş, ona yazığı gəlmişdi. Daha ona yersiz, zəhlətökən suallar vermir, bu gecə sakit buraxmaq istəyirdi.

Əslində Səlimə əzazil, qədirbilməz qadın deyildi. O, səbəbini heç özü də bilmədən Veysəldən şübhələnir, işlədiyi yerdən aldığı əmək haqqının ailədən kənar xərclədiyini düşünürdü. Amma Veysəl and-aman eləyib kitab satışına görə cəmi yüz manat maaş aldığını deyir, Səlimə də zahirdə onun bu andına inanmağa məcbur olurdu. Bu gecə isə Veysəllə Səlimə üçün tamam başqa bir gecəydi. Onlar evləndikləri on üç-on dörd ildə hələ indiyə qədər keçirmədikləri romantik, məhəbbət dolu gecə keçirdilər...

Yuxudan səhər tezdən oyanan Veysəl evdən bir qədər tez çıxdı. Dediyinə görə iş vaxtı başlayana kimi Sabir kişi ilə görüşməliydi. O, marşrut avtobusa oturub adəti üzrə “Səməd Vurğun” bağına yola düşdü. Diqqətini qeyri-ixtiyari olaraq Keşlə qəsəbəsində avtobusa minən kişi cəlb etdi. Oğrun-oğrun, həm də diqqətlə onun sifətinə baxdı. Kişinin siması çox tanış gəldi. Dünən evə gələrkən onu eyni saylı avtobusda görmüşdü. 30-35 yaşlı həmin kişini görərkən onun yadına dünən avtobusda mobil telefonu, 30 manat pulu oğurlanan qadın düşdü.

●●●

Gülya atasından narahatçılığının səbəbini soruşarkən Sabir kişi vəziyyətdən çıxış yolu kimi yalan danışmağa məcbur olmuş, guya Veysəlin bərk xəstələndiyini demişdi. Qızı bu bəd xəbəri eşidəndə elə bil içində nəsə qırıldı. Veysəli lap çoxdan tanıyan adamlar kimi dərindən təəssüfləndi, qəribə hisslər keçirdi. Bunu atasının yanında büruzə vermək istəməsə də bacarmadığını görüb təkliyə çəkilmək istədi. Amma bu, atasını həddən artıq sevən qadın üçün asan deyildi. Gülya tənha qalmaq üçün ona lazım olan bəhanəni çox axtarmalı olmadı. Belə çətin vəziyyətdə həmişə olduğu kimi yenə də sevimli atası onun köməyinə gəldi. Onun oturduğu yerdəcə mürgüləməsi elə o dəqiqə Gülyanın diqqətini cəlb etdi. Fürsəti qaçırmayıb cəld soruşdu:

- Atacan, deyəsən bərk yorulmusan, eləmi?

Sabir kişi diqqətə görə qızına minnətdarlıq edib cavab verdi:

- Yox, qızım, yorulmamışam, amma bir az yuxusuz kimiyəm.

Gülya heç nə soruşmadan ayağa durdu, atasının yataq otağına keçib yerini rahatladı. Yuxusunun ötüb keçəcəyindən qorxurmuş kimi uzanıb rahatlanmasını təklif edərək:

- Atacan, yerin hazırdır, dur, bir az uzanıb yuxunu al, - dedi.

Sabir kişi bu sözə bənd imiş kimi oturduğu yerdən qalxıb qızının onun üçün hazırladığı yatağa uzandı. Çox keçmədi ki, yuxu onu apardı.

Gülya atasının yuxuya keçdiyinə əmin olub mətbəxə qayıtdı. Üzü dənizə tərəf oturub yenidən xəyala daldı. Əvvəlcə Altayı, Rusiyanın Tümen vilayətində onunla keçirdiyi günləri yada saldı. Sonra xəyalında hazırda yaşadığı Bakı şəhərinə, İçərişəhərə qayıtdı. Cəmi bircə dəfə gördüyü Veysəli xatırladı. Atası “Səməd Vurğun” bağında bələdçi axtararkən “Hummer”də oturub oğrun nəzərlərlə bir-birinə baxdıqları yadına düşdü. Özündən asılı olmayaraq hələ yaxşı bələd olmadığı, tanımadığı bu yad kişiyə qarşı qəlbində doğmalıq, yaxınlıq, məhrəmlik hissi baş qaldırdı. Bədənindən əvvəllər ona tanış olan, amma Altaydan ayrıldığı illərdən bəri yadırğadığı qəribə gizilti keçdi. Axı onu Veysələ bağlayan, cəmi bir dəfə gördüyü bu adamı xəyalında bu qədər canlandırmağa, bundan ötrü canından çox istədiyi atasından ayrılıb tənhalığa çəkilməyə vadar edən hansı qüvvə idi?

Qadın nə illah elədisə bunun səbəbini duya bilmədi. Və bu sualın cavabını axtara-axtara xəyal qanadında məchulluğa, ordan da “Səməd Vurğun” bağına gedib çıxdı. Veysəl bağda bir qadınla oturub şirin-şirin söhbət edir, hərdən başlarını qaldırıb ətrafa baxır, elə bil kimisə gözləyirdilər. Bir az aralıda isə nə vaxtsa ona yaxın olan, onun tanıdığı bir oğlan dayanıb şübhəli nəzərlərlə gəlib-gedəni süzürdü.

Gülya gördüyü bu səhnədən heyrətə gəldi, vahimə onu bürüdü. İndiyə kimi aralarında heç bir bağlılıq olmayan Veysəldən ötrü bu qədər narahatçılıq keçirməsinə görə özünü danladı. - Bu adam şorgözün birisiymiş, yəqin hər gün bir qadınla görüşür, mən də bayaqdan xəyalımda onu canlandırır, qəribə hisslər keçirirəm, - deyə hətta özünə nifrət də elədi. Bu səhnəyə tamaşa etməkdən iyrənib nəzərlərini yayındırdı. İxtiyarsız olaraq gözləri yenə bir qədər kənarda dayanıb gəlib-gedəni oğrun-oğrun süzən tanış oğlana sataşdı. Yaddaşını nə qədər qurdalasa da hardasa gördüyü bu adamı tanıya bilmədi. Bir az da irəli yeriyib oğrun-oğrun diqqətlə baxdı. Onun vahiməli nəzərlərini görüncə qışqırıb geriyə çəkildi. Öz səsinə yuxudan oyanıb özünü kirayələdikləri mənzilin mətbəxində gördü.

Bayaqdan Veysəli xəyalında canlandırmaq üçün tənhalığa çəkilən, bu şəraiti yaratmaqdan ötrü atasının uzanıb yuxuya getməsini arzulayan Gülya indi təklikdən qorxurdu. Atasını oyatmaq, onunla söhbətləşib başını qarışdırmaq, gördüyü yuxunun dəhşətini yadından çıxarmaq istəyirdi. O, əvvəl asta-asta yeriyib yataq otağının qapısına çatdı. Qəflətən sürətini kəskin dəyişib iti addımlarla içəri keçdi. Qolundakı qızıl qolbağını açaraq qəsdən taxta döşəmənin üstünə saldı. Adətən sərvaxt yatan Sabir kişi səsə oyanıb gözlərini açdı. Eşitdiyi səs və yatdığı otağa qızının səbəbsiz daxil olmadığının nigarançılığı onu qorxutdu. Gülya atasının hisslərini duyub, onun məlum sualını gözləmədən izahat verdi:

- Atacan, bağışla, yuxudan oyatdım. Gəlmişdim ki, birdən üstün açıq qalar, sənə soyuq olar, qolbaq qolumdan düşüb səs saldı.

Onun izahatından sonra Sabir kişinin həyəcanı ötüb keçdi, gülümsəyib ayağa qalxdı. İrəli yeriyib qızının başını sinəsinə sıxdı. Saçını tumarlayıb alnından öpdü. Dedi:

- Canım mənim, narahat olma, yaxşı ki, sən gəldin. Yaxşı ki, qolbaq qolundan düşüb məni oyatdı. Mən şəhərə qayıtmalıyam, bəzi işlərim var.

Sabir kişi bunu deyib qızı ilə birlikdə mətbəxə keçdi. Yüngülvari qəlyanaltıdan sonra bir-iki stəkan çay içdi. Mənzildən çıxıb tikinti şirkətinin fəaliyyətə başlaması üçün lazım olan sənədləri qaydaya salmağa tələsdi. Onun hazırladığı sənədlər artıq təsdiq olunmuşdu. Sonuncunu bu gün təsdiq etdirməli, bundan sonra fəaliyyətə başlamalı idi. Sabir kişi ona qulluqçu üçün vəd verən Veysəllə görüşə sürprizlə getmək istəyirdi. Bilirdi ki, xeyirxah insan kimi tanıdığı bu adam üçün ən yaxşı hədiyyə onu öz şirkətində münasib işlə təmin etməkdir. Bu işin də öhdəsindən asanlıqla gəldi. Bir saatdan sonra artıq hər şey qaydasındaydı. Sabir kişi fəaliyyətə başlaması üçün son sənədi də təsdiqləyib Veysəllə görüşə yollandı...

Veysəl avtobusda gördüyü kişini hələ də diqqətdə saxlayır, onu gözdən qoymur, hərəkətlərinə nəzarət edirdi. Sanki nəyə görəsə, kiməsə qısqanırdı onu. Avtobus sonuncu dayanacağa, “Səməd Vurğun” bağına çatana qədər oğurluq hadisəsi baş verməsə də, Veysəl həmin kişinin buna cəhd göstərdiyini, amma nail ola bilmədiyini hiss eləmişdi. O, avtobusdan düşüb izlədiyi kişini özündən qabağa buraxdı. Yavaş-yavaş arxasınca getməyə, onun hara getdiyini, nə işlə məşğul olduğunu öyrənməyə çalışdı. Kişi bir qədər gedib bağdakı ağaclardan birinin yanında dayandı. Veysəl sürətini artırıb onu keçdi. Bir qədər irəlidəki oturacaqda oturdu. Beş-altı dəqiqə keçmədi ki, bir qadın gəlib ona salam verərək düz yanında əyləşdi. Veysəl yalnız bundan sonra nəzərlərini bayaq izlədiyi kişidən çəkib qadınla danışmağa başladı. Bir azdan Sabir kişi ilə görüşəcəkdi deyə, birbaşa mətləbə keçərək:

- Xatirə, şəxsi evdə qulluqçu işləyə bilərsən? - deyə qadından soruşdu.

Çoxdandır ki, iş axtaran qadın bu təklifdən sevinsə də birdən-birə “hə” cavabını verməyə tələsmədi:

- Baxır də, kimdi, necə adamdı, nə qədər pul verir, - deyə cavab verdi.

Sabir kişiyə söz verən Veysəl qadını həvəsləndirmək üçün dedi:

- Bir nəfər sahibkar kişidir, varlı adamdır. Bu yaxınlarda tanış olmuşuq, özü də alicənab, səxavətli kişidir, yeganə qızı ilə birlikdə yaşayır. Ümid edirəm ki, yaxşı əmək haqqı verəcək.

Xatirə azacıq fikirləşib qəti cavab verdi:

- Hə, razıyam, yəqin ki, bu mərhəmətli kişinin özü ilə danışmalıyam, elədir?

- Darıxma, indi hardasa Sabir kişi gəlib çıxar, birlikdə söhbətləşib razılaşarıq.

Veysəl bunu deyib sağ tərəfə baxdı. Bayaqkı oğlan yenə də ağacın dibində durub şübhəli nəzərlərlə gəlib-gedənə baxırdı. Bundan Xatirənin xəbəri olmasa da, baxışlar Veysələ tanış gəlirdi. O, bayaqdan bəri izlədiyi həmin adamın yanına getməyə, onun kimliyi, nə işlə məşğul olduğu haqda məlumat almağa çalışsa da, qadını tək qoymaq istəmirdi. Lakin kişinin birdən-birə nəzərlərini yayındıraraq onlara tərəf baxması Veysəli təəccübləndirdi. Kişi çox maraqlı, həm də son dərəcə diqqətlə baxırdı. Bu baxış yanında qadın olan Veysəli qısqandıraraq özündən çıxartdı. Dözə bilməyib ayağa qalxdı. Ona tərəf getmək istəyirdi ki, kişinin baxışının tamam başqa istiqamətə yönəldiyi diqqətini cəlb elədi. İstər-istəməz qayıdıb geriyə, savaşa hazırlaşdığı bu adamın baxdığı istiqamətə boylandı. Heç nə kəsdirə bilməsə də inadından əl çəkmədi.

Veysəl içini didib-dağıdan bu sirrin üstünü mütləq açmaq istəyirdi. Gah oğrun-oğrun geriyə qanrılıb kişiyə, gah da əks istiqamətə dönüb onun diqqətlə nəzər yetirdiyi məchulluğu tapmağa çalışdı. Xeyli baxdı. Birdən gözlərinə bir qədər kənarda dayanmış “Hummer” markalı avtomobil sataşdı. Avtomobilin yanında kimsə dayanıb mobil telefon qurdalayırdı. Veysəl qayıdıb yenidən kişiyə, onun baxışlarına nəzər saldı. Və bu adamın da “Hummer”ə söykənən həmin ağsaçlı kişiyə baxdığına şübhəsi qalmadı.

Həmin ağsaçlı adam eynən Sabir kişiyə oxşayırdı. Ancaq bayaqdan bəri göz qoyduğu adamın da ona tərəf baxması Veysəli şübhəyə saldı. - Əgər avtomobilin yanındakı Sabir kişidirsə, onda bu adamın onunla nə əlaqəsi ola bilər? - deyə özünə sual verdi. Axı Sabir kişinin dediyinə görə onun bu şəhərdə ürək qızdırdığı adam yalnız Veysəl idi. Necə ola bilərdi ki, bu bir neçə gündə sözü bütöv, alicənab adam kimi tanıdığı ağsaçlı kişi başqasının da xidmətindən istifadə eləsin?

Özünə verdiyi bu suallar Veysəlin kefini pozdu. Bayaqdan bəri kişini Xatirəyə görə qısqanırdısa, indi Sabir kişidən ötrü qısqanmağa başladı. Onun bundan sonra da verəcəyi pulların əldən çıxmasından, ya da yarılanmasından qorxdu. Elə bu fikirdəykən mobil telefonuna zəng gəldi. “Hə” düyməsini basıb Sabir kişinin səsini eşitcək kefi duruldu. Sabir kişi “Səməd Vurğun” bağının yaxınlığında olduğunu, onunla görüşmək istədiyini bildirirdi. Veysəl yalnız bundan sonra “Hummer”ə söykənən adamın Sabir kişi olduğunu tam yəqinləşdirdi. Amma ona diqqətlə baxan adamla əlaqəsini hələ də aydınlaşdıra bilməmişdi. O, ilk dəfə görüşdükləri yeri nişan verib telefonu qapatdı. On dəqiqə keçmədi ki, Sabir kişinin artıq yaxınlaşdığını gördü. Bayaqkı oğlan yenə də ona tərəf baxırdı. Sabir kişi yaxınlaşdıqca sanki onun həyəcanı da artırdı. Bir neçə saniyədən sonra müşahidə etdiyi hadisə Veysəli heyrətə saldı. Oğlan gözlənilmədən geriyə dönmüş, sürətli addımlarla ərazini tərk etmişdi.

Naməlum adamın çıxıb getməsi bir tərəfdən Veysəli sevindirsə də, digər tərəfdən onu fikir götürmüşdü. Həmin adam kimiydi, nə üçün Sabir kişiyə belə diqqətlə, maraqla baxırdı, niyə onun yaxınlaşdığını görən kimi çıxıb getdi? Bu suallar onun xəyalını o qədər məşğul eləmişdi ki, Sabir kişinin gəldiyini, lap burnunun ucuna dirəndiyini hiss etmədi. Onu xəyaldan yanındakı qadın ayırdı. Veysəl başını qaldırıb Sabir kişini qarşısında gördü. Cəld ayağa qalxıb ikiəlli salam verdi, mehribancasına görüşüb hal-əhval tutdu. Elə o dəqiqə də qadını ona təqdim etdi:

- Tanış olun, adı Xatirədir.

Sabir kişi belə təqdimatdan bir şey anlamasa da, bu sayaq tanışlığı xoşlamasa da nəzakət xatirinə səmimiyyətlə:

- Lap yaxşı, mənim də adım Sabirdir, tanışlığa görə çox şadam, - deyib gülümsündü. Amma qulluqçu barədə heç nə soruşmadı. Bunu Veysəlin özündən eşitmək istədi. Veysəl isə hələ də susur, sanki dünən bu haqda danışmayıblarmış kimi heç nə demək istəmirdi. Onun bu hərəkəti Sabir kişinin, şirkətin sənədlərini tam qaydaya salandan sonra durulan kefini pozdu. Çarəsiz qalıb özü bu barədə söhbət etmək istəyirdi ki, dünənki razılaşma Veysəlin yadına düşdü. Daha doğrusu, bunu onun yadına yanındakı qadının Sabir kişini oğrun-oğrun başdan-ayağa süzməsi salmışdı. O, fikrini cəmləsə də həyəcandan yaxa qurtara bilmədi. Deyəcəyi sözləri yaddan çıxarmaqdan qorxurmuş kimi, Sabir kişini bir az kənara çəkib tələsik dilləndi:

- Hə, az qala yadımdan çıxmışdı, Sabir müəllim, axı dünən bizim danışığımız olmuşdu. Qulluqçu söhbətini deyirəm, artıq tapmışam. İndi qalır sizin razılaşmağınız. Amma pis qadın deyil, düşünürəm ki, dil tapa biləcəksiniz. Hər halda ikilikdə söhbət etsəniz yaxşı olardı.

Veysəl bunu deyib, onları tək buraxmaq üçün bir bəhanə ilə ordan müvəqqəti uzaqlaşdı. Sabir kişi ilə Xatirənin cəmi beş-altı dəqiqəlik söhbəti tam razılaşma ilə başa çatdı. Xatirə işə sabahdan başlayacaqdı. Bu vaxta qədər Veysəl də gəlib çıxdı. Sabir kişiyə üzrxahlıq edərək qadını yola salıb tezliklə qayıdacağını dedi. Və Xatirənin çantasını da götürüb dayanacağa tərəf getdi. Beş-altı dəqiqə keçmədi ki, geriyə qayıtdı. Elə qayıdan kimi də Sabir kişi sevincini onunla bölüşdü:

- Veysəl, bu gün xoş xəbərlə gəlmişəm. Artıq şirkətin bütün sənədləri tam hazırdır. Sabah demək olar ki, işə başlaya bilərik. Sənin üçün xüsusi yer ayırmağı da nəzərdə tutmuşam. Allah qoysa, işimiz yaxşı gedər. Nə deyirsən, razısan?

Sabir kişidən eşitdikləri Veysəli hədsiz sevindirdi. - Əlbəttə, razıyam, - dedi.

Veysəl xəyalında yeni planlar qurur, gələcək işləri barədə düşünür, düşündükcə də könlü açılırdı. Amma bayaq gördüyü səhnə yadından çıxmaq bilmirdi. Soruşmağa utansa da naməlum adamın hərəkətləri barədə sual verməyə özündə cəsarət tapıb Sabir kişiyə müraciət etdi:

- Sabir müəllim, bayaq mənə zəng edəndə təxminən 30-35 yaşlarında bir kişinin diqqətlə sizə baxdığını hiss etdinizmi, yoxsa mən yanılıram?

Həmin adamın hərəkətlərinin Veysəlin diqqətini cəlb etməsi Sabir kişini təəccübləndirdi. Qaşlarını çatıb bir neçə saniyə fikrə getdi. Veysəlin verdiyi bu sualdan sonra əhvalının pozulduğu açıqca hiss olunurdu. Bu barədə danışmaq istəməsə də, nə fikirləşdisə ilk gündən ürək qızdırdığı bu adamdan heç nəyi gizlətmədi. Ağır-ağır dilləndi:

- Haqlısan, o adam mənə diqqətlə baxırdı. Mən bunu sizə yaxınlaşanda hiss edə bildim. O adam məni tanıyan kimi geri döndü. Arxasına baxmadan sürətlə uzaqlaşdı...

Sabir kişi dərindən köks ötürüb xəyala daldı. Veysəl ondakı dəyişikliyi hiss edib, verdiyi suala görə özünü danladı, başını aşağı saldı. Sabir kişi onun peşmançılıq çəkdiyini görüb gülümsədi, şən görünməyə çalışdı. Özünü ələ alıb sözünə davam etdi:

- Hə, həmin adam vaxtilə mənim kürəkənim olub. Adı Altaydır. O vaxt biz Rusiyada yaşayırdıq. Orda mənim qızımla, Gülya ilə ailə qurmuşdu. Sonra məlum oldu ki, onu bu izdivaca valideynlərinin məsləhəti ilə mənim var-dövlətim məcbur edib. Lakin bu nigahdan onların övladları olmayıb. Buna görə Gülyanı çox incidiblər, sonra da boşanmağa məcbur ediblər. Bu hadisədən sonra, bir az əvvəl sənin gördüyün oğlan heç bir təsir olmadan mənim şirkətimdə işləməkdən imtina elədi. Sonra əyyaşa çevrildi. Bu danışdıqlarımın üstündən altı il keçir. O vaxtdan Altaydan, onun valideynlərindən xəbərim yoxdur. Mən Bakıya gələndən sonra onun da burda peyda olması çox maraqlıdır.

Sabir kişi yenə də susdu. Gözləri məchul bir nöqtəyə zilləndi. Araya çökmüş sükutdan istifadə edən Veysəl soruşdu:

- Bəlkə, sizin bura gəlişinizdən xəbər tutmuş, Gülyanın arxasınca gəlmişdir?

Sabir kişi sifətinə ciddi görkəm verib qətiyyətlə dilləndi:

- Ola bilsin ki, belədir. Onsuz da belələrinin başında ağıl olmur. Amma nə mən, nə də qızım ağlımızı itirməmişik.

Sabir kişinin narahatlığı aşkar hiss olunurdu. O, bir az özünə gəlib qəflətən sual verdi:

- Veysəl, sən bu adamı tez-tezmi görürsən?

Veysəl gözləmədiyi bu sualdan diksindi. Onun nəyə görə verilməsinin mahiyyətini anlamağa çalışsa da, bir şey başa düşmədi. Suçlu adamlar kimi hətta bir qədər narahat oldu. Ancaq Sabir kişinin sualına sualla cavab verməyə utandı:

- Xeyr, elə ilk dəfədir ki, görürəm, - deyib, arxasınca təsəlli qarışıq məsləhət də verdi:

- Sabir müəllim, belə işlərə çox fikir verməyin, həyatdı də, hər hadisə baş verir.

Dünyanın hər üzünü görmüş Sabir kişinin, Veysəlin təsəllisinə ehtiyacı olmasa da, qızının həyatı ilə bağlı acı keçmişini xatırlayandan sonra közlənən qəlbinin atəşini söndürdü. Onun, artıq bir neçə gündür ki, tanış olduğu bu adama rəğbəti artdı. - Necə də alicənab adamdır, - fikirləşdi. - İşini atıb mənim nazımla oynayır, - öz-özünə dedi. Veysələ verdiyi pullar isə onun eyninə də gəlmədi. Əksinə, özünü Veysələ borclu hesab edir, bu adamın xəcalətindən çıxmağa çalışırdı.

İndi Sabir kişi şirkətdə işə başlamasını gözləyirdi. Xüsusilə bu gün Veysələ olan inamı o qədər artmışdı ki, ona şirkətdə ən məsuliyyətli iş təklif etməyi nəzərdə tutdu. Amma onun bu gün vaxt ayırıb qulluğunda durmasının əvəzini ödəməyi də unutmadı. Veysəllə söhbətləşə-söhbətləşə “Hummer”ə tərəf getdi. Onunla birlikdə avtomobilə oturub gedəcəyi ünvanı soruşdu. Veysəl onun niyyətini anlayıb etiraz elədi:

- Sabir müəllim, xəcalət verirsiniz, əziyyət çəkməyin, mən avtobusla getmək istəyirəm, - dedi.

Veysəl doğrudan da Sabir kişiylə getmək istəmirdi. Nədənsə avtobusa vərdiş eləmişdi. Ona görə də təklif ürəyindən olmadı. Lakin Sabir kişi əl çəkmədi:

- Yox, heç bir əziyyəti yoxdur. Əksinə, mənə xoşdur. Bir də ki, şəhərlə nə qədər tanış olsam, o qədər yaxşıdır, - deyib “Hummer”i “Neftçilər” metrosuna - Veysəlin yaşadığı ünvana tərəf hərəkətə gətirdi. Metroya çatanda əvvəlcədən hazırladığı 50 dolları Veysəlin cibinə qoyub avtomobili yerindən tərpədərək İçərişəhərə tərəf üz qoydu.

●●●

Veysəl Sabir kişinin sonuncu dəfə verdiyi 50 dollarlıq əskinası yenə də özündə saxlamışdı. O, arvadının vərdişkar olmasından, tez-tez pul istəməsindən ehtiyatlanırdı. Ancaq Səlimə bu gün də şən görünürdü. Əri evə gec gəlsə də onu sakit qarşılamışdı. İndi onun gündəlik pulu olurdu deyə, Veysəli əvvəlkitək sıxma-boğmaya salmırdı. Bir də son vaxtlar ona inanmağa, etibar eləməyə başlamışdı. Qısqanclıq hissləri də yavaş-yavaş ötüb keçirdi.

Səlimədəki bu qəribə dəyişikliyi Veysəl də hiss eləmişdi. Səbəbini öyrənməyə çalışsa da bir nəticəyə gələ bilməmiş, ağlına arvadı ilə bağlı pis fikirlər gəldiyinə görə özünü danlamışdı. Amma səhər tezdən yenicə yemək süfrəsi arxasında oturmuşdu ki, qısqanclıq yenə də içini didməyə başladı. Bugünkü işini təxirə salıb Səliməni izləmək qərarına gəldi. Əvvəlcə hamama daxil olub dişlərini təmizlədi. Elə bu vaxt mobil telefonuna zəng gəldi. Səlimə qeyri-ixtiyari stolun üstündəki telefona baxdı. Ekranda ad yazılmadığından nömrənin kimə məxsus olmasını kəsdirə bilmədi. Zəng aramsız gəldiyindən cavab verməyə məcbur oldu. “Hə” düyməsini basan kimi xəttin o başından qadın səsi eşidildi. Onu yenicə sorğu-suala tutmağa başlamışdı ki, Veysəl ağzındakı köpüklənmiş diş pastasını tələsik boşaldıb özünü yetirdi. Telefonu arvadının əlindən dartıb aldı. - Hə, eşidirəm, narahat olma, eşidirəm, - dedi.

Danışan “naməlum nömrənin” sahibi Xatirə idi. Əvvəllər Veysəl bu nömrənin Sabir kişiyə məxsus olduğunu desə də, indi düzünü söyləməkdən başqa çarəsi qalmadı. - Sabir kişi məndən qulluqçu tapmağı xahiş eləmişdi. Xanım indi bu haqda soruşurdu, - deyə izahat verdi.

Səlimə ərinin səmimiyyətinə inanmayıb, onu izləmək qərarına gəlsə də bunu sonraya saxladı. Ərini yola salıb eyvana çıxdı. Evlərinin yaxınlığındakı dayanacağa qədər arxasınca baxsa da şübhəli heç nə hiss etmədi. Veysəl də arvadının qəlbinə şübhə toxumu səpdiyini, onu izləyəcəyini bilirdi. Səlimə onu Xatirə ilə təklikdə görsəydi hökmən evdə qanqaraçılıq salacaqdı. Ona görə də Sabir kişi ilə əlaqə saxlayıb əvvəlcə onu, on dəqiqədən sonra isə Xatirəni görüşə dəvət elədi. O, Keşlə qəsəbəsinə çatanda avtobusda əyninə nimdaş paltar geyinmiş bir nəfər diqqətini cəlb etdi. Diqqətlə baxıb tanıdı. Bu, Sabir kişinin dünən haqqında danışdığı Altay idi.

Bir-iki nəfərdən başqa sərnişinlərdən heç kəs ona əhəmiyyət verməsə də, Veysəl Altayın hərəkətlərini izləyir, elə bil bu adamdan nəsə gözləyirdi. Avtobus “Səməd Vurğun” bağına çatanda artıq yerə düşmüş Veysəl, sərnişinlərdən birinin hay-küy qopardığını eşidib geri boylandı. Sərnişinin pul qabını cibindən götürmüşdülər. Bayaqdan nimdaş paltarlı oğlandan şübhələnən iri bədənli başqa bir sərnişin aman verməyib onun yaxasından yapışdı. Ciblərini bayıra çıxarmağı tələb etdi. Üst-başını təmiz axtarsa da heç nə tapa bilməyib sərbəst buraxdı. Altay dodaqaltı mızıldanıb heç kəsin eşidə bilməyəcəyi səslə: - Deməli, bu marşrutda məndən də başqa oğru varmış, - dedi.

Veysəl başını bulayıb yoluna davam etdi. Asta-asta gəlib oturacaqlardan birində əyləşdi. Vaxtından təxminən on dəqiqə tez gəlmişdi. Bir az keçmişdi ki, “Hummer” düz onun tuşunda dayanıb siqnal verdi. Sabir kişi maşından düşüb ətrafa göz gəzdirdi. Xatirəni görməyib narahat oldu. Bunu hiss edən Veysəl iti addımlarla ona yaxınlaşdı. Hal-əhval tutandan dərhal sonra Xatirənin on dəqiqəyə gələcəyini dedi. Bir az keçmişdi ki, qadın da gəlib çıxdı. Hər üçü maşına əyləşib İçərişəhərə - Sabir kişigilə getdilər. Bir qədər kənarda, Səməd Vurğunun heykəlinin lap qarşısında dayanıb oğrun-oğrun onlara baxan Altay isə artıq bir neçə dəfə eyni marşrutda gördüyü Veysəllə Sabir kişini hansı əlaqələrin birləşdirdiyini aydınlaşdırmağa çalışırdı.

Altay Veysəllə keçmiş qayınatasını bir yerdə görən kimi artıq altı ildir ki, boşanmalarına baxmayaraq içini dəli, həm də mənasız bir qısqanclıq bürüdü. Yadına altı il öncə Gülya xanımla evləndikləri xoşbəxt, qayğısız günlər düşdü. Gülya ilə həm evləndiyinə, həm də boşandığına görə artıq dünyadan köçmüş valideynlərini söydü. Könlündən Gülyanı görmək, onun ayaqlarına düşüb yalvarmaq keçdi. Birdən ağlına nə gəldisə dəli kimi artıq 5-6 dəqiqədir ki, yola düşən “Hummer”in arxasınca qaçmağa başladı. Təxminən 150 metr qaçıb dayandı. Nəfəsini dərib asta-asta yenidən geriyə - “Səməd Vurğun” bağına qayıtdı. Ağaclardan birinin dibində əyləşdi. Xəyal onu yenə də uzaqlara, beş-altı il əvvəlki xoşbəxtliyə tərəf apardı...

Sabir kişi artıq İçərişəhərə çatmışdı. Avtomobili qaldığı mənzilin qarşısında saxlayıb özü ilə gətirdiyi qonaqları içəriyə dəvət etdi. Mənzilin qapısına çatmamış Gülya atasının səsini eşidib bayıra çıxdı. Veysəli görcək tanısa da, yanındakı qadının kim olduğunu aydınlaşdıra bilmədi. Birdən yadına, atasının evə qulluqçu gətirmək istədiyi barədə bir neçə dəfə ona müraciət etməsi düşdü. Gələn adamları mehriban qarşılayıb içəriyə dəvət elədi. On beş dəqiqə keçmədi ki, hər şeylə bəzədilmiş zəngin çay süfrəsi hazır oldu. Sabir kişi əvvəlcə Xatirəni təqdim edib dedi:

- Qızım, bu xanımın adı Xatirədir. Bu gündən o da bizim ailənin bir üzvü olacaq. Belə qərara gəlmişik ki, ev işlərində bir-birinizə köməklik edəsiniz. Həm də səni darıxmağa qoymaz. Canım mənim, nə fikirdəsən?

Gülya Sabir kişinin nə demək istədiyini başa düşdü. Narazı qalsa da atasının könlünü qırmaq istəmədi. Dodaqlarına süni təbəssüm çökdürüb dilləndi:

- Atacan, necə məsləhətdirsə, qoy elə də olsun, amma adam bu xanıma əziyyət vermək istəmir.

Gülyanın sözləri Xatirənin xoşuna gəlmədi. Qulluqçu işləməyə ehtiyacı olsa da özünü o yerə qoymadı. Oturduğu yerdə Veysəlin ayaqlarını basıb yüngülcə eyham vurdu. Üzünü Gülyaya tərəf tutub:

- Xanım, mən bura Veysəlin və atanızın xahişi ilə gəlmişəm, məsləhət deyilsə çıxıb gedə bilərəm, - dedi. Ayağa qalxıb getmək istədi. Amma Gülya da, atası da ona imkan vermədilər. Sabir kişi gülə-gülə dedi:

- Ay qız, nə yaman dəymədüşərsən, qayıt yerində otur, indi hər şeyi ayırd edərik.

Xatirənin incidiyini görən Gülya nəzakət xatirinə yalan danışmalı oldu:

- Ay bacı, axı mən sizə bir söz demədim ki. İlk baxışdan mənə xoş təsir bağışladın. Onsuz da mənə bir nəfər həmdəm lazımdır. Sizin kimi gözəl bir xanımın əziyyət çəkdiyini istəmədim.

Xatirə bu sözə bənd imiş kimi qayıdıb yerində əyləşdi. Bu arada Gülya atasını onlarla tək buraxıb başqa otağa keçdi. Sabir kişi danışığı çox uzatmadan mətləb üstünə gəldi:

- Xatirə xanım, yəqin ki, Veysəl sizə hər şeyi danışıb. Mən istərdim ki, bir ailənin üzvü kimi bizimlə, daha doğrusu, səhərdən axşama qədər qızımla bir yerdə olasınız. Nə deyirsiz?

Xatirə evi gözaltı nəzərdən keçirərək çəkəcəyi zəhmət haqqının məbləği ilə maraqlanmadan, belə zəngin, nəzakətli, alicənab bir ailənin qulluqçusu olmağa razılıq verdi. Amma Sabir kişi onu nigaran qoymadı:

- Bu işlər üçün zəhmət haqqı olaraq sizə 250 manat pul da verirəm, - dedi. - Amma bu hələ hamısı deyil, yəqin ki, başqa köməkliklər də olacaq.

Sabir kişi bunu deyib, cibindən 50 manat çıxararaq ona uzatdı. Xatirə almaq istəməsə də təkid edib pulu onun çantasına qoydu. Zəhmət haqqının məbləğini eşidən qadın çox razı qalmışdı.

Danışıq bitəndən sonra onlar ayağa qalxıb qapıya tərəf getdilər. Qonaqların getmək istədiyini hiss edən Gülya onları yola salmaq üçün bayaq keçdiyi otaqdan bayıra çıxdı. Veysəl bayıra açılan qapının ağzından geriyə baxanda Gülyanın boynundakı brilyant diqqətini cəlb etdi. Ona tanış gələn bu bahalı daş-qaş pəncərədən düz üzərinə düşən Günəş şüalarının təsiri altında bərq vurur, qadını daha cazibədar, gözəl göstərirdi. Sabahdan işə başlayacaq Xatirə isə sevincindən özünə yer tapa bilmirdi.

●●●

Sabir kişi Veysəllə Xatirəni yola salıb şəhərin mərkəzində, “Sahil” metrostansiyasının yaxınlığında yenicə kirayəyə götürdüyü ofisə yollandı. Bir neçə gündən sonra müəyyən olunmuş yerdə tikinti işlərinə hazırlıq görəcəkdi. Artıq bir neçə televiziya kanallarında, ölkənin nüfuzlu qəzetlərində elan vermiş, ehtiyacı olanları işə dəvət etmişdi. Elandan sonra xeyli adam ofisə gələrək işlə maraqlanmış, ərizə ilə müraciət eləmişdi. Veysəli isə xüsusi olaraq çağırmaq, bəzi məsələlər barədə onunla məsləhətləşmək fikrindəydi. Amma onun üçün nəzərdə tutulmuş işə hələ ehtiyac olmadığına görə hər gün ofisə çağırıb vaxtını almaq istəmirdi. İşlərin tam qaydasına düşməsi, işə ciddi başlanması üçün hələ bir neçə gün lazım olacaqdı. Bu müddətdə həm də işə qəbul prosesi gedəcəkdi.

Veysəl də Sabir kişinin bu yaxınlarda işə başlayacağını bilirdi. Son vaxtlar evdən gec çıxır, iş vaxtı başa çatmamış qayıdırdı. Onsuz da kitab mağazasındakı iş yerini tərk edəcəkdi deyə, Səlimə də ərini sorğu-suala tutmurdu. Bir də ki, hər dəfə bazardan evə gələrkən çoxlu pul qazanan qadın üçün Veysəlin evdən gec çıxması sərfəli idi. Bir neçə gün idi ki, uşaqları məktəbə özü aparırdı deyə, Səlimə bazara səhər tam açılmamış gedər, bu da alıb-satacağı malın qiymətinə təsir edərdi. Amma ərinin əla təminatlı, gəlirli müəssisədə işləməsi ondan ötrü hər şeydən vacibiydi. O, bunun üçün gecə-gündüz ərini tələsdirir, Sabir kişi ilə tez-tez əlaqə yaratmağa məcbur edirdi.

Səlimə özü hər dəfə bazardan 10-12 manat gətirsə də bu yorucu işdən bezmişdi. Onun da könlündən Sabir kişinin obyektində yüngülvari işlə təmin olunmaq keçirdi. Ancaq Veysəl buna razılıq vermir, hər dəfə müxtəlif bəhanələrlə onu çəkindirməyə çalışırdı. Bir dəfə necə oldusa artıq 5-6 gündür ki, Sabir kişinin evində qulluqçu işləyən qadının 250 manat zəhmət haqqı aldığını Səliməyə dedi. Bunu eşitcək elə bil Səlimənin başına qaynar su tökdülər. Veysəlin üstünə düşüb o ki var danladı:

- Bu qədər pulu əldən buraxmaq olar? Sən görmürsən ki, bizim vəziyyətimiz ağırdır, nəyə görə mən evdə otura-otura bu qədər pulu başqasına verməyə razılaşırsan? Bu gündən mən də bazara çıxmıram. Canın çıxsın, get pul qazan.

Veysəl arvadının danlağından qurtarmaq üçün sözünün məntiqini fikirləşmədən bəhanə gətirdi:

- Ay arvad, nə istəyirsən məndən, sənin başqasının evində qulluqçu işləməyini istəmirəm. Mən bunu qəbul edə bilmərəm. Bir də istəmirəm ki, sən əziyyət çəkəsən.

Səlimə acı-acı güldü, istehza ilə dedi:

- Ay bədbəxt kişi, necə olur ki, bazarda işləməyimə dözürsən, amma qulluqçu işləməyimi qəbul edə bilmirsən?

Veysəlin deməyə sözü yox idi. Bir-iki dəfə udqunub cavab axtarmaq istəsə də tapa bilmədi. Onu bu çətin vəziyyətdən telefon zəngi çıxartdı. Amma bu dəfə də Səlimə ona imkan verməyib telefonu götürdü. Danışan Sabir kişi idi. Onu telefona çağırırdı. Səlimə buna əmin olandan sonra telefonu ərinə verdi. Veysəl: - Hə, eşidirəm, Sabir müəllim, nə var, nə yox, vəziyyətiniz necədir, - dedi.

Sabir kişi hal-əhval tutub soruşdu:

- Veysəl, sabah obyektdə iş başlayır, sənin iştirakın vacibdir, gələ bilərsənmi?

Veysəl çoxdan gözlədiyi bu sözü eşitcək sevindi. Hətta arvadının bayaq verdiyi suala da cavab tapdı:

- Əzizim, artıq sənin bazara da getməyinə ehtiyac yoxdur, - dedi.

- Hə, nə olub ki, belə yersiz-yersiz sevinirsən? - Səlimə üzünü başqa səmtə tutub saymazyana soruşdu.

Əslində Sabir kişinin zəngi onun da marağına səbəb olmuşdu. Özünü laqeyd kimi göstərsə də söhbətin işdən getdiyini dəqiqləşdirməyə ehtiyac duyur, səbirsizliklə ərinin cavabını gözləyirdi. Arvadının hövsələsiz olduğunu bilən Veysəl onu intizarda çox saxlamadı. Bayaqkı sevinclə cavab verdi:

- Hə, arvad, daha nə olacaq ki? Məgər görmədin ki, zəng vuran Sabir müəllimdir?..

- Nə olsun ki? - Səlimə onun sözünü kəsdi. Bununla telefon danışığının işlə bağlı olduğunu bir daha dəqiqləşdirmək istədi. Veysəl qəhqəhə çəkib dedi:

- Rəhmətliyin qızı, altıaylıq deyilsən ki, bir az hövsələn olsun də. Sabir müəllimin şirkətində sabahdan iş başlayır. Məni də ora dəvət edirdi. İndi təsəvvür edirsənmi, qulluqçuya 250 manat verən adam şirkətin məsul işçisinə nə qədər maaş verə bilər? Üstəlik, Sabir müəllim mənim haqqımda yüksək fikirdədir.

Ərindən bu sözləri eşidən qadın sevincindən az qala qanad açacaqdı. Amma ərinin “qulluqçu” kəlməsini işlətməsi onu yenə hövsələdən çıxartdı. Elə bil oğrunun yadına daş salmışdılar. İndi Səliməni, əlindən çıxan 250 manat yox, Veysəllə həmin qulluqçu arasındakı əlaqə narahat edirdi. Qısqanclığını gizlətmədi:

- Qulluqçu dediyin o bəxtəvər xanımı hardan tanıyırsan? - deyə acıqlı-acıqlı ərindən soruşdu.

Arvadının hər an verə biləcəyi bu sualın cavabını çoxdan hazırlayan Veysəl əlüstü cavab verdi:

- Bizimlə bir yerdə işləyir, kitab mağazasında. Aldığı əmək haqqı onu da qane eləmir. Çoxdan iş axtarırdı. Sabir müəllim qulluqçuya ehtiyacı olduğunu deyəndə iş yoldaşı kimi onu məsləhət gördüm.

Deyəsən bu cavab Səliməni qane etmişdi. Bir söz deməyib susdu. Amma qulluqçu qadınla əri arasındakı əlaqənin daha nələrdən ibarət olduğunu dəqiqləşdirəcəyinə söz verdi. Veysəl isə ayaqqabılarını geyinib qapıya yaxınlaşdı. - İşə gedirəm, - deyib mənzildən çıxa-çıxda arvadına hava öpüşü göndərdi. Yüksək əhval-ruhiyyə ilə avtobusa oturub elə həmin ovqatla da “Səməd Vurğun” bağının yaxınlığındakı son dayanacaqda düşdü. Bağa daxil olub bir qədər getmişdi ki, kimsə arxadan kobud səslə bağırdı:

- Ay kişi, ayaq saxla, səninlə işim var.

Veysəl dayanıb arxaya baxdı. Həmin adam əlləri ilə də dayanmaq işarəsi verdi. Veysəl diqqətlə baxıb Altayı tanıdı. Sabir kişidən bu adam haqqında eşitdikdən sonra Veysəldə onunla tanışlıq marağı yaranmışdı. Ona görə də xeyli sevindi. Ayaq saxlayıb gözlədi. Altayın yaxınlaşıb üzəvari verdiyi salamı mehribancasına aldı. Gözlərindəki qəzəbi hiss eləsə də heç nədən çəkinməyib onun nə deyəcəyini gözlədi. Altay kəkələyə-kəkələyə dedi:

- Ay “brat”, sən Sabir müəllimi hardan tanıyırsan?

Veysəl onunla mehriban davranıb sualını səmimi cabablandırdı. Sabir kişi haqda ətraflı məlumat verməsini xahiş elədi. Artıq qəzəbi soyumuş Altay da onunla əsl dost səmimiyyətilə söhbət edir, keçmiş qayınatası haqda bildiklərinin hamısını Veysələ danışırdı. Birdən nə fikirləşdisə qəflətən dəyişdi, dəli kimi bağırdı:

- Bəs, arvadımla sənin nə işin var? - deyib yumruğunu düyünlədi. Dişlərini bir-birinə qıcadı. Ağzı köpüklənə-köpüklənə fasilələrlə əlavə etdi:

- Səndə təqsir yoxdur... Günah Sabir müəllimdədir... Yox, təqsir ondadır, mənim arvadımdadır, o ləçərdədir. İndi mən ona göstərərəm, namus ləkəsini ancaq qanla yumaq olar...

Veysəl onu sakitləşdirməyə çalışdı. Qolundan tutub yavaş-yavaş bağın sakit yerinə çəkdi. Üzündən öpüb əlini kürəyinə qoydu. Bu nəvazişdən sonra Altay bir az sakitləşdi. Heç iki dəqiqə keçmədi ki, yenə də ağzından alov püskürdü:

- Ay “brat”, sən də qulaqlarını aç və eşit, heç kim mənim “uçaskamda” ağalıq eləyib adamların cibinə girə bilməz, o marşrut mənə baxır, başqası buna cürət eləsə onun başını üzərəm.

Veysəli gülmək tutdu. - Heç nə anlamıram, - deyib onu yenidən sakitləşdirmək istəsə də fikrindən daşındı. Bu söhbət gəlib-gedənlərin onu oğru kimi tanımasına səbəb ola bilərdi. Veysəl bunu fikirləşib ağzından araq qoxusu gələn Altayla sağollaşaraq bağı tərk etdi. “28 May” küçəsinə adlayıb mobil telefonunu çıxartdı. Xatirəylə zəngləşib hal-əhval tutdu, yeni işindən razı qalıb-qalmadığı ilə maraqlandı. Gülya xanıma salamını çatdırmağı xahiş etdi.

●●●

Sabir kişi götürdüyü böyük bir ərazidə tikinti işlərinə başlamaq üçün səhər tezdən “Sahil” metrostansiyasının yaxınlığındakı ofisə gəlmişdi. Mətbuatda və televiziya kanallarında verdiyi elandan sonra işə qəbul üçün müraciət edən iş icraçılarının, tikinti sahəsi üzrə mütəxəssislərin də iştirakı ilə ilk yığıncaq keçirmək istəyirdi. Ofisə hamıdan tez gələn Veysəl, Sabir kişinin tapşırığı ilə iştirakçıların siyahısını hazırlamalı, tikinti layihəsinin surətini çıxararaq onlara paylamalıydı.

Veysəl özü də tikinti sahəsi üzrə mütəxəssis idi. İnşaat Universitetini bitirmiş, bir müddət bu sahədə çalışmışdı. SSRİ-nin dağılmasının ilk illərində tikinti sahəsində durğunluq yarandığına görə xırda ticarətlə məşğul olaraq yenicə qurduğu ailəsini dolandırırdı. Amma alıb-satmaqda səriştəsi yoxuydu Veysəlin. Uzun illərdi işlədiyinə baxmayaraq ticarətə hələ də öyrəşə bilməmişdi. Belə uğursuz ticarət onu sonradan kitab satışı üzrə satıcı işləməyə apardı. İndi o yalnız satıcı kimi işləyir, ayın sonunda əmək haqqı alırdı. Bu məvaciblə ailəni orta səviyyədə dolandırsa da, bu sahədə vəziyyət tədricən pisləşməyə, oxucu kütləsi azalmağa başladı. Artıq sürət götürən tikinti sahəsinə qayıtmaq istəsə də cəhdləri boşa çıxdı. Hər yerdə ona yalnız fəhlə işləməyi təklif etsələr də razılaşmadı.

Onsuz da arıq bədənli Veysəlin ağır işlər görməyi taqəti yoxuydu. Xroniki xəstəliyi olduğu üçün həkimlər bunu ona qadağan etmişdilər. Bu qadağa ona baha başa gəlmiş, neçə illər maddi cəhətdən korluq çəkmişdi. Sabir kişi ilə təsadüfi tanışlıq isə indi onun həyatında yeni bir mərhələ açmağa başlamışdı. O, ofisdə əyləşib iş üçün ərizə verənlərin siyahısını hazırlayarkən diqqətini Cəsarət adlı bir nəfər cəlb etdi. Ərizəni yenidən nəzərdən keçirdi. Həmin adamın soyadına, atasının adına diqqətlə baxdı. Bu adı hardasa eşitdiyini xatırlamağa çalışdı. Öz-özünə pıçıldadı:

- Hə, tapdım, bu adam mənimlə bir yerdə, İnşaat Universitetində təhsil alıb, eyni qrupda oxumuşuq.

Veysəl yanılmamışdı. Cəsarət universiteti bitirəndən sonra tikinti müəssisələrində rəis müavini vəzifəsində çalışmışdı. Bacarıqlı mütəxəssis idi. Keçmiş SSRİ vaxtında bir neçə dəfə fəxri diploma layiq görülmüşdü. Sonralar işlədiyi tikinti müəssisəsində yeyinti aşkarlandığı üçün külli miqdarda dövlət əmlakının mənimsənilməsi maddəsi üzrə həbs olunaraq səkkiz il müddətinə azadlıqdan məhrum edilmişdi.

Veysəl Cəsarətin bundan sonrakı taleyi ilə maraqlanmamışdı. Onun ərizəsini başqa sənədlərin içərisində görəndə özünü saxlaya bilmədi. Keçmiş günlərini, tələbəlik illərini xatırladıqca qəhər onu boğdu, gözlərindən yaş gəldi. Neçə illərin kasıb həyat tərzindən qurtuluş yolunu yenicə tapmağa başladığı anlarda nə qədər çalışsa da bir qədər əvvəlki şən ovqatını bərpa edə bilmədi. Onu arzulamadığı bu vəziyyətdən içəriyə daxil olan Sabir kişinin səsi çıxartdı:

- Veysəl, vəziyyət nə yerdədir, çətinik çəkmirsən ki? İndi məsul vəzifələrdə işləmək üçün ərizə verənlər gəlməlidir.

Veysəl ehtiram əlaməti olaraq ayağa qalxdı. Qəhərini gizlədib cavab verdi:

- Çətinlik yoxdur, Sabir müəllim, hər şey qaydasındadır, cəmi on dəqiqəyə siyahı tam hazır olacaq.

Onun belə cəld işləməsi Sabir kişinin xoşuna gəldi. Yaxınlaşıb əlini kürəyinə qoydu. Dedi:

- Əhsən! Fikrimdə yanılmamışam, sənə hər şeyi etibar etmək olar.

Sabir kişi bunu deyib özünün iş otağına keçdi. Veysəl işini yenicə qurtarmışdı ki, içəriyə özü kimi çəlimsiz, vaxtından tez qocaldığı hiss olunan bir kişi daxil oldu. Gözlərini bir xeyli Veysəlin sifətində gəzdirib xəyala getdi. Sanki gəlişinin məqsədini unutmuşdu. Veysələ elə gəldi ki, sakitcə dayanan, fikri, diqqəti məchulluğa yönələn bu adam ünvanı səhv salıb. Bu vəziyyət işi başından aşan Veysəli hövsələdən yavaş-yavaş çıxarmağa başlayırdı. Elə bu anda gələn adam qəflətən dilləndi:

- Bağışlayın, cənab, sifətiniz çox tanış gəlir, amma harda gördüyümü xatırlaya bilmirəm.

Veysəl diqqətini toplayıb düz onun sifətinə baxdı. Qarşısındakı adamın cavanlıq simasını təsəvvüründə canlandırmağa çalışsa da bacarmadı. Birdən yadına bayaq siyahıda rast gəldiyi Cəsarət düşdü. Soruşmağa utandı, başını aşağı salıb fikrə getdi. Hər ikisi susdu. Təxminən iki dəqiqəlik sükutu yenə də gələn adam pozdu:

- Üzr istəyirəm, siz İnşaat Universitetində təhsil almamısınız ki?

Veysəl bu dəfə bir az ürəkləndi. Ayağa qalxaraq onun gözlərinə bir qədər də diqqətlə baxıb həyəcanla:

- Bəli, oxumuşam, sizin adınız Cəsarət deyil? - deyə soruşdu. Cavab gözləmədən onu qucaqlayıb sifətindən öpdü. - Mənim də adım Veysəldir, amma bağışla, səni əvvəl tanıya bilmədim, - dedi.

Onlar yenidən görüşüb hal-əhval tutdular. Amma uzun illərin ayrılığından sonrakı təsadüfi görüşdən məmnun qalmaq əvəzinə, Veysəl çox xəcalətli görünürdü. Bu, Cəsarətin də diqqətindən yayınmadı. Səbəbini başqa yerə yozmadı. Dedi:

- Gözümə birtəhər dəyirsən, deyəsən məni tanımadığına görə xəcalət çəkdin. Amma səndə təqsir yoxdur, qrup yoldaşlarımdan çoxu məni tanımır. Deyilənə görə həddən artıq dəyişmişəm.

Bu sözlərdən sonra Veysəlin əvvəlki təbəssümü, əhval-ruhiyyəsi yerinə qayıtdı:

- Həyatdı də, qəm eləmə, axtarsan, mənim özüm də ailəni istədiyim kimi dolandıra bilməmişəm, ağrı-acılı günlərim çox olub, inşallah, bundan sonra hər ikimiz üçün yaxşı olar, - dedi. Əlini köhnə dostunun kürəyinə qoyub əlavə etdi:

- Hə, danış görüm, indiyə kimi hardaydın, nə işlə məşğul olurdun?

Cəsarət ani olaraq fikrə getdi. Ali məktəbi bitirdikdən sonrakı həyatının bəzi məqamlarını açıqlamağın lazım olub-olmadığını götür-qoy elədi. Sovet dövründə bir sıra tikinti müəssisələrində məsul vəzifələrdə işlədiyini, son illərdə daimi işlə məşğul olmadığını bildirməklə kifayətləndi. Həbs edildiyini, onun səbəblərini Veysələ danışmağı lazım bilmədi. Ona elə gəlirdi ki, tələbəlik dostu bu həbsdən xəbər tutmayıb. O, Veysəli çox sədaqətli, vəfalı dost kimi tanıyırdı. Həyatı, dolanışığı barədə danışarkən: - Əgər həbs olunduğum barədə Veysəlin məlumatı olsaydı, mütləq görüşümə gələrdi, - deyə düşünmüşdü.

Həbsdən xəbəri olsa da Cəsarətə baş çəkməmiş, daha doğrusu, buna bir neçə dəfə cəhd eləsə də alınmamış, get-gəllərdən bezmişdi Veysəl. Qanunsuz görüş almaq istəmirdi. İndi qarşısında dayanan tələbəlik dostunun yanında xəcalət çəkirdi. Həbs barədə Cəsarətin söhbət açmaması isə ona xeyli yüngüllük gətirmişdi. Veysəl bir az əvvəl bu haqda söz açmaq istəsə də Cəsarətin buna toxunmadığını görüb fikrindən daşındı.

Uzun illərin ayrılığından sonra onlar keçmişi çox qurdalamayıb, gələcək barədə danışmağa başladılar. Ancaq buna çox vaxt ayırmaq mümkün olmadı. İş üçün ərizə ilə müraciət edən adamlar artıq yavaş-yavaş ofisin qarşısına toplaşırdılar. Veysəl Cəsarətin sənədlərini ayırıb bir tərəfə qoyaraq gələn adamları qəbul edir, onlara işə başlayacaqları obyektin yeri barədə, bir azdan Sabir müəllimin görüş keçirəcəyi haqda məlumatlar verirdi. Yarım saatdan sonra başlayacaq görüşə məsul iş üçün ərizə verən 20-yə qədər adam toplaşmışdı. Bir azdan Sabir kişi ayrılıqda onların hər birini qəbul edib səriştələrini yoxlayacaqdı. Sabah isə hündürmərtəbəli yaşayış kompleksinin inşasına hazırlıq görüləcək, tikinti materiallarının saxlanması üçün anbar tikiləcəkdi.

Veysəl bu gün gələn adamların siyahısını hazırlayıb Sabir kişiyə təqdim edəndən sonra iş üçün ərizə verən fəhlələrin sənədərini nəzərdən keçirdi. Hər bir sənədə işçinin telefon nömrəsi və ev ünvanı da əlavə olunmuşdu. Veysəl onlarla əlaqə saxlayıb sabah işin başlayacağını bildirəndən sonra Sabir kişinin iş otağına yaxınlaşaraq qapını döyüb içəriyə keçdi:

- Sabir müəllim, siyahıda qeyd olunanlardan əlavə gələn yoxdur, bəlkə yığıncağa başlayaq, - deyə müraciət etdi.

Sabir kişi bir az fikrə gedib cavab verdi:

- Hə, indi başlayarıq, amma əvvəlcə sabah obyektdə işin başlanması barədə fəhlələri məlumatlandırmaq lazımdır.

Veysəl gülümsəyib dedi:

- Sabir müəllim, artıq hamıya məlumat vermişəm.

Onun bu hərəkəti də Sabir kişini sevindirdi. Bunu büruzə vermək istəməsə də bacarmadı:

- Əhsən, sənə halaldır. Sənin kimi bir neçə işçimiz olsaydı, işlərimiz əla gedərdi, - dedi.

Şirkət sahibinin ilk gündən onun işindən razı qalması Veysəli çox sevindirdi. Sabir müəllimin tapşırığı ilə başqa otaqda gözləyən adamları o qədər də böyük olmayan iclas zalına çağırdı. On dəqiqədən sonra şirkət sahibi içəriyə daxil olub hamı ilə bir-bir görüşdü. İş otağına qayıdıb onları ayrı-ayrılıqda qəbul etməyə başladı. O, mehriban olduğu qədər də işdə çox ciddi idi. Bacarıqlı, səriştəli inşaatçı olan Sabir kişi məsul iş üçün ərizə verən bu adamların hər birinin bacarığını, savadını yoxlayandan sonra onları yenidən bir yerə yığıb sabah başlayacağı iş barədə ümumi məlumat verdi, bəzi şərtlərlə tanış elədi. Sonra onları yola salıb Veysələ yaxınlaşdı:

- Bu gündən mənim ən yaxın köməkçim kimi fəaliyyətə başlayacaqsan.

Sabir kişidən bu sözləri eşidən Veysəl ona göstərdiyi etimada görə şirkət rəhbərinə minnətdarlığını bildirdi. Hədsiz sevincini bölüşmək üçün evə tələsdi.

●●●

Gülya atasının evə qulluqçu gətirməsindən ilk günlər narazı qalsa da, sonralar buna alışmağa başlamışdı. Hətta etiraz etdiyinə görə atasından üzr də istəmişdi. Hələ ki, yad olan bu şəhərdə Xatirə doğma adam təsiri bağışlayır, onu darıxmağa qoymurdu. Gülya ailənin yeganə övladı olduğundan bacı məhəbbəti görməsə də onun nə olduğunu Xatirənin timsalında hiss edirdi. Ötən hər gün onları bir-birinə yaxınlaşdırır, ayrılmaz rəfiqələrə çevirirdi. Artıq Gülya mənzili Xatirəyə etibar edib şəhərə çıxır, ona bacı məhəbbəti bəsləyən qulluqçudan zərrə qədər də şübhələnmirdi. Xatirə bu etibarı, inamı özünün sədaqəti, mehribançılığı ilə qazanmışdı. Gülya qulluqçunun səmimiliyinə inandığı üçün evi ona tapşırıb atasının obyekti və ofisi ilə tanış olmaq istəyirdi. Sabir kişi bundan ötrü qızına söz də vermişdi. O, ən əlverişli vaxt kimi məsul vəzifəyə iddialılarla görüş keçirdiyi günü seçmişdi. Həmin gün adamları yola salandan dərhal sonra evə qayıdıb Gülyaya, onun çoxdan gözlədiyi xoş xəbəri çatdırdı:

- Qızım, artıq sabahdan işə başlayırıq, hazırlaş, əvvəl ofisə, ordan da tikinti obyektinə baş çəkəcəyik.

Adəti üzrə Sabir kişi qapıdan içəri daxil olan kimi onun boynuna sarılan Gülya, atasından bu xəbəri eşidəndə yenidən onu qucaqlayıb üzündən öpdü. Paltarlarını dəyişmək üçün öz otağına çəkildi. Tam hazır vəziyyətdə atasının yanına qayıtdı. Getmək istəyirdilər ki, Xatirə cəld mətbəxdən çıxıb onların qarşısını kəsərək:

- Sabir müəllim, yəqin ki, yorğunsunuz, təzə çay dəmləmişəm, qayıdıb bir-iki stəkan için, sonra gedərsiniz, - dedi.

Evində qulluqçu işlədiyi bir neçə gündə Xatirədən onsuz da çox razı qalan Sabir kişiyə, qadının xüsusi səmimiyyətlə dediyi bu sözlər ləzzət verdi. Bəxtinə belə qayğıkeş qulluqçu düşdüyündən könlü açıldı, Tanrıya dua etdi. Veysəli də yaddan çıxarmadı. Xatirə ilə tanışlığı üçün vasitəçi olduğuna görə ona da öz qəlbində minnətdarlıq elədi. Qulluqçunun sifətinə baxıb gülümsədi:

- Yaxşı təklifdir, belə səmimi təklifdən boyun qaçırmaq insafdan deyil, - dedi. Mətbəxə qayıdıb oturdu.

Xatirənin yenicə dəmlədiyi ətirli çay, stolun üstünə düzdüyü müxtəlif şirniyyatlar, xüsusilə də moruq mürəbbəsi Sabir kişinin könlünü oxşadı. Düz üç stəkan çay içib Xatirəyə minnətdarlıq edərək qızı ilə birlikdə evdən çıxdı. Onlar əvvəlcə ofisə baş çəkdilər. Gülyanın ilk dəfədir ki, gördüyü bu ofis onun çox xoşuna gəldi. Ofis satılmazdan əvvəl ciddi təmir olunmuş, çox gözəl bəzənmişdi. Gülya ofis seçməkdə də atasının zövqünə heyran qaldı. Birdən onun gözlərinin içinə baxıb ucadan güldü, lap balaca uşaqlar kimi üstünə atılıb üz-gözündən öpdü. Sabir kişi də eyni hərəkətlə qızını bağrına basıb saçlarını sığalladı. Gülyanın onun zövqünü bəyənməsi onsuz da evdən şən əhval-ruhiyyə ilə çıxan atanın ovqatını bir az da yüksəltdi. Ata-bala elə həmin ovqatla inşasına başlanacaq tikinti obyektinə yollandı.

Yaşayış üçün nəzərdə tutulan kompleks şəhərin mərkəzində, Xəzər dənizinə yaxın ərazidə inşa ediləcəkdi. Tikintidən ötrü ayrılmış sahənin qiyməti çox baha olsa da səriştəli, əsl iş adamı olan Sabir kişi bu ərazini təsadüfi seçməmişdi. Burda istifadəyə veriləcək mənzillər biznesmenə çoxlu gəlir gətirəcəkdi. Gülya tikinti sahəsinin ətrafına, yaxınlıqdakı obyektlərə, Xəzər dənizinə, lap yaxınlıqdan keçən magistral yola diqqətlə nəzər salıb bu dəfə də atasının seçimini alqışladı.

Onlar geriyə qayıdanda Gülyanın istəyi ilə Sabir kişi yolu “Səməd Vurğun” bağından saldı. Avtomobili bir tərəfə çəkdi. “Hummer”dən düşərək oturacaqlardan birində beş-on dəqiqə əyləşib ətrafı seyr etməyə başladılar. Hava şəraiti əlverişli olmasa da gəlib gedənlərə, S.Vurğunun əzəmətli heykəlinə, fəvvarələrə tamaşa etmək Gülya üçün çox maraqlı idi. O, Bakıya ilk dəfə gəldiyindən, bu şəhər haqqında məlumatı yoxuydu. Ona görə də atasını tez-tez suala tutur, bilmədiklərini böyük maraqla öyrənirdi. Sabir kişi də qızının yağdırdığı çoxsaylı suallardan təngə gəlmir, onları həvəslə cavablandırırdı. Başları elə qarışmışdı ki, yaxın ətrafda nə baş verdiyini hiss etmirdilər. Bir kişinin qəribə, qeyri-adi səslər çıxararaq onlara tərəf yaxınlaşdığını da görmədilər. Ata-balanı öz aləmlərindən onların lap bir metrliyinə qədər gəlib çatan həmin kişinin tükürpədici səsi ayırdı. Başlarını qaldırıb baxdılar. Altay əcaib görkəmdə onların qarşısında dayanmışdı.

Sabir kişi keçmiş kürəkənini artıq bir dəfə “Səməd Vurğun” bağında kənardan görsə də bunu qızından gizlətmişdi. Altayın şəhərdə, Azərbaycanda görünməsi onun üçün gözlənilməz deyildi. Amma Rusiyada qoyub gəldiyi keçmiş ərinin qəflətən Bakıda peyda olması Gülyanın ağlına da gəlmirdi. O, Altayı görən kimi özünü itirdi, qışqırmaq istəsə də dili söz tutmadı, atasının köksünə sığınıb qaldı. Onun çıxıb getməsini gözlədi. Lakin Altayın onlardan belə asanlıqla, öz xoşuna kənarlaşmaq fikri yox idi. Çöməltmə oturub yan tərəfə əyildi, Gülyanın sifətini görməyə çalışdı. Onun bu hərəkəti Sabir kişiyə ağır gəlsə də hövsələsini basıb qarşılaşdığı arzuolunmaz mənzərənin sonunu gözlədi. Ancaq keçmiş kürəkənin dəlisov hərəkətləri, verdiyi üfunətli iy onu özündən çıxartdı. Küçə itlərinə acıqlanırmış kimi ayaqlarını yerə vurub yarı rus, yarı azərbaycanca onun üstünə qışqıraraq:

- Poşyol! Von otsyuda! Rədd ol burdan! - dedi.

Altay cəld ayağa qalxdı. Ucadan qəhqəhə çəkib güldü. Sonra bayaqkı hərəkətlərinə yaraşmayan ciddi görkəm alıb barmaq silkələyərək:

- Yaxşı, mən sizə göstərərəm, - dedi. Arxasına baxmadan sürətli addımlarla bağı tərk etdi.

Qadının ofislə, tikinti üçün ayrılmış sahə ilə tanışlıqdan yaranmış şən əhval-ruhiyyəsini Altayın bu hərəkətləri, xüsusilə də onun hədələrindən sonra bədbin ovqat əvəzləmişdi. Sabir kişi arzulamadığı bu qəfil görüşün, tükürpədici, zəhlətökən, qanqaraldan mənzərənin təqsirkarı kimi özünü danladı. Ofislə tanışlıq üçün qızına verdiyi təklifdən peşman oldu. Ancaq çox gec idi, arzulamadığı hadisə artıq baş vermiş, qızının kövrək qəlbinə qorxu hissi dolmuşdu. Bir ata kimi bunu Sabir kişi yaxşı başa düşürdü. Bilirdi ki, Gülyanın qəlbindən bu hissləri çıxarmaq üçün uzun vaxt lazım olacaqdı. Bilirdi ki, qızı təkcə özü üçün deyil, həm də atasından ötrü narahatlıq keçirməyə başlayacaq, bütün günü səksəkə içərisində oturub onun yolunu gözləyəcəkdi. Ona görə də ilk növbədə özünün içərisindəki həyəcanı, ata narahatçılığını qovmağa, özünü şən göstərməyə çalışdı. Sifətinə vermək istədiyi bu ifadə ilə hər halda Gülyanın rahatlıq tapacağını düşündü. Gülümsəyərək başını bulayıb Altayın arxasınca:

- Allah sənə ağıl versin, - dedi. Və təzədən süni qəhqəhə çəkib güldü. Üzünü qızına tutub soruşdu:

- Qızım, nəsə narahat kimi görünürsən, olmaya bu zırramanın hərəkətləri səni qorxutdu, eləmi?

İndicə baş vermiş hadisədən hələ də özünə gəlməyən Gülya həyəcanla cavab verdi:

- Ata, o, burda neyləyirdi, nə üçün gəlmişdi, hara gedirdi, indi hardadı?

Sabir kişi, başını onun sinəsindən elə indicə ayıran qızının halına acıdı. Onu bu vəziyyətdən çıxarmaq üçün bayaqkından fərqli üsul seçdi. Dedi:

- Qızım, onun üst-başını, əcaib görkəmini görmədinmi? Sir-sifətindən, üst-başından dilənçilik, qorxaqlıq yağır. Axı o bizə neyləyə bilər ki? Sən ki atanı yaxşı tanıyırsan, heç narahat olma.

Gülya bir qədər özünə gəldi, narahatlığı ötüb keçdi. Amma bu hal müvəqqəti idi. Qadın əslində atasını nigaran qoymaq istəmir, özünü toxtaq kimi göstərməyə çalışırdı. O, Sabir kişinin açıq-aşkar narahatçılığını duyub özünü danladı. - Mən nə qədər qorxağam, gör, o boyda kişini nə hala salmışam, - deyib atasından üzr istədi:

- Atacan, sən Allah bağışla, deyəsən səni yaman qorxutdum. Axı bilmirəm, mən bu yesirin nəyindən qorxuram?

Gülya bunu deyib başına hava gəlmiş adamlar kimi ucadan, həm də aramsız olaraq güldü. Sabir kişi qızının birdən-birə dəyişdiyini, bayaqkı xoşagəlməz vəziyyətdən çıxdığını görüb sevinsə də, onun dodaqlarındakı gülüşün, əhval-ruhiyyəsindəki dəyişikliyin süni olduğunu başa düşdü. Ancaq özünü o yerə qoymadı. Gülyanın qolundan tutub “Hummer”ə tərəf çəkdi. Onlar “28 May” küçəsi ilə üzüyuxarı, “Nizami” kinoteatrına tərəf istiqamət götürdülər. Yolda tıxac yaransa da, bu, çox uzun çəkmədi.

“Hummer” kinoteatra çatıb sola döndü. Onlar üzüaşağı, “Sahil” metrosu tərəfə düşmək istəyirdilər. Maşın metronun girişini keçib “Bülbül” prospektindən sağa, “Azərbaycan” prospektinə buruldu. Bir az irəli getmişdi ki, “Hyundai” markalı minik avtomobili sürətlə onu keçib qarşıda dayandı, arxa işıqlarını bir neçə dəfə yandırıb-söndürdü. Sabir kişi bunun dayanmaq işarəsi olduğunu başa düşsə də, “Hyundai”ın dövlət nömrə nişanı ona tanış gəlmədiyindən işarəyə məhəl qoymadı. Sürətini nisbətən yavaşıdıb yenidən irəli keçdi. Naməlum avtomobilin sürücüsü sürətini bu dəfə daha kəskin artırıb Sabir kişini keçərək sükanı qəflətən sola burdu. Maşın iki təkəri üstə dövrə vurub perpendikulyar istiqamətdə “Hummer”in qarşısında dayandı.

- Deyəsən, bu adamın başına hava gəlib, - deyə Sabir kişi istehza ilə gülümsündü. Avtomobili kənara çəkib əyləci basdı. Dayanıb işin axırını gözlədi. “Hyundai”ın sürücüsü də yalnız bundan sonra maşını yolun sağına çəkib saxladı. Yerə düşüb ədalı-ədalı Sabir kişiyə tərəf gəldi. Yaxınlaşıb kinayə ilə salam verdi. Dedi:

- Day-day, necəsən, məni tanıdın?

Sabir kişi diqqətlə bu cavan oğlana baxdı. Sifəti tanış gəlirdi. Hardasa gördüyünü xatırlamağa çalışdı. Amma tanıya bilmədi. “Hyundai”ın sürücüsü üz-gözünü turşudub yenidən dilləndi:

- Tanımadınız? Mənəm də, Xəyyam. Yadınıza gəlirsə, “28 May” küçəsində mənim avtomobilimi vurmuşdunuz.

Sabir kişi qarşısındakı adamı yalnız indi tanıya bildi. - İtil burdan, - deyib qapını örtdü. Maşını yerindən tərpətmək istəyirdi ki, Xəyyam qapını yumruqlaya-yumruqlaya:

- Hara getsən də, əlimdən qurtaran deyilsən, ciyərinə dağ çəkəcəyəm sənin, day-day, - dedi. Və “Hyundai”a oturub “Hummer”i təqib etməyə başladı.

Arxasına baxmadan xeyli irəlidə gedən Sabir kişi yaşadığı evin qarşısına çatıb maşından düşəndə Xəyyamın təxminən yeddi-səkkiz metr kənarda dayandığını gördü. Bu zaman Gülyanın bədənindən bir üşütmə keçdi. - Bizim ünvanı öyrənməyə gəlib, - deyə kədərlə xəyala daldı. Onu xəyaldan Xəyyamın səsi ayırdı. “Hyundai”ın sürücüsü narkomanlara məxsus dəli, qəribə bir gülüş qoparıb maşına oturdu. “Hyundai” sürət götürüb birdən-birə yox oldu. Onun gözdən itməsi ilə Gülyanın da narahatlığı ötüb keçdi.

●●●

Veysəl Sabir kişinin ofisində işini qurtaran kimi birbaşa “Səməd Vurğun” bağına gəlmişdi. Bağa girər-girməz qeyri-ixtiyari o tərəf-bu tərəfə baxdı. Elə bil kimisə axtarırdı. Amma Sabir kişinin ona sabahdan ən yaxın köməkçi kimi fəaliyyətə başlamaq tapşırığını verməsi Veysəli hədsiz sevindirdiyindən bağda çox ləngimədi. Sevincini ailə üzvləri, xüsusən də arvadı Səlimə ilə bölüşəcəkdi. O, heykəli keçib bağın ortasındakı fəvvarəyə çatanda sürətlə yaxınlaşan hay-küylü ayaq səsləri eşitdi. Qayıdıb geriyə baxdı. Gələn adamı dərhal tanıyaraq, əhəmiyyət verməyib yoluna davam etmək istəsə də macal tapmadı. Altay düz onun qarşısında, yarım addımlığında dayanmışdı. Ağzından gələn tünd araq iyi həftələrlə su üzü görməyən bədəninin qoxusuna qarışmışdı. Veysəl bir addım geri çəkilib əl dəsmalı ilə yüngülcə burnunu tutdu. Altay adamların ona qarşı bu cür münasibətinə çox öyrəşmişdi, heç kimə əhəmiyyət verməzdi. Amma Veysəlin bu hərəkətini cavabsız buraxmadı. Kəkələyə-kəkələyə, rabitəsiz cümlələrlə dedi:

- Nə olub, ala, hamıdan sənin kimi ətir iyi gəlməz ki. Kişidən araq qoxusu gələr də, yüz qram içən kimi adam qeyrətə gəlir, bunun nəyi pisdir?

Altay bunu deyib Veysəlin boğazından yapışaraq:

- Sənə demədim ki, mənim arvadımdan əlini çək, sənə demədim ki, mənim “uçaskama” girmə? - deyib boğazını bir az da sıxdı.

Gözləri bərələ qalmış Veysəl təsadüfən imkan tapıb onun arıq, çəlimsiz, lakin qüvvətli qolları arasından çıxmasaydı, nəfəsi tamam kəsiləcəkdi. O, canını güclə qurtarsa da çıxıb getməyi özünə sığışdırmadı, dayanıb gözlədi. Amma Altay bu dəfə qəflətən dəyişdi. Əlini əlinə vurub uğundu. Yaxına gəlib Veysəlin qolundan tutdu, üfunətli dodaqları ilə alnından öpüb üzr istədi. - Biz dostuq, kefin nə istəyir elə, amma məni Sabir müəllimin yanına apar, - dedi. Veysəl bu adamdan yaxasını qurtarmaq üçün söz verib marşruta tərəf getdi.

Bu dəfə marşrutda o qədər də sıxlıq deyildi. Çox vaxt ayaq üstə gedən Veysəl, mikroavtobusa minəndə hələ arxada bir-iki boş yer qalmışdı. Onun heç nəyə həvəsi yox idi. Altayla aralarında baş verən hadisə ona bərk təsir etmişdi. Keçib boş yerlərdən birində əyləşdi. “Neftçilər” metrosuna nə vaxt çatdığını hiss etmədi. Mikroavtobusdan düşüb yaxınlıqdakı mağazalardan birinə girdi. Cibindəki qırx manatın iyirmi manatına iki toyuq, bir şüşə araq, yerdə qalan hissəsinə də digər ərzaqlardan alıb evə gətirdi. “Səməd Vurğun” bağındakı əhvalatdan sonra hələ özünə gəlməsə də, bunu büruzə verməyib mənzilə, ailəsinin yanına gülərüz, şən ovqatda getmək istəyirdi. Qapını döyüb içəriyə daxil olan kimi əlindəkiləri yerə qoyub bir-bir ailə üzvlərinin üz-gözündən öpdü.

Səlimə ərinin bu hərəkətindən onun xoş xəbərlə gəldiyini dərhal başa düşsə də heç nə soruşmadı, işin axırını gözlədi. Amma Veysəl arvadının son vaxtlar onsuz da şən olan ovqatını yüksəltmək üçün sürprizi sonraya saxlamaq istəmədi. Elə qapının ağzındaca dedi:

- Arvad, muştuluğumu ver, sabahdan Sabir müəllimin şirkətində işə başlayırıq. Bu gün ofisdə hazırlıq işləri görüldü...

Səlimə onun sözünü yarımçıq kəsdi:

- Hə, nə olsun ki, şirkətdə nə işlə məşğul olacaqsan, nə qədər əmək haqqı alacaqsan? - dedi. - Bax, əsas məsələ budur.

Arvadından bu sualı onsuz da gözləyən Veysəlin qoltuğu qarpızlandı, ədalı-ədalı cavab verdi:

- Ay rəhmətliyin qızı, bir səbrin olsun, sözümü axıra kimi dinlə də. Sabir müəllim bu gün işçilərin qəbulunu, onların sənədlərinin yerbəyer edilməsini mənə tapşırmışdı. Özü də söz verdi ki, məni bundan sonra şirkətdə özünün ən yaxın köməkçisi kimi işə götürəcək. Məgər bunlar azdır? İndi özün fikirləş, nə qədər əmək haqqı ala bilərəm?

Ərindən bu sözləri eşitmək arzusu ilə alışıb-yanan Səlimə sevincindən özünə yer tapa bilmədi. Veysəlin gətirdiyi toyuqları da götürüb mətbəxə keçdi.

Artıq yarım saatdan sonra ərinin xoşladığı toyuq qızartması hazır idi. Səlimə Veysəlin elə indicə alıb gətirdiyi araq və şampan şərabını, uşaqlar üçün aldığı müxtəlif çeşidli meyvə şirələrini stolun üstünə düzdü. Onlar stolun arxasında əyləşib ailəyə xeyir-bərəkət, bol ruzi gətirəcəyini gözlədikləri yeni iş yerinin şərəfinə badə qaldırdılar. Amma Səlimə qulluqçu kimi ayda iki yüz əlli manatın məhz ona deyil, başqasına verilməsini hələ də unuda bilmirdi. Bu haqda bir neçə dəfə narazılığını bildirsə də heç bir nəticə vermədiyindən təkrarlamaq istəmirdi. Bununla belə qulluqçu qadınla, onun kimliyi, şəxsiyyəti, xarici görkəmi ilə tanış olmaq istəyi Səliməni rahat buraxmırdı. O, həm də Sabir kişini, onun qızını və yaşadığı mənzili də görmək arzusunda idi. Stol arxasında əri ilə ordan-burdan söhbətləşərək, yavaş-yavaş mətləb üstünə gəldi. Çox sakitcə, mehribancasına, həm də ərini şübhəyə salmadan dedi:

- Veysəl, artıq çoxdandır ki, Sabir müəllimlə yaxınlıq edirsən, onun qızı haqda da mənə danışmısan. Amma yaxşı olardı ki, ailəvi get-gəlimiz, tanışlığımız olsun. Bəlkə bir dəfə onlara gedək, hə?

Arvadından bu sözləri eşidən kimi Veysəlin kefi pozuldu. Səlimənin Xatirə ilə qarşılaşmasını, onunla tanış olmasını arzulamırdı. Amma hər dəfə arvadının təklifindən imtina etmək, arzusunu gözündə qoymaq da istəmirdi. Bu, Səliməni şübhəyə sala bilərdi. Bir qədər fikrə gedib çıxış yolu tapmağa çalışdı. Nəhayət qərara gəldi ki, qonaqlığı işdən sonraya saxlasın. Çünki Xatirənin, işini nə vaxt qurtarıb öz evinə getdiyini dəqiq bilirdi. Ər-arvad razılığa gəlib sabah axşam işdən sonra Sabir müəllimgilə getmək qərarına gəldilər. Yalnız bu razılıqdan sonra Səlimə rahatlıq tapdı. Yeyib-içdikdən sonra stolun üstünü yığışdırıb yatmağa hazırlıq gördü. Amma işıqları söndürüb yatağa uzanandan sonra Veysəlin gözünə yuxu getmədi. O, gözlənilməz və artıq gerçəkləşməsinə vəd verdiyi təklifdən hələ də narahat idi.

Sabahkı planının baş tutmasından xoşhal olan Səlimə də hələ yatmamışdı. Səhərin açılmasını səbirsizliklə gözləyirdi. Veysəl arvadının ayıq olduğunu hiss edib üç-dörd dəfə bərkdən öskürdü. Bununla arvadının ayıq olub-olmadığının həqiqiliyini yoxlamaq istədi. O, yanılmamışdı. Səlimə onun öskürəyini eşitmiş, hətta narahat da olmuşdu. Başını qaldıraraq:

- Nə olub, ay kişi, deyəsən özünü soyuğa vermisən, hə? - deyə soruşdu.

Veysəl kələyinin baş tutduğunu zənn edib sevindi. Səlimənin, bu vəziyyətdə onun işdən sonra üstəlik, Sabir müəllimgilə getməsinə razı olmayacağını fikirləşdi. Arvadının sözünü təsdiq edərək:

- Hə, sən deyəndi, bərk soyuqlamışam, Sabir müəllimin ofisində sənədləri yerbəyer edəndə də bərk öskürürdüm. Amma bu zəhrimar soyuğun məni nə vaxt tutduğunu başa düşmürəm, - dedi.

- Yəqin ki, elə orda, ofisdə soyuqlamısan, - Səlimə cavab verdi.

Veysəl bu sözlərdən başqa, arvadından heç bir səs çıxmadığını görüb sabahkı planın təxirə salınması təklifini özü verməyə məcbur oldu. Amma Səlimə etiraz etdi. Zarafata salıb dedi:

- Heç nə olmaz, ay kişi, bu qədər qorxaq olma, bir az qalın geyinərsən, vəssalam.

Veysəl bu dəfə yanılmışdı. Səlimə heç cür ipə-sapa yatmadı. Sabah Sabir müəllimgilə qonaq getmək fikrində qəti idi. Hətta əri ilə bu haqda söhbət etməmişdən əvvəl adını yalnız ərindən eşitdiyi, onun vasitəsilə qiyabi tanış olduğu Gülya üçün qadınların çox xoşladığı gül dəstəsi də sifariş vermişdi. Sabah götürəcəkdi. Veysəl isə hər şeydən əlini üzərək sabahkı qonaqlığa yenidən razılıq verib başını yastığa sıxdı. On dəqiqə keçmədi ki, tamam yuxuya getdi...

Səlimə səhər lap tezdən oyanmışdı. O, bir azdan yeni iş yerinə yollanacaq əri və uşaqlar üçün səhər yeməyi hazırlayıb evdən çıxdı. Axşamkı razılığa əsasən bazardan tez qayıtmalı, Veysəlin işdən çıxmasını gözləməli idi. Amma qadın aldığı göyərtiləri ucuz qiymətə satdığından, bu gün xeyli tez qurtarmışdı. O, bazardan çıxıb gül mağazasına gəldi. Dünəndən sifariş verdiyi ən müxtəlif güllərdən bir dəstə bağlatdırıb pulunu verdi. Evə qayıdıb ərini gözlədi. Veysəlin işdən çıxmasına hələ bir saat qalırdı. O, evə gələnə qədər ikinci növbədə oxuyan uşaqların da dərs vaxtı qurtaracaqdı. Amma vaxt itməsin deyə, Səlimə məktəbə gedərək direktordan icazə alıb onları da evə gətirdi. Bir az əvvəl hazırladığı yüngülvari yeməklə qarınlarını doyurub səbirsizliklə axşam saat altı üçün gəlməli olan ərini gözlədi.

Veysəl söz verdiyi vaxtda gəlib çıxmamışdı. Bu, ərinin hərəkətlərindən onsuz da axşamdan duyuq düşən Səliməni bir qədər də şübhəyə saldı. Nə qədər fikirləşdisə heç bir səbəb tapa bilmədi. Veysəlin qarasınca o ki var danışdı, ürəyində onu asıb-kəsdi. Yarım saat da keçdi. Durub deyinə-deyinə eyvana çıxdı. Gözucu “Neftçilər” metrosuna tərəf gedən yola baxdı. Gözləri, əlində iri bir sellafon torba olan kişiyə sataşdı. Gələn Veysəl idi. Səlimə cəld otağa qayıdıb sürətlə geyinməyə başladı. Əri hələ gəlib çıxmamış tam hazır vəziyyətdə dəhlizdə, düz qapının ağzında dayandı. Gözlükdən bayıra baxdı. Qapını artıq yaxınlaşmaqda olan Veysəlin üzünə açıb onu içəri buraxdı. Elə dərhal da hirsini üstünə tökdü:

- Ay balam, hardasan, dünən söz vermədin ki, axşam saat altı tamamda evdə olacaqsan? Yəni məni avam yerinə qoymusan, yoxsa fikirləşirsən ki, saatdan başım çıxmır, hə?

Veysəl suçlu olduğundan arvadının qabağında söz demədi. O, Səlimənin haqlı olduğu belə vaxtlarda artıq-əskik danışmazdı. Dilinin şirin yerinə salıb qəlbini ovundurar, əsəblərini sakitləşdirməyə çalışardı. Bu dəfə isə bəxti onda gətirmişdi ki, evə böyük bir sellafon torba ilə gəlmişdi. Aldığı bu hədiyyə ilə Səliməni sevindirəcəyini bilirdi. Ona görə də gecikməsinin fərqinə varmayıb işdən çıxan kimi köhnə “Torqovıy” küçəsinə getmiş, İçərişəhərin təsvir olunduğu portret almışdı. Onu Sabir müəllimə, daha doğrusu, Gülyaya hədiyyə edəcəkdi. İndi Səlimə acığını onun üstünə tökən kimi dinməz-söyləməz əlindəki portreti çıxarıb ona göstərərək:

- Hədiyyədir, Sabir müəllimgilə aparmaq üçün almışam, elə bundan ötrü bir az gecikdim, necədir, xoşuna gəlir? - deyə soruşdu.

Elə bil odun üstünə su tökdülər. Səlimənin bir-iki dəqiqə bundan əvvəlki hirs-hikkəsindən əsər-əlamət qalmadı. Büruzə vermək istəməsə də sifətinin ifadəsindən, dodaqlarının qaçmasından sevindiyi hiss olunurdu. Portreti əlinə alıb baxdı. Doğrudan da çox yaxşı işlənmişdi. Əri ona gözləmədiyi sürpriz hazırlamışdı. Səlimə də bunu əvəzsiz qoymadı. Aldığı hədiyyədən sonra Veysəlin, gül dəstəsinə də heç bir narazılığını bildirməyəcəyinə əmin olan qadın, həmin dəstəni gətirib ərinə göstərdi. Tələsik mətbəxə keçib bir stəkan çay süzdü. Axşama hazırladığı yeməkdən bir qədər gətirərək stolun üstünə qoyub onu mətbəxə çağırdı. Səlimənin qəzəbini belə asanlıqla dəf etməsinə sevinən Veysəl özünü sanki ağır, üzücü müharibədən qalib çıxmış kimi hiss elədi. Dərindən nəfəs alıb mətbəxə keçdi. Elə ayaq üstəcə iki-üç kotlet yedi. Bir stəkan çay içib alınan gül dəstəsi və portreti də götürərək evdən çıxdı.

Onlar Sabir kişinin yaşadığı mənzilə çatanda axşam saat səkkiz olardı. Ər-arvad qapıya yaxınlaşıb bir qədər dayandılar. Sanki gözlənilməz gəlişin ev sahibində hansı reaksiya doğuracağını götür-qoy edirdilər. Əslində Veysəli narahat edən tamam başqa məsələ idi. O, hələ də Xatirənin Gülyagildə ola biləcəyindən ehtiyatlanırdı. Amma artıq hər şey bitmişdi. Veysəl ürəyində “Allah kərimdir” deyib qapının zəngini basdı. Elə ilk zəngdəcə Gülya yaxınlaşıb gözlükdən baxdı. Bayırdakı qadın tanış gəlməsə də Veysəli tanıyıb qapını açdı. Əl verib onunla görüşəndən sonra üzünü qadına tərəf çevirdi. Ona da əl uzatdı. - Xoş gəlmisiniz, - deyib qucaqlayaraq üzündən öpdü.

Səs-küyə Sabir kişi, onun arxasınca Xatirə çıxdı. Onları gülərüzlə, mehribancasına qarşılayıb qonaq otağına dəvət etdilər. Onlar Sabir kişi ilə birlikdə qonaq otağına, Gülya isə Xatirəni özüylə götürüb mətbəxə keçdi. Şəhərdə ən yaxşı tanıdığı, nabələd vaxtlarında onlara bələdçilik edən qonağa lazımi diqqət göstərmək istəyirdi. Xatirə ilə məsləhətləşib dünən axşamdan alınan nərə balığından bir qədər qızartmaq qərarına gəldi. Qulluqçuya elə bu işarə kifayət edirdi. Cəld qollarını çırmayıb işə başladı. Onun etirazına baxmayaraq Gülya da balığı doğramaqda köməklik göstərəndən sonra geriyə, qonaq otağına qayıtdı.

Artıq Səlimə ilə tanış olan Sabir kişi, Gülya içəri daxil olan kimi:

- Qızım, tanış ol, bu qadın Veysəlin ömür-gün yoldaşıdır, adı Səlimədir, - dedi.

Onsuz da bunu lap əvvəldən hiss edən Gülya cavab verdi:

- Hə, lap yaxşı, mənim də adım Gülyadır.

Qadın bunu deyib Səlimə ilə yenidən əl verib görüşdü, qucaqlaşıb öpüşdü. Səlimə yaranmış əlverişli məqamdan istifadə edib, gətirdiyi gül dəstəsini iri sellafon torbanın içərisindən çıxararaq:

- Al, Gülya bacı, kiçik də olsa bu hədiyyəni qəbul et, - dedi. Ayağını stolun altında ərinin ayağına yüngülcə vuraraq portretin də təqdim olunmasını işarə etdi. Veysəl bu işarəyə bənd imiş kimi cəld əlini portretə apardı. Sellafon torbadan çıxarıb eynən arvadı kimi:

- Hazırda yaşadığınız İçərişəhərin təsviridir, kiçik də olsa qəbul edin, - dedi.

Bu gün işdən sonra Veysəlin cibinə yüz dollar xərclik qoyan Sabir kişi ilə Gülya ikisi də birdən narazı-narazı dilləndi:

- Ay sizi sağ olasınız, özünüzü bu qədər xərcə salmısınız.

Ata-bala bunu deyib gələn qonaqları pərt etməmək üçün onların gətirdikləri hədiyyələri əllərinə alaraq:

- Nə gözəl zövqünüz var, çox sağ olun, Allah əvəzini versin, - dedilər.

Elə bu zaman Xatirə qapını döyüb icazə istədi. İçəriyə keçib ev sahiblərini və qonaqları süfrə arxasına dəvət elədi. Onlar hamısı birlikdə ayağa qalxıb qulluqçunun zövqlə bəzədiyi yemək stolunun arxasına keçdilər. Axşam saat 10-un yarısına qədər çəkən ziyafətdə ev sahibləri gələn qonaqlarla ən yaxın, ən əziz adamları qədər rəftar etdikləri kimi, onları eyni mehribanlıqla da yola saldılar. Amma bu cür təmtəraqlı, səmimi qarşılanma nə Veysəlin, nə də Səlimənin ovqatında müsbət dəyişiklik yaratmadı. Adətən bu vaxtlarda öz evlərinə getmiş olan Xatirəni Sabir kişigildə görən Veysəlin üstünə elə bil su ələnmiş, Gülya və qulluqçunun əriylə mehriban münasibətini, xüsusilə Xatirənin Veysələ göz-qaş elədiyini müşahidə edən Səlimənin isə qanı bərk qaralmışdı. Qadın ərini ev sahibəsi ilə qulluqçuya qısqanmağa başlamışdı.

●●●

Həbsxanadan buraxılandan sonra işsiz qalan Cəsarət ikinci iş günündə də tikinti obyektinə hamıdan tez gəlmiş, özü ilə birlikdə tanıdığı yaxın adamlardan, qohum-əqrəbadan bir neçəsini də gətirmişdi. Bu, sənədlərini iş icraçısı kimi təqdim edən bütün mütəxəssislərə Sabir kişinin verdiyi tapşırıq idi. Onların özləri ilə gətirdikləri adamlar fəhlə kimi işə qəbul olunacaqdılar. 9-10 iri, hündürmərtəbəli, çoxbloklu evlərdən ibarət yaşayış kompleksinin inşası üçün yüzlərlə fəhlə və bənna, təxminən 35-40 iş icraçısı işləyəcəkdi.

İlk gündən nümunəvi təsir bağışlayan Cəsarət, birinci iş günündə də tikintiyə xeyli fəhlə və bənna cəlb edə bilmişdi. Günlər keçdikcə tikinti obyektində işçi qüvvəsi çoxalır, işlər sürətlənirdi. Artıq xeyli işçinin cəlb olunduğu şirkətdə nəzarətçi qruplar da təşkil olunmağa başlanmışdı. Təcrübəli rəhbər işçi kimi Sabir kişi bu haqda lap əvvəldən düşünmüşdü. İşçilərə nəzarət etməyi, onların xasiyyətləri, gördükləri işlər, tapşırıqları hansı səviyyədə yerinə yetirmələri barədə məlumat verməyi isə yaxşı tanıdığı Veysələ tapşırmışdı. Sabir kişi yeri gəldikcə özü də işçilərə nəzarət edirdi.

Şirkətin işçiləri üzərində nəzarətin qoyulması Sabir kişiyə təkcə tikintidə adi hal alan mənimsəmənin qarşısını almaq üçün lazım deyildi. Nəzarətçi qrupların yaradılması fərqlənən işçilərin qiymətləndirilməsini də asanlaşdırırdı. Şirkət rəhbərinin məqsədlərindən biri də bu idi. Cəsarətin ilk gündən fəallıq göstərməsi də onun diqqətindən yayınmamışdı. O, yaşayış kompleksinin inşasına başladığı bir həftə müddətində diqqətini cəlb edən işçilər barədə rəyini öyrənmək üçün Veysəli öz iş otağına çağırıb dedi:

- Veysəl, yəqin ki, Cəsarəti tanıyırsan, eləmi?

Veysəl tələbəlik dostunun adını eşidib bir az duruxdu. Cəsarətin ləkəli keçmişi barədə Sabir kişinin hardansa məlumat əldə etməsindən ehtiyatlandı. Amma özünü o yerə qoymadı, azacıq gülümsəyib cavab verdi:

- Bəli, Sabir müəllim, yaxşı tanıyıram. Nə olub ki, onunla bağlı hansı fikirdəsiz?

Sabir kişi deyəcəyi sözləri ölçüb-biçirmiş kimi bir az fikrə getdi. Nəhayət dillənib dedi:

- Bu bir həftədə işçilərə dəqiq qiymət vermək çətin olsa da, hər halda müəyyən fikir söyləmək mümkündür. Mənə elə gəlir ki, Cəsarət bu müddətdə özünü bacarıqlı, fəal və etibarlı işçi kimi təsdiq edə bilib. Sən nə fikirdəsən?

Sabir kişidən bu sualı eşidən Veysəli sanki ildırım vurdu. Etibarını qazanmış şirkət rəhbərinə tələbə yoldaşının ləkəli keçmişi barədə məlumat vermək onun üçün olduqca ağır idi. İki yol ayrıcında qalmışdı. Nə beş il bir qrupda oxuduğu tələbəlik dostundan, nə də son üç həftə ərzində ona hər cür yardım göstərən Sabir kişidən keçə bilmirdi. Çox fikirləşmək də istəmirdi. Uzun çəkən tərəddüd şirkət rəhbərində şübhə oyada bilərdi. O, azacıq fikrə gedib dilləndi:

- Hə, düz müşahidə etmisiniz, Sabir müəllim, sizinlə şərikəm.

Dediyi bu sözlərdən sonra Veysəl xeyli yüngülləşdi. Sabir kişinin daha heç nə soruşmadığını, araya sükut çökdüyünü görüb tikinti obyektinə baş çəkmək üçün icazə istədi. Amma şirkət rəhbəri beş-on dəqiqə səbr etməyi məsləhət gördü. Gülya ilə zəngləşib hal-əhval tutduqdan sonra ayağa qalxıb üzünü Veysələ tutaraq:

- Mən də obyektə baş çəkmək istəyirəm, birlikdə gedək, - dedi.

Onlar “Hummer”ə əyləşib tikinti obyektinə üz tutdular. “Bülbül” prospekti ilə üzüaşağı düşüb metronun “Sahil” stansiyasını keçdilər. Sabir kişi “Neftçilər” prospekti ilə üzüaşağı düşüb avtomobilin sürətini artırmaq istəyirdi ki, xeyli irəlidə, “Azadlıq” meydanının “Milli Park” tərəfdəki hissəsində, magistral yolun düz kənarında bir nəfər diqqətini cəlb etdi. Sürətini bir az da azaldıb aradabir nəzərlərini həmin ətrafda var-gəl edən, damağında siqaret, o tərəf-bu tərəfə gəzinən adama yönəltdi. Lap yaxına çatanda sürətini bir qədər də azaldıb diqqətlə baxdı. Altayı tanıyınca bədənindən soyuq bir gizilti keçdi. Qəlbi qaraldı, gözlərinə qaranlıq çökdü. Avtomobilə nəzarətini itirib yolun sağ tərəfinə buruldu.

Maşın yolun kənarında dayanmış “Mercedes” markalı avtomobilin düz üstünə gedirdi. Bayaqdan Sabir kişinin hərəkətlərinə diqqət edən Veysəl əlini sükana atmasaydı, yüz faizlik toqquşmadan qaçmaq mümkün olmayacaqdı. Veysəlin müdaxiləsi həm qəzanın qarşısını almış, həm də haldan çıxan Sabir kişinin diqqətini özünə qaytarmışdı. O, düşdüyü vəziyyətdən xəcalət çəkərək yüngülcə qızardı. Amma avtomobilə nəzarətini itirməsinin səbəbini gizlətmədi:

- Yolun kənarında gəzinən adamı tanıdın? - deyə Veysəldən soruşdu.

Tükü tükdən seçən Veysəl də Altayı lap kənardan görən kimi dərhal tınımış, amma bunu şirkət rəhbərinə bildirib onun qanını qaraltmaq istəməmişdi. Ona görə də özünü o yerə qoymayıb dedi:

- Nə olub ki? Siz kimi nəzərdə tutursunuz, Sabir müəllim?

- Altayı deyirəm, də, mənim keçmiş kürəkənimi. O yaramazı görən kimi hirs vurdu başıma, nə etdiyimi heç özüm də bilmədim. Yaxşı ki, yola səninlə birlikdə çıxdım.

Sabir kişi bunu deyib fikrə getdi. İki-üç dəqiqəlik sükutdan sonra aram-aram dilləndi:

- Veysəl, səndən bir xahişim var.

- Buyurun, Sabir müəllim, qulluğunuzda həmişə hazıram, - Veysəl cavab verdi.

Sabir kişi sözünə davam edib dedi:

- Qulluqçu qadının işinə söz ola bilməz. Xatirə xanımın gözəl xasiyyəti var, çox işgüzar, mehriban qadındır. İndi də mənə bu xasiyyətdə bir sürücü lazımdır. Nə deyirsən, tapa bilərsənmi?

Veysəl layiqli sürücü tapmaq üçün bir az fikirləşməli oldu. Nəhayət yadına vaxtilə birlikdə işlədiyi Qasım adlı bir nəfər düşdü. Artıq tikinti obyektinə çatan “Hummer”in əyləcini basıb onun cavabını gözləyən Sabir kişi verdiyi tapşırıqdan peşman oldu. Veysəli çox çətin vəziyyətə saldığını düşündü. - Tələsmə, sürücü hələ gələcək üçün lazımdır, - demək istəyirdi ki, Veysəl sevincək dilləndi:

- Hə, Sabir müəllim, belə bir adam tanıyıram, düşünürəm ki, imtina eləməz.

Sabir kişi bu sözü gözləyirmiş kimi “Hummer”in qapısını açıb yerə düşdü. Veysəllə birlikdə bir qədər kənarda durub tikinti obyektinə tamaşa elədilər. Obyektdə qaynar iş gedirdi. Nəhəng yaşayış kompleksinin inşasında çalışan yüzlərlə işçi qruplara bölünərək ayrı-ayrı hündürmərtəbəli binaların bünövrəsini qoyurdular. Sabir kişi xeyli müşahidədən sonra iş icraçılarına və fəhlələrə yaxınlaşıb salam verdi, iş şəraiti ilə maraqlandı. Obyektdə intizamlı işlə yanaşı, təhlükəsizlik qaydalarına da riayət olunurdu.

Sabir kişini maraqlandıran əsas məsələ yaşayış binalarının keyfiyyətli inşa edilməsi idi. Təcrübəli inşaat mütəxəssisi, uzun illər bu sahədə çalışmış adam kimi keyfiyyətin səviyyəsinin iş icraçılarından, onların işə yanaşmasından daha çox asılı olduğunu bilirdi. Şəxsi mənfəətləri üçün bəzi iş icraçılarının keyfiyyətsiz tikinti materiallarından istifadə edərək, nəticədə binanın gələcək sakinlərinin həyatını təhlükə altına saldıqlarını da bilirdi Sabir kişi. Ona görə də nəzarəti elə bünövrədən başlamışdı. İşə başladıqları bir neçə gündə belə hallar baş verməsə də, Sabir kişi Veysəldən başqa heç kəsə etibar etmirdi. Bir neçə dəfə Cəsarətə kənardan nəzər saldığına, sınağından etibarlı adam kimi çıxdığına baxmayaraq, hələ ürək qızdıra bilmirdi. Bir də ki, Veysəli gözüaçıq, dəqiq, sədaqətli, obyektiv adam kimi tanıyırdı deyə, hər şeyi ona etibar eləmişdi. Tabeliyində olan işçilərin xasiyyətləri, onların işə nə qədər can yandırdıqları barədə Sabir kişidə yaranan təsəvvürdə Veysəlin izahatı, bəzi fikirləri həlledici idi. Veysəl bir neçə dəfə Cəsarətin onunla bir yerdə təhsil almasını şirkət rəhbərinə bildirmək istəsə də Sabir kişinin bunu isti münasibətdən istifadə kimi qəbul edəcəyindən ehtiyatlanaraq fikrindən daşınmışdı.

Veysəli Cəsarətin ləkəli keçmişi də düşündürməyə başlamışdı. Sabir kişinin bundan xəbər tutacağını təsəvvürünə gətirdikcə fikir onu götürür, şirkət rəhbərinin ona olan inamını itirəcəyindən qorxurdu. Təhsil aldıqları İnşaat Universitetinin eyni fakültəsinin eyni qrupunda birlikdə oxusalar da, Cəsarətə başqalarından daha çox nəzarət etməyə başlamışdı. Hər gün onda sanki nöqsan axtarır, heç özü də bunun əsl səbəbini bilmirdi.

Hərdən, “görəsən, Sabir müəllim Cəsarətin keçmişinin ləkəli olduğunu, məhz tikinti sahəsində məsul vəzifədə işləyərkən külli miqdarda dövlət əmlakını mənimsədiyinə görə məhbus həyatı yaşadığını biləcəkdimi”, - deyə Veysəl özünə sual verir, lakin cavabını tapa bilmirdi. Hərdən də özünə verdiyi bu sualın narahatlığa əsas verməyən məlum cavabından rahatlıq tapsa da, iç dünyasından gələn səslər onun bu rahatlığını pozur, neçə illərdi ki, mürgü döyən, yalnız Sabir kişinin şirkətində xoş təsadüfdən sonra oyanan xatirələri yenidən yuxuya verirdi. Və acılı-şirinli bu xatirələrlə birlikdə yorğun adamlar kimi özü də mürgüləyir, bunu Sabir kişidən gizlətməyə çalışırdı. Amma bu, şirkət rəhbərinin nəzərindən qaçmadı. Hətta bir qədər narahat olub yuxusuzluğunun səbəbi ilə maraqlandı. Köməkçisini utandırmaqdan ehtiyat edib nəzakətlə, mülayim tərzdə soruşdu:

- Veysəl, bir az yorğun, həm də yuxusuz kimi görünürsən, nəsə baş verməyib ki?

Veysəl şirkət rəhbərindən gözləmədiyi bu sözləri eşidən kimi xəcalət çəkib yüngülcə qızarsa da, hisslərini bu dəfə büruzə verməməyi bacardı. Bığaltı gülümsünüb cavab verdi:

- Xeyr, heç nə baş verməyib, Sabir müəllim, sizin sayənizdə hər şey qaydasındadır.

Cavab Sabir kişini qane etmədi. Nədənsə Veysəl ona naxoş adam təsiri bağışlayırdı. Ona görə də artıq narahat olmağa başlamışdı. Bu boyda nəhəng obyektdə işin Veysəlsiz gedə bilməyəcəyini təsəvvürünə gətirəndə məyus olurdu. O, çox uzatmadan köməkçisini evə göndərmək qərarına gəldi. - Ardımca gəl, - deyə göstəriş verib “Hummer”ə tərəf addımladı. Avtomobilə çatıb dayandı. Qəflətən Veysəlin düz gözlərinə baxıb amiranə səslə, qətiyyətlə dedi:

- Boynuna almasan da, yorğun, bəlkə də naxoş olduğun açıq-aşkar görünür, gəl otur maşına, səni evə yola salacağam.

Veysəl ağzını açıb etiraz etmək istəsə də Sabir kişi ona imkan vermədi. Hələ tamamlamadığı sözünün ardını gətirdi:

- Gedib evdə yaxşı-yaxşı dincələrsən. Sən bu şirkətə hələ çox lazım olacaqsan, özünə yaxşı qulaq as. İndi isə gəl otur maşına, səni evə özüm aparacağam.

Sabir kişi nə qədər elədisə Veysəl razılaşmadı. Dedi:

- Sabir müəllim, siz narahat olmayın. Bir də işin elə vaxtıdır ki, hətta naxoşlasam belə, evə gedə bilmərəm. Yüzlərlə adamın işlədiyi nəhəng tikinti obyektini hələlik hər adama etibar eləmək olmaz.

Bu cavabdan sonra Sabir kişinin Veysələ olan hörməti bir az da artdı. Gülümsəyərək əlini onun kürəyinə vurub dedi:

- Yaxşı, indi ki, getmirsən, onda mən özüm gedərəm, ofisdə bir az işlərim var. Amma özünə yaxşı bax, ha!

Sabir kişi bunu deyib avtomobilə oturaraq birbaşa ofisə yollandı. Veysəl isə geriyə qayıdıb tikinti obyektinin lap yaxınlığında taxtadan tikilmiş müvəqqəti ofisə daxil oldu. Cəsarət barədə bayaq düşündükləri onu hələ də rahat buraxmırdı.

●●●

Sabir kişi tikinti obyektini tərk edəndə axşam saat 5-in yarısı olardı. O, baş ofisə qayıdıb təxminən yarım saat ərzində sənədlərin müəyyən hissəsini nəzərdən keçirdi. Obyektdə çalışan işçilərin, xüsusilə də fəhlələrin əsasən hansı bölgədən olduqlarını öyrənmək istəyirdi. Nəzərdən keçirdiyi 50-yə yaxın sənəd sahiblərinin otuz beşinin kənd rayonlarından gəldiyini görəndə Sabir kişi xeyli xəyala daldı. Cavan vaxtları yadına düşdü. O, keçmiş SSRİ dövründə yaşadığı ucqar kənd rayonlarının birindən Bakıya gələrək, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye tikintisi və mülki tikinti” fakültəsini bitirsə də ixtisasına uyğun iş tapa bilmədiyindən, düz bir il fəhlə kimi işləməyə məcbur olmuş, sonra hərbi xidmətə yollanmışdı.

Gənc Sabir Rusiyanın Tümen şəhərindəki tikinti batalyonlarının birində bir il xidmət edib yenidən Azərbaycana qayıtsa da, beş illik ali təhsilinin bəhrəsini görə bilməmiş, kasıb ailəyə yük olmaq istəməyib, hərbi xidmətdən sonrakı bir il ərzində yenə də tikinti sahəsində fəhləlik etmişdi. Amma bu dəfə qarşısına məqsəd qoymuşdu. Bir qarnı ac, bir qarnı tox, əzab-əziyyətlə qazandığı pulları qənaətlə xərcləyir, müəyyən hissəsini ayırıb saxlayırdı.

Hərbi xidmətdə olarkən Tümen şəhərində yaşayıb işləyən bir azərbaycanlı onu işlə təmin etmək üçün vəd də vermişdi. O, valideynlərinin razılığını alandan sonra topladığı pulla Tümenə gedib həmin azərbaycanlını tapmış, onun vasitəsilə işə düzəlmişdi. İlk vaxtlar iri tikinti müəssisələrinin birində fəhlə kimi fəaliyyətə başlamış, aldığı əmək haqqı onu qane etmişdi. Hətta hər ay valideynlərinə xərclik də göndərirdi. Başqalarından işgüzarlığı, bacarığı ilə fərqləndiyinə görə beş aydan sonra ona etimad göstərilmiş, iş icraçısı vəzifəsinə təyin etmişdilər.

Sabir tikinti sahəsində getdikcə uğur qazanır, hətta Tümenin o vaxtkı şəhər partiya komitəsinin diqqətini cəlb edirdi. O, işlədiyi tikinti müəssisəsinin baş mühəndisi vəzifəsinə qədər yüksəlmişdi. Bu şəhərə gəlişinin dördüncü ilində daha bir uğur qazanmış, yenicə açılmış iri tikinti müəssisəsinə rəis təyin olunmuş, SSRİ-nin süqutuna qədər bu vəzifədə çalışmışdı. Rusiyada gedən özəlləşdirmə prosesi zamanı ona qarşı haqsızlıq edilsə də, sonradan bacarığı və işgüzarlığı sayəsində bir neçə tikinti obyektləri açmış, azərbaycanlıları işə cəlb etmişdi...

Sabir kişi acılı-şirinli ömür yoluna nəzər saldıqca indiki vəziyyəti üçün şükranlıq etsə də, həftələrlə, bəzən aylarla ailəsindən ayrı düşərək, ucqar rayonlardan gəlib paytaxt Bakıda işləyən, lakin əməyi layiqincə qiymətləndirilməyən fəhlələrin halına acıyır, qarşısına tökdüyü sənədlərin içərisində eşələndikcə, əmək kitabçalarını nəzərdən keçirdikcə onların maddi vəziyyətlərini yaxşılaşdırmağın yolları barədə fikirləşirdi. Amma nə qədər həlim xasiyyətli, səmimi, mehriban, alicənab və xeyirxah olsa da, xəyanəti heç vaxt bağışlamırdı Sabir kişi. Xəyala daldığı, xatirələrin onu çox uzaqlara apardığı və tabeliyində olan işçilərin maddi durumunu yaxşılaşdırmaq haqda fikirləşdiyi bu dəqiqələrdə də xəyanətdən qorxur, ehtiyat edirdi. Çünki ona xəyanət edən işçini heç bir izahat vermədən tikinti obyektindən uzaqlaşdıracaqdı. Bu isə gecə-gündüz onun rahatlığını əlindən alacaq, yuxusuz gecələr keçirəcək, kimlərinsə yerinə vicdan əzabı çəkəcəkdi.

Şirkət rəhbəri bu fikirlər içərisində yavaş-yavaş ayağa qalxdı. Ağır addımlarla qapıya yaxınlaşdı. Qəflətən iradəsini toplayıb bir az əvvəlki bədbin əhval-ruhiyyəsini dəyişdirdi. Öz-özünə gülümsəyib başını buladı. - Bax, hələ heç nə baş verməmiş, başımı axmaq fikirlərlə doldurmuşam, - deyə özünü danladı. Qapını bağlayıb sifətinə və xasiyyətinə yaraşan şən ovqatla ofisi tərk etdi. “Hummer”ə əyləşib birbaşa İçərişəhərə sürdü.

Yaşadığı mənzilin qapısını Sabir kişinin üzünə yenə də qızı Gülya açdı. Adəti üzrə boynuna sarılıb üz-gözündən öpdü. Qulluqçu qadın da hələ onlarda idi, hamamda paltar yuyurdu. Səs eşidib əli sabunlu-sabunlu başını hamamın qapısından bayıra çıxartdı. Gələn adamın ev sahibi olduğunu görüncə, cəld əllərini yuyub illərin həsrətlisi kimi hələ də bir-birindən ayrılmayan ata-balanın yanına getdi. Utana-utana salam verib dedi:

- Sabir müəllim, siz keçib dincəlin, beş dəqiqəyə çay hazır olar.

Xatirə bunu deyib mətbəxə tərəf getmək istəyirdi ki, Gülya uşaq şıltaqlığı ilə atasının əlindən qopub onun qarşısını kəsərək:

- Xatirə, zəhmət çəkmə, mən özüm atamın qulluğunda dayanaram, - dedi.

Qulluqçu inad göstərsə də xeyri olmadı. Gülya onu zorla geriyə, hamama qaytarıb öz işi ilə məşğul olmağı tövsiyə elədi. Bayaqdan onlara tamaşa edən Sabir kişi xasiyyətinə yaraşmayan tərzdə gülərək zarafat da elədi:

- Yaxşı, yaxşı, savaşmayın, mən özüm çay dəmləyərəm.

Ev sahibinin zarafatı qadınların hər ikisinin gülüşünə səbəb oldu. Quluqçu qadın bu vəziyyətin yaratdığı pauzadan istifadə edərək daha bir cəhd göstərsə də, Gülyanın qətiyyəti ona imkan vermədi. Xatirəni hamama göndərib, özü mətbəxə keçdi. Cəmi on dəqiqədən sonra artıq hər şey hazır idi. Sabir kişi çox xoşladığı limonlu çayla moruq mürəbbəsini stolun üstündə görəndə sevindi, qızının başını sinəsinə sıxıb sığalladı. Oturub bir-birinin arxasınca düz dörd stəkan çay içdi. Susuzluğunu yatırıb mətbəxdə xüsusi yaradılmış səliqə-sahmana nəzər saldı. Dəyişiklik çox xoşuna gəldi. Atasının sifətinin ifadəsindən Gülya da bunu dərhal hiss elədi. Üzünu ona tərəf tutaraq:

- Hə, atacan, necədir, xoşuna gəldi? - deyə soruşdu. Gülümsünüb əlavə etdi:

- Xatirənin layihəsidir. Amma deyəsən içəriyə keçəndə heç nə hiss eləmədin.

Mətbəxdəki dəyişiklik ilk əvvəl Sabir kişinin nəzərini doğrudan da cəlb etməmişdi. O, bunu etiraf etməli oldu. Dedi:

- Hə, canım mənim, sən haqlısan, dəyişiklik sonradan diqqətimi çəkdi. Amma xanımın çox gözəl zövqü var, halal olsun ona, bunu qiymətləndirmək lazımdır.

O, bunu deyib elə oturduğu yerdəcə işini yenicə qurtaran qulluqçunu yanına çağırdı. Xatirə səs eşidib cəld mətbəxə keçdi. Ev sahibinin hüzurunda dayanıb buyruq gözlədi. Sabir kişi təxminən bir-iki dəqiqə onun sifətinə nəzər saldı. Sanki qadında indiyə qədər ona tanış olmayan keyfiyyətlər axtarırdı. Bir xeyli baxandan sonra gözlərini qulluqçunun sifətindən çəkib ayağa qalxdı. Nəhayət dillənərək bayaqdan gözləyən qadının intizarına son qoydu. Dedi:

- Qızım, çox böyük zəhmət çəkmisən, mətbəxdəki dəyişiklik həqiqətən də xoşuma gəldi, əla zövqün varmış, çox sağ ol, əllərin var olsun.

Xatirə yüngülcə qızardı, başını aşağı salıb cavab verdi:

- Heç bir əziyyəti yoxdur, borcumuzdur. Əsas odur ki, hər şey sizin zövqünüzü oxşasın.

Sabir kişi mətbəxdə gözləməyi qulluqçudan xahiş edərək, özünün yataq otağına keçdi. Başının işarəsi ilə Gülyanı yanına çağırıb lap çoxdan, Tümendə olarkən aldığı qızıl qolbağı tapıb gətirməyi xahiş elədi. Altdan-altdan qızına baxıb onun reaksiyasını öyrənməyə çalışdı. Zərrə qədər də dəyişiklik hiss etmədi. Gülya qolbağı gətirən kimi atası ağzını açıb nəsə soruşmaq istəyirdi ki, qızı onu qabaqladı:

- Atacan, gəlsənə, bunu Xatirəyə bağışlayaq, - dedi.

Sabir kişi qızından bu sözləri eşidib çox xoşhal oldu. Onu qucaqlayıb başını sinəsinə sıxdı, alnından öpüb saçlarını tumarlayaraq soruşdu:

- Qızım, sən hardan bildin ki, mən bunu o qadına vermək istəyirəm?

Gülya qəhqəhə çəkib güldü, atasının qolları arasından çıxaraq sevincindən balaca uşaqlar kimi atılıb-düşdü. Üzünü ona tutub cavab verdi:

- Atam mənim, bunu bilməyə nə var ki? Axı bizim ürəyimiz bir vurur.

Onların təkbətək söhbəti burda bitdi. Otaqdan çıxıb mətbəxə, onları gözləyən qulluqçu qadının yanına getdilər. Sabir kişi əlində tutduğu qolbağı ona uzadaraq:

- Götür, qızım, bunu sənə bağışlayırıq, halalın olsun, - dedi.

Xatirə xəcalətindən qızardı. İndiyə qədər istifadə etmədiyi belə hədiyyədən imtina eləsə də ev sahibinin qətiyyəti qarşısında inadından geri çəkildi. Qolbağı alıb əl çantasına qoyaraq evə getmək istədi. Artıq hava qaralmışdı. Sabir kişi qadını tək buraxmayıb onunla birlikdə çıxdı. Onlar “Hummer”ə əyləşib dayanacağa qədər getdilər. Ev sahibi qulluqçunu avtobusla yola salıb geriyə qayıtdı.

Sabir kişi dayanacaqdan təxminən əlli metr kənarlaşmışdı ki, mobil telefonuna zəng gəldi. Naməlum nömrəyə cavab vermək istəməsə də aramsız zəngdən sonra fikrini dəyişdi. Telefonun “hə”düyməsini bassa da səsini çıxarmadı, xəttin o başındakı adamın dillənməsini gözlədi. Həmin adam dillənmək əvəzinə əlaqəni kəsdiyindən, Sabir kişi telefonu qaytarıb cibinə qoydu. Yaşadığı mənzilin qarşısına yenicə çatmışdı ki, mesaj səsi eşitdi. Telefonu çıxarıb baxdı. Mesaj da naməlum nömrədən gəlmişdi. - Çox güman ki, bayaqkı abonentdir, - deyə şirkət rəhbəri düşündü. Mənzilin lap qarşısında dayansa da içəriyə girməyib əvvəlcə məktubla tanış olmaq istədi.

“O əclafa de ki, mənim arvadımdan əl çəksin. Ha... ha... ha... Mən bunu nə sənə, nə də qızına bağışlamayacağam. Ha... ha... ha...” Telefonun ekranında eynilə bu sözlər yazılmışdı. Sabir kişi çox fikirləşsə də bunun nə demək olduğunu anlamadı. Məktubun kim tərəfindən, nəyə görə gəldiyini götür-qoy etmək üçün yenidən geriyə qayıtmaq, dəniz kənarına yaxın bir yerdə əyləşmək istəsə də, qızının narahat olacağından çəkinib fikrindən daşındı. Eyni nömrədən zəng göndəriləcəyindən ehtiyatlanaraq mənzilə getməyə də qorxdu. Bu, Gülyanı narahat edəcəkdi. Ancaq başqa çarə yoxuydu, onsuz da evə qayıtmalıydı.

Sabir kişi bir qədər də fikirləşdi. Ağlına nə gəldisə qəflətən telefonu söndürüb “Hummer”dən düşdü. Nə qədər ağır olsa da indicə baş verənləri unutmağa, mənzilə tam sərbəst, gülərüz və şən, heç nə olmamış kimi daxil olmağa çalışdı. Polad kimi möhkəm iradəsi sayəsində bunu bacardı. Pilləkənlərlə asta-asta yuxarıya qalxıb mənzilin qapısını döydü. İçəriyə girib qızı ilə görüşəndən sonra onunla birlikdə televizor olan otağa keçdi. İdarəetmə pultunu götürüb kanalları bir-bir yoxladı. Azərbaycan kanallarından birində gedən konsert proqramının üstündə dayandı. Gözlərini zilləyib baxsa da, fikri tamam başqa yerdə idi. Qızına hiss etdirmədən naməlum nömrədən gələn məktub sahibinin kimliyi haqda düşünürdü.

Şirkət rəhbərini həm də konsert proqramı başa çatandan sonra vaxtını necə keçirəcəyi düşündürürdü. Bekarçılıqdan qorxur, nə qədər iradəli olsa da belə vaxtlarda qızını şübhəyə salacağından ehtiyatlanırdı. Onu bu vəziyyətdən elə Gülyanın özü çıxartdı. O, konsert qurtaran kimi mətbəxə keçib Xatirənin bayaq hazırladığı küftə-bozbaşı qızdıraraq qablara çəkdi. Atası ilə birlikdə şam edib cəmi üç-dörd dəqiqədən sonra başlayacaq teleseriala baxmağa getdi. Sabir kişi fürsətdən istifadə edərək dincəlmək bəhanəsi ilə yataq otağına daxil olub divana uzandı. Bayaqkı məktub sahibinin kimliyini araşdırmağa başladı. Özünün nömrəsini Veysəldən başqa heç kəsə verməmişdi. Telefonu götürüb ona zəng vurdu. “Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir” sözlərini eşitdi. Sabir kişi həmin gecə yata bilmədi, yalnız səhərə yaxın gözlərinə yuxu getdi...

●●●

Veysəl iş vaxtının sonuna qədər tikinti obyektində qalmışdı. O, sonuncu işçini də yola salıb obyekti tərk etdi. Artıq iş yerində iki nəfər qarovulçudan başqa heç kəs yox idi. Tikinti işlərinə başlayan gündən Veysəldə bu adamlara qarşı qəribə münasibət hiss olunur, onlardan şübhələndiyini açıq-aşkar büruzə verməyə çalışırdı. O, obyektdən təxminən yüz metr kənarlaşmışdı ki, geriyə qayıtmaq istədi. Artıq hava qaralsa da, tam qaranlığın düşməsini gözlədi. Təqribən yarım saata qədər dayandığı yerin həndəvərində gəzişdi. Sonra yaxınlıqdakı çayxanaya daxil olub bir neçə stəkan çay içdi. Ayağa durub asta-asta tikinti obyektinə tərəf getdi. Bir qədər irəliləyib obyektin yaxınlığındakı avtomobil təmir olunan yerin arxasında dayandı. Bura heç kəsin gəlib-getmədiyi, başqa yerlərdən işıq düşməyən, amma obyektin tikinti materiallarının saxlandığı anbarın açıq-aydın göründüyü bir ərazi idi.

Veysəl təxminən 20-25 dəqiqə dayanıb gözləsə də, gözlərinə şübhəli heç nə dəymədi. Geriyə qayıtmaq istədi. Gəldiyi yola tərəf iki-üç addım atmışdı ki, qulağına səs gəldi. Geriyə boylanıb anbarın yanında “QAZell” markalı yük avtomobilinin dayandığını gördü. Qayıdıb əvvəlki yerində dayandı. Sonra ehtiyatla anbara tərəf irəlilədi. Nə fikirləşdisə yarı yolda dayanıb baxmaqla kifayətləndi. Anbara tərəf baxa-baxa geriyə - avtomobil təmir olunan yerin arxasına qayıtdı.

Şirkət rəhbərinin köməkçisi gizləndiyi yerdə dayanıb gözlədi. Obyektin ərazisindən çıxan yeganə yol onsuz da həmin yerdən gəlib keçirdi. Çox gözləməli olmadı. Beş-altı dəqiqə keçmişdi ki, “QAZell” yerindən tərpəndi, onun gizləndiyi yerə tərəf sürət götürdü. Veysəl diqqətini toplayıb düz yanından ötüb keçən yük maşınına son dəfə baxdı. Hava qaranlıq olsa da avtomobilin banında tikinti materiallarının olduğu hiss edilirdi.

Veysəl bir qədər dayanıb gözlədi. Cibindən bir siqaret çıxarıb tüstüsünü sonuncu qullabına qədər ciyərlərinə sümürdü. Piyada yoluna davam edərək “Səməd Vurğun” bağına gəlib çıxdı. Qaranlıq bayaqdan düşsə də avtobus dayanacağında hələ də çoxlu adam var idi. Dayanacaqdan azca kənarda ayaq saxlayıb bir siqaret də yandırdı. Fikirləri o qədər məşğul idi ki, arxa tərəfdə, iki-üç metrliyində dayanan adamın diqqətlə ona baxdığını hiss etmədi. Siqareti çəkib qurtarandan sonra asta-asta dayanacağa gəldi.

Həmişəki kimi avtobusda yenə də sıxlıq idi. Evə tələsirdi deyə, növbəti marşrutu gözləməyib ayaqüstə olsa da yola düşməyə hazırlaşan birinci avtobusa mindi. Gözləri ötəri Altaya sataşdı. Bu adamdan zəhləsi getsə də, adamları yara-yara düz onun yanına qədər gedib çıxdı. Bütün fikrini bayaqkı hadisəyə yönəltdi. “Neftçilər” metrosuna nə vaxt gəlib çatdığını hiss etmədi. Avtobusdan düşüb yorğun-yorğun yaxınlıqdakı mənzilinə tərəf getdi. Otaqlardan birinə daxil olub paltarını dəyişdi. Əlini pencəyinin cibinə saldı. Mobil telefonu yoxa çıxmışdı. Artıq hər şey onun üçün aydın idi...

Veysəl səhər yataqdan qalxanda ailədə hələ heç kəs oyanmamışdı. Həmişə hamıdan tez oyanan Səlimə də yuxuda idi. Gecənin yalnız müəyyən saatlarında arabir gözünə yuxu gedən ərinin mobil telefonunun yoxa çıxmasından xəbər tutmamışdı. Evdəkilərin qanı qaralmasın deyə, bunu Veysəlin özü bildirməmiş, səhər tezdən hamıdan qabaq oyanmışdı ki, heç kəs duyuq düşməsin. Onsuz da təzə iş yerində ilk maaşını alanda yeni telefon götürəcəkdi. Buna hələ xeyli vaxt qalsa da o, Sabir kişinin mərhəmətinə ümid edirdi. Amma qəflətən yadına nə düşdüsə səhv etmiş adamlar kimi özünü danladı. Telefonun axmaq, sərxoş, içki düşgünü olan adamın əlinə düşməsi ona ciddi zərbə vura bilərdi. O, Altayın Sabir kişiyə göstərdiyi düşmən münasibətə bələd olduğu üçün telefondan bu məqsədlə istifadə edə biləcəyini düşünəndə dəhşətə gəlirdi. Əgər belə bir hadisə baş versə şirkət rəhbərinin üzünə necə baxacaqdı? Onu inandıra biləcəkdimi?

Veysəl bu sualları özünə verdikcə az qalırdı ki, dəli olsun. Ağzının çörəyə yenicə çatdığı bir vaxtda iş yerini tərk etmək məcburiyyətində qalması onu üzürdü. Yaxasından asılaraq vücudunu sual işarəsinə döndərən bu suallardan canını qurtarmaq üçün heç kəs oyanmasın deyə, barmağının ucu ilə mənzildə dövrə vurub ağ kağız parçası tapdı. “Axşam yadımdan çıxdığı üçün deyə bilmədim, bu gün işimiz çox olduğundan Sabir müəllim obyektə lap tezdən getməyimi xahiş eləmişdi, narahat olmayın” sözlərini kağız parçasına yazıb mətbəxdəki stolun üstünə qoyaraq mənzilin qapısını bağlayıb evdən çıxdı.

Hələ səhər tam açılmadığından, dayanacaqda seyrəklik idi. Xəttə buraxılan ilk avtobus da hələ gəlib çıxmamışdı. Yolu həmişə dayanacağın yanından keçən Səlimə isə bir azdan bazara gedəcəkdi. Arvadını görməsin deyə, Veysəl yolun o tayına keçib başqa marşrutu gözlədi. Cəmi iki dəqiqədən sonra gəlib çıxan avtobusa əyləşdi. “Səməd Vurğun” bağında düşüb o tərəf-bu tərəfə baxdı. Səhər erkən olduğu üçün ətrafda seyrəklik idi. Obyektdə iş hələ saat yarımdan sonra başlayacaqdı.

Veysəl dayanacaqda xırdavat alveri ilə məşğul olan qadından bir qutu siqaret alıb bağdakı oturacaqlardan birində əyləşdi. Bir tərəfdən obyektdəki, hansı nəticə verəcəyi hələ bəlli olmayan oğurluq hadisəsi, bir tərəfdən də mobil telefonunun oğurlanmasının doğuracağı naməlum nəticələr onun qanını elə qaraltmışdı ki, obyektə yola düşənə qədər səhər acqarına, yenicə aldığı siqaretin yarıdan çoxunu necə çəkib qurtardısa xəbəri olmadı. Obyektdə işin başlanmasına cəmi 20 dəqiqə qalırdı. Ayağa qalxıb bağı diqqətlə nəzərdən keçirdi. Gözləri Altayı axtarsa da tapa bilmədi. Yolu keçib yaxınlıqdakı mağazaya girdi. Dörd ədəd peraşki alıb yol boyu yeyə-yeyə obyektə tərəf getdi.

Şirkət rəhbərinin köməkçisi tikinti obyektinə çatanda fəhlələrin bir hissəsi artıq paltarlarını dəyişib işə başlayır, qalan hissəsi də yavaş-yavaş gəlməkdə davam edirdi. Veysəl yaxınlaşıb salam verdi. Sonra müvəqqəti tikilən kiçik ofisə daxil oldu. Başını əlləri arasına alıb fikrə getdi. Dünən axşam obyektdə baş verən hadisə haqda fikirləşdi. Bu haqda Sabir kişiyə məlumat verib-verməmək barədə götür-qoy elədi.

Veysəl bir xeyli fikirləşəndən sonra ayağa qalxıb bu kiçik otaqda gəzişməyə, var-gəl etməyə başladı. Ağlına nə gəldisə birdən-birə qəti qərar verdi. Hər şeyi Sabir kişiyə danışacaq, dərdini onunla bölüşəcəkdi. Ancaq telefonu yoxa çıxdığından, şirkət rəhbəri ilə necə və harda görüşəcəyini müəyyənləşdirməkdə çətinlik çəkdi. Onun baş ofisdə olub-olmadığını da yalnız telefon vasitəsilə öyrənmək olardı. Veysəl otaqdan çıxıb baş ofisə getməyi, Sabir kişini gözləyib onunla söhbətləşməyi qərara aldı. Obyektdən təxminən yüz metr kənardakı dayanacağa gələrək “Sahil” bağına gedən avtobusa əyləşdi. Bağın kənarında düşüb baş ofisə yollandı. Elə bir az getmişdi ki, lap yaxınlıqda avtomobil fiti eşitdi. Yan tərəfə çevrilib baxdı. Sabir kişi “Hummer”i düz onun bərabərində saxlamışdı.

Şirkət rəhbəri dünən axşamkı hədə dolu məktubdan narahat olsa da bunu səhər-səhər, elə küçədəcə Veysələ bildirmək istəmədi. Heç nə olmayıbmış kimi onunla mehribancasına görüşdü, avtomobilə əyləşdirib özü ilə birlikdə ofisə apardı. Veysəl dünən axşamdan Sabir kişiylə görüşməyi səbirsizliklə gözləsə də xəcalətindən gözlərini aşağıya dikib susur, sanki deyəcəklərinin şirkət rəhbərində xoşagəlməz reaksiya doğuracağından qorxurdu. Bu vəziyyət, onlar Sabir kişinin iş otağına daxil olana qədər davam etdi.

Veysəl ayağını qapıdan içəriyə qoyan kimi elə bil yuxudan oyandı. Bikef görkəmi ilə şirkət rəhbərində şübhə oyadacağından ehtiyatlanıb birdən-birə dəyişdi. Sabir kişinin təklifi ilə keçib kresloda əyləşən kimi əvvəlcə mobil telefonunun yoxa çıxması barədə danışmaq istədi. Amma bir az bundan əvvəl səbr nümayiş etdirən şirkət rəhbəri narahatlığını gizlədə bilməyib onu qabaqladı:

- Veysəl, dünən axşam qəribə hadisə ilə üzləşdim. Kimsə mobil telefonuma göndərdiyi məktubda məni hədələyirdi. Səncə kim ola bilər?

Veysəlin ağlına gələn, necə deyərlər, başına gəlmişdi. Telefonun yoxa çıxmasında Altaydan şübhələnən kimi ilk ağlına gələn də elə bu olmuşdu. Onu ən çox qorxudan, Sabir kişinin yanında hörmətdən düşməsi idi. Şirkət rəhbərindən bu sözləri eşidəndə sanki başına ildırım çaxdı. Cavab əvəzinə həyəcandan dili topuq vura-vura soruşdu:

- Sabir müəllim, yəni telefonun nömrəsi qeydə alınmamışdı?

Veysəlin həyəcanlı olması, səsinin titrəməsi şirkət rəhbərinin diqqətindən yayınmadı. Amma özünü o yerə qoymadı, azacıq gülümsəyərək:

- Alınsaydı nə vardı ki? Kimsə nömrəni gizlətmişdi. Görünür, ya telefon xuliqanlarındandır, ağızlarına gələni yazıb ağıllarına gələn nömrəyə məktub göndərirlər, ya da burda başqa sirr var, - deyə bildirdi. Və Veysəlin reaksiyasını gözləyirmiş kimi sözlərinə fasilə verdi.

Şirkət rəhbərinin bu izahatı indiyə qədər “Gizlətcell” xidmətindən istifadə etməyən Veysəlin bozarmış kefini bir qədər durultdu. İnamla, çox arxayın tərzdə dillənərək şirkət rəhbərinin fikrini dəstəklədi:

- Sabir müəllim, haqlısınız, mən də belə fikirləşirəm, yəqin ki, bu, telefon xuliqanlarının işidir...

Sabir kişi gözlənilmədən onun sözünü kəsdi:

- Ola bilsin ki, belədir, amma məni narahat edən başqa bir məsələ də var, dünəndən bəri neçə dəfə cəhd göstərsəm də sənin nömrənə zəng çatmadı. Nəsə xoşagəlməz hadisə baş verib?

Veysəl gözləmədiyi bu sualdan diksindi, bir-iki dəfə udqunub cavab verdi:

- Haqlısınız, Sabir müəllim, düzünü bilmək istəsəniz, bura gəlməkdə məqsədim bu barədə sizə məlumat vermək idi. Dünən axşam avtobusda telefonumu oğurlayıblar.

Veysəl bunu deyib, dünən gecə obyektdə baş verən oğurluq hadisəsi barədə şirkət rəhbərinə məlumat vermək barədə düşünərkən, Sabir kişi onu mənalı-mənalı başdan ayağa süzdü. Sonra gözlərini məchul bir nöqtəyə zilləyərək aram-aram danışmağa başladı:

- Fikir eləmə, düzələr, telefon elə də böyük itki deyil. Amma bəzi məsələlər var ki, mənim üçün hələ də qaranlıq qalır.

Bu işarə Veysəl üçün kifayət edirdi. Şirkət rəhbəri ona yeni telefon alacaqdı. Ancaq Sabir kişinin sonrakı kəlmələri onu narahat etdiyindən, sevinməyə tələsməyib nigaran-nigaran soruşdu:

- Sabir müəllim, nəyi nəzərdə tutursunuz?

Şirkət rəhbəri suçlu adamlar kimi başını aşağı saldı, Veysəli incik salmasın deyə, ehtiyatla cavab verdi:

- Dünəndən nə qədər fikirləşirəmsə, öz telefonumun nömrəsini səndən başqa kiməsə verdiyimi yadıma sala bilmirəm. Necə düşünürsən, kimsə sənin itmiş telefonundan istifadə edə bilərmi?

Sabir kişinin sonuncu sualı məhz bu cür qoyması Veysəlin narahatlığını aradan qaldırdı. “Yəqin bu da Altaydan şübhələnir” - deyə düşündü. Hətta bir az sevinən kimi oldu. Dedi:

- Dünən axşam işdən qayıdanda çox yorğun idim, doğrusu, qanım da bərk qaralmışdı. Altay da mənimlə eyni avtobusda gedirdi. Evdə əlimi cibimə aparıb telefonun yoxa çıxdığını biləndə dərhal bu adamın sifəti, davranışları gözlərimin qarşısına gəldi. Həmişə özünü marşrutda şübhəli aparır.

- Yəni sənin telefonunda nömrəni gizlətmək mümkünüydü? - deyə Sabir kişi soruşdu.

Bu sual Veysəlin kefini bir az da durultdu. Başının işarəsi ilə “yox” cavabını verərək, - qəribədir, məni də düşündürən budur - dedi.

Onların telefon barədə söhbətləri burda bitdi. Sabir kişi bir-iki dəqiqə susdu. Sonra söhbəti başqa istiqamətə yönəltdi:

- Dünən gözümə birtəhər dəyirdin, mən sənə dedim axı, nə üçün çıxıb evə getmədin? Vaxtında getsəydin yəqin ki, bu qədər problem də olmazdı.

Şirkət rəhbərinin bu sözləri dünən axşam obyektdə baş verənlər haqda danışmaq üçün Veysəlin əlinə fürsət verdi. Sanki söhbətin yenidən başqa istiqamətə yönələcəyindən ehtiyat edirmiş kimi tələsik dilləndi:

- Sabir müəllim, mən evə getmədiyim üçün heyfsilənmirəm. Əksinə, sevinirəm ki, bəzi xoşagəlməz hadisələrdən vaxtında xəbər tuta bilmişəm.

Şirkət rəhbərini maraq götürdü. Nə baş verdiyini söyləməyi ondan xahiş elədi. Veysəl buna bənd imiş kimi dünən axşamkı hadisəni tam təfsilatı ilə Sabir kişiyə danışıb ürəyini boşaltdı. Şirkət rəhbəri heyrətindən donub qaldı. Nə deyəcəyini kəsdirə bilmədi. Bir azdan özünə gəlib soruşdu:

- Səhv etmirəmsə, həmin qarovulçuları Cəsarət tapıb gətirmişdi, elə deyilmi?

- Bəli, - Veysəl cavab verdi.

Dünyanın hər üzünü görmüş Sabir kişi bu oğurluqda, yenicə etibar etdiyi Cəsarətin barmağı olduğuna qəti hökm verməsə də, artıq ondan ciddi şübhələnməyə başladı. Ayağa qalxıb “Hummer”ə oturdu. Veysəllə birlikdə birbaşa obyektə gəldi. Axşam qarovulçular gələnə qədər gözlədi. Artıq iş icraçıları da, fəhlələr də iş vaxtını başa vurub evə getmiş, obyektdə onlardan başqa heç kəs qalmamışdı. Belə xəyanəti heç vaxt bağışlamayan şirkət rəhbəri onları yanına çağırıb sorğu-suala tutdu, polislə hədələyib ifadə almağa cəhd göstərdi. Qarovulçular Cəsarətin tapşırığını yerinə yetirdiklərini etiraf etdilər. Sabir müəllimin qəti qərarı ilə bu üçlüyün sabahdan işdən azad edilməsi xəbəri işçilər arasında ildırım sürəti ilə yayıldı. Amma heç kəs bunun səbəblərini bilmirdi.

●●●

Tikinti obyektində işlərin başlanmasından altı aydan çox vaxt keçirdi. Hündürmərtəbəli bu yaşayış kompleksinin bir neçə mərtəbəsi artıq inşa edilmişdi. Kompleksin tikilib istifadəyə verilməsinə hələ xeyli vaxt qalsa da mənzillərin çoxu müştərilər tərəfindən alınmış, qiymətin əlli faizdən çoxu bəri başdan ödənilmişdi. Sabir kişinin Rusiyanın Tümen şəhərindəki iri müəssisələri və ticarət mərkəzi də xeyli gəlir gətirirdi. Bakıda tikdirdiyi yaşayış kompleksində çalışan işçilərin sayı çox olsa da, maddi baxımdan korluq çəkmirdilər. Şirkət rəhbəri onları yüksək əməkhaqqı ilə, həm də vaxtında təmin edirdi.

Sabir kişinin rəhbərlik etdiyi şirkət şəhərdə fəaliyyət göstərən tikinti müəssisələri içərisində yeganə müəssisə idi ki, ölkənin istirahət zonalarında dincəlmək üçün öz işçilərini güzəştli “putyovka” ilə təmin etməyə hazırlaşırdı. Obyektdə çalışanların yarıdan çoxu qarşıdan gələn isti yay günlərində şirkət rəhbərinin verdiyi bu imkandan istifadə etmək istəsə də, işlərin qızğın vaxtında tikintini yarımçıq qoyub hamını istirahətə göndərmək mümkün deyildi.

Hər il qızı Gülya ilə birlikdə dünyanın müxtəlif ölkələrindəki istirahət mərkəzlərində dincələn Sabir kişinin özü də bu yay istirahəti təxirə salmağı planlaşdırmış, Veysəllə məsləhətləşərək bütün yay ərzində növbə ilə təxminən 200 nəfəri qısamüddətli məzuniyyətə göndərmək qərarına gəlmişdi. Kimlərin və nə vaxt istirahətə yollanması qarşılıqlı razılıq əsasında müəyyən ediləcəkdi. Obyektdə oğurluq faktını aşkara çıxarandan sonra Veysələ rəğbəti bir qədər də artan Sabir kişi bu işi də ona həvalə etmişdi...

Havalar yavaş-yavaş istiləşirdi. Veysəl iş icraçıları və fəhlələrin baş ofisdə saxlanılan siyahısını da götürüb obyektdəki müvəqqəti ofisə gəlmişdi. O, şirkət rəhbərinin tapşırığı ilə istirahətə yollanacaq işçilərin adlarından ibarət təxmini siyahı hazırlayırdı. Siyahı işçilərin davranışı, intizamı və işə yanaşması əsasında tərtib olunmalıydı. Artıq 50-60 nəfər ən yaxşı işçinin adı müəyyən edilmişdi. Veysəl hərdən bayıra çıxıb işin gedişi ilə maraqlanır, hamıya oğrun-oğrun nəzarət edir, yenidən geri qayıdırdı.

Şirkət rəhbərinin köməkçisi sonuncu dəfə siyahıya yeni adlar əlavə etməyə başlamışdı ki, Sabir kişi gözlənilmədən qapını açdı. Veysəl cəld ayağa qalxıb ona tərəf getdi. İkiəlli salam verib ehtiram göstərdi:

- Sabir müəllim, buyurun əyləşin, çay hazırdı, indi hərəyə bir-iki stəkan içərik, - dedi.

Veysəl yenicə dəmlədiyi, içərisinə kəkotu və yarpız əlavə etdiyi çaydan iki stəkan süzüb stolun üstünə qoydu. Deyəsən şirkət rəhbəri bərk susamışdı. Elə o dəqiqə çayı götürüb püfləyə-püfləyə içməyə başladı. Stəkanı dodaqlarına yaxınlaşdıran kimi çayın xoş iyi burnuna doldu. İki-üç qurtum alıb yerə qoydu. Üzünu köməkçisinə tutub:

- Ay Veysəl, sənin yaxşı çay dəmləməyin də varmış ki, adam içdikcə içmək istəyir, - dedi.

Sabir kişi dalbadal dörd stəkan çay içib ayağa qalxdı. Ağır addımlarla bu balaca otağın içərisində bir neçə dəfə o baş-bu başa gedəndən sonra qayıdıb yerində əyləşdi. Mühüm məsələ barədə nəsə fikirləşirmiş kimi başını aşağı salaraq əlini alnına dayayıb bir-iki dəqiqə susdu. Qəflətən başını qaldırıb Veysəlin üzünə baxdı. Sifətinə ciddi görkəm verib soruşdu:

- Veysəl, sənə elə gəlmirmi ki, hamını bir yerə yığıb beş ay bundan əvvəlki oğurluq hadisəsi, Cəsarət və onun gətirdiyi qarovulçuların xəyanətləri, onların məhz bu hadisəyə görə işdən uzaqlaşdırıldıqları barədə hər şeyi danışmağın vaxtı çatıb?

Sabir kişi o vaxtkı oğurluq faktına görə işdən azad edilmə haqda tabeliyində olan işçilərə elə həmin gün məlumat vermək, onları xəbərdar etmək istəsə də, Veysəllə məsləhətləşərək bunu sonraya saxlamışdı. Şirkət rəhbərinin köməkçisi bunu Cəsarətin obyektə zərər vuracağından ehtiyatlanması ilə izah eləmiş, bu izahat Sabir kişinin ağlına batmışdı. İndi isə şirkət rəhbəri qərarında qəti idi, xəyanət barədə mütləq məlumat verəcəkdi. Qərarı qəti olsa da, öz köməkçisindən cavab gözləyirdi.

Veysəl gözləmədiyi bu sualdan az qala özünü itirmişdi. Bayaqdan bəri başını aşağı salıb nəzərlərini yerə diksə də, gözlərini hərdən oğrun-oğrun Sabir kişinin sifətində gəzdirir, sanki onun qətiyyətini yoxlayırdı. Onunla tanış olduğu altı aydan artıq bir müddətdə qarşısındakı bu nurani kişinin xarakterinə yaxşı bələd olduğundan, sifətinə baxan kimi budəfəki qərarının qətiliyini duydu. Başını qaldırıb şirkət rəhbərinin sualına cavab verdi:

- Hə, Sabir müəllim, necə məsləhət bilirsiniz, elə də edək, mən indi iş icraçılarını çağıraram.

Veysəl yanılmamışdı. Sonuncu kəlmə ağzından çıxan kimi şirkət rəhbəri üzünü ona tutaraq:

- Zəhmət olmasa, onların hamısını bura dəvət elə, qoy gəlsinlər, vəziyyətdən xəbərdar olsunlar. Bilsinlər ki, aramızda xəyanətə, xəyanətkara yer yoxdur, - dedi.

Veysəl ağır addımlarla bayıra çıxdı. Obyektdə qızğın iş gedirdi. İş icraçılarını işdən ayırmağa heyfi gəlsə də şirkət rəhbərinin tapşırığını yerinə yetirməli oldu. On dəqiqə keçmədi ki, nəzərdə tutulan məsul işçilərin hamısı Sabir kişinin ətrafına toplaşdılar. İşin sürətlə getdiyi belə bir vaxtda şirkət rəhbəri onları çox gözlətmədi. Birbaşa mətləbə keçib nəzakətlə sözə başladı:

- Əvvəla, sizi işdən ayırdığıma və verdiyim əziyyətə görə üzr istəyirəm. Sizi bura yığmaqda məqsədim çox ciddi səbəblə bağlıdır. Yəqin heç biriniz beş ay bundan əvvəl Cəsarət və onunla birlikdə iki qarovulçunun işdən nəyə görə kənarlaşmasının səbəbini bilmirsiniz.

Sabir kişi bunu deyib bir qədər susdu. Otaqdakıların hamısı təəccüb qarışıq bir nigarançılıqla bir-birinin üzünə baxdı. Səbirsizliklə şirkət rəhbərinin nə deyəcəyini gözlədilər. Sabir kişi sözünə davam edib dedi:

- Hə, mənim əzizlərim, deyəcəklərim yəqin sizi təəccübləndirəcək. Düzünü axtarsanız, hamının intizamlı, bacarıqlı, fərasətli bir işçi kimi tanıdığı Cəsarətin və onun özü ilə gətirdiyi qarovulçuların obyektdən oğurluq etməsi elə mənim özümü də çox təəccübləndirir. Amma neyləmək olar ki, bu, həqiqətdir.

Şirkət rəhbəri sözünü tamamlayıb tapşırıqlarını verəndən sonra hamı yenidən iş başına yollandı. Bu xəbər ağızdan-ağıza keçib, obyektin bütün işçiləri arasında sürətlə yayıldı. Fəhlələrdən tutmuş iş icraçılarına qədər hamı Sabir kişinin dediklərindən öz payını götürmüş, obyektə ciddi nəzarətin olduğunu başa düşmüşdü...

İşdən kənarlaşdırılandan sonra Cəsarətin hansı addımı atacağını hesablamaqda Veysəl çətinlik çəkirdi. Belə ağır durumda hansı səbəbdən olur-olsun, işini itirməsindən qəzəblənən Cəsarət ağına-bozuna baxmadan bu məsələdə onu da suçlaya bilərdi. Ona görə üzdə razı olsa da, şirkət rəhbərinin, oğurluq faktında Cəsarətin adını açıq-açığına hallandırmasına qarşı daxilində bir narazılıq vardı. Sabir kişi obyekti tərk edəndən sonra o, ayağa qalxıb otaqda gəzindi. İki nəfərin, bir tərəfdən onu, necə deyərlər, adam eləyən Sabir kişinin, bir tərəfdən də beş illik tələbə yoldaşının arasında qalmışdı.

Veysəl ona mənəvi əzab verən bu çətin vəziyyətdən itkisiz çıxmaq barədə fikirləşirdi. Otağı iki-üç dəfə dövrə vuraraq qayıdıb Sabir kişinin bayaq oturduğu stuldan yapışdı. Qəflətən əllərini çəkib oturdu. Səbəbini özü də bilmədən əlini birdən-birə stolun siyirtməsinə atıb özünə tərəf çəkdi. Gözləri siyirtmədəki mobil telefona sataşdı. Bu, şirkət rəhbərinin ona növbəti sürprizi idi. Veysəl başqa bir nömrə götürüb yeni telefonuna saldı. Ehtiyat üçün cib dəftərçəsində saxladığı tanış telefon nömrələrini yenicə aldığı kartın yaddaşına köçürdü. Qurdalayıb işləmə mexanizmi ilə tanış olmaq istədi. Yaxınları ilə əlaqə yaradıb yeni nömrəsi ilə tanış elədi. Onların arasında köhnə tanışı Qasım da varıydı. Veysəl ona ismarıc göndərəndən dərhal sonra telefonuna zəng gəldi.

Zəng uzun illər sürücü işləyən Qasım tərəfindən gəlmişdi. O, son bir neçə ayda işsiz qaldığından bazarda meyvə-tərəvəz alveri ilə məşğul olurdu. Hələ əvvəlki telefonu yoxa çıxmazdan əvvəl Veysəl onunla əlaqə saxlamış, sürücü işləmək təklifini vermişdi. Qasım götür-qoy etmək üçün bir neçə gün vaxt istəmiş, nəhayət bu gün işləmək qərarına gələrək Veysəllə əlaqə saxlamışdı. Onun bu qərarı bayaqdan çıxılmaz vəziyyətdə qalan Veysəlin kefini durultdu. Sevincək halda otağı tərk edib baş ofisə, Sabir müəllimin qəbuluna yollandı. Şirkət rəhbəri sürücünün hazır olması barədə xəbəri sevinclə qarşıladı. Onun əmri ilə Qasım sabah işə çıxacaqdı.

●●●

Yaşayış kompleksinin tikintisində işlər sürətlə gedirdi. Yüksək keyfiyyəti, xüsusi dizaynı ilə seçilən bu binanın səksən faizinin tikintisi artıq başa çatmışdı. Amma qızmar yay fəslinin gəlişi bir tərəfdən iş gününün uzanmasına səbəb olurdusa, digər tərəfdən də obyektdə çalışanların əmək qabiliyyətini aşağı salır, onların sürətli işləməsinə mane olurdu. Rusiyada olduğu vaxtlarda hər il dünyanın müxtəlif ölkələrinin sanatoriyalarında, istirahət zonalarında dincələn şirkət rəhbəri Bakıdakı tikinti şirkətində çalışan işçilərə növbə ilə qısamüddətli məzuniyyət versə də, onların bəzilərinin istirahət zonalarında dincəlməsini təmin etsə də, özü bu il heç yerə getməyəcəkdi. İlin sonuna qədər yaşayış kompleksini tam istifadəyə vermək istəyirdi. Bundan ötrü şəhərdə qalacaq, tikinti işlərinə şəxsən nəzarət edəcəkdi.

Yayın qızmar vaxtında gözünün ağı-qarası, bircə övladı Gülyanı şəhərdə saxlamaq da, onu gözdən kənarda qoymaq da Sabir kişiyə ağır gəlirdi. Şəhərdə, qızını ona tam etibar edə biləcək doğma adamları yoxuydu şirkət rəhbərinin. İndiyə qədər qulluqçu qadından yalnız yaxşılıq görsə də, İçərişəhərdəki mənzilində - iş yerindən uzaqda yeganə qızını ona etibar eləsə də şəhərdən çox-çox uzaqlarda, istirahət zonalarında Xatirənin Gülya ilə birlikdə qalmasını istəmirdi. Amma başqa səbəb də varıydı. Sabir kişi şəhərdə ev-eşiyi, doğmaları olan qulluqçu qadını buna məcbur etmək istəmir, belə bir təklif verməyə də utanırdı. Bir də ki, hələ qızının istəyindən xəbərsiziydi. İstilər isə yavaş-yavaş düşməyə başlayırdı.

Şirkət rəhbəri obyektdən çıxıb baş ofisə, ordan da birbaşa mənzilinə gəldi. İşlərini görüb qurtarsa da, qulluqçu qadın hələ getməmişdi. Ev sahibi içəriyə daxil olan kimi Xatirə ayağa qalxıb mətbəxə keçdi. Gülya isə atasının istəyi ilə onunla birlikdə öz otağına çəkildi. Sabir kişi divanda onunla yanaşı əyləşmiş qızının başını adəti üzrə sinəsinə sıxıb saçlarını tumarladı, alnından öpdü. Həqiqi istəyini, arzularını öyrənmək üçün kəşfiyyat aparırmış kimi soruşdu:

- Qızım, mən bu yay istirahət etmək fikrində deyiləm, yaşayış kompleksinin tikintisini başa vurmaq, ilin sonuna qədər istifadəyə vermək istəyirəm. Sənin fikrin nədir?

Atasından bu sözləri gözləməyən Gülya başını qaldırmadan: - Atacan, sən necə istəyirsənsə, qoy elə də olsun, - dedi.

Sabir kişi, büruzə vermək istəməsə də, qızının sifətinin ifadəsindən onun narahat olduğunu dərhal anladı. Əyilib gözlərini bir neçə saniyə Gülyanın sifətində gəzdirdi. Qəflətən güldü. Dedi:

- Canım mənim, hazırlaş, bu il Antalyada istirahət edəcəksən.

Elə bil dünyanı Gülyaya bağışladılar, sevinci açıq-aşkar hiss olundu. Amma istirahətə kiminlə gedəcəyi onun üçün qaranlıq qaldı. Bir də ki, o, Antalyada artıq bir neçə dəfə olmuşdu. Bu dəfə Azərbaycanın indiyə qədər görmədiyi istirahət zonalarında olmaq istəyirdi. Atasına müraciət edərək:

- Atacan, mən bu il Nabrana getmək istəyirəm, bəlkə indi də orda dincələk? - deyə soruşdu. Və cavab almamış tez də əlavə etdi:

- Bir də mənim üçün qaranlıq qaldı, yəni istirahətə təkmi gedəcəyəm?

Sabir kişi bayaqdan gözlədiyi bu suala necə cavab verəcəyini hələ də müəyyənləşdirə bilməmişdi. Çiyinlərini dartıb dedi:

- Bax, bu, mənim üçün də qaranlıqdır. Ancaq de görüm, sən kiminlə getmək istəyirsən?

- Əgər sən getmək istəmirsənsə, onda Xatirədən başqa ürək qızdırdığım kim ola bilər ki? - deyə cavab verdi.

- Sən haqlısan, qızım, elə mən də bunu fikirləşirdim. Amma Xatirə buna razı olacaqmı? - Sabir kişi soruşdu.

Gülya ayağa qalxıb mətbəxə keçdi. Qulluqçu qadını içəriyə - atasının yanına dəvət etdi. Ev sahiblərini dinləyib onların təklifini razılıqla qarşılayan Xatirə, bir neçə gündən sonra Gülya ilə birlikdə Nabrana yollanacaqdı.

İndiyə qədər istirahətin nə olduğunu bilməyən, Nabranın istirahət zonalarını yalnız televiziya kanallarından seyr edən qulluqçu qadını ev sahibinin təklifi çox sevindirmişdi. İstirahət zonasına qulluqçu kimi getsə də, bir nəfərin, həm də Gülya kimi mehriban, həlim xasiyyətli qadının qulluğunda durmaq Xatirə üçün çətin deyildi. Ev sahibəsi ilə birlikdə o da dincələcək, həyat kitabının heç olmasa bir neçə səhifəsinə xoş xatirələr yaza biləcəkdi. Bir insan kimi Sabir kişinin xarakterini bu neçə müddətdə yaxşı əxz edən qadın, istirahət zonasında göstərəcəyi qulluğa görə onu hansısa mükafatın gözlədiyini də təxmin eləmişdi.

Qulluqçu qadın bu fikirlərlə Gülyanın otağını tərk edib yenidən mətbəxə keçdi. Hazırladığı pürrəngi çaydan iki stəkan süzüb stolun üstünə qoydu. Güclə eşidiləcək səslə Gülyanı çağırıb atasıyla birlikdə mətbəxə keçməsini xahiş etdi. On dəqiqədən sonra onlarla xudahafizləşib mənzildən çıxdı. “Azneft” meydanına tərəf düşdü. Mobil telefonunu çıxarıb Veysələ zəng vurdu. Onunla görüşmək istədiyini, vacib bir məsələ ilə bağlı məsləhətə ehtiyac duyduğunu bildirdi.

Telefon danışığından sonra, artıq işdən çıxıb evə tələsən Veysəli maraq götürmüş, hələ söhbətin nədən getdiyini bilməsə də, narahatçılığı getdikcə artmağa başlamışdı. O, “Səməd Vurğun” bağında ləngiyib Xatirəni gözləməyə məcbur oldu. Bağın avtobus dayanacağına yaxın oturacaqlarından birində əyləşib siqaret yandırdı. Sona qədər çəkib qurtarmamışdı ki, arxadan kimsə əlini onun kürəyinə qoydu. Veysəl qanrılıb baxan kimi Altayı tanıdı. Nəyə görəsə həmişə ondan qaçmağa çalışdığı kimi, indi də durub əkilmək istədi. Amma çox gec idi. Altay başının üstünü kəsdirmişdi.

Veysəl evə tələsdiyini bəhanə gətirərək ayağa qalxıb getmək istəyirdi ki, gözü təxminən iyirmi-iyirmi beş metrlikdə dayanıb ona baxan Xatirəyə sataşdı. Asta-asta qadına tərəf getmək istəsə də Altay imkan vermədi. Kəkələyə-kəkələyə, həm də hündürdən dedi:

- Dostum, sən Sabir müəllimin evinin, ya da iş yerinin ünvanını mənə deməlisən. Əgər deməsən...

Altay sözünü qurtarmamış başını qaldırıb ətrafa baxdı. Bir qadının onlara yaxınlaşdığını gördü. Bu, Xatirə idi. Altay sözünün ardını gətirmədi, dayanıb onun getməsini gözlədi. Qadın yalnız Veysəlin işarəsindən sonra bir qədər kənara çəkilərək, söhbətin başa çatmasını gözlədi. Altay yenidən sözünə davam etmək istəyirdi ki, Veysəl onu qabaqladı:

- Axı mən Sabir müəllimi yaxşı tanımıram, bizi onunla elə-belə, təsadüfən birlikdə görmüsən.

Bu cavab Altayı qane etmədi. Səsinin yoğun yerinə salıb hündürdən dedi:

- Dostum, sən mənə kələk gəlmə, mən səni yaxşı tanıyıram, yoxsa...

Son vaxtlar onu görəndə Veysəlin dili tutulurdu sanki. Həmişə tünd şərab iyi verən bu adamın ağzına gələni danışa biləcəyindənmi, ya nədənsə ehtiyatlanırdı. Bir tərəfdən də Xatirəni çox gözlətmək istəmirdi. Ona görə də mübahisəni yersiz hesab edib Altayın sözünü kəsdi. Ağzını qulağına dayayıb nəsə dedi. Yalnız bundan sonra Altay ondan əl çəkib kənarlaşdı. Növbə xeyli kənarda dayanıb söhbətin bitməsini gözləyən Xatirəyə çatdı. O, iti addımlarla Veysələ tərəf getdi. Çoxdan ayrılan tanışlar kimi bərk-bərk görüşüb birbaşa mətləbə keçdi. Sevincini onunla bölüşürmüş kimi sevincək dilləndi:

- Sabir müəllim məni Gülya ilə birlikdə Nabranda istirahətə göndərmək istəyir. Necə fikirləşirsən, getməyə dəyərmi?

Veysəl narahat-narahat soruşdu:

- Bəs sən nə dedin, razılıq vermədin?

Veysəlin fikri ona aydın olmadığından qulluqçu qadın kəşfiyyat xarakterli cavab verməli oldu:

- Əlbəttə, yox. Mənim Nabranda nə işim var?

Veysəl başını aşağı salıb bir neçə saniyə fikrə getdi. Sonra fağır-fağır dilləndi:

- Yəni Sabir müəllim Gülyanı tək buraxır?

- Hə, - deyə Xatirə cavab verdi.

- Çox nahaq, sən gərək onunla getməyə razılıq verəydin, - Veysəl dedi.

Xatirə özünü saxlaya bilməyib ucadan güldü. Dedi:

- Zarafat edirdim, adam da istirahətdən qalar? Çox da ki quluqçu kimi gedirəm. Sən də aradabir gəlib bizə baş çəkərsən.

Veysəlin gözləri güldü: - Bax, bu başqa məsələdir, sizi görməyə mütləq gələcəyəm, - deyib Xatirədən ayrıldı.

●●●

Sabir kişinin Veysələ yeni telefon hədiyyə etməsindən bir həftə keçsə də, bunu ailədə heç kəs bilmirdi. Sonuncu gün Səlimə səhər tezdən oyananda Veysəl də, uşaqlar da hələ yuxuda idi. O, qeyri-ixtiyari o tərəf-bu tərəfə baxdı. Ərinin, adətən gecələr çarpayının yanındakı kiçik stolun üstündə qoyduğu mobil telefonu gözünə dəymədi. Maraq onu götürdü, durduğu yerdə hər tərəfə göz gəzdirsə də tapa bilmədi. Şübhələnməyə başladı. Veysəlin hələ yuxuda olmasından istifadə edərək, onun asılqandan asılmış pencəyinin yan ciblərini eşələdi. Alışqandan və xırda pullardan başqa heç nə tapmadı. Tələsik onları stolun üstünə atıb qoltuq cibinə baxdı. Əlinə əvvəlki köhnə, iri və yöndəmsiz telefon əvəzinə, təptəzə, həcmcə xeyli kiçik mobil telefon keçdi. - Qəribədir, kişi nəyə görə bunu məndən gizlədir, - deyə düşündü.

Qadın xırda pulları və alışqanı qaytarıb yerinə qoydu. Axşamdan söndürülmüş telefonu götürüb mətbəxə keçdi. Açan kimi mesaj səsi gəldi. “Əzizim, sabah Gülya ilə birlikdə Nabrana yola düşürük. Sən də vaxt tapıb gələrsən, orda bizi unudulmaz günlər gözləyir. Öpürəm səni!” sözlərini oxuyub dəhşətə gəldi. Məktubda sahibinin adı yazılmayan nömrə ilk baxışda tanış gəlsə də, xatırlaya bilmədi. Vaxtilə şübhələndiyi nömrələrin siyahısını gizlətdiyi pul kisəsini açıb baxdı. Siyahıdakı nömrələrdən biri məktubdakı nömrə ilə üst-üstə düşürdü.

Səlimə bir az fikirləşib bu nömrəyə hardasa rast gəldiyini xatırlamağa çalışdı. Qadın onu bir neçə ay bundan əvvəl ərinin telefonuna zəng göndərilərkən görmüş, Veysəli sorğu-suala tutaraq Sabir kişiyə məxsus olduğunu öyrənmiş, amma inanmayıb şübhəli nömrələr siyahısına əlavə etmişdi.

İndi həmin hadisə yadına düşəndə eynilə “Uzaq sahillərdə” filmində olduğu kimi: - Aha, anladım, gülsatan qız! - deyib, telefonu yenidən əlinə götürdü. Hirsindən əlləri əssə də, “Köpək qızları, başınıza elə oyun açaram ki, istirahətiniz qara gələr” sözlərini yazıb məktub gələn nömrəyə göndərdi. Yazdıqlarını silərək telefonu söndürdü. Ərini duyuq salmamaq üçün asta-asta, ayaqucu yeriyərək qaytarıb yerinə qoydu. Üst paltarını soyunub yenidən yatağına uzandı. Həmin gündən alverin daşını atıb ərini ciddi izləməyə başladı...

Veysəl yuxudan oyanıb elə uzandığı yerdəcə divar saatına baxdı. Əqrəblər səkkizin yarısını göstərirdi. Obyektdə işin başlanmasına cəmi yarım saat vaxt qalırdı. Veysəl gözlərini saatdan ayırıb arvadının yatağına nəzər saldı. Təxminən saat yarım bundan əvvəl bazara getməli olan Səlimə hələ də yuxuda idi. Təəccüblə qaşlarını dartdı. Yuxudan oyatmaq istəsə də arvadına qıymadı. Onsuz da Sabir kişinin obyektində işə düzələndən sonra Səliməyə, alverdən əl çəkməyi məsləhət görmüşdü. Verdiyi bu məsləhət yadına düşəndə təəccübü ötüb keçdi. - Bəlkə səhər yeməyini hazırlayıb, - deyə fikirləşdi. Tələsik paltarını geyinib mətbəxə keçdi.

Veysəl yanılmışdı, heç nə hazır deyildi. - Ola bilsin yuxudan oyana bilməyib, görünür, yorğundur, çox əziyyət çəkir, - deyə öz-özünə düşündü. Onsuz da işə gecikirdi. Səhər yeməyini təxirə saldı. Yuyunub evdən çıxdı. Avtobusa oturub birbaşa şəhərə yollandı. Sonuncu dayanacağa - “Səməd Vurğun” bağına yenicə çatmışdı ki, telefonuna zəng gəldi. Çıxarıb baxdı. Ekranda Sabir kişinin adını görəndə tər onu basdı. - Əgər Sabir müəllim artıq obyektdədirsə, açıq-aşkar işə gecikmək ona qarşı hörmətsizlik olardı, - deyə özünü danladı. Xəcalətindən az qaldı ki, yerə girsin. Ancaq hər şeydən keçmişdi. Düyməni basıb şirkət rəhbərinin səsini dinlədi. Sabir kişi salam verib dedi:

- Mən bu gün gec gələcəyəm, bəlkə də ola bilsin ki, gəlmədim, obyektdə gözün olsun.

Veysəl eşitdiyi bu sözlərdən sonra bir az özünə gəldi. Dərindən nəfəs alıb cavab verdi:

- Baş üstə, Sabir müəllim, tam arxayın olun.

Şirkət rəhbəri sağollaşıb telefonu qapatdı. Təzə telefonuna həvəslə baxan Veysəlin gözü isə hələ də onun ekranında idi. “Menyu”ya girib qurdalamağa başladı. Qəflətən gözünə hələ hansı nömrədən gəldiyi bilinməyən məktub sataşdı. Telefonla oynamağı xoşlamasa da, hələ oxunmayan məktubun xüsusi işarəsinin ekranda göründüyünü bilirdi. Amma belə işarə yoxuydu. Maraq onu götürdü. Mətni açıb baxdı. Məktubun Xatirədən gəldiyini görüncə sevindi. Mətndə “Əzizim, sabah Gülya ilə birlikdə Nabrana yola düşürük. Sən də vaxt tapıb gələrsən, orda bizi unudulmaz günlər gözləyir. Öpürəm səni!” sözləri yazılmışdı.

Veysəl qadınların Nabrana istirahətə gedəcəklərini əvvəlcədən bilsə də, səfərin konkret vaxtı barədə məlumatsız idi. Ona görə də görəcəyi işləri adətən öz köməkçisi ilə məsləhətləşən Sabir kişinin, vaxtı bircə günün içərisində müəyyənləşdirməsi onu təəccübləndirdi. Bir az inciyən kimi oldu. Amma onun içərisini didib-dağıdan, varlığını dara çəkən daha ciddi səbəblər varıydı. Veysəl Xatirənin göndərdiyi məktubun arvadının əlinə keçmə ehtimalını başından çıxara bilmirdi.

Əgər fikirlərində yanılmırdısa, onda Səlimə nədən və necə olmuşdu ki, şübhələnmişdi? Söndürülmüş halda pencəyinin qoltuq cibində saxladığı telefonu götürüb baxmağa onu nə vadar etmişdi? Bu və digər qəliz suallar Veysəlin həyəcanını getdikcə artırırdı. Üstəlik, əvvəlkinin yoxa çıxmasını, Sabir kişinin ona yeni telefon sürpriz etməsini arvadından gizlətməsinə necə haqq qazandıracağını fikirləşəndə kişi az qalırdı ki, dəli olsun.

Çox çətin vəziyyətə düşmüşdü Veysəl. O, arvadının bəzən haqlı, bəzən haqsız sualları, hirs-hikkəsi qarşısında indiyə qədər birtəhər duruş gətirə bilmişdi. Şappıltı ilə çıxan vaxtları da olmuşdu sözün, məsuliyyətin altından. İndi o, ən çox arvadının Xatirəyə cavab göndərməsindən qorxurdu. Səlimə yeri gələndə tanış-biliş, qohum-əqrəba, hörmət-filan qanmırdı. Ağına-bozuna baxmadan ağlına gələni deyir, sonra peşmançılığını da çəkmirdi.

Düzdü, yaxşı xasiyyətləri də çoxuydu Səlimənin. Rəftarında mehribanlıq, şirinlik də varıydı. Amma bu şirinliyi iki dəqiqənin içərisində zəhərə döndərməyi bacarırdı. Veysəl də dost-tanış yanında xəcalətli qalırdı. Hələ dəqiq müəyyənləşdirə bilməsə də, eyni vəziyyətə düşmüşdü, ağlına gələn başına da gəlmişdi. İndi Xatirənin üzünə necə baxacaqdı? Artıq bu gün Nabrana yola düşən qadını bir də nə vaxt görə biləcəkdi? Burda bir yanlışlıq olduğuna onu inandıra biləcəkdimi?

Veysəl bu sualların cavabı üzərində çox baş sındırsa da bir qərara gələ bilmədi. Özünə təskinlik vermək istəsə də bacarmadı. İşə gecikdiyinə baxmayaraq başını aşağı salıb, sinirləri dizinə enmiş ahıllar kimi ağır, çox ağır addımlarla irəlilədi. Yalnız qarşıdakı tinə çatanda başını qaldırıb baxdı. İxtiyarsız olaraq çox sevdiyi peraşki dükanının düz qarşısına gəlib çıxmışdı. Altı ədəd peraşki alıb, bir neçə günün acı kimi elə dükanın qarşısındaca iki-iki yeyib qurtardı. Sonra sürətlə obyektə tərəf yol aldı. Yerişində bayaqkı ağırlıqdan əsər-əlamət qalmamışdı. Elə sürətlə və fikirli irəliləyirdi ki, tikinti obyektinə çatmağa az qalmış, təxminən beş metrlikdən onu çağıran adamın səsini eşitmədi. Kimsə ikinci dəfə lap ucadan qışqırdı. Veysəl qanrılıb geriyə baxan kimi keçmiş tələbə yoldaşını tanıdı.

Heç nə olmayıbmış kimi, Cəsarət gülümsər sifətinin ifadəsini dəyişmədən irəli yeriyib Veysəllə bərk-bərk görüşdü. Hal-əhval tutdu, vəziyyətini soruşdu. Tikinti obyektində işlərin gedişi ilə maraqlandı. Tələbə yoldaşına ərki çatsa da, obyektdən nə üçün uzaqlaşdırılmasının səbəbini soruşmadı. Əvvəllər rəhbər vəzifələrdə işlədiyi üçün son anda həlledici qərarın müəssisə rəhbəri tərəfindən verildiyini bilirdi. O, işdən qovulmasının səbəblərinin bu böyüklükdə nüfuzlu şirkətdə çalışan çoxsaylı işçilərə çatdırılmasından ehtiyatlanırdı.

Son oğurluq faktı sürətlə ağızdan-ağıza yayılaraq, Cəsarətin onsuz da ləkəli olan həyatını daha dərin və üfunət qoxuyan çirkaba batıra bilərdi. O, bunu öyrənməyə gəlmişdi. Amma birbaşa mətləbə keçmək istəmir, kəşfiyyat xarakterli suallar verirdi. Veysəl isə tələbəlik illərindəkindən fərqli olaraq çox dəyişmişdi. Tələbə yoldaşının hər bir sözünü diqqətlə dinləyir, arxasında nələrin durduğunu araşdırırdı. Cəsarət ondan söz qopara bilmədiyini görüb sağollaşaraq ayrıldı. Kimlərinsə onu görə biləcəyindən ehtiyatlanırmış kimi tez-tez geriyə baxa-baxa yaxınlıqdakı avtomobil təmir olunan yerin arxasına tərəf getdi. Təxminən otuz-otuz beş yaşlarında bir kişinin şübhəli nəzərlərlə hərdən o tərəf-bu tərəfə boylanaraq qayıdıb oturduğunu gördü.

Cəsarət əvvəl ehtiyatlanıb geri çəkilmək istədi. Kişini kənardan diqqətlə süzdü. Nimdaş paltarlı bu adam oturub kağız parçasına nəsə doldururdu. Deyəsən narkotik maddəyə oxşayırdı. Cəsarəti maraq götürdü. Adına uyğun hərəkətlə irəli yeriyib düz onun oturduğu yerə çatdı. Yanılmamışdı. Həmin adam xüsusi bükülmüş kağıza nəşə doldururdu. Guya onun hərəkətlərinə fikir vermirmiş kimi, Cəsarət ötüb keçmək istədi. Ancaq kişi ona mane oldu. Bir qədər xırıltılı səslə soruşdu:

- Kişi, kibritin var?

Cəsarət cibindən alışqan çıxarıb ona uzadaraq dedi:

- Buyur, amma bir az tez ol.

Həmin adam alışqanı alıb üzünü Cəsarətə tutaraq:

- Gəl qonaq ol, qorxma, - dedi.

Cəsarət narkotik maddələrə meylli idi. Əvvəllər bir neçə dəfə istifadə etmiş, sonralar necə olmuşdusa vaxtında əl çəkə bilmişdi. Amma bu dəfə nəfsini saxlaya bilmədi. Əvvəl imtina eləsə də, təkiddən sonra qayıdıb oturdu. Qarşısındakı adam onu altdan yuxarı diqqətlə süzüb soruşdu:

- Bəlkə tanış olaq?

- Necə istəyirsən, qoy olsun, mənim adım Cəsarətdir. Bəs sənin? - Cəsarət cavab verdi.

- Mənim də adım Altaydır.

Onlar tanışlığı qurtarıb nəşəyə od vurdular. Hərəyə iki-üç qullab vurub daha ətraflı tanış oldular, keçmiş və hazırkı həyatları, Sabir kişi ilə əlaqələri barədə bir-birini məlumatlandırdılar. İndi onları eyni dərd, eyni maraq birləşdirirdi. Onların nəşələnib dərdləşdikləri bu yer həmin yer idi ki, obyektdəki oğurluğu Veysəl vaxtilə birbaşa ordan izləmişdi...

Tələbəlik dostu boynuna almasa da, Cəsarət artıq bir neçə gün əvvəl hər şeyi fəhlələrdən öyrənə bilmişdi. Ancaq şirkət rəhbərinin işə xeyli gecikən köməkçisinin bundan xəbəri yox idi. Səhər tezdən evdən çıxana qədər özünü yuxuluğa vuran Səlimənin, onun ardınca “Səməd Vurğun” bağına qədər gəlməsi, ordan da tikinti obyektinin təxminən əlli-əlli beş metrliyinə kimi onu izləyərək geri qayıtması da Veysəlin diqqətini cəlb edə bilməmişdi. O, Xatirənin məktubu ilə bağlı ağlına gətirdiklərinin mənəvi əzabından qurtarmamış başqa bir əzaba düşmüşdü. Cəsarətlə budəfəki görüşü ona ağır mənəvi zərbə vurmuşdu. Tələbə yoldaşı bu səmimi görüşü ilə şəxsiyyətini alçaltmışdı elə bil onun.

Veysəl ağır addımlarla obyektdəki müvəqqəti ofisə tərəf getdi. Yarı yolda başını qaldırıb qabağa baxdı. Ofis yanıb külə dönmüşdü. O, başına hava gəlmiş adamlar kimi o tərəf-bu tərəfə qaçır, ucadan, lap ucadan qışqırır, rabitəsiz sözlər danışır, ünvansız söyüşlər və qarğışlar yağdırırdı. Uzaqdan şirkət rəhbəri köməkçisinin hərəkətlərini seyr edən iş icraçılarından biri ilə bir neçə fəhlə hadisə yerinə gələrək onun qolundan yapışıb sakitləşdirməyə çalışdılar. Amma Veysəl sakitləşmək bilmirdi. Taxtadan quraşdırılmış ofislə birlikdə onun içərisindəki digər əşya və avadanlıqlar kimi vacib sənədlər də tamamilə yanıb külə dönmüşdü.

Köməkçi tez qarovulçuların qaldığı yerə qaçaraq hirs-hikkəsini onların üstünə tökmək istədi. Ancaq orda heç kəs yox idi. Veysəl bir az da özündən çıxdı. Birdən atılıb-düşməyin, coşub-daşmağın mənasızlığını dərk edib sakitləşdi. Şirkətin daxili qaydalarına görə, səhər tezdən iş başlayan kimi qarovulçuların obyekti tərk etmələri yadına düşdü. Özünü danlaya-danlaya geriyə qayıtdı. Bir xeyli baxıb başını buladı, acı-acı gülümsündü. Qarovulçular, çox hissəsi tamamilə yanmış ofisin külünü təmizləyir, artıq istifadəyə yararsız bəzi taxta qalıqlarını bir yerə yığırdılar. Bir az əvvəl nisbətən sakitlik tapan Veysəl onları görən kimi yenə də özündən çıxdı. Acıqlı-acıqlı üstlərinə qışqırdı:

- Gecə hara baxırdınız, harda yatmışdınız? Bura kef çəkməyə gəlmisiniz məgər? Bəlkə kiminləsə sövdələşmisiniz?

Sonuncu söz qarovulçuları götürdü. Nə qədər haqsız olsalar da köməkçinin böhtanına dözə bilmədilər. Onlardan biri dilləndi:

- Bu nə sözdü, Veysəl müəllim, çörək qazandığımız yerin yandırılması bizim nəyimizə lazımdı ki?

Köməkçi cavab verməyə macal tapmamış, deyəcəklərini unutmağa qorxurmuş kimi, ikinci qarovulçu bic-bic qımışıb tələsik, həm də istehza ilə soruşdu:

- Yəni şirkət rəhbərliyinin düşməni bu qədər çoxdur?

Veysəl ikinci qarovulçunun kinayəsini dərhal başa düşdü. Özünün də səhv elədiyini anlayıb yüngülvari üzr istədi. Büruzə verməsə də onların cavab qaytarması xoşuna gəlmədi. Dedi:

- İstənilən halda siz məsuliyyət daşıyırsınız. Necə ola bilər ki, bu boyda ofis başdan-ayağa yanıb külə dönsün, amma iki qarovulçunun bundan xəbəri olmasın? Yəni hadisə baş verən kimi xəbər tutan iki nəfər hansısa bir hissəni xilas etməyə macal tapmayıb? Sizcə bu nə dərəcədə inandırıcıdır? Belə getsə işdən qovulacaqsınız.

Veysəl haqlı idi. Qarovulçular onun sualına cavab tapmaqda çətinlik çəksələr də, özlərini müdafiə etməyə çalışdılar:

- Ay Veysəl müəllim, ofis od tutanda səhərin açılmasına az qalırdı. Alovu görən kimi hadisə yerinə qaçdıq. Heç kəs gözə dəymirdi. Tez qayıdıb çəndən vedrələrlə su daşımağa başladıq. Başdan-başa quru taxtadan düzəldilmiş on iki kvadrat metr sahəsi olan ofisi cəmi iki nəfərin, həm də xeyli uzaqdan vedrə ilə su daşımaqla xilas etməsi mümkün deyil axı.

- Bəs yanğından mühafizəyə zəng etmədiniz? - Veysəl təəccüblə soruşdu.

- Telefon işləmirdi, - deyə qarovulçulardan biri cavab verdi.

Veysəlin dediyi kimi qarovulçular məsuliyyət daşısalar da, yanan ofisi xilas etmək üçün onlar əllərindən gələni etmişdilər. Telefon isə hələ də işləmirdi. Onlar bu sirri də aşkara çıxartdılar. Qarovulçuların oturduğu yerdən xeyli kənarda telefon xətti müəmmalı şəkildə kəsilmişdi.

Veysəl onların ünvanına dediyi sözlərə görə təkrar üzr istədi. Amma qarovulçular inadlarından dönmədilər. Onlar elə oradaca işdən çıxmaq barədə ərizələrini yazıb şirkət rəhbərinin köməkçisinə təqdim etdilər. Qarovulçuları bu fikirdən daşındırmaq üçün Veysəlin göstərdiyi cəhd nəticə vermədi.

●●●

Qasımın idarə etdiyi “Hummer” Nabrana çatanda gündüz saat 12 olardı. Sürücü avtomobili qəsəbənin mərkəzi küçəsindəki birinci dükanın qarşısına sürüb əyləci basdı. Burdan qəsəbənin düz içərisinə qədər uzanan meşə də, yayın cırhacırında hər gün minlərlə insana rahatlıq gətirən, sərinlik bəxş edən Xəzərin göy suları da açıq-aydın görünür, adamın zövqünü oxşayırdı. Bu yerləri ilk dəfə görən Gülya da, elə qulluqçu qadın da təbiətin əsrarəngiz gözəlliyinə heyran-heyran tamaşa edirdilər. Əvvəllər Nabranda bir-iki dəfə olan Sabir kişi də heyran qalmışdı. Amma ən çox sevinən elə Gülyanın özü idi. Dayandığı nöqtədən heç yerə çəkilmək istəmirdi. Sanki sonuncu dəfə baxacaqdı təbiətin füsunkar gözəlliyinə.

Düzdü, Gülya Rusiyanın, bəzi Avropa ölkələrinin, Türkiyənin məşhur istirahət zonalarında olmuş, kefi istədiyi qədər dincəlmişdi. Amma meşə ilə dənizin vəhdət təşkil etdiyi, baxdıqca göz oxşayan bu gözəlliklərin qovuşuğunda yerləşən Nabran kimi istirahət mərkəzi görməmişdi. Onun da, atası Sabir kişinin də, qulluqçu qadının da dayanıb arxayın-arxayın gah mavi Xəzərə, gah da meşəyə tamaşa etmələri sürücü Qasımı özündən çıxarmışdı. O, kənarda durub bu adamlara baxır, arada başını bulayıb onların qarasınca öz-özünə deyinirdi.

Camaatın yarızarafat-yarıgerçək “73-cü millət” adı verdiyi sürücülər kimi Qasım da çox yerlər ayaqlamışdı. İş üzü bilən, hər şeydən hali olan adamıydı. İlin indiki çağlarında, fəslin bu vaxtında gecələmək üçün yer tapmağın müşkül olduğunu bilirdi. Bir azdan respublikanın hər yerindən turist axını başlayacaqdı. Qasım xeyli baxıb dərindən köks ötürdü. Nəhayət dözə bilməyib onlara yaxınlaşdı. Dedi:

- Ay Sabir müəllim, vaxt keçir, bir azdan gecələməyə yer tapılmayacaq, tələsmək lazımdır.

- Hə, belə də olur, yəni buralara çox adam gəlir? - Rəhmətliyin nəvəsi, bunu niyə bayaqdan demirsən? - Sabir kişi təəccüblə dilləndi.

Onlar maşına əyləşib istirahət zonalarını bir-bir gəzməyə başladılar. Sürücünün dediyi kimi, yaxşı yerlərin çoxu artıq tutulmuşdu. Sabir kişi bu yerlərə bələd olan Qasımın təklifi ilə avtomobili məşhur bir istirahət zonasına sürdürdü. Bütün avadanlıqlarla təmin olunmuş otaqlardan, əla xidmətdən ibarət bu zonada qiymət çox baha olsa da şirkət rəhbəri razılaşıb mənzillərdən birini götürdü.

Qulluqçu qadın sürücünün köməyi ilə “Hummer”in baqajındakı əşyaları boşaldıb mənzilə yığdı. Onların içərisində Gülyanın çox sevdiyi bahalı daş-qaşlar, qiyməti yüz minlərlə ölçülən zinət əşyaları da var idi. Vaxtilə dünyanın müxtəlif ölkələrindən alınmış bu əşyaları qadın adətən özü ilə daşıyırdı. Sürücünün götürdüyü həmin daş-qaşların yerləşdiyi xüsusi çantanın ağzı, mənzilə daxil olan kimi qəflətən açılaraq, üstünə xalça sərilmiş döşəmənin üzərinə töküldü. Qasım indiyə kimi heç yerdə bu qədər daş-qaş, ləl-cəvahirat görməmiş, yalnız balaca vaxtı nənəsinin danışdığı, böyüyəndə isə özünün oxuduğu nağıllardan eşitmişdi. O, qeyri-ixtiyari içini çəkərək:

- Ay xanım, bunun hamısı sizindir? - soruşdu.

Gülya sürücünün yersiz sualını cavablandırmadı, yalnız gülümsünməklə kifayətləndi. Qasımın bu hərəkəti Sabir kişinin də nəzərindən yayınmadı. O da qızı kimi əhəmiyyət verməyib gülümsünsə də, nədənsə daxili narahatlıq keçirdi. İç dünyasında zəlzələ baş verdi elə bil. Hər iki mənzərə - həm zinət əşyaları, həm də sürücünün sözləri Xatirəni də heyrətə gətirmişdi. Lakin qulluqçu qadın hisslərini büruzə verməyib öz işi ilə məşğul olmağa, əşyaları yerbəyer etməyə, mənzili səliqəyə salmağa başladı...

Otaq istirahət üçün tam hazır vəziyyətdə idi. Sabir kişi sürücünün Nabrana bələdçiliyindən istifadə edərək qulluqçu qadınla Gülyanı qəsəbə ilə tanış etmək qərarına gəldi. “Hummer”ə əyləşib Nabranın küçələrini gəzməyə, sonralar lazım olacaq bəzi yerlərlə tanışlığa başladılar. Sonra qadınlar ərzaq almaq üçün mərkəzi küçədə yerləşən iri dükana girdilər. Avtomobili mağazanın düz qarşısındakı baş küçənin bir tərəfində saxlayan Qasımla Sabir kişi isə, sanki bir də bu yerlərə gəlməyəcəklərmiş kimi ətrafı çox diqqət və acgözlüklə seyr edirdilər. Qəflətən “Hyundai” markalı minik avtomobili onların qarşısında dayandı. “Hyundai”ın sürücüsü başını bayıra çıxarıb diqqətlə baxdı. Nə fikirləşdisə Sabir kişiyə tərəf barmaq silkələyərək:

- Deyəsən məni tanımadın, kişi, eybi yoxdu, borclu borclunun sağlığın istər, vaxt gələr hesabı çürüdərik, - dedi.

Tanımadığı adamın bu tonda danışması şirkət rəhbərini təəccübləndirdi. Qarşısındakı cavan oğlanın cavabını elə bu tonda da vermək istədi, amma fikrindən daşındı. - Bəlkə məni kiminləsə səhv salır, - deyə düşündü. Onu adam yerinə qoymurmuş kimi, üzünü, hələ də nə baş verdiyini anlamayan Qasıma tutub nəsə demək istəyirdi ki, həmin adam dəlicəsinə qəhqəhə çəkib güldü. Şirkət rəhbəri qayıdıb son dərəcə diqqətlə ona baxdı. Yaddaşını qurdalayıb bu dəlisov adamı hardasa gördüyünü xatırlamağa çalışdı. Deyəsən tanımışdı. - Hə, odur, Xəyyamdır, - deyə öz-özünə pıçıldadı.

Elə bil içində nəsə qırıldı Sabir kişinin. Halı birdən-birə dəyişdi, rəngi avazıdı. Bunu gizlətməyə çalışsa da bacarmadı. Qasım artıq onun sifətində əks olunan daxili dəyişikliyi sezmişdi. Yavaşca şirkət rəhbərinin qolundan yapışıb soruşdu:

- Sizə nə olub, Sabir müəllim, o adam kimdir?

- Nəyə görə bu sualı verirsən? Onu heç mən də tanımıram, görünür, anlaşılmazlıq olub, indi onu başa salaram, - deyə Sabir kişi özünü sındırmayıb cavab verdi. Bir-iki addım ataraq başını qaldırıb baxdı. Xəyyam yoxa çıxmışdı.

Şirkət rəhbəri indicə onu hədələyən bu cavan oğlanı görəndə həyəcanlansa da, Gülyanın hələ də dükanda olmasına sevinirdi. Yəqin ki, qızı sonuncu hədəni eşitsəydi istirahətdən imtina edəcəkdi.

Amma hər şey yaxşı qurtarmışdı. Xəyyam ərazini tərk edəndən sonra Gülya dükandan bayıra çıxıb alverin başa çatdığını bildirdi. Qasım içəriyə keçib qulluqçu qadınla birlikdə alınan ərzaq məhsullarını maşının baqajına daşıdı. Onlar birlikdə mənzilə qayıdıb nahar edəndən sonra Sabir kişi, qızı və qulluqçu qadınla sağollaşıb “Hummer”ə əyləşdi. Bayaq dükanın qarşısında baş verənləri unutmaq üçün özünə təsəlli verməyə çalışdı. Tam sakitlik tapandan sonra sürücüyə maşını idarə etmək göstərişi verdi...

Evində qulluqçu işlədiyi bir neçə aydan bəri Sabir kişinin etimadını doğruldan Xatirə, Nabranda Gülyanın qulluğunda daha yaxşı dayanır, ona qarşı diqqətini artırır, gözdən qoymurdu. Şirkət rəhbərinin qızı yorğunluğunu çıxarmaq üçün artıq yuxuya keçsə də, qulluqçu qadın öz işlərini görüb həyətə çıxmışdı.

Xatirə baxdıqca uzanan Nabran meşəsini, mavi Xəzəri müşahidə edirdi. Birdən fikri yayındı, xəyal onu bir neçə ay bundan əvvələ qaytardı. Veysəllə tanış olduqları, bir yerdə işlədikləri günlər yadına düşdü. Onu bu xəyaldan telefon zəngi ayırdı. Veysəlin nömrəsini görüncə sevindi. Birdən gözü telefonun ekranında görünən məktub işarəsinə sataşdı. Dünəndən bəri telefonla danışmağa ehtiyacı olmadığından, həmin işarəni yalnız indi görə bilmişdi.

Məktubun kimdən gəlməsi, orda nələrin yazılması qulluqçu qadın üçün maraqlı olsa da əvvəlcə düyməni basıb zəngə cavab verməli oldu. Xəttin o başından Veysəlin səsi gəldi:

- Salam, Xatış, məktubunu oxudum. Nabran necədir, xoşuna gəldimi?

Veysəl Xatirəni həmişə Xatış deyə çağırar, bu da qadının xoşuna gələr, özünü əzib-büzərdi. Qulluqçu qadın bu dəfə də ərköyünlüklə, naz-qəmzə ilə yarızarafat-yarıgerçək:

- Kişilər həmişə belə vəfasız olur də, dünəndən bəri hardaydın, indi yada düşmüşəm? - dedi. Sonra da eyni intonasiya ilə əlavə etdi:

- Yəqin özünə gözəlçə tapmısan, eləmi?

Qulluqçu qadının sözünü burda bitirməsi, dünəndən bəri Səlimənin Xatirəyə cavab məktubu yazmasından ehtiyatlanaraq narahatlıq keçirən Veysəlin bulanmış kefini bir qədər durultdu. - Deməli, heç bir cavab məktubu göndərilməyib, əks halda Xatirə bunu mütləq bildirməliydi, - deyə ani olaraq düşündü. Qulluqçu qadına cavab verib dedi:

- Yox, ay Xatış, sən nə danışırsan, məktubunu indi oxudum, qoy bir az keçsin, mütləq gələcəyəm.

Veysəlin səsində açıq-aşkar kədər hiss olunurdu. Xatirə bunu başqa yerə yozaraq onun son kəlmələrinin səmimiyyətinə inanmadı. Elə dilucu, - gözləyirəm, gəl, - dedi. Sağollaşaraq telefonu qapatdı. İki-üç dəqiqə ara verib yenidən açdı. Göndərilən məktubla maraqlandı. “Köpək qızları, başınıza elə oyun açaram ki, istirahətiniz qara gələr” sözləri yazılmış məktub dünəndən göndərilmişdi. Özü də Veysəlin nömrəsindən.

Qulluqçu qadının gözləri az qala hədəqəsindən çıxdı. Tez Veysəlin nömrəsini yığıb zəng vurdu. Cavab gəlmədiyini görüncə şübhələri artdı. Telefonu qapadıb bir-iki dəqiqədən sonra təkrar zəng göndərdi. Nəhayət cavab gəldi:

- Eşidirəm, Xatış, xeyirdimi?

Qulluqçu qadın rəsmiyyətə keçib əsəbi tonda dedi:

- Məni ələ salmısız? O nə məktubdu göndərmisiz? Cənab, sizdən xahiş edirəm, bir də mənə zəng vurmayın.

Veysəl eşitdiyi sözlərdən dəhşətə gəldi. Qulaqlarına inanmayıb gözlərini işə saldı. Telefonu bir anlığa qulağından götürüb qapadaraq zəngin kim tərəfindən gəldiyini dəqiqləşdirmək istədi. Yanılmamışdı. Zəng həqiqətən də Xatirədən gəlmişdi. Nömrəni yığıb qulluqçu qadına zəng göndərdi. Xatirə cavab vermək istəməsə də, hələ hər şeyi dəqiqləşdirməmiş işlətdiyi ifadələrdən peşman oldu. Düyməni basıb dinlədi. Veysəlin təəccüb dolu sözlərini eşitdi:

- Ay Xatış, doğrusu, mən heç nə anlamadım. Axı nə olub ki, nə məktub, nə ələ salmaq, sən nədən danışırsan?

Qulluqçu qadın bir anlıq fikrə getdi. Sonra bayaqkından nisbətən yumşaq tonda cavab verdi:

- Guya heç nədən xəbərin yoxdu?

Veysəl and-aman eləyib məktubdan xəbəri olmadığını Xatirəyə inandıra bildi. Məktubun Səlimə tərəfindən göndərildiyinə onların heç birinin şübhəsi qalmadı.

Qulluqçu qadından eşitdiyi sözlər Veysəlin bir az əvvəl durulan kefini yenidən bulandırmışdı. Amma Xatirəni sözlərinin səmimiliyinə inandıra bilməsi, qadının heç nə olmayıbmış kimi sağollaşıb ayrılması ona bir qədər təsəlli verdi. Buna baxmayaraq obyektdə baş verənləri yadından çıxarmağa çalışsa da bacarmır, göstərilən etimadı doğrulda bilmədiyinə görə Sabir kişinin üzünə necə baxacağını düşündükcə özünə yer tapa bilmirdi.

Veysəl yuxudan səhər erkən oyandığına görə yorulmuş, yuxusuzluq əhdini kəsmişdi. İş vaxtının qurtarmasına hələ qırx-qırx beş dəqiqə qaldığından, bir az gözünün acısını almaq istədi. Ofisə tərəf getdi. Yanmış taxta parçalarından və bir topa küldən başqa heç nə görmədi. Şəhadət barmağı ilə başını taqqıldadıb huşsuzluqdan gileyləndi. Kor-peşman geriyə - fəhlələrin işlədiyi yerə qayıtdı. İş vaxtının qurtarmasını gözlədi. Vaxtın bitməsinə lap az qalırdı. Hamını yola salıb evə qayıdacaqdı. Qəflətən yadına qarovulçuların ərizə yazıb işdən çıxmaları, axşam geriyə qayıtmayacaqları barədə qəti qərara gəlmələri düşdü. Veysəl həmin gecəni səhərə qədər obyektdə qarovul çəkməli olacaqdı.

●●●

Qasımın idarə etdiyi “Hummer” Nabrandan çıxıb Xudat istiqamətində sürət götürmüşdü. Çoxdan, lap çoxdandır ki, bu yerləri görməyən Sabir kişi başını pəncərədən bayıra çıxarıb hər iki tərəfdən asfalt boyu uzanan mənzərəyə, baxdıqca adamın zövqünü oxşayan, yorğunluğunu çıxaran meşə örtüyünə tamaşa edirdi. Maşın Xudatın mərkəzinə, adətən həm yerli camaatın, həm də Nabranda istirahət edən turistlərin alver etdiyi bazara çatanda düşüb bu yerlə tanış olmaq istədi. Sürücü əyləci basıb “Hummer”i saxladı. Şirkət rəhbəri ona bir qədər pul verib, yerli istehsal olan təbii şirə arxasınca lap yaxınlıqdakı mağazaya göndərdi. Özü isə avtomobildən düşüb ətrafa baxdı. Birdən gözünə sifətlərini hardasa gördüyü iki nəfər sataşdı.

Sabir kişi bir az irəliyə yeriyib həmin adamları lap yaxından oğrun-oğrun süzdü. - Bu odur, Cəsarətdir, - deyə dodaqaltı pıçıldadı. - Bəs yanındakı? - Özünə sual verdi. Bir az diqqətlə baxıb onu da tanıdı. Həmin adam keçmiş kürəkəni Altay idi. Onları tanıyınca elə bil bədənindən on min voltluq elektrik gərginliyi keçdi şirkət rəhbərinin. Yenidən geriyə - Nabrana qayıtmaq istədi. Nə fikirləşdisə acı-acı gülümsündü. - Bu nədir, ağlıma qəribə fikirlər gəlir, yəni camaat istirahət etməyəcək, məgər hamı bizi izləmək üçün gəlib? Bir də axı mən nə etmişəm ki? - deyə özünü danladı.

Şirkət rəhbərinin ağlına gələn başqa bir fikir onun rahatlığını yenidən pozdu. - Yaxşı, bəs bu adamları birləşdirən nədir, təsadüfmü? - Sabir kişi düşündü. Nə qədər fikirləşdisə, bu suala cavab tapa bilmədi. Elə bu vaxt sürücü mağazadan qayıdıb maşına oturdu. Şirkət rəhbəri onu görüncə özünü toxtaq tutub hisslərini, həyəcanını gizlətməyə çalışdı. Deyəsən bu dəfə bacarmışdı. Bu, adətən burnunu hər yerə soxan sürücünün nə baş verməsi ilə bağlı onu sorğu-suala tutmamasından da hiss olunurdu. Qasımdan sonra Sabir kişi də qayıdıb avtomobilə əyləşdi. “Hummer” yerindən tərpənib Bakıya tərəf istiqamət götürdü.

Onlar şəhərə çatanda tikinti obyektində iş vaxtı çoxdan qurtarmışdı. Elə bil nəsə ürəyinə dammışdı Sabir kişinin. Yol yorğunu olsa da dözmədi, evə getməyib maşını birbaşa obyektə sürdürdü. Həmişə kənardan görünən taxta ofis bu dəfə gözünə dəymədi. Obyektə tam yaxınlaşıb maşından düşdü. Ofis yerində yox idi. Həyəcanla irəli yeriyib nə baş verdiyini anlamağa çalışdı. Səliqə ilə kənara qalaqlanmış yararsız taxta parçalarını görəndə elə bil başına su ələndi.

Şirkət rəhbərini ofisin yanıb külə dönməsindən çox, yanğın nəticəsində kimsənin xəsarət alması, həyatını itirməsi təhlükəsi narahat edirdi. O, qarovulçuların qaldığı yerə yaxınlaşdı. Qapını açıb içəridə yalnız Veysəli görəndə həyəcanı bir az da artdı. Qarovulçularla bağlı hansısa bədbəxt hadisə baş verdiyini zənn etdi. Qanı qaraldı. Bir müddət susub dayandı. Həmişə şən ovqatda olan Veysəlin bu dəfə çox pərişan görünməsi onu təşvişə saldı. Səsi titrəyə-titrəyə soruşdu:

- Nə baş verib, qanın niyə qaradı?

Təqsirkar adamlar kimi Veysəl başını aşağı saldı. Xəcalətindən qıpqırmızı qızardı. Bir neçə saniyə susdu. Sonra ağır-ağır cavab verdi:

- Sabir müəllim, doğrusu, deməyə xəcalət çəkirəm, hər şeyi mənə etibar etsəniz də, etimadınızı doğrulda bilmədim. İş burasındadı ki, hələ bəhrəsini görmədiyiniz tikinti obyektinə xeyli zərər dəyib.

Veysəl bunu deyib sözlərinə ara verdi. Şirkət rəhbərinin onu gözləməyə səbri çatmadı. Xasiyyətinə yaraşmayan tonda, bir az əsəbi və hündürdən: - Axı nə olub, ürəyimi üzmə, konkretləşdir görüm, - dedi.

Veysəl yanan ofisi göstərərək:

- Sabir müəllim, adamın deməyə dili də gəlmir, bir ora baxın, ofis tamamilə yanaraq külə dönüb, - deyə cavab verdi.

Bu cavab onsuz da bayaqdan hər şeyi hiss edən şirkət rəhbərini qane etmədi. Soruşdu:

- Yaxşı, bəs itki necə, yoxdur ki? Ciddi xəsarət alan varmı?

- Xeyr, nə itki, nə də xəsarət alan yoxdur, - deyə şirkət rəhbərinin köməkçisi güclə eşidiləcək səslə cavab verdi.

Bayaqdan təlaş içərisində olan Sabir kişi yalnız bu cavabdan sonra bir qədər özünə gəldi. Dedi:

- Rəhmətliyin nəvəsi, bayaqdan mən də ürəyimi yemişdim, dedim görəsən, uşaqlara xətər toxunmayıb ki. Belə hadisələr çox olur, əsas odur ki, heç kəsə fiziki zərər dəyməsin...

Şirkət rəhbəri sözünə bir qədər ara verdi. Nəsə fikirləşib əlavə etdi:

- ...Amma yanğının tasadüf nəticəsindəmi, yoxsa qəsdən baş verdiyini dəqiq öyrənmək vacibdir. Səncə burda qəsd əlamətləri yoxdur ki?

Veysəl gözlərini döydü. Başını aşağı salıb fikrə getdi. Handan-hana dilləndi:

- Sabir müəllim, bu gün səhər tezdən işə gələndə obyektin lap yaxınlığında Cəsarətlə qarşılaşdıq. Ayaqüstü görüşüb uzaqlaşdı, amma gəlişinin səbəbini bildirmədi. Buna baxmayaraq, ciddi sübutum olmadığına görə onu ittiham etmək istəmirəm.

Veysəlin bu sözləri öz işini görmüşdü. Şirkət rəhbəri bir neçə saat bundan əvvəl Xudatda rastlaşdığı Cəsarətdən artıq şübhələnməyə başladı. - İndi hər şey aydındır, - dedi. Əlini alnına qoyaraq bir qədər fikrə getdi. İş saatının çoxdan başa çatmasına baxmayaraq, Veysəlin hələ də obyektdə qalması ona təəccüblü göründü. Deyəsən qarovulçular barədə soruşmaq indi yadına düşmüşdü. Üzünu köməkçisinə tutaraq:

- Maraqlıdır, dedin ki, xəsarət alan yoxdur, bəs qarovulçular hardadır? Sən niyə burdasan? - deyə soruşdu.

- Veysəl qarovulçularla kobud rəftarı barədə səmimi cavab verdi:

- Səhər yanğından xəbər tutanda onlarla çox sərt danışdım, heç bir sübut olmadan onları kimlərinsə tapşırığını yerinə yetirməkdə suçladım. Onlar da ərizələrini yazıb işdən çıxdılar. Bu halda sabaha qədər qarovul çəkməyə borclu idim. İndi isə sizdən rica edirəm, etimadınızı doğrulda bilmədiyimə görə sabahdan işdən çıxmaq qərarıma mane olmayın.

Sabir kişinin dodaqları qaçdı, azacıq gülümsündü:

- Yox, sən nə danışırsan, işdən çıxmaq nədir? Qəti şəkildə olmaz. Əgər mənə hörmətin varsa bu fikirdən daşınmalısan, - dedi. Sonra da əlavə etdi:

- Görürəm, çox narahatlıq keçirmisən, arvad-uşağı da götür, sabahdan Nabrana istirahətə yollan.

Veysəl etiraz elədi:

- Sabir müəllim, nə danışırsız, işin qızğın çağında istirahətə getmək olar? Bir də ki, sizin tək qalmağınızı istəmirəm.

Şirkət rəhbəri çox arxayın tərzdə:

- Sən narahat olma, Qasımla bir yerdə işi yola verərik, sənin zəmanətinlə işə gələn adamlara söz ola bilməz, yaxşı oğlandır, - dedi.

O, Veysəli razı salıb İçərişəhərdəki mənzilinə yollandı. Səhər erkən yuxudan oyanıb, hələ fəhlələr işə gəlməmiş obyektə qayıtdı. Pul kisəsindən 1000 dollar çıxarıb zorla köməkçisinin köynəyinin cibinə qoydu. Onu da özü ilə götürüb şəhərin mərkəzindəki baş ofisə apardı. Veysəl Sabir kişinin tapşırığı ilə qarovulçuların sənədlərinin əslini tapıb onların ev ünvanlarını, telefon nömrələrini vərəqə köçürərək şirkət rəhbərinin stolunun üstünə qoydu. Bu, yanğının hansı şəraitdə, qəsdən, yoxsa təsadüf nəticəsində baş verdiyini müəyyənləşdirmək üçün lazım idi...

Dünənki yanğın hadisəsindən sonra həmin gecəni səhərə kimi obyektdə şəxsən özü qarovul çəkən Veysəlin əhval-ruhiyyəsi bir qədər yüksəlmişdi. O, baş ofisdən çıxıb birbaşa “Səməd Vurğun” bağına, ordan da mikroavtobusa əyləşib evə yollandı. Metronun “Neftçilər” stansiyasının lap yaxınlığındakı sonuncu dayanacaqda avtobusdan təzəcə düşmüşdü ki, təxminən 65-70 yaşlarında bir kişinin hay-həşir saldığını eşitdi. Kimsə onun ciblərinə girərək yenicə aldığı 60 manat təqaüdünü oğurlamışdı. Onsuz da dünəndən evə gəlməyən Veysəl, arxasına baxmadan iti addımlarla uzaqlaşdı. Yaşadığı mənzilin qapısına çatıb dayandı. Bir az nəfəsini dərib qapını döydü.

- Kimsən? - içəridən səs gəldi.

- Mənəm, qızım, atadır, aç qapını, - Veysəl dilləndi.

Aytən gözlükdən baxıb atasını tanıdı. Qapını açıb onu içəriyə buraxar-buraxmaz, - ana, atam gəldi, - deyə ucadan qışqırıb atasının boynuna sarıldı.

Veysəl dünən obyektdə baş verən yanğın hadisəsi barədə arvadını məlumatlandırmış, həmin gecə evə gəlməyəcəyini bildirmişdi. Azacıq gecikmələrə görə adətən ərini məzəmmət edən, onu sorğu-suala tutan Səlimə dəhlizə çıxıb Veysəli mehribancasına qarşıladı. Gələcək planlarını həyata keçirmək, ərini duyuq salmamaq üçün nə dünən tezdən Xatirənin göndərdiyi, nə də özünün yazdığı cavab məktubu barədə kəlmə də kəsmədi. Oğrun-oğrun Veysəli süzdü. Nə qədər baxdısa sifətində şübhə ifadəsi sezmədi. - Deməli, heç nədən xəbəri yoxdu, - deyə fikirləşdi.

Arvadından gözləmədiyi hərəkətlər, heç nə olmayıbmış kimi mehriban münasibət göstərməsi Veysələ çox qəribə və təəccüblü gəlsə də səsini içinə saldı, heç nə demədi. Kişi çaşıb qalmışdı. Bilmirdi ki, arvadının səmimiliyindən, yoxsa “Azersell”in mesaj xidmətindən şübhələnsin. Səlimə o tərəf-bu tərəfinə keçərək qulluğunda durduqca onun səmimiliyinə inanır, dünənki şübhələrinə görə özünü danlayırdı. O, evdəki şən ovqatı, arvadının əhval-ruhiyyəsindəki yüksəkliyi tam yəqinləşdirəndən sonra Sabir kişinin növbəti səxavəti, alicənablığı haqda danışmaq, ailəyə xoş xəbər çatdırmaq istədi. Aram-aram dilləndi:

- Səlimə, heç bilirsən bu gün Sabir müəllim nə dedi?

- Nə dedi ki? - Səlimə maraqla soruşdu.

Veysəl ondakı hədsiz marağı görüb özünü naza çəkdi:

- Muştuluq verməsən demərəm.

- Yaxşı da, naz eləmə, kişiyə naz yaraşmır, de görüm, nə olub, - Səlimə dedi.

Veysəl arvadının hövsələdən çıxmasından ehtiyatlanaraq bu dəfə birbaşa cavab verdi:

- Deyəsən, bizim də bəxtimiz açılır. Sabir müəllim bizi Nabrana istirahətə göndərir. Hazırlaşın, sabah, ya da birisi gün yola düşürük.

Səlimə ağzını açıb nəsə demək istəyirdi ki, Veysəl onu qabaqladı. Arvadının ürəyindən keçənləri duyurmuş kimi cibindən 500 dollar çıxarıb ona uzatdı:

- Al, Sabir müəllim xərclik üçün verib - dedi.

Onların söhbəti burda bitdi. Qulluqçu qadından göndərilən məktubdan sonra onunla görüşmək, dişinin dibindən çıxanı demək, ərini izləmək istəyən Səlimənin əlinə fürsət düşmüşdü. Sevincinin həddi-hüdudu yox idi qadının. Həm istirahət edəcək, həm də həddini bildirəcəkdi Xatirəyə. O, əri ilə məsləhətləşib bəzi şeyləri almaq üçün şəhərə çıxdı.

Ailə birisi gün Nabrana yollanacaqdı. Amma lap əvvəllər, özü də qışın sərt vaxtında cəmi bircə dəfə Nabranda olan Veysəlin qəsəbə ilə tanışlığı yox idi. Turistlərin axınının gur vaxtında ailənin gecələməsi üçün yer tapmaq çətin olacaqdı. Son aylar Sabir kişinin şirkətində məsul vəzifədə işləsə də istirahət mərkəzlərindəki hər cür şəraiti olan evlərdə qalmaq imkanı hələ ki yox idi Veysəlin. Qəsəbə sakinlərinin öz həyətlərində xüsusi olaraq kirayənişinlər üçün tikdirdikləri evlərdə gecələmək istəyirdi. Bundan ötrü artıq iki-üç gündür ki, Nabranda istirahətdə olan Xatirənin köməyinə ehtiyac duydu. Onunla telefon əlaqəsi yaradıb belə mənzillərdən birini tapmasını xahiş etdi.

Xoşbəxtlikdən Veysəlgil Nabrana yola düşən gün, səhər tezdən qulluqçu qadından xoş xəbər gəldi. Abdul adlı yerli sakinin həyətindəki mənzillərdən biri boş idi. Xatirə Veysəllə ev sahibi arasında əlaqə yaradıb onları telefon vasitəsilə tanış etdi. Danışığa görə Abdul kişi həmin gün Bakıdan Nabrana yola düşən “İkarus” markalı avtobusu qarşılamalı idi...

Veysəlin ailəsi qəsəbənin mərkəzinə gündüz saat 12-də çatdı. Onlar avtobusdan düşən kimi Səlimənin diqqətini təxminən 7-8 metr kənarda dayanmış qadın cəlb etdi. Onu hardasa görmüşdü. Yaddaşını qurdaladı. Öz-özünə: - hə, tapdım, odur, özüdür ki var, Sabir müəllimin qulluqçusudur, - dedi. Bayaqdan gözləri ilə onları gəzən Xatirə də Səliməni görən kimi tanıdı. İti addımlarla onlara tərəf getdi. Həmişə Veysəllə məhrəmanə şəkildə görüşsə də, bu dəfə Səlimədən ehtiyatlanıb başı ilə ümumi salam verdi. Onları özü ilə götürüb istirahət mərkəzinə, müvəqqəti qaldıqları mənzilə apardı.

Bayaqdan yol gözləyən Gülya kənardan Veysəli görən kimi tanıdı. Sevindiyindən uşaq kimi qaça-qaça onlara tərəf getdi. Veysəllə məhrəmcəsinə görüşdü. Qadının bu münasibəti Səlimənin əsəblərini yerindən oynatsa da, canını dişinə tutub birtəhər dözdü. Hələlik hisslərini büruzə verməyib işin axırını gözlədi. Artıq o, ərini Xatirədən daha çox Gülyaya qısqanır, onunla haqq-hesab çəkmək barədə düşünürdü. Amma qulluqçu qadın ondakı dəyişikliyi elə o dəqiqə hiss eləmişdi. Bir qədər kənara çəkilib Abdul kişiyə zəng vuraraq müştərinin artıq Nabrana yetişdiyini ona xəbər verdi. On beş dəqiqə keçmədi ki, ev sahibi gəlib çıxdı. Veysəl onunla birlikdə bu gündən ailənin qalacağı mənzillə tanış olmağa yollandı.

Deyəsən, Səlimə doğrudan da qulluqçu qadına ürək qızdırmağa başlamışdı. Onu içəridən didib-dağıdan dərdini Xatirəyə söyləmək, gümanlarının doğruluğunu öyrənmək istəyirdi. Veysəl mənzilə baxmağa gedəndən sonra Xatirəni bir kənara çəkib qəribə tərzdə dedi:

- Öz aramızdır, deyəsən ev sahibəsi şorgöz qadına oxşayır, ha. Düz demirəm?

- Hardan bildin? - Qulluqçu qadın bic-bic gülümsündü.

Səlimə onun gülüşündən heç nə anlamadı. Amma cavab verməyi, öz fikirlərini əsaslandırmağı da unutmadı:

- Görmədin, Veysəllə necə görüşürdü? Başqalarının yanında mən öz halal ərimlə belə görüşmürəm.

- Nə bilim, ay bacı, dünyadı də... - Səlimənin lazımsız danışıqlarından bezən Xatirə qeyri-müəyyən cavab verdi.

Onlar söhbətlərini tamamlamağa macal tapmamış, Veysəl gəlib çıxdı. Ailəsi ilə birlikdə taksiyə əyləşib Abdul kişinin həyətinə - kirayələdiyi mənzilə yollandı...

Sabir kişi 15 günlük istirahət versə də, Veysəl bir-birindən gözəl günlər yaşayan ailəsini 13 günün tamamında Bakıya qaytarmaq fikrində idi. Sabah, yəni avqustun 24-də isə həmin vaxt tamam olurdu. Səlimə ərinin gözlənilmədən bu qərara gəlməsini təəccüblə qarşılayaraq səbəbi ilə maraqlandı:

- Belə tez qayıtmaqda xeyirdimi? Bəlkə heç olmasa vaxt tamam olsun, hə?

Veysəl arvadının bu sualına özünü çoxdan hazırlamışdı. Dedi:

- Sabir müəllim alicənab adamdır, onun xeyirxahlığından, mərhəmətindən sui-istifadə etmək insafsızlıqdır. Həm də təkdir Sabir müəllim, ona kömək lazımdır.

Səlimə nə qədər cod xasiyyətli qadın olsa da, bu dəfə elə bil Allah insaf salmışdı könlünə. Veysəllə razılaşıb şəhərə qayıtdı.

Qulluqçu qadınla birlikdə Gülya da gözəl, mənalı günlər keçirirdi. İstirahət mərkəzində qonşuluqda yaşayan Cəmalə adlı mehriban bir qadınla da tanış olmuş, doğmalaşmış, ayrılmaz rəfiqəyə çevrilmişdilər. Amma ayrılacaqdılar. Cəmalə hələ iki həftədən sonra Bakı şəhərinə qayıtsa da, Gülya öz qulluqçusu ilə birlikdə üç gündən sonra, avqustun 27-də istirahəti başa çatdıracaqdı. Onlar hər gün Xəzərin sahilinə gəlir, dənizin mavi sularına baş vurur, çimərlikdə dincəlir, aradabir Qasım da Sabir kişinin xüsusi olaraq Gülyanın qulluğunda dayanmaq üçün yenicə aldığı “Mercedes” markalı avtomobildə gəlib onları meşə gəzintisinə çıxarırdı.

Sürücü istirahətin sonuncu günü də gəlmişdi. Həmin gün Gülya öz istirahətini daha maraqlı keçirmək, günün çox hissəsini dənizdə, dəniz kənarında olmaq, xoş xatirələrlə dolu tarix yaratmaq istəyirdi. Sabah Bakıya qayıtmağa hazırlaşan qadın sonuncu gün Xatirə ilə Xəzərin sahilində dincələrkən orta yaşlı bir kişi onlara yaxınlaşdı. Salam verib tanışlıq təklif etdi. Qadınlar onun bu təklifini rədd edərək çıxıb getməyi məsləhət gördülər. Həmin kişi inadından əl çəkməyib onları nalayiq sözlərlə təhqir etdi. Yalnız bir qədər kənarda dayanıb, bu mənzərəni acı-acı seyr edən 30-32 yaşlarında gəncin müdaxiləsindən sonra xeyli aralıda onu gözləyən başqa bir kişinin yanına qayıtdı. Onlardan biri qadınların tanımadığı Cəsarət, kənarda dayanan kişi isə Gülyanın keçmiş əri Altay idi...

●●●

Cəmalə anası və səkkiz yaşlı qızı ilə birlikdə meşədən qayıdanda axşam saat səkkizin yarısı olardı. O, idarə etdiyi “Bently” markalı xarici maşınla, hasara alınmış istirahət mərkəzinin darvazasından içəriyə daxil olanda təxminən 35-40 yaşlarında bir kişi qarşısına çıxdı. Mülki geyimdə olan həmin adam əli ilə avtomobili saxlamaq işarəsi verdi. Qadın tanımadığı kişinin hərəkətlərindən təəccüblənsə də maşını kənara verib əyləci basdı. Başını pəncərədən bayıra çıxarıb, bir qədər həyəcanlı səslə onun nə istədiyi ilə maraqlandı:

- Sizə nə lazımdır, cənab?!

Həmin adam sifətinə süni təbəssüm verdi. Qadının sualını son dərəcə nəzakətlə, centlmensayağı cavablandırdı:

- Xanım, narahat etdiyimə görə çox üzr istəyirəm, mənimlə getməlisiz.

Qadın verdiyi suala konkret cavab almadığından, bir az əsəbləşən kimi oldu:

- Mənim sualıma cavab vermədiniz, cənab, axı siz nə istəyirsiniz? - deyə təkrar soruşdu.

Kişi nədənsə əsl məqsədini yenə də gizlətməyə çalışdı:

- Yox, yox, narahat olmayın. Əlbəttə, elə ciddi bir iş yoxdur, biz sizin köməyinizlə bəzi məsələləri aydınlaşdırmaq istəyirik.

- Axı siz kimsiniz? - Cəmalə bu dəfə narahat olmağa başladı.

Mülki geyimli həmin adam qadının narahatçılığını hiss edib sənədərini təqdim etməyə məcbur oldu:

- Polis leytenantıyam, xanım, sizdən rica edirəm ki, bizimlə gedəsiniz. Əlbəttə, vaxtınızı çox almayacağıq.

Cəmalə bayaqdan onunla çənə-boğaz vuran adamın rəsmi polis işçisi olduğunu görüb bir az özünə gəldi, narahatlığı ötüb keçdi. - Görünür, nəsə baş verib, hər halda bunlar adamı xeyirliyə çağırmazlar, onsuz da əl çəkməyəcək, - deyə dodağının altında mızıldandı. Ani fikrə getdi. Polis leytenantının düz gözlərinin içinə baxdı. Sanki onun kimliyini bayaq təqdim etdiyi sənəddən çox, gözlərinin rəngi, hərəkəti, yaxud hərəkətsizliyi daha dəqiq təsdiq edəcəkdi. Amma heç nə anlamadı. Gözlərini polis leytenantının sifətində gəzdirib dedi:

- Yaxşı, qoy siz deyən olsun, amma icazə verin anamla qızımı evə qədər aparım, sonra gedərik.

Qadının anası etiraz edərək: - Yox, ay qız, nə danışırsan, səni tək buraxa bilmərəm, - dedi. Sonra da polisə müraciətlə:

- Siz mənim qızımı heç nədə ittiham edə bilməzsiniz. Əgər başqa fikriniz yoxdursa, onda nəyə görə açıq danışmırsınız? Sözünüzü burda da deyə bilərsiniz, - dedi.

Polis leytenantı yenə də nəzakətlə cavab verdi:

- Ay anam, axı küçədə hər şeyi danışmaq olmur, əgər zəhmət deyilsə şöbəyə gedək, orda danışarıq. Sizi əmin edirəm ki, söhbət uzun çəkməyəcək.

Leytenantın nəzakəti, ilanı yuvasından çıxaran şirin dili Cəmalənin anasını da yumşaltdı. Qadın inadından dönüb razılaşdı:

- Yaxşı, ay oğul, hara istəyirsən gedək, yəqin ki, vədinizə əməl edəcəksiniz.

- Əlbəttə, əlbəttə, narahat olmayın, dedim ki, sizi əmin edirəm, - polis leytenantı cavab verdi.

Cəmalə maşını arxaya verərək, üzünü Xəzər boyunca uzanan asfalt yola tərəf çevirdi. Leytenantın işarəsi ilə darvazadan beş-altı metr kənarda dayanan “Passat” markalı avtomobilin arxasında saxladı. Polis leytenantı özünün idarə etdiyi “Passat”a əyləşdi. Cəmaləyə işarə verib arxasınca sürməsini xahiş etdi. Onlar cəmi dörd-beş dəqiqə yol gedib geniş, hər tərəfdə gül kollarının əkildiyi həyətə daxil oldular. Leytenant “Passat”dan düşüb “Bently”ə işarə verərək saxlamaq üçün yer göstərdi. Cəmalə maşını göstərilən yerə sürüb əyləci basdı. Avtomobildən düşüb polis leytenantının ardınca şöbəyə daxil oldu.

İçəridə 50-55 yaşlarında orta boylu, zahirən çox zəhmli görünən polis rəisi əyləşmişdi. Qadın onun bu zəhmi qarşısında özünü az qala itirəcəkdi. Amma rütbəcə polkovnik olan rəisin Cəmaləni görən kimi ayağa qalxaraq, onu görkəminə yaraşmayan nəzakətlə qarşılaması başqa təsəvvür yaradırdı. Rəis qadına yer göstərib əyləşməsini xahiş etdi. Yavaş-yavaş mətləbə keçdi:

- Xanım, istirahətinizi pozduğumuza görə üzr istəyirik. Bağışlayın ki, qanunların aliliyi naminə bəzi məsələləri aydınlaşdırmaqdan ötrü sizi narahat etməli olduq. Ümid edirik ki, köməyinizi əsirgəməyəcəksiniz. Xanımın adını bilmək olarmı?

- Adım Cəmalədir, - qadın cavab verdi.

Deyəsən polis rəisinin astagəlliyi onu hövsələdən çıxarmışdı. Üzünu turşudub bir qədər əsəbi tonda soruşdu:

- Cənab rəis, adınızı da bilmirəm, siz axır ki, məni bura çağırmağınızın səbəblərini açıqlayacaqsınızmı, yoxsa bu qeyri-müəyyənlik hələ çox davam edəcək?

Rəis özünü gülümsər göstərməyə çalışsa da, sifətinin zəhmi buna imkan vermədi. Amma qadın artıq onun bu görkəminə öyrəşdiyi üçün heç nədən çəkinmirdi. Polis polkovniki nəhayət əsl mətləbə yaxınlaşdı:

- Xanım, mənim adım Azər, soyadım İbayevdir. Zəhmət olmasa deyin, sizin istirahət mərkəzindəki qonşu qadının adı nədir?

- Gülyadır. Bunu məndən nəyə görə soruşursunuz? - Cəmalə özünü itirdi.

- Qonşusu olduğunuza görə, - polis rəisi təmkinlə cavab verdi.

Polkovnikin bu cavabından sonra qadında bir az bundan əvvəlki narahatçılıqdan əsər-əlamət qalmadı. Onu gülmək tutdu. İstehza ilə dedi:

- Hə, nə olsun ki?

İbayev yenə də eyni təmkinlə soruşdu:

- Siz həmin qadını tanıyırsınızmı? Onunla tanışlığınız varmı?

- Biz onunla yalnız burda, istirahət mərkəzində tanış olmuşuq. Əvvəllər heç bir tanışlığımız olmayıb.

Polis polkovniki boğazını arıtlayıb sözünə davam etdi:

- Siz onun haqqında məlumat verə bilərsinizmi?

- Bunu məndən niyə soruşursunuz? Yaxşı olardı ki, onun özündən, ya da utanırsınızsa, onda qulluqçusundan soruşasınız, - Cəmalə yenə də kinayə ilə cavab verdi.

İbayev qadından söz qoparmağın çətin olduğunu görüb bu dəfə birbaşa mətləb üstünə gəldi:

- Cəmalə xanım, məsələ bundadır ki, bu gün sizin tanış olduğunuz həmin qadının meyitini Xəzər dənizinin kənarından tapıblar.

- Nə? Meyitini tapıblar? - Cəmalə tükürpədici səslə qışqırdı.

- Hə, təəssüf ki, eşitdiyiniz kimidir, xanım. İndi görürsünüzmü, məsələ nə qədər ciddidir?

Qadının reaksiyası, qonşusunun ölüm xəbərindən sarsılması polis polkovnikinin ümidini artırdı. Ona elə gəldi ki, Cəmalə mərhum xanım haqqında bildiklərinin hamısını danışacaqdı. Amma İbayev yanılmışdı. Qadın onun gözlədiyi məlumat əvəzinə sual verməkdə davam etdi:

- Cənab rəis, sizə dedim axı, o qadınla mən yalnız burda tanış olmuşam. Siz nəyə görə mərhumun qulluqçusunu dindirmirsiniz? O, sizə daha dolğun məlumat verə bilər.

Şöbə rəisi dodağının altında nəsə mızıldandı. Sanki verəcəyi yeni məlumatın qadına necə təsir etdiyini öyrənmək üçün düz onun gözlərinin içinə baxıb dedi:

- Xanım, məsələ bundadı ki, qulluqçu haqda heç bir məlumat yoxdur. Onun harda olması heç kəsə məlum deyil.

Polis polkovniki bunu deyib, bir qədər fikrə getdi. Dediklərinə nəsə əlavə etmək istəyirdi ki, qapı qəflətən açıldı. İçəriyə onun özü kimi orta boylu, lakin arıq bədənli bir kişi daxil olub salam verdi. İbayev gələn adamın salamını ağızucu alsa da, tərs-tərs onun üzünə baxdı. Amma rəisin bu kinayəli baxışı kişinin tövrünü də pozmadı. Ədalı-ədalı soruşdu:

- Cənab rəis, sizə elə gəlmirmi ki, biz tanışıq?

İbayev dirsəyini stolun üstünə dayayıb əlini alnına qoydu. Onu hardasa gördüyünü xatırlamağa çalışdı. Handan-hana dilləndi:

- Hə xatırladım, cənab, üzr istəyirəm, Nicati deyilsizmi?

İndiyə qədər xeyli cinayətin üstünü açmış xəfiyyə başının işarəsi ilə “hə” cavabını verdi.

- Bir neçə saat bundan əvvəl qətl hadisəsi baş verib. İndi biz bu xanımla həmin hadisəni aydınlaşdırmağa çalışırıq, - deyə polis polkovniki kömək diləyirmiş kimi fağır-fağır dilləndi.

Xəfiyyə bic-bic gülümsündü:

- Bəli, cənab rəis, hadisədən xəbərim var. Çox müəmmalı qətldir, deyilmi? - dedi və Cəmaləni oğrun-oğrun süzüb əlavə etdi:

- Bəs bu qadın kimdir, mərhumun qonşusudur?

Cəmalə də, polis polkovniki də özlərini itirdilər. Bir müddət susub qaldılar. Araya çökən sükutu yenə də Nicati pozdu:

- Xanım, siz mərhumla burda tanış olsanız da, yəqin ki, onun haqqında bəzi məlumatlarınız var. Ümid edirəm ki, bu, rəfiqənizin qatilinin tapılmasına köməklik edəcək.

Xəfiyyə gözlərini məchul nöqtəyə zilləyib bir neçə saniyə susaraq yenidən dilləndi:

- Cəmalə xanım, necə olub ki, İçərişəhərin eyni məhəlləsində yaşasanız da, mərhumla yalnız burda tanış ola bilmisiniz? Qəribədir ki, hətta orda da qonşu olmusunuz, deyilmi?

Qadın başı ilə xəfiyyənin sözlərini təsdiqlədi. Bayaqdan polis rəisinə ifadə vermək istəməsə də bu qədər dəqiqliklə söylənən sözlərdən sonra maraq ona güc gəldi. O, hətta anası ilə qızının bayırda gözlədiyini də yaddan çıxarmışdı. Hələ kimliyini tanımadığı bu adamın suallarına cavab vermək əvəzinə onu sorğu-suala tutdu:

- Siz məni hardan tanıyırsız? Bu məlumatlar sizdə hardandır? Bəlkə siz də İçərişəhərdə yaşayırsınız?

- Xeyr, xanım, indi bunun əhəmiyyəti yoxdur. Əsas məsələ bir-birinizi tanıdığınız, bu qısa müddətdə rəğbət bəslədiyiniz, çox sevdiyiniz mərhumun qatilinin tapılmasına kömək etməyinizdir. Sizin məlumatlarınızdan çox şey, hətta ola bilsin ki, hər şey asılıdır.

Xəfiyyə bunu deyib qadının düz gözlərinin içinə baxdı. Cəmalə onun iti baxışlarının qarşısında duruş gətirə bilməyib gözlərini yerə dikdi. Bir neçə dəqiqəliyə araya yenə də sükut çökdü. Amma xəfiyyə bu dəfə səbr nümayiş etdirib qadının dilə gəlməsini gözlədi. Nəhayət Cəmalə özünü ələ alıb soruşdu:

- Bağışlayın, mən sizə hansı məlumatları verməliyəm?

- Mərhumun haqqında nəyi bilirsinizsə onu. Qadınlar bir yerə düşəndə öz həyatlarından danışmağı xoşlayırlar. Yəqin ki, Gülya da həyatı ilə bağlı sizdən çox şeyi gizlətməyib, - xəfiyyə cavab verdi.

Nicati haqlı idi. Gülya Cəmalə ilə tanışlığının dördüncü günü öz həyatı, kiminlə və necə ailə qurması, onunla boşanmaları, Bakıya köçmələri, atasının tikinti şirkətinə rəhbərlik etməsi, şəhərdə qəribə hadisələrlə rastlaşması, Veysəllə tanışlıqları və qulluqçu barədə hər şeyi danışmışdı. Cəmalə mərhum tanışının bəlkə də sirr kimi yalnız ona verdiyi bu məlumatları, qarşısında dayanan kişiyə danışmaq istəmir, bunu mərhumun ruhuna xəyanət hesab edirdi. Amma bu məlumatların qatilin tapılmasına köməklik edəcəyini düşünəndə fikrini dəyişdi. Gülyadan eşitdiklərinin hamısını xəfiyyəyə danışdı. Dərindən köks ötürüb dedi:

- Hə, cənab, mənim bildiklərim budur. Gedə bilərəmmi?

- Bəs mərhumun cəsədinə baxmaq istəmirsiz? - xəfiyyə dilləndi.

Cəmalənin əti ürpəşdi. İndiyə qədər meyitə baxmasa da etiraz etmədi:

- Baxaram. Bəs cəsəd hardadır, uzaqdadırmı?

- Xeyr, lap yaxındadır, indi oturduğumuz yerdən 70-80 metr məsafədə olar, - Nicati cavab verdi.

Heyrətdən polis polkovnikinin gözləri kəlləsinə çıxdı. - Bu adam cəsədin yerini belə dəqiqcəsinə hardan bilir? - deyə öz-özünə pıçıldadı.

İbayevin razılığı ilə onlar bayıra çıxıb avtomobilə oturdular. Xəfiyyə polis rəisi ilə birlikdə onun maşınında, Cəmalə isə öz avtomobilində cəsədin saxlandığı yerə getdilər. İbayev meyitin ağ parça ilə örtülmüş sifətini açıb qadına göstərdi. Cəmalə bir neçə saat bundan əvvəl sapsağlam halda gördüyü rəfiqəsinin sifətinə baxan kimi tanıdı. Tükürpədici səslə qışqıraraq:

- Bu odur, - deyib vahimə içərisində geriyə çəkildi...

●●●

Qasım axşamüstü saat dörddə qulluqçu qadınla Gülyanı dəniz sahilinə gətirəndən sonra sonuncu dəfə bəzi ərzaqları almaq üçün Xudat bazarına qayıtmışdı. O, yenidən Nabrana, istirahət mərkəzinə dönməliydi. Yolda sürücülük məktəbində birlikdə oxuduğu ən yaxın dostu Pərvizlə qarşılaşdığından ləngiməli oldu. Onlar çayxanaların birində xeyli söhbət edib ayrıldılar. Pərviz Nabranın girəcəyindəki istirahət zonalarından birinə, Qasım isə Gülyagilin müvəqqəti yaşadıqları istirahət mərkəzinə gəldi.

Sürücü düz mənzilin qarşısında “Mercedes”in əyləcini basdı. Maşının baqajındakı torbaları götürüb qapıya yaxınlaşdı. Əlini cibinə salıb açarı çıxartsa da - bəlkə, çimərlikdən qayıdıblar, - deyə qaytarıb cibinə qoydu. Qapını bir neçə dəfə döysə də cavab verən olmadı. Ümidsiz halda əli ilə qapını içəriyə doğru itələdi. Qapı elə o dəqiqə açıldı. İçəridə heç kəs yox idi. Otaqda səliqəsizlik hökm sürürdü. Əlindəkiləri yerə qoyub otağı yenidən, həm də bu dəfə diqqətlə nəzərdən keçirdi. - Heç də tənbəllikdən doğan səliqəsizliyə oxşamır, yəqin evə oğru girib, - deyə öz-özünə pıçıldadı.

Evi bu vəziyyətdə görən sürücünün ağlına hər cür fikirlər gəlsə də özünü itirmədi. Onda qadınların hər ikisinin telefon nömrəsi var idi. Gülyanı narahat etmək istəmədi. Əvvəlcə qulluqçu qadının nömrəsini yığdı. “Telefon ya söndürülüb, ya da əhatə dairəsindən kənardadır” sözlərini eşitdi. Təkrar zənglərdən də eyni cavab aldı. Bu dəfə Gülyanın nömrəsini tapıb zəng vurdu. Bir neçə zəngdən sonra nəhayət xəttin o başındakı telefonun “hə” düyməsi basıldı. Kimsə ucadan cavab verdi:

- Bəli, eşidirəm.

Gülyanın əvəzinə eşitdiyi zabitəli kişi səsi Qasımı təşvişə saldı. - Bəlkə, nömrə səhv düşüb, - deyə telefonu qulağından götürüb ekrana baxdı. Nömrə səhv yığılmamışdı. Telefonu yenidən qulağına qoyaraq:

- Bağışlayın, kimdir, mən kiminlə danışıram? - dedi.

Bayaqkı hökmlü kişi səsi yenidən eşidildi:

- Cənab, sizə kim lazımdır? Kimə zəng etmisiz?

Sürücü inamsız cavab verdi:

- Mənə Gülya xanım lazımdır, amma deyəsən səhv düşmüşəm, hə?

- Xeyr, səhv düşməmisiniz, cənab. Deyin görək, siz hardan danışırsız? Xanımla qohumsunuz?

- Bəli, qohumuyam, hazırda Nabrandan danışıram, - deyə Qasım tərəddüd etmədən cavab verdi.

Xəttin o başından danışan kişi bu dəfə son dərəcə yumşaq, nəzakətli səslə:

- Xahiş edirəm, elə bu dəqiqə polis şöbəsinə gələsiniz, sizin gəlişiniz mütləq lazımdır, - dedi.

Qasım şöbənin yerini öyrənib dərhal otaqdan çıxdı. Qapını açarla bağlayıb “Mercedes”ə əyləşərək birbaşa şöbəyə yollandı. Onu bir az əvvəl istirahət zonasının darvazası ağzında Cəmaləni saxlayan mülki geyimli polis zabiti qarşıladı:

- Cənab, sizə kim lazımdır?

- Doğrusu, heç özüm də bilmirəm, - deyə sürücü cavab verdi.

- Necə yəni bilmirsiz, məni ələ salmısız? - Polis zabiti əsəbi tonda dilləndi.

Baş verənlərdən təşvişə düşən Qasım da eyni əsəbiliklə:

- Hərdən belə də olur, - dedi. Dərhal da əlavə etdi:

- Qəribədir, özünüz məni şöbəyə dəvət edirsiniz, həm də məndən kimin lazım olduğunu soruşursuz.

Polis leytenantı işin nə yerdə olduğunu dərhal anladı. Sürücüdən üzr istəyib dedi:

- Bağışlayın, cənab, sizi hansısa telefon nömrəsinə görə şöbəyə dəvət ediblər, deyilmi?

- Bəli, - Qasım qısaca cavab verdi.

- Buyurun, keçin içəriyə, rəis sizi gözləyir.

Mülki geyimli polis zabiti bunu deyib, sürücünün qolundan yapışaraq onu birbaşa şöbə rəisinin otağına apardı.

Qasım içəriyə girər-girməz, yüksək rütbəli polis zabiti ilə mülki geyimli başqa bir şəxsin nəzərləri ona tərəf yönəldi. Başını dik tutub ani olaraq həmin adamları süzdü. Onların baxışları arasındakı fərqi açıq-aydın hiss elədi. Amma hələ tanımadığı polkovnik İbayevin zəhmli baxışı ilə xəfiyyə Nicatinin gülərüz simasının sintezinin nədən ibarət olduğunu, onu hansı aqibətin, hansı sürprizin gözlədiyini təxmin edə bilmədi. Gözlərini qeyri-müəyyən, ünvansız nöqtələrə zilləyib “ev sahiblərinin” dəvətini gözlədi. Polis rəisi nəhayət ağır-ağır dilləndi:

- Buyurun, əyləşin, cənab!

Qasım təklif olunan yerdə oturub polkovnikin ona verəcəyi sualları gözlədi. Amma polis rəisi susurdu. Hələ də təşviş içərisində olan, narahatlığı getdikcə artan Qasım bunu görüb özündən çıxdı. Əsəblərini cilovlaya bilməyib dillənmək istəsə də xəfiyyə onu qabaqladı:

- Cənab, siz Nabrandamı yaşayırsız?

- Xeyr, Bakıdanam. Necə məgər?! - Qasım təəccübləndi.

Sürücünün cavabı Nicatiyə xoş gəlməsə də təmkinini pozmadı. İzahat əvəzinə ikinci suala keçdi. Dedi:

- Bəs Nabrana nə vaxt gəlmisiniz?

- Bu gün təxminən saat 11-də. Amma xahiş edirəm, məni üzməyin, dəvətinizin məqsədini birbaşa açıqlayın.

Qasımın xahişi sanki xəfiyyənin vecinə də deyildi. Astagəllikdə davam edirdi. Bir neçə saniyə susub yenidən sual verməyə başladı:

- Bayaq zəng etdiyiniz nömrənin sahibini tanıyırsızmı?

- Tanıyıram, - sürücü cavab verdi.

- Onunla nə vaxta qədər çimərlikdə olmusunuz, nahar yeməyindən indiyə qədər, deyilmi?

- Yox, səhv edirsiniz. Mən xanımın sürücüsüyəm. Onu dənizin sahilinə gətirəndə gündüz saat dörd olardı. Sonra mən onun tapşırığı ilə Xudata getməli oldum...

Qasım bunu deyib fikrə getdi.

- Onu çoxmu sevirsiniz? - Xəfiyyə soruşdu. Başını aşağı salıb oğrun-oğrun sürücünü süzdü.

Qasım elə bil cin atına mindi:

- Yersiz suallarla ürəyimi üzdünüz, cənab, - deyərək ayağa qalxıb getmək istədi.

Nicati ondan qabaq oturduğu yerdən durdu:

- Xahiş edirəm, siz əsəbləşməyin, beş dəqiqə gözləyin, mən indi qayıdıram, - dedi.

O, bayıra çıxıb mülki geyimli polis leytenantı ilə nə danışdısa, qayıdıb içəriyə girdi. Keçib yerində oturmamış, elə ayaq üstəcə üzünü Qasıma tutub soruşdu:

- Deyəsən bərk əsəbləşdiniz, həm də çox narahat görünürsüz. Əlbəttə, mən sizi qınamıram, yəqin sevgilinizin taleyindən nigaransınız. Amma tələsməyin...

Nicati sözlərinə bir az ara verib yenidən dilləndi:

- Yəqin sevgiliniz varlıdır, eləmi?

Qasım yenə də özündən çıxdı:

- Mən başa düşmədim, siz nəyə görə bilmədiklərinizi danışırsız? Bir də ki, bunun hansı məsələyə və nədən ötrü dəxli var?

Xəfiyyə gülümsündü:

- Yəqin buna görə məni bağışlayarsınız, cənab. Amma gəlin etiraf edək ki, indi çoxlarını maddiyyat maraqlandırır.

Qasım bu dəfə dözməyib ayağa qalxdı:

- Siz necə adamsınız, cənab? Mən bayaqdan ürəyimi yeyirəm ki, görəsən, xanıma nə olub. Siz isə nə istədiyinizi, deyəsən, heç özünüz də bilmirsiniz.

Sürücü bunu deyib bayıra çıxdı. İbayev onun arxasınca çıxmaq istəsə də xəfiyyə əlinin işarəsi ilə mane olmamağı xahiş etdi:

- Qoy getsin. Bu adam indi təşviş içərisindədir. Yəqin xanımın taleyi ilə bağlı narahatçılıq onu şok vəziyyətinə salıb. Özü demişkən, nə etdiyini bilmir. Yoxsa bizdən imdad diləyərdi. Çox güman ki, qayıdıb gələcək.

Xəfiyyə sözünü yenicə tamamlamışdı ki, Qasım qayıdıb yenidən içəriyə daxil oldu. Əlindəki şəffaf sellafon torbanı göstərib dedi:

- Cənab rəis, götürün, deyəsən puldur, şöbədən bayıra çıxanda, həyətdən kənarda rast gəldim. Görünür, kiminsə çantasından düşüb.

Nicati ayağa qalxıb içərisində iki 50 manatlıq dəstəsi olan torbanı alıb təşəkkür etdi. Və onu yenidən sorğu-suala tutdu:

- Bayaq otaqdan əsəbi çıxdınız. Qadını görmək istəmirsizmi?

Bu sual Qasımın nigarançılığına son qoydu:

- Əlbəttə, görmək istəyirəm, - dedi. - Başımı o qədər itirmişdim ki, soruşacaqlarımı unutdum.

Onlar maşına oturub meyitxanaya yollandılar. Sürücü əvvəlcə heç nə başa düşmədi. Xəfiyyə onu içəriyə dəvət edib Gülyanın sifətinə örtülmüş parçanı qaldırdı. Qasım əlləri ilə üzünü tutub bayıra qaçdı.

●●●

Polkovnik İbayevin tapşırığı ilə tibbi ekspertiza Gülyanın cəsədini müayinə edərkən, mərhumun həqiqətən də boğularaq qətlə yetirildiyi aşkara çıxmışdı. Amma qatilin şəxsiyyəti və qətlin səbəbləri təxmini də olsa hələ müəyyən edilməmişdi. Qulluqçunun yoxa çıxması, onun haqqında heç bir məlumatın əldə edilməməsi, qətlə yetirilən ərəfələrdə mərhumun yanında qulluqçudan savayı kimlərin olması barədə polis şöbəsinin məlumatsızlığı vəziyyəti çətinləşdirirdi. Xəfiyyə isə, dəqiqliyi hələ tam təsdiq edilməsə də, Gülyanın çimərlikdə olduğu ərəfələrdə kiminsə çəkiliş aparması haqda məlumat əldə etmişdi.

Mərhumun sürücüsünün xahişi ilə polis rəisi cəsədin Bakıya aparılmasına icazə versə də xəfiyyə bununla razılaşmadı. O, elə həmin gün məlumatın dəqiqliyini yoxlamaq, çəkiliş aparan adamın şəxsiyyətini müəyyən etmək istəyirdi. Nicati Qasımı da götürüb İbayevlə birlikdə mərhumun istirahət mərkəzindəki müvəqqəti yaşadığı mənzilə gəldi. O, sürücünün bütün hərəkətlərini diqqətlə izləyir, güclə sezilən xırda məqamları belə diqqətdən qaçırmırdı. Davranışın, başqaları üçün əhəmiyyətsiz görünən ən kiçik detallarına əhəmiyyət verməyə çalışırdı.

Onlar mənzilin qarşısına çatanda sürücünün, özünü irəli verərək açarı qapıya salması xəfiyyəni maraqlandırdı. Qasım hələ qapını açıb içəriyə keçməmiş soruşdu:

- Siz də mərhumla bir otaqda qalırdınız?

Onun bu sualı sürücünü yenə də özündən çıxartdı. - Deyəsən, bu adamın yaddaşı çox zəifdir, - deyə dodağının altında mızıldandı. Üzünu ona tərəf çevirib kinayə ilə cavab verdi:

- Cənab, bayaq sizə dedim axı, mən mərhumun, daha dəqiq desək, onun atasının sürücüsüyəm. Mən bura hərdənbir gəlirəm. Bakıdan elə bu gün gəlmişəm. Sabah qulluqçusu ilə birlikdə mərhumu şəhərə aparacaqdım.

Xəfiyyə susaraq İbayevlə birlikdə Qasımın arxasınca içəriyə daxil oldu. Mənzildəki səliqəsizlik onun nəzərindən yayınmadı. Otağa diqqətlə baxıb nəzərlərini yenə də sürücüyə yönəltdi:

- Görünür, çox etibarlı adamsınız.

Nicatinin rabitəsiz sualları Qasımı təəccübləndirdi:

- Bu sualları nəyə görə verirsiniz ki?

- Doğrusu, heç özüm də bilmirəm. O qədər yorulmuşam ki, - xəfiyyə cavab verdi. Əlini başına qoyaraq - boş şeydir, əhəmiyyət verməyin - dedi. Otaqda o tərəf-bu tərəfə gəzindi. İki dəqiqə keçməmiş sanki yadına nəsə düşdü. Qəflətən mənzilin ortasında dayandı. Çöhrəsinə gülümsər ifadə verib dedi:

- Hə, yadıma düşdü, otağın açarını deyirdim, yəqin bunu mərhumdan götürmüsən, deyilmi?

- Açar mərhumundur, amma onu qulluqçudan götürdüm - sürücü cavab verdi.

- Hə, anladım, onlar çimərlikdən qayıdana kimi siz dincəlməli idiniz, eləmi? - xəfiyyə dedi.

Qasım başını bulayıb döşəmənin üstündəki torbaları göstərdi:

- Xeyr. Qadınları çimərliyə gətirəndən sonra bəzi şeylər almaq üçün onların istəyi ilə Xudat qəsəbəsinə getməli oldum. Qayıdandan sonra torbaları mənzilə qoymaq lazım idi.

Xəfiyyə suallarına ara verib mənzilə göz gəzdirdi. Otağı diqqətlə nəzərdən keçirdi. İçəridə hər şey dağınıq vəziyyətdə olsa da, gözlərinə nəyisə sübut edə biləcək bir şey dəymədi. Otaqda bir-iki dəfə dövrə vurub pəncərənin ağzında dayandı. Birdən gözlərinə siqaret külünü xatırladan nəsə sataşdı. Əyilib xeyli diqqət kəsildi. Mənzili yenidən bir dəfə o baş-bu başa dövrə vurub düz Qasımın qarşısında dayanaraq:

- Mənzildən tənbəki qoxusu gəlir, mərhum siqaret çəkən deyildi ki? - deyə soruşdu.

- İndiyə qədər müşahidə etməmişəm, - sürücü dilləndi.

- Bəs qulluqçu qadın necə, çəkirdimi?

- Onu da görməmişəm, - Qasım cavab verdi.

Birdən xəfiyyənin nəzərləri qeyri-ixtiyari olaraq pəncərənin sol küncünə yönəldi. İrəli yeriyib kənardan adi görünən, amma son dərəcə ustalıqla işlənən qeyri-adi, bahalı metaldan olan alışqanı əlinə götürdü. Xarici görünüşündən köhnə olmadığı açıq-aşkar hiss edilirdi. - Hə, ümid edirəm ki, bu kiçik əşya köməyimizə çatacaq, - deyə xəfiyyə fikirləşdi. Nə polis polkovnikinin, nə də sürücünün diqqətini cəlb etməyən alışqanı dərhal cibinə qoydu. Gözlərini məchul bir nöqtəyə zilləyib susdu. Qutudan bir siqaret çıxarıb dodağına yaxınlaşdırdı. Əlini yenidən ciblərinə saldı. Başını bulayıb köks ötürdü. Lap hündür səslə:

- Ah, bu da qocalıq, adamın yaddaşını da əlindən alır, deyəsən alışqanımı hardasa unutmuşam, - dedi. Üzünu Qasıma tərəf tutub soruşdu:

- Papiros çəkirsən?

Sürücü onun nə istədiyini başa düşdü. Dərhal cibindən öz alışqanını çıxarıb ona uzatdı. Nicati alışqanı alıb siqaretinə od vurandan sonra minnətdarlıq edərək sahibinə qaytardı.

Artıq qaranlıq düşmüşdü. Polkovnik İbayev xəfiyyənin məsləhəti ilə bəzi qeydlər götürəndən sonra Qasımın, mərhumun otağında gecələməsinə icazə verib mənzildən çıxdılar. Xüsusi tapşırıqla istirahət mərkəzinin rəhbərini polis şöbəsinə dəvət edərək onunla xeyli söhbətləşdilər. Sabah tezdən mərhumun vaxtının bitməsinə baxmayaraq, mənzilin başqasına kirayəyə verilməsini qadağan edib onu sərbəst buraxdılar...

Xəfiyyə səhər tezdən Xəzər dənizinin sahilində, çimərlikdən bir qədər kənarda əyləşib gəlib-gedənləri müşahidə edirdi. O, günortaya yaxın 28-30 yaşlarında bir gəncin, əlində videokamera çimərliyə tərəf endiyini gördü. Yerindən durub bir qədər də sahilə yaxınlaşdı. Gənc gah insanların kütləvi şəkildə cəmləşdiyi yerləri, gah dənizi lentə alır, gah da kameranın obyektivini meşəyə tərəf tuşlayırdı. Nicati xeyli müşahidədən sonra yavaş-yavaş yaxınlaşıb salam verdi. Milliyyətcə ingilis olan həmin gənc Azərbaycan dilində bilməsə də, “salam” sözünün mənasını başa düşərək, öz dillərində “hello” deyib xəfiyyənin salamını aldı.

İngiliscə mükəmməl danışan, xarizmatik temperamentli xəfiyyə cəmi beş dəqiqəlik söhbətdən sonra Ceyms adlı bu gənci ələ ala bildi. İngilis bir neçə gündən bəri dəniz sahilində apardığı çəkilişin videolentinin surətini çıxarıb Nicatiyə təqdim etdi. Xəfiyyə elə həmin dəqiqə dəniz sahilindən birbaşa polis şöbəsinə - polkovnik İbayevin yanına qayıtdı. Qasımla əlaqə saxlayaraq onu da şöbəyə dəvət etdi. Onlar birlikdə videolenti izləməyə başladılar. Videolentdə orta yaşlı bir kişinin mərhum Gülya və onun yanında olan başqa bir qadınla nə haqdasa mübahisə etdiyi açıq-aşkar görünürdü. Mübahisədən sonra həmin kişinin xeyli kənarda dayanan başqa bir nəfərin yanına qayıtması da videolentdə öz əksini tapmışdı. Qasım Gülya ilə qulluqçu qadını dərhal tanısa da, heç vaxt görmədiyi üçün Cəsarətlə Altayı tanıya bilməmişdi...

●●●

Sabir kişi ilə şərtləşdikləri kimi, Qasım Bakıya yaxınlaşanda onunla əlaqə yaratmalı idi. Sürücü Nabrandan səhər saat 10-da çıxmalı, təxminən saat 13 radələrində şəhərdə olmalıydı. Amma hesablanmış vaxtdan xeyli ötsə də Qasımdan səs-soraq yox idi. Hələ evdə oturub qızını gözləyən şirkət rəhbəri yavaş-yavaş narahat olmağa başlamışdı. Səbrini basıb on beş-iyirmi dəqiqə də gözlədi. Nəhayət dözməyib mobil telefonunu əlinə götürdü. Birbaşa qızının nömrəsini yığıb zəng etmək istədi. Elə bil ağlına nəsə dammışdı. Nə fikirləşdisə nömrəni pozdu. Bu dəfə sürücüyə zəng etməli oldu. Ürəyi döyünə-döyünə Qasımın cavabını gözlədi.

Uzun zəngdən sonra sürücü nəhayət səs eşidib telefonu çıxartdı. Ekrana baxıb zəngin Sabir kişidən gəldiyini görüncə halı pisləşdi. Yeganə övladı olan, canından çox istədiyi Gülyanın ölüm xəbərini şirkət rəhbərinə necə çatdıracağını, ona nə cavab verəcəyini fikirləşdikcə halba-hal oldu. Az qaldı ki, idarə etdiyi “Mercedes”i qarşıdan gələn “KAMAZ” markalı yük maşınına çırpsın. Xoşbəxtlikdən son saniyədə özünü ələ alıb avtomobili yolun sağına çəkdi. Təxminən əlli metr irəlidə əyləci basıb saxladı. Bu müddətdə zənglərə fasilə verən Sabir kişinin ikinci zəngi gəldi. Şirkət rəhbərinə cavab verməkdən başqa çarəsi qalmayan Qasım “Ya Allah” deyib “hə” düyməsini basaraq telefonu qulağına dayadı. Xəttin o başından Sabir kişinin güclə eşidilən səsi gəldi:

- Salam, ay Qasım, xeyir ola, niyə bu qədər gecikirsən? Gəlirsənmi?

Şirkət rəhbərinin sualı bu şəkildə qoyması sürücünü vəziyyətdən çıxartdı. Sual ümumi halda verilməyib, yalnız ona aid olduğundan Sabir kişini aldatmağa ehtiyac qalmadı. Bununla belə Qasım xəcalət çəkə-çəkə cavab verdi:

- Sabir müəllim, bizdən asılı olmayan səbəblərə görə bir qədər gecikməli olduq. Yəqin ki, bir saatdan sonra şəhərə çatarıq.

O, bunu deyib şirkət rəhbəri ilə sağollaşdı. Telefonu qapadıb cibinə qoydu. Yenidən “Mercedes”i hərəkətə gətirib şəhərə tərəf istiqamət götürdü. Nicatinin müşayiəti ilə Gülyanın cəsədini gətirən “Vito” markalı avtomobil onun ardınca şütüyürdü...

Sürücü şəhərə çatanda axşamüstü saat dördün yarısı olardı. Onlar maşını birbaşa şirkət rəhbərinin yaşadığı İçərişəhərə sürdülər. Məşhur “Qala qapıları”nı keçən kimi Qasım Sabir kişiyə zəng vuraraq, artıq İçərişəhərə daxil olduqlarını xəbər verdi.

Qızının Bakıya gəlməsi xəbəri baş ofisdən çıxıb tikinti obyektinə yenicə çatan şirkət rəhbərini xeyli sevindirmişdi. O, obyektə nəzarəti Veysələ tapşırıb “Hummer”ə əyləşərək birbaşa İçərişəhərə sürdü. Binanın qarşısına çatanda “Mercedes”dən əlavə Vito” markalı başqa bir avtomobilin də həyətdə dayandığını gördü. Bu yad maşına əhəmiyyət verməyib “Mercedes”ə tərəf irəlilədi. İçəridə, sükan arxasında əyləşən Qasım Sabir kişini güzgüdən görən kimi qapını açıb yerə düşdü. Onun üçün çətin olsa da, sifətinin kədərli ifadəsini birtəhər dəyişib irəli yeridi. Hələ də heç nə hiss etməyən şirkət rəhbəri sürücü ilə mehribancasına görüşüb hal-əhval tutdu.

Qızından ötrü burnunun ucu göynəyən Sabir kişi Gülyanı avtomobildə görməyib elə o dəqiqə mənzilə qalxmaq istədi. Üzünu çevirib getmək istəyirdi ki, sürücü imdad diləyən nəzərlərlə oğrun-oğrun Nicatiyə baxdı. Xəfiyyə onun çıxılmaz vəziyyətdə qaldığını görüb dərhal maşından düşdü. Sürücüyə işarə ilə, - onu çağır, - dedi. Sabir kişi qapının ağzına çatmamış həyəcandan dodaqları əsən Qasım özünü ələ alıb şirkət rəhbərini səslədi:

- Sabir müəllim, ay Sabir müəllim!

Sabir kişi arxadan səs eşidib geriyə döndü. Çaşqınlıq içərisində sürücüyə tərəf baxdı. Elə bil nədənsə şübhələnmişdi. Tövşüyə-tövşüyə dedi:

- Hə, nə olub ki? Nə baş verib?

Sürücü sanki lal olmuşdu. Onun əvəzinə xəfiyyə cavab verməli oldu:

- Cənab, bağışlayın, Sabir müəllim sizsiniz? - deyə soruşdu.

- Bəli, mənəm. Sizə nə lazımdı? - Şirkət rəhbəri bu dəfə bir qədər ötkəm səslə cavab verdi.

- Cənab, üzr istəyirəm, sizinlə söhbət etmək olarmı? - Nicati dedi.

İlk dəfədir ki, gördüyü bu adamın nə istədiyi Sabir kişini maraqlandırdı. Qayıdıb ona tərəf gəldi. Düz bərabərinə çatıb salam verdi. - Eşidirəm sizi, - dedi. Xəfiyyə son dərəcə təmkinlə sözə başladı:

- Sizin tikinti şirkətiniz var, elə deyilmi?

Sabir kişi gülümsünüb cavab verdi:

- Hə, var.

- Yəqin çox varlısınız, eləmi?

- Mən sizi başa düşmədim, cənab, axı nə demək istəyirsiniz?

- Ola bilsin ki, deyəcəklərim sizi heyrətə gətirsin. Heç kəs bu dünyanı tutub getməyəcək. Elə sən də, mən də, bütün insanlar da, onların var-dövlətləri də, dost-tanışları da. Hətta ən yaxın adamları da. Amma insan hər şeyə səbrlə qalib gəlir.

Şirkət rəhbəri bir az narahat oldu. Qarşısındakı adamın başına hava gəldiyini fikirləşdi. Üzünu hələ də həyətdə, bir qədər kənarda durub onlara tamaşa edən sürücüyə tutdu:

- Qasım, bu adam kimdir, nə istəyir?

Qasım çiyinlərini çəkib başını aşağı saldı. Xəfiyyə vəziyyəti belə görüb “Vito”nun qapısını açaraq dedi:

- Sabir müəllim, olarmı, biz sizinlə salonda söhbət edək? Sizin üçün çox vacib olan bir məlumatı çatdırmaq istəyirəm.

Şirkət rəhbəri üçün heç bir məlumat qızını tezliklə görmək arzusu qədər vacib, ətrini duymaq qədər xoş ola bilməzdi. Geriyə döndü, evə qayıtmaq istədi. Lakin Qasımın hələ də həyəti tərk etmədiyini, hələlik ona məlum olmayan hansısa baş verə biləcək hadisəni seyr etməyə hazırlaşırmış kimi, kənarda durub onlara tərəf baxdığını görüncə fikrini dəyişdi. - Görəsən, sürücü ilə mənim tanımadığım bu adamı birləşdirən nədir? - deyə fikirləşib ayaq saxladı. İstər-istəməz iç dünyası təlatümə gəldi, sifəti allandı. Amma tezliklə özünü ələ ala bildi. Başını Nicatinin açdığı qapıdan içəriyə salanda bütün bədəni lərzəyə gəldi. Özünü cansız cəsədin üzərinə atıb bayıldı.

Xəfiyyə tam hazır vəziyyətdə gəlmişdi. Dəsmalı çıxarıb özü ilə gətirdiyi suda islatdı. Şirkət rəhbərinin sifətini və alnını bir neçə dəfə yüngülcə sildi. Yerdə qalan suyu onun üzünə çiləyib bir az özünə gətirdi. Sonra xüsusi həbi cibindən çıxardaraq Qasımın köməyilə, şokdan hələ də tam ayılmayan şirkət rəhbərinin dodaqlarını azca aralayıb dilinin altına qoydu. Sabir kişinin cibindən çıxartdığı bir topa açarı Qasıma verib mənzilin qapısını açmasını xahiş etdi. Qasım “Vito”nun sürücüsü ilə birlikdə Sabir kişinin qolundan yapışıb öz otağına qədər apardı. Onu divanın üstünə uzadıb dəhlizə çıxdı. Veysələ zəng edərək təcili İçərişəhərə, Sabir kişinin mənzilinə çağırdı.

Köməkçinin gəlişi uzun çəkmədi. Veysəl tikinti obyektindən bir qədər kənara çıxıb taksiyə əyləşərək, sürücüyə ən qısa yolla birbaşa İçərişəhərə sürmək göstərişi verdi. O, həyətə daxil olanda artıq Sabir kişinin səhhəti qaydasına düşmüşdü.

Şirkət rəhbəri üçün nə qədər ağır olsa da qızının bu şəhərdə ondan başqa heç kəsinin olmadığını, bir ata kimi dəfnin məsuliyyətinin onun üzərinə düşdüyünü dərk edərək özünü ələ almışdı. O, mənzilin qapısını açıb pilləkənlərlə aşağı düşdü. Veysəli görən kimi yenidən kövrəldi. Özünü onun üstünə atıb hönkür-hönkür ağladı. Köməkçinin də göz yaşları yanaqlarına süzüldü. Ondan başqa Sabir kişiyə təsəlli verəcək başqa bir kimsənin olmadığını fikirləşincə, özünü təmkinli aparmağa çalışdı. Çətinliklə də olsa ondan ayrılıb “Vito”nun qapısını açdı. Qasıma işarə edərək onunla birlikdə Gülyanın cəsədini avtomobildən götürdü. Şirkət rəhbəri də ixtiyarsız olaraq çiynini meyitin altına verdi...

Sabir kişi yeganə övladını dəfn edib mənzilinə qayıdanda axşam düşmüşdü. Sürücü Qasımla köməkçisi Veysəl də evlərinə getməyib, qəbiristanlıqdan birbaşa onun mənzilinə qayıtmışdılar. Şirkət rəhbərinin telefon nömrəsini, dəqiq ünvanını götürən xəfiyyə də bir azdan onun mənzilinə qayıdacaqdı. Sürücü axşam saat 10-da mənzilin qapısını açıb həyətə yenicə düşərək evlərinə getmək istəyirdi ki, Nicati qarşısına çıxdı:

- Sabir müəllim evdədirmi? - deyə soruşdu.

- Bəli, evdədir, - Qasım cavab verdi.

Xəfiyyə əli ilə çənəsini ovuşdurub, nəsə yadına salırmış kimi gözlərini məchulluğa zilləyərək üç-dörd saniyəlik sükutdan sonra soruşdu:

- Bura bax, Qasım, yəni Sabir müəllimin şəhərdə heç kəsi yoxdur?

Sürücü köks ötürüb qırıq-qırıq dilləndi:

- Yoxdur... Heç kəsi yoxdur Sabir müəllimin... Mərhum anasını da itirib... Yeganə övladını itirmək isə çox ağır dərddir.

- Bəs bayaq sonradan gələn orta yaşlı kişi kim idi? Sabir müəllimlə qucaqlaşıb kövrələn, yanaqlarından yaş süzülən kişini deyirəm, elə bil ən yaxın adamıdır, düzdü? - xəfiyyə soruşdu.

- Yox, elə bir doğmalığı yoxdur. Şirkət rəhbərinin köməkçisidir. Şəhərdə ilk tanış olduğu, ürək qızdırdığı adamdır, - Qasım cavab verdi.

Xəfiyyə sürücüyə uğurlu yol arzulayıb ondan ayrıldı. İti addımlarla pilləkənləri qalxıb qapının zəngini basdı. Veysəl yerindən durub qapıya yaxınlaşdı. Gözlükdən baxıb bir neçə saat əvvəl gördüyü Nicatini tanıdı. Üzünu şirkət rəhbərinə tutub:

- Sabir müəllim, “Vito”da gələn kişidir, - dedi.

- Qoy gəlsin, - Sabir kişi güclə eşidilən xırıltılı səslə dilləndi.

Veysəl qapını açıb xəfiyyəni içəriyə buraxdı. Şirkət rəhbəri ilə təklikdə söhbət etmək istəyən Nicati, onu yalnız qətllə bağlı bəzi xırda məsələlər haqda məlumatlandırıb otaqdan çıxdı.

●●●

Gülyanın dənizdə boğularaq qətlə yetirilməsi Sabir kişinin şübhələrini artırmışdı. İstirahət mərkəzindəki mənzildən bahalı zinət əşyalarının yoxa çıxması isə bu şübhələri bir neçə istiqamətə yönəltmişdi. Qulluqçunun xəbərsiz-ətərsiz itkin düşməsi, haqqında heç bir məlumatın olmaması onun konkret bir nəticəyə gəlməsinə imkan vermirdi.

Şirkət rəhbəri xəfiyyədən bəzi məlumatları alandan sonra xeyli fikirləşdi. Xəyal onu uzaqlara apardı. Öz-özünə: - Ah, yazıq qızım, həyatda səadət xoşbəxtliyinin nə olduğunu bilmədi, körpə qığıltısı eşitmədi, ana qayğısını yetərincə görmədi, - deyib köks ötürdü. Gözlərindən damla-damla yaş axıb yanaqlarına, ordan da dodaqlarına qədər süzüldü. Gecəni Sabir kişi ilə bir yerdə keçirməyi qərarlaşdıran Veysəl, stolun üstündəki salfet kağızını götürüb onun göz yaşlarını sildi. Özünün də gözündən iki damla yaş axdı. Bu, şirkət rəhbərinin nəzərindən yayınmadı. Son dərəcə üzüntülü səslə:

- Allah köməyin olsun, ay oğul, belə hüznlü, qəmli-kədərli vaxtda mənimlə birlikdə olmağını heç nə ilə əvəz etmək olmaz, - dedi. - Nə yaxşı ki, dünya sənin kimi gözəl insanlardan xali deyil.

Sabir kişi bunu deyib nəyisə xatırlayırmış kimi yenidən fikrə getdi. Nəsə yadına düşdü. Qəflətən dilləndi:

- Görəsən, qulluqçu hara gedə bilər?

- Çox maraqlıdır, - Veysəl dedi, - Allah bilir, o bədbəxtin başına hansı oyunu açıblar, heç xəbər-ətər də yoxdur.

- Doğrudan da maraqlıdır, - şirkət rəhbəri təəccübləndi. Başını bulayıb əlavə etdi:

- Gün ərzində bir neçə dəfə cəhd etsəm də mobil telefonuna zəng çatmadı.

- Elə mənim özüm də çox narahat oldum. Zənglərin də heç bir nəticəsi olmadı. Görəsən, harda itib-batıbdır? Onun yoxa çıxması qatilin tapılmasını çətinləşdirir, - şirkət rəhbərinin köməkçisi dedi. - Ona görə də ilk növbədə Xatirənin tapılması lazımdır.

- Hə, düz deyirsən, - Sabir kişi dilləndi, - ancaq məni bir şey düşündürür.

- Nədir o elə? - Veysəl təəccübləndi.

- Qətlin məhz sonuncu gün baş verməsi adamı bir az çaşdırır. Bir də ki, Qasımın dediyinə görə, sonuncu dəfə qulluqçudan açarı onun özü alıb. Ancaq açar qulluqçunun özünə deyil, Gülyaya məxsus olub. Onlar dənizdən gələnə qədər sürücü Xudata gedib qayıtmaq, qadınların sifarişi ilə qəsəbədən aldıqlarını mənzilə qoymaq istəyirmiş. Bu da maraqlıdır, deyilmi? Sən necə fikirləşirsən? - şirkət rəhbəri həyəcan içərisində dilləndi.

- Yəni deyirsiniz ki, sürücüdən şübhələnmək üçün...

Şirkət rəhbəri tez-tələsik köməkçisinin sözünü kəsdi. Şübhələrini bu tezliklə büruzə verməsinə peşman oldu:

- Yox, yox, sən nə danışırsan, - dedi, - sadəcə mən demək istəyirdim ki, kimsə qadınların Bakıya qayıdacağını əvvəldən öyrənə bilib.

Veysəl bir az fikirləşib onun sözlərini təsdiqlədi:

- Hə, haqlısınız, Sabir müəllim. Görünür, istirahət mərkəzinə gedən gündən kimsə qadınları izləyir, onların haqqında məlumat toplayırmış.

Köməkçinin sonuncu fikirləri şirkət rəhbərinin bayaqkı şübhələrini bir qədər başqa istiqamətə yönəltdi. Üç həftə bundan əvvəl - Nabrandan Bakıya qayıdanda Altayla Cəsarətin Xudat qəsəbəsində onunla qarşılaşması yadına düşdü. Bədənindən soyuq bir gizilti keçdi. Nədənsə bu haqda birbaşa danışmaq istəmədi. Söhbəti fırladıb tikinti obyektində baş verən yanğının üzərinə gətirdi. Dedi:

- Kiçik ofisdəki yanğını xatırlayırsanmı?

- Xatırlayırsan da sözdür? - Veysəl cavab verdi. - Hələ indiyə qədər də xəyalımdan çıxara bilmirəm.

Şirkət rəhbəri başını aşağı salıb xəyala getdi. Yaşca özündən kiçik olsa da köməkçisinin ona verdiyi, lakin əməl etmədiyi məsləhətləri yadına düşdü. Cəsarətin işdən uzaqlaşdırılmasının səbəblərini çoxsaylı işçilər qarşısında elan etdiyinə görə peşmançılıq çəkdi. Başını qaldırıb suçlu-suçlu Veysələ baxaraq ağır-ağır dilləndi:

- Yanğın hadisəsinin Cəsarət tərəfindən törədildiyini ehtimal etmək olarmı?

Sabir kişinin bu sualı qətllə bağlı öz fikirlərini bildirmək üçün Veysələ şərait yaratdı. Şirkət rəhbərinin ürəyindən keçənləri duyurmuş kimi, onu qabaqlayıb dedi:

- Doğrusu, bu adamın hərəkətlərindən şübhələnirəm. Amma məni daha vacib bir məsələ narahat edir.

Sabir kişi təəccüblə köməkçisinin üzünə baxdı:

- Nəyi nəzərdə tutursan?

- Əgər işdən uzaqlaşdırılmasına görə həqiqətən də ofisdəki yanğını Cəsarət törədibsə, onda qətl məsələsində də bu adamdan şübhələnmək olar. Amma bunu sübut etmək lazımdır. Biz bu istiqamətdə çalışmalıyıq.

- Sən haqlısan. Doğrusu, elə mən də bu cür fikirləşirdim. O vaxt sənin sözünü qəribçiliyə saldım, gərək bunu hamının qarşısında açıq şəkildə elan etməyəydim, görünür, çox kin-küdurətli adamdır, - deyə Sabir kişi də öz fikrini bildirdi. Amma nədənsə ehtiyatlanırmış kimi sözünü yenə də birbaşa deməkdən çəkindi. Sözlərinə ara verdi. Yayın cırhacırında Gülyasız otağın havası onu üşütdü. Deyəcəkləri çox olsa da, bundan o yana dili söz tutmadı. Handan-hana araya çökən sükutu pozmaq istəyirdi ki, Veysəl onu qabaqladı:

- Sabir müəllim, Altay barədə nə fikirləşirsiz? Sizin keçmiş kürəkəninizi deyirəm.

- Elə mən də bu barədə danışmaq istəyirdim. Sən özün də şahid oldun ki, “Səməd Vurğun” bağında bu adamla təsadüfən rastlaşanda özünü yüz ilin düşməni kimi aparırdı. Amma onun təkbaşına, həm də Nabran kimi bir yerdə kimisə qətlə yetirməsinə inanmıram. Əgər bu qətldə onun iştirakı varsa, deməli, kiminləsə əlbir olub.

Sabir kişi bu sözləri deyib yenə də susdu. Gözləri divardakı saata sataşdı. Artıq gecə saat üç idi. Elə pal-paltarlı uzandığı yerdəcə mürgülədi. Həmişə vüqarlı, dəyanətli, polad kimi möhkəm iradəli Sabir kişini bu vəziyyətdə görən Veysəlin ona sanki yazığı gəldi. Bir azdan özü də oturduğu yerdə yuxuya getdi.

●●●

Şirkət rəhbərini yuxudan Nicatinin telefon zəngi oyatdı. Xəfiyyə onunla təkbətək görüşmək, bəzi məlumatlar almaq, bu məlumatların əsasında araşdırma aparmaq istəyirdi. Sabir kişi görüş vaxtını təyin edib telefonu qapatdı. O, xəfiyyə ilə elə öz mənzilindəcə söhbət edəcəkdi. Veysəli obyektə yola salandan sonra oturub onun yolunu gözlədi. Yarım saat keçməmişdi ki, “Vito” həyətdə dayandı. Şirkət rəhbəri səs eşidib pəncərədən bayıra baxdı. Cəmi bircə dəfə görsə də, məğrur görkəmli xəfiyyəni elə o dəqiqə tanıdı. Həyətə düşüb qarşılamaq istədi. Nicati cəld tərpənib özü mənzilə qalxdı. Təklif olunan yerdə əyləşən kimi şirkət rəhbərini suala tutdu. Dedi:

- Sabir müəllim, mərhum qızınızın istirahət mərkəzinə nə vaxt getdiyini dəqiq xatırlayırsızmı?

- Əlbəttə, xatırlayıram, avqust ayının 6-da səhər tezdən Nabrana yola düşmüşük.

- Mərhum yalnız qulluqçu ilə birlikdəmi getmişdi, yoxsa...

Şirkət rəhbəri xəfiyyənin sözünü kəsdi:

- Yox, yox, siz nə danışırsız, mən onu özüm müşayiət etmişəm.

- Qulluqçu qadını çoxdan tanıyırdız? - Nicati başını aşağı salıb oğrun-oğrun şirkət rəhbərinin sifətinə baxdı.

- O qədər də yox. Bunu nəyə görə soruşursuz?

- Heç, elə-belə soruşdum, - xəfiyyə dedi. Bir az fikirləşib əlavə etdi:

- Qulluqçu ilə birbaşa siz özünüz tanış olmuşdunuz?

- Əlbəttə, yox.

- Xahiş edirəm, bir az ətraflı danışın.

Şirkət rəhbəri etiraz etmədi. Ağır-ağır sözə başladı:

- Mən bu şəhərə cəmi bir ilə yaxındır ki, gəlmişəm. O vaxt bələdçiliyim yox idi. Şəhəri yaxşı tanımırdım. Yolda Veysəl adlı yaxşı bir adama rast gəldim. Tanışlıqdan təxminən iki ay keçəndən sonra qızım üçün qulluqçu tapmasını xahiş elədim. O da məni Xatirə ilə, indi yoxa çıxan qadınla tanış etdi.

- Hə, sizin köməkçini deyirsiniz, eləmi? - Nicati soruşdu.

Sabir kişi təəccübünü gizlətmədi:

- Bəli, onu deyirəm. Maraqlıdır, siz onu hardan tanıyırsız?

Xəfiyyə şirkət rəhbərinin səsindəki təəccübü elə o dəqiqə sezdi. Xarakterinə yaraşmayan tərzdə, təvazökarlıqdan bir az kənar cavab verdi:

- Burda təəccüblü bir şey yoxdu, cənab, bu bizim işimizdir. Ancaq indi əsas məsələ bu deyil. Zəhmət olmasa deyin görək, Xatirənin mərhum qızınıza göstərdiyi qulluqdan razı idinizmi?

- Əlbəttə, sizi başa düşdüm. Mən qızıma təkcə qulluqçu deyil, həm də əsl ana kimi yanaşan, onun qayğısını çəkən qadından narazı ola bilmərəm, - Sabir kişi dedi. Və ironiya ilə əlavə etdi: - Yəni o da sizə şübhəli görünür?

- Yox, mən elə demək istəmirdim, - xəfiyyə cavab verdi. - Sizin təmasda olduğunuz adamların hamısı haqda məlumat toplamaq işimizi asanlaşdırardı. Amma heyf ki, qulluqçunun özü ilə birbaşa söhbət edə bilmirik. Allah bilir, zavallı qadının başına nələr gəlib.

Nicatinin izahatı şirkət rəhbərinin nigarançılığını aradan qaldırdı. Bunu altdan-altdan Sabir kişini süzən xəfiyyə də sezdi. Onların hər ikisi susdu. Nicati adəti üzrə dirsəyini stolun üstünə dirəyib əli ilə başını qaşıdı. Belə hərəkət onun nəsə fikirləşdiyini, götür-qoy etdiyini göstərirdi. Xəfiyyənin bu vərdişi Sabir kişiyə məlum olmasa da, qonağının əbəs yerə susmadığını başa düşdü. Susub onun verəcəyi sualları gözlədi. Bayaqdan fikrə gedən Nicati qəflətən başını qaldırıb şirkət rəhbərinin düz gözlərinin içinə baxdı:

- Sürücüdən şübhələnmirsiz ki? - deyə soruşdu.

Sabir kişi gözləmədiyi bu sualdan diksindi. Bir az özünü itirən kimi oldu. Cavab verməyə tələsmədi. Oturduğu yerdən ayağa qalxıb əlini sinəsində çarpazladı. Otaqda gəzinməyə başladı. Xəyala daldığı, nə haqdasa fikirləşdiyi açıq-aşkar hiss olunurdu. Sonuncu dövrəni vurub yerində oturdu. Gülyanı istirahət mərkəzinə apardığı gün, görüb eşitdiklərini yenidən gözlərinin qarşısında canlandırdı. Doluxsundu. Yanaqlarından iki damla göz yaşı süzülərək stolun üstünə düşdü. Dəsmalını çıxarıb gözlərini və yanaqlarını sildi. Özünü ələ alıb asta-asta sözə başladı:

- Biz Nabrana çatan kimi mənzil kirayələmək məqsədi ilə bir neçə istirahət mərkəzinə baş çəkdik. Nəhayət bizi qane edən ərazidə mənzil tapıb elə oradaca haqqını ödədik. Qulluqçu qadınla sürücü, “Hummer”in baqajındakı bəzi əşyaları mənzilə daşıdılar. Onların içərisində Gülyanın çox bahalı zinət əşyaları, ləl-cəvahirat da vardı. Qızım bir yerdən başqa yerə gedəndə onu həmişə özü ilə götürərdi. Sürücü xüsusi çantaya yığılmış həmin zinət əşyalarını götürüb mənzilə apardı. İçəriyə daxil olan kimi necə oldusa qəflətən çantanın ağzı açıldı. İçərisindəki daş-qaşlar xalçanın üzərinə töküldü. Sürücü qəribə tərzdə içini çəkərək “Ay xanım, bunun hamısı sizindir?” - deyə sual verdi. Gülya onun bu sualını yüngülvari gülümsəməklə cavablandırdı. Doğrusu, mən də əhəmiyyət vermədim. Amma etiraf edim ki, həmin an daxili narahatlıq keçirdim, elə bil içimdə nəsə qırıldı...

Şirkət rəhbəri bu yerdə kövrəldi, sözünün ardını gətirə bilmədi. Başını aşağı saldığına baxmayaraq, bütün diqqətini Sabir kişiyə yönəldən xəfiyyə də susdu. Onun bu vəziyyətdən çıxaraq sözünə davam etməsini gözlədi. Amma şirkət rəhbəri susmaqda davam edirdi. Bunu görən Nicati sükutu yenə də özü pozmalı oldu:

- Sizin sözlərinizdən belə məlum oldu ki, şübhələndiyiniz adam elə öz sürücünüzdür, deyilmi?

- Bu, əlbəttə ki, gəldiyim tam qənaət deyil. Amma hər halda gözlərimlə gördüyüm, qulaqlarımla eşitdiyim faktlar barədə məlumat verdim, - deyə şirkət rəhbəri bildirdi.

- Elə isə sizin başqa faktlarınız da varmı?

- Siz sürücü ilə bağlı faktları nəzərdə tutursuz?

- Bəli, - xəfiyyə cavab verdi.

Sabir müəllim nəyisə xatırlamağa çalışırmış kimi, başını əlləri arasına alıb bir-iki dəqiqə susdu. Xəfiyyənin üzünə baxıb bir qədər qətiyyətlə dedi:

- Yox, mənim sürücü ilə bağlı şübhələrim yalnız bundan ibarətdir.

- Hə, əlbəttə, mən sizi başa düşürəm, xahiş edirəm, özünüzü ələ alın, - xəfiyyə dedi. - Daha kimlərin hərəkətləri sizin üçün şübhəli görünür?

Şirkət rəhbəri Altayla Cəsarətin adını çəkmək istəsə də, faktlara əsaslanmadığı üçün fikrindən daşındı. Ona elə gəldi ki, xəfiyyə bunu sadəlövhlük və məntiqsizlik kimi qiymətləndirəcəkdi. - Elə ciddi şəkildə şübhəli görünən başqa birisini xatırlamıram, - deyə cavab verdi.

Sabir kişi büruzə verməsə də, Nicati onun tərəddüd etdiyini dərhal başa düşdü:

- Yaxşı fikirləşin, ola bilsin ki, sizin üçün əhəmiyyətsiz görünən hər bir xırda detal həlledici əhəmiyyət daşısın, - dedi.

Bu izahat şirkət rəhbərini sanki cəsarətə gətirdi. O, hər şeyi olduğu kimi danışmağa başladı. Sabir kişinin verdiyi məlumatları diqqətlə dinləyən xəfiyyə özü ilə gətirdiyi əl çantasını açıb içərisindən bir videokaset çıxartdı. Üzünu şirkət rəhbərinə tərəf tutub ehtiyatla:

- Əlbəttə, sizin üçün həddən artıq ağırdır, amma qatilin tapılması üçün çox vacibdir, - dedi.

Sabir kişi həyəcanlandı:

- Cənab, siz nəyi nəzərdə tutursunuz? Söhbət nədən gedir?

Nicati əlindəki videokaseti şirkət rəhbərinə göstərdi:

- Əgər icazə versəydiniz, bəzi görüntülərlə tanış olardıq. Ola bilsin ki, onları izlədikdən sonra nəyisə xatırlaya biləcəksiz.

Şirkət rəhbərinin ürəyi çırpındı. - Görəsən, kasetdəki nə ola bilər? Onu izləməyi bacara biləcəyəmmi? - deyə özünə sual verdi. Az qaldı ki, ürəyi partlasın. Xəfiyyənin təklifinə etiraz etmək istəsə də bacarmadı. Maraq ona güc gəldi. Canını dişinə tutub dedi:

- Əgər məsləhətdirsə, qoy olsun.

Sabir kişi razılıq verib ayağa qalxdı. Ağır-ağır televizora tərəf addımladı. Xəfiyyənin gətirdiyi kaseti videomaqnitofona qoydu. Dərhal da geri çəkilib Nicatinin yanında oturaraq televizoru işə saldı. Həyəcandan bütün bədəni titrədi. Gözlərini yumub açdı. Televizorun ekranında Nabran meşəsi, qəsəbədəki istirahət zonaları, Xəzər dənizi, çimərliklər və dincəlməyə gələn çoxsaylı turistlərin surətləri canlandı. Gülya ilə bağlı hələlik heç nəyi xatırlatmayan bu görüntülər Sabir kişi üçün həddən artıq darıxdırıcı və cansıxıcı idi.

Daha üç-dörd dəqiqə də keçdi. Şirkət rəhbərinin ürəyini üzən, hər anı ox kimi köksünə sancılan videogörüntülərin yayımı başladı. Sabir kişi dəniz kənarında qulluqçu qadınla Gülyanı görəndə gözləri yaşla doldu. Videotəsvirin ardına baxmaq istəmədi. Qorxdu. Ona elə gəldi ki, izləyəcəyi hər sonrakı kadrda bir-birindən dəhşətli səhnələrin təsvirləri canlanacaq. Xəyalında canlandırdığı bu üzücü kadrlardan yaxa qurtarmaq üçün idarəetmə pultunu əlinə götürüb televizoru söndürmək istədi. Xəfiyyənin bayaq dedikləri yadına düşüncə, qatilin tapılması istəyi içindəki qorxu hissini üstələdi. Fikrindən daşındı. İdarəetmə pultunu stolun üstünə qoyub görüntülərin ardını səbrlə izləməyə başladı.

Videogörüntüdə orta yaşlı bir kişinin yavaş-yavaş qulluqçu qadınla Gülyaya tərəf yaxınlaşaraq onlarla nəsə danışdığı, qadınların bu adamla mübahisə etdikləri təsvir olunurdu. - Hə, odur, lap özüdür, Cəsarətdir, - deyə Sabir kişi pıçıldadı. Möhkəm həyəcanlansa da, görüntünün ardını izləməkdə davam etdi. Bir az irəlidə başqa bir kişinin, əlləri ilə Cəsarətə işarə verdiyi açıqca göründü. - Bu da həmin o lənətə gəlmiş Altaydır, - dedi. Elə bu an Nicati dilləndi:

- Daha burdan o tərəfə lentə alınanların araşdırdığımız məsələlərə aidiyyəti yoxdur.

Sabir kişi idarəetmə pultunu əlinə götürüb televizoru söndürdü. Xəfiyyə soruşdu:

- Hə, Sabir müəllim, gördüyünüz bu adamların sizin qızınızla, yaxud qulluqçu qadınla hansısa əlaqəsi var? Şəxsən siz özünüz onları tanıyırsızmı?

Şirkət rəhbərinin izlədiyi sonuncu səhnə onun sürücü haqda şübhələrini alt-üst etdi. Xeyli susdu. Nabrandan qayıdarkən bu adamlarla Xudat bazarında qarşılaşdığı səhnəni xəyalında canlandırdı. Həmişəki kimi ağır-ağır sözə başladı. Cəsarətin tikinti şirkətində iş icraçısı işləməsindən, onun şirkətə vurduğu ziyandan, buna görə şirkətdən xaric edilməsindən tutmuş yanğın hadisəsinə qədər eşitdikləri haqda xəfiyyəni məlumatlandırdı. Şirkət rəhbəri Altayın onun qızının həyatına daxil olması, Bakıya köçəndən sonra onlara hədə-qorxu gəlməsi haqda da Nicatiyə dolğun məlumat verdi. Xəyyamla bağlı xoşagəlməz hadisə barədə də ətraflı izahat verərək, onun idarə etdiyi “Hyundai”ın nömrəsi yazılmış kağız parçasını cibindən çıxarıb xəfiyyəyə uzatdı.

Sabir kişinin hər bir kəlməsini diqqətlə dinləyən, hətta məlumat verərkən sifətinin ifadəsinin necə dəyişdiyini belə izləyən xəfiyyə soruşdu:

- Bu videogörüntülər sürücü haqda şübhələrinizdə dəyişiklik yaratdımı?

- Müəyyən dəyişikliklər oldu. Amma bu adamların sürücü ilə əlaqəli olmadığına tam əmin deyiləm, - şirkət rəhbəri cavab verdi.

- Mən sizi başa düşdüm, yəqin ki, qətl-qarətlə bağlı əlaqələrdən söhbət gedir, - deyə Nicati dilləndi.

- Bəli, elədir.

- Bəlkə də siz haqlısınız, amma həyatda elə qəribə hadisələr baş verir ki...

Xəfiyyə susdu. Nədənsə ehtiyat edirmiş kimi fikrini tam çatdırmaqdan çəkindi. Sualını davam etdirdi:

- Altayın keçmiş arvadına qarşı xoşagəlməz münasibəti inandırıcı görünə bilər. Amma tikinti obyektində cəmi iki ay işləyən Cəsarətin şirkətdən uzaqlaşdırılmasına birbaşa qətl-qarətlə cavab verməsi bir qədər şübhəlidir. Bunun üçün vəhşi xisləti lazımdır. Buna əminsinizmi?

- Eşitdiyimə görə həddən artıq kinli, küdurətli adamdır. Hətta dəvədən də artıq.

- Belə məlum olur ki, siz bu adamı o qədər də yaxından tanımırsız. Elə isə onun xarakteri barədə bu məlumatlar sizdə hardandır? - Nicati soruşdu.

- Bunu mənə öz köməkçim deyib, - şirkət rəhbəri cavab verdi.

- Yəqin ki, etibar etdiyiniz ən yaxın adamınızdan, Veysəldən söhbət gedir, eləmi?

- Elədir. Deyəsən, mən bu adamın haqqında sizə danışmışam, çox yaxşı, etibarlı oğlandır, - deyə Sabir kişi cavab verdi.

Şirkət rəhbəri adəti üzrə gözlərini məchulluğa zilləyib bir neçə saniyə susdu. Nəyisə xatırlayıb yadına salaraq əlavə etdi:

- Hə, onu da deyim ki, tikinti obyektində gizli kamera quraşdırmışdım. Oğurluq faktları haqda köməkçinin verdiyi məlumatları sonradan izlədiyim videolent də təsdiqlədi.

Nicati soruşdu:

- Dediyiniz kameradan özünüzdən başqa kimsənin xəbəri var idimi?

- Kameranı şəxsən mən özüm quraşdırmışam, - Sabir müəllim cavab verdi.

- Yəqin ki, bu videolenti köməkçinizlə birlikdə izləmisiniz, deyilmi? - Xəfiyyə maraqlandı.

- Xeyr, tək izləmişəm, - şirkət rəhbəri bildirdi.

Nicati alnını qırışdırıb fikrə getdi. Handan-hana dilləndi:

- Artıq getmək vaxtıdır. Yəqin ki, Veysəl də öz köməkliyini əsirgəməyəcək.

- Hə, əlbəttə, - Sabir müəllim dedi. - Yəqin ki, rəsmi orqanlar da axtarışı davam etdirirlər.

- Narahat olmayın, bu qətl-qarət hadisəsi ilə bağlı Xaçmaz rayon polis şöbəsi məşğuldur. Biz birlikdə işləyirik.

Xəfiyyə bunu deyib ayağa qalxdı. Şirkət rəhbəri ilə sağollaşıb həyətə düşdü. Avtomobilə əyləşib ərazini tərk etdi.

●●●

Veysəl səhər tezdən tikinti obyektinə gələndə hələ xeyli kənardan, yanmış ofisin yerində tikilən kiçik otağın qarşısında bir kişinin dayandığını gördü. Diqqətlə baxsa da tanımayıb təəccübləndi. Bir qədər də irəliləyib ofisin təxminən 20-25 metrliyinə çatdı. Başında yüngül yay şlyapası, əlində kiçik çanta olan bu adamın sifəti yalnız indi tanış gəldi. O, üç-dörd gün bundan əvvəl Sabir kişinin mənzilində gördüyü xəfiyyə idi. Veysəl bu adamı tanıyan kimi mərhum Gülyanın siması gözlərinin qarşısında canlandı. İxtiyarsız olaraq qəlbi qaraldı. Özünü toxtaq tutub lap yaxına getdi. İkiəlli salam verib soruşdu:

- Yəqin ki, sizə Sabir müəllim lazımdır, eləmi?

- Hə, bağışlayın, deyəsən biz tanışıq. Mən Nicatiyəm. Amma biz Sabir müəllimlə görüşmüşük.

- Mən də sizi tanıdım, cənab, adım Veysəldir, - köməkçi dedi. - Elə isə siz kimi axtarırsız?

- Mərhum xanımın qətli ilə bağlı sizinlə söhbət etməliyik. Sabir müəllim sizin haqqınızda mənə danışıb. Bu ailənin ən yaxın adamı kimi bizə kömək edə bilərsizmi?

- Əlbəttə, əlimizdən gələni edə bilərik, - Veysəl dedi. Qapını açıb Nicatini ofisə dəvət etdi.

Xəfiyyə içəriyə daxil olub təklif olunan yerdə əyləşdi. Elə əyləşən kimi də sual-cavaba başladı:

- Cəsarət haqqında nələri bilirsiniz? Bizə bu adamın bir insan kimi xarakteri, onun xasiyyəti, indiyə qədərki həyatı barədə məlumat lazımdır. Əgər bu istiqamətdə köməyinizi əsirgəməsəniz sizə minnətdar olardıq.

- Yəqin ki, sizin bu haqda Sabir müəllimlə də söhbətiniz olub, hə? - Veysəl soruşdu.

Nicati başını aşağı salıb şəhadət barmağı ilə qaşlarının arasını qaşıdı. Bununla sanki hansısa qərara gəlmək üçün vaxt qazanmaq istədi. Başını yuxarı qaldırmadan dedi:

- Yox, yox, narahat olmayın, yəqin siz də razılaşarsınız ki, məlum səbəblərdən Sabir müəllim məlumatsız adamdır. Şirkət rəhbəri həm də hüznlü olduğu üçün biz onunla çox danışmadıq.

Köməkçi bir an fikrə getdi. Nicatinin açıqca hiss edə biləcəyi şəkildə dərindən köks ötürüb sözə başladı:

- Əlbəttə, övladının qətli ilə bağlı söz demək hər kəs üçün çox ağırdır. Amma bir şey mənə bəllidir ki, Sabir müəllim kimi gözəl insanın düşməni ola bilməz.

- Fikrinizi bir qədər açıq bildirərsinizmi? - deyə xəfiyyə köməkçiyə müraciət etdi.

Veysəl nədənsə ehtiyat edirmiş kimi nisbətən alçaq səslə cavab verdi:

- Mən vaxtilə İnşaat Mühəndisləri Universitetində Cəsarətlə eyni qrupda təhsil almışam. Etiraf edim ki, bu adam universiteti əla qiymətlərlə başa vurub. Tikinti sahəsində əsl mütəxəssisdir. Sabir müəllim gördüyünüz bu yaşayış kompleksini inşa etmək fikri ilə Bakıya gələndə tikinti işlərinə mütəxəssis və fəhlələri cəlb etmək üçün elan verməli oldu. Başqaları ilə birlikdə Cəsarət də sənədlərini təqdim edib iş icraçısı kimi fəaliyyətə başladı. Amma çox keçmədi ki, obyektdən oğurluq etdiyinə görə işdən uzaqlaşdırıldı.

- Hə, bax bu mənim üçün yeni məlumatdır. Siz buna əminsinizmi? - xəfiyyə soruşdu.

- Əlbəttə, əminəm. Mən bunu öz gözlərimlə görmüşəm. Kimliyindən asılı olmayaraq Sabir müəllimin şirkətindən oğurluq etməsinə dözə bilməzdim.

- Oğurluq hadisəsi gündüz baş verib?

- Xeyr, - Veysəl istehzalı təbəssümlə cavab verdi. - Əlbəttə ki, gecə saatlarında.

- Dediniz ki, Cəsarət bacarıqlı mütəxəssisdir. Bu halda ona əlavə şans verib şirkətdə saxlamaq olardı. Görünür, Sabir müəllim səbirsizlik edib.

- Düzünü bilmək istəsəniz, onun şirkətdə qalmasına mən də razı olmazdım. Amma...

Xəfiyyə onun sözünü kəsdi:

- Əlbəttə, mən sizi başa düşürəm. Bu, sizin şirkət rəhbərinə sadiqliyinizdən, etibarlı adam olmağınızdan irəli gəlir.

Köməkçinin qoltuğu qarpızlandı:

- Şübhəsiz ki, belədir, başqa cür ola bilməz. Amma mən oğurluq hadisəsinin çoxsaylı şirkət işçiləri qarşısında elan edilməsinin tərəfdarı deyildim.

- Maraqlıdır, burda nə var ki? Əksinə, hamı onun aqibətindən ibrət götürməlidir, - Nicati təəccüblə soruşdu.

- Bilirsiniz, məsələnin başqa tərəfi də var...

Xəfiyyə kəmhövsələlik etdi:

- O nədir elə?

- Cəsarət çox kinli, küdurətli, xırda bir işdən ötrü amansız qisas almağa hazır olan adamdır.

- Bəs bunu Sabir müəllimə deməmişdiniz?

- Demişdim, amma...

Veysəl sözünü yarımçıq kəsib susdu. Dərindən köks ötürdü. Diqqətini büsbütün köməkçinin ifadələrinin məntiqinə yönəldən Nicati, onun sözlərinin bitdiyinə əmin olandan sonra soruşdu:

- Əlbəttə, şirkətin işçilərini siz məndən, hətta Sabir müəllimdən də daha yaxşı tanıya bilərsiniz. Və etibarlı adamı olduğunuza görə şirkət rəhbəri şübhəsiz ki, sizə inana bilər. Amma oğurluq faktını istintaqı aparan orqanlara sübut etmək lazımdır. Belə bir sübutunuz varmı?

Veysəl tutuldu. Əvvəl nə deyəcəyini kəsdirə bilmədi. Sonradan nəsə fikirləşib cavab verdi:

- Hə, hə, şübhəsiz ki, var. Obyektdə quraşdırılmış gizli kamera yəqin ki, hər şeyi lentə alıb.

- Çox gözəl. Kameranı siz quraşdırmısınız? - Nicati soruşdu.

Veysəl duruxdu:

- Yox.. Yox... Mən quraşdırmamışam.

Xəfiyyə ayağa durdu. Otaqda bir dəfə dövrə vuraraq qayıdıb yerində oturdu. Dedi:

- Deyəsən, çox maraqlı nəticəyə gəlib çıxdıq. Sizcə, Cəsarətin qətldə əli ola bilməz ki?

Bu dəfə Veysəl ayağa qalxdı. Dərindən ah çəkərək elə birnəfəsə:

- Çox şübhəli görünür. Sabir müəllimin qızı ilə eyni gündə Nabrana getməsini hər halda təsadüf hesab eləmək olmaz. Görünür, mərhumu izləyirmiş, - dedi.

Nicati maraqlandı:

- Yəni Cəsarət Gülyanı tanıyırdı?

- Düzünü deyim ki, yox. Amma mərhumun keçmiş əri ilə, Altayla əlaqədə olması şübhəsizdir, - Veysəl dedi. - Yəqin ki, bu barədə Sabir müəllim sizə danışıb.

- Hə, Altay barədə eşitmişəm, - xəfiyyə dedi, - bəs onu necə tapmaq olar?

- “Səməd Vurğun” bağında tez-tez olur. Səhv etmirəmsə Keşlə qəsəbəsində yaşayır. Mən sizi onunla tanış edərəm, - deyə Veysəl cavab verdi.

Köməkçi ilə söhbətindən məmnun qalan Nicati:

- Köməyinizə görə minnətdaram, cənab, ümid edirəm ki, tezliklə görüşəcəyik, - dedi. Ayağa qalxıb Veysəllə xudahafizləşdi. Bayıra çıxıb “Vito”ya əyləşdi...

●●●

Polkovnik İbayev iki nəfər mülki geyimli polis işçisi ilə birlikdə səhər tezdən “Səməd Vurğun” bağındakı oturacaqlardan birində əyləşib Nicatinin gəlişini gözləyirdi. Xəfiyyə əvvəlcədən təyin olunmuş vaxtda gəlib çıxdı. Onlarla görüşüb təlimatlandırdıqdan sonra bağın əks tərəfinə keçdi. Köməkçi də vaxtında gəlmişdi. Onlar gah bağın kənarları boyunca gəzişir, gah da bir yerdə dayanaraq oğrun-oğrun Altayın yolunu gözləyirdilər.

Təxminən on beş dəqiqə keçmişdi ki, Veysəlin gözləri, avtobusdan düşüb onlara tərəf gələn kişiyə sataşdı. Diqqətlə baxdı. Altaya oxşayırdı. Köməkçinin məsləhəti ilə onlar bir tərəfə çəkilib gələn adamın lap yaxınlaşmasını gözlədilər. Veysəl yanılmamaşdı. Həmin adam Altay idi. Xəfiyyə bunu dəqiqləşdirib bağın əks tərəfində dayanaraq onun hər bir hərəkətini diqqətlə izləyən, işarə gözləyən İbayevə tərəf baxdı. Veysələ kənarlaşmaq göstərişi verib, asta-asta Altaya tərəf addımladı. Düz bərabərinə çatıb salam verdi. Soruşdu:

- Üzr istəyirəm, cənab, bu yaxınlarda çayxana var?

Altay dəmiryol vağzalı tərəfə gedən istiqaməti göstərdi. Sonra əlini əlinə vurub qəhqəhə çəkdi. Kəkələyə-kəkələyə dedi:

- Rəhmətliyin nəvəsi, yayın cırhacırında çay olar?

Nicati güldü:

- Bəs siz nə məsləhət görürsünüz?

- Əlbəttə ki, pivə, - Altay bic-bic gülümsədi. - Çaxır olsa lap əla olar.

Onun davranışı, verdiyi cavablar xəfiyyəyə qəribə gəldi. Deyəsən normal adama oxşamırdı. Onu suala tutmağa başladı:

- İçməyi xoşlayırsan?

- Kim xoşlamır ki?

- Hər gün içirsən?

- İçkisiz günüm olmasın.

- Pulun çoxdur ki?

- Rəhmətliyin oğlu, məndə pul hardandı?

- Məgər sənə içkini pulsuz verirlər?

- Dost-tanış sağ olsun, alırlar, içirik.

- Dostun çoxdur?

- Bir neçəsi var də.

- Mənimlə dost olarsan?

- Nöş olmuram ki? Əlin cibində olsa, hə.

- Onda gəl getdik. Sən çaxır içərsən, mən də çay.

Nicati onunla razılaşıb yaxınlıqdakı kafeyə getdi. Bir şüşə çaxırla bir çaynik çay sifariş verib oturdu. On dəqiqədən sonra bayaqdan onlara göz qoyan İbayev də mülki geyimdə gəlib çıxdı. Polis işçiləri ilə birlikdə qonşu stolda əyləşib çay sifariş verdilər. Onların missiyası xəfiyyə ilə Altay arasındakı söhbəti gizli kamera ilə lentə almaq, lazım gəldiyi halda Altayı qətlin baş verdiyi Nabran qəsəbəsinə aparmaqdan ibarət idi. İbayev göz-qaşla hazır vəziyyətdə olduqlarını işarə etdi. Sonra xəfiyyə bayaqkı suallarının davamına başladı:

- Deyəsən, çox mərd oğlansan, həm də cəsarətlisən. Dostların da heç olmasa özün kimidir, yoxsa..?

- Hə, cəsarət dedin, yadıma düşdü. Pisləri də var, amma Cəsarət kimi yaxşıları da az deyil, - Altay irişdi.

Xəfiyyə tövrünü pozmadan soruşdu:

- O kimdir elə?

- Mənim ən yaxşı dostumdur.

- Yəni bu adama çox inanırsız?

- Əmioğlu, bu nə söhbətdir? Siz onu tanıyırsız? - Altay incik tərzdə soruşdu.

- Yox, əlbəttə, yox. Mən onu hardan tanıya bilərəm ki? Sadəcə indiki zəmanədə yaxşı dost tapmaq çətindi.

- Amma Cəsarət siz deyənlərdən deyil.

- Bunu nə cür sübut edə bilərsiz?

- Nə cür istəsən.

- Onu bura çağırsan, gəlib bir şüşə çaxır alar? - xəfiyyə soruşdu.

Altay cibindəki mobil telefonu çıxarıb Cəsarətin nömrəsini yığdı. Onunla görüşmək istədiyini bildirdi. Səməd Vurğunun heykəli yaxınlığında görüş təyin edərək telefonu qapadıb stolun üstünə qoydu. Onlar yarım saatdan sonra görüşəcəkdilər. Bayaqdan içdiyi çaxırın məstedici havası Altayı elə tutmuşdu ki, vaxtın necə keçdiyini hiss etmədi. Yalnız vaxta on dəqiqə qalmış, Nicati ona Cəsarətlə görüşəcəyini xatırlatdı. Altay cəld ayağa qalxıb iri addımlarla heykələ tərəf üz qoydu. İbayevin özü ilə gətirdiyi mülki geyimli polis işçiləri də hiss etdirmədən kafedən çıxıb onun ardınca getdilər.

Altay telefonu özü ilə götürməyi unutmuşdu. Xəfiyyə bundan istifadə edib onu əlinə götürdü. Yaddaş kitabçasındakı nömrələri bir vərəqə köçürüb cibinə qoydu. Sonra mesaj qutusuna baxdı. “O əclafa de ki, mənim arvadımdan əl çəksin. Ha... ha... ha... Mən bunu nə sənə, nə də qızına bağışlamayacağam. Ha... ha... ha...” sözlərini oxuyub təəccübləndi. İlk dəfə olaraq səriştəsinə şübhə ilə yanaşdı. Neçə gündən bəri gəldiyi qənaətlər haqda yanıldığını zənn edib, özünə inamını itirdi. O, şirkət rəhbəri və onun köməkçisinin bu adamlar barəsindəki şübhələri ilə razılaşmaq məcburiyyətində qalmışdı.

Xəfiyyə düşdüyü bu vəziyyətlə barışmaq istəməyib, xarakterinə yad olan özünəinamsızlıq hisslərini qovmağa çalışdı. Bir barmağı ilə asta-asta alnına döyəclədi. Nəsə yadına salmağa, şübhələrində yanılıb-yanılmadığını götür-qoy etməyə başladı. Elə bu vaxt bayırda, kafenin qapısı ağzında hənirti eşidib telefonu stolun üstünə qoydu. Qanrılıb geriyə baxdı. Gələn Altay idi. O, özü ilə 32-35 yaşlarında bir kişi gətirmişdi. Həmin kişi Altayın göstərişi ilə Nicatinin əyləşdiyi stolun arxasına keçdi. Tanımadığı bu adama salam verib adını söylədi:

- Mənim adım Cəsarətdir.

Xəfiyyə qəribə tərzdə güldü. Özündən başqa ad uyduraraq:

- Çox şadam, amma bilmirəm, təsadüfdür, yoxsa nədirsə, mənim də adım Cəsurdur, - dedi.

Onların hər üçü qəhqəhə çəkib güldü. Gülüşün ardınca araya gözlənilmədən çökən sükutu Altay pozdu:

- Hə, Cəsur, indi gördün, mənim necə dostum var?

Nicati əllərini yuxarı qaldıraraq dedi:

- Mən təslim oldum. Bu fani dünyada hələ də sədaqətli dostlar varmış. Sizinlə dostluq etməyə dəyər.

Bayaqdan fürsət gözləyən Cəsarət zarafata saldı:

- Bizimlə dostluğun şərti var, əlindən nə gəlir, nə bacarırsan? - deyə soruşdu.

Xəfiyyə utanırmış kimi başını aşağı salaraq:

- Doğrusunu deyim ki, heç bir sənətin sahibi deyiləm, - dedi. Və yenidən başını qaldırdı. Onların sifətinə baxaraq göz vurub əlavə etdi:

- Başqalarının, xüsusən də varlıların hesabına başımızı dolandırırıq.

Nicati bunu deyib daha bir şüşə çaxır sifariş verdi. Bu dəfə özünə də bir stəkan süzüb başına çəkdi. O tərəf-bu tərəfə boylanıb Cəsarətlə Altaya tərəf əyildi. Sağ əlinin baş barmağı ilə şəhadət barmağını bir-birinə sürtərək güclə eşidiləcək səslə:

- Belə adam tanıyırsız? - deyə soruşdu. - Varlıları deyirəm.

Altay cəld dilləndi:

- Hə, hə, tanıyıram. Sabir adlı bir kişidir. Çox varlı adamdır. Tikinti şirkətinin rəhbəri işləyir. Rusiyada da bir neçə şirkəti var. Amma yaşadıqları mənzilin ünvanını dəqiq bilmirəm.

- Eybi yoxdur, tikinti obyektinin ünvanını bilmək kifayətdir. İzləyib evini də tapmaq olar. Obyektin yerini bilirsən? - Nicati soruşdu.

- Hə, bilirəm. Amma eşitdiyimə görə qızı həmişə evdə olur. Adı da Gülyadır, - Altay cavab verdi.

Cəsarət onun səhvini düzəltməyə çalışdı:

- Yox, yox, sən nə danışırsan, Gülya Nabranda istirahətdədir...

Altay şərab dolu sonuncu stəkanı başına qaldırıb onun sözünü kəsdi:

- Yox, Sitarə dedi axı. O, bir neçə gün bundan əvvəl şəhərə qayıtmalıydı. Yəqin ki, çoxdan Bakıdadır.

- Sitarə kimdir? - Nicati soruşdu.

- Heç, öz adamımızdır, - Altay dedi.

Xəfiyyə suallarına xeyli ara verib yenidən soruşdu:

- Yəni Gülyanı görsən tanıyarsan?

- Əlbəttə, tanıyaram, - Altay kövrəldi. Xəyal onu lap uzaqlara çəkib apardı. Gözlərindən iki gilə yaş axdı. - Mənim arvadım olub. Sonra boşanmışıq. Mən onu çox, lap çox istəyirəm. Mümkün olsa onunla yenidən evlənərdim, - dedi.

Nicati başına hava gəlmiş adamlar kimi qəflətən qəhqəhə çəkib güldü. Bu yersiz gülüş Cəsarətin xoşuna gəlmədi. Tərs-tərs baxıb dedi:

- Başqasının faciəsinə gülmək lazım deyil. Bacarırsansa dərdinə şərik ol. Yox, əgər bacarmırsansa...

Getdikcə hirslənib özündən çıxan Cəsarət, şeytana lənət oxuyub sözlərini yarımçıq kəsdi. Xəfiyyə isə sol əli ilə sağ qulağını qaşıya-qaşıya altdan-altdan onun sifətinə baxdı. Fağır-fağır dilləndi:

- Yox, yox, mən Altaya gülmürəm. Mənim də həyatım faciələrlə doludur. Demək istəyirdim ki, bizim kimi yoxsullar evlənməsə yaxşıdır. Bu vəziyyətdə arvad saxlamaq olar? Elə buna görə bu yaşa qədər subay qalmışam.

Onların hər ikisi Cəsur kimi tanıdıqları Nicatinin halına acıdı.

- Yəni doğrudan subaysan? - Cəsarətlə Altay ikisi də birdən dilləndi.

- Sizinlə zarafatım var? - xəfiyyə incik tərzdə cavab verdi. Sonra üzünü Altaya tərəf tutaraq:

- Heç olmasa hardasa işləyirsən? Milyonçu qızının xərci çox olur axı, - Nicati bic-bic gülümsəyib göz vurdu.

- Niyə ki, sıxlıq olanda avtobuslarda da pul qazanmaq olur. Amma son vaxtlar “uçastkama” çox adam burnunu soxur, - Altay cavab verdi.

Xəfiyyə bir az fikirləşib əlini başına qoyaraq özündən razı halda dedi:

- Hə, baş deyil e, qızıldır. Qazanmağın yolunu tapdım.

Cəsarətlə Altay intizarla soruşdu:

- Nədir o elə?

- Dediyiniz milyonçunun qızını girov götürüb əvəzində pul tələb edərik.

Altay hirslənib özündən çıxdı:

- Bunu yadından çıxar. Ona toxunanın başın üzərəm.

- Yaxşı, bəs necə olsun? Bəlkə məni qızla tanış edəsiniz, olar?

Altay bu dəfə özünü saxlaya bilmədi. Onun Nicatiyə atdığı yumruq boşa çıxdı. Bunu görən Cəsarət boşalmış şərab şüşəsini əlinə götürdü. Xəfiyyənin başına endirmək istəyirdi ki, Xaçmazdan gələn mülki geyimli polislər onun qollarını arxaya burub qandalladılar. Altayla “Cəsur”un da qollarına qandal vurub bayırda gözləyən maşına oturdaraq birbaşa Xaçmaza apardılar.

●●●

Gülyanın vəfatından üç həftəyə yaxın vaxt keçirdi. Qətl hadisəsinin üstünün açılması ilə bağlı aparılan istintaq işi hələ də nəticə verməmişdi. Nicatinin sorğuları, hərdən başa düşülməyən, məntiqsiz, yersiz sualları şirkət rəhbərini cana doydurmuşdu. O, səhər yeməyindən dərhal sonra baş ofisə gəlib Veysəllə birlikdə tikinti obyekti ilə əlaqədar sənədləri nəzərdən keçirirdi. Elə bu vaxt kimsə giriş qapısını döyüdü. Veysəl otaqdan bayıra çıxıb pəncərədən baxdı. Gələn Nicati idi. Şirkət rəhbərini görmək istəyirdi. Köməkçi onun gəlişinin səbəbini öyrənib içəriyə qayıdaraq:

- Sabir müəllim, sizi görmək istəyirlər, - dedi.

Şirkət rəhbəri alnını turşutdu. “Görəsən, kimdir, səhər-səhər nə istəyir?” - deyə fikirləşdi. - Kimdir? - Veysəldən soruşdu.

Köməkçi istehza ilə cavab verdi:

- Nicatidir. Sizinlə vacib işi olduğunu dedi.

- Qoy cəhənnəm olsun Nicati də, onun boş-boş sualları da, - Sabir kişi acıqlı-acıqlı dilləndi.

Amma bu acıqdan övlad dağının acısını dadan, duz basılmış yara kimi göyüm-göyüm göynəyən ata qəlbinin boynubükük kədəri boylanırdı. Şirkət rəhbərinin ilk dəfədir ki, verdiyi bu ağır cavabın ümidsizlikdən doğulduğunu köməkçisi də dərhal başa düşdü. Üzünu ona tutub təkrar dedi:

- Sabir müəllim, Nicatinin dediyinə görə sizinlə görüşü çox vacibdir, bəlkə qəbul edəsiniz, hə?

Şirkət rəhbəri başını əlləri arasına alıb bir anlığa fikrə getdi. - Yaxşı, qoy gəlsin, - dedi, - görək nə istəyir.

Veysəl cəld otaqdan bayıra çıxıb giriş qapısını açdı. Onu içəriyə buraxıb Sabir kişinin otağına qədər müşayiət etdi. Elə qapının ağzındaca:

- Yaxşı, mən sizə mane olmayım, - deyib bayıra çıxmaq istədi.

Şirkət rəhbəri ilə Nicati hər ikisi birdən:

- Yox, yox, mane olmursan, keç otur, - dedi.

Veysəl onların təkidi ilə geriyə qayıdıb yerində oturdu.

Sabir kişi ilk dəfə görürmüş kimi xəfiyyəni başdan-ayağa süzüb ümidsiz-ümidsiz soruşdu:

- Hə, nə yenilik var, işıq ucu tapa bildinizmi?

- Ümidinizi üzməyin, cənab. Güman edirəm ki, hansısa nəticəyə gələ bilmişik. Bunun üçün öz yardımını əsirgəməyən köməkçinizə təşəkkür düşür, - deyə Nicati Veysələ tərəf baxıb gülümsündü.

Xəfiyyənin sonuncu kəlmələri Sabir kişinin ağır itkidən sonra saralıb solmuş gözlərində ümid işartıları yaratdı. Qızının ölümündən bəri ilk dəfədir ki, ixtiyarsız olaraq gülümsədi. Sonra birdən-birə ciddiləşdi. Nicatinin düz gözlərinin içinə baxaraq həyəcan qarışıq ciddiliklə soruşdu:

- Yəni deyirsiniz ki, qatil artıq məlumdur? Siz buna yüz faiz əminsiniz?

Xəfiyyə cavab verməyə tələsmədi. Oturduğu yerdən ayağa qalxaraq otaqda bir dəfə o baş-bu başa gəzindi. Qayıdıb şirkət rəhbərinin qarşısında dayandı. Dedi:

- Gəlin ümidimizi itirməyək. Hər halda nə keçmiş kürəkəniniz, nə də onunla dostluq edən Cəsarətin qətl hadisəsi ilə heç bir bağlılığı yoxdur.

Sabir kişi təəccüblə onun sifətinə baxdı:

- Siz nə danışırsınız, cənab? Yəni bu o deməkdir ki, qatilin kimliyi hələ də məlum deyil? Bir də ki, birlikdə izlədiyimiz videokasetdən də göründüyü kimi, həmin gün məhz bu adamlar mərhum qızımla və onun qulluqçusu ilə mübahisə ediblər.

- Əlbəttə, yox, elə demək istəmirəm, - Nicati inamla cavab verdi. - Sadəcə sübuta ehtiyacı olan çox xırda, o qədər də həlledici əhəmiyyət daşımayan məsələdən söhbət gedir. O ki qaldı videokaset məsələsinə, həmin gün onlardan sonra tamamilə başqa şəxs də qızınızın istirahət etdiyi yerə gələr, onu qətlə yetirə bilərdi. Çox güman ki, qatil ya qulluqçu qadını da qətlə yetirib, ya da onunla əlbir olublar. Hər halda qadının yoxa çıxması bu ehtimallardan birini qəbul etməyə əsas verir.

Xəfiyyənin verdiyi bu məlumat Veysəli də çaşdırdı. O da təəccüb qarışıq həyəcanla soruşdu:

- Çox qəribədir, srağagünkü qəzetlərdə Cəsarətlə Altayın artıq həbs olunduqları barədə məlumatlar dərc olunub. Yəni bu adamlar azadlığa buraxılacaqlar?

- Onların təqsirsiz olduqları sübuta yetirilmək üzrədir, - xəfiyyə dedi.

- Elə isə siz nə üçün bu qədər nikbin danışırsınız? - Sabir kişi soruşdu. - Yəni qatil bizim tanımadığımız adamdır?

- Xeyr. Yanılmıramsa qətl hadisəsində şübhəli hesab edilən adamın şəxsiyyəti hər ikinizə məlumdur. Onu hətta mərhum qızınız da tanıyırdı, - Nicati cavab verdi.

Şirkət rəhbəri bir qədər fikrə getdi. Tanıdığı adamların xəyallarını gözlərinin qarşısında canlandırdı. Dedi:

- Hə, deyəsən sizi başa düşdüm. Yəqin ki, “Hyundai”ın sürücüsünü nəzərdə tutursunuz. Axı Xəyyam barədə söhbətlərimiz olub, deyilmi?

- Bu qənaətə gəlmək olar, çünki onun təqsirsiz olması hələ tam sübuta yetirilməyib, - xəfiyyə dedi, - amma təqsirkar olduğunu deməyə də əsas yoxdur.

- Siz onunla söhbət etmisizmi? - şirkət rəhbəri maraqlandı.

- Söhbətlərimiz olub. Bu adamın çox qəribə xarakteri var. Münaqişədə olduğu adamla, yalnız onunla qarşılaşdığı halda əsəblərini büruzə verir. Mübahisə onun xobbisidir. Cinayətə meylli adam təsiri bağışlasa da, əsəblərinin ən gərgin vaxtlarında belə, son anda buna cəsarəti çatmır. Mərhum qızınızın qətlə yetirildiyi gün, hətta ondan bir neçə gün əvvəl Xəyyamın Nabranda olmadığı haqda məlumatlar var. Hazırda mən bu məlumatları dəqiqləşdirməklə məşğulam.

Nicatinin verdiyi bu cavab şirkət rəhbərini qane etmədi. Bayaq onun gözlərində yaranan ümid çırağının son işartıları sürətlə zəifləməyə başladı. Bunu xəfiyyə də hiss elədi. Belə hadisələr onun üçün adi hala çevrilsə də, Sabir kişiyə yazığı gəldi. Öləziyib tamamilə yox olmağa qoymadı bu işartıları. Dedi:

- Siz heç də ümidinizi üzməməlisiniz, Sabir müəllim. Hər şeyi öz gözünüzlə görmək üçün mənimlə getməlisiniz.

- Hara? - şirkət rəhbəri təəccüblə soruşdu.

- Əlbəttə, Nabrana, istirahət mərkəzinə. Bir az da konkretləşdirsək, mərhum qızınızın müvəqqəti yaşadığı mənzilə, - deyə xəfiyyə cavab verdi.

- Axı işimiz çoxdur, yəni bizim getməyimiz bu qədər vacibdir? - köməkçi dilləndi.

Sabir kişi də eyni maraqla soruşdu:

- Yəni bizim səfərimiz nəyisə dəyişəcək? Siz buna əminsiniz?

- Dedim axı, gəlin ümidimizi üzməyək. Bir də ki, bu suallara orda daha dəqiq cavab tapmaq mümkündür, inanın mənə, - Nicati cavab verdi.

- Elə isə nə vaxt yola düşməliyik? - Sabir kişi maraqlandı.

- Elə bu dəqiqə getməyimiz məsləhətdir, - xəfiyyə dedi.

Şirkət rəhbəri razılaşıb ayağa qalxdı. Qapıları bağlayıb bayıra çıxdı. Veysəllə birlikdə Qasımın idarə etdiyi “Hummer”ə tərəf getdi. Amma Nicati bir anlığa nə fikirləşdisə dedi:

- Sabir müəllim, bəlkə biz hamımız “Vito” ilə yola düşək.

Şirkət rəhbəri heç bir izahat istəmədən razılaşdı...

●●●

“Vito” asfalt yolla sürətlə şütüyürdü. Nicatinin məsləhəti ilə Veysəl sürücü tərəfdə, özü isə Sabir kişiylə birlikdə arxa salonda oturmuşdu. Xəfiyyə bu cür paylaşmanı şirkət rəhbəriylə aparacağı söhbətlə izah etmişdi. Onlar yol boyu şübhəli hesab olunan şəxslər, onların qətl törətmə ehtimalları barədə danışır, şəhərə bələd olan adam kimi aradabir Veysələ müraciət edərək yardım istəyirdilər.

Xəfiyyə avtomobilin pəncərəsindən gah sağa, gah sola, gah da tez-tez qabaq salondan üzü arxa salona tərəf qoyulmuş güzgüyə baxırdı. Onun izahat və hərəkətləri hərdən o qədər maraqlı, hərdən də elə mənasız, tamamilə məntiqsiz və cansıxıcı idi ki, həm şirkət rəhbəri, həm də onun köməkçisi bu adam haqqında qəti fikrə gəlməkdə çətinlik çəkirdilər. Amma yol boyu davam edən söhbət onların hər üçünün başını elə qarışdırmışdı ki, vaxtın necə keçməsindən xəbərləri olmadı. Veysəl qəflətən başını qaldıraraq açıq-aşkar hiss olunan təlaşla:

- Deyəsən gəlib çatdıq, hə? - deyə soruşdu.

Köməkçinin bu hərəkəti şirkət rəhbərini təəccübləndirdi. Yarızarafat-yarıgerçək, bir az da ərklə:

- Sənə nə olub, Veysəl, yaddaşın zəifləyib? - dedi.

Köməkçi devikmiş adamlar kimi o tərəf-bu tərəfə baxdı. Səhvini anlayıb üzr istədi. Qırıq-qırıq dilləndi:

- Hə... Bağışlayın... Hələ irəlidədir, - deyə cavab verdi.

Bayaqdan sakitcə oturub onlara baxan Nicati bu dəfə gülümsəyib müdaxilə etdi:

- Elə bir şey deyil, cənab, narahat olmayın.

Söhbət burda da bitdi. “Vito”nun sürücüsü avtomobili təxminən yarım kilometr də qabağa sürüb sükanı sola burdu. Bir az da irəliləyib hasara alınmış istirahət mərkəzinin hündür darvazasından içəriyə daxil oldu. Nicatinin göstərişi ilə “Vito”nu təxminən 60-70 metr qabaqdakı yaraşıqlı, qapısı qıfıllanmış mənzilin qarşısında saxladı. Bu, mərhum Gülya ilə qulluqçu qadının müvəqqəti yaşadığı həmin mənzil idi. Onlar üçü də avtomobildən düşüb mənzilə yaxınlaşdı. Xəfiyyə bir surətini özü ilə götürdüyü açarı çıxarıb qapını açaraq içəriyə daxil oldu. Ora-bura nəzər yetirdi. Otaq qətlin baş verdiyi gün şahidi olduğu görkəmdə idi. Səliqə-sahmanı pozulmuş, əşyaları dağılıb tökülmüş mənzildə heç bir dəyişiklik edilməmişdi.

Yeganə övladının müvəqqəti də olsa yaşadığı, nəfəsinin dəydiyi mənzili tör-töküntülü vəziyyətdə, nizamı, səliqəsi pozulmuş halda görmək şirkət rəhbəri üçün çox ağır və üzüntülü idi. Amma içəriyə girərək, hər şeyi öz gözü ilə görməli, xəfiyyənin suallarını cavablandırmalı, konkret nəticəyə gəlməkdə ona yardımçı olmalıydı. Bir-iki dəqiqəlik tərəddüddən sonra nəhayət qabaqda Sabir kişi, onun ardınca isə köməkçisi mənzilə daxil oldular. Şirkət rəhbəri mənzildəki vəziyyəti görüb kədərləndi. Özünü saxlaya bilmədi, hönkür-hönkür ağladı. Veysəl onun qolundan tutub bayıra çıxararaq sakitləşdirmək istəsə də Nicati mane oldu. Yalnız köməkçinin eşidə biləcəyi səslə:

- Qoy ürəyini boşaltsın, - dedi.

Nəhayət Sabir kişi özünü ələ ala bildi. Dəsmalını çıxarıb gözlərinin və yanaqlarının yaşını sildi. Sanki kiminsə bayıra çıxmasına mane olacaqmış kimi hələ də qapının ağzında susqun vəziyyətdə dayanan xəfiyyəyə sual vermək istədi. Amma bacarmadı. Övlad dağı həmişə nida kimi vüqarlı görünən şirkət rəhbərinin özünün vücudunu suala döndərmişdi. Bunu dərhal hiss edən Nicati özü dillənməli oldu. Üzünu Sabir kişi ilə onun köməkçisinə tərəf tutub asta-asta dedi:

- Biz, əlbəttə, nəyəsə nail olmuşuq. Amma bu dünyada hər şey baş verir. Ola bilsin ki, heç birinizin gözləmədiyi nəticəyə gəlib çıxdıq. Ax, təkcə bu lənətə gəlmiş qulluqçu qadın məsələsi olmasaydı...

Xəfiyyə bunu deyib yenidən susdu. Ani hərəkətlə qolunu qaldırıb saata baxdı. - Üzr istəyirəm, siz burda gözləyin, mən iki dəqiqəyə qayıdıram, - deyərək bayıra çıxdı. Və heç iki dəqiqə keçmədi ki, geriyə dönüb söhbətini davam etdirdi:

- Hə, qulluqçu qadını deyirdim. Onun yoxa çıxması hər şeyi qarışdırır. Amma bu qadının qatillə əlbir olması şübhəsizdir. Qatil həm də onun tanıdığı adamdır.

- Siz nəyə görə bu qənaətə gəldiniz? - Şirkət rəhbəri ilə köməkçisi ikisi də birdən dilləndi.

- Artıq Nabran polisi onu ələ keçirib, - Nicati cavab verdi.

- Bəs, qətl barədə heç bir məlumat vermir? - Veysəl maraqlandı.

Xəfiyyə otağın pəncərəsinə yaxınlaşıb bayıra baxdı. Qayıdıb yenidən qapının ağzında dayandı. Üzünü Veysələ tutub dedi:

- Təəssüf ki, yox. Polisin işini çətinləşdirən də elə budur. Qadının ifadələrinə görə, qətl baş verən gün dəniz sahilində orta yaşlı bir kişi onlarla mübahisə edib. Bu ifadə əlbəttə, düzgün ola bilər. Sabir müəllimlə birlikdə baxdığımız videolent də bunu təsdiq edir. Ola bilsin ki, qadınlar xeyli kənarda dayanan Altayı görə bilməyiblər. Mübahisə etdikləri kişi də yəqin ki, Cəsarətdir.

Nicatinin bu izahatından sonra köməkçi dərindən nəfəs alıb soruşdu:

- Yəni siz bu adamların qatil olmadığı haqda gəldiyiniz son qənaəti artıq yanlış hesab edirsiniz?

- Yanlış hesab etmək olardı. Amma qulluqçu qadın qətlin baş verdiyi gün həmin adamlardan sonra başqa bir kişi ilə də telefon əlaqəsi saxlamasaydı. Mərhum xanımı qətlə yetirən də elə həmin kişidir.

Xəfiyyə bunu deyib, pələng cəldliyi ilə cibindən bir alışqan çıxararaq çiyin-çiyinə dayanmış şirkət rəhbəri ilə onun köməkçisinə göstərdi:

- Qətldən sonrakı qarət zamanı heç nə olmayıbmış kimi arxayın tərzdə siqaret yandırıb çəkən qatil çox güman ki, bunu da özü ilə götürməyi unudub.

Üzərində “Sabir müəllimdən Veysələ yadigar” sözləri yazılmış bahalı metaldan hazırlanan alışqan, pəncərədən düşən günəş şüalarının şəfəqləri altında bərq vuraraq şirkət rəhbərinin nəmlənmiş gözlərini qamaşdırdı. İlan vurmuş adam kimi yerindən dik atılan köməkçi, əlini şalvarının altında gizlətdiyi səsboğucu tapançaya uzatsa da artıq gec idi. Dəqiq vaxtında mənzilə daxil olan mülki geyimli İbayevlə iki nəfər polis işçisi silahlarını ona tərəf tuşlamışdılar.

●●●

Şirkət rəhbəri tamamilə çaşqın vəziyyətdə idi. Nə baş verdiyini anlamağa çalışsa da bir nəticəyə gələ bilmirdi. Nabranın ən bahalı istirahət mərkəzinin məşhur kafesində xüsusi ayrılmış otaqdakı yemək stolu arxasında onunla birlikdə əyləşən Nicati bu adamın ondan izahat istəməyə hazırlaşdığını dərhal başa düşdü. Nəzərlərini oğrun-oğrun bir neçə saniyə onun sifətində gəzdirib soruşdu:

- Deyəsən sizin üçün çox maraqlı, həm də gözlənilməz oldu, deyilmi?

- Cənab, sözün düzü, mən hələ də heç nə anlaya bilmirəm, - Sabir kişi etiraf etdi. - Doğrudan da dediyiniz kimi maraqlı və gözlənilməzdir.

Xəfiyyə lovğalandı:

- Əlbəttə, həyat gözlənilməz hadisələrlə doludur. Amma bunu hamı görə bilmir. Maraq yaradan da elə hadisələrin gözlənilməzliyidir. Bizim peşəmiz isə heç kəsin görə bilmədiklərini aşkara çıxarmaqdan ibarətdir. Başqaları üçün adi görünən hər xırda detal bizdən ötrü qeyri-adi və son dərəcə əhəmiyyətlidir...

Nicati gözlərini naməlum bir nöqtəyə zilləyib xeyli susdu. Şirkət rəhbəri artıq onun üçün əfsanəvi, son dərəcə qeyri-adi görünən bu adamdan nəsə soruşmağa sanki utandı. Dilini dişinə tutub gözlədi. Amma bu sakitlik uzun çəkmədi. Xəfiyyənin hansı sbəbdənsə araya çökdürdüyü sükutu artıq buna dözməyən Sabir kişinin özü pozaraq:

- Xahiş edirəm, sözünüzə davam edin, - dedi. - Bir az ətraflı danışın. Siz nəyə əsasən bu qənaətə gəldiniz? Axı heç vaxt tanımadığınız adamlardan birdən-birə şübhələnmək hardan ağlınıza gələ bilərdi?

- Əlbəttə, siz haqlısınız, hər şey birdən-birə baş vermir. Hadisə baş verən gün mənim diqqətimi cəlb edən ilk məsələ qulluqçunun yoxa çıxması oldu. Düzdür, həmin qadın da qətlə yetirilə bilərdi. Lakin polisin gecə-gündüz axtarış aparmasına baxmayaraq, günlər keçdikcə qulluqçu barədə heç bir məlumatın olmaması məni daha çox şühbəyə salmağa başladı. Ümumiyyətlə, biz hər bir kəsdən və hər bir şeydən şübhələnməyə adət etmişik. Mərhumun istirahət mərkəzindəki qonşusunun ifadəsindən belə nəticəyə gəldik ki, qızınız həqiqətən də Bakıya qayıtmazdan bir gün əvvəl qətlə yetirilib...

- Bəs sürücü barədə şübhələriniz nə vaxt yoxa çıxdı? - Sabir kişi kəmhövsələlik edərək onun sözünü kəsdi.

- Qatilin şəxsiyyəti məlum olana kimi şübhələr yoxa çıxmır, - Nicati dedi. - Biz sona qədər şübhələnməkdə davam edirik. Daha tutarlı dəlillər ortaya çıxdıqda isə diqqəti ən çox həmin istiqamətə yönəldirik.

Xəfiyyə bu yerdə ani olaraq fikirləşib sözünə davam etdi:

- Nəzərə alın ki, qətlə yetiriləndən sonra qızınızın telefonu polis tərəfindən elə dənizin kənarındaca paltarının cibindən tapılıb. Sürücünün mərhumun nömrəsinə zəng vurmasından, əlbəttə, şübhələnmək olardı. Şübhəsiz ki, telefon əlaqəsi qətldən əvvəl yaransaydı. Amma zənglər qızınızın telefonuna onun qətlə yetirilməsindən sonra daxil olub. Ən təcrübəsiz qatil belə bu səhvə yol verməzdi.

Nicati yenə də sözlərinə ara verdi. Şirkət rəhbəri bu fasilədən istifadə edib növbəti sualını vermək istəyirdi ki, xəfiyyə sanki onun ürəyini oxuyurmuş kimi dilləndi:

- Əlbəttə, mən sizi anlayıram. İçərişəhərdəki mənzilinizdə verdiyiniz ifadə olduğu kimi yadımdadır. Çox qiymətli zinət əşyalarını görərkən sürücünün keçirdiyi hissləri açıq-aşkar büruzə verməsi şübhəsiz ki, düşündürücüdür. Amma belə hisslərin insanı həmişə cinayətə sövq etdiyini düşünmək doğru olmazdı. Sizi agah edim ki, sürücünüz polis şöbəsində dindirilib bayıra çıxandan sonra şöbənin darvazasından kənarda sınaq məqsədilə yerə atdığım xüsusi nömrələnmiş iki dəstə 50 manatı qaytarıb bizə təhvil verdi. Həmin vaxt bayırda, gizlənərək onu izləyən polis əməkdaşından başqa heç kəsin olmadığını təsəvvür edirsinizmi?

Xəfiyyə yenə də sözlərinə ara verdi. Onlara xüsusi qulluq göstərən ofisiantın içəriyə daxil olaraq yenicə süzdüyü təbii qarağat şirəsindən bir-iki qurtum alıb soruşdu:

- Yəqin ki, Altayla Cəsarətin özlərini şübhəli aparmaları, qadınlarla mübahisə etmələri daha maraqlıdır, deyilmi?

- Doğrudan da çox maraqlıdır, necə oldu ki, özlərini bu qədər şübhəli aparan adamların günahsızlığını tezliklə aşkara çıxara bildiniz? - Sabir kişi xəfiyyənin sualına sualla cavab verdi.

- Veysəl haqqında şübhələrim sizin ona bağışladığınız alışqanı tapandan dərhal sonra baş qaldırdı, - deyə Nicati izahat verməyə başladı. - Ancaq etiraf edim ki, videokaseti əldə edəndən sonra şübhələr haçalandı. Yəni yaxın adam kimi Veysəl mərhum qızınızın yanına gəlib-gedər və alışqanı unuda bilərdi. Amma ailəsi ilə birlikdə Nabranda istirahət edən bu adamın Bakıya nə vaxt qayıtdığını dəqiq öyrənəndən sonra qənaətimi dəyişdim...

- Nə vaxt qayıdıb ki? - şirkət rəhbəri təəccüblə soruşdu.

- Avqustun 24-də, - Nicati arxayın-arxayın cavab verdi.

Sabir kişi qaşlarını dartdı:

- Maraqlıdır, onun sonuncu istirahət günü avqustun 26-da başa çatmalı, 27-də isə işə çıxmalıydı. Doğrusu, işə elə həmin gün, yəni ayın 27-də çıxıb.

- İşi xeyli çətinə salan da elə budur, - xəfiyyə dedi. - Amma köməkçiniz öz arvadını aldadaraq, istirahətdən iki gün tez qayıtmasının səbəbini tikinti obyektində gedən qızğın işlə əlaqələndirib. Dediyinə görə sizi tək qoymaq istəməyib.

- Ancaq həmin iki gündə bir dəfə də olsun nə tikinti obyektinə, nə də ofisə baş çəkməyib.

Heyrətdən donub qalan şirkət rəhbəri yalnız bunları deyə bildi. Bir qədər özünə gəlib onun üçün son dərəcə maraqlı olan növbəti sualını verdi:

- Bəs tamamilə yad bir adam olan siz, bunları hardan bilirsiniz?

- Əlbəttə, bu, sizin üçün maraqlı ola bilər. Şübhəsiz ki, biz xəfiyyələr üçün də maraqlıdır. Amma bizdə qətiyyən heyrət doğurmur. Ola bilsin ki, sualınıza cavab olaraq indi deyəcəyim sözlər sizi daha çox heyrətə salsın.

- O nədir ki? - Nicatinin bacarığına artıq bələd olan Sabir kişi elə bəri başdan dəhşətə gəldi.

- Veysəl haqqında bir sıra məlumatları, eləcə də onun Bakıya nə vaxt qayıtdığını sizin keçmiş kürəkəninizlə, lap elə belə deyək, keçmiş işçiniz Cəsarətdən öyrənmişəm, - xəfiyyə dedi. - Amma heyrətlənməyə tələsməyin. Çünki bu hələ hamısı deyil. Yəqin ki, sizdən ötrü daha maraqlı olan, onların bu məlumatları Sitarə adlı qadından öyrənməsidir.

Şirkət rəhbəri bu dəfə də dözə bilmədi:

- Kimdir o qadın?

- Sitarə sizin Səlimə kimi tanıdığınız qadındır, - Nicati izahat verdi, - ümid edirəm ki, həmin qadının Veysəlin arvadı olduğunu unutmamısınız.

Sabir kişinin gözləri heyrətdən az qala hədəqəsindən çıxdı:

- Nə dediniz? Bu doğrudur? Bəs bu adamları birləşdirən nədir? Doğrudanmı mən fil qulağında yatmışam?

- Doğru olan təkcə bunlar deyil. Həmin adamları ən müxtəlif maraqlar birləşdirir. Əvvəlcə ondan başlayaq ki, hələ sizin rəhbərlik etdiyiniz şirkətdə işləməmişdən öncə Veysəl öz arvadının kiminləsə əlaqədə olmasından şübhələnirdi. Amma bu əlaqə onun fikirləşdiyi kimi kişi-qadın münasibətlərindən ibarət deyildi. Əksinə, qulluqçu qadınla köməkçi arasında belə bir əlaqə var idi. Əri tikinti obyektində işə düzələndən sonra Səlimə iş-gücünü atıb onu izləməyə başlamış, Altayı da onunla mübahisə edən zaman görmüş, sonralar tanış olmuşdular. Keçmiş kürəkəniniz köməkçinizin təkcə qulluqçu ilə məhrəm münasibətləri haqda Səliməyə vaxtaşırı məlumat verirdi. Bu məlumatlar doğru olsa da, Altayın Veysəli mərhum xanıma qısqanmasının heç bir əsası yox idi...

- Aman Allah, siz bunu hardan bilirsiniz, mən ki bu haqda danışmamışdım? - şirkət rəhbəri təəccüb dolu nəzərlərlə Nicatinin üzünə baxdı.

- Mən kürəkəninizin sizə göndərdiyi hədə-qorxu məktubunu onun öz telefonundan, bir az da dəqiqləşdirsək, Veysəldən oğurladığı köhnə telefondan oxuya bildim. Amma sizi inandıra bilərəm ki, bu hədələrə baxmayaraq Altay öz keçmiş arvadına heç vaxt əl qaldırmaq fikrində olmayıb. Veysəl isə keçmiş kürəkəninizin avtobusda oğurluq etdiyini bilirdi. Köhnə telefonunun onun tərəfindən oğurlanmasına da özü şərait yaratmışdı. Bu, ona əvvəlcədən planlaşdırdığı qətl-qarət hadisəsi ilə bağlı izi azdırmaq üçün lazım idi. Köməkçinizin yeni nömrə götürməsi də bu məsələdə şübhələrə yol açır. Halbuki, əvvəlki nömrəni bağlatdırıb, onun surətini götürə bilərdi.

Xəfiyyə Bakıda olarkən kafedəki söhbəti tam təfsilatı ilə Sabir kişiyə çatdırandan sonra bir qədər nəfəsini dərib sözünə davam etdi:

- Yəqin ki, Səlimənin qulluqçu qadının telefonuna hədə məktubu göndərməsi də sizin üçün maraqlı olar.

- Artıq məndən ötrü hər şey maraqlıdır, rica edirəm, danışın, - şirkət rəhbəri cavab verdi.

Nicati məktub haqda Altaydan öyrəndiklərini Sabir kişiyə danışıb bir az fikrə gedərək nəyisə yadına saldı. Dedi:

- Hə, nə qədər qəribə olsa da qızınızın Nabrana getməsi xəbərini keçmiş kürəkəninizə elə keçmiş köməkçiniz çatdırmışdı. Obyektdəki oğurluq da, ofisin yandırılması da Veysəlin məharətlə qurduğu ssenari əsasında həyata keçirilib. Qarovulçular isə heç də sizə çatdırıldığı kimi Cəsarətin adamları olmayıb, onun məqsədli şəkildə şirkətə yerləşdirdiyi tanışlarıdır.

- Sizcə, bunlar Veysələ nədən ötrü lazım idi?

- Bunun bir neçə səbəbləri ola bilərdi. Obyektdəki oğurluq ona həm pul gətirir, həm də Cəsarət kimi mütəxəssisin nüfuzdan düşməsinə xidmət edirdi. Başqa sözlə, köməkçi öz mövqeyini itirməkdən çəkinirdi. Amma həmin hadisələr bütövlükdə onun həyata keçirəcəyi qətlin ssenarisinin mühüm tərkib hissəsi idi. Veysəl Altayın zəif damarını ələ keçirmişdi. Bilirdi ki, Gülyanın yerini öyrənən kimi onun arxasınca Nabrana yollanacaq və bu da planlaşdırdığı qətlin üstünün açılmasını çətinləşdirəcəkdi. Bundan sonrası artıq sizə məlumdur.

Nicati bu yerdə izahatını yarımçıq saxlayıb siqaretinə od vurdu. İki-üç qullab alıb qəflətən sözə başladı:

- Hə, az qala yadımdan çıxmışdı. Əgər Veysəl ona hədiyyə etdiyiniz alışqanı öz ailəsi ilə birlikdə Nabranda istirahət etdiyi vaxtlarda unudaraq qızınızın mənzilində, özü də hər kəsin rahat şəkildə görə biləcəyi pəncərədə qoysaydı, yəqin ki, qulluqçu qadın, ya da mərhum xanım onunla telefon əlaqəsi saxlayaraq bunu onun yadına salardı. Amma bu baş vermədi.

- Bəs qulluqçu qadın? Onun haqqında nə fikirdəsiniz?

- Hələlik heç bir məlumat vermir. Yalnız qətlin baş verdiyi gün qızınızın sahildən xeyli aralandığını, nə qədər gözləsə də qayıdıb gəlmədiyini bildirir. Amma qadının qəsdən yanlış ifadə verməsinə şübhə etmirəm. Əks halda mərhumun yoxa çıxması barədə heç olmasa sizə məlumat verməli idi. Mənim gəldiyim qənaətə görə, mənzilin qulluqçuda yox, məhz qızınızda olan açarının Qasıma verilməsi də təsadüfi deyil. Zənnimcə, Xudatdan qayıdan sürücü açarı istəyəndə onu unudaraq mənzildə qoyduğunu deyən qulluqçu qadın öz açarını qabaqcadan Veysələ vermiş, beləliklə, qətldən sonrakı qarətin də ssenarisini hazırlamışlar.

Xəfiyyə bu yerdə yenə də sözlərinə ara verdi. Növbəti siqaretini yandırıb tələsmədən danışmağa başladı:

- Qətlin məhz Veysəl tərəfindən həyata keçirildiyi haqda şübhələrim sonuncu gün xüsusilə artmışdı. Sizin diqqətinizi cəlb etməsə də baş ofisdəki söhbət zamanı köməkçi özünü çox qəribə aparırdı. Bizim təcrübəmizə görə belə qəribəliklər, qatilin qətl törətdiyi yerdə olarkən özünü daha qabarıq göstərir. Ona görə də onu sizinlə birlikdə Nabrana, qızınızın müvəqqəti yaşadığı mənzilə gətirməli oldum. Əgər fikir verdinizsə, avtomobildə gələrkən hələ istirahət mərkəzinə çatmamış, mərhumun qətlə yetirildiyi yerin yaxınlığında təlaş içərisində “deyəsən, istirahət mərkəzini keçmişik” sözlərini işlətdi. İxtiyarsız olaraq həyəcan keçirdi. Həbsdə olan Cəsarətlə Altayın azad olunacağını eşidəndə isə sifətinin rənginin dəyişməsi açıq-aşkar hiss olundu.

- Hə, hə, yadımdadır, - şirkət rəhbəri dilləndi. - Bəs bu qətl-qarət onun nəyinə lazımıydı ki? Axı şirkətdə köməkçi işləyəndən sonra maddi vəziyyəti xeyli yaxşılaşmışdı.

Nicati dərindən ah çəkib dedi:

- Təəssüf ki, hamı belə fikirləşmir. Bu adamın çox ləkəli keçmişi var. Oğurluq üstündə bir neçə dəfə həbs olunub. Qarət onun xobbisidir. Qəribədir ki, onun Altayla münasibətlərinin həm korlanması, həm də aralarında isti münasibətlərin yaranması elə oğurluq faktları ilə bağlı olub. Amma buna isti münasibətlərdən çox, Veysəlin keçmiş kürəkəninizdən ehtiyatlanması kimi yanaşmaq lazımdır. Onların hər ikisinin eyni marşrutdan oğurluq etməsi Altayın xoşuna gəlmirdi. Veysəl bu sirrin açılacağından ehtiyatlanaraq onun istəklərini yerinə yetirirdi. Hətta tikinti şirkətinin yerini də Altaya elə köməkçiniz demişdi. Belə adamlar çox həssas olurlar. İlk əvvəl onun diqqətini sizin avtomobilinizin markası cəlb edib. Qızınızın üstündəki zinət əşayaları da bu adamı maraqlandırmaya bilməzdi. Mərkəzi Univermaqdan aldığınız çox bahalı zinət əşyası da belə adamların gözündən yayınmır. Xatirəni sizə qulluqçu kimi təqdim etməsi də qarət məqsədi daşıyırdı.

Xəfiyyə danışdıqca şirkət rəhbəri heyrətə gəlir, yeganə övladının ölümündən sonra bu qədər var-dövlətin nəyə lazım olduğunu, onu hara və kimdən ötrü sərf edəcəyini fikirləşsə də heç bir nəticəyə gələ bilmirdi. O, içərisində yarım milyard dollar olan çantanı Nicatiyə uzadaraq:

- Siz məni heyrətə gətirdiniz, cənab, təvəqqe edirəm, az da olsa çəkdiyiniz zəhmətin haqqını qəbul edin, - dedi. Və xudafizləşərək bayıra çıxıb onu gözləyən “Hummer”ə əyləşdi.

Nəriman Mahmud

(Mahmudov Nəriman Məhəmməd oğlu)

MAVİ XƏZƏRDƏ QƏTL

(detektiv roman)

“Təfəkkür”

Bakı-2008

Texniki redaktor: Aqil Axunlu

Operator: Emilya Vaqifqızı

Korrektor: Cəvahir Qasımlı

Yığılmağa verilib: 27.06.2008

Çapa imzalanıb: 15.07.2008

Kağız formatı: 60x84 1/16

Həcmi: 14 ş.ç.v

Sayı: 500 nüsxə

Müqavilə qiyməti

XS
SM
MD
LG