Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:26

Əbləh toyu (pyes)


Rahman Əlizadə
Rahman Əlizadə

- A . P. CEXOVUN “TOY”,

B.BREXTİN “MEŞŞAN TOYU”

R.ƏFƏNDİYEVİN “QONŞU QONŞU OLSA...”

pyeslərindən təsirlənərək

RƏHMAN ƏLİZADƏ

Ə B L Ə H L Ə R İ N T O Y U

İ K İ H İ S S Ə L İ V U R Ç A T L S I N

İ Ş T İ R A K E D Ə N L Ə R:

SAQQALLI - 45 yaşında

BƏYBALA - 24 yaşında

QIZXANIM - 29 yaşında

ATAKİŞİ - Qızxanımın valideyni

ANAXANIM - Qızxanımın valideyni

XALA - guya Bəybalanın xalası

QARDAŞXAN - Qızxanımın cibgir qardaşı, 26 yaşında

SAĞDIŞ (oğlan) - 24 yaşında

SOLDIŞ (qız) - 29 yaşında

TAMADA

MÜĞƏNNİ

RƏQQASƏ

AŞIQ

GENERAL

İNZİBATÇI

XALQ ŞAİRİ

SƏNƏTŞÜNAS

ƏCNƏBİ

MÜXBİR QIZ

MOLLA

KEŞİŞ

HƏKİM

POLİS

QONAQLAR, ÇALĞIÇILAR və XİDMƏTÇİLƏR.

BİRİNCİ HİSSƏ

Səhnənin önündə “Vurçatlasın” şadlıq evini vestübülü, bir qədər arxada isə ziyafət zalı. Inzibatçının nəzarəti ilə xidmətçilər süfrə salaraq mizlərin üstünə boşqablar, qəlyanaltılar, içki şüşələri düzürlər.

Bəybala vestübüldə vurnuxaraq siqaret çəkir, tez – tez saatına baxır... Hiss olunur ki, Bəybala estradanın səkisində oturub gitara çalan Saqqallının mahnısından əsəbiləşir...

SAQQALLI (oxuyur):

Qəlbimin ilməsindən

Boylandım ruhumun

Itimli, azımlı

Döngələrinə.

Baxıb gördüm, bir əbləh

Oturub al günəşin

Altında məmnun – məmnun

Başaçıq, ayaqyalın.

Soruşdum: - Kimsən, burda

Ay əbləh, nə edirsən?

Dedi: - Amandır, bərkdən

Ağrın alım, danışma.

Icazə ver, gizlənim

Ruhunda kobud, nadan

Özündən razı olan

Rişxəndcil adamlardan.

Sən allah, gəl düymələ

Qəlbini, yoxsa onlar

Şənlənməkçün keçirər

Ilməyə boğazımı.

Düymələdim qəlbimi,

Yaşatmaqçın ruhumda

Ayaqyalın, başaçıq

Daldalanan əbləhi...

(Mahnı bitir, Saqqalı gitaranı kökləyir.)

BƏYBALA (vurnuxaraq). Əbləhin biri əbləh...

(Xala sağdakı qadın tualetindən çıxıb paltarını düzəldir.)

BƏYBALA. Əclafa hələ - həlbət tapşırmışdım ki, bu əbləh toyda olmasın!... Heç eybi yoxdur, toydan sonra bu əbləhlə sevişdiyinə görə kirli ayaqlarımı öpdürəcəm sən nacinsə.

XALA. Mənim göyçək balam niyə belə donquldanır?

BƏYBALA. Donquldanmıram, deyinirəm!

XALA. Aha... Bir siqaret ver.

BƏYBALA. Buyur. (siqaret verib alışdırır.)

XALA (siqaretə qullab vurub tüstüsünü Bəybalanın üzünə üfürür).

Donquldanmaq, deyinmək, mırtıldamaq, söylənmək, öz – özünə danışmaq, vorçat, bormatat – myakkiy znakla – eyni mənalı sözlərdir.

BƏYBALA. Afərin xala...

XALA. Bəli, mənim balam. Bayaq donquldananda necə dedin... Hə, əbləh! Belə ki, əbləh, sarsaq, sərsəm, səfeh, divanə, məcnun, yelbeyin, gicbəsər – sinonim sözlərdir. Sadəcə - yerində, məqamında işlətmək lazımdır.

BƏYBALA. Xalacan, deyəsən axı siz dilçiliklə ciddi məşğul olursuz.

XALA. Əsla, mənim balam! Sadəcə olaraq peşəmlə əlaqədar müxtəlif əqidəli, hər cürə ictimai təbəqələrdən olan bambaşqa səviyyəli dürlü – dürlü qaqaşlarla tanışıb – konuşduğumdan leksikonum – yəni söz ehtiyatım bir qədər zəngindir. Bir xalq şairi müştərim var – ağzı belə, özü də belə. Inanmazsan, gecədən – səhərəcən ha əlləşdi, ha çalışdı, qan – tər içində oldu amma mədaxillə məxarici mənə izah edəmmədi.

BƏYBALA. Mədaxil, məxaric?...

XALA. Sən də bilmirsən? Eyb etməz, mənim balam, hələ cavansan, bala – bala öyrənərsən. Yaxşı, bayaq kimin qarasınca söylənirdin, yaxud deyinirdin?

BƏYBALA. Kimin?! Onun, gitaranı dınqıldadan əbləhin!

XALA. Aydındır. Deyəsən axı qızın iki namizədi var?

BƏYBALA. Var idi, bu günədək! Mən prinsipal adamam! Hərgah qarşıma məqsəd qoymuşamsa nəyin bahasına olursa olsun istəyimə nail olub qələbə çalmalıyam! Qələbə! Qələbə!... (Əhvalı dəyişib gözləri bərəlir).

XALA. Nə oldu, qadası, nə oldu?

BƏYBALA (cibindən dərmanı çıxarıb atır). Heç nə... Bu saat keçib gedər... Mən epileptikəm...

XALA. Özündəngetmə, yaxud sər`ə! Mənim bir ekstrasens tanışım var, istəsən...

BƏYBALA. Yox, istəmirəm! Nifrət edirəm bütün ekstrasenslərə, falçılara! Hamısı şarlatandırlar. Dörd il əvvəl birisi kart falı açıb vəd eləmişdi ki, iyirmi yaşım tamam olanda nazir qızına evlənəcəyəm, mersedes belə, mənzil belə, bağ belə - bostan belə! Hanı, hanı? Iyirmi dörd yaşım tamam olur, hamamçı qızına evlənirəm, nəinki “Mersedesim” heç velesepedim də yoxdur.

XALA. Qaynatan hamamçıdır bəyəm?

BƏYBALA. Hə, saunada işləyir. Qaynanam da, qaynanam da...

XALA. Əsəbiləşmə...

BƏYBALA. Hə, topaldır. Toydan sonra, toydan sonra hamıya öz yerini göstərəcəyəm!...

XALA. Qaynatanı saunadan çıxarıb Milli məclisə qoyacaqsan, qaynananın da ayağını sındırıb, düzəldib estrada ulduzu eləyəcəksən?..

BƏYBALA. Hə?! Yox!...

XALA. Əsəbiləşmə. Gələcək həyat yoldaşın da səndən altı yaş böyükdür.

BƏYBALA. Yox... Hə, yeddi yaş... Mən...

XALA. Əsəbiləşmə... Nəyinə lazım idi belə nigah?

BƏYBALA. Mən prinsipal adamam. Mən o qızı bu vəhşinin, bu əbləhin nəfəsindən xilas etməliydim.

XALA. Fədakarlıq! Axmaq, lazımsız Don Kixot fədakarlığı...

BƏYBALA. Hə? Hə!!!

Xalanın boynundan asılmış xırdaca şirmayi telefonda “Hopstop” səslənir.

XALA. Incimə, əzizim, bir dəqiqə. (qol qaldırıb rəqs edir, sonra musiqini keçirib telefonu qulağına aparır). Canikdir... Hə, Canik, eşidirəm! Necə? Yox, yox! Bu gün heç cür mümkün deyil. Canik, sən məni yaxşı tanıyırsan, lap yüz əlli dollar da versə gələ bilmərəm, bu gün bacıoğlunun toyundayam. Necə yəni ola bilməz. Mənim bacıoğlum da ola bilər, dayıoğlum da, lap qardaşoğlum da! Qurtardıq! Tamam!

BƏYBALA. Kimdir?

XALA. Heç mənim müəllif hüquqlarımı müdafiə edən agentimdir.

BƏYBALA. Necə?...

XALA. Eh, aradüzəldənimdir də. Sadəcə desək oğraşcığazdır. Of, yaman isti oldu mənə. Bu dəyyus hər dəfə mənə zəng edəndə bütün bədənimi həya – abır təri aparır. Keçək içəri, qadası, bir şey içib yanğımı söndürüm.

BƏYBALA. Sən keç, mən generalı gözləməliyəm.

XALA. General?

BƏYBALA. Hə, babamdır...

XALA. Baban generaldır?

BƏYBALA. Hə, gəmi generalıdır. Istefaya çıxıb, kənddən gələcək.

XALA. Bəyəm istefaya çıxan generalların əllərinə çomaq verib kənddə qoyun otarmağa göndərirlər?

BƏYBALA. Yox... Özü gedib, ata – baba yurdunda özünə ev – eşik tikdirib, bağ – bağat saldırıb. Qorxuram gələr məni görməz inciyib geri qayıdar. Bir qədər dəymə - düşərdir.

XALA. O da mənimtək geydirmədir, yəni saxtadır, yoxsa xalis babadır?

BƏYBALA. Xalis babadır!

XALA. Xalis də generaldır?

BƏYBALA. Hə! Gəmi generalıdır.

XALA. Admiraldır. Canı suludur?

BƏYBALA. Necə?

XALA. Neçə yaşındadır?

BƏYBALA. Altmış altı – altmış yeddi yaşı olar.

XALA. Ömrünü dənizdə, açıq havada keçirib sağlam olar. Maraqlıdır... Çox maraqlıdır...

BƏYBALA. Nə maraqlıdır, nə fikirləşmisən?

XALA. Heç nə fikirləşməmişəm. Sadəcə olaraq mənimtək qadınlar qız çağlarından ölənəcən həddindən ziyadə sentimental və romantik olurlar – təyyarəçiyə, prezidentə, generala, hətta terroristə ərə getməyi arzulayırlar.

(Xalanın boynundan asılmış telefonda “Yeddi gözəl” baletindən Vals səslənir.)

XALA. Həmkarım Aykadır, Dubaydan zəng edir. Mən uçdum bağça – bağa dərdləşməyə. (Musiqiyə uyğun rəqs edərək eşiyə çıxır.)

BƏYBALA. Uf, biabır olmasam yaxşıdır.

Ziyafət zalında Saqqallı gitara çalır, Bəybala əsəbiləşib var – gəl edir.

SAQQALLI (oxuyur).

Qızlar özlərinin gözəlliyini,

Mübhəm sözlərinin dəcəlliyini,

Cadu gözlərinin üzərliyini

Sevib qorumağa ər axtarırlar.

Musiqi. Bəybala tez – tez siqaretini sümürüb var – gəl edir.

BƏYBALA. Uf... Yox... Yox, bu belə gedə bilməz...

SAQQALLI (oxuyur).

Nazik bellərinə kaman olmaqçın,

Dəymiş narlarına bağban olmaqçın,

Gecələr onlara həyan olmaqçın

Igid axtarırlar, nər axtarırlar...

Bəybala çılğınlıqla ziyafət zalına cumub gitaranı Saqqallının əlindən dartıb alır.

BƏYBALA. Bəsdir! Həvəsdir – bəsdir! Abır – həya edin, utanın!

XİDMƏTÇİLƏR. Cavan oğlan...

İNZİBATÇI. Işiniz olmasın, qarışmayın. Öz işinizi görün...

SAQQALLI. Kimdən, səndən?

BƏYBALA. Xeyr, ətrafdan, cəmiyyətdən! Bu gün burda mənim toyumdur, rəsmi toyumdur! Sizin bines...bines...

SAQQALLI. Benefis.

BƏYBALA. Bəli sizin benes...

SAQQALLI. Be – ne – fis! Benefis!

BƏYBALA. Hə sizin bene – fis – siniz deyil, hə benefisiniz deyil! Bayağı, şit – şit, şındır – mındır üzdən iraq küyləmələrlə ürəyimizi bulandırmayın! Başa düşdünüz!!!

XİDMƏTÇİLƏR. Cavan oğ...

İNZİBATÇI (son dərəcə sakit və təmkinli). Işiniz olmasın, qarışmayın. Öz işinizi görün.

SAQQALLI. Bağırmayın... Anladım. (mizrabı uzadır) Əgər çalıb oxuyacaqsınızsa alın mizrabı, yox əgər – qaytarın mənə gitaramı.

BƏYBALA. Alın gitaranızı, amma dinc oturun, şuluq salmayın!

SAQQALLI (gitaranı alır). Əvvəla – mən bu şadlıq sarayının gitaraçalanıyam, ikincisi – sizin rəsmi toyunuzun başlanmasına bir saatdan çox vaxt var, üçüncüsü isə... (gitarada çalıb oxuyur).

Sevmək istəyirlər gecələr qızlar

Polad sinələrin qıvrım telini.

Hörmək istəyirlər yataqda qızlar

Qara saçlarıyla paklıq evini...

BƏYBALA. Kifayətdir!!! Sən həyasız və əxlaqsız adamsan!!!

XİDMƏTÇİLƏR. Cavan...

İNZİBATÇI. Işiniz olmasın, qarışmayın...

SAQQALLI. Yadında saxla və ömürbillah unutma – qarşındakı mən həyasız, mən əxlaqsız adam bu gün rəsmi toy edib guya adət - ənənə ilə evləndiyin qızı beş il sərasər qeyri – rəsmi, adət - ənənəsiz sevib...

BƏYBALA. Sən yırtıcısan, vəhşisən, qəddarsan! Mən səni parçalaram, didərəm... (şərab şüşəsini qapır) Mən səni! (Şərab şüşəsini Saqqallının başına vurmaq istəyir, inzibatçı onun biləyindən tutub şüşəni alır).

İNZİBATÇI. Ayıbdır, çox ayıbdır!

BƏYBALA. Necə?!

İNZİBATÇI (xidmətçilərə). Məncə bu cavan oğlana öyüd – nəsihət verməyin vaxtı çatıb.

XİDMƏTÇİLƏR. Elədir!

İNZİBATÇI. Elə isə...

Xidmətçilər estradaya qalxıb zərb alətində və sintezatorda çalırlar.

İNZİBATÇI (oxuyur).

Bu dünyada heç zaman

Inan, çəkməzsən ziyan,

Ən yaxın dostun olsa

Tərbiyə, ədəb - ərkan!

XİDMƏTÇİLƏR (oxuyurlar).

Tərbiyə, ədəb - ərkan!

BƏYBALA. Susun, kəsin səsinizi!

İNZİBATÇI

Bərəldərək gözünü,

Kəsmə böyük sözünü.

Mənəm – mənəmlik edib

Öymə heç vaxt özünü!

BƏYBALA. Susun! Susun! Əbləhlər!

XİDMƏTÇİLƏR (repsayağı oxuyurlar)

Gəl hirslənmə heç nədən

Xoş söz çıxsın dilindən

Qoy hamı razı qalsın

Sənin bu əməlindən.

Qocaya hörmətli ol,

Uşağa diqqətli ol,

Qızlara, qadınlara

Daim nəzakətli ol.

Ədəb - ərkana alış,

Bəli – xeyrlə danış.

Tərbiyəli cavandır

Qoy söyləsin yad, tanış!

İNZİBATÇI.

Dostum, gəl mənə inan,

O kəs adlanır insan,

Vardır ən yaxın dostu

Tərbiyə, ədəb - ərkan!

BƏYBALA. Ay aman, ayharay, mən partladım, mən çatladım!

Qızxanım əlində zolaqlı qalstuk canharayı gəlir.

QIZXANIM. Nə olub burda, bu nə haraydır, nə qalmaqaldır?

BƏYBALA. Əzizim, bunları başa sal ki, mənim iyirmi dörd yaşım var, bu gün evlənirəm, toyumdur və bunların tərbiyə, ədəb - ərkan mövzusunda öyüd – nəsihətlərinə ehtiyacım yoxdur! Yoxdur!

QIZXANIM. Əzizim, çox vaxt yetmiş – yetmiş beş yaşlı qocaların da öyüd – nəsihətə ehtiyacı olur. Al, bu qalstuku taxarsan, bunlar indi dəbdədir.

BƏYBALA. Yaxşı... (qalstuku alır).

QIZXANIM. Srağa gün metroda qatarda idim, baxıb gördüm yetmiş beş yaşlı, hə yetmiş beş yaşı olardı, əlində əsa da vardı – bir kişi cavan qızı dümsükləyir. Qız ondan uzaqlaşdıqca qoca bir bəhanə ilə qıza yanaşıb gah çiynilə, gah da ombasıyla qıza toxunmağa can atır.

İNZİBATÇI. Bəlkə qatarda basırıq imiş...

QIZXANIM. Əsla, gen – bolluq idi, hətta bir cavan oğlan qalxıb qocaya yer də verdi, amma qoca oturmadı.

BƏYBALA. Əbləh! Xərifləyib. Bizdə qocala – qocala əksəriyyəti xərifləyir...

SAQQALLI. Xərifləmək – yaşa dolduqca daxili əyləclərin boşalması nəticəsində insanın bu vaxta qədər cilovladığı xasiyyət və məziyyətlərin pırtlayıb görünməsidir.

(gitarada çalıb oxuyur).

Əziziyəm, qocalar,

Aşiq olub uçarlar.

Ağ, üryan buludları

Canan sanıb qucarlar...

BƏYBALA. Ay allah!... Əzizim, bu nəğməkar filosofu sən dəvət etmisən toyumuza?!

QIZXANIM. Xeyr, əzizim, allah eləməsin. Bir də mən bunu tanıyıram ki, toyumuza çağıram.

BƏYBALA. Necə?! Sən bu saqqallı gitaraçalanı tanımırsan?!

QIZXANIM. Mama canı tanımıram, papa canı tanımıram, Qardaşcanın ölmüşü tanımıram.

BƏYBALA. Qardaşxan kimdir?!

QIZXANIM. Qardaşımdır da! Məndən üç yaş kiçikdir. Srağa gün türmədən buraxıblar.

BƏYBALA. Necə? Türmədən buraxıblar?!

QIZXANIM. Hə də, siyasi dustaqlarla birlikdə amnistə düşüb! Cibgirlik üstündə tutulmuşdu!

BƏYBALA. Necə, cibgirlik?

QIZXANIM. Hə də, barmaqları qızıldır, bir gündə dördünün cibini təmizləmişdi, ikisinin çantasını açıb silib – süpürmüşdü, birinin cibini yerindən kəsib gətirmişdi...

BƏYBALA. Ilahi, əzizim, bilirsən ki, mən epileptikəm, özündən getmə, yəni sər`ə xəstəliyinə mübtəlayam...

SAQQALLI. Mübtəlayi zar eşqəm əl götür məndən təbib... Öncə müalicə olunaydın, sonra evlən...

BƏYBALA. Susun... (qalstuku açır) Uf boğuldum... Əzizim, qovla, qovla bu tanımadığın adamı burdan... Əgər istəyirsənsə toyumuz baş tutsun qovla bunu burdan...

QIZXANIM. Qalx, qalx mənim igidim, aslanım, qalx...(inzibatçıya) Aparın mənim igidimi öz otağınıza bir qədər dincəlsin.

BƏYBALA. Mən general babamı qarşıla... qarşılama...

QIZXANIM. Qarşılamalısan. Sən heç narahat olma, get mənim quzum, get mənim balam...

BƏYBALA. Sən mənim canım, qovla onu...

(İnzibatçı, xidmətçilər və Bəybala gedirlər.)

QIZXANIM (onların ardınca). Arxayın get, babanı da qarşılarıq, generalı da...

BƏYBALA. Qovla onu...

(Bəybala, İnzibatçı və xidmətçilər gözdən itirlər).

QIZXANIM (bir qədər şərab içir, ətrafına boylanır) Bir siqaret alışdır ver.

SAQQALLI (siqaret yandırıb uzadır). Buyur...

QIZXANIM (siqareti alıb bir neçə qullab vurur). Hə eşidirəm, döşə gəlsin! (Saqqallı siqaret yandırmaq istəyir) yandırma! (dalbadal bir neçə qullab vurub siqareti Saqqallıya verir.) Al çək. Hə başladıq...

SAQQALLI. Əcaib saç düzümün var, yoluq qarğaya oxşayır...

QIZXANIM. Məxsusi – bu günki təntənəli, çal – çağırlı rəsmi toy məclisimçün düzdürmüşəm. Makyaj da, manikür də, pedikür də məhz bu günçündür...

SAQQALLI. Bəs beş il arzusunda olduğun, hər şeyi qurban verdiyin üzüqara bəmbəyaz gəlinlik paltarınla duvağın niyə gözümə dəymir?

QIZXANIM. O da var, yüz dollara kirayə götürmüşəm, bilirsən evimiz burdan – buradır, bir azdan gedib geyinəcəyəm. Necə lazımdır, zurna – balabanla, allah – allahla, ata – anamın xeyir – duası ilə paxıl, şəbədəcil qohum – qonşuya göz dağı çəkib süzə - süzə evimizdən çıxıb gəlib burda yuxarıbaşda gələcək ömür – gün yoldaşım məndən altı yaş kiçik olan təzəbəylə yanaşı oturacağam.

SAQQALLI. Sonra? Hə, sonra?

QIZXANIM. Sonra? Sonra – təzəbəyin, təzəgəlinin şərəfinə sağlıqlar söylənəcək “bir yerdə qarıyasız, çoxlu – çoxlu oğul – qız sahibi olasız, uşaqlarınız da sizintək xoşbəxt olsunlar...” və sair və ilaxır deyiləcək, yeyəcəklər, içəcəklər, qol qaldırıb oynayacaqlar, çox güman şuluq da salacaqlar və sair və ilaxır...

SAQQALLI. Sonra?

QIZXANIM. Sonra – sonra da burdan hamı çıxıb dağılışacaq öz ev – eşiyinə, biz də gəlib girəcəyik ər – arvadlıq gərdəyinə.

SAQQALLI. Yazığım gəlir milad bayramından sonra oyuncaqları, rəngbərəng işıqları, bərbəzəyi talanıb zibilliklərə, qarın – yağışın altına atılmış küknar, şam ağaclarına...

QIZXANIM. Təzəgəlin də toydan sonra belədir?

SAQQALLI. Hər cürə təntənənin, məclisin, mərasimin axırı həmişə qüssəlidir, istər toy olsun, istərsə də dəfn, yas mərasimi olsun. Hər ikisində nəhayətdə adamlar dağılışır sən yalqız qalırsan öz – özünlə. Allah – tala bizi bir – birimizlə sınayır, məni səninlə, səni mənimlə, hər ikimizi həndəvərimizdəki müxtəlif xislətli adamlarla sınayır və nəhayətdə bizi vicdanımızla, imanımızla üz – üzə qoyub deyir, düzünü söylə sən kimsən, bu dünyadan nə istəyirsən?

QIZXANIM. Mən yaşamaq istəyirəm! Başa düşürsən, mən nə filosofam, nə şairəm, ....................Mən ərə getmək, doğmaq istəyən artıq otuz yaşına çatmış, qarımış qızam! Mənim sentimental, romantik ənginliklərə uçan vaxtım çoxdan keçib. Indi bu qədər danışıb məndən hansı əməli, hansı fədakarlığı görmək istəyirsən. Istəyirsən toyun kuliminasiyasında – məclisə plov gələndə yüz dollara kirayə götürdüyüm gəlinlik donumu əynimdə parça – parça edib, lüt – üryan olub çıxım mizin üstünə bağırım, mən ərə getmirəm, toy pozulur, mən beş il sərasər sevdiyim, mənə görə ailəsini atmış, məndən on beş yaş böyük olan bu əmiyə gedirəm, deyibən atım özümü sənin qollarına, çığırım, apar məni, əzizim, apar beş şirvana kirayə qaldığın rütubətli zirzəmiyə! Biz eşqimizlə o zirzəmini cənnətə döndərəcəyik!

SAQQALLI. Mən həmişə səni...

QIZXANIM. Saxla görüm! Mən, mən! Sən həmişə məni cəsarətsizlikdə, qətiyyətsizlikdə suçlamısan, məndən heç Janna Da`rkda da olmayan fədakarlıq ummusan! Bəs sən özün?! Heç olmasa özündə bir kərəm təpər tapıb göz yaşlarıma, yalvar – yaxarıma məhəl qoymadan götürüb qaçıraydın, aparaydın məni burdan bilmirəm hansı cəhənnəmə! Məni qaçırsaydın nə olacaqdı ki, məni sevən əsl kişidir.

SAQQALLI. Gec deyil... Elə bu gün, bu saat gəl qoşulub qaçaq burdan...

QIZXANIM. Gecdir, çox gecdir. Əgər bunu öncə etsəydin ata – anam bir təhər dözərdilər... İndi isə birazdan qonaqlar gələcəklər məni mübarəkabad eləməyə... Yüz faiz hər ikisinin ürəyi partlar... Lap azı havalanarlar... İndi isə, qurbanın olum, qadan alım, çıx get, mane olma. Həqiqətən məni bir damcı sevirsənsə get, əl çək məndən...

SAQQALLI (mizin üstündən araq şüşəsini götürür). Gedirəm... amma ürəyimə damıb ki, bu izdivac baş tutmayacaq...

QIZXANIM. Ürəyini buz kimi tut, izdivac artıq baş tutub... (çantasından şəhadətnamə çıxarır) Bu da ərə getməkçün can verən qızların arzusunda olduqları bir parça kağız, qanuni nigah barəsində şəhadətnamə...

SAQQALLI. Fələyin oyunlarının qabağında heç bir qanuni, qeyri – qanuni kağız – mağız davam gətirmir... (getmək istəyir)

QIZXANIM. Araq şüşəsini niyə götürdün süfrədən?

SAQQALLI. Eşiydə, bağçabağda oturub sənin sağlığına içəcək, toyunun keşiyini çəkəcəyəm... çalışacağam səni damla – damla, gildir – gildir canımdan, iliyimdən çıxaram... (vestübülə çıxır).

QIZXANIM (onun ardınca). Çox şairanə söylədin, lap gözlərim yaşardı, bir – iki misra da mən deyim sənin gözlərin yaşarsın. Get sevgilim, get! Ürəyini sıxma, gəlin gedən cismimdir, ruhum həmişə sənin yanında olacaq...

SAQQALLI. Başdan xarabın biri başdan xarab...

QIZXANIM. Başdan xarab olmasaydım özümdən də beşbetər başdan xaraba bənd olmazdım...

SAQQALLI. Ilahi, kaş haçansa qadınların qəlbindəki səmimiyyətlə məkrin üfiqini görə biləydim... (səhnədən çıxır)

QIZXANIM (onun ardınca hıçqıraraq). Bunun üçün qadını necə varsa elə də qəbul edib bütün varlığınla, bütün hüceyrələrinlə sevməyi bacarmalısan... (çalıb – oxuyur)

Hicrətdədir bir – birindən

Qəribsəyən gözlərimiz

Sevgimizin qibləsinə

Gəl əzizim, qayıdaq biz.

Gəl qayıdaq hicrətdən biz

Sevgililər ölkəsinə

Gəl qayıdaq eşqimizin

“Mən sevirəm” surəsinə.

(Bəybala pəncə üstündə xəfifcə gəlib qulaq asır)

Gəl qayıdaq Kəbəmizə

Qovuşaq, peyman bağlayaq.

Dönək sevgi bulağına

Eşqimiz üçün çağlayaq...

BƏYBALA. Qovladın, getdi?

QIZXANIM. Görürsən ki, gedib yoxdur.

BƏYBALA. Görürəm... Bayaqdan qapını aralayıb qulaq asırdım sizə.

QIZXANIM. Nə?

BƏYBALA. Hə, mən prinsipal adamam... İş yerində də çox vaxt qızların oturduğu otağın qapısını xəfifcə aralayıb söz – söhbətlərinə qulaq asıram. Çox gülməli, məzəli söhbətləri olur qızların, kim – kimi sevir, necə sevir... Hi – hi – hi... (irişir). Bayaq da qapını araladım... Siqaret çəkməyini də gördüm... Siqaret çəkmək istəsən karıxma, çək mənim yanımda... Mən istəyirəm ki, mənim arvadım həm də mənim məşuqəm olsun. Bildin?

QIZXANIM. Bildim mənim igidim, mənim aslanım! (bağrına basıb bər – bərk qucaqlayır). Ilahi, doşab almışam, bal çıxıb!

BƏYBALA. Burax, burax, nəfəsim kəsildi... Doğrusunu de, əzizim, sən onu sevmisən?

QIZXANIM. Kimi? O sərsəri gitaraçalanı? Yox, qətiyyən!!! Xatircəm ol, mənim Bəyrəyim, Koroğlum, Robin Qudum, Cordano Brunom! (qalstukundan tutub dartır) Bu başqa məsələ, kostyumun rənginə uyuşur...

BƏYBALA (Qəflətən Qızxanıma möhkəm sillə vurur). Şortunun biri, məni əbləh sanırsan?! Gic yerinə qoymusan məni?! Dolamısan barmağına məni! Mən maymaq deyiləm! Bildin, maymaq deyiləm mən səninçün! Bildin?!

QIZXANIM. Bildim, mənim göyərçinim, bildim mənim bildirçinim! Amma sən də bil, bu sillə sənə baha başa oturacaq, çox baha oturacaq. Çaşıb bir də mənə əl qaldırsan...

BƏYBALA. Nə?

QIZXANIM. Hə! Hə!

BƏYBALA. Bağışla, sən allah, bağışla.

QIZXANIM. Bu günlük bağışlayıram.

Atakişi ilə Anaxanım eşikdən gəlirlər.

ATAKİŞİ. Hanı? Hanı?!

ANAXANIM. Nə xəbərdir, nə qışqırırsan?

ATAKİŞİ. Belə lazımdır, qoy eşitsinlər ki, çox zəhmli adam gəlir. Məni polisdən qovmasaydılar bundan da bərk qışqırardım. Hanı?! Dedim ki, hanı?!

QIZXANIM (gəlir). Nə olub ata?

ATAKİŞİ. Nə?! Sən burdasan? Çox yaxşı gedək görək zalda kim var (ziyafət zalına gedirlər) Bəs o hanı?

BƏYBALA. Mən burdayam...

ATAKİŞİ. Çox yaxşı! Bəs səsin niyə belə nazik çıxır? Kişinin səsi kişi kimi çıxmalıdır. Bax belə! A – a – a!! (inzibatçı və xidmətçilər gəlirlər)

İNZİBATÇI. Nə olub?

ANAXANIM. Narahat olmayın, heç nə olmayıb...

ATAKİŞİ. Sən kəs, yoxsa vuraram bir ay yırğalanarsan! O olub ki, birazdan qonaqlar gələcək, toy başlanacaq heç nə hazır deyil.

İNZİBATÇI. Hər şey hazırdır. Süfrələr, içkilər, qəlyənaltılar, kabablar şişdədir, toy başlanandan sonra qoyacaqlar manqallara, düyünü də qaynadırlar necə lazımdır...

ATAKİŞİ (süfrəyə göz gəzdirir). Araq, çaxır, şampan...Çaxırları yığışdırın, qarışdırıb bir hoqqa çıxararlar...

İNZİBATÇI. Oldu! (xidmətçilərə) Cəld yığışdırın!

ATAKİŞİ. Sular, şirələr... Qoy hamısı qalsın... Balıq, toyuq, soyutma, dil...blinçik... Çox deyil soyuq qəlyənaltı?... Camaat toya gələcək yoxsa tıxıb gəbərməyə?...

ANAXANIM. Kişi...

ATAKİŞİ. Sən sus, yoxsa... Məni polisdən qovmasaydılar, göstərərdim sənə kişiliyi... Bu nədir?

İNZİBATÇI. Göbələk...

ATAKİŞİ. Necə, göbələk?!

İNZİBATÇI. Hə də, sirkəyə qoyulmuş göbələk...

ATAKİŞİ. Biz ata – babadan sirkəyə badımcanı qoyuruq, göbələyi yox! Yığışdırın!

İNZİBATÇI. Bu saat! (xidmətçilərə) Cəld yığışdırın. Əvəzində süfrəyə nə qoyaq?

ATAKİŞİ. Faiq Ağayevi! Heç nəyi, əvəzinə heç kim lazım deyil. Hanı, sazandalar, müğənnilər, rəqqasələr, tamadalar. Hanı?

İNZİBATÇI. Vaxtında hamı gələcək, nigaran qalmayın.

ANAXANIM. Birdən gəlmədilər, ola bilər gəlməsinlər?

İNZİBATÇI. Xanım bizdə hər gün toy var. Bizim şadlıq evi teatr deyil ki, ayda iki – üç dəfə tamaşa göstərək.

QIZXANIM. Deməli hər gün evlənirlər...

İNZİBATÇI. Bəli, bizim şadlıq evitək yüzlərlə şadlıq evi var, hamısında da demək olar ki, hər gün toy – büsatdır.

BƏYBALA. Deməli hər gün yüzlərlə cavan evlənir.

İNZİBATÇI. Təkcə cavan niyə, indi qocalar da evlənirlər. On gün əvvəl yetmiş beş yaşlı adlı – sanlı incəsənət xadimi evləndi, iyirmi beş yaşında qıza, dünən eşitdik ki, bu gün üçüdür...

ATAKİŞİ. Çox yaxşı, indi siz gedin, gözdə - qulaqda olun, him eləsək gələrsiz. Bizim xudmani ailə məşvərətimiz var. Siz hələlik gedin! (İnzibatçı və xidmətçilər gedirlər). Hə başladıq. Hanı? Mən burda, arvadım burda, təzəgəlin də burda, təzə bəy də sənsən də?

BƏYBALA. Hə!

ATAKİŞİ. Deməli sən də burda. Bəs general baban hanı?

BƏYBALA. Gələcək, hökmən gələcək...

ATAKİŞİ. Bu nə səsdir, ciyildəyirsən. Bayaq demədim kişitək danış. Eh, indiki cavanlar əfəl və fəaliyyətsizdirlər... Mən sən yaşda olanda general olmaq istəyirdim... Polisdən qovmasaydılar general da olmasaydım mayor olacaqdım.

ANAXANIM. Kişi, bir az yığcam elə, bir azdan qonaqlar gələcəklər...

QIZXANIM. Hə, evə gedib gəlinlik paltarımı geyməliyəm.

ATAKİŞİ. Hələ vaxta var, evimiz burdan – buradır. Bir də hələ Qardaşxan maşınla gəlməlidir dalımızca. Əsas puldur, deyin görüm, pulun üstündə kim oturacaq?

ANAXANIM. Doğurdan a... Etibarlı adamımız kimdir?

ATAKİŞİ. Yoxdur! Bu məmləkətdə mən çoxdan bu qərara gəlmişəm ki, pul etibar ediləsi adam artıq yoxdur. Buna görə pulun üstündə, arvad, özümüz oturasıyıq.

QIZXANIM. Ayıb deyil?

ATAKİŞİ. Bəlkə deyirsən bu qədər camaatın pulunu siyasi dustaq adıyla aministə düşmüş cibgir qardaşına etibar edək?! Bəlkə bu bambılı nişanlının dingiliş xalasına həvalə edək? Hanı? Hanı? Hanı?

BƏYBALA. Bağça – bağdadır!!! Özünü havaya verir!!!

ATAKİŞİ. Necə?

BƏYBALA. Bəli! Bəsdirin ədəbsizlik elədiniz, bura sizinçün sauna, sizinçün isə əziz qaynana, metro deyil! Bura şadlıq...

ATAKİŞİ. Necə? Sən mənim üstümə xoruzlanırsan?! Mənim qarşımda arvadlı – kişili elə adamlar soyunub uzanırlar ki, adlı – sanlı artistlər, müğənnilər, xalq şairləri, sən onların heç dırnağı da ola bilməzsən! Arvad, lopabığ xalq şairi də gələcək qızımızın toyuna. Bu harasıdır, məşhur sənətşünas da, üstəlik bir əcnəbi də gələcək...

ANAXANIM. Nə yaxşı...

BƏYBALA. Adlı – sanlı adamları soyundurub ora – burasını masaj eləmək şərafət deyil. Adlı – sanlı adam olub lümlüt gəzmək daha şərəflidir!!!

ATAKİŞİ. Necə? Mindirmə məni cin atına, yoxsa, vallah, bu saat səni soyundurub anadangəlmə elərəm, yıxaram bu mizin üstə elə masaj eləyərəm, elə masaj eləyərəm düz bir ay qızıma yaxın gedə bilməzsən?

QIZXANIM. Ata lazım deyil, qurbanın olum, hövsələni bas! (Bəybalaya) Sən də boş yerə tovlandırma bunları!

ANAXANIM. Qızım, bir dəqiqə mafar ver. Hə, deməli sən peşəmizi başımıza qaxınc edirsən?! Sən bir buna bax, bunun bir qalstukuna bax! Deyirəm nədir bayaqdan gözlərimi qamaşdırır...

QIZXANIM. Ana, mən almışam...

ANAXANIM. Mən nə deyirəm ki, deyirəm çox yaxşı qalstukdur, adamın gözlərini qamaşdırır. Qalstukun yaxşıdır, özün isə... Bizim metroda eskalatorla cəmiyyətimizin elə qaymaq – qaymaq adamları qalxıb – düşürlər ki, onları hər yerdə barmaqla göstərirlər, xalq artistləri, əməkdar incəsənət xadimi, şairlər, yazıçılar...

ATAKİŞİ. Estrada ulduzları!!!

ANAXANIM. Yox, onların hamısının lap azından mersedesləri var. Metroda gedib – gələnlərin hamısı abırlı adamlardır... Birisi var, otuz ildir əməkdar incəsənət xadimidir, televizorda dediyinə görə yüz əllidən çox tamaça hazırlayıb, rejissordur, fikir vermişəm, düz üç ildir bir nimdaş kurtqa geyinir, kurtqasından da nimdaş şapka qoyur, adama baxanda bax, beləcə gülümsəyir. Bir arada saqqal da saxlayırdı... Birisi də var deyəsən dramaturqdur, rəssama da oxşayır, əndrabadı tərtövrü var, şorgöz kişiyə oxşayır...

ATAKİŞİ. Necə?

Sağdış və Soldış əl - ələ tutub gəlirlər.

SAĞDIŞ və SOLDIŞ. Biz gəlib çıxdıq.

ATAKİŞİ. Siz kimsiniz?!

SOLDIŞ. Hi – hi – hi.

SAĞDIŞ. Biz Sağdış və Soldışıq da...

QIZXANIM. Bu mənim soldışımdır.

BƏYBALA. Bu da mənim sağdışımdır.

QIZXANIM. Bəs niyə yubandınız?

SAĞDIŞ. Uzun məsələdir...

SOLDIŞ. Hi – hi – hi. Çox uzundur, vaxt tapıb danışaram, hi – hi – hi.

ATAKİŞİ. Bəs bu Qardaşxan zırrama harda qaldı görəsən?..

ANAXANIM. Harda olsa gəlib çıxar...

ATAKİŞİ. Belə bir gündə cibə girib tutulmasa yaxşıdır...

Rəqqasə və Müğənni qız gəlirlər.

MÜĞƏNNİ. Şükür, şükür, gecikməmişik!

RƏQQASƏ. Sənə dedim ki, vaxtında çatacağıq. Vaxtından da on beş dəqiqə əvvəl gəlmişik.

MÜĞƏNNİ. On iki dəqiqə. Əgər o əbləh yolda bizi yoldan çıxarmaq istəməsəydi yarım saat tez gələrdik...

RƏQQASƏ. Yarım saat yox təxminən...

ATAKİŞİ. Saxlayın görüm! Siz kimsiniz?!

MÜĞƏNNİ. Mən müğənniyəm...

ATAKİŞİ. Oxuya bilirsən?

MÜĞƏNNİ. Ayıb deyil, sənətkara belə söz? (oxuyur).

Uca dağ başında,

Ceyran balalar...

ATAKİŞİ. Saxla görüm. Ceyran uca dağın başında nə qələt eləyir ki, üstəlik balalasın da. Ceyran olar çöldə, səhrada.

RƏQQASƏ. Bizim gözəl diyarda nə desən ola bilər...

ATAKİŞİ. Sən kimsən?

RƏQQASƏ. Rəqqasəyəm.

ATAKİŞİ. Bu boyla, bu vücudla sən rəqqasəsən?

RƏQQASƏ. Mən soyunmamışam, belə görünürəm, soyunub oriental rəqslər oynayanda bütün kişilər vəcdə gəlib demək olar ki, kişnəyirlər.

ANAXANIM. Bizim kişilərçün inək də burcutsa vəcdə gəlib kişnəyirlər, burda təəccüblü heç nə yoxdur.

ATAKİŞİ. Qismət olsa soyunarsan baxarıq...

Tamada tələsik gəlir.

TAMADA. Hə, bu da mən, toyun canı!

Verin gəlsin siyahını.

Bəyin, gəlinin adları,

Əmi, dayı arvadları,

Ata, ana, bacı, qardaş,

Qohum, qonşu, tanış, yoldaş...

ATAKİŞİ. Saxla, saxla görüm! Sən kimsən, belə sicilləmə gedirsən?

TAMADA. A, mənəm də, tanımadın?

Mənimtəkin tamadanın

Misli yoxdur, yaxşı bilin,

Hamı acı, mənsə şirin.

ANAXANIM. Ay kişi, toyun tamadasıdır da!

ATAKİŞİ. Xətakar tanış gəlirsən mənə... (diqqətlə onu süzür) Sən o deyilsən?

TAMADA. Kim, dayıcan?

ATAKİŞİ. Həmişə arvad paltarı geyib naz – qəmzə satır, mamlımatanlıq eləyir, o deyilsən?

TAMADA. Ay ağzı kişmişli, şəkərli, nabatlı dayday, indi çoxusu arvad paltarı geyib mamlımatanlıq eləyir, mən nə bilim mən hansıyam.

Qardaşxan gəlir.

QARDAŞXAN. Tez olun, tökülüşün aşağı, lümuzin hazırdır. Tez olun, vaxt çox azdır, polis xəbər tutmamış sürüb yerinə qoymalıyam!

ANAXANIM. Bala, nə lümuzun, nə polis, biz səni göndərmişdik ki, bir əcərli maşın tutub gətirəsən, bacını aparaq evə, geyindirib toya gəlin gətirək! Sən neyləmisən?

QARDAŞXAN. Ürək – göbəyin düşməsin, heç nə eləməmişəm. Gördüm müsibət bir maşın dayanıb, oxuya bilmədim, Almaniya səfirliyinin, yoxsa Albaniya səfirliyinin qarşısında. Sürüb gətirdim. Bir də maşına pul verəcəyəm.

BƏYBALA. Necə, biz oğurluğ maşına oturmalıyıq?! Mən...

QARDAŞXAN. Bu qızbibi kimdir?

QIZXANIM. Qaqaş, mənim gələcək həyat yoldaşımdır...

QARDAŞXAN. Necə? Yeznə? Can ay yeznə! Gəl bir səni kişi kimi möhkəm – möhkəm qucaqlayım. (Bəybalanı qucaqlayır).

BƏYBALA. Burax! Burax!

QARDAŞXAN (Bəybalanı buraxır). Dədə, ay dədə, gəl bir səni də...

ATAKİŞİ. Yox!!! Yaxın gəlmə! Hər dəfə sən məni qucaqlayanda ciblərim siçan yuvasına dönür! Yaxın gəlmə!

BƏYBALA (ciblərini yoxlayır). Necə?! Mən epileptikəm!... Mən prinsipal adamam...

Xala canharayı gəlir.

XALA. Muştuluğumu, verin! Gözünüz aydın! General gəlir! General deyil e, çayla içiləsi çiyələk mürəbbəsidir!

Saz musiqisi eşidilir. Sonra aşıq saz çalaraq gəlib cövlan edir, az sonra General gəlir.

GENERAL. Hanı, hanı mənim Bəybala nəvəm?

BƏYBALA (çaşqın halda yaxınlaşır). Baba?! Sənsən?!

GENERAL. Bəybala, ay bala nə böyük oğlan olmusan... (muşqurur) Əyil, baban öpsün üzündən...

BƏYBALA (əyilir). Baba, ay baba sən niyə bu hala düşmüsən? Nə olub bəyəm?

GENERAL. Fələk yazdığın yazır, pozduğun pozur, bala. Çal aşıq, bir – iki ağız de gəlsin.

Aşıq çalır.

BƏYBALA. Mən... Mən... deyəsən havalanıram...

AŞIQ (oxuyur).

Ay həzarat bizim toya

Yaraşıqdır bəylə, gəlin.

Qaranlıqda cüt ulduztək

Gur işıqdır bəylə, gəlin

GENERAL. Sağ ol, aşıq, sağ ol!

AŞIQ.

Ilin bahar novrağında,

Yaz gəzər yar sorağında

Məhəbbətin budağında

Sarmaşıqdır bəylə, gəlin...

Işıq tam sönür, qatı zülmət... Saz musiqisi...

ATAKİŞİ. Hanı? Hanı “BARMEK”?! bu nə biabırçılıqdır?

ANAXANIM. Kim idi? O hansı biqeyrət idi, o hansı namussuz idi çimdiklədi məni?!

ATAKİŞİ. Kimi, Anaxanım, səni?! Hanı? Hanı?

XALA. Çəkil görüm a, hara soxulursan?

BƏYBALA. Yandırın işıqları, yandırın, mən epileptikəm... Mən...

SOLDIŞ. Hi – hi – hi... Sənsən?!

TAMADA. Yox mən deyiləm...

SAĞDIŞ. Cibimə girmə! Girmə cibimə...

Hay – küy. Inzibatçı və xidmətçilər əllərində fənər gəlirlər, fənərlər adamları arabir işıqlandırır. Saz musiqisi...

İNZİBATÇI. Heç təlaş, təşviş keçirməyin... İşıqlar yanmasa generatorumuz var... Oxu, aşıq, oxu!

Fənərlərin işığı sönür.

AŞIQ (qaranlıqda).

Evimizə, eyvanımıza,

Qapımıza, ünvanımıza,

Qan – qadalı dövranımıza

Barışıqdır bəylə, gəlin...

PƏRDƏ

İ K İ N C İ H İ S S Ə

Məkan dəyişməyib... Estradada çalğıçılar alətlərini kökləyir, Tamada Müğənni qızla pıçıldaşıb hırıldayır, toya dəvət olunmuşların əksəriyyəti xımır – xımır yeyib – içir, söhbət edirlər.

Inzibatçı ilə Xidmətçilər ədəb - ərkanla hamıya nəzarət edirlər. Bir miz arxasında oturmuş General, Aşıq və Sənətşünas qızğın mübahisə edirlər.

AŞIQ /sazı dınqıldadaraq/. “Misri” belə başlayır...

SƏNƏTŞÜNAS. Məncə “Ruhani” belə başlayır...

GENERAL /marçıldadaraq/. Sənətşünas müəllim, məncə çox səhvsiniz, “Ruhani” elə “Ruhani”tək başlayır. “Misri”... Aşıq, bir təzənəni vur simlərə...

AŞIQ. Baş üstə, general! /çalır/.

GENERAL. Aha, budu ha, bax bu “Misri”dir! Çal, ağrın alım!

O biri mizdə Qonşu arvad özünü yelpincləyir.

QONŞU ARVAD. Harda qaldı təzəbəylə, təzəgəlin! Acından ürəyim çəkildi ki!.. Bir yandan aclıq, bir yandan da aşığın ürəkçəkən zınqazırınqı...

QONŞU. Arvad, sən bala – bala ye, onsuz da hamı gövşək gətirir... O ki, qaldı aşığa... Arvad, məndən çalış muğayət olasan, qoyma məni çox içəm... Yoxsa toyun şirin yerində sazı aşıqdan alıb geydirəcəyəm generalın kəlləsinə...

QONŞU ARVAD. Daha generalın niyə, sazı ki aşıq çalır...

QONŞU. Sazı aşıq çalır, amma fitvanı general verir... Sən ye...

Vestübüldə Müxbir qız Şairdən müsahibə götürür.

ŞAİR. Ceyran qız, əsil şairin üzü gülsə də, gözləri yaşlı olur.

MÜXBİR QIZ. Maraqlıdır, çox maraqlıdır. Eşitdiyimə görə siz çox zarafatcılsınız...

ŞAİR. Ha – ha... Zarafat – mərifət sahibinin məzəli tərzdə deyilən ürək sözüdür...

MÜXBİR QIZ. Sizcə bədii gülüş nədir?

ŞAİR. Ha – ha... Bədii gülüş, ceyran qız, cəmiyyətə ayıq – sayıq baxmağın nəticəsidir! Satira isə - hövsan soğanıdır, uzun və acı. Hər adamın mədəsi onu həzm etməz. Ha – ha...

MÜXBİR QIZ. Maraqlıdır, çox maraqlıdır. Mənimçün çox önəmlidir, siz fəxri adlara necə münasibətdəsiniz?

ŞAİR. Ha – ha... Şirin belinə palan qoysan - əgər təpərin çatsa – o elə şirdir, eşşəyin başına qızıldan tac qoysan – bu çox asandır – o yenə eşşəkdir, fəxri adlar da belədir, ceyran qız. Ha – ha...

MÜXBİR QIZ. Möhtərəm şair, bəs siz özünüz, xalq şairi fəxri adını alandan sonra özünüzü necə hiss edirsiz?

ŞAİR. Mən?.. Mən əməkdar incəsənət xadimi olanda özümü indikindən daha gümrah, daha şaqraq, daha sağlam hiss edirdim... Xalq şairi olandan tez – tez qan təzyiqim qalxır, yerli – yersiz başağrıları olur, ələlxüsus mədəm tez – tez pozulur... Elə pozulur ki, gəl görəsən.

MÜXBİR QIZ. Möhtərəm şair, bəlkə yaşa dolursuz, qocalıqdandır?

ŞAİR. Yox, ceyran qız, yox! Nə yaşım var ki, vur – tut altmış doqquz bu il tamam olub. Mən hələ indi – indi qoşmalar, gəraylılar yazmağa başlamışam...

Sinəndə nazlanan qoşa möcüzə

Söylə, narıngidir, yoxsa güleyşə?

Şehli dodaqların baxanda mənə

Yadıma qızılgül düşür həmişə.

Hə, necədir ceyran qız?..

MÜXBİR QIZ. Çox ekzotik və erotikdir. Bir çimdik orentallığı da əlavə etsəydiniz misli olmazdı. Həlakam açıq – saçıq şerlərçün...

ŞAİR. Təzə kitabımda elələri çoxdur... /Cibindən gəlimçə çıxarıb verir/. Ceyran qız, al bu gəlimçəni, könlün istəyən vaxt zəng çalıb təşrif gətirə bilərsən. Təzə kitabımı da imzalayıb bağışlaram sənə...

MÜXBİR QIZ. Ay nə yaxşı! Yeri gəlmişkən sizin iqtidar – müxalifət dartışmasına münasibətiniz necədir?..

ŞAİR. Ceyran qız, məni bağışla, bu saat gəlirəm... /Cəld soldakı qapıya tərəf gedir, qapını açıb içəri girir, sonra başını çıxarır/ Bu saat, lap bu saat... /qapını örtür/.

“Vağzalı”... Musiqi anbaan yaxınlaşır... Qardaşxan canharayı gəlir...

QARDAŞXAN. Gəlirlər!... Vurrey! A gedə vurrey!..

Qabaqda əlində qırmızı qaytanlı ayna Xala, ondan arxada əllərində şamlar Sağdış və Soldış, onların ardınca əlində gül çələngi Bəybala ilə yanaşı Qızxanım, sonra Atakişi və Anaxanım lap sonra isə başqaları eşikdən səhnəyə qalxırlar. Tamada vestübülə cumur...

TAMADA. Anam, bacım qız gəlin!

Əli, ayağı düz gəlin!

Yeddi oğul istərəm,

Bircə dənə qız gəlin!

MÜXBİR QIZ /əlindəki diktafona/. Hörmətli dinləyici, “Vağzalı” sədaları altında təzəbəylə, təzəgəlin ziyafət zalına tərəf yeriyirlər. Ah, onlar necə də xoşbəxtdirlər!

QARDAŞXAN. Hamıdan öncə mən, qızın qardaşı xoşbəxtəm, bu gün sevincimdən məclisdəki bütün adamları bağrıma basacağam! Adə, vurrey! Atəşfəşanlıq! /Taraqqa, partlanğıc və fişəng çıxarıb atır. Atəşfəşanlıq/ Adə vurreyy!

MÜXBİR QIZ. Budur, görünməmiş atəşfəşanlıq...

Şair hövləki tualetdən çıxıb vurnuxur...

ŞAİR. Nə olub?! Nə idi partladı?!

MÜXBİR QIZ. Möhtərəm xalq şairimiz bu təntənəyə ruhən davam gətirməyib özünü vestübülə atır, bəylə gəlini mübarəkbad edir! Bəli, budur, milli ənənə, milli mentalitet, ən nüfuzlu adamlarımız belə lazım olanda öz vacib işlərini yarımçıq qoyub təzə ailə quranların pişvazına atılırlar!

ATAKİŞİ. Ağəz, saxla görüm! Saxla! Sən kimsən ki, ucundan tutub ucuzluğa gedirsən?!

ANAXANIM. A, qız hələ bil dilotu yeyib a!

MÜXBİR QIZ. Hələlik heç nə yeməmişəm, toya dəvət olunanların hamsıtək mən də acam. Inşallah...gərək ki, siz bəyin atası, siz də anasısınız?

ATAKİŞİ. Yox! Mən gəlinin atasıyam, bu da elə gəlinin anasıdır. Sənə nə lazımdır?! Nə istəyirsən?

MÜXBİR QIZ. Nə yaxşı, nə yaxşı! Bəs bəyin ata – anası hanı?

ATAKİŞİ. Ağəz sənə nə var, sənə nə düşüb?!

XALA. Mən Bəybalanın xalasıyam!

MÜXBİR QIZ. Nə gözəl, nə qəşəng! Xahiş edirəm müsahibə verəsiniz bizim dinləyicilərimiz üçün? Möhtərəm dinləyicilər, siz müasir ənənəvi milli toyumuzdasınız. Təzə gəlin, təzə bəy... Ata, ana, qohum – qardaş...

SAĞDIŞ. Mən sağdışam!

SOLDIŞ. Hi – hi... Mən də Soldışam...

MÜXBİR QIZ. Sağdış, soldış... Hamı, hər şey yerli – yerində... Qalır bircə gələcək ailə səadəti... O da olacaq... Əziz ata, ağbirçək ana, xahiş edirəm, bu toy mərasiminin tərbiyəvi əhəmiyyəti barədə dinləyicilərimizə öz öyüd – nəsihətinizi verəsiniz.

ATAKİŞİ. Bilirəm, çox yaxşı bilirəm ki, bu dünyada baş saxlamaqçın olduğundan da həyasız görünməlisən, amma bu həddə, bu dərəcədə yox! Siz müxbirlər, siz jurnalistlər az qalıb ki, ardımızca yorğan – döşəyimizə də girib müsahibə istəyəsiniz. Məni polisdən qovmasaydılar, tərbiyəvi əhəmiyyəti əyani göstərərdim sənə. Konkret rədd ol burdan!!!

MÜXBİR QIZ. Necə?! Sizin ixtiyarınız yoxdur bizim hüquqlarımızı... Mən sizi məhkəməyə verəndə ağlınız gələr başınıza...

ANAXANIM. Ağəz, sən lap ağ elədin a! Dəvətsiz – filansız gəlməyin bəs deyil hələ bizi məhkəməyə də vermək istəyirsən?

MÜXBİR QIZ. Anam yaşında olmasaydın...

QIZXANIM. Neylərdin, neylərdin?... Vallah, billah baxmaram ki, təzəgəlinəm, saçlarından yapışıb mətbuat klubunacan sürüyərəm səni?...

MÜXBİR QIZ. Məni?! Məni?! Mən bu saat polis çağırram... Tamada cumub gəlir...

TAMADA. Lazım deyil, bir azdan onsuz da iyə gələcəklər... (Müxbir qızın qolundan tutub kənara çəkir). Bura bax, lap ağ eləyirsən. Dünənki toyda da şuluq salmışdın, mən olmasaydım bu gün məhkəmən idi... Həddini aşırsan... Keç qaxıl otur, ye – iç, axırda da nə verərlərsə şükür elə... (Çalğıçılara) Çalğıçılar, bəylə gəlinin şərəfinə bir “Mirzeyi” (musiqi!) Siz allah, belə bir gündə qanqaraçılıq eləməyin! Keçin ziyafət zalına! Vallah, hamımız bir millətik, bir ümmətik! Yaşasın təzəbəylə, təzəgəlin...

Musiqi güclənir, Bəybala, Qızxanım və hamı ziyafət zalına keçirlər.

ŞAİR (Xalanı çimdikləyir). Siz də burdasız?

XALA. Nə yaxşı, nə xoş təsadüf...

ŞAİR. Təsadüf niyə? Xalis zərurət! Mənim yanımda əyləşərsiz!

XALA. Ürəyiniz istəyən yerdə əyləşərəm... (zala keçirlər).

QARDAŞXAN. Dədə, ay dədə, fişt!

ATAKİŞİ. Hanı? Hanı fişt? Nə olub ədə?

QARDAŞXAN (oğrun – oğrun). Ala bunları saxla, lazım olar bədəbəddə... (pul verir).

ATAKİŞİ. Bu pullar hardandır?

QARDAŞXAN. Sən bayaq jurnalistlə razborka eləyəndə çırpışdırmışam... Sən də özündə saxlama, ötür mamaya, nöşünki birdən tökülüşüb ablava edərlər... Mən tez gedim lümuzunu qoyum bir hovura qayıdıram. Şairin qoltuq cibində nəsə var, bayaq girişə bilmədim, qayıdıb bütün ciblərini dezinfeksiya edəcəyəm! Dədə, qoyma ya, məclisdən çıxıb gedən olsun. Bu gün mən hamını qucaqlayıb bağrıma basmalıyam! Mən qaçdım, özündən muğayət ol! (bağlını verir). Yadımdan çıxmışdı, al, bunu jurnalistin sumkasından çaldım...

ATAKİŞİ. Tez qayıt, bu günlük yolda heç kəsə ilişmə.

QARDAŞXAN. Xatircəm ol... (gedir).

ATAKİŞİ. Ix, məni polisdən qovmasaydılar... (pulu cibinə qoyur, sonra zala keçə - keçə öz ciblərini yoxlayır) Qırışmaldan nə desən çıxar. (zala keçir).

TAMADA. Ay qız atası, gəl görək!

Məclisə rövnəq verək!

ATAKİŞİ. Gəldim...

TAMADA (çalğıçılara). Lirika... (musiqi).

Xoş gəlibdir qonaqlar

Bizim toy məclisinə.

Bu gün Kərəm qovuşur

Sevimli Əslisinə.

Bu gün Fərhad Şirinə,

Məcnun öz Leylasına

Romeo Cülyettaya

Sevinc müjdəsi verib

Gözlərin aydın deyir!

Təzəbəy, təzəgəlin,

Tale üzünüzə gülsün!

Bu məclisə gələnlər

Bir ağızdan söyləsin;

Allah mübarək eləsin!

Allah, mübarək eləsin!

(çalğıçılara) Lirik – sintemental çalın. (musiqi dəyişir).

Övladın nazın çəkən,

əzizləyən,

körpəcə pöhrətəkin

hər xətadan, bəladan

gecə - gündüz gözləyən,

bal kimi balasına

canlı pətəkdir; şanadır –

Ata ilə anadır!

Bu mübarək toyumuzda sevənlərin ağbirçəkləri, ağsaqqalları sözlə ifadə olunmaz duyğuları, hissləri yaşayırlar. Buyursunlar, Qızxanımın ata – anası, Bəybalanın ata – anası üzürlü, çox üzürlü səbəbdən toyda iştirak etmədiklərindən, onun general babası, xanım – xatun xalası, buyursunlar – toyumuzun xeyir – duasını verib sevənləri haqqa ismarlasınlar. (çalğıçılara) Tuş!

Musiqi. Atakişi, Anaxanım, General və Xala estradaya yaxınlaşırlar.

TAMADA. Qucaqlayıb öpsün quda – qudanı,

Məclisə versinlər xeyir – duanı.

ATAKİŞİ. Vallah, elə həyacanlıyam ki, bilmirəm nə deyim... Bununla belə deyirəm, subaylara qismət olsun, hamı oğul – uşağından görsün belə bir günü...

ANAXANIM (ağlayaraq). Qızım xoşbəxt ol! Daha nə deyim... Siz də xoş gəlib səfa gətirmisiniz...

GENERAL. Əziz və istəkli nəvəm, toyun mübarəkdir. Mən kənddən bura (muşqurur), üzr istəyirəm, gələndə özümlə Aşıq Əliabbas Başıdumanlını da gətirmişəm... Buyur bura aşıq...

XALA. Aşıq özünü bura yetirənəcən mən də öz ürək sözümü deyim... Mənim sözüm bacıoğlunun timsalında gənclərədir, ay cavanlar, çalışın evlənməyin, hərgah yolunuzdan çıxıb evləndiz həmişə hər şeydə arvadınızın qarşısında farağat dayanın... Təzəgəlinin də timsalında üzümü buradakı nazlı – qəmzəli qızlara, qadınlara tutub naməlum antik bir filosofun təbirilə deyirəm, ey qadın, birisinin qəlbinə girmisənsə çalış nəyin bahasına olursa – olsun orada qalasan, məskunlaşasan – qadın sevən bir kişinin qəlbində olanda gözəl, mənalı və sehirli olur! Ey təzəgəlin, çalış həmişə mənalı, gözəl və sehirli olasan! Təzəgəlinlə Təzəbəyin sağlığına! (badəsini qaldırıb birkərəmə içir).

SƏNƏTŞÜNAS (əlində badə qalxır). Bravo! Bravo! Halal olsun! Belə proloq məni valeh etdi. Bu toyun ekspazisiyasından aşkar hiss olunur ki, süjet – yəni bir – biri ilə bağlı olub ardıcıl surətdə inkişaf edən və bilavasitə epik, lirik – epik, yaxud

dramatik əsərin məzmununu təşkil edən həyat hadisələri – ana xətt üzrə çox gərgin inkişaf edəcək və kuliminasiyasına çatanda bütün personajlar sürrealistcəsinə gözlərimiz önündə parlayacaq...

AŞIQ. Ağrın alım, qabağında ölüm, nə süjet, nə sür, nə mür, vallahi, billahi, bu günki məclisə göz gəzdirəndə qadınların, qızların gözlərinin odundan, qədd – qamətlərinin nazından, ədasından gözlərimə nur gəlir, ürəyim istəyir döş qəfəsindən çıxıb qadınların – qızların ənlik – kirşanlarının, ətirlərinin qoxusunun atmosferasında döyünsün. Hanı bu məclisin ceyran gözlü müğənni qızı, xoşəndamlı rəqqasəsi, gəlin, gəlin qoşulun mənə buradakı nazəninlərin gözəlliyinə bir gözəlləmə deyək. Basdım e, sazı bağrıma! Ey çalğıçılar siz də züy tutun! (Aşıq çalğıçıların müşayəti ilə çalır. Rəqqasə rəqs edir, Müğənni qız isə ona səs verir).

Dağ çayıtək aram tutmaz çağlayar,

Laçın kimi ürəyimə şığıyar,

Əcəl olub gözlərimi bağlayar,

Şirin canı şirin alar gözəllər.

HAMI. Sağ ol aşıq! Var ol aşıq!

AŞIQ

Əlabbasam, el içində uluyam;

Bir gözəlin cavanlıqdan quluyam,

Qocalsam da hələ canısuluyam,

Xatirimdə gözəl qalar gözəllər...

TAMADA. Əla! Fısqırıq! Indi isə rəqs edir bütün qohumlar, əqrabalar, qonşular, tanışlar, bilişlər! “Sem – sorok”!!!

Musiqi. Hamı rəqs edir...

XALA (rəqs edərək). Buyurun general, sizi rəqsə dəvət edirəm...

GENERAL (muşqurur). Üzr istəyirəm, məmuniyyətlə... (rəqs edir).

SOLDIŞ (rəqs edərək Sağdışa). Nədənsə ürəyim bulanır...

SAĞDIŞ. Əlbət çox yemisən...

SOLDIŞ. Dilimə heç nə vurmamışam.

SAĞDIŞ. Onda acındandır, çalış bir az yeyəsən...

SOLDIŞ. Yox, nə acındandır, nə də toxundan... Deyəsən işləri korlamışıq... Bir – iki günə elçiləri göndər...

SAĞDIŞ. Necə?...

QONŞU. Soyuq qəlyənaltıları bir qəpiyə dəyməz...

QONŞU ARVAD (rəqs edərək). Qəlyənaltıları təpələrinə dəysin, özlərini elə dartırlar ki, guya nə xalq şairi görmüşük, nə də general.

QONŞU. Hə, də! Bu məmləkətin yarısı xalq şairi ilə xalq artistidir.

QONŞU ARVAD. Təkcə bizim şirkətdə iki xalq şairi, üç xalq artisti, dörd əməkdar rəssam, iki əməkdar artist, on molla arvadları işləyirlər...

SƏNƏTŞÜNAS (rəqs edərək). Elə bir toy məclisimiz yoxdur bu gözəl yəhudi rəqsi orda səslənməsin! Hey, aşıq, sən də qoşul bizlərə!

AŞIQ. Ağrın alım, sümüyümə düşmür... Mənimki “Tərəkəmə”dir!

MÜXBİR QIZ (rəqs edərək). Həyatımda birinci kərəmdir ki, tanınmış sənətşünas və sevimli xalq şairi ilə bir məclisdə rəqs edirəm. Belə bir xoşbəxtlik məncə hər jurnalistə nəsib olmur. Möhtərəm, sənətşünas müasir teatrımızın durumu barədə nə deyə bilərsiz? (diktafonu sənətşünasa tutur.)

SƏNƏTŞÜNAS. Çağdaş teatrımıza milli Herakl lazımdır!

XALQ ŞAİRİ. Niyə Koroğlu yox, məhz Herakl?

SƏNƏTŞÜNAS (rəqs edərək). Çünki bu saat teatrlarımız Aqvi padşahının tövlələrini ötüb – keçib. Milli Herakl lazımdır ki, onsuz da tez – tez məcrasından çıxıb aşıb – daşan Kür çayının səmtini dəyişsin bu tövlələrə sarı...

ATAKİŞİ (rəqs edərək Anaxanıma). Vəziyyət pis deyil...

ANAXANIM (rəqs edərək). Əladır! Gəlin zurna – balabanla evdən çıxanda gördün də, təcili yardım gəldi qonşumuz Zibeydə üçün.

ATAKİŞİ. Məni polisdən qovmasaydılar lap yanğınsöndürənlər də gələcəkdi bütün məhəlləyə...

Rəqs edərək Atakişi və Anaxanım vestübülə çıxırlar.

ANAXANIM. Puf... Tər basdı məni, lap pərləşəndim...

ATAKİŞİ (pul verir). Al, gizlət, oğlun çırpışdırıb qonaqlardan... (bağlını verir). Al bunu da Müxbir qızın çantasından çırpışdırıb. Dəliqanlı qızlar üçündür...

ANAXANIM (pulları və bağlını gizlədir). Gədənin barmaqları qızıldır da... Yaxşı, bəs sənin əcnəbi qonağın niyə gəlib çıxmır.

ATAKİŞİ. Gələcək, hökmən gələcək. Əhmədağa söz verib ki...

ANAXANIM. Əhmədağa kimdir?

ATAKİŞİ. Mənim daimi müştərimdir, qiyamət oğlandır, inturistdə işləyir, söz verib ki, inturistdən bir əcnəbi tutub göndərəcək toya.

ANAXANIM. Əhmədağa özü də gələcək?

ATAKİŞİ. Yox, Əhmədağa özü bu axşam yaponka turistdən xır – xır eləməyi öyrənəcək...

ANAXANIM. Kül ağlına, xır – xır yox e, yox xarakiri...

Bəybala keyfli gəlir.

BƏYBALA. Aha, burdasız... Yadınızdan çıxarmayın ki, mən həm epileptikəm, həm də prinsipal adamam. Hanı?!

ATAKİŞİ. Nə hanı?!

BƏYBALA. Vəd elədiyiniz evin açarları...

ANAXANIM. Of, adın da yadımdan çıxır həmişə, hələ evlilik həyatına başlamamısan amma öz zıqqılığınla məni də, qaynatanı da, üstəlik qızımı da əldən – dildən salmısan.

ATAKİŞİ. Hə, də! Keç, keç əyləş gəlinin yanında, ayıbdır.

BƏYBALA. Ayıbdır? Sizinçün ayıbdır, mənimçün yox! Siz bu günə söz vermişdiniz. Söz vermişdiniz ki, toy başlanantək camaatın gözü qabağında götürüb evin açarlarını bir hədiyyətək verəcəksiniz mənə.

ANAXANIM. Bir ay kirayə yaşasanız dünya dağılmaz!

BƏYBALA. Bir ay kirayə! Heç vaxt! Bu saat ziyafət zalına keçib (Qardaşxan gəlib kənardan dinləyir) bağıracağam, ay camaat bunlar fırıldaqçıdılar! Afiristlər!

QARDAŞXAN. Qələt eləyəcəksən! Başını daşdan – daşa vuracaqsan! Nə olub burda, dədə?!

ATAKİŞİ. Mənzilin açarlarını istəyir!

BƏYBALA. Bəli, söz vermisiniz, xahiş edirəm, sözünüzün üstündə durasınız. Mən kirayə yaşaya bilmərəm!

QARDAŞXAN. Ala, sən kimsən bəyəm kirayə qala bilmirsən?! Məndən artıq oğlansan?! Necə olur ki, mən iki il sərasər türmədə barakda yaşaya bilirəm, sən kirayə qala bilmirsən? O baraklardakı tarakanın hər biri sənin boyda, taxtabitinin də ən balacası sənin general baban boydadır. Elə eləmə ki, səni əzim, məhv eləyim, yandırım, külünü də Engelsin külütək səpim Sakit okeana!

ANAXANIM. Bala, özünə əziyyət verib, dağa – daşa düşmə, elə öz Xəzər dənizimizə səp!

ATAKİŞİ. Hə də, onsuz da zir – zibillə doludur...

QARDAŞXAN. Düş qabağıma, keç qaxıl otur, bacımın yanında! Elə eləmə qulağından tutub aparım! Keç görüm...

BƏYBALA. Bu sizə...

QARDAŞXAN. Az danış, keç görüm...

Bəybala və Qardaşxan zala keçirlər.

ANAXANIM. Yaxşı ki, Qardaşxan vaxtında gəlib çıxdı...

Təcili yardım maşını qıyı...

ATAKİŞİ. Bu nə səsdir? Polis maşının qıyına oxşayır...

ANAXANIM. Yox, mənbiləni təcili yardımdır...

Həkim, Molla və Polis gəlirlər.

MOLLA. Bismillahi – rəhmani – rəhim” şükür Allaha sağsalamat gəlib çıxdıq.

POLİS. Belə görürəm ki, toy yiyəsi sizsiniz də...

ANAXANIM (təlaşla). Hə, bizik... Nə olub ki?

HƏKİM. Hələlik heç zad olmayıb, gələcəkdə də bu toyda əminamanlıq, salamatçılıq və halallıq olsun deyə biz, yəni HMP milli servis üçlüyü təşrif gətirmişik.

ATAKİŞİ. Necə?! HMP?!

MOLLA. Bismillahi – rəhmani – rəhim! Heç qorxub eləmə. Məsələ belədir: ölkəmizdə inhisarlaşmanın səbəbindən qiymətlərin artmasına müvafiq ərzaq mallarının keyfiyyətinin aşağı düşməsindən irəli gələrək istər toylarımızda, istərsə də yaslarımızda vətəndaşlarımızın əminamanlığını, sağlamlığını və halallığını nəzərə alıb HMP – yəni – həkim, molla və polis milli servis üçlüyünü təşkil etmişik.

ATAKİŞİ. Niyə? Nə səbəbə? Kim sizdən xahiş eləyib?!

HƏKİM. Əsəbiləşməyin, təmkinli olun, qan təzyiqiniz artar.

POLİS. Vətəndaş, bizim vətəndaşlıq borcumuz tələb edib ki, belə bir servisi yaradaq. Molla, müfəssəl başa sal.

MOLLA. Bismillahi – rəhmani – rəhim

Əlhəmdü lillahi rəbbilaləmin

Ərrahmanirrəhim.

Maliki yövmidin

Iyyakə nəbudu və iyyakə nəstəin

Ehdinəssiratəlmüstəqim

Siratəlləzinə ənəmtə əleyhim

gəril – məzğubi əleyhim vələzzalin.

Hə, bu belə. Hə, deyin görüm belə gəlinin siğə kəbini var?

ATAKİŞİ. Var!

MOLLA. Verin yoxlayım.

ANAXANIM. Ay kişi, sən mollaların müfəttişi zadsan bəyəm?!

MOLLA. Əstəfullah, allah eləməsin. Mən sizin xeyrinizə danışıram, baxım görüm siğəni şiə mollası kəsib, yoxsa sünni müftisi, bəlkə vəhabinin biri kəsib müqəddəs siğəni. Elədirsə müstəcab olmaz. Bu qədər xərc – xəcalət çəkmisiz hamısı batil olub gedər.

ANAXANIM. Kəbin siğəsi yerli – yerindədir, sən heç narahat olma, axund Hüseynağa özü kəsib siğəni.

MOLLA. Hə, axund Hüseynağa kəsibsə deməli – çox gözəl, çox pakizə, çox mübarək!

HƏKİM və POLİS. Hə, hə, axund Hüseynağa mükəmməl mücdəhiddir.

ANAXANIM. Hərgah siğə kağızına görə hayharayla bura cumubsunuzsa xatircam olub gedə bilərsiz.

ATAKİŞİ.. Xudahafiz!

MOLLA. Xeyir a, xeyir, öylə deyil! Həkim növbə sənindir.

HƏKİM. Belədir! Süfrənizdə soyuq qəlyənaltı, spirtli içkilər var?

ATAKİŞİ. Var!

HƏKİM. Bunu yaxşı bilin, süfrələrdəki soyuq qəlyənaltılar lap azından dünənki toydan qalıb. Soyuducuların nasaz olmasını nəzərə alsaq təsəvvür edin ki, yeməklər nə gündədir. Spirtli içkilər isə geydirmədir! Toya dəvət olunanların arasında isə şübhəsiz mədəsi, qaraciyəri, böyrəkləri, öd kisəsi xəstə olanlar onlarladır. Mən əminəm ki, plov ortaya gələnətək azından beş nəfər əməlli – başlı zəhərlənəcək. Belə olan surətdə siz hökmən təcili yardım çağıracaqsınız. Təcili yardım gəlib çıxanatək isə o beş nəfər keçinə bilər, üstəlik bir neçə qonaq da zəhərlənər.

ANAXANIM. Yaxşı, tutaq ki, siz lazımsınız bəs bu molla, bu polis, bunlar nəyimizə gərəkdir?

HƏKİM. Xanım, elə deməyin! Bu gün zəhərlənən beş nəfərdən heç olmasa ikicəsi necə lazımdır keçinib öz dünyasını dəyişəcək!

MOLLA. Bəli ya, bəli! Belə olan surətdə onun üzünü qibləyə tutub salavat çevirmək lazımdır ki, cəzanını rahat versin...

POLİS. Ölüm – itim olan yerdə isə hökmən polis lazımdır! Hə, buna görə də biz HMP servis xidməti üçlüyünü təşkil etmişik.

ANAXANIM. Yaxşı, siz deyən olsun, keçin məclisə...

HƏKİM, MOLLA və

POLİS (içəri keçərkən). Toyun sonunda adama on şirvan!!! (içəri keçirlər).

ATAKİŞİ və

ANAXANIM. Necə?!

Şotland geyimində əcnəbi tulaq – zurna çalaraq gəlir.

ƏCNƏBİ. Vedinq! Vedinq!

ATAKİŞİ. Əhmədağa?!

ƏCNƏBİ. Ha, ha! Okey! Okey! Ahmadağa! Ay həv bin invaytid. Qest! Qonaq!

ATAKİŞİ. Ay belə xoş gəlib səfa gətirmisən! Keç məclisə!

ANAXANIM. Əşi, gəl çıx da, gözümüzün kökü saraldı ki!

ƏCNƏBİ. Qəl çık, qəldim, çıkdım! Mərric veri qud, if yu a lovinq! Niqah çok yahşi, əqər sevirlərsə! Ha – ha!...

ANAXANIM və

ATAKİŞİ. Buyur, buyur, keç məclisə!

ƏCNƏBİ. Meni sənks! Ay əm veri hənqri! Çox acam!

Anaxanım, Atakişi və Əcnəbi zala keçirlər.

TAMADA. Dostlar, yeyib – içməyə

Bir an fasilə verin.

Toylarında rəqs etsin

Təzə bəy, təzə gəlin!

Musiqi. Bəybala və Qızxanım qalxıb rəqs edirlər, məclisdəkilərdən bir neçəsi onlara qatılıb rəqs edir.

MÜĞƏNNİ QIZ (oxuyur). Səadət andı içir

Sevinclə iki cavan.

Cəsarətlə gözəllik

Bağlayır əhd – peyman.

Bu toyda qohum olur

Doğmalaşır iki soy.

Hamı ürəkdən deyir

Mübarəkdir belə toy.

Əlinizdən düşməsin

Səadət piyaləsi.

Həmişə şəfəqlənsin

Sevginizin haləsi.

Ömrünüzə bələdçi

Ülvi məhəbbət olsun

Bir vaxt gümüş toyunuz

Biz də qismət olsun.

Mahnı bitir.

TAMADA. Aydan arı, sudan duru, abır – həya mücəssəməsi gəlinimizin gözünün ağı – qarası Koroğlunun dəlilərinin davamçısı, şir ürəkli, polad biləkli qardaşının sifarişi ilə cayıllara layiq “Dəyirmandan meydana” rəqsi!

Misiqi. Qardaşxan rəqs edir. Xala qalxıb ona sarı gəlir.

XALA. Indi hamı şahid olar kimdir Koroğlunun dəlilərinin davamçısı, kimdir şir ürəkli, polad biləkli! Ehey!!! (rəqs edir).

Inzibatçı xidmətçilərin əhatəsində vestübülə gəlir.

İNZİBATÇI (çox becid danışır). Toy qızışır, lazımi tempini götürür.

XİDMƏTÇİLƏR. Elədir!

İNZİBATÇI. Tapşırıqlarımı dinləyin!

XİDMƏTÇİLƏR. Dinləyirik.

İNZİBATÇI. Qızın qardaşını – Koroğlunun dəlilərinin davamçısını deyirəm – bir an da gözdən qoymayın. Əldən çox itidir. Çox peşəkar və səliqəli cibgirdir. Gözdən tük çəkir. Kaş bütün sahələrdə mütəxəssislərimiz ona oxşayaydılar. Gözünüz onda olsun!

XİDMƏTÇİLƏR. Oldu!

İNZİBATÇI. Ikincisi, artıq hamı yeyib – içib necə lazımdır keflənib.

XİDMƏTÇİLƏR. Təkcə ata – anadan savayı.

İNZİBATÇI. Sizə elə gəlir. Onlar xoşbəxtlikdən içənlərdən daha çox məst – xumardılar. Nə qədər ki, qonaqlardan üzlüləri zirəng tərpənib açılmamış içkiləri

çırpışdırmayıblar siz fəaliyyətə başlayın.

XİDMƏTÇİLƏR. Oldu!

İNZİBATÇI. Bir azdan plov ortaya gələcək. Həmişə olduğu tək... Aydındır?

XİDMƏTÇİLƏR. Aydındır! Qənaətlə - düyünü də, qaranı da yarıbayarı ixtisarla.

İNZİBATÇI. Nəhayət ən ümdəsi, qalmaqal gözlənilir.

XİDMƏTÇİLƏR. Necə?

İNZİBATÇI. Çox ehtimal əlbəyaxa, bəlkə də dava – dalaş olsun.

XİDMƏTÇİLƏR. Yəni lap belə?!

İNZİBATÇI. Bəli, lap belədən də beşbetər ola bilər. Bizimkiləri tanıyırsınız...

XİDMƏTÇİLƏR. Əlbəttə!

İNZİBATÇI. Nəzərinizə çatdırıram – Əcnəbi də bizim adamdır.

XİDMƏTÇİLƏR. Ola bilməz!

İNZİBATÇI. Bəli! Indi isə - ardımca, iş başına!

XİDMƏTÇİLƏR. Oldu, ardınızca iş başına!

Inzibatçı və Xidmətçilər ziyafət zalına keçirlər.

Musiqi. Sənətşünas, Müxbir qız gəlirlər, hər ikisi keflidir.

SƏNƏTŞÜNAS. Real həyatın özündə tünük psixoloji məqamlar belə teatrlaşdığından teatrda psixoloji yaşamdan söhbət gedəmməz!... Həyat özü əsrlərdən bəri teatrlaşıb və nəhayət hal – hazırda gözlərimizin önündə baş verənlər şit, çırtıq vodevilə, bufa döndüyü halda teatrda incə mətləblər, tünük məqamlar axtaranlar nə həyatı, nə də teatrı dərk etmirlər!...

MÜXBİR QIZ. Qiyamət söylədiniz. Sizcə, müəllim, teatr məktəbdir, yoxsa məbəd?!

SƏNƏTŞÜNAS. Ha... Yaxşı sualdır?! Bu sualı tez – tez eşidirəm. Qızım, əvvəla bunu bil, ömürlərini bütövlükdə incəsənətə həsr edənlər ilk növbədə öz ruhlarının, mənəviyyatlarının saflaşmasına çalışırlar. Belə olan surətdə teatr – məbəddir, teatr Adamı isə abiddir, zahiddir! Hazırda isə bu müqəddəs ocaqlara soxulan lotu – potular, bambılılar, cüvəllağılar Allahın evini lağa qoyub təhqir edən mürtədlərə, kafirlərə bənzəyirlər... Of... Yaman bürküdür... Gəl gedək eşiyə, ardını mənim balam, təbiətin qoynunda təmiz havada anladım sənə.

MÜXBİR QIZ. Çıxaq təmiz havaya, müəllim, çıxaq!... (hər ikisi yenə eşiyə çıxır)

Musiqi bitir. Əcnəbi Tamadaya yaxınlaşıb nə isə pıçıldayır...

TAMADA. Sakit! Əziz qonaqlar bizim məclisimizdə çox dəyərli bir insan iştirak edir. Bizim təzəbəylə təzəgəlini təbrik etmək üçün uzaq Şotlandiyadan bizim diyara, çiçəklənən, müstəqillik yollarında inamla addımlayan azad diyara... (Əcnəbiyə) Müsaidənizlə adınız...

ƏCNƏBİ. Ad... Ad... Okey... Fini Mak Humal...

TAMADA. Bəli, Fini Mak Humal təşrif gətirib... Buyurun cənab Fini Mak Humal.

ƏCNƏBİ. Fazə, mazə, qrəndfazə, qrəndmazə, ant, sistə, ankl – ay əm hiə in vedinq! Yə - ni ki, ata, ana, baba – nənə və hamı mən şadam bu toyda... Vedinq... (tuluq – zurnanı göztərir) Zourna! Çaldım oxudum... (tuluq – zurnada çalıb oxuyur və rəqs edir)

May diə, diə lovə

Ay lav yu veri maç!

Ay vont yu tu bi həpi

Ol ze Dey of mans.

Bi həpi, bi həpi

Ol ze Dey of mans.

(rəqs edərək keçib Qızxanımın qolundan tutub araya gətirir).

BƏYBALA. Bu lap ağ oldu ki...

ƏCNƏBİ (Bəybalaya). Svundlə, Qudbay...

BƏYBALA. Özünsən...

ƏCNƏBİ. Ozun... Ozun... (Qızxanıma) Bitreyə... (çağıraraq) Ay vont dans vuiz brayd!... (cibindən bir parça kağız çıxarıb Müğənni qıza verir) Teyk ənd rid it!

MÜĞƏNNİ QIZ (kağızı alıb baxır). Bu sözlərlə mahnı oxuyum?

ƏCNƏBİ. Okey... Okey... (Qızxanıma) Bitreyə... Bitreyə...

QIZXANIM. Ay vont kray...

ƏCNƏBİ. No... No... Ze yanq mən qet mərri, gyöl qet mərri...

Musiqi... Əcnəbi və Qızxanım rəqs edirlər.

MÜĞƏNNİ QIZ (oxuyur).

Susamışam sənin üçün,

Yandı içim, yandı içim.

Gözlərindən bircə qurtum

Təsəlli ver, içim, içim...

Musiqi... İşıq azalır... Rəngarəng işıqlar sayrışır... Başqaları da rəqs edirlər. Atakişi və Anaxanım vestübülə çıxırlar.

ATAKİŞİ. Hə, ver siyahını baxım...

ANAXANIM (siyahını çıxarır). Demək olar hamı salıb... Təkcə şair, sənətşünüs bir də general yoxdur siyahıda.

ATAKİŞİ. Şairlə sənətşünasdan gözünü çək, onlar əyləşiblər havayı yeyib – içməyə. Qaldı general... Qonşularımız nə qədər salıblar?

ANAXANIM. Demək olar ki, borclarını qaytarıblar...

ATAKİŞİ. Hə də, bu dünyada hər şey borcaborcdur. (Anaxanımın belindən tutub rəqs edərək ziyafət zalına aparır.)

MÜĞƏNNİ QIZ (oxuyur).

Şərab söndürmür yanğımı,

Tütün göynətdi bağrımı.

Unutmaq üçün ağrımı

Qoy ölüm, canımdan keçim.

Yandı içim, yandı içim,

Təsəlli ver, içim, içim...

Musiqi. Sənətşünasla Müxbir qız əl - ələ tutub gəlirlər...

SƏNƏTŞÜNAS. Canım qız, incəsənət – sənə xəyanət etməyə hazır olan gözəl və işvəkar bir qadındır ki, başqasının qoynuna atılmaqçın sənin ən xırda xəyanətinə bənddir.

MÜXBİR QIZ. Əziz müəllim, bəs qadın özü nə deməkdir.

SƏNƏTŞÜNAS. O... Qadın... Qadın... Canım qız, qadın – bütün kainata erotik baxım deməkdir. (belindən qucaqlayıb ziyafət zalına aparır.)

Musiqi. Xala ilə General qol – qola gəlirlər. Xala özünü və Generalı yelpincləyir.

XALA. Əziz general...
GENERAL. Admiral... (muşqurur). Üzr istəyirəm...

XALA. Admiral – daha sanballı, daha əzəmətli və şanlı! Dəniz, dalğaları şahə qalxan fırtınalı dəniz! Fırtınalı dəryada dalğadan dalğaya atılan gəmi! Fırtınalı, şəhvətli qadın varlığı da eyzən belədir, öz məşuqunu ram olmayan eşqinin dalğasından dalğasına atır! Həşəmətli admiral (qoynundan açar çıxarır) burda yanda çox sehrli və ovsunlu bir otaq var. Fırtınalı qadın ümmanında üzmək istəyirsinizmi?

GENERAL. Istəyirəm...

XALA. Onda ardımca!...

Xala və General vestübüldəki dəhlizə keçirlər. Musiqi bitir.

ƏCNƏBİ. Gəlin çox ol rayt! Çox saz... Okey! (Qızxanımı öpür). Yaxşı, yaxşı...

BƏYBALA. Ə, mindirdi məni cin atına ya! Durub indi ağzını cıracağam e!

TAMADA. Bu ingilislərə, şotlandlara çox baş qoşmayın, sübhdən ağızları söyüşlə açılır, yatanda da söyüşlə örtülür. Ruslar bunların yanında toya – bayrama getməliydilər, yazıqların bircə söyüşləri vardı. Bunlar isə ana, bacı, xala – bibi , əmi – dayı qoymurlar...

ATAKİŞİ. Deyinən, bizim tayımızdırlar da...

TAMADA (çalğıçılara) Lirika... (musiqi).

Nemətlərin ləzizi,

Süfrələrin əzizi,

Gəlsin məclisimizə aş!

Bütün yeməklərə baş!

Işıqlar sönür. Xidmətçilər əllərində məşəllər gəlib dururlar. Rəqqasə iri nimçədəki plovu başıüstə tutub rəqs edərək gəlir, nimçəni təzəbəylə, təzəgəlinin mizinin üstə qoyur, Bəybala ona pul verir, Rəqqasə pulu alıb rəqs edir.

Molla, Həkim və Polis gəlirlər.

HƏKİM. Nə yığıb saxlayırsız bu pulları kisə - kisə, koma – koma?! Artırın da maaşları!

MOLLA. Qoy heç, olmasa camaat xiyardan, badımcandan doyunca alıb yesin!!!

POLİS. Vallah, billah, kişi var bir dənə cins şalvarda gəzir. Arvad axşam üstünə ucadan çığırsa səhər işə geyib gedəsi ehtiyat şalvarı yoxdur!

HƏKİM. Sən sağa, mən sola!

POLİS. Bəs Molla?

MOLLA. Mənimçün narahat olmayın, mən rahatam. Tez girib – çıxın gedək aşın da dadına baxaq.

Həkim və Polis sağdakı və soldakı qapıları açıb yox olurlar. Qardaşxan oğrun – oğrun gəlib Mollanın arxasında durur.

QARDAŞXAN. Molla əmi, quq – qu...

MOLLA (diksinərək). Əstəfullah, la ilahə illallah...

QARDAŞXAN. Tanış gəlirsən mənə, çox tanış gəlirsən, mollacan.

MOLLA. Ola bilməz, övladım.

QARDAŞXAN. Ola bilər, çox ola bilər. Mən ora girəndən bir ay sonra sən ordan çıxdın. Yadındadır, cüvəllağı?

MOLLA. Hardan, vələduzna?!

QARDAŞXAN. Ordan, türmədən.

MOLLA. Küfür danışma övladım, mən hara, ora hara...

QARDAŞXAN. Statyan da narkotika alveri, bir də...

MOLLA. Saxla! Nə lazımdır?

QARDAŞXAN. Burdakı içkilərin dozası tuxtadır. Yaxşı şeyin varsa...

MOLLA (cibindən çıxardığı papiros qutusundan bir papiros götürüb uzadır). Al, hallan özünçün. Halal olsun!

QARDAŞXAN. Bu ujin, birini də zavtrakçın ver. (əlini uzadır).

MOLLA (əlini rədd edir, qutunu bağlayır). Əliuzunluq eləmə, övladım, tanrıya xoş getməz! Şam yeməyini ye, səhər yeməyini tanrı yetirər. (qutunu cibinə qoyur).

QARDAŞXAN (papirosu yandırıb bir qullab vurur). Qəşəngdir... Oxxay!

Sağdakı və soldakı qapılar açılır, Həkim və Polis çıxıb ətrafı qoxulayaraq sualla Mollaya baxırlar.

MOLLA. Bizim adamdır.

HƏKİM və POLİS. Nə?

MOLLA. Hə! Amma yaxın gəlməyin!

HƏKİM və POLİS. Niyə?

MOLLA. Bir qırpımda ikinizin də cibinizi silib – süpürər.

HƏKİM. Belə de!!!

POLİS. Halal olsun! (tapançanı qoburundan bükülü çıxarıb verir). Əla maldır, al, xırd elə!

QARDAŞXAN. Yarıbayarı!

POLİS. Otuz faiz!

HƏKİM (xalatının cibindən qutu çıxarıb verir). On dənədir, dördü sənin!

MOLLA (meşin dağar çıxarıb verir). At malları bura! Görən olar! (şeyləri dağara qoyub Qardaşxana verir). Hə, allah rəvac versin! Getdik aş yeməyə!

Molla, Həkim və Polis ehtiyatla Qardaşxanın yanından ötüb ziyafət zalına keçirlər.

TAMADA. Indi isə məclisimizin ən həyəcanlı, ən əsrarəngsiz məqamı! Gözəl rəqqasəmizin ifasında ürək döyündürən, qan qaynadan ərəb rəqsi!!! Işıqlar sönsün! Musiqi!

Işıqlar sönür. Musiqi. Işıq şüası rəqqasəni işıqlandırır.

TAMADA. Ürəyi istəyən rəqs edə bilər!...

Şair kimisə axtararaq vestübülə çıxır, Qardaşxanı görür.

ŞAİR. Bacıoğlu, o haramzada generalla xanım – xatun cavanı görməmisən?

QARDAŞXAN ( papirosa qullab vurub tüstünü ləzzətlə buraxır). Oxay, hansıları deyirsən? Bu saat mənim həndəvərimdə saysız – hesabsız canan var!

ŞAİR. Püf, bu nə qoxudur belə gəlir papirosundan?

QARDAŞXAN. Bu qoxunu heç ciyərlərinə çəkməmisən? Bəs nə əcəb sənə xalq şairi adı veriblər. Bu qoxu məmə deyəndən pəpəyeyənəcən xalqın yarısının ciyərlərindədir ki! Al, bir – iki qullab vur!

ŞAİR (alıb bir – iki qullab vurur). Oxay, əcəbdir!

QARDAŞXAN. Bax, oldun xalis xalq şairi!icazə verirəm ləzzətlə bir qullab da vur!

ŞAİR (bir qullab da vurub tüstünü ləzzətlə buraxır). Əcəbdir!

QARDAŞXAN (tüstünü udurmuş kimi ağzını açır). Tüstünə qurban olaram...

Rəqs başlanandan buraxılan süni duman artıq buludtək səhnəni bürüyür.

ŞAİR. Ə, əcəb şeydir bu, elə bil buludların üstündəyəm, uçuram...

QARDAŞXAN. Bərəkallah, qırışmal molla, halal olsun...

Rəqqasə dumanın içində rəqs edə - edə Şairə yaxınlaşır...

RƏQQASƏ. Gəl şair, gəl, bir bağırsaqlarımın, ombalarımın məlahətinə, lətafətinə, məharətinə... Gəl, şair, gəl... (uzaqlaşır).

ŞAİR (coşaraq xırda – xırda dingildəyərək). Qoy düşmənlər elə bilməsinlər ki, biz çağdaş şairlər mədhiyyələr, fəxriyyələr yazmağa qadirik... Xayır! Bir də xayır! (danışdıqca üst geyimlərini bir – bir çıxarıb atır). Mən sürrealizmi də, avanqardizmi də, kubizmi də lap eksentealizmi də bilirəm. Erostu da tanıyıram, erotikadan da xəbərdaram. Şopenqauri, Nişşeni, Freydi də oxumuşam! Istəsəm belə deyərəm! (maykasını çıxarıb başı üzərində dalğalandırır. Təkcə şalvarda qalmış şair ağlaya – ağlaya).

Sevirsənsə sən məni,

Gəl soyunaq ağlayaq,

Yuyunaq bir – birimizin

Göz yaşında, pak olaq!...

QARDAŞXAN (ağlamsınaraq). Sağ ol, yaşa şair! Qələt eləyir Yesenin sənin yanında...

ŞAİR (Qardaşxanın qolundan tutur). Gəl, gəl eloğlu, gəl burcuda – burcuda gedib qoşulaq xalqa – göbək ataq! (Şair Qardaşxanın qolundan dartıb ziyafət zalına aparır.)

Musiqi... Yarıçılpaq Rəqqasənin dövrəsində hamı oriental rəqs edir. Əcnəbi tuluq – zurnanı yerli – yersiz çalaraq ona – buna sataşıb bambılılq edir, birdən donuxub – durur, məclisdəkilərə istehza ilə baxır, ah çəkir, başını bulayaraq vestübülə çıxır. Siqaret yandırıb bir neçə dərin qullab vurur. Qızxanım ehmalca gəlir, siqareti Əcnəbinin dodağından alıb bir qullab vurur və yenidən onun damağına qoyur.

QIZXANIM. Sizin məmləkətdə, Şotlandiyada şir var?

ƏCNƏBİ. Var...

QIZXANIM. Fil necə, var?

ƏCNƏBİ. Fil də var...

Bəybala gizlincə gəlib kənarda duraraq pusur.

QIZXANIM. Neft də var? Neft, petrol?

ƏCNƏBİ. Oil həv not, bat vuy a centlmen!

QIZXANIM. Oho... Neft yoxdur, qeyrət var... Maraqlıdır... Ayağınızdakı zolaqlı yubkadan görünür centlemenliyiniz.

ƏCNƏBİ. Bu bizim milli geyimimizdir...

QIZXANIM. Yaraşır sizə, çox yaraşır, mübarəkdir, əynində köhnəlsin...

ƏCNƏBİ. Çox sağ ol...

QIZXANIM. Nəyinə lazım idi bu hoqqabazlıq...

ƏCNƏBİ. Bilmirəm... Bəlkə də istəyirdim heç olmasa bu gecə tənha olmayasan... Yadındadır, təzə - təzə tanış olanda bir dəfə Tarqovi ilə yanaşı gedirdik. Dedim: istəyirsən bu saat sıçrayıb qalxım düz fantanın üstünə və çığırım – ey qadınlar, ey kişilər, nənələr, babalar, xalalar, bibilər, nə bilim kimlər, nələr, mən ölürəm bu qız üçün! Istəyirsiniz bu saat gözünüzün önündə ayaqlarından öpüm onun...

QIZXANIM. Dedim: lazım deyil, heç kəs başa düşməz bunu...

ƏCNƏBİ. Hə, onda sənə qulaq asdım... Ürəyimdə isə qaldı – bu müqəddəs arzumun hayqırtısı, sevgimin fəryadı. O vaxtdan qərar verdim ki, ürəyimdən keçəni etməkçün heç vaxt, heç kəslə məsləhətləşməyəcəm. Ancaq onun – Tanrının xeyir – duasını alıb lazım olsa Həzrəti İsatək lap çarmıxa çəkilməyə də gedəcəyəm!

QIZXANIM. Gülünc bənzətmədir...

ƏCNƏBİ. Yox! Yox! Dünyada hər şey təkrarlanır. Öz amalları, arzuları, məhəbbətləri uğrunda şəxsiyyətlər çarmıxa çəkilirlər, tonqallarda yanırlar, dəriləri soyulur, nadanların, cahillərin məsxərəçünbanına çevirilirlər – fəqət cəsəddən cəsədə keçir şərəfli, müqəddəs fədakarlıq!

QIZXANIM. Kimə lazımdır fədakarlıq, kimə? Hamı yeyir, içir, göbəy rəqsi oynayır, keyf eləyir, sonra ayaqyoluna gedir, ordan çıxır, yenə yeyir, içir, rəqs edir... Eh... Bəs əsil əcnəbi hardadır, neyləmisən onu?

ƏCNƏBİ. Əsl əcnəbi... Əcnəbinin taleyindən nigaransansa xatircam ol, mənim süfrədən götürdüyüm arağı son damlasınacan içib uzanıb bağçabağdakı köşkdə xorna çəkir, səhərəcən ayılıb oyansa böyük işdir.

BƏYBALA. Yaramazlığın, həyasızlığın dərəcəsinə bir bax!!! (Vestübüldən zala cumur, mikrafonu Tamadadan alır.) Saxlayın musiqini! Yandırın işıqları!!! (musiqi kəsilir, işıqlar yanır). Bu görünməmiş məsxərəyə, biabırçılığa son qoymağın vaxtı çatıb!!! Ardımca gəlin! Hamı, hamı gəlsin mənim ardımnca! (çılğın halda vestübülə çıxır, məclisdəkilərin hamısı onun ardınca çıxıb dururlar). Baxın bu yaramaza, yaxşı baxın! Bizim müqəddəs ənənələri, adətləri ayaq altına atıb tapdalayır! Tfu sənin üzünə!

ATAKİŞİ. Oğul, yaxşı deyil, əcnəbi qonaqdır, gedib öz məmləkətində bizim barəmizdə nələr danışar...

BƏYBALA. Nə əcnəbi, nə qonaq! Bu sənin qızının keçmiş məşuqi saqqallı gitaraçalandır!!!

ANAXANIM. Necə?! Mənim qızım?!

BƏYBALA. Bəli sənin qızın... sənin qızın!!! Bu isə əcnəbinin paltarlarını geyinib gəlib bura bizim hamımızın qeyrətinə, namusuna tüpürməyə!

QARDAŞXAN. Kəs səini!!! Mənim bacımın namusunu ləkələyənin bağırsaqlarını dolayaram (bıçaq çıxarıb açır) bu bıçağa!

ANAXANIM. Vay... Vay ürəyim... Ürəyini tutub yıxılır...

QIZXANIM (anasının üstünə cumur). Ana, ana...

ANAXANIM. Haram olsun südüm sənə... Toxunma mənə! Öz toyunu yasxanaya çevirən ana qatili! (özündən gedir).

ATAKİŞİ. Atvad! Arvad! (Anaxanımı silkələyir) Ay Allah arvad öldü!!! Ay aman, ay aman bu nə iş idi başımıza gəldi... İlahi başıma hava gəlir, dəli oluram!!! (ora – bura vurnuxub dəlicəsinə hərəkətlər edir.) Açın pəncərəni atacağam özümü pəncərədən!

SƏNƏTŞÜNAS. Nə qədər gec deyil dəlixanaya zəng edin!!!

ƏCNƏBİ. Pərvədigara, sən demə bu məmləkətdə dəlixana da var...

BƏYBALA. Əbləhin biri əbləh, aləmi qatmağın bəs deyil hələ bir atmaca da atırsan?!

QARDAŞXAN (əlindəki bıçağı Bəybalaya uzadır). Al, al bu bıçağı bacımı da bu əbləhi də qanına qəltan elə! Onsuz da ölüm cəzası yoxdur! Al kişiliyini sübut elə...

BƏYBALA. Ver!!! (bıçağı alır). Bu alçaq mənim!!! Bacını isə sən özün öldürərsən!

(Keşişin eşikdən gur səsi eşidilir).

KEŞİYİN SƏSİ. Ne sudite, da ne sudimi budete!...

Tam sakitlik... Hamı dönüb səs gələn tərəfə baxır...

KEŞİŞ (ağır – ağır gəlir). Ibo kakim sudom sudite, takim budete sudimi; i kakuyu meroyo merite, takoyo i vam budet merit...

MOLLA. Ala, burda nə qələt eləyirsən? Korsan, görmürsən ki, burda müsəlman toyudur?

KEŞİŞ. Ortada uzanmış meyiddən görürəm ki, həqiqətən burda dırnaq içərisində müsəlman toyu olub...

MOLLA. Daha dırnaq içərisində niyə?

KEŞİŞ. Çünki hamınız iyim – iyim iylənirsiniz! Xaçpərəstlər öz toylarında o qədər araq – çaxır içmirlər ki, siz içirsiniz... (yaxınlaşıb Mollanı qoxulayır). Molla azından üç yüz içmisən!

MOLLA. Qələt eləmə, kafirin biri kafir! Cəhənnəm ol burdan!

KEŞİŞ. Heç yana gedən deyiləm. Bunu da bil ki, sizin əsil müsəlman olmağınıza azından beş – altı yüz il var. Yaxşı olar ki, hamınız hoptum əvvəlcə xristianlığı qəbul eləyəsiniz! Vallah, İsa Məsih haqqı hayıfdır mübarək, Pak İslam sizinçün! Indi isə rüsxət verin bu mərhumənin xristianca fatihəsini verim. (oxuyur). Koqda neçıstıy dux vıydet iz çeloveka...

MOLLA. Lap yığdın məni boğaza! Bu saat verərəm dərsini! Cəhənnəm ol, toxunma bizim meyidimizə! Mən ölmüşəm, bəyəm sən burda at oynadasan.

(Keşişlə əlbəyaxa olur).

KEŞİŞ. Ixtiyarın yoxdur! Insan hüquqları...

Hay – küy... Kimisi Keşişin kimisi də Mollanın tərəfini saxlayır. Birdən tütək səsi eşidilir...

KEŞİŞ. Bu nə səsdir?...

MOLLA. Tütək səsinə oxşayır...

Tütək səsi... Hamı maraq və təşvişlə səsi dinləyir. Birdən səhnə tərpənir... mizlər, kürsülər silkələnir...

ATAKİŞİ. Deyəsən bina tərpəndi axı!...

MÜXBİR QIZ. Baxın, çılçıraq yellənir...

ŞAİR. Necə çılçıraq yellənir? (astadan pıçıltı ilə) Deməli zəl – zə - lə - dir...

ANAXANIM (başını qaldırır). Zəlzələ?!

Səhnə daha da şiddətlə tərpənir... İşıqlar sönür... Səhnədəki əşyaların bir qismi yıxılır.

HAMI (harayla). Zəlzələ!!!

Səhnədə çaxnaşma. Hamı eşiyə çıxmağa tələsir.

İNZİBATÇI. Tez eşiyə çıxın. Tez!!! (eşiyə qaçır, xidmətçilər də onun ardınca eşiyə qaçırlar).

Alaqaranlıqda hamı bir – birinə macal vermədən eşiyə çıxmağa can atır...

ŞAİR. Dayanın, xalqın önündə xalqın şairi getməlidir! (eşiyə çıxır).

KEŞİŞ (Mollanı itələyərək). Burax məni görüm kafər!

MOLLA. Kafər də varsan!... (eşiyə çıxırlar).

ANAXANIM. Atakişi, Atakişi... Tut qolumdan dart məni...

ATAKİŞİ. Özün gəl, tez gəl... (eşiyə çıxır).

ANAXANIM. Ay allah, bu nə bəladır... (eşiyə çıxır).

TAMADA. Bizim dəstə, ardımca! Üçüncü təkan olsa bina hökmən uçacaq! Ardımca...

Tamada, Rəqqasə, Müğənni qız və çalğıçılar eşiyə qaçırlar. Yerə yıxılmış müxbir qız əlini Bəybalaya uzadır...

MÜXBİR QIZ. Kömək edin qalxım, ayağım burxulub...

BƏYBALA. Mən epileptikəm, həm də cəhənnəm olun hamınız... (eşiyə çıxır).

SOLDIŞ (Sağdışa). Zəlzələdən salamat çıxsaq elçilərini göndər.

SAĞDIŞ. Lap dünyanı sel də basa mən evlənən deyiləm. (qaçır).

SOLDIŞ. Əclaf... (onun ardınca qaçıb eşiyə çıxır).

SƏNƏTŞÜNAS (Müxbir qıza tələsik). Dur, quzum, dur, qaç ardımca... (eşiyə qaçır).

MÜXBİR QIZ (sürünərək diktafona). Bəli hörmətli dinləyicilər. Alicənablıq, kübarlıq və cəngavərlik lazımdır bu saat incəsənətdə... (sürünərək səhnədən çıxır).

HƏKİM və POLİS. Üç günə pulları ödəməsən özündən küs...

Həkim, Polis və Qardaşxan səhnədən çıxırlar.

Yarıçılpaq Xala əlində Generalın şalvarı səhnədə vurnuxur.

XALA. Gic oğlu gic, elə bil İsrafildir mənimçün o qədər tütək çaldı ki, axırda qiyamət qopdu... (əlində şalvar eşiyə qaçır)

Şalvarsız General əlində tütək çıxır...

GENERAL (Xalanın ardınca yalvarışla). Anamsan, bacımsan, qaytar şalvarımı... Yoxdur... (gedib mizin üstündən bir süfrə qapır bürünüb səhnədən çıxır.)

Alaqaranlıq səhnədə tam sakitlik...

ƏCNƏBİ. Qorxma, mən burdayam...

QIZXANIM. Mən artıq çoxdandır, lap çoxdandır heç nədən qorxmuram...

ƏCNƏBİ. Buralarda şam olmalıdır... (alaqaranlıqda şam tapıb yandırır)

QIZXANIM. Hamı qaçdı... Atam da, anam da, qardaşım da, qanuni nigahlı ərim də... hətta general da...

AŞIQ (mizin altından çıxıb zarıyaraq). O general deyildi... O bizim kəndin çobanıdır... Hə, hə... Yazıq general ölüm yatağında can üstündə idi... Bizi çağırıb dedi ki, nəvəm yolumu gözləyəcək, mən getməsəm pərt olar. Paltarlarını verdi çobana, cibinə də pul qoydu, dedi get, kim nə bilir toyda general kimdir, indi camaat geyimə, paltara baxır... Yaxşı adamdı general, allah bilir bəlkə də artıq canını tapşırıb...

QIZXANIM. Bəs siz niyə qaçmadınız?

AŞIQ. Macal vermədilər... Hamıdan qabaqda mən qaçırdım... Yıxdılar, tapdaladılar... Huşumu itirdim... (qalxır sazı axtarır). Hə, tapdım... Sazı da yaman günə qoyublar... Çanağı sınıb, bir neçə simi qırılıb... Baxıb görürəm siz heç yana tələsmirsiniz... Mən isə gedim generalı tapım, səhər kəndə yollanaq...

ƏCNƏBİ. Getməzdən bir – iki ağız de gəlsin...

AŞIQ. Nə deyirəm ki... (astadan çalır).

Abır – həya qalmayıbdır

Nə varlıda, nə gədada,

Adam gedə bu dünyadan

Yüz ildən sonra qayıda...

Leyli çoxdan idbarlaşıb,

Məcnun dövranla barışıb,

Halal harama qarışıb

Olmaq üçün eşqə fəda

Adam gedə bu dünyadan...

Yüz ildən sonra qayıda...

Alimləri hərif olub,

Yazılanlar təhrif olub,

Oxuyanlar hərif olub

(eşiyə çıxır... Son misraları eşikdən eşidirik).

Eşitməkçün haqdan səda

Adam gedə bu dünyadan

Yüz ildən sonra qayıda...

Tam sakitlik...

QIZXANIM. Kaş sən də qaçaydın... Kaş qaçaydın...

ƏCNƏBİ. Ağlım kəsəndən özümdən qaçmaq, nəinki qaçmaq – öz cəsədimdən qopub uçmaq istəmişəm...

QIZXANIM. Bəs indi?...

ƏCNƏBİ. Indi... İndi anladım... Qaçmağa yerim, yurdum olmadığını anladım. Anladım ki, bu əbləhlərin içində mən də əbləhəm... Fəqət qərib və bir qədər əcnəbi əbləhəm...

QIZXANIM. Bəs indi nə olacaq?...

ƏCNƏBİ. Keçmişi sahmana salmaq qeyri – mümkün olduğundan qiyamətəcən ömrümüzdə hərcmərclik olacaq...

QIZXANIM. Hə... De görüm, biz indi nə etməliyik?

Əcnəbi gitaranı götürüb astadan çalır.

ƏCNƏBİ. Bütün bunlar yenidən baş verməzdisə deyərdim;

Bəmbəyaz bir otaq istəyirəm ikimiz üçün.

Nə qapısı olsun, nə pəncərəsi,

Nə tavanı olsun, nə döşəməsi,

Nə də divarları olsun.

Ikimiz üçün istədiyim,

Eşqimiz üçün istədiyim,

Şəfəqli, nurlu bəmbəyaz otağın.

Yasəmən çiçəkləri yastığımız,

Ağ qızılgül ləçəkləri örtüyümüz olsun.

Bədənin ətri - ətirdən, xətirdən salsın

Qızılgülü də, yasəməni də,

Qamaşsın gözlər...

Kimsə görməsin nurdan da nurlu bəyaz otaqda

Şəfəqdən də şəfəqli eşqimizi

Bir Allahdan başqa, Allahdan başqa...

QIZXANIM. Kimsə görməsin nurdan da nurlu bəyaz otaqda

Şəfəqdən də şəfəqli eşqimizi

Bir Allahdan başqa, Allahdan başqa...

Uzaqdan məşhur nigah marşı səslənir... Marş yaxınlaşdıqca matəm marşıtək səslənir... Yağış səsi... Yagış güclənir... Gur yağış matəm marşını xatırladan nigah marşını yuyub yox eləyir...

Sükutun şəffaflığında xoşbəxtlik müjdəsi-----AZAN s ə s i.....

XS
SM
MD
LG