Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:41

Qurban Yetirmişli: «Zəlzələ 15 saniyə davam edib»


Qurban Yetirmişli. Foto: apa
Qurban Yetirmişli. Foto: apa

-

«Bu gün (sentyabrın 4-də) baş verən güclü zəlzələdən sonra afterşoklar olmalıdır, təkanlar da baş verir. İndiyə qədər Rixter cədvəli ilə 2.7 və daha zəif olmaqla 15-dən çox təkanlar baş verib. Ancaq ola bilər ki, afterşoklar bir neçə ay davam etsin».

Bunu apa-ya açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişli bildirib ki, bu təkanlar arasında hiss edilən təkanlar da ola bilər: «Bu cür güclü təkandan sonra zəlzələ ocağında parçalanma gedir. Təcrübə göstərir ki, bu təkanların davam etməsi hələ uzun müddət çəkəcək, bu təkanlardan hiss edilənlər də ola bilər. Ancaq mən 7 bal gücündə yenidən bir təkan olacağına inanmıram».

«1953-1963-CÜ İLLƏRDƏ O ZONADA 6-7 BALLIQ ZƏLZƏLƏLƏR OLUB»

Q.Yetirmişli Azərbaycanın şimal-qərb zonasında gərginlik olduğunu söyləyib: «Bir neçə gün əvvəl Şəkidə zəif, 3 maqnitudalı təkan baş vermişdi. Yəni Şəki-Zaqatala zonasında gərginlik toplanması gedirdi, amma heç kim məhz bu gün səhər zəlzələ baş verəcəyini deyə bilməzdi. Zəlzələnin Azərbaycanın əksər rayonlarında hiss edilməsinə gəlincə, bu, dərinlik qırılmaları ilə bağlıdır. Orada 4-5 dərinlik qırılması var, hətta biri Naxçıvana, biri Talış dağlarına, biri Abşeron yarımadasına qədər gedir. Dağıstandan tutmuş Vandam, Axvay, Samur-Arpaçay, Alazan-Əyriçay da daxil olmaqla, onların hamısının hərəkətləri nəticəsində baş verən təkandır. Həm də bu ocaq təsadüfü deyil. Hələ keçən əsrin ortalarında, 1953-1963-cü illərdə o zonada 6-7 ballıq zəlzələlər olub».

Q.Yetirmişli zəlzələ ocağının 15 km dərinlikdə olduğunu və zəlzələnin 15 saniyəyədək davam etdiyini bildirib: «Bu müddət də dalğanın təsirinin respublikada yayılması baxımından az müddət deyil. Ona görə də zəlzələ respublikanın uzaq rayonlarında belə hiss edilib».

Sentyabrın 4-də səhər Şəki ərazisində 7 bal gücündə zəlzələ olub. Yeraltı təkan respublikanın rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub.

XS
SM
MD
LG