Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:56

Dövlət yeni borca girə bilərmi?


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Neftin ucuzlaşması fonunda gəlirləri azalan Azərbaycanda çıxış yolları müzakirə olunur. Hökumətə yaxın ekspertlər xaricdən borc götürüb iqtisadiyyata yatırmağı təklif edirlər. Bu ilin yanvarınadək Azərbaycanın xarici dövlət borcu6 milyard yarıma yaxın olub (6 milyard 478 milyon 200 min ABŞ dolları və ya fevraldan öncəki qiymətlə 5 milyard 81 milyon 500 min manat). Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 8.6 faizdir.

Dövlət şirkətlərinin dövlət zəmanəti ilə aldığı borcla dövlətin özünün aldığı borclar 15 milyard dollardan çoxdur. Borc vəsaitlərinin 7.3%-i 10 ilə qədər, 60.2%-i 10 ildən 20 ilədək, 32.5%-i isə 20 ili aşan müddətə cəlb olunub.

SABİQ NAZİRİN TƏKLİFİ...

ÜDM-ə nisbətdə xarici dövlət borcunun həcmi optimal olsa da, ödənmənin əsas dövrü məhz Azərbaycanın neft gəlirlərinin azaldığı dövrə təsadüf edəcək. Dövlət Neft Fondunun (DNF) gəlirləri 80 dollardan götürülsə belə, cari ildən azalmalar olacağı proqnozlaşdırılırdı. DNF-nin dövlət büdcəsinə transfertlərinin getdikcə artdığını da nəzərə alsaq, bir neçə ildən sonra, özəlliklə postneft dönəmində Azərbaycan xarici borclarını ödəməkdə problem yaşaya bilər.

Borclanma təklif edənlərdən biri sabiq maliyyə naziri, prof. Saleh Məmmədovdur.

Sabiq nazirin fikrincə, bu il 10-15 milyard kredit gətirib onu investisiya layihələrinə yönəldə bilsək, iqtisadi artım 10-12 faizə yüksələcək.

İqtisadçı ekspert Natiq Cəfərli həmin fikrə şübhəylə yanaşır vədeyir ki, ölkəmizə son 10 ildə 110 milyard dollar investisiya qoyulub. Amma pis idarəetmə, korrupsiya, nəzarətin zəifliyi nəticəsində bu vəsait ölkənin heç bir köklü problemini çözməyib: «Bəli, 2 min 700 məktəb tikilib, təmir edilib. Paralel olaraq təhsilin keyfiyyəti düşüb, ali məktəblərə keçid balı minimuma enib. 500-dən çox xəstəxana tikilib, təmir edilib – səhiyyənin vəziyyəti lap pisləşib, insanlar müalicə üçün İrana-Turana getməkdə davam edirlər. 2 min km-dən çox yol çəkilib – amma iqtisadiyyatda mal və xidmət dövriyyəsi sürətlənməyib. Bir sözlə, 110 milyard dollar investisiya ölkənin heç bir köklü problemini həll etməyib, çünki sistemdə olan problemlər öz həllini tapmayıb».

«İSLAHATSIZ BORCLANMA TƏHLÜKƏLİDİR»

Natiq Cəfərlinin fikrincə, idarəetmə sistemindəki problemləri görmədən, bunları dəyişməyi təklif etmədən ölkəni yeni borc bataqlığına sürükləmək olmaz: «Bir anlıq düşünün ki, yaxşı təhsili olmayan, səhhəti pis olan, gəlir-xərcini düzgün idarə edə bilməyən bədxərc bir insan təsadüfən əlinə düşmüş böyük məbləğdə vəsaiti xərcləyib bitirir, sonra da ciddi şəkildə borca girir. Əgər həmin insan həyat tərzini dəyişməsə, təhsilini, sağlamlığını düzəltməsə, bədxərcliyini azaltmasa, aldığı borcu da yandıracaq, puç edəcək. Nəticədə həmin insanın övladları uzun illər boyu işləyib borcları qaytarmalı olacaq. Saleh müəllimin təklifi çox təhlükəlidir, idarəetmə sistemi dəyişməsə, ölkənin borclanması gələcəyin də oğurlanması deməkdir».

Sabiq nazir borcların dövlət nəzarətiylə iri layihələrə ayrılmasını təklif edir. Natiq Cəfərli həmin fikri faydalı saymır: «Dövlət iqtisadiyyatda ən pis menecerdir, bunu dünyanın inkişaf tarixi dəfələrlə sübut edib. O, ədalətli və rəqabətli sistem qurmalı, hakim rolunu, təşəbbüsçü rolunu oynamalı, vergi və gömrük alətləri ilə iqtisadiyyatı stimullaşdırmalı, biznesin işinə müdaxilələrə son verməlidir. Dövlət iri layihələrin sponsoru, maliyyə qaynağı ola bilər, amma ixracata yönəlik layihələrdə və biznesin qurulması mərhələsində. İdarəetməyə, biznesdə subyekt olmağa çalışmamalıdır».

XS
SM
MD
LG