Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:36

«Uşaqlar geyimləri olmadığından məktəbə getmir»


Məktəbli çantası (arxiv fotosu)
Məktəbli çantası (arxiv fotosu)

-


«O uşaq özünü asdı… Səbəb də məktəbli geyiminin, çantasının olmaması… Deyim ki, indi mənim balamın durumu heç də o cənnət quşunun durumundan fərqli deyil. Mən də balama 4-cü ildir ki, 1-ci sinifdə bir qonşumun verdiyi formanı geyindirib göndərirəm. Uşaq böyüyür, geyiminin qolları dirsəyə gəlib çatır, şalvarın ətəyi dizdən olub. Ancaq yenisiylə əvəzləyə bilmirəm. İndi o kəndirin biri də mənim balamın əlinə keçsə, necə olacaq?»

Saatlı rayonunun Əliabad kənd sakini Nəzakət Əliyeva deyir ki, ailə ən çətin günlərini yaşayır. Deməsinə görə, 6 il əvvəl – sonuncu övladına hamilə olarkən ölüm ailənin başçısını özü ilə aparıb:

«NƏ ÇANTALARI, NƏ GEYİMLƏRİ VAR»

«Qəflətən dərisi çürüməyə başladı. 6 ayın içərisində yoldaşım tamamilə çürüdü. Nəinki müalicəyə, heç müayinəyə də pulumuz olmadı. Beləcə, gözümüzün önündə çürüyüb-çürüyüb canını tapşırdı. Haralara yazmadım, kimlərə yalvarmadım ki… Eləcə hamı dedi, «Allah köməyiniz olsun». İndi də bu sözü tez-tez eşidirəm, ancaq deyəsən, Allahın da yadından çıxmışıq. O da bizi unudub».

Nəzakət Əliyevanın 4 övladı var. Deyir, bir həftədir məktəb başlayıb, o isə imkansızlıqdan uşaqları məktəbə yollaya bilmir. Nə çantaları, nə də geyimləri var: «Sosial yardım da qəpik-quruşdur, heç uşaqların qarnını görmür. Əyin-baş məsələsi isə… Qonşuların köhnəsi, yamaqılsı olmasa, keçinə bilmərik».

«SATIŞDA KƏNDİR, ÇƏNDƏ NÖYÜT QALMAYACAQ»

Xanım deyir, indiyədək ailəyə kömək olunması üçün yazmadığı ünvan, döymədiyi qapı qalmayıb:

«Buradan dövlətə səslənirəm. Nə qədər ki, gec deyil, öz vətəndaşına sahib çıxsın. Bir azdan satışda kəndir, çəndə nöyüt qalmayacaq. Hamısını son mənzilimizə köçməyə sərf edəcəyik. Dörd oğul gələcəkdə dövlətin dörd əsgəri deməkdir. Onların da təhsil qalmaq, qarındolusu yemək haqları var. Mənə iş versinlər ki, ailəmin, balalarımın yaşayışını qismən də olsa təmin edə bilim».

Saatlı rayon icra hakimiyyətindən bildiriblər ki, qurumda dolanışığı çətin olan belə ailələrə mütəmadi yardım üçün büdcə nəzərdə tutulmayıb. Bununla belə, ailənin vəziyyəti ilə maraqlanıb yardımlarını edəcəklər. Məktəbli geyimi problem də həllini tapacaq. O ki qaldı, Nəzakət Əliyevanın işlə təmin olunmasına, bu problem aradan qaldırmaq rayon icra hakimiyyətinin gücündə deyil.

XS
SM
MD
LG