Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:29

Qəddarlığa qarşı çıxan 98 cəsur azərbaycanlı


►“Sahibsiz heyvanlara qarşı qəddarlığa son qoymağa gec-tez nail olacağıq”

Heyvansevərlərin küçə itlərini güllələdiyinə görə Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı məhkəmə çəkişməsi hələ də davam edir

Bu çəkişmə bir çoxlarını hətta təəccübləndirir də.

Deyirlər, əşşi, insan hüququnun addımbaşı pozulduğu yerdə nə yapımısız bu it-pişikdən...

Söhbət 98 heyvansevərin Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia üzrə məhkəmədən gedir.

Heyvansevərlər 2013-cü ildə Yasamal rayonunda sahibsiz küçə itlərini güllələdiyi üçün Bakı şəhər İcra Hakimiyyətini 5 iddia ərizəsi ilə məhkəməyə veriblər.

Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsi bu işi ilk gündən rədd etsə də, heyvansevərlər geri addım atmayıblar, Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə üz tutublar. Hazırda prosesə Apellyasiya Məhkəməsi baxır, Ali Məhkəmə iddianı qismən qəbul edib və yenidən apellyasiya məhkəməsinə göndərib. Sentyabrın 22-də prosesə Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları gəlmədiyinə görə oktyabrın 20-dək ertələnib.

İddiaçıların əksəriyyəti bir neçə qrupda birləşən vətəndaşlardır. Özlərinin dediklərinə görə, sıralarında adi işsiz vətəndaşdan tutmuş, polis leytenantınadək, müəllim, həkim, tələbəsinədək hər təbəqənin adamı var.

Qruplardan biri də “Mərhəmətli işlər” qrupudur. Qrupu uzun müddət jurnalist kimi fəaliyyət göstərmiş, heyvan hüquqları müdafiəçisi Elxan Mirzəyev yaradıb.

Buna da bax: “Keçən il bu gün 15-20 qoyun satmışdıq”

“KÜÇƏ HEYVANLARINA AMANSIZ DAVRANIŞ DAVAM EDİR”

Elxan Mirzəyev Azərbaycanda küçə heyvanlarına münasibətin ölçüyəgəlməz bir qəddarlıqla müşayiət olunduğunu, dövlət orqanlarının isə bu cür heyvanları güllələməklə birbaşa qanunu pozduğunu deyir:

“Bizim missiyamız ilk növbədə hüquqları pozulan heyvansevərlərə, heyvanlara yardım əlimizi uzatmaqdır. Yəni belə hal varsa, biz könüllülər öz cibimizdən pul qoymaqla vəkil tuturuq, lazımi addımlar atırıq. Elə Yasamal rayonundakı itlərin güllələnməsi ilə bağlı məhkəmə müraciətimiz ilk belə işimizdir. Təsəvvür edin, Bakı Şəhər İcra Hakimiyyətinin işçiləri gündüz vaxtı uşaqların, əhalinin gözü qarşısında itləri güllələyirlər, bəziləri yaralanır, sonra vəhşicəsinə döyüb öldürürlər və yük maşınına yükləyirlər. Adətən də onları sonra Balaxanıdakı xüsusi sobalarda yandırırlar”.

Sosial şəbəkələrdə, internetdə Bakıda küçə itlərinin yandırıldığı iddia olunan digər video çəkilişlərə də rast gəlinir. Xüsusən Bakı 2015 Olimpiya Oyunları öncəsi Bakıda Məişət Tullantıları zavodunda küçə itlərinin yandırıldığını göstərdiyi deyilən video sosial şəbəkələrdə partlayış yaratmışdı. İş o yerə çatmışdı ki, baş verənlərə Prezidentin müşaviri Əli Həsənov da münasibət bildirmiş, videonu “qara piar” adlandırmış və onun Azərbaycanda çəkildiyini şübhə altına almışdı. Ümumdünya Heyvanları Müdafiə Təşkilatı da Azərbaycan hakimiyyətini “bu qəddarlığa son qoymağa” çağırmışdı.

Buna da bax: Adam bıçaqlayan general oğluna gülməli cəza

AÇIQÇA

Bakı Şəhər İcra Hakimiyyətindən iddialarla bağlı cavab almaq mümkün olmur. Amma Elxan Mirzəyev təkidlə deyir ki, küçə heyvanlarına qarşı amansız davranış bu gün də davam edir, indi də onlar icra orqanları tərəfindən güllələnir.

Heyvansevərlər isə bir araya gələrək buna qarşı mübarizə aparıb sonda bu cür davranışın qanuna zidd olmasının tanınmasına nail olmağa çalışırlar.

Bu arada isə fəaliyyətləri təkcə bununla da bitmir. Yanlarından ötdükləri hər küçə heyvanı onların qayğısını dadmış olur. Elə onlarla “Açıqça” adlandırdıqları yerdə görüşürük. İçərişəhərdə divarların birində pişik heykəli olduğuna görə buranı belə adlandırırlar. Həm də deyirlər ki, burada heyvanlarla daha xoş davranılır.

Könüllülərdən Asim Hacıyev danışır ki, dostlarının fəaliyyəti əvvəlcə ona “gülməli” görünsə də, getdikcə fikrini dəyişməli olub və sonra özü də onlara qoşulub:

“Daha sonra başa düşdüm ki, fəallıq göstərdikcə qanunlar və məmurlar da işləməyə başlayır. Ümid edirəm ki, Azərbaycan vətəndaş cəmiyyətində bu cür təşəbbüslər daha geniş vüsət alacaq”.

Buna da bax: "Rəhmətlik" maşın bazarından reportaj- [Video]

“ÖZ REALLIĞIMIZDAN UTANIRIQ”

Daha sonra heyvansevərlərin “Açıqça” adlandırdıqları məkandan yollanırıq “Acı reallıq” saydıqları yerə. Elxan Mirzəyev:

“Gördüyünüz kimi, İçərişəhərdə istər xaricilər, istərsə də özümüzkülər pişikləri sığallayırlar, yemək verirlər, ona görə oranı “otkrıtka” adlandırırıq. Bura isə reallıqdır. Ətraf zibillikdir, pişikləri təpikləyirlər, onları sevən yoxdur. Heyvanların da çoxu çox keçməmiş ölür. Bizim ölkədə reallıq budur ki, əcnəbiyə “otkritka” göstəririk, öz reallığımızdan isə utanırıq”.

Burası “8-ci kilometr” bazarının yaxınlığıdır. Tullantı, natəmizlik qoxuyan bu yerdə çoxlu xəstə pişiklər var. Könüllülər kiçik bir yeri təmizləyib onlar üçün “evcik” də düzəldiblər. Dərman alıb xəstə pişiklərin gözünə, burnuna tökən kim, onlara torbalarla yemək daşıyan kim. Bu cür könüllülər olsa da, ətrafda heyvanları sevməyənlər daha çoxdur:

Buna da bax: İbrahim Məmmədov «AzTV»dən çıxarıldı

“Gətirirlər bu cür körpə pişik balalarını atırlar bura. Könüllülər gəlib bu cür heyvanlara qulluq edirlər, amma yerli camaatla problemləri yaranır. Hamı hesab edir ki, bu pişiklərin burada olması xəstəlik mənbəyidir. Amma ətrafdakı zibilliklərə baxın, zibilləri "istehsal edən" elə sakinlərin özləridir və əsl xəstəlik mənbəyi də elə bu zibillikdir, bu heyvanlar yox”.

MƏRHƏMƏTƏ EHTİYACI OLAN HƏR KƏS

Elxan Mirzəyev deyir ki, hökumət sahibsiz heyvanların sayının artmasını əngəlləmək üçün xüsusi metodlardan istifadə edə bilər, məsələn, axtalamadan yararlanmaq mümkündür. O hesab edir ki, küçə heyvanları üçün sığınacaqlar tikilməlidir.

Azərbaycan 2007-ci ildən heyvanlara humanist münasibəti tələb edən “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasına qoşulub. Bu sənədin tələblərinə görə, heyvanların sayına humanist üsullarla nəzarət edilməlidir.

Heyvanların haqları qorunsun deyə qollarını çırmalayıb hər cür fəaliyyətə hazır olan, yollarını hətta məhkəməyədək salan könüllülər təkcə heyvanlara yardım əli uzatmırlar. Onların mərhəməti həm də ehtiyacı olan hər kəs – kimsəsiz qocalar və uşaqlar üçündür. Sıralarının bundan sonra da artacağına ümidlidirlər.

XS
SM
MD
LG