Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:36

Avropa ölkələrində hicab


Fransada niqablı qadın - 2011
Fransada niqablı qadın - 2011

-

Hicabın bütün bədəni örtən burka və yalnız gözləri açıq saxlayan niqab kimi müxtəlif formaları Avropada böyük mübahisələrə səbəb olur. Mübahisələr dini azadlıq, qadın bərabərliyi, dünyəvi ənənələr və hətta terrorizm qorxusu kontekstində aparılır. Bir çox siyasətçi etnik və dini azlıqların assimilyasiyası üçün daha çox işlər görməyin zəruriliyini bildirir.

FRANSA

İctimai yerlərdə burka geyinməsini qadağan edən ilk ölkə Fransa olub.

Qərbi Avropada ən böyük müsəlman icması məhz bu ölkədədir – təxminən 5 milyon. Ancaq yalnız təxminən 2 min qadın burka geyinir.

2011-ci il aprelin 11-dən qüvvəyə minən qadağaya görə, fransız və ya xarici olmasından asılı olmayaraq, heç bir qadın üzüörtülü vəziyyətdə evdən bayıra çıxa bilməz. Əks halda onu 150 avro cərimə gözləyir. Qadını üzünü örtməyə məcbur edən şəxsin cəriməsi isə 30 min avrodur.

24 yaşlı bir fransız qadın qadağanın dini azadlığa zidd olduğunu iddia edib. Onun işinə baxan Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü il iyulun 2-də çıxardığı qərarda qadağanı qüvvədə saxlayıb.

Fransa əhalisinin, o cümlədən müsəlmanlarının əksəriyyəti hökumətin burkanın fransız cəmiyyətinin dəyərlərinə uyğun olmadığı fikrinə şərik çıxırlar.

Dövlət məktəblərində başörtüyü isə 2004-cü ildən qadağan edilib. Qanunla din və dövlətin bir-birindən ayrı olduğu ölkədə bu addım da böyük siyasi və ictimai rəğbət qazanıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, 2012-ci ilin sentyabrınadək 425 qadın cərimələnib. 66 qadına isə başörtüsü qadağasını pozduğuna görə xəbərdarlıq edilib.

BELÇİKA

Parklar və küçələr kimi ictimai yerlərdə qadının sifətini gizlədərək onun kimliyini müəyyən etməyə imkan verməyən örtüyə qadağa Belçikada 2011-ci ilin iyulundan tətbiq olunub.

Qadağadan verilmiş şikayətə baxan Konstitusiya Məhkəməsi 2012-ci ilin dekabrında qanunun insan hüquqlarını pozmadığı haqda qərar çıxarıb.

İSPANİYA

Barselonada bələdiyyə idarəsi, market və kitabxana kimi bəzi ictimai yerlərdə burka qadağandır. Qadağanın bütün İspaniyaya yayılması planı olmasa da, Kataloniyada azı iki şəhər bu qadağanı tətbiq edib.

Lakin Ali Məhkəmə 2013-cü ilin fevralında Lyeyda şəhərindəki qadağanı ləğv edib. Məhkəmə qadağanın dini azadlığa zidd olduğu qənaətinə gəlib.

Barselonadakı qadağa şəxsiyyəti müəyyən etməyə əngəl törədən istənilən başörtüyünə, o cümlədən motosiklet kaskasına və balaklavaya da aiddir.

BRİTANİYA

Britaniyada islam geyimləri ilə bağlı heç bir qadağa yoxdur. Amma məktəblərə ixtiyar verilib ki, öz geyim tərzlərini özləri müəyyən etsinlər.

London, 2006.
London, 2006.

2012-cu ilin yanvarında Müstəqillik Partiyasının burkaya qadağa qoymaq çağırışından sonra Məktəblər Birliyinin ovaxtkı katibi Ed Balls demişdi ki, insanlara küçədə nəyi geyinib-nəyi geyinməməyi söyləmək Britaniyaya yaraşmaz.

2013-cü ilin sentyabrında daxili işlər naziri Jeremy Browne məktəb kimi ictimai yerlərdə islam geyimlərindən istifadə ilə bağlı ümummilli müzakirələrə başlamağa çağırıb.

2014-cü ildə Avropa Parlamentinə seçkilərdə Müstəqillik Partiyası birinci olaraq 24 yer qazanıb. Partiyanın lideri Nigel Farage dəfələrlə bildirib ki, burka Britaniyanın getdikcə parçalanmasının bir rəmzi olmaqla yanaşı, təhlükəsizliyə də potensial təhdiddir.

HOLLANDİYA

2012-ci ildə hakimiyyətdə olan mərkəz-sağçı koalisiyanın dağılmasından sonra onların islam geyimlərinə ölkə miqyasında qadağa qoymaq planı da puça çıxıb.

Bundan əvvəl isə 2006-cı ildə bənzər qanunvericilik təşəbbüsü olsa da, uğursuzluqla nəticələnib. Deputatlar qəbul edəcəkləri qanunun Konstitusiyaya zidd olacağından ehtiyat ediblər.

Niderlandın 16 milyonluq əhalisinin 5%-i müsəlmandır. Onlardan da təxminən 300-ü niqab və ya burka geyinir. Başörtüyü isə daha çox yayılıb.

TÜRKİYƏ

85 il ərzində türklər başörtüyünü gerilik rəmzi olaraq rədd edən Mustafa Kamal Atatürk-ün yaratdığı dünyəvi dövlətdə yaşayıblar. Bu məsələ əhalisinin böyük əksəriyyəti müsəlman olan Türkiyədə cəmiyyəti ikiyə bölən əsas mövzulardan biridir.

Qadınların üçdə ikisi, o cümlədən baş nazirin və prezidentin həyat yoldaşları və qızları başlarını örtürlər.

2008-ci ildə Konstitusiyaya edilən dəyişiklikdən sonra universitetlərdəki qadağa yumşaldılıb. Çənənin altından keçirilməklə bağlanılan başörtüyünə icazə verilib. Boyunu və sifəti örtən geyimlər hələ də qadağandır.

2013-cü ilin oktyabrında Türkiyədə məhkəmə, polis və hərbi qurumlar istisna olmaqla, bütün dövlət müəssisələrində başörtüyünə qadağa götürülüb.

İTALİYA

İtaliyada bir neçə şəhərdə burkaya qadağa var. Ayrı-ayrı hökumətlərin vaxtında qadağanın bütün ölkəyə tətbiqi məsələsi müzakirə edilsə də, hər dəfə yekun qərar verilməyib.

Bəzi meriyalar islam üzgüçülük kostyumlarını da qadağan ediblər.

DANİMARKA

2008-ci ildə hökumət hakimlərin başörtüyü və bənzər dini və ya siyasi simvollar, o cümlədən xaç, ermolka (yəhudi papağı) və türban taxmasını qadağan edəcəyini açıqlayıb.

Antiislam ritorikası ilə tanınan Danimarka Xalq Partiyası qadağanı hakimlərlə yanaşı, müəllimlərə və həkimlərə də şamil etməyə çağırıb.

Almaniyada müsəlmanlar.
Almaniyada müsəlmanlar.

ALMANİYA

Almaniyada islam geyimlərinə ölkə miqyasında qadağa qoyan hər hansı qanunvericilik aktı yoxdur.

2013-cü ilin sentyabrında Konstitusiya Məhkəməsi məktəbdə başörtüyü taxmaq istəyən müəllimin xeyrinə qərar verib. Ancaq məhkəmə onu da qeyd edib ki, əyalətlər öz yerli qanunvericiliklərində istədikləri dəyişikliyi edə bilərlər.

Almaniyanın azı 16 əyalətində müəllimlərə başörtüyü qadağandır. Hessen əyalətində bu qadağa bütün dövlət qulluqçularına aiddir.

RUSİYA

Rusiya Federasiyasında ilk olaraq Stavropol diyarı hicabı qadağan edib. Ali Məhkəmə 2013-cü ilin iyulunda qadağanı qüvvədə saxlayıb.

Çeçenistan rəhbərliyi islam geyimləri ilə bağlı dövlət siyasətinə heç bir məhəl qoymayıb. 2007-ci ildə Çeçenistan prezidenti Ramzan Kadyrov dövlət müəssisələrində başörtüyü geyinilməsini əmr edib. Bu, Rusiya qanunvericiliyinə tamamilə zidd olsa da, bu gün də tətbiq olunur.

Kadyrov hətta ciddi islam geyim tərzinə məhəl qoymayan qadınları peyntbolla vuran kişiləri açıq-aşkaq təqdir edib.

İSVEÇRƏ

2009-cu ilin sonlarında İsveçrənin ədliyyə naziri Eveline Widmer-Schlumpf deyib ki, sifəti gizlədən geyimdən daha çox qadın istifadə etməyə başlasa, onun qadağa olunması məsələsini nəzərdən keçirmək lazım gələcək.

2013-cü ilin sentyabrında italyandilli Tiçino kantonunda seçicilərin 65%-i ictimai yerlərdə burkanın yasaqlanmasına səs verib. Bu, ilk belə hal idi ki, İsveçrənin 26 kantonundan hansısa bu cür qadağa qoyurdu.

XS
SM
MD
LG