Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:32

Aynur Hüseynova: "Elə bilirsiz, asandır?"


Aynur Hüseynova
Aynur Hüseynova

- "Hədəflərim böyükdür. Misal üçün, Hollivudda ilk azərbaycanlı aktrisası olub, ən yaxşı qadın roluna görə Oskar almaq."

"Azərbaycanda milyonlarla insan kompleksli doğulur və komplekslər içində ölür"

İnternet fenomeni Aynur Huseynova: “Elə bilirsiniz, Azərbaycanda gənc qız kimi məşhur olmaq asandır?”

İnternetdə qısa bir müddət ərzində populyarlaşan bu istedadlı gənc qız, qəfildən ölkəni tərk elədi. Aynur Hüseynovanı Azərbaycanda olduqca parlaq gələcək gözləyirdi, amma o, bu hazır gələcəyi deyil, yad ölkədə sıfırdan başlamağı seçdi. Onunla söhbətimiz zamanı Aynuru Azərbaycandan getməyə həvəsləndirən səbələrdən də danışdıq...

Günel Mövlud

- Aynur, bir gənc qız, özü də heç bir dəstəyi olmayan bir xanım kimi, qısa zamanda məşhurlaşa bildiniz. Bunu internet, sosial şəbəkə fenomeni hesab edirsiniz, yoxsa göstərdiyiniz mövzuların aktuallığı idi səbəb?

Aynur Hüseynova
Aynur Hüseynova

- Bir çoxları mənə internet-fenomeni deyir. Bəlkə də rəsmi adı budur. Amma düşünürəm ki, popularlığımın səbəbi mövzulardan savayı bunu ilk dəfə etməyim idi.

Yəni, belə bir şey yox idi Azərbaycanda. Bu səbəbdən də hər kəsə maraqlı gəlirdi. Aktyorluq qabiliyyətim olmasaydı, çox güman, sevilməzdim.

Əksinə, gülünc vəziyyətdə olardım və neqativ qarşılanardım. Bəli, hər kəs sevmir məni, haqqımda yazılan rəyləri də bilirəm.

Amma bu insanlar hər kəs haqqında belə yazırlar. Əsas odur ki, məni sevən insanlar çoxdur. Mən də onları sevirəm.

- Ölkədə qarşınızda xeyli imkanlar açılmışdı. Sosial çarxlara, filmlərə çəkilir, verilişlərə dəvət alırdınız. Birdən-birə bütün bunlardan imtina edib, Amerikaya getmək qərarına niyə gəldiniz?

- Amerika uşaqlıq arzum olub. Mən çox çalışmışdım ki, gedim, amma alınmırdı. Və birdən belə bir şans yarandı, bunu bir işarə kimi qəbul etdim.

Bir çoxları getmə, burada davam et deyirdi. Qalsaydım, indi Azərbaycanda çox iş görmüşdüm. Amma cəmiyyət məni sıxırdı. Qonşular, qohumlar, valideyinlər. Siz elə bilirsiniz, Azərbaycanda qız olaraq, populyar olmaq asandır?

Valideyinlərim daha müasir olsaydı, məni dəstəkləsəydilər, bəlkə də bundan ilhamlanıb, böyük işlər görərdim. Amma tək arzuluların, xəyalların arxasıyca getmək çətindir. Mümkünsüz deyil, amma çətindir.

Bir də, mən aktrisa olmağı arzulamışam həmişə. Azərbaycanda hazırda bu sahə üzrə yüksək səviyyədə təhsil yoxdu. O təhsili Amerikada düşünürəm.

Mən hazırda gedən seriallarda oynamaq istəmirəm. Bu, mənlik deyil. Sosial çarxları isə burada da çəkə bilərik. Məncə, belə daha maraqlı olar.

- Orada inteqrasiya, çevrə problemi yaşayırsınızmı?

- Yeni gəldiyimdə dil ilə əlaqəli problemim var idi. Yəni, ingilis dilim zəif idi. Bu səbəbdən də ancaq azərbaycanlılar, ruslar, türklərlə dostluq edirdim. Amma zaman keçdi, ingilis dilim çox inkişaf elədi.

İndi harasa gedəndə yeni tanışlıqlar qururam, çox tez münasibət yaranır, artıq onları çox gözəl başa düşürəm, mentalitet, zarafat, həyat tərzi. Onlar da məni.

Çünkü məni ispan bilirlər. Yəni latın amerikalı. İnandıra bilmirəm ki, tamam başqa qitə və ölkədənəm. Ya braziliyalı, ya kolumbiyalı sanırlar. Çünki çox bənzəyirəm. Bütün hispaniclər də ispanca danışır mənlə.

Hal-hazırda ispan dilini öyrənirəm. Amerikada ikinci rəsmi dildir.

- Amerikada yaşayan bir neçə azərbaycanlıdan müsahibə almışam. Onların hamısı həyat tərzi, sistem, dəyərlər, davranış kodeksləri fərqlərindən ilk vaxtlarda şoka düşdüklərini deyirlər. Sizi orda nələr təəccübləndirir, nələr şoka salır?

- Heç nə. Çünkü qeyd etdim, uşaqlıqdan Amerika xəyallarında olmuşam. Bu səbəbdən də amerikan kinoları, kitabları, modası, musiqisi, tarixi – hər şeyi artıq Azərbaycandaykən bilirdim.

İnternetdə onlarla əlaqə qururdum. Və həyat tərzlərini bilirdim. Yeganə problem – dil baryeri idi. O da aradan qaldırlıdı artıq.

Yeni köçərkən bir-iki şeyi dəyişdim. Küçəyə çıxarkən hər kəsə gülümsəməyi və tez-tez “üzr istəyirəm” deməyi. Bizim ölkədə bu, heyif ki, yoxdu.

Hətta bir hadisəni danışım. İlk gəldiyim gün idi, marketə getdim. Yanımda dayanan xanım mənə gülümsədi və salamlaşdı. Tutulub, qaldım. O qədər yad idi ki, belə bir şey. Dilim topuq vura-vura cavab verdim.

- Amerikada xüsusilə qadına, qıza münasibət məsələsində hansı fərqləri görürsünüz? Ailədə və cəmiyyətdə?

- Çox böyük fərq var. Burada prioritetlər belədir: 1-ci yerdə uşaqlar. 2-ci yerdə qadınlar. 3-cü yerdə heyvanlar. 4-cü yerdə kişilər.

Bütün qanun və haqlar qadınların tərəfindədir. Küçədə polis görsə ki, qadın nədənsə narahatdır, dərhal yaxınlaşıb “Hər şey yaxşıdır?” deyə soruşacaq.

Əgər xanım “filankəs məni narahat edir” və ya “filankəs mənə şübhəli baxır, mən qorxuram” desə, vay o adamın halına. Saxlayacaqlar o şəxsi.

Ailə-məişət məsələlərində də yenə qanun qadınların tərəfindədir. Münasibətlərdə belə, fərq var. Qadın ailədə çox mühüm rol oynayır. Əri qadından xəbərsiz heç bir ciddi qərar almaz, yəni bizim ölçülərlə ikisi də evdə “xozeyindi”.

- Yola çıxarkən qarşınıza qoyduğunuz məqsədlərin müəəyyən bir hissəsi qət edilibmi? Bu müddət ərzində nələrə nail olmusunuz?

- Özümə çox tənqidi yanışıram. Tam olaraq, heç vaxt razı qalmıram. Həmişə daha da mükəmməl etməyə çalışıram hər şeyi. Bu xasiyyətim sayəsində inkişaf edirəm. Sualınıza da xasiyyətimə əsaslanaraq cavab verəcəm.

Mən hələ heç nəyə nail olmamışam. Etdiklərim hədəflərimin çox cüzi hissəsidir. Çünkü hədəflərim böyükdür. Misal üçün, Hollivudda ilk azərbaycanlı aktrisası olub, ən yaxşı qadın roluna görə Oskar almaq.

İndilik buraya yerləşdim, artıq amerikalılardan biriyəm. Məqsədlərimə bu da daxil idi.

- Geri qayıtmağı düşünürsünüzmü?

- Azərbaycana gəlib-getməyi düşünürəm. Yəni maraqlı proyektlər, səviyyəli kino çəklişləri və s. bunlar üçün gələcəm. Yəni, işlə əlaqəli. Amma yenə geri dönəcəm.

- İndi uzaqdan Azərbaycana baxmaq imkanınız var, belə olanda cəmiyyəti daha yaxşı dəyərləndirmək mümkündür.

İndi uzaqdan ölkəmizə baxıb, nə düşünürsünüz? Azərbaycan necə ölkədir, insanları necədir, hansı dəyərlər, hansı davranışlar sizi təəccübləndirir, hansılar xoşunuza gəlir, hansılar əsəbiləşdirir?

- Onu yüz faiz deyə bilərəm ki, Azərbaycan çox dadlı yerdir. Yeməkləri, tərəvəz-meyvəsi əvəzolunmazdır. Burada xiyar xiyar dadında deyil, hər şeyi dərmanla edirlər. Zərərli dərman deyil, lakin dadını öldürür.

Ət belə, rezin kimidir. Darıxdığım yeganə bunlardır. Amma cəmiyyət isə hələ çox inkişaf etməlidir. İlk öncə hər kəs həyatını ÖZÜ bildiyi kimi yaşamalıdır.

Nə vaxt ki, bizim xalq “qonşu nə deyər”, “qohumlar nə fikirləşər” stereotipindən çıxacaq, o gün Azərbaycan inkişaf etməyə başlayacaq. Yeni binalar, fontanlar, otellər heç nəyi dəyişdirməyəcək.

Lap Bakını Nyu-York eləsinlər. İnkişaf öncə cəmiyyətdən başlamalıdır. Cəmiyyət inkişaf etsə, təhsil də düzələcək, tibb də. Yəni hər şey.

Mən buradan baxıb görürəm ki, yüzminlərlə insan kompleks içində doğulur və kompleks içində də ölür.

Siyasəti deməyəcəm, Azərbaycanla Amerikanı müqayisə etmək gülünc olar. İnsanlar dəyişməlidir. Əvvəl ümüd var idi yeni gələn nəslə. Amma gəncləri, məktəblilləri görüb, olan-qalan ümidimi də basdırdım.

Əfsuslar olsun, hər şey getdikcə bərbadlaşır. Məni heç nə əsəbləşdirmir. Kim hansı həyatı seçir, onu da yaşayır.

Amma onlar bir şeyi unudurlar ki, seçdikləri həyatı onlar deyil, başqaları yaşayır. Heç kəs öz həyatını yaşamır. Halbuki, bu həyat bizə bir dəfə verilir.

XS
SM
MD
LG