Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:59

​Bakıda səfirlik önündə 1 nəfərlik aksiya


Anar Bayramov
Anar Bayramov

►“Təkbaşına, dinc aksiya keçirirəm. Haqqımı tələb edirəm. Tələbimi də yazıb boynumdan asmışam.

Polis deyir, “burda dayana bilməzsən. Götür plakatını da, get burdan. Yoxsa sənə yaxşı olmayacaq””.

Bunu deyən Bakı sakini Anar Bayramov sentyabın 29-da Gürcüstanın Azərbaycandakı səfirliyi yaxınlığında dinc aksiya keçirib.

Onun AzadlıqRadiosuna deməsinə görə, bir neçə saatdır səfirliyin binasına yaxınlaşmaq istəsə də, ərazi polisləri ona mane olur. O isə aksiyanı səfirliyin binasından təqribən 200 metr aralıda - yaxınlıqdakı Teymur Əliyev küçəsində keçirmək məcburiyyətində qalıb.

Anar Bayramov deyir, bir Gürcüstan şirkəti 1 il 6 ay əvvəl aldığı avtomobili hələ də ona təhvil-təslim etməməklə hüquqlarını pozub:

“2014-cü ilin martında Hollandiyadan 40 min avroya avtomobil almışam. Həmin ilin aprelində avtomobilim “Elare transport” şirkəti tərəfindən Gürcüstanın “Caucasus auto import” şirkətinə göndərilib. Özüm də Hollandiyadan Gürcüstana gəlmişəm ki, avtomobilimi təhvil alım. Ancaq şirkətdə mənə bildirilib ki, “avtomobili sizə verə bilməyəcəyik. Çünki “Elare transport” şirkətinin bizim şirkətə 200 min avro borcu var. Biz də bu avtomobillə həmin borcun bir hissəsini silməli olacağıq””.

Buna da bax: Sabir Rüstəmxanlı: “Mandat almağa həvəsim qaçdı”

ŞİRKƏTƏ CİNAYƏT İŞİ AÇILIB

Anar Bayramov Gürcüstan polisinə də müraciət edib. Deməsinə görə, polis şirkətə qarşı cinayət işi də açıb. Ancaq 1 illik get-gəldən sonra bu yolla da avtomobilini şirkətdən ala bilməyəcəyini anlayıb:

“Qərara gəldim ki, səfirliyin qarşısında dinc aksiya keçirib diqqəti dərdimin üzərinə çəkim. Ancaq polislər imkan vermir ki, binaya yaxın düşüm”.

Anar Bayramov bir neçə saat səfirliyin binası yaxınlığında dayanıb və tələbini səsləndirib. Sonra polis işçiləri təkrar əraziyə gələrək plakatını əlindən alıblar, özünü isə xəbərdarlıq edərək ərazidən uzaqlaşdırıblar. Anar Bayramov sentyabrın 30-da aksiyanı davam etdirəcəyəni deyir.

Nərimanov polisinin növbətçi hissəsindən Gürcüstan səfirliyi yaxınlığındakı aksiyadan məlumatsız olduqlarını bildiriblər.

Buna da bax: Kreditə əli çatmayan naxçıvanlılar

ŞİRKƏT ÖHDƏLİYİNİ YERİNƏ YETİRMƏLİDİR

Hüquqşünas Fuad Hüseynov deyir, Anar Bayramov Gürcüstan şirkətinə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair məhkəmə iddiası qaldıra bilər:

“Heç bir halda bir şirkət başqa bir şirkətlə arasındakı borc mübahisəsinə müştərini qata bilməz. Müştəri burada tərəf deyil və iki şirkət arasındakı maliyyə məsələlərinə aidiyyəti olmayan şəxsdir. Şirkətin vəzifə borcu müştərinin əmlakını zərər toxundurmadan özünə təhvil verməkdir. Şirkət buna görə xidməthaqqı alır və müştəri qarşısında götürdüyü öhdəliyi yerinə yetirməlidir”.

Hüquqşünasın sözlərinə görə, şirkət Gürcüstan ərazisində yerləşdiyi üçün məhkəmə davası da həmin ölkədə açılmalıdır. Hətta iddiaçı 1 il 6 ay ərzində bu işlə bağlı Gürcüstan Respublikasına gedib-gəlmək üçün sərf etdiyi yolxərcini də iddiada qeyd edə bilər.

XS
SM
MD
LG