Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:20

Rusiya Suriyada İŞİD-i vurmur


Su-25
Su-25

-

Oktyabrın 1-də Qərb mediasının aparıcı mövzusu Rusiyanın Suriyaya hava zərbələri endirməyə başlamasıdır. Rusiya «İslam Dövləti» (İD–İŞİD) silahlı qruplaşmasını vurduğunu bildirsə də, Qərb buna şübhəylə yanaşır və görünür, şübhələr əsassız da deyil.

Obama administrasiyası çərşənbə günü bildirib ki, Rusiyanın Suriya daxilində kimi bombaladığını bilmir. Hələlik bilinən odur ki, Rusiya ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sınaqdan çıxardığı, ABŞ silahlarından istifadə edən üsyançı qrupa zərbə endirib.

«Tajammu al-Aaza» qruplaşmasının rəhbəri Jamil al-Saleh AlSouria.net-ə deyib ki, zərbələr onların Suriyanın qərbindəki əl-Latamina bazasına dəyib. «Foreign Policy» yazır ki, üsyançılara ABŞ istehsalı olan avadanlıq verilib. Üstəlik, əməliyyatların mərkəzində ABŞ kəşfiyyat rəsmilərinin olduğu bildirilir. Yəni bütün bunlar «Tajammu al-Aaza»ya silahların rəsmi icazəylə verildiyini göstərir.

«Bu qrupa silah verilməsinin bir səbəbi o ola bilər ki, «Tajammu al-Aaza» ABŞ-ın cihadçı hərəkata hava kampaniyasını dəstəkləyib. Qruplaşma bir bəyanatında «İslam Dövləti»ni «Suriya inqilabına təhlükə» adlandırıb və beynəlxalq koalisiyanı Assad rejiminə qarşı hava kampaniyasını genişləndirməyə çağırıb», - «Foreign Policy» yazır.

Rusiya İraqdakı ABŞ səfirliyinə xəbərdarlıq göndərib ki, Rusiyanın bomba zərbələri zamanı koalisiya Suriyanın hava məkanından kənar dursun, ancaq amerikanlar etiraz edib.

«Foreign Policy» onu da vurğulayır ki, Rusiya hazırda İraq, Suriya və İranla yeni yaratdığı əməliyyatlar mərkəzi vasitəsilə kəşfiyyat məlumatlarını bölüşür. Gərək Vaşinqtonla Moskva Suriya prezidenti Bashar al-Assad-ın gələcəyinə dair fikir ayrılıqlarını yoluna qoysunlar.

RUSİYA SURİYADAKI HƏRBİ CİNAYƏTLƏRƏ GÖRƏ TƏQİB OLUNA BİLƏR

Rusiya hökuməti açıq-aşkar Suriya ordusuna kömək edir. Bu halda prezident Vladimir Putin də daxil olmaqla, ölkə rəsmiləri hərbi cinayətlərə yardım etdiklərinə görə cinayət təqibinə məruz qala bilərlər. Bunu ABŞ rəsmiləri və beynəlxalq hüquq ekspertləri bloombergview.com-a deyiblər.

Suriya ordusu.
Suriya ordusu.

«İyuldan bəri Assad rejimi dinc vətəndaşlarının başına iki min çəllək bombası atıb. Bundan başqa, mülki şəxslərə qarşı kimyəvi silahlardan istifadəni, həbsdə 11 min nəfərin sistematik işgəncəyə məruz qalmasını sübut edən dəlillər var. Bütün bunlara əsasən Assad ordusu və Suriya rəsmiləri hərbi cinayətlər ittihamıyla gələcəkdə məhkəmə qarşısına çıxarıla bilər».

«Hərbi cinayətlər üzrə ekspertlərin fikrincə, bu cinayətlərin arxasında duran ordunu dəstəkləməklə Rusiya «hərbi cinayətlərə yardım etmək» ittihamıyla üz-üzədir. Bu, beynəlxalq hüququn yeni yaranan sahəsidir. Yuqoslaviyada törədilmiş cinayətlərə görə Serbiyanın baş nazirinə və Liberiya prezidenti Charles Taylor-a qarşı istifadə olunub. Taylor Syerra-Leonedə vətəndaş müharibəsi zamanı orduya yardımda ittiham olunub».

«Ruslar məsuliyyət daşımağa başlayacaqları bir duruma daxil olurlarlar», - bunu 2009-cu ildən indiyədək Birləşmiş Ştatların hərbi cinayətlər üzrə xüsusi elçisi Stephen Rapp deyir. «Suriya ordusuna hərbi cinayətləri törətməkdə, məsələn, dinc vətəndaşların başına çəllək bombası tökməkdə yardım edirsinizsə, sonucda bunun üçün məsuliyyət daşıdığınızı görəcəksiz. Bu, prezident Putin-ə də aiddir».

Düzdür, digər ekspertlər Rusiyanın bu məsələdə məsuliyyətini sübuta yetirməyi çətin məsələ sayırlar. Onlar Rusiyanın həmin qəddarlıqda birbaşa iştirak etmədiyini, eyni məntiqlə Birləşmiş Ştatların da İraq və Cənubi Sudan ordusuna hərbi yardım göstərdiyini vurğulayırlar. Bu ordulara qarşı da ittihamlar var. Ancaq digər tərəfdən, Birləşmiş Ştatlar qanunvericiliyi insan haqlarını pozan ordulara birbaşa yardımı qadağan edir. Rusiyada belə bir prosedur yoxdur.

Vladimir Putin və George W.Bush - 2008.
Vladimir Putin və George W.Bush - 2008.

VLADIMIR PUTIN-İN TERRORLA MÜHARİBƏSİ

«George W.Bush-un məşhur bir deyimi var ki, Vladimir Putin-in gözlərinin içinə baxıb və onun ruhunu görüb. Ola bilsin, elə də olub – ABŞ-ın keçmiş, Rusiyanın indiki prezidentləri terrorla mübarizə məsələsində ruh-qardaşlarına oxşamağa başlayırlar. Prezident Bush kimi prezident Putin də hərbi qüvvələrini Yaxın Şərqə yerləşdirmək qərarı verib və bunu terrorçuluqla müharibə çərçivəsində etdiyini deyir. Prezident Bush kimi Rusiya lideri də iddia edir ki, bəşəri dünya adından hərəkət edir, qlobal dəstək istəyir». Bunu isə «The Financial Times» yazır.

Ancaq müəllif 2003-cü ildə olduğu kimi, indi də «terrorçu» anlayışının qarışıq olduğunu yazır. O vaxt da cənab Bush-un tənqidçiləri Saddam Hussein-in 11 Sentyabr terroruna bağlılığına sübutun olmadığını deyirdilər. Eləcə də, Rusiyanın Suriyaya endirdiyi zərbələrin cihadçıları hədəfə almadığı görünür.

«Prezident Putin-in hücumu ABŞ-ı Suriyada pis vəziyyətdə qoyur. Rusiyalılar indilik təşəbbüsü ələ almış oldular. ABŞ hava qüvvələrinə xəbərdarlıq ediblər ki, bombalama missiyası həyata keçirilən zaman onlar qarışmasınlar... Rusiya hərbçiləri Suriyada ölməyə başlasa, Putin-ə edilən alqışlar səngiyə bilər. Amerikanların Suriyaya quru qüvvələri yeritmək istəməməsinin də səbəbi aydınlaşar».

«O biri tərəfdən... Rusiya iqtisadiyyatı laxlayır, beynəlxalq sanksiyalar, neftin qiymətinin aşağı olması təsirini göstərib. Rusiyanın Ukraynada müharibəsi hələ bitməyib... Rusiya prezidenti bir hərbi avantüranı bitirməmiş digərinə başlayır, həm də Rusiyanın iqtisadi baxımdan zəif olduğu bir vaxtda. Bu, elə də məharətli hərəkət təsiri bağışlamır».

XS
SM
MD
LG