Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:39

Günel Mövlud. Budur saxta əxlaq


Günel Mövlud
Günel Mövlud

- "Yox, bu qohum-qonşunun yanında yaxşı, qeyrətli kişi olacaq. Qeyrətli kişinin də qızı boşanmaz axı. Amma kürəkəni pulla almaq, pulla saxlamaq olar. Onda yaxşı kişi olursan. Əsas odur ki, qız boşanmasın."

Günel Mövlud

Saxta əxlaqın həzin sonu...

Bakıda gənc qadın evi yandırıb, özünü eyvandan atandan sonra mətbuatda gedən yazılar, hadisəni izah edən xəbərlər bizim insanların necə yaşadıqlarını bir daha göstərmiş oldu.

Necə evlənirlər, necə yaşayırlar, necə doğub-törəyir, hansı münasibətlərdə olurlar – bu hadisə aydın və təmiz bir güzgü tutdu bu suallara.

Oğlan bir qızı varlı bilib alır. Ailə yaşı keçmiş qızı tanımadıqları bir adama rahatca ərə verir. Toydan bir müddət keçəndən sonra oğlan dəfələrlə qaynatasından pul tələb edir.

Qaynata təki qızı boşanmasın deyə, dəfələrlə pul verir. Kişi bir ucdan pul verir, qızı isə ər evində gündə döyür, qulluqçu kimi davranırlar. Dəfələrlə ata evinə gəlir, geri qaytarırlar.

Ata bir ucdan pul ödəyir ər evinə ki, qız geri qayıtmasın. Adama deyərlər, nə zülümdü?

O pulları elə evdə qızına xərclə, öz evində xanım kimi saxla. Niyə imkan verirsən uşağını bir evdə təhqir eləsinlər, döysünlər, əziyyət versinlər?

Əsas odur ki, buna yaxşı kişi desinlər. Otuz il evində böyütdüyü qızı yad yerdə döysələr, ağlatsalar, qulluqçu kimi işlətsələr də olar.

Yox, bu qohum-qonşunun yanında yaxşı, qeyrətli kişi olacaq. Qeyrətli kişinin də qızı boşanmaz axı.

Amma kürəkəni pulla almaq, pulla saxlamaq olar. Onda yaxşı kişi olursan. Əsas odur ki, qız boşanmasın.

Əsas odur ki, buna yaxşı kişi desinlər. Otuz il evində böyütdüyü qızı yad yerdə döysələr, ağlatsalar, qulluqçu kimi işlətsələr də olar.

Əsas bunun adıdır. Əsas odu ki, bunun adına ləkə gəlməsin.

Makedoniyalı İskəndərdir axı, adına ləkə gəlsə, ordu sözünə baxmayacaq.

Bir az haşiyə çıxaq. Bakıda olanda bəzən küçədə cütlüklər görürüdüm. Baxırdın ki, ailədirlər.

Amma söhbətlərindən, davranışlarından, bir-birilərinə münasibətlərindən aydın olurdu ki, bu adamların arasında hisslərdən, sevgidən başqa hər şey var.

Onlara baxırdım, bir-birinə heç bir dəxli olmayan bu iki insanın necə tanış olduqlarını, nə vaxt, hansı şərtlər altında evlənmək qərarına gəldiklərini düşünürdüm. Necə olub ki, bunlar evləniblər?

Niyə evləniblər? Niyə sevə biləcəkləri, onları həyacanlandıran, gözəl hisslər yaşada biləcək insanları gözləməyib, sevmədikləri adamla ömür boyu bir yerdə yaşamaq qərarına gəliblər?

Onları buna nə vadar edib? İndi necə yaşayırlar? Necə yatırlar? Necə öpüşürlər? Bir-birilərini qucaqlamaq, sığallamaq, xoş, nəvazişli sözlər demək istəyirlərmi? Bir-birinin xətirlərinə dəyəcəklərindən qorxurlarmı?

Ümumiyyətlə, hansı hisslər yaşayırlar? Bu suallar məni dəhşətli dərəcədə narahat edir. Bilmək istəyirəm, insan birini sevmədən, onunla necə birləşir və necə yaşayır.

Əlbəttə, bunları özlərindən soruşa bilməzsən. Deyək ki, lap möcüzə baş verdi, razı oldular səmimi cavab verməyə.

Uzaqbaşı qız deyəcək yaşım keçirdi, tay-tuşlarım artıq ərdə idi, hamısının uşaqları vardı, mən də istədim.

Oğlan da deyəcək ki, bəyəndiyim qızlar məni sevmədi, ya da deyəcək sevdiyim ərə getdi, mən də baxdım ki, evlənmək vaxtıdır, evləndim. Vəssalam.

Birlikdə keçəcək bütün bir həyata aparan yolu belə asanca izah edəcəklər.

Bir dəfə bir qohum qadın qonaq gəlmişdi bizə. Bir-iki həftə qaldı. Bu müddət ərzində həyat yoldaşımla bir-iki dəfə küsüb barışdıq. Qadın qarşılıqlı incikliklərə, sonra da könülalmalara, barışmalara baxdı, baxdı, baxdı... sonra az qala ağlayaraq dedi ki:

- Deməli, sevgi belə olurmuş...

Təsəsvvür edin ki, 50 yaşında qadın ilk dəfə idi ki, sevginin ifadəsini görür, ümumiyyətlə, onun necə olduğunu öyrənirdi. Sadəcə, dəhşətdir.

Ölkədə minlərlə, on minlərlə cütlük bir-birini sevmədən, həyacanlanmadan, hissdən, mənəvi ehtiyacdan uzaq hansısa səbəblərdən evlənir, ailə qurur, birlikdə ömür boyu yaşayır.

İki gün əvvəl mətbuatda məişət zorakılığı ilə bağlı daha bir xəbər çıxdı. Bir tibb bacısı məşuqu ilə birləşib, ərini öldürmüş, meşədə basdırmışdı.

Nədir bu camaatı belə dəli edən, qəddarlaşdıran, amansızlaşdıran? İntihar edən o gəlin də, ərini öldürən o qadın da boşana bilməzdilərmi?

İstəmirsən bu adamla yaşamağı, sənə çətindir, özünü bədbəxt hiss edirsən, sivil qaydada ayrıl, öz həyatını istədiyin kimi qur. Amma edə bilmirlər.

Onları sevgisiz, hissiz evlənməyə vadar edən qaydalar boşanmanı da mümkünsüz edir. Məcburluq, şərtiliklər o qədər güclüdür ki, bəzən ya özünü, ya da birlikdə yaşadığın adamı öldürmək daha asan görünür.

Budur saxta əxlaq, saxta ailə dəyərlərinin həzin sonu. İntihar, qətl, xəyanət, amansızlıq...

İldən-ilə elə bil daha da çoxalır, amansızlaşır məişət zorakılıqları. Mətbuata baxırsan – zorlama, qətl, amansızcasına döymələr, şiddət, təhqirlər, davalar.

Elə bil, hamı dəli olub. Adam istəyir, Dədə Qorqud kimi əlinə bir qopuz alıb, bağırsın ki, siz allah, siz kosmos, eləməyin, zorlamayın, öldürməyin, döyməyin bir-birinizi.

Məcbur deyilsiniz bir yerdə yaşamağa, gedin təkbaşına, ya istədiyiniz adamla xoşbəxt olmağa çalışın.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG