Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:59

Nazirlə qardaşı yenə prezidentin ətrafında görünmədi


Ziya Məmmədov.
Ziya Məmmədov.

-

«Bizim Yol» qəzeti İlham Əliyevin Göyçay-Ucar səfərində nəqliyyat naziri Ziya Məmmədovun və qardaşı, Ucar rayonundan deputat seçilmiş Elton Məmmədovun prezidenti müşayiət etməməsindən yazır:

«NəqliyyatNazirliyi bir müddət öncə nazirin məzuniyyətdə olduğu barədə açıqlama yaysa da, bilavasitə onun kurasiyasında olan avtomobil yolunun açılış mərasimində görünməməsi müzakirələrə yol açıb. Mətbuat bir müddətdir ki, Ziya Məmmədovun hakimiyyətdən «vurulacağına» dair xəbərlər yayır. Onun nəzarətində olan sahələrin başqa qurumların idarəçiliyinə verilməsi, nəzarət etdiyi biznes şəbəkəsinin çökdürülməsi də yayılan informasiyalar sırasındadır. Nazirin qardaşı Elton Məmmədov deputatlığa namizədliyini irəli sürməyib. Ötən ay prezidentin sərəncamı ilə «Azərbaycan Dəmiryolları» QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq müstəqil quruma çevrilib. Deputat Elton Məmmədovsa mətbuata açıqlamasında heç bir qərəzli münasibətlə üzləşmədiklərini, prezidentin ətrafında sıx birləşdiklərini bəyan edib».

ŞƏMKİRDƏ SEÇKİLƏRƏ BÖYÜK MARAQ VAR

«Azərbaycan» qəzeti yazır ki, seçkiqabağı Şəmkir rayonunun hər yerində fəallıq, ruh yüksəkliyi hiss olunur:

«Ötən seçkilərdən bəri Şəmkirin gündən-günə yüksələn ictimai-iqtisadi həyatına yeni-yeni səhifələr yazılıb. Dövlət başçısı İlham Əliyevin xeyir-duası ilə Şəmkirçay dəryaçası işə salınıb. Regionda analoqu olmayan 543 hektarlıq Aqroparkın təməli qoyulub. Rayonun girəcəyindəki müasir quruluşlu satış kompleksi hamının diqqətini cəlb edir.

Dövlət başçısının daxili və xarici siyasətini ürəkdən dəstəkləyən şəmkirlilər inamla, iftixarla deyirlər ki, daha xoş sabahımız hələ öndədir. Yüksəlişin yeni mərhələsinə qədəm qoyulur. Yerlərdəki xoş əhval belə bir qəti inam yaradır ki, ölkənin taleyində mühüm rol oynayacaq seçkilər demokratik qaydada, azad, şəffaf keçəcək və vətənin taleyini düşünən hər kəs obyektiv, ədalətli seçim edəcək, ən layiqli namizədə səs verəcəkdir».

İlham Əliyev.
İlham Əliyev.

ƏLİYEV ÖZÜNÜ DİPLOMATIK DALANA SALIB

«Azadlıq» qəzeti yazır ki, Azərbaycan hakimiyyəti parlament seçkiləri ərəfəsində beynəlxalq birliklə ciddi qarşıdurma yaşayır:

«Azərbaycan ATƏT, Avropa Birliyi və Avropa Şurasından gələn təklifləri qəbul etmir. Azərbaycan bundan əvvəl oxşar təzyiqlərlə üzləşən zaman bir qayda olaraq Rusiyaya sığınırdı. Amma hazırda beynəlxalq aləmdə fərqli situasiya yaranıb.

Rusiyanın beynəlxalq imici yürütdüyü aqressiv xarici siyasət üzündən ciddi korlanıb. Rusiyanın Suriyada başlatdığı hərbi əməliyyatlar isə Qərbi ciddi narahat edir. Azərbaycan hakimiyyəti Rusiyaya qarşı yaranan neqativ duruma rəğmən himayədarı kimi yenə Rusiyaya sığınır. Rusiyanın Suriyada yaxın müttəfiqimiz Türkiyənin əleyhinə apardığı hərbi əməliyyatlara reaksiya verməyən rəsmi Bakı eyni zamanda müəyyən mənada Rusiyanın addımlarına haqq da qazandırır».

AZƏRBAYCANIN ƏN HÜNDÜR BİNASI 50 MƏRTƏBƏLİ OLACAQ

fins.az saytı yazır ki, Bakıda Azərbaycanın ən hündür binası «Bakı Tower» tikiləcək.

«50 mərtəbəli kommersiya binası olan «Bakı Tower» göydələni Azərbaycanda ən hündür tikili olacaq. Binanın hündürlüyü 249 metrdir. Müasir iş mərkəzi kimi fəaliyyət göstərəcək bina paytaxtın yeni inzibati mərkəzində - Heydər Əliyev prospekti 109 ünvanında, Şəfa stadionunun yaxınlığında inşa edilir. Binanın tikildiyi ərazi təqribən 1 hektardır».

XS
SM
MD
LG