Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:54

Bu da dillər əzbəri «Papanin»...


Yeni dünya xəritəsi.
Yeni dünya xəritəsi.

-

Ramin Deko

(AzadlıqRadiosu üçün)

Sonradan tikilən artırmalar balaca və çiy kərpicdən tikilən evləri gecəqondulara bənzədir. Bunun üzərinə dar küçələri də gəlsək,«Papanin»in cizgiləri xeyli tamamlanar...

«AŞAĞI»LARLA «YUXARI»LARIN SAVAŞI

Əvvəllər tam söküb tarixin arxivinə atmaq istəyirdilər. Sonradan plan dəyişdi. Bir hissəsi dava-dalaşla söküldü... Mənzil sahiblərinin kəskin narazılığı, bazar qiymətlərinə uyğun kompensasiya istəkləri söküntünü yarımçıq saxladı. Beləcə, «Papanin»in yarısına əl vurmadılar...

...Sökülən və indi xarabalığa bənzər hissəsini yumşaq tikinti materialı ilə hasarlayıblar. Bu, körpünün üstündən sürətlə şütüyən avtomobil sürücülərindən, Bakını seyrə çıxan turistlərdən gizlətmək üçün əl atılan bir vasitədir. Ancaq nə faydası var?! Onsuz da aşağıdan hər şey necə var – o cür görünür, nə olsun «yuxarı»dan aydın deyil... Evlərin damını yol ötənlərin gözündən yayındırmaqdan ötrü hasarın üstündən yenisini «inşa» etmək də kara gəlməz. Bütün bunlar, əslində, «aşağı»larla «yuxarı»ların savaşıdır...

Hər şeyi yaxşı göstərmək üçün hasarın üstündəki hasar.
Hər şeyi yaxşı göstərmək üçün hasarın üstündəki hasar.

YENİ DÜNYA DÜZƏNİ

«Sovetski» kimi «Papanin»in də küçələri dardır - iki nəfər yanaşı addımladısa, qarşıdan gələn üçüncü şəxs bir az gözləməlidir. Hər mənzil sahibi öz evinin qarşısını «səliqə»yə salıb. Qapısının kandarını sementləyib, nəticədə hər beş-on metrdən bir küçə üzü yuxarı, sonra da üzü aşağı meyllənir.

İç-içə tikilən, bir həyətdə ucaldılan üç-dörd evin uşaqları yalnız küçədə oynaya bilər. O da bir şərtlə ki kimsə maşınını saxlamasın. Əks halda, uşaqlar başqa yerə - «Papanin»dən xeyli aralıdakı stadiona getməlidirlər.

Gizlədilən xarabalıqlar.
Gizlədilən xarabalıqlar.

Su buradakı evlərə dəlmə-deşik kauçuk borularla gəlir. Adda-budda cücərən ot və dolanbaclı su boruları adamın gözündə dünya xəritəsini canlandırır... Asfaltdakı çatlar «yeni dünya düzənini» dərhal gözə çarpdırır...

Elektrik naqilləri gitaranın qırılmış simlərini xatırladır. Az qala hər evin qapısı ağzında quraşdırılan kanalizasiya borusu buralara əcaib-qəraib görkəm verir...

Ensiz küçələr.
Ensiz küçələr.

***

Ən dəhşətli mənzərə yol qırağında yaşayanların payına düşür. Ayağını qapıdan çıxardınsa, demək, artıq asfaltı tapdalayırsan və azacıq diqqətsiz olsan, yolötən maşın səni xurd-xəşil edəcək...

...Amma məktəbli uşaqlar avtomobillərin sürətli hərəkətindən qorxmurlar. Çoxdan buna alışıblar, adiləşib onlardan ötrü. Məktəbə getməyən balacalar da, əvvəl-axır, öyrəşəcəklər. Alışıb-öyrəşmək burada yasamın – yaşayışın olmazsa-olmazıdır...

XS
SM
MD
LG