İlham Əliyev parlament seçkilərindən danışdı
«Azərbaycanda seçki prosesinin maksimum şəffaf, keyfiyyətli və ən yüksək standartlara cavab verməsi üçün mühüm islahatların aparılıb».
APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Rusiya Federasiya Şurası sədrinin müavini Ilyas Umakhanov-u qəbul edərkən deyib.
Azərbaycan prezidenti bildirib ki, beynəlxalq müşahidəçilərdən ibarət böyük nümayəndə heyətləri, beynəlxalq təşkilatlar, minlərlə yerli müşahidəçi seçki prosesini izləyir. O, həmçinin «exit-poll»ların keçirildiyini, seçki məntəqələrində veb-kameraların quraşdırıldığını vurğulayaraq seçkinin daha mükəmməl şəkildə həyata keçirilməsi üçün böyük işlər görüldüyünü bildirib.
Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.
55.7 faiz
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov parlament seçkiləri ilə bağlı beşinci rəsmi məlumatı yayıb. O, yenə dairələr üzrə seçici göstəricilərini sadalayaraq, yekunda ümumi statistikaya keçib:
«Beləliklə bu gün seçkilərdə ümumilikdə 2 milyon 800 mindən çox seçici iştirak edib. Bu da seçicilərin 55.7 faizi deməkdir».
MSK-dan bildiriblər ki, səslərin hesablanması ilə ilkin nəticələr saat 24-də açıqlanacaq.
Ölkə üzrə ümumi seçicilərin sayı 5 milyon 198 min 658 nəfərdir.
AzadlıqRadiosunun Parlament seçkiləriylə bağlı programı
125-dən 71-i YAP-ındır
Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, Milli Məclisə seçkilərdə 125 yerin 71-ini Yeni Azərbaycan Partiyasından (YAP) olan namizədlər qazanıb.
39 nəfər bitərəf namizəd seçkidə qalib olub. Parlamentə düşən partiyalar arasında BAXCP, ADİSP, BQP, MDHP, VHP, ASRP, Vəhdət, VBP, ADMP-nin namizədləri var.
«Azadlıq 2015» blokundan olan namizədlərin heç biri ilkin nəticələrə dair siyahıda yoxdur.
Qalib namizədlərin böyük əksəriyyəti bundan öncəki dönəmdə deputat olmuş şəxslərdir. Yeni adlar sırasında isə Mətbuat Şurasının sədri Əflatun Amaşov, əməkdar rəssam Ülviyyə Həmzəyeva, «Kaspian Konsaltinq» şirkətinin hüquqşünası Elşad Həsənovu qeyd etmək olar.