Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:36

Moskvanın evi yıxılsın, Janna!


İradə Aytel
İradə Aytel

- "Bütün kənd Adilin ölümündə erməniləri qarğısa, söysə də, siz bir kəlmə danışmadınız. Bilmirəm sizin xəcalətinizdən necə çıxacam."

"Janna Pavelin qızı Ninanın pasportu ilə gömrükdən Gürcüstana yola salınacaqdı. Oradan Göyçəyə getmək isə çətin deyildi."

İradə Aytel

Janna

(hekayə)

Səksəninci illərin son ayları idi. Qış bu il tez gəlmişdi. Yerdə qar görünməsə də, uzaqdan boy verən dağların başı dümağ idi.

Janna gödəkçəsinin boyunluğunu bir az da yuxarı qaldıraraq şalını yenidən düzəltdi və ətrafına boylandı. Hərbi geyimlilər dörd tərəfi başına götürmüşdü. Bu qədər əsgərin bir yerə toplaşmasına təəccüb etsə də, səfər çantasını sürüdə-sürüdə oradan uzaqlaşdı.

Doğma vətənindən ayrı düşdüyü cəmi iki il idi. Onu avtovağzala qədər hərbi maşınlı rus əsgər yola salmışdı. Hərbçi yol boyu dinib-danışmasa da, “indi əvvəlki dövr deyil, ehtiyatlı ol, çalış, gecəyə qalma” demişdi. Bu sözlərdən heç nə anlamamışdı.

Axı bu necə ola bilər? Azərbaycan həmişə əmin-amanlığı, rahatlığıyla seçilib. İki il ərzində Rusiyada qaranlıq düşəndən sonra heç həyətə də çıxmamışdı. Səhərə kimi küçələrdə veyillənən içkili kişilərin söyüş səslərini, dava-dalaşlarını evlərinin pəncərəsindən çox eşitmişdi. Bura isə tam əksinədir. Azərbaycanın kişiləri gecələr avaralıq etməz, ailəsinin içində olar, qadın yanında söyüş söymək nədir, heç ucadan da danışmazdı.

Kəndləri yadına düşdü. Onda necə də xoşbəxt idi. O cənnət diyara – kəndlərinə getmək üçün “Yasamal” adlanan uca bir dağın başına dolana-dolana zirvəyə çatmalı idin. Yasamalın zirvəsindən boylananda öndə Kiçik Qafqaz, Arxada Böyük Qafqaz sanki bir cüt qanad olur. O qanadlarla bütün Azərbaycanı dolanmaq keçir könlündən.

Şəmkirdən bir görüntü
Şəmkirdən bir görüntü

Budur, əzəmətli, tarixin yaşıdı olan Şəmkir.

O, tarix müəlliməsi idi. Doğma diyarının toponimlərinin başına açılan oyunlardan da xəbərdar idi.

O, bilirdi ki, əsil adı Şəmkir olan bu diyar sonralar Şamxorlaşıb.

Şəmkirin üfüqündə Kür çayı, Uzaqdan Boylanan Qədim Gəncə - təzə Kirovabad, dağlarin o üzündəki Daşkəsən, onların lap yaxın qonşusu olan Gədəbəy.

Öz-özünü qınadı: İlahi, mən bu gözəllikləri qoyub niyə getdim? Baharda çiçək, yayda çiyələk, payızda alma, qışda dümağ qar qoxuyan bu yurdu necə qoyub getdim?

O doğmalıqları ona daha doğma edənsə anası idi. O, laləli dağları, sıldırım qayaları, kəndlərinin düz ortasıyla axan dağ çayını yada salanda anasını da xatırlayırdı. O gözəllikləri anası olmadan, anasını da dağlar olmadan təsəvvür edə bilmirdi.

Orta məktəbi yenicə bitirmişdi. Kəndin gözəl qızları sadalananda birinci onun adı çəkilirdi.

Atasız böyümüşdü. Onda cəmi beş yaşı vardı. Hələ ölümü-itimi ağlı kəsmirdi. Bircə onu bilirdi ki, hər axşam dizlərinin üstündə şıltaqlıq etdiyi atası daha evə gəlmir.

Bircə onu bilirdi ki, kənddə gözəlliyi, ədəb-ərkanı ilə seçilən anasının üzü gülmür. Bircə onu bilirdi ki, anasının başına saldığı qara şalı həm də onun əl yaylığı idi, beş yaşlı qızından gizli-gizli o yaylıqla gözlərinin yaşını silirdi. Bir də onu bilirdi ki, atasını onlardan əzəməti ilə onun uşaq ürəyinə vahimə salan Yasamal dağı alıb. Həm də öz maşını ilə birgə.

Övladına həm ata, həm də analıq edən Hayqanuş qapısına üz tutan bütün elçilərə “yox” demişdi. “Ərimin yurdunu işıqsız qoymaram”, “qızımı yad kişi yanında böyütmərəm” söyləmişdi. Qonum-qonşu da Hayqanuşa dayaq olmuşdu.

Hayqanuşun evinin başsızlığını kimsə bilməmiş, Hayqanuşun hər gecə yastığına cığır salan göz yaşlarını kimsə görməmişdi.

Beləliklə, Janna böyümüş,orta məktəbi əla qiymətlərlə başa vurmuş, Gəncə şəhərində ali təhsil alaraq kəndlərinə dönmüşdü. Müəllim olduğu il ailə də qurmuşdu. Anası Hayqanuş kürəkəninə də “balam” demişdi.

Hayqanuşun saçlarına dən çox tez düşmüşdü. Boyamırdı saçlarını və bu bəyaz saçlar onun yaşının üstünə zalımcasına yaş artırırdı.

Dərd içində üzən Hayqanuşun dərdi yox idi. Qızı, kürəkəni ilə bir dam altında xoşbəxt idi. Düzdür, kürəkəni hərdən işindən narazılıq edirdi. “Nə qədər kolxozda işləmək olar”, deyirdi.

Bir neçə dəfə də Rusiyada daha yaxşı iş olduğuna eyham vurmuşdu. Bu fikir hər dəfə səslənəndə Hayqanuş sanki ərinin ölüm xəbərini eşidirdi. Ürəyindən gizlin bir sızıltı qopurdu. Ərinin nəşini həyətlərində görəndə də yerindəcə donmuş, ürəyindən sızıltı qopmuşdu. Ağlamamışdı, qışqırmamışdı. Düz bir həftə eləcə susmuşdu... və bir həftədən sonra ömürlük sirdaşı olacaq göz yaşlarını bağrına basmışdı...

Son dəfə kürəkəni daha inadla demişdi: “Mən burada işləyə bilmirəm. Həm də Jannanı həkimə aparmalıyam. Deyirlər, Moskvada yaxşı ginekoloqlar var...”

“Ginekoloq” sözünü eşidəndə Hayqanuş susmuşdu. Razılaşmışdı. Qızının ərdə olmasından üç il keçirdi. Evin yeganə övladı Jannanın övladsızlığı Hayqanuşu da, Jannanı da çox üzürdü. Kürəkəni isə ilk dəfəydi övladsızlıqdan gileylənirdi.

...Janna şəhər olaraq ilk Gəncəni görmüşdü. Möhtəşəm çinarlar şəhəri Qədim Gəncəni. Sonra o, Gədəbəyi keçərək Yerevana qədər getmişdi.

Yerevan da qədim və böyük şəhər idi. Bakını görəndən sonra isə şəhərdən söz düşəndə yalnız Bakının adını çəkirdi - Xəzər dənizinin qoynuna sığınan küləklər şəhəri Bakının.

İndi isə Moskvada idi. Moskva nə qədər böyük olsa, nə qədər beynəlmiləl şəhər olsa da, Bakını əvəz edə bilmirdi. Bakının ürəyi böyük idi, Bakının insanı qoynuna basan qolları uzun idi, Bakının qoynu isti idi. Moskva Bakı deyildi...

Bu qərib şəhərdə çox qərib idi Janna. Əri tez bir zamanda işə düzəlmişdi. Getmədikləri ginekoloq qalmamışdı. Həkimlər “səndə heç bir problem yoxdur” desə də, övladları olmurdu.

Janna “geri dönək, anam təkdir” təkid edir, əri “övladımız olmayınca dönməyəcəm” deyirdi. Günlər sürünsə də, aylar at minib çapırdı. Janna anasına hər gün məktub yazırdı. Həftədə bir dəfə isə kəndlərindəki poçta zəng edərək anasının səsini eşidirdi.

Evdə tək-tənha qalan Hayqanuş bir dəfə də olsun qızına “niyə gəlmirsən”, deyə şikayət etmirdi. “Bala, çalış ərinlə arana söz salma, burda hər şey yaxşıdır, məndən nigaran olma” deyirdi.

Kənddə baş verənlərdən isə qızına kəlmə də olsun, demirdi. Jannanın xəbəri yox idi ki, uzun zaman qonşuluq etdikləri Azərbaycan türkləri ilə ermənilərin arasına nifaq salınıb.

Jannanın xəbəri yox idi ki, Ermənistandan türk adına olanların hamısı qovulur, ev-eşikləri talan edilir, qan tökülürdü. Jannanın xəbəri yox idi ki, telefon zəngləri kəsiləcək, məktublar ayağını Azərbaycandan çəkəcək, anası qızına xəbər verməyə imkan tapmadan doğma ev-eşiyindən didərgin düşəcək.

Bütün bunlardan Jannanın xəbəri yox idi. Zavodda fəhlə işləyən əri səhər çıxır, gecə gəlir, Janna isə dünyadan xəbərsizcə damın altında ərini gözləyirdi.

Son zamanlar əri də evə gec-gec gəlir, gecələri də başqa yerdə keçirirdi. Ev kirayəsini ödəmədiklərinə görə ev sahibi hər gün gəlir, səs-küy salırdı. Bir gün isə ev sahibi Jannaya “bu gün evi boşaltmasan, milis çağıracam” demişdi. Əri isə bir həftə idi evdə gecələmirdi.

Janna özünə aid olan əşyalarını toplayaraq Moskva avtovağzalına yollandı. Oradan isə birbaşa Bakıya bilet aldı. Cibindəki pul evlərinə qədər çatacaqdı. O, anasına, doğma kəndlərinə çatınca yenidən məktəbə işə düzələcəkdi. Övlad dərdindən çöllərə düşdüyünə görə “şagirdlərim övladlarım deyildimi, niyə belə etdim, niyə anamı tək qoydum” deyərək, öz-özünü qınamışdı.

Bakı avtovağzalına çatınca Tiflis avtobusuna gözü sataşdı. Bilirdi ki, Tiflisə gedən yol Şəmkirdən keçir.

Avtobusa bilet alaraq yerində əyləşdi. Bakıdan Şəmkirə olan 400 km ona iki ildə çəkdiyi əzabın yolu qədər uzun gəlirdi. Amma bu yolun sonunda kəndləri var, evləri var, anası vardı.

Tərslikdən yanında əyləşən yaşlı qadın da ağzını açıb bir kəlmə danışmırdı. Ha qarı ilə ünsiyyət qurmaq istəsə də, alınmırdı. Qarı əsnəyərək ona bir iki-kəlmə cavab verir, yenidən mürgü döyürdü. Kürdəmirdə avtobus yarım saatlığa dayananda da qarı yuxudan oyanmadı.

Budur, Şəmkirin məşhur dörd yolu. O, buraları çox gözəl tanıyırdı. Düz beş il bu yolla Gəncəyə gedib-gəlmişdi.

Dörd yolda avtobusdan düşdü. Yol çantasını rahatlayaraq yolun kənarı ilə Gədəbəyə gedən taksi dayanacağına yaxınlaşdı.

Tərəddüd etmədən yanında əyləyən “Qaz -31” markalı “Volqa”ya əyləşdi. Axı bura Moskva deyil ki, hər adamdan çəkinəsən. Bura Azərbaycandır, bura Şəmkirdir. Burada insanlar pisliyi bacarmırlar.

Maşına əyləşən kimi, sürücü söhbətə başladı:

-Hə, qızım, deyəsən, buralara nabələdsən. İlin-günün bu vədəsi də qadın xeylağı tək yola çıxardımı?

-Nolacaq, dayı, mən bu yollarda həmişə tək olmuşam.

-İndi o zaman deyil, a bala. İndi ala qarğa balasını tanımır. Adamlar elə dəyişib ki, bilinmir kim kimdir. Ehtiyatlı olmaq lazımdır.

-Niyə belə deyirsiniz, dayı? – Janna maraqla soruşdu.

-Sənin heç nədən xəbərin yoxmu, bala?

-Mən iki ildir çıxmışam Azərbaycandan. Moskvada yaşayırdım.

Moskva adı gələndə sürücünü sanki “tok” vurdu. O, hirslə arxaya döndü və Jannanın ona zillənən məsum baxışına qıymayaraq, sakitcə dedi:

- Moskvanın evi yıxılsın! Elə Moskva yıxmadımı evimizi? Moskva olmasaydı, heç mən də burda olmazdım. İndi Göyçədə evimdə-eşiyimdə peç qırağında idim. Nə itim azmışdı taksi sürücülüyündə? – Janna kişinin dediklərindən heç nə anlamırdı.

Sürücü Jannanın key-key onu dinlədiyini görüb soruşdu:

- A bala, evdə televizora-zada baxmırdınmı?

Jannanın yanaqları allandı, başını aşağı salıb dedi:

- Yox, dayı. Televizorumuz yox idi. Uzun zamandı heç telefonla da anamla əlaqə saxlaya bilmirəm. Məktublarıma da cavab yazmır.

- Poçtlar-zad düz-əməlli işləmir, a bala, ananı qınama. Moskva başımızı elə qatdı ki. Ordan bizi qoparıb bura atdılar, burdan yazıq erməniləri...

Janna yerindən dik atıldı:

-Dayı, necə yəni qoparıb atdılar? Hara atdılar?

-A bala, sən qorxma, sizinkilər Slavyankadadı. Yaxşıdırlar.

-Necə yəni Slavyankada, dayı? Biz Çardaqlıdanıq. Anam da indi oradadır.

Yasamalın sıldırımlı dolamaları ilə üzü yoxuşa qalxan “Volqa” yolun kənarına çıxdı və sürücü əyləci basdı. Onu sanki ilan çalmışdı. Duruxa-duruxa maşından düşdü, arxa qapını açaraq diqqətlə Jannanın gözlərinə baxdı. Qızın olanlardan xəbərsiz və çaşqın baxışları ona zillənmişdi:

-Sən ermənisən?

-Hə, Çardaqlıdan rəhmətlik Aşotun qızıyam. Anamın adı Hayqanuşdu.

-Ay evin yıxılsın, elə bilirəm Slavyanka ruslarındansan. Axı sən burada nə gəzirsən? – deyib, sürücü başını əlləri arasına alaraq yerə çökdü.

Heç nə anlamayan Janna yalvarış dolu baxışlarla sürücünü seyr edirdi. Sonra o, titrək səslə dedi:

-Dayı, yalvarıram, açıq de, anama nə olub? Anam ölüb, eləmi? Ona görə yazmır, eləmi? – Sürücünün cavab vermədiyini görəndə, çiyinlərindən tutub silkələməyə başladı. O, qışqırır, ağlayır, kişiyə yalvarırdı...

-Anan salamatdı, qızım, qorxma salamatdı. Yurdu salamat deyil. Evi salamat deyil. Arzuları salamat deyil. Vətəni salamat deyil. Çardaqlı erməniləri hamısı evindən-eşiyindən didərgin düşdü. Hamısı Yerevana üz tutdu. Biz də evimizdən didərgin düşdük. Sizin kəndinizə didərgin düşdük. İndi siz bizdə qəribsiniz, biz də sizdə. Amma qorxma, mən səni anana qovuşduracağam.

Janna ayaq üstə dura bilmirdi. Daha onun vətəni də evləri də, anası da yox idi. Daha onun vətəni də evləri də anası da özgəsinin vətənində, evlərində idi.

İki ilin ayrılığı onu ağlada bilməmişdi. İndi elə hönkürdü, elə ağladı, elə sızladı ki, bir zamanlar atasının qanıyla çiçək-çiçək olan Yasamal dağı, indi də onun gözlərinin yaşı ilə çiçəkləndi...

Handan-hana Sadıq kişi dilləndi:

-Bala, qalx ayağa. Burada dayanmaq olmaz. Bizi görən olar. Bilsələr ki, erməni gizlədirəm, evimi yıxarlar. Allah Moskvanın evini yıxsın! Pasportunda nə yazılıb, bala?

Janna güclə cavab verdi:

-Qriqoryan Janna Aşot qızı.

-Gizlət o pasportu, bala, gizlət...

***

Janna Sadıq kişinin ailəsinə tez isnişdi. Təkcə evdəkilər – arvadı Ayna, oğlu Adil və qızı Sona bildi Jannanın erməni olduğunu.

Qonum-qonşulara isə Slavyanka kəndindəki Pavelin qızı kimi qələmə verildi. Pavel uzun illər Göyçədə alış-veriş etmişdi. Sadıq kişiylə orada tanış olmuşdular. Elə o qaçhaqaçda da Sadıq kişinin ailəsini Arturun evinə Pavel gətirmişdi.

Arturgil də Sadıqgilin Göyçədəki evində məskunlaşmışdılar. Ev bölgüsündə Sadıq kişi Artura pul da göndərmişdi. “Hər şey halallıqla olmalıdır, Arturun torpağı mənim torpağımdan böyükdür, ona görə pul ödəməliyəm”, - demişdi Sadıq kişi.

Pavelin doğrudan da Moskvada Jannayla yaşıd qızı var idi. İşi ilə əlaqədar tez-tez səfərlərdə olan Pavel guya Jannanı dostu Sadıqa tapşırmışdı. Pavel də Jannaya doğma qızı kimi yanaşırdı.

Pavellə Sadıq kişi Jannanı Gürcüstan tərəfdən anasının yanına yollamaq üçün cürbəsür planlar qururdu. Lakin sərhəddə vəziyyət o qədər gərgin idi ki, gözləməkdən başqa çarələri qalmırdı.

Janna Azərbaycan dilində çox səlis danışırdı. Orta məktəbdə oxuyandan Azərbaycan dili və tarixi ilə maraqlanırdı. İnstitut illərində isə azərbaycanlı qızı Züleyxa ilə bir otaqda qaldığına görə dili daha yaxından öyrənmişdi.

Züleyxa da erməni dilini, erməni xalqının mədəniyyətini öyrənmişdi. Janna tez-tez Züleyxagilə - Tovuza qonaq gedir, Züleyxa da onlara – Çardaqlıya gəlirdi.

Janna bir neçə dəfə Sadıq kişiyə Züleyxanı görmək istədiyini desə də, Sadıq kişi “bala, vəziyyət çox pisdi, indi olmaz, döz, hər şey yaxşı olacaq”, deyə cavab vermişdi.

***

Adil bir ay idi ki, “Könüllülər”in sırasına yazılaraq dağlarda keşik çəkirdi. Artıq səksəninci illər geridə qalmış, tarix yeni bir dönəminə - doxsanıncı illərə qədəm basmışdı.

Janna bahar nəfəsli kəndlərinin baharına qərq olmuş, yanaqlarında çiçəklər açmışdı. Pavel ona anasından xəbər gətirmiş, Janna barədə də Hayqanuşa məlumat vermişdi. Hər iki tərəfin ürəyi rahat idi.

Ayna arvad Jannaya ana, Sona isə bacı olmuşdu. Sadıq kişi isə Jannanı özünün doğma balası bilirdi.

O evdə Janna təkcə Adillə dil tapmamışdı. Qaradinməz, bir az çılğın, dəlisov Adil evə gecədən-gecəyə gəlirdi. Hər gələndə də atası ilə təkliyə çəkilir, sərhəddə baş verənlər barədə ona məlumat verirdi. Onların söhbəti hər dəfə Sadıq kişinin “Moskvanın evi yıxılsın” qarğışı ilə sona yetirdi.

Adil “Könüllülər” dəstəsinə yazılandan sonra isə Sadıq kişinin yuxusu ərşə çəkildi. Ayna arvad isə ərinə güvənir “hər şey yaxşı olacaq, Sadıq deyir, az qalıb” deyərək, nikbinliyini əldən vermirdi.

***

-Ayna xala, icazə ver dolmanı bükməyə kömək edim.

-Bükə bilirsənsə, əlbəttə kömək elə, qızım.- Ayna əlindəki qiyməni yumrulayıb evlərinin yaxınlığındakı körpünün altından yığıdığı dəvədabanı yarpağının arasına qoydu və səliqəylə bükdü.

Janna qollarını çirməyib qiymədən bir tikə götürdü:

-Anamın bir rəfiqəsi vardı qonşu kənddən – Məsmə xala. Gözəl yeməklər bişirirdi. Azərbaycan yeməkləri bişirməyi anam ondan öyrənmişdi. Dolma, dovğa, aş, kaş ki, o günlər olaydı, Ayna xala....

-Olacaq, bala, səbr edək, olacaq. Mən də turşu tutmağı, meyvə qurutmağı, alınça, gavalı fətiri hazırlamağı erməni qonşularımdan öyrənmişəm. Bizim kişi erməni Surenə qoşulub çaxır da hazırlamaq istəyirdi, – o şaqqanaq çəkib güldü, - necə elədisə, çaxır daha çox sirkəyə oxşadı.

Sayat Nova
Sayat Nova

Janna da Ayna arvada qoşulub şaqqanaq çəkdi. Kişi eşitsə, məni teyləyəcək, ay qız. Sayat Nova demiş:

Nəmək yedikcə arvad xatadan,
Deyərəm saxlasın yaradan sizi.

-A, Ayna xala, Sayat Nova Ermənistanın xalq şairidir. Amma mən bu parçanı bilmirdim.

-Hə, qızım, Sayat Nova təkcə Ermənistanın yox, SSRİ-nin xalq şairidi, ozanıdı. Həm də bu şeiri Azərbaycan dilində yazıb.

Səməd Vurğun
Səməd Vurğun

-Onda mən də Azərbaycanın xalq şairindən bir parça deməliyəm, yoxsa əziz Ayna xalam məndən inciyər, - deyərək, Janna həvəslə ifaya başladı:

Ulduzlar havanın bağrını dəlir,

Qayalı dağlardan duman yüksəlir.

Xəyalım gecəni salama gəlir,

Çapırdır atını birbaşa dünya.

-Səməd Vurğunu kim əzbər bilmir ki, qızım... Ayna arvad ali təhsili olmasa da, şeirdən, sənətdən məlumatlı olduğu ilə fəxr edərək bükülmüş dolmaları qazançaya yığmağa başladı...

Janna dodağının altında “Sarı gəlin”i zümzümə edərək Sonanın otağına keçdi:

Saçın ucun hörməzlər,

Gülü qönçə dərməzlər,

Bu sevda nə sevdadır,

Səni mənə verməzlər.

Sona heyranlıqla onu dinləyirdi.

-Sona, Orta məktəbdə musiqi müəlliməmiz vardı - Emiliya Alaverdiyan. Çox həzin və məlahətli səslə “Sarı gəlin”i tez-tez zümzümə edərdi. Və deyərdi ki, Azərbaycanın bu xalq mahnısında çox dərin bir kədər var. Xan Çobanın Sarı gəlinə olan sevgisinin səsidir bu mahnı. Və həmişə “Sarı gəlin”dən sonra bizim “Ah gözəl, gözəl” xalq mahnımızı oxuyardı.

“Ah Gözəl, gözəl,

Sən mənim qəlbimin sirrini biləndən sonra

Acımasızca tərk etdin məni?

Mənsə məsum bir sevgiylə sevirdim səni.

Və hər dəfə də gözlərindən yaş axardı. O “Sarı gəlin” və “Ah gözəl, gözəl”dəki hər iki ağrının eyni kökdən, eyni iztirabdan yarandığını söyləyərdi. Emiliya müəllimə gözəl olduğu qədər də ağıllı idi.

Otuz-otuz beş yaşı olardı. Ailə qurmamışdı. Tələbə yoldaşı türklə sevişirlərmiş, atası bu izdivaca icazə verməyib. Lap Qara Keşiş kimi. Ondan sonra Emiliya müəllimə ailə qurmayıb.

Uzun zamandır Sonanin içini yeyən sualı verməyin vaxtı çatmışdı. O, Jannaın yanağından süzülən yaş damlasını silərək dedi:

-Janna, ərini sevibmi ailə qurmuşdun?

Janna bir müddət susduqdan sonra:

- Hə, sevdim və təəssüf ki, yenə də sevirəm, - deyərək gözlərini aşağı dikdi.

-Axı o, səni atdı....

Janna günahkarcasına:

-Nə edim, bacı, sevgi öz əlimizdə deyil axı. O da məni sevirdi, mənə sadiq idi. Moskva dağılmışa gedənə qədər... Moskvanın evi yıxılsın! – Sonuncu cümləni eynən Sadıq kişi kimi səsləndirdi. Hər ikisi ucadan güldü...

-Sona, bəs sən niyə ailə qurmursan? Gözəlsən, ağıllısan. Azərbaycanlılar tez ərə gedir axı, ay qız, yaşın iyirmi beşə çatır e, birazdan sənə evdəqalıq deyəcəklər.

Sona dərindən ah çəkdi:

-Birazdan yox, bacı, mənə çoxdandır “qalıq” deyirlər. Biz didərginlər gəncliyimizi orda qoyub gəldik. Göyçədə ərə gedəcəkdim, uşaqlarım olacaqdı... Sevdiyim də vardı. O da məni sevirdi. Ailələrimiz də bilirdi. Hətta anama onun anası eyham da etmişdi ki, sizə gələcəyik, hazır olun... – Sonanın göz yaşları yanaqlarından süzülürdü. – Budur, bizi yurdumuzdan elədilər. Onların ailəsi harada məskunlaşdı, heç xəbərimiz də yoxdur. Bircə onu bilirəm, biz kəndimizi tərk edəndə onlar orada idi.

Janna, bizim sevgimiz də sevincimiz, gəncliyimiz kimi Göyçədə qaldı. Mən və yaşdaşlarım beləcə qarıyacağıq. Ona görə ki, bir torpaqda boy atan tumurcuq başqa bir torpaqda çiçək açmaz. Moskvanın evi yıxılsın, Janna!

Sadıq kişinin gündə yüz kərə işlətdiyi bu ifadəyə bu dəfə gülmədilər...

***

Getdikcə vəziyyət daha da gərginləşirdi. İyirmi Yanvar hadisəsi bütün kəndi sarsıtmışdı. Janna təlaş içində idi. “Bu necə olur axı? Necə olur ki, öz ölkəmizdə özümüzü güllələyirlər?! Axı sovet ordusu, Qızıl Ordu bizi – sovet sosializmindəki respublikaları qorumaq üçündü. Axı bizim oğullarımız o ordunun sıralarındadır. Əvvəl qurama Sumqayıt hadisələri, sonra 20 Yanvar”.

O, radio dalğalarından Sumqayıt hadisələrinin tam tərsini eşidirdi. Ermənistan radiosu Sumqayıtda ermənilərin amansız qətlindən danışırdı. Janna “bütün bunlar yalandır, təxribatdır, Moskvanın işidir” deyə etiraz edir, Sadıq dayı “Ermənistana gedən kimi həqiqət barədə mətbuata xəbər verəcəm.

Sumqayıt hadisələrinin qurma olduğunu, əksinə azərbaycanlıların neçə erməni ailəsini qoruduğunu, gizlətdiyini söyləyəcəm” - deyirdi.

Sadiq kişi isə təmkinini pozmadan cavab verirdi: “Qızım, bu, bir siyası oyundur, biz zaman-zaman qonşu olmuşuq. Hətta musiqimizi də bəzən qarışdırırıq. Bizi ayrı salanları ayrı düşsün, Moskvanın evi yıxılsın, bala”, deyə təmkinlə cavab verirdi.

***

Sərhəddən kəndə ilk tabut gəldi. Bu, cəmi iki aydır “Könüllülər” dəstəsinə qoşulan Adilin tabutu idi. Adili Şınıx bölgəsində qətlə yetirmişdilər.

Bu gün Adilin anası tək Ayna arvad deyildi, bütün kənd qadınları “oğul” deyib, üz-gözünü cırırdı. Bu gün Adilin atası təkcə Sadıq kişi deyildi, bütün kənd ağsaqqallarının beli bükülmüşdü.

Bu gün Adilin bacısı təkcə Sona deyildi, bütün kəndin qızları “qardaş, vay” deyirdi... Sadıq kişinin həyəti adamların dərdinin altında sanki çökmüş, ağacların beli bükülmüşdü.

Birdən-birə aldıqları bu xəbər Jannanı da sarsıtmışdı. O, nə analara qoşulub ağı deyə, nə bacılara qoşulub üzünü cıra bilirdi. Üstəlik də eşitdiyi “Evin yıxılsın, ay erməni, necə qıydın bu cavana”, “erməniyə inanmağın sonu buymuş, ay camaat”, “erməni gülləsinə tuş gəlib” kimi ağır ittihamlar içini dəlib, göz bəbəklərində qan çanağına dönürdü.

O, nə edəcəyini, hara gedəcəyini bilmirdi, küncdə büzüşüb qalmışdı. Birtəhər yerindən qalxdı və tövləyə tərəf getdi. Ayna arvadın gündə yüz dəfə sığal çəkib oxşadığı buzovun yanındakı taxçada bir müddət oturdu.

Birdən gözü divardakı mıxa taxılmış ipə sataşdı. İp onun xilaskarı kimi “cilvələndi”. Qətiyyətlə ayağa durdu. İpi tövlənin tavanına birləşdirdi və buzovun qabağındakı su dolu vedrənin suyunu boşaldaraq ipin altında ağzüstə yerə qoydu.

Yas adamlarının arasında olan Pavel Jannanın tövləyə tərəf getdiyini görmüşdü. Qızın geri dönməməsi onda şübhə yaratdı, tez özünü tövləyə çatdırdı. Tövlənin qapısı açıq idi. Janna ipi boğazına keçirmək istəyəndə Pavel içəri girdi və onu qolları arasına alaraq yerə qoydu. Janna tir-tir əsirdi. Pavel həyəcanla:

- Qızım, sən nə edirsən?

- Pavel əmi, mən daha yaşaya bilmərəm, Pavel əmi, axı onların üzünə necə baxım? Bir ilə yaxındır bu evdəyəm. Sadıq dayı mənə doğma ata, Ayna xala ana olub. Adil mənim də qardaşım idi. Axı Adili ermənilər öldürüb, Pavel əmi... – deyərək, çul kimi Pavelin qolları arasına düşdü.

Janna ayılandan sonra Pavel onu Slavyankaya –öz evinə apardı.

Adilin qırxı çıxmışdı. Sadıq kişi bilirdi ki, Pavel Jannaya doğma qızı kimi baxır. Yenə də Jannadan çox narahat idi.

Sadıq kişini həyətdə görən Janna göz yaşlarını saxlaya bilməyərək, onun boynuna sarıldı. Sadıq kişi də kövrəlmişdi. Janna heç vaxt onu belə beli bükük, gözünü də yaşlı görməmişdi. Oğul dərdi Sadıq kişini sanki on il qocaltmışdı. O, Jannaya “hazırlaş, evə gedirik”, deyəndə Janna bir daha hönkürərək, ona qısıldı. Yol boyunca Sadıq kişi Jannaya təskinlik verməyə çalışdı:

- Qızım, burada sənin suçun yoxdu, bu, Adilimin taleyi idi, gəldi başıma. Bu, siyasətin xəncəriidi, balamın sinəsinə tuşlandı. Sənin, mənim nə günahımız var, bala? Sənin anan istəyərdimi oğlu kimisə öldürsün, qatil olsun? Mənim anam istəyərdimi, oğlu döyüşün-davanın qurbanı olsun. Özünü niyə günahkar sayırsan? Ayna xalan, bacın Sona başları açılan kimi səni soruşdular. Özüm gec gəldim. Dedim, qırx gün evimiz qarışıqlıq olacaq, sənə çətin olar. Həm də qorxdum ki, sənin kimliyindən duyuq düşən olar. Gedək evimizə, bala. Sən mənim əmanətimsən. Gərək sağ-salamat anana təhvil verim səni. Hə, onu da deyim, gömrükdə adam var, danışmışam, bu yaxınlarda səni yola salacam. İndi isə gedək evimizə, evdəkilər də sənsiz darıxıb...

***

Sadıq kişi hər şeyi yerbəyer eləmişdi. Səhər obaşdan Jannanı Azərbaycan-Gürcüstan sərhəddinə aparacaqdı. Pavellə də danışmışdı. Janna Pavelin qızı Ninanın pasportu ilə gömrükdən Gürcüstana yola salınacaqdı. Oradan Göyçəyə getmək isə çətin deyildi.

Ayna arvad bir yandan Jannaya pay ayırırdı:

-Qızım, bu bağlamanı verərsən Arturun arvadı Sirus xalana, mer-meyvədi. Öz həyətlərinin barıdı. Bu biri bağlamanı isə anana verərsən, ipək yaylıqdı. Başına örtər. Bu corabları isə sənçün toxumuşam. Göyçə soyuq olur, ayağına geyinərsən.

Janna təbəssümlə Ayna arvada baxır, hərdən “baş üstə, Ayna xala” deyirdi.

– Sərhəddi keçəndə ehtiyatlı ol ha, çantanı unudarsan. Yaxşı ki, gürcülərsə də var, yoxsa ananın yanına necə dönəcəkdin?

Kənardan arvadının hər bir hərəkətini seyr edən Sadıq kişi “Ay arvad, qızı çaş-baş salma” - deyərək, üzünü Jannaya tutdu:

-Qızım, Artur əminə deyərsən ki, evin baxça tərəfində tövlə tikmişəm. İnək olmasa, dolanammarıq. İnəyi ora salıram, inşaallah, özü ev-eşiyinə dönəndə bəyənməsə sökər. Bir də de ki, imkanı olsa, mənim bağımdakı əzgildən bura şitil göndərsin, o növ burada yoxdu, görüm artıra bilirəmmi. Al bu pulu da, yola verərsən.

Janna pulu utana-utana götürdü.

-Sadıq dayı, Ayna xala, haqqınızı halal edin. Bu uzun zamanda siz mənə doğma ailə oldunuz. Oğul dərdinin ağırlığını mən də başa düşürəm. Siz mənim xəcalət çəkdiyimi bildiyiniz üçün gözünüzün yaşını qurutdunuz. Bütün kənd Adilin ölümündə erməniləri qarğısa, söysə də, siz bir kəlmə danışmadınız. Bilmirəm sizin xəcalətinizdən necə çıxacam - deyərək, Ayna arvadı bərk-bərk qucaqladı və hər ikisi hönkürdü...

Evin bir kənarında büzüşən Sona Jannanın anasına qovuşacağına sevinsə də, dərin bir qüssə içərisində idi...

***

Sərhəddə hər şey danışdıqları kimi oldu. Jannanın Gürcüstan tərəfə keçdiyini görən Sadıq kişi məyus halda dedi: “Moskvanın evi yıxılsın!”

...Janna sevinirdi. Qanadı olsa, uçardı. O, ümid edirdi ki, tezliklə hər şey yaxşı olacaq və anasıyla birgə geri – evlərinə dönəcək.

XS
SM
MD
LG