Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:22

Dünyanı “antibiotik axirəti” gözləyirmi?


Dünya Səhiyyə Təşkilatı bildirib ki, ifrat istifadə nəticəsində antibiotiklər “superbakteriayalara” məğlub ola bilər

Qiymətli antibiotiklərdən nizamsız və ifrat istifadə, habelə onların internetdən satışı dərman preparatlarına ram olmayan, ifrat güclü bakteriayaların yaranmasına səbəb olur.

Bu barədə hesabat Britaniya hökuməti tərəfindən açıqlanıb.

Dünyanın ilk antibiotiki - penicillin
Dünyanın ilk antibiotiki - penicillin

Hesabatda deyilir ki, son onilliklərdə çoxsaylı dərman preparatlarına ram olmayan bakteriya növləri çoxalmağa başlayıb. Bu elə bir zamanda baş verir ki, dərman istehsalçıları yeni preparatların yaradılmasına investisiya yatırmağa həvəsli görünmürlər.

Nəticədə vərəm və süzənək kimi xəstəliklərin yeni və dərmanlara müqavimətli bakteriayaları qlobal sağlamlıq təhlükəsinə çevrilir.

Cümə günü açıqlanmış hesabatda deyilir ki, Çində antibiotiklərin bütün növlərinə qarşı müqavimətli yeni bakteriya geni aşkar edilib. Bu gen bakteriyaları bütün antibiotiklərə qarşı yenilməz edir.

Antibiotiklərin reseptsiz satışına son

Goldman Sachs şirkətinin keçmiş iqtisadçısı Jim O'Neill deyib ki, bu təhlükəni özünümüalicə ilə məşğul olan xəstələr və internetdən dərman satan əczaçılar yaradıblar.

Bu təhlükəni özünümüalicə ilə məşğul olan xəstələr və internetdən dərman satan əczaçılar yaradıblar

Hesabat hökumətləri, dərman satışını tənzimləyən qurumları və dünya boyunca internet şirkətlərini antibiotiklərin nəzarətsiz satışına son qoymağa çağırır.

Sənəddə vurğulanır ki, hətta antibiotiklərin yalnız həkim resepti ilə verildiyi ölkələrdə adamlar internet satıcılarından istədikləri dərmanları asanlıqla əldə edirlər.

Çin və Britaniya alimləri bildiriblər ki, onlar insanlardan və heyvanlardan götürülmüş nümunələrdə, bakteriyaları “poliaminlər” kimi tanınan ən güclü antibiotiklərə qarşı məğlubedilməz edən yeni gen aşkar ediblər.

Alimlər deyirlər ki, hətta colitis kimi çox güclü antibiotikin reseptsiz olaraq inrernetdən alınması imkanı həyəcan doğurur.

Jim O'Neill hökumətləri dünyanın müxtəlif yerlərində dərman satışı ilə məşğul olan internet “dükanlarını” bağlamağa çağırıb.

Yeni mikroblar köhnə antibiotiki saymırlar

O bildirib ki, dünyanın bir çox ölkələrində antibiotiklərin reseptsiz və piştaxtadan satılmasına qadağan qoyulub, lakin bir sıra yerlərdə bu dərmanları sərbəst almaq mümkündür.

Bağırsaq çöpü bakteriası da superbakteriyaya çevrilir
Bağırsaq çöpü bakteriası da superbakteriyaya çevrilir

Bu da vurğulanır ki, antibiotiklərin reseptsiz satışı Şərqi və Cənubi Avropa ölkələrində daha geniş yayılıb.

Əslində alimlər infeksiya bakteriyalarının dərmanlara dözümlüyü problemi ilə, 1928-ci ildə ilk antibiotik – penicillin kəşf olunandan tanış idilər.

Lakin bu fenomen hazırda bir çox antibiotiklərdən ifrat istifadə və sui-istifadəyə görə qlobal fəlakətə çevrilib.

Sadə dildə deyilərsə, antiobiotiklərdən o qədər istifadə olunur ki, onlar gücdən düşür, bakteriyalar onların “fəndlərini” öyrənir və daha güclü olurlar. Nəticədə köhnə antiobiotiklər, vərəm və bağırsaq çöpü kimi köhnə xəstəlikləri yayan yeni, güclü bakteriyaları tanımır, onların qarşısında aciz qalırlar.

Antibiotiklər ordusunun məğlubiyyəti

Dünya Səhiyyə Təşkilatının (DST) xəbərdarlığına görə, bu minvalla, bu əsrin sonunadək, tədbir görülməzsə, antibiotiklər ordusu tamamilə məğlub olacaq. Nəticə etibarilə həkimlər ən adi xəstəliklərin öhdəsindən gələ bilməyəcəklər.

Jim O'Neill sözü gedən hesabatı Britaniya baş nazirinin göstərişi ilə hazırlayıb.

1936-cı ildə ABŞ-da antibiotikılərdən geniş istifadənin başlanması ilə 15 ilin ərzində ölümlərin sayı 220 faiz azalmışdı

Onun ilkin hesabatında deyilirdi ki, antibiotiklərin gücdən düşməsi, bakteriaların isə əksinə, güclənməsi nəticəsində 2050-ci ilədək 10 milyon insan ölə bilər.

Alim hökumətə tədqiqat işləri və yeni preparatların yaradılması üçün 2 milyard dollarlıq fond yaradılmasını təklif edib.

Tədqiqatçı Richard James diqqəti antibiotiklərin bəşəriyyətin həyatında indiyədək oynadığı rola çəkir.

O yazır ki, 1930-cu illərədək adamların vərəmdən ölüb-ölməmələri yalnız havadan asılı idi.

1936-cı ildə ABŞ-da antibiotikılərdən geniş istifadənin başlanması ilə 15 ilin ərzində ölümlərin sayı 220 faiz azalıb. Ötən 45 il ərzində bütün başqa tibbi müalicə üsulları birlikdə hər 100 min insana düşən ölümləri yalnız 20 faiz azalda bilib.

Ümid yenə də antibiotiklərədir

James yazır ki, 1960-cı ildə ABŞ-ın baş cərrahı “yoluxucu xəstəliklər üzərində qələbəni” elan etmişdi.

İndi isə bu prioses tərsinə getməyə başlayıb. Avropa İttifaqında hər il 25 min insan antibiotiklərə müqavimətli bakteriayaların yaydığı xəstəliklərdən ölür.

Vəziyyət o qədər həyəcanlıdır ki, bəzi alimlər dünyanın “antibiotik axirətindən” danışırlar.

Lakin Richard James məqaləsinə ümidli tonda yekun vurur.

O yazır ki, elə həmin Çində yeni antibiotiklərin yaradılması yollarını araşdırırlar. Köhnə antibiotiklər geniş spektrli preparatlar sayılır. Yəni onlar bir yox, bir neçə növ bakteriyanın məhv edilməsinə hesablanıb.

Alimin fikrincə, bu həm yaxşıdır, həm də yaxşı deyil. Ona görə yaxşı deyil ki, hər hansı antibiotik, məsələn bağırsaqlardakı zərərli bakteriyalarla yanaşı “xeyirli bakteriyaları” da öldürür.

Məhz buna görə də, yeni tədqiqatlar “daha dəqiq vuran” və ya dar spektrli antibiotiklərin yaradılmasına yönəldiləcək.

XS
SM
MD
LG