Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:39

Azərbaycan Türkiyə üçün qiymətləri endirdi


İllüstrasiya
İllüstrasiya

►Tarif endirildi, indi qaldı Türkiyədən yükün gəlməsi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşımanın gəmi-bərələrlə həyata keçirilməsi məqsədilə tarifləri 20 faizə qədər endirib.

Ekspeditor şirkətlərində AzadlıqRadiosuna deyiblər ki, indiyədək Xəzər dənizi üzərindən Türkiyənin yük avtomobilləri Orta Asiyaya ötürülməyib. Türk nəqliyyatçıları ucuz başa gəldiyinə görə Rusiya marşrutuna üstünlük veriblər.

Dekabrın 1-dən qüvvəyə mindiyi bildirilən tariflərə əsasən, sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakıdan Aktauya və ya əks istiqamətdə) daşınması üçün gəmiçilik 1 200 ABŞ dolları alacaq. Yəni, 30 ton quru yükün hər tonunu Xəzər dənizi üzərindən aşırmaq üçün 40 dollar ödəmək lazım gələcək.

Eyni zamanda, geri dönüş üçün bilet öncədən alındığı halda, bu tarif hər iki istiqamətə 2100 ABŞ dolları təşkil edəcək.

Gəmiçiliyin yaydığı məlumatda deyilir ki, tariflər prezident İlham Əliyevin göstərişi əsasında aşağı salınıb. Rusiya məlum təyyarə vurulması olayından sonra türk yük maşınlarının tranzit hərəkətinə məhdudiyyət qoyduqdan sonra daşımaçılar alternativ marşrut axtarışına çıxıblar.

Bakıdakı “Silk Road Consulting” şirkətində AzadlıqRadiosuna deyiblər ki, bu qərarın Türkiyə daşımaçıları üçün nə dərəcədə maraqlı olacağını indidən söyləmək tez olardı. Çünki, indiyədək türk TİR-ları bu marşrutdan istifadə etməyib.

Bakı-Aktau istiqamətində təkərli texnika və dəmiryol vaqonlarını daşıyan gəmilər həftənin çərşənbə axşamı və cümə günləri, Aktau-Bakı istiqamətində isə çərşənbə və şənbə günləri yola düşəcək. Bərələr Ələtdəki yeni Bakı Dəniz Ticarət Limanından hərəkət edirlər.

Buna da bax: Donetsk aeroportu uğrunda qanlı döyüş- [Video]

BƏS YOLLAR?..

Oktyabrın 21-də Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqnda fərmanla İqtisadiyyat və Sənaye Nazirliyinə dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidməti tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi qaydasını iki ay müddətində hazırlanıb prezidentə təqdim edilməsi tapşırılıb.

Bu ilin 10 ayında Azərbaycanın dəniz limanlarında 7,2 milyon ton yükləmə-boşaltma işləri aparılıb və bunun 94,3 faizi tranzit yüklər olub. Yüklər bir qayda olaraq şərq-qərb istiqamətində daşınır.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvili ilə noyabrın 30-da Bakıda keçirilən görüşdə iqtisadiyyat və sənaye naziri Şahin Müstafayev bildirib ki, bu həftə ərzində tranzit yükdaşımaları üzrə optimallaşdırılmış tariflər elan ediləcək.

Dekabrın 2-də isə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası elan edib ki, tranzit prosedurlarının sadələşdirilməsi və xidmət haqlarının aşağı
salınması hesabına Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın
Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat
vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40 faiz aşağı
salınıb.

Hər bir iritonnajlı yük avtonəqliyyat vasitəsi üçün hər gediş-gəliş
tranzit xərcləri hər iki istiqamət üzrə birlikdə təxminən 2600 ABŞ
dolları təşkil edəcək.

Hər il Türkiyədən Orta Asiya istiqamətində 200 min TİP yola düşür. Bu
qədər yük maşınının Azərbaycandan tranzitlə keçməsi ölkəyə böyük
vəsait axını vəd edir. Amma Azərbaycanın avtomobil yollarının bu yük
axınına necə davam gətirəcəyini də zaman göstərəcək.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube kanalında izləyin:

XS
SM
MD
LG