Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:36

«Ana, möhkəm ol, məni buraxmayacaqlar»


«Ana, möhkəm ol, məni buraxmayacaqlar»
Gözlə

No media source currently available

0:00 0:06:05 0:00

«Ana, möhkəm ol, məni buraxmayacaqlar»

-

Dekabrın 5-də araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsindən 1 il ötür. Məhkəmə bu ilin sentyabrında Xədicə İsmayılı vergidən yayınma, qanunsuz sahibkarlıq ittihamlarıyla 7 il yarım azadlıqdan məhrum edib.

Xədicə İsmayıl ittihamları rədd edir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.

«Amnesty International» Xədicə İsmayılı vicdan məhbusu elan edib.

Həbsin ildönümündə jurnalistin anası Elmira İsmayılova AzadlıqRadiosuna müsahibə verib:

- Elmira xanım, Xədicəsiz 1 il necə keçdi?

- Çox darıxıram. Xədicə 1 ildir ki, yoxdur, amma elə bilirəm ki, 5 ildir yoxdur. Həmişə birlikdə qalmışıq deyə, onun üçün çox darıxıram. Amma bilirəm ki, o, düz yoldadır, haqq sözü dediyinə görə həbsdədir. Ona görə də dözürəm, sınmıram. Allah Xədicə kimi insanları çoxaltsın və onlara cansağlığı versin.

- Sizcə, Xədicənin həbsi cəmiyyətə nə verdi?

- Bizim hakimiyyət cəmiyyəti qorxutmaq, susdurmaq istəyir. Xədicənin həbsi ilə də cəmiyyətə göstərdilər ki, «kim haqq sözünü deyirsə, səsini kəsəcəyik». Xədicənin həbsi xalqı qorxutmaq məqsədilə edilib.

- Bu 1 ildə jurnalistikada Xədicənin yeri görünürmü?

Elmira İsmayılova
Elmira İsmayılova

- Görünür. Mən həmişə AzadlıqRadiosuna da qulaq asmışam, oxumuşam, xüsusilə də araşdırmaları. Amma bu 1 ildə Azərbaycandan 3-4 araşdırma çıxıb. Xədicə olanda isə elə bir ortam qaynayırdı. O, həm uşaqlara öyrədirdi, həm də yazırdı. Uşaqlar gəlirdilər evə, burada müzakirələr aparırdılar, günümüz gur keçirdi, hiss edirdim ki, iş gedir və onlarla birgə mən də sevinirdim.

- Həbs Xədicənin xarakterində, həyata baxışında nəyisə dəyişdiribmi? Siz bir dəyişiklik hiss edirsinizmi?

- Yox. Xədicə elə həmin adamdır. Həmin azad fikirli adamdır və öz yolundan heç vaxt dönməyib və dönməyəcək də.

- Bu 1 ildə keçən məhkəmə prosesləri barədə fikriniz nədir?

- Mən bilirdim ki, bizdə məhkəmə yoxdur. Bir məhkəmə ki, qanunları tapdalayıb keçir, deməli, o, məhkəmə deyil. Bu 1 ildə bir daha bunun şahidi oldum. Mən bizdə məhkəməyə inanmıram.

- Elmira xanım, sizcə, Xədicə nə vaxt azad olunacaq?

- Xədicə saxlananda düşünürdüm ki, məhkəmə proseslərinin birində onu buraxacaqlar. Xədicə mənə dedi ki, «ana, möhkəm ol, məni buraxmayacaqlar, özünü belə şeylərə hazırlama». O, bilirdi ki, mən hər prosesdə onu buraxacaqlarını gözləyirəm və buraxmayanda pis oluram, halım pisləşir. Məni arxayın etdi ki, buraxmayacaqlar. Ondan sonra buraxılmasını gözləmirdim. Bilirdim ki, ona 7-8 il verəcəklər, elə də oldu. Bizim məhkəmə yuxarılar üçün işləyir, millət üçün yox.

- Sizcə, həbs 7 il çəkəcək?

- Baxarıq, artıq heç nəyə inamım yoxdur. Hər şeyə də hazıram, sınmıram.

- Xədicənin həbsi Sizə daha çox dost qazandırdı, yoxsa düşmən?

- Dostlar. Xədicənin bütün dostları gəlib-gedir, facebook-da mənə dostluq göndərirlər, hər dəfə mükafat aldıqca təbrik edirlər, mənə dəstək olurlar. Qohumlardan isə kim ki əvvəldən də yaxın olub, indi də yanımdadırlar. Amma qohumluqdan imtina edənlər də olub.

- Gözləyirdiniz belə bir reaksiyanı?

- Hə, gözləyirdim. Ona görə ki, atam 37-ci ildə həbs olunmuşdu, qohumlar hamısı bizdən üz çevirmişdilər, yəni bu yolu bir dəfə keçmişəm, bu dəfə belə şeylər gözləyirdim və heç kimdən də küsmürəm. Hər kəs özü bilər.

- İlk təzyiqləri hiss etdiyiniz vaxt Xədicəni getdiyi yoldan çəkindirmək istədinizmi?

- Yox, heç vaxt. Həmişə deyirdim ki, «Xədicə, düz yoldasan, mən də cavan olsaydım, sənə qoşulardım, sənlə birlikdə bu yolu gedərdim». Mən bilirdim ki, bu iş təhlükəlidir, həbs oluna bilər. Heç kəs düz sözü xoşlamır, o ki qala hakimiyyət olsun. Düz sözü eşitmək onlar üçün çox ağırdır. Ona görə də indi Xədicəni gizlədirlər. Amma həmişə deyirəm ki, Xədicə düz yoldadır, heyif ki, mən qocalmışam.

- Elmira xanım, adətən siyasi məhbuslar və ya təzyiq hiss edən bir kəs mühacirət yolunu seçir. Sizcə, Xədicə azadlığa çıxandan sonra o da bu yolla gedəcək, mühacirətə yollanacaq?

- Xədicə necədirsə, elə də olacaq. Buna əminəm, hamı da əmin olsun ki, Xədicə olduğu kimi qalacaq.

- Biz mesajınız varmı hakimiyyətə, cəmiyyətə?

- Mən hesab etmirəm ki, bizdə hakimiyyət var. Hakimiyyət xalqını sevər, öz torpağını sevər. Hakimiyyət xalqı üçün atadır, onun üçün hər şey etməlidir. Amma mən bunu burada görmürəm, ancaq onu görürəm ki, quldur xalqın sərvətini talayır. Ona görə də hakimiyyəti tanımıram. Xalqa isə demək istəyirəm ki, oyanın, bu, sizin torpağınız, sərvətinizdir. Sevin bu xalqı, əl-ələ tutub mübarizə aparın ki, bu xalq da azadlığa çıxsın, sevinclə yaşasın, ac olmasın. Elə xalqımızın 30 faizi indi çörək tapa bilmir, özünü asır, yandırır. Bunu eşitmək, oxumaq mənim üçün çox çətindir.

- Xədicənin özünün bir mesajı varmı?

- Koloniyaya köçürüləndən sonra ilk dəfə idi ki, zəng etmişdi. Dedi ki, «mən öz yolumdayam, yumor hissim də öz yerindədir, özümü yaxşı hiss edirəm, gəldiyim yolu davam edirəm».

XS
SM
MD
LG