Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:39

Eldar Mahmudov niyə həbs edilmir?


Taksi
Taksi

-

«Azadlıq»ın baş məqaləsi belə adlanır: «Nəqliyyat müfəttişləri ilə Yol polisləri birləşib sürücüləri soyurlar».

Qəzet yazır ki, bir müddətdir səlahiyyətləri azaldılan, Nəqliyyat Nazirliyinin «qoçuları» adı ilə məşhurlaşan nəqliyyat müfəttişləri indi də Yol polisləri ilə əlbir olaraq taksi sürücülərini incidirlər.

Şəmkir rayonunda taksi fəaliyyəti ilə məşğul olan Elçin Həmidov adlı sürücü qəzetə deyir ki, əvvəllər nəqliyyat müfəttişləri qeyri-leqal yollarla lisenziya məsələsini həll edir, sürücülərdən də «hörmətlərini» alırdılar. «Onların səlahiyyətləri azalandan sonra indi başqa yola ət atıblar. İndi onlar lisenziya məsələsini qanuni yolla həll edəcəklərini deyirlər. Amma öz şəxsi əlaqələri hesabına qeyri-qanuni yolla həll edirlər, sürücü də bundan xəbərsiz olur. Belə ki, onlar əllərində olan taksi tanınma nişanlarını sürücüyə sataraq, onun probleminin həll edildiyini bildirirlər. Sonradan nəqliyyat müfəttişləri həmin sürücü haqqında əlbir olduqları Yol polisi əməkdaşlarına məlumat verirlər. Yol polisləri də sürücünü saxlayaraq cərimələyirlər. Ziyan hər iki halda taksi sürücülərinə dəyir», – deyə şikayətdə qeyd olunur.

Manat
Manat

DÜNYA BAZARINDA NÖVBƏTİ BİR SİLKƏLƏNMƏ OLSA...

«Bizim yol» yazır: «Növbəti devalvasiya iqtisadiyyatı iflic edə bilər».

Qəzet Mərkəzi Bankın valyuta ehtiyatlarının son bir ayda 590 milyon dollar azalaraq 6.2 milyard dollara düşdüyünü, bunun son 5 ildə ən aşağı hədd olduğunu bildirir.

«Bizim yol» sual edir ki, bəs AMB-nin valyuta rezervlərinin azalması hansı təhlükələr yarada bilər? İntervensiya ilə manatın məzənnəsini nə zamana kimi saxlamaq mümkündür?

İqtisadçı-ekspert Nemət Əliyev «Bizim Yol»a bildirir ki, dollarlaşma səviyyəsinin yüksəlməsi mənfi nəticələrə gətirə bilər. O, indiyədək qeyri-neft sektorunun inkişaf etdirilməməsinin mövcud vəziyyəti daha da ağırlaşdırdığını deyir: «Mərkəzi Bank ötən ilin müvafiq dövrü ilə müqayisədə manatın məzənnəsini saxlamaq üçün 8 milyard dollardan çox pul xərcləsə də, yenə də qoruyub saxlaya bilmədi. Qurum qısa zaman ərzində valyuta ehtiyatlarının 60 faizini itirdi. Buna baxmayaraq, manatın dollar qarşısında dəyəri 34 faiz düşdü.

Sonrakı dövrdə, proseslər daha da sürətlənib. Neftin qiymətinin 20-30 dollara qədər düşəcəyini proqnozlaşdıranlar var. Bunun üçün real əsaslar da yaranıb. Azərbaycan iqtisadiyyatının və dövlət büdcəsinin neftdən asılı olduğunu nəzərə alsaq, demək ki, gəlirlərimizdə kəskin azalma olacaq. Dövlət proqramlarının, dövlət layihələrinin həyata keçirilməsində problemlər yaranacaq. Hökumət narahatlıqları aradan qaldırmaq üçün, hələ ki, manatı saxlamağa çalışır. Amma dünya bazarında növbəti bir silkələnmə olsa, o zaman manatın daha 30-35 faiz dəyərdən düşməsi gözlənilir».

İqtisadçı hesab edir ki, növbəti devalvasiya iqtisadiyyatı iflic vəziyyətə sala bilər. O, hökumətin hər hansı anti-böhran proqramının olmadığını deyir.

Eldar Mahmudov
Eldar Mahmudov

DEPUTATDAN SABİQ NAZİRƏ SƏRT SÖZLƏR

«Yeni Müsavat» sual edir: «Eldar Mahmudov niyə həbs edilmir?».

«E.Mahmudovun tutduğu postdan uzaqlaşdırılmasından ay yarım ötüb, MTN-in 20-yə yaxın əməkdaşı - bir neçə generalı, idarə və şöbə rəisləri və müstəntiqləri də daxil olmaqla - «dəmir barmaqlıq» arxasına göndərilib. E.Mahmudovun istintaqa belə cəlb olunması haqda isə rəsmi məlumat yoxdur» -qəzet yazır.

«Yeni Müsavat»a açıqlama verən deputat Fəzail Ağamalı düşünür ki, E.Mahmudovun həbs olunmamasının ciddi səbəbləri var: «Qətiyyən şübhə etmirəm ki, bu gün Eldar Mahmudov məhkəmənin qərarı ilə hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Bunun adına ev dustaqlığı, hərəkətin məhdudlaşdırılması deyirlər... Onun nə zaman öz komandasının yanında həbsxanada oturacağı və barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi haqda məlumatsızam».

F.Ağamalı deyir ki, E.Mahmudov nazir olarkən MTN-də baş verən və hazırda cinayət işlərinin əsasını təşkil edən cinayətlərdən xəbərsiz olması mümkün deyil:

«Qanunsuz dinləmələr, sahibkarların talanması onun xəbəri olmadan mümkün deyildi. Bütün bunlar, o adamları ətrafına yığan Eldar Mahmudovun özü olub. Nazir postuna təyin olunandan sonra öz komandasını formalaşdırıb. Komandaya gətirilən hər bir şəxs, yazılmamış qanuna görə, onu gətirən şəxs qarşısında öhdəliyi var. Komandaya gətirilən şəxs rəhbərinə sadiqlik nümayiş etdirməlidir. Müəyyən sapmalar ola bilər. Onun formalaşdırdığı komandanın ondan xəbərsiz nələrsə etdiyini düşünmək sadəlövhlük olar».

Səttar Mehbalıyev
Səttar Mehbalıyev

AZƏRBAYCAN REALLIĞINA QAYTARILAN NARDARANDA…

«Dövlətçiliyə qarşı yönəlmiş daha bir cəhdin qarşısı qətiyyətlə alındı».

Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev «Azərbaycan» qəzetində belə yazır.

«Radikal ekstremist dəstəyə rəhbərlik edən Taleh Bağırovun qeydiyyatdan keçməyən və hüquqi ünvanı olmayan «Müsəlman birliyi hərəkatı» üzvlərinin dövlət və konstitusiya quruluşumuza qarşı yönələn cinayətkar əməllərinin qarşısı qətiyyətlə alındı. Ekstremist dəstənin üzvlərinin Nardaran qəsəbəsində və respublikanın bəzi rayonlarında milli maraqlarımıza, dövlətçilik prinsiplərimizə zidd əməlləri ifşa olundu», - yazır deputat.

Məqalə deputatın bu fikirləri ilə bitir: «Azərbaycan reallığına qaytarılan Nardaranda hazırda ictimai-siyasi vəziyyət normal məcradadır. Radikal ekstremist qrupun nardaranlıları arxaizmə, mövhumata və xurafata sürükləmək cəhdlərinin qarşısı alındı. Nardaranda hakimiyyət orqanları və dövlət strukturlarının funksiyalarının, səlahiyyətlərinin ən müxtəlif dini «qurum»lar, habelə «Ağsaqqallar Şurası» tərəfindən mənimsənilməsinə son qoyuldu. Nardaranda ölkə qanunvericiliyi tam bərqərar edilib və indiyədək baş vermiş olayların bir daha təkrarlanmaması üçün Azərbaycan dövləti zəruri tədbirləri bundan sonra da davam etdirəcək».

XS
SM
MD
LG