Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:53

Sabir Həsənli: «Meyitdən qisas almaq olmaz»


Sabir Həsənli
Sabir Həsənli

-

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru, Heydər məscid kompleksinin rəhbəri Sabir Həsənli AzadlıqRadiosuna müsahibə verib.

- Sabir bəy, Milli Məclis «Dini etiqad azadlığı haqqında» qanuna dəyişiklik etdi və bundan sonra xaricdə dini təhsil alanların ayinlərin, mərasimlərin icrasında iştirakı qadağandır. Sizin universitetin tələbələrindən də ərəb ölkələrində təhsil alan az olmayıb. Bu qədər insanın aqibəti necə olacaq?

- Bu qərarın indiyə qədər xaricdə təhsil alanlara dəxili yoxdur. Bu qərar bundan sonraya aiddir. Bizim tələbələr Misirdə, Türkiyədə, Suriyada, Liviyada, İraqda, İranda zaman-zaman təhsil alıblar. Ötən 20 ildə onlardan hər hansı biri haqda şübhə, irad olmayıb. Ancaq artıq bir neçə ildir ki, yəni «ərəb baharı» deyilən o proses başlayandan sonra biz həmin ölkələrə tələbə göndərə bilmirdik. Düzü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əvvəlki rəhbərliyi də bu məsələyə qısqanc yanaşırdı. Elə indi də xaricdə oxumağa tələbə göndərə bilmirik. Bu yaxınlarda bizə dedilər ki, qanunda dəyişiklik ediləcək. Səbəbini də həmin tələbələrin bura qayıtdıqdan sonra hansısa dövlətin, məzhəbin təbliğatçısına çevrilmələri ilə izah etdilər. Biz bütün qanunlara hörmətlə yanaşırıq, ona əməl edirik. Bizə dedilər ki, qanunun geriyə qüvvəsi yoxdur. Əminəm ki, keçmiş tələbələrimiz bununla bağlı problem yaşamayacaqlar.

NEFT DAŞLARINDA NƏ BAŞ VERİR? - VİDEOLAR

- Deməli, İslam Universiteti də bundan sonra xaricə tələbə göndərə bilməyəcək?

- Bundan sonra baxarıq. Dediyim kimi, onların xaricdə oxumasına Komitə də icazə vermirdi, həm də o ölkələrdə gərginlik var. Tələbələrimiz Bakıda təhsil alacaqlar. Bizim universitetə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aparır. Bunun müsbət cəhəti də var, mənfi də. Müsbət cəhəti odur ki, tələbələr Təhsil Nazirliyinin siyahısı əsasında oxuyurlar, diplom alır, işlə təmin olunurlar. Ancaq çətinliklər də var. Bəzən apardığımız qabiliyyət imtahanından keçən, layiq bildiyimiz tələbə TQDK-nın imtahanından keçmir. Məsələn, bizim «hafiz» dediyimiz – Quranı əzbər deyən, ərəbcəni gözəl bilən bir uşağımız 99 bal yığdığına görə universitetə girə bilmədi. 100 bal yığan uşaqlar var ki, yarım il onlara ancaq iman nə olduğunu başa salırıq.Bu, normal deyil. Vəziyyəti Dövlət Komitəsinə də demişik, görək nə olur.

- Sizcə, İslam Universiteti təkbaşına Azərbaycanı savadlı mütəxəssislərlə təmin edə bilərmi? Bu yetərlidirmi?

- Şübhəsiz, yetərli deyil. Məscidlərin təmin olunması baxımından yetərli deyil. Bizdə təxminən 2100 məscid var. Onların təxminən minini 30 ilə imamla, axundla təmin etdik. Yerdə qalanını da təmin etmək üçün təxminən 50 il vaxt lazımdır. Təbii, bu templə davam etsək. İslam Universitetində tələbə qəbulu sərbəst olmalıdır.

- Başqa ölkələrdə təhsil alan dindarları təhlükəli edən səbəb nədir, sizcə?

- Bizim tələbələrin əksəriyyəti təhlükəli deyil. Nə moizələrində, nə xütbələrində, nə davranışlarında təhlükə var. Mən bura gələn hər kəsə deyirəm: «Öncə vətəndir!». Vətən sevgisi imanı müəyyən edir. Peyğəmbər s.ə.s buyurub ki, vətəni sevmək imandandır. Vətən sevgisi imandan öncə gəlir. Biz burda tələbələrimizə təkcə şəriəti öyrətmirik, Azərbaycan tarixini, coğrafiyasını, klassik ədəbiyyatımızı da öyrədirik. Bizim Füzuli, Sabir kimi fəxr ediləsi şairlərimiz var. Tələbələrimizə ərəb, fars dilləriylə yanaşı, ingilis dilini keçirik, Qərbə inteqrasiyadan danışırıqsa, dil də bilməliyik.

- Sizin universitetin tələbələrindən əminliklə danışırsınız, bəs başqa xətlə gedənlər haqda niyə susursunuz? Bir də, dediyiniz kimi, xaricdə oxuyanların heç də hamısı təhlükəli deyilsə, niyə o zaman hamıya ucdantutma qadağa qoyuldu?

- Bu addım özbaşına atılmadı. Buna bəzi hadisələr səbəb oldu. Xaricdə oxuyub gələnlər burda başqa ölkənin təbliğatçısına çevrildilər və s. Səbəbsiz heç nə baş vermir.

- Siz Nardaran hadisələrini nəzərdə tutursunuz?

- Mən 43 ildir burda işləyirəm. Nardaranın bütün axundlarını, onların yetirmələrini tanıyıram. Amma kəndə qonaq gələn kimsə Nardaranın adından danışmağa başlayırsa, bu, başqa məsələdir. Camaat özü belələrini pisləyir. Kəndin o beş-üç adama aidiyyəti yoxdur.

- Amma son bir həftədə həmin kənd, dediyiniz kimi, kimlərə görəsə elektriksiz qalıb, kəndi soyuq qış günlərində belə imtahana çəkmək olarmı?

- Kəndin işıq borcu varsa, ödənməlidir. Mən özüm də o qədər borc olduğunu eşidəndə təəccübləndim. Kəndin imkanlı iş adamları, yaxşı ağsaqqalları var, oturub məsələni danışmalıdırlar, həll etməlidirlər. Məsələyə ehtiyatla, qayğıyla yanaşılmalıdır. Dövlət də qayğı göstərib hər zaman bu kəndə.

- Polis əməliyyatı zamanı öldürülənlər nəhayət bir həftədən sonra doğmalarına verildi. Sizcə, bu həmin şəxslərin yaxınları üçün əziyyət deyildimi?

- Meyitdən qisas almaq mümkün deyil. Meyitə cəza vermək də olmaz. Vəfat edən şəxsin dəfni vacibdir. Dini şərtlər mütləq yerinə yetirilməlidir. Amma bəzən meyitin dəfni bir neçə gün saxlanıla bilər, təbii istintaq, təhqiqat bunu tələb edirsə. İslamda qəbrin açılmasına da icazə var. Bundan faciə düzəltməyə ehtiyac yoxdur. Düzdür, bütün bunlar olmamalı idi. İnsanlar ölməməli idi! Eyni zamanda iki polis də şəhid oldu. Bu adamlar da gənc yaşda ölməməliydilər. Bunun cəzası olmalıdır. Axı niyə dövlətə qarşı çıxırlar? Nəyini bəyənmirlər bu dövlətin? Bu dövlət nə qədər məscidi bərpa etdirib, yenisini tikdirib.

XS
SM
MD
LG