Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:02

İtkin düşən neftçiləri tapmaq olmur


Yanğın.
Yanğın.

-

Dekabrın 4-də «Günəşli» yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində 29 nəfər itkin düşüb. 33 nəfər xilas edilib, bir nəfərin cəsədi çıxarılıb.

Yazı yenilənir. Son xəbər əvvəldədir.

Əvvəli burada

13:10
YARALILAR PALATAYA KÖÇÜRÜLÜB

«Günəşli» yatağında baş vermiş qəza nəticəsində yaralanan və vəziyyəti yaxşı olan 22 nəfər dekabrın 7-də təkrar müayinədən keçirilib. Onlardan bir nəfəri (ürək bulanma diaqnozu) xəstəxanada saxlanılıb.

Xəbəri Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, həmin şəxsin həyatı üçün heç bir həyati təhlükə yoxdur. Müxtəlif bədən xəsarətləri alan 8 nəfərə isə xəstəxanada tibbi yardım göstərilir. Onların vəziyyətləri sabitdir və artıq palatalara köçürülüblər.

Müxtəlif dərəcəli yanıq xəsarətləri almış bir nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Məlumatda onun da vəziyyətinin stabil olduğu bildirilir.
Dekabrın 7-də səhiyyə naziri Oqtay Şirəliyev yaralılara baş çəkib.

12:30
DƏNİZƏ QƏRƏNFİL ATDILAR

«Günəşli» yatağındakı güclü yanğından sonra itkin düşən 29 nəfərin xatirəsini anmaq üçün insanlar dənizkənarı bulvara toplaşıblar. Onlar sahilə qərənfillər düzüb, dənizə atıblar.

Dekabrın 4-də başlayan yanğında indiyədək 1 nəfər ölüb, 29 nəfər itkin düşüb.​

İtkin düşənlər üçün "hərəyə bir qərənfil"
Gözlə

No media source currently available

0:00 0:00:17 0:00
Saat 11:00
TAPILAN YOXDUR

«İtkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb. İndiyə olan məlumata görə, axtarışlar nəticə verməyib, ancaq axtarış tədbirləri davam edir. Axtarış tədbirləri gəmilər və helikopterlərlə həyata keçirilir».

Bunu «Azneft» İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yanğınla bağlı son vəziyyəti açıqlayarkən bildirib.

B.Ağarəhimov deyib ki, yanğın davam edir:

«Bu gün havanın sabitləşməsi imkan verir ki, suyun altında axtarış davam etsin. FHN helikopterləri axtarışı davam etdirir, 7 gəmi isə yanğını söndürməyə çalışır. FHN, Dövlət Sərhəd Qoşunlarının və SOCAR rəhbərliyi müşavirə keçirir».

QƏRARGAH FACİƏ YERİNƏ KÖÇÜR

Axtarış-xilasetmə işləri ilə bağlı yaradılan qərargah dekabrın 7-də «Günəşli» yatağında yanğının baş verdiyi 10 saylı stasionar dəniz özülünə köçürüləcək.

Bu haqda dekabrın 6-da SOCAR-ın «Azneft» İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.

SOCAR nümayəndələrinin son vəziyyətlə bağlı mətbuat konfransı dekabrın 7-də saat 11.00-da keçirəcək.

«YALVARIRIQ, ÜSTÜMÜZƏ SU TÖKÜN»

«Günəşli» yatağındakı axtarış-xilasetmə işlərinin iştirakçılarından biri Denis Borodin alovlar içindəki platformada həyata keçirilən əməliyyatın gedişi barədə məlumat verib.

D.Borodin bu məlumatı öz Facebook səhifəsində paylaşıb.

«Baş verənlərin bütün xırdalıqlarını təsvir etmək fikrim yoxdur. Amma onu deyim ki, biz köməyə gedən ilk adamlar olmuşuq.

30 adam hündürlüyü 11 metrə çatan dalğaların olduğu şəraitdə birinci qayıqdan soyuq dənizə düşmüşdü. Onlardan 4-nü sudan çıxara bildik. Əlbəttə ki, əsl kişilərin sayəsində. Bu kişilər öz həyatlarını riskə ataraq xilasetmə qayığını dənizə salladı. Baxmayaraq ki, bununla özlərini də təhlükəyə atırdılar. Onlar da bu dəhşətli uçuruma yuvarlana bilərdilər.

Gəminin illüminatoru sınmışdı, gəmi körpücüyünü su basmışdı. Projektorlar sönmüş, əsas mühərriklər işləmirdi. Buna baxmayaraq onlar, heç olmasa, kimisə xilas etmək üçün xilasetmə qayıqlarını suya salladılar.

Bu adamlar haqda xəbərlərdə danışmırlar. Əhsən o uşaqlara.
Təəssüf ki, xilas olunanlardan biri sudan çıxarılandan sonra həlak oldu. Dalğalar 26-sını isə birdəfəlik yuyub apardı. Hətta hidrokostyum geysən belə, bu cür soyuq suda 4 saatdan artıq qala bilməzsən.

«BÖYÜK DAYILAR»IN ARAMSIZ ZƏNGLƏRİ..

29 nəfər isə demək olar ki, 12 saat ikinci qayıqda oturaraq xilas anını gözləyib. Qayıq platformanın dirəklərinin arasına sıxışıb qalmışdı. Onların bəxti gətirdi. Hamısını xilas etdilər.

Daha 3 nəfər isə qayığa oturmağa macal tapmayaraq yanan platformada qaldılar. Onlar yanğın zonasından bir qədər aralıdakı tikilidə gizlənmişdilər.
Kaş siz onların fəlakət kanalı ilə dediyi «sizə yalvarırıq, üstümüzə su tökün, burada istidən yanırıq» sözlərini eşidəydiniz... Və gəmilər bu çətin havada bir-birinin ardınca platformaya yaxınlaşmağa çalışırdılar. Bu səhnə yaddaşımda həmişəlik qalacaq.

Vəziyyət indi xəbərlərdə gördüyünüz kimi deyildi. İndi bir neçə gəmi əla havada dayanıb platformanı söndürməyə çalışır. Həmin anlarda isə hava şəraiti belə deyildi, vəziyyət çox pis idi.

Burada adama pis gələn bilirsiniz nədir?! Hər dəqiqə zəng edən «böyük daydaylar»ın aramsız telefon zəngləri... Onlar xəbərlərdə məhz nələri deməyin lazım gəldiyini bilmək istəyirdilər. Sən bütün gücünü və diqqətini toplayıb qaranlıq dənizə baxır, kiminsə xilasetmə jiletindəki fənərin işığını fərq etməyə, kimisə xilas etməyə çalışırsan, amma hər dəqiqədən bir gələn telefon zəngləri və «nəyi danışmaq olar, nəyi yox» məzmunlu əmrləri ilə səni sadəcə bezdirirlər...».

XS
SM
MD
LG