Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:40

Fuad Qəhrəmanlının xanımı: «Hədə məktubları alırdı»


Zümrüd Yağmur
Zümrüd Yağmur

-

AXCP sədrinin müavini, dekabrın 8-də barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmur AzadlıqRadiosuna müsahibə verib. Zümrüd Yağmur hazırda Türkiyədə konfransda iştirak edir.

– Zümrüd xanım, Fuad bəylə axırıncı dəfə nə vaxt danışmısınız?

– Dekabrın 8-də səhər danışdıq. Fuad ayın 7-də məni hava limanından yola saldı, sabahısı gün də əlaqə saxladıq, qızlarımızın dərsi-kursu ilə bağlı danışdıq. Yəni, gündəlik qayğılar barədə danışdıq, söhbətimizdə əlahiddə bir şey olmadı. Günorta qızlarım mənə zəng vurdu ki, atamızı həbs edib apardılar. Yolda Fuada dəfələrlə zəng vurub prokurorluğa çağırıblar, o da deyib ki, «rəsmi çağırış göndərməmisiniz, həm də qızlarımı dərsdən götürmüşəm, evə buraxmalıyam. Sabah gələrəm». Deyiblər ki, «çağırış göndərilib, siz evdə olmamısınız deyə, qonşuya verilib».

– Buna qədər Fuad bəy hər hansı işə görə çağırılıbmı prokurorluğa?

– Xeyr. Belə bir şey olmayıb.

– Fuad bəyə qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. Siz bu ittihamlarla bağlı nə deyə bilərsiniz?

– Fuad bəy haradan çağırış edib? Hər kəsə bəllidir ki, Fuadın meydanı «Azadlıq» qəzeti və Facebook səhifəsidir. Onun Facebook profilini izləyən hər bir kəs bilir ki, belə bir çağırış yoxdur. Fuadın mediaya verdiyi müsahibələrində də milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınmasına yönələn çağırışı yoxdur. Düşünürəm ki, onu Nardaran hadisələri ilə bağlı yazdıqlarına görə həbs ediblər. Fuad siyasətlə məşğul olan, praktik siyasətin qayda-qanunlarını bilən adamdır. Yəqin, hər bir normal məntiqi olan adam bilir ki, AXCP sədrinin müavini olan bir adam öz müsahibələrində və ya sosial şəbəkə statuslarında bu ittihamları gerçək hala gətirən fikirlər söyləməz, çağırış etməz. Siyasi fəaliyyətlə məşğul olan bir adama qarşı irəli sürülən çox absurd bir ittihamdır. Qəribə olan budur ki, Fuad bəyə xuliqanlıq, narkotik kimi maddələrdən yox, birbaşa siyasi fəaliyyəti göstərən ittihamlar irəli sürülüb.

- Fuad bəyin həbsini gözləyirdinizmi?

- Gözləyirdim. Son vaxtlar da Facebook-da şəxsi poçtuna hədə dolu məktublar gəlirdi. Son bir həftə ərzində hədələr mütəmadi olurdu.

- Nə deyib hədələyirdilər?

- Həbs olunacağını söyləyirdilər.

- Zümrüd xanım, siz Türkiyədə beynəlxalq konfransda iştirak edirsiniz. Konfransın işini yarımçıq buraxıb qayıdacaqsınızmı?

– Bilirsiniz ki, təkcə Fuad Qəhrəmanlının xanımı deyiləm, həm də ictimai qadınam, burda da Qarabağla bağlı konfransda məruzəçiyəm. Son romanım olan «Yağış qadın»da Qarabağda əsir düşən qadınların taleyindən yazmışam, konfransa da buna görə dəvətliyəm. Bir vətəndaş kimi də məsuliyyətim var. Düşündüm ki, bir vətəndaş kimi Qarabağ adına, ölkəm adına konfransın işində iştirak etməliyəm. Amma həm də biletimi dəyişməyə çalışıram, məruzəmi edən kimi ilk fürsətdə dönəcəyəm. Ankarada romanımla bağlı anlaşmam olmalı idi, onu təxirə salacağam.

XS
SM
MD
LG