Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:46

Beynəlxalq Bank böyük zərərdə


Beynəlxalq Bank.
Beynəlxalq Bank.

-

İqtisadçı ekspert Hafiz Babalı

Ölkənin ən iri kommersiya bankının – ilin əvvəlindən bəri problemli kreditlər qalmaqalına başı qarışan «Azərbaycan Beynəlxalq Bankı» (ABB) ASC-nin birinci yarımildə nə qazanıb, nə xərclədiyi məlum olub.

«Deloitte and Touch» şirkətinin noyabrın 27-də təsdiqlədiyi auditor rəyinə görə, bank bu ilin altı ayını 215 milyon 850 min manat zərərlə tamamlayıb.

MİLYARDLAR NECƏ YÖNƏLDİLİB?

Yarım ilin nəticələrinə görə, səhmdarlar divident almaq əvəzinə, hər səhmdə 9 qəpik zərərə düşüblər. Bu, səhmin nominal qiymətinin üçdə biri qədərdir. Bank bir il əvvəl də qazancını divident şəklində bölməsə də, hər halda altı aylıq dövrdə hər səhmə 2 qəpik mənfəət götürmüşdü.

2015-ci ilin əvvəlinə ABB səhmdarlarının 65.6 milyon manat bölüşdürülməmiş mənfəəti vardı. Ancaq gəlirlərin azalması və aktivlərin düzgün yönəldilməməsi ucbatından səhmdarların zərəri iyun ayının sonuna 130.4 milyon manat məbləğində qiymətləndirilmişdi.

Həmçinin baxın: Cahangir Hacıyev həbsdə qaldı

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin eksperti Samir Əliyev AzadlıqRadiosuna deyib ki, ABB-nin mövcud maliyyə durumu haqqında açıqlanan məlumatlar yetərli deyil. Onun fikrincə, zərərli aktivlərin idarəetməyə verilməsinin gedişinə dair, eləcə də bankın sağlamlaşdırılması üçün əldə olunmuş vəsaitlərin istifadəsi barədə müəyyən məlumatların təqdim olunmasına ehtiyac var. Ekspertin qənaətinə görə, elə bu cür qeyri-şəffaf idarəetmə nəticəsində bank ağır maliyyə durumuna düşüb və dolayısıyla real sektorda bir çox neqativ proseslərin dərinləşməsinə yol açıb.

Bakıda, Tbilisi və Moskvada yerləşən 3 bankı, eləcə də sığorta, lizinq və prossesinq mərkəzini birləşdirən qrupun, il başlar-başlamaz, problemli kreditlərinin olduğu üzə çıxdı. Söhbət ümumi məbləği bir neçə milyard manat olan girov təminatsız kreditlərdən gedir. Bankdan yüz milyonlarla manat məbləğində kredit götürmüş şəxslər bir göz qırpımında həbs edilsələr də, tutulanların bir çoxu az bir müddət sonradəmir barmaqlıqlardan canını qurtara bildi. Dekabrda həbs dalğası, nəhayət ki, ABB İdarə Heyətinə 2001-ci ildən bu ilin martınadək rəhbərlik etmiş Cahangir Hacıyevə gəlib çatdı.

Hesabata görə, altı ayda bankın aktivləri 17 faiz artaraq 10.7 milyard manata çatıb. Bunun 9 milyard 352 milyon manatı (+19 faiz) müştərilərə verilən kreditlərdir.

Əslində, müştərilərə verilən kreditin həcmi daha yüksəkdir. Sadəcə, bank verilən kreditlərin qayıtmayacağı və ya başqa şəkildə dəyərdən düşəcəyi ehtimalına qarşı 1.2 milyard manatlıq ehtiyat yaradıb. Sözügedən qurum dövlət və özəl sektora aid şirkətlərə verilən 9 milyard 447 milyon manat həcmində kreditin 1.2 milyard manatlıq hissəsinin geri qayıtmayacağından narahatdır.

Verilən 1 milyard 367 milyon manat həcmində kreditlərin heç bir təminatı yoxdur. İyunun 30-da ABB-nin vaxtı keçmiş borclarının ümumi məbləği 1 milyard 470 milyon manat idi.

HƏRƏYƏ 145 MİLYON MANAT KREDİT

Bəs kreditlər kimlərə verilib? Hesablamalara görə, «Azərbaycan Beynəlxalq Bankı» ASC təkcə 30 müştəriyə 4 milyard 371.7 milyon manat kredit ayırıb. Başqa sözlə, müştərilərə verilən bütün kreditlərin 41.3 faizi bu 30 müştəri şirkətin payına düşür. Bank bu şirkətlərin siyahısını açıqlamasa da, mətbuatda borcunu qaytarmaqda çətinlik çəkənlər arasında «Avesta» konserninin, «AzMeCo» şirkətinin və başqalarının adları hallanıb.

Bankın səxavətinə isə qibtə etmək olar. Birinci yarımilin sonuna olan məlumata görə, 15 xoşbəxt müştəriyə 5 və daha aşağı faizlə toplam 258.2 milyon manat kredit verilib. Bu, təxminən bu il üçün gözlənilən inflyasiya göstəricisinə bərabərdir.

Həmin dövrdə bank öhdəliklərinin artım tempi daha yüksək olub (+20 faiz) və 10.2 milyard manatı aşıb.

«XƏSTƏ»NİN MÜALİCƏSİNİN GEDİŞİ BARƏDƏ MƏLUMAT YOXDUR

Bu il iyulun 15-də prezident İlham Əliyev ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirlərinə dair fərman imzalayıb. Həmin fərmanla bankın problemli aktivlərinin «AqrarKredit» Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi qərara alınıb.

Aktivləri qəbul edən qurum bunun müqabilində 3 milyard manat həcmində istiqraz buraxıb. Sentyabrda bunun 2 milyard manatlıq hissəsini Mərkəzi Bank alıb. Son maliyyə hesabatında deyilir ki, yerdə qalan bir milyard da ilin sonunadək MB-yə çatacaq.

Maraqlı burasıdır ki, indiyədək nə «Azərbaycan Beynəlxalq Bankı» idarəetməyə verdiyi aşağı keyfiyyətli aktivlərin həcm, xarakter və başqa göstəricilərini, nə də «AqrarKredit» təşkilatı ondan qəbul etdiklərini ictimaiyyətə açıqlayıb.

ÖZƏLLƏŞDİRİLİR, YOXSA DÖVLƏT BANKINA ÇEVRİLİR?

Bu ilin martında - son emissiya üzrə səhm yerləşdirməsi başa çatandan sonra «Azərbaycan Beynəlxalq Bankı» ASC-də dövlətin payı Maliyyə Nazirliyinin timsalında 51.07 faizdən 55 faizə yüksəldi. Nədən? Çünki əksər səhmdarlar bankın qara bazarda 15 qəpiyə təklif olunan səhminə 27 qəpik ödəmək istəmədi. Səhmlərin alışına isə dövlət büdcəsindən 51 milyon manat yönəldildi.

Son məlumata görə, Maliyyə Nazirliyinin ABB-dəki payı 81.86 faizə yüksəlib. Bunun necə baş verdiyi isə açıqlanmır.

Bu ilin oktyabrında contact.az-da dərc olunan bir xəbərdə (http://goo.gl/xlOkRH) birjadankənar bazarda qiymətli kağızların alqı-satqısı üzrə irihəcmli əqdlər məhz ABB-nin səhmləri ilə əlaqələndirilmişdi. Belə ehtimal irəli sürülürdü ki, 280 milyon manatı aşan məbləğdəki bu əqdlər, əslində, bankın geri qaytarıla bilməyən kreditləri üzrə öhdəliklərinin girova, yəni səhmlərə yönəldilməsi nəticəsində bağlanıb. Nəticədə dövlətin bankdakı payı kəskin artıb. Nə bank, nə də Bakı Fond Birjası bu ehtimalı təkzib edib.

Səhmdarların qərarı ilə Beynəlxalq Bankın nizamnamə kapitalı 200 milyon manat artırılaraq, 841 milyon manata çatdırılmalıdır. Bankın Müşahidə Şurası bəyan edir ki, bu səhmlər yeni ilədək yerləşdiriləcək. Görünür, dövlət bu qaçaqaçda bankı tam ələ keçirmək niyyətindədir.

2005-ci ildən bəri haqqında danışılan özəlləşdirməyə isə nə zaman başlanılacağı hələ də məlum deyil.

XS
SM
MD
LG