Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:40

İranda ideologiyadan ədəbiyyatın köməyilə necə qorunurlar?


Elşən Böyükvənd
Elşən Böyükvənd

-

"İranın dünyaca məşhur yeni filmlərinə İranda xalq marağı yoxdur, baxılmır."

"Rusca bilməsək də, tv-dəki filmlər, musiqilər və xəbərləri dinləyir və baxırdıq."

"Avropa romançıları Əsəd Cahangirin fətvasını oxusalar, elə bilərlər ki, İŞİD-in ədəbiyyat tənqidçiləri və ədəbi nəzəriyyəsi ortaya çıxıb."

"Hafiz şairdir, Nizami isə nazim. Bunların fərqinə diqqət etmək lazımdır."

İran azərbaycanlısı, yazar Elşən Böyükvənd ilə OxuZalında söhbət

- İran İslam ölkəsində göz açmısınız, uşaqlığınızı, yeniyetməliyinizi, qız və oğlan tanışlarınızı xatırlayası olsanız, nə zaman və necə bildiniz ki, doğulduğunuz ölkə fərqlidir, dünyanın başqa ölkələri kimi deyil?

- 1988-ci ildə yoxsul, solçu və sekyular düşüncəli bir ailədə doğulduğum üçün lap belə uşaqlıqdan özümlə çevrəmdəki uşaqlar və ailələrin fərqini anlamış oldum.

Solçu olan Atam və böyük qardaşımın (mən solçu deyiləm) islamçı və qəzəl şairi olan əmimin arasında gedən odlu-alovlu mübahisələr və danışıqlar məni dini təməlçiliyin ovsunundan qorudu.

İlk fərqi, ailəiçi siyasi-ictimai və dini mübahisələri eşidəndə duyub anlamış oldum. Düşüncə, pardoksal dünyaların və təzadlı təfəkkürlərin toqquşmasından doğar.

AZTV
AZTV

Muğan ovalığının Araz qırağında yerləşən Parsabad şəhərində doğulduğum üçün çox vaxtlar Azərbaycan Respublikasının o çağkı, AzTv və Rusiyanın ORT (1) telekanalını izləyirdik.

Rusca bilməsək də, tv-dəki filmlər, musiqilər və xəbərləri dinləyir və baxırdıq. Ancaq doğma ana dilimizdə verilişlərini yayımlayan AzTv kanalında şeir, musiqi, film və teletamaşaların bizim ədəbi dilimizin cücərməsi və boy atmasında necə dərin və böyük iz buraxdığını yəqin ki, danmaq olmaz.

Mənim kimi gənc yazıçı və şairləri İranın rözəxanlığı, xoruz döyüşdürməyi, it boğuşdurmağı, baş yarıb zəncir vurmağı, geniş vüsət almış pedofiliya və cinsi yırtıcılığından qoparıb-qoruyan və muğamat, kino, teletamaşa, modern musiqi və şeir qucağına atan AzTv kanalı idi.

Təbriz, Urmiya, Ərdəbil və Zəncanla müqayisədə şəhər mədəniyyətinin zəifliyi və yeniyetməliyini keçirən Muğanın kulturamıza verdiyi töhfələr olduqca böyükdür.

Quzey Azərbaycan kültürü, ədəbiyyatı və düşüncə səsini qulağı və gözləri ilə alan muğanlılar öz borclarını demək olar ki, yerinə yetirmişlər.

Fərdi istedad, düşüncə inkişafı və kitab oxumaq mədəniyyəti yolunda tökülmüş tər və qoyulmuş əməklə birlikdə, media və kultura təsiri elə bir təsirdir ki, ən totalitar rejimlərin təməlini lərzəyə gətirə biləcək şəxsiyyətlər və ədəbiyyat nümunələrini yetişdirə bilər.

İranda Milli Hökumətin devrilməsindən bu günə qədər ilk dəfə olaraq ayaqdan başa ana dilimizdə basılan türkcə dərgi və fəlsəfi kitabı muğanlı olan qələmdaşım Eyvaz Taha nəşr etdirdi.

Güney şeirini ədəbi tənqid nəzəriyyələri əsasında və bir kitab şəklində (Farscada) ilk dəfə araşdıran yazıçı Hümmət Şahbazidir.

Çağdaş Türkiyə şeirini bir antologiya şəklində əziz dostum Şəhram Qolkar tərcümə edib çap etdirdi.

Muğan Arif Kəskin, Güntay Gəncalp və Mir Cəlil Hüseyni kimi şeir, siyasət və düşüncə xadimlərini ortaya qoyub. Şəhər sakinlərinin böyük əksəriyyəti köçəri şahsəvənlər tayfalarından olan Muğanın dilimiz və mədəniyyətimizə verdiyi paylar və buraxdığı izlər, olduqca qabarıqdır.

İran islam ölkəsində doğulmaq səni dinlər və məzhəblərin dövlətçilik, ideologiya, siyasi-icitimai atmosfer və mühitə verdiyi formalar haqda düşünməyə məcbur qılır. Bu baxımdan bizim məzhəblər haqda olan anlayış və təcrübəmiz quzeyli dildaşlarımızdan daha dərin və ətraflıdır, məncə.

Karl Marx dini “ruhsuz cahanın ruhu və könülsüz dünyanın ürəyi adlandırır”. Məzhəbi insanların siyasi-ictimai dərdlərini ovudan və unutduran uyuşdurucuya oxşadır. İranın qucağında dərdlərini ovudub-unutmaqmı olar?

Hegel isə, “insanlar tanrı və dindən olan anlayışları əsasında öz dövlətlərini qururlar” deyir. Deməli, İranın bu vəziyyəti, birbaşa millətin öz seçimi və istəyindən doğub.

Karl Emil Maximilian "Max" Weber (1864 – 1920)
Karl Emil Maximilian "Max" Weber (1864 – 1920)

M.Weberin “protestantlıq əxlaqı” adlı kitabında deyildiyi kimi, xristianlıq içindən doğmuş liberal dövlətlərin yaranma fəlsəfəsi xristian dininin fərdi azadlığı nisbi şəkildə tanımasından qaynaqlanır.

Bu arada, apollonik əxlaqı tənqid edən Nitsşe (Nietzsche) xristianlığı kölə dini adlandırır.

Weberə görə, vəhdət-i vücud (buddizm və brahma) təfəkkürü əsasında qurulmuş dinlərlə utopik və siyasi dinlərin (islam, xristianlıq və yəhud) arasında böyük fərq var.

Birinci dəstəyə aid olan dinlər siyasiləşməyə və radikalizmə yol açmır. Bu dinlərin mühafizəkar özüllər əsasında qurulması aydındır. Peyğəmbərlərinin özü, onun söylədiyi fikirlərdən daha müqəddəs və əzizdir.

Ancaq ikinci qrupdaki dinlərin bu dünya ilə axirət dünyasına görə hazırladıqları proqram onların günü-gündən güclənməsi və gündəmdə qalmasına yardımçı olur.

C.P.Tiele demişkən, “teokratik və antropetik dinlərin arasında böyük bir fərq var”. Teokratik dinlərdə (islam, xristianlıq, yəhud) insan Allahın qulu və bəndəsidir və allah onun bütün əməllərinə göz qoyur. İkinci cərgəyə aid olan dinlərdə isə insanın yüksəlib tanrılaşması və mənəvi inkişafına çalışılır.

Köləlik və çılğınlıq arasındaki sivil və modern düşüncəli vətəndaşlıq şüurunu qoruyub saxlamaq olduqca çətindir.

Yuxularını güdən min gözlü gözətçilərin gözündən qaçmaqmı olar? Hepnopedia xarakterli dini-ideoloji reklamlar, dərslər və qanunlar əlindən yaxanı qurtarmaq olduqca çətindir.

Həmid Herisçi
Həmid Herisçi

Həmid Herisçi sizin yaxanızı belə əllərə vermək istəyir. Onun Rafiq Tağı kimi fikir və düşüncə zavoduna qarşı yazdığı illüziyalarını oxuyanda Rafiqin esse və hekayələrinin məktəb dərsliklərinə salınması zərurəti haqda düşündüm.

Tənqidçi Əsəd Cahangir isə Nardaran hadisələri zamanı öz Facebook səhifəsində “Sənətin ali məqsədi Allahı dərk etməkdir. Allaha inanmayan bir cəmiyyətin romanı ola bilməz” fətvasını yazmaqla, qərbin böyük ədəbiyyatı və incəsənət tarixini lap oxumayanlar kimi davrandı.

Elə bil ki, yüzlərcə sekyular, ateist, solçu, demokrat, liberal və sair romançıların əsərlərini heç oxumayıb. Qərbdə dinçi yazar və incəsənət xadimi olub və indi də var, ancaq ədəbi plüralizm və demokratiyaya qarşı belə bir cümlə yazmaq, sözün düzü, gülüncdür.

Avropa romançıları Əsəd Cahangirin fətvasını oxusalar, elə bilərlər ki, İŞİD-in ədəbiyyat tənqidçiləri və ədəbi nəzəriyyəsi ortaya çıxıb.

İranla Qərb ölkələrinin fərqini roman, şeir, kitab, film və musiqi yardımı ilə dərk etmişəm. Buna görə, Həmid və Əsəd kimi qələmdaşları quzey Azərbaycan dövlətinin sekulyar diktatorluğunun açdığı nisbi söz, vicdan və düşüncə azadlığı süfrəsini Nardançı düşüncənin müstəbidliyi quyusuna atmamağa dəvət edirəm.

...Qərbdə olduğu kimi, bizdə asta-asta demokratiyaya doğru irəlləyəcəyik.

- İranda məktəblərində ədəbiyyatı necə öyrədirlər, proqramda fars ədəbiyyatı və dünya ədəbiyyatının nisbəti necədir, məsələn, bir 17 yaşlı gənc məktəbi bitirəndə artıq hansı yazıçıları oxumuş, ən azı adından xəbərdar olmuş olur?

- Məktəb adı gələn zaman kimliyimi üyüdən, arzu və istəklərimin ürəyimdən qoparılıb oğurlandığı, soyğuna gedildiyi, iri və qorxunc dişli dəyirmanın yemi olduğu yadıma düşməyə başlayır. Harada və hansı ölkədə yaşadığımı ideologiya zavodunun məktəbində, bizi asta-asta sınaq siçanı xarakterinə çevirdikləri illərdə hiss etməyə başladım.

Ancaq, öləziyən işıqla gur işığın arasında heç bir fərq yoxdur. Hər ikisi işıqdır. İsindirici və qurtarıcıdır. Qəfil əsən əsimlər-yellər qoynunda ehmalca və yavaşca rəqs edən şam işığı qucağında boy atmaq, qaranlıq axını qarşısında sənə şeirin-sözün və kitabın gücünə sığınmağı və yaraqlanmağı öyrədir.

Jean-Paul Sartre
Jean-Paul Sartre

J.P.Sartr “Bulantı” ("La Nausée") romanında deyir:

“İnsan ya yazar ya da yaşayar, ancaq bunların hər ikisini bir yerdə edə bilməz”. Mən də, yaşam otağında yazıçılıq sənətini seçdim.

İranda fars dilində orta məktəb oxumuş 17 yaşlı gənc, klassik iranlı ədiblərin demək olar ki, bütün nümayəndələrinin əsərlərindən verilən parçaları yuxarı-aşağı, oxuyur. Məktəb dərsliklərində klassik fars nəsri, nəzmi və şeiri ilə birlikdə İran məşrutiyyət inqilabı sonrası çağdaş nəzm, şeir, hekayə, roman və publisisstik əsərlərə də yer verilib.

Divan nəzmi, nəsri və şeirinin ən tanınmış imzalarının əsərləri dərsliklərdə yer alıb. Kitablarında keçən çətin sözlərin və cümlələrin anlamı, Quran-i Kərim kitabından alınan söz və ayələrin şərhi, şair və nasirlərin hansı divan məktəbinə aid olmaları (Xorasan məktəbi, İraq məktəbi, Hind məktəbi və s.) və orta əsrlərin təzkərələrində müəllif haqda verilmiş məlumatlar dərc olunur.

Rudəkidən tutmuş, Kirmanlı Xacu, Übeyd Zakani, Nizami Gəncəvi, Xəyyam, Sənayi, Bidil Dehləvi, Mövlana, Firdövsi, Şirazlı Hafiz, Sədəi, Əbülfəz Beyhəqi, Xaqani, Saib, Şəhriyar, Huşəng İbtihac və başqa ədiblərin əsərlərini tanıdıb öyrədirlər.

İran prezidenti Hassan Rohani 28-ci Tehran Beynəlxalq Kitab Sərgisinin açılışında
İran prezidenti Hassan Rohani 28-ci Tehran Beynəlxalq Kitab Sərgisinin açılışında

Çağdaş fars ədəbiyyatı yazarlarını isə demək olar ki, qərəzli şəkildə öyrədirlər. Solçu, qərbçi, liberal və dövləti tənqid edən, hökumətlə ideoloji, fikri problemi olanların əsərinə dərsliklərdə yer verilmir.

Buna görə, İranın fars dili və ədəbiyyatı kitablarında Əhməd Şamlu, Rza Bərahəni, Q.H.Saedi, Sadiq Hidayət, Huşəng Qolşiri, Səməd Behrəngi, Mahmud Dövlətabadi, Sadiq Çubək, Furuğ Fərruxzad və başqa yazarlar kölgədə qalır. Yeri gələndə isə bu yazarlara qara yaxır və onlara qarşı alçaldıcı məqalələr yazırlar.

Məktəb dərsliklərində dövlət ideologiyası və islam dinini tərənnüm edən yazçı və şairlərin əsərlərinə geniş yer verilir.

İranda orta məktəblər ixtisaslaşıb. Onlardan biri ədəbiyyat və sosial elmlər ixtisası verən məktəblərdir.

Mənim kimi ədəbiyyat diplomu almış şagirdlərə Qərb ədəbiyyatındaki tanınmış yazar və şairlərin əsəri və ədəbi yaradıcılığı ilə də tanış olur və onlar haqda oxuyurlar. Victor Hugo,T.S. Eliot, Marcel Proust, Tolstoy, O.Henri, Şiller, Cübran Xəlil Cübran, Mahmud Dərviş, Coys Hemingwey və sair imzaların əsərləri ilə yanaşı, Qərb ədəbi məktəblərinin nəzəri əsasları (klaassisizmdən tutmuş postmodernizmə kimi) da oxutdurulub öyrədilir.

- Azərbaycan dövlətinin ədəbiyyatından ilk tanıdığın şair və ya yazıçı kim olub, ilk tanışlığını necə xatırlayırsan?

- Quzey Azərbaycan ədəbiyyatı və incəsənətini ilk dəfə olaraq AzTv kanalı vasitəsilə tanımışam. Stalinist S.Vurğun, Ə.Vahid, B.Vahabzadə, S.Rüstəm, Nizami Gəncəvi, Füzuli, Nəsimi, S.Ə.Şirvani, C.Məmmədquluzadə, Ü.Hacıbəyli və M.Ə.Sabirin şeirləri, musiqiləri və ədəbi yaradıcılığını birinci dəfə media vasitəsilə tanımış və öyrənmişəm.

Yeniyetməlik illərindən başlayaraq, quzey nəsri və şeiri ilə yanaşı, Türkiyə və modern Qərb ədəbiyyatını da ardıcıl izləyir və oxuyuram. AYB və AYO arasında gedən mübahisə və polemikaları Güneydə də izləyirlər. Burada Anarın AYB-dəki krallığını müdafiə edənlər və tənqid edənlərdə az deyil.

AYO-nun demokratik, azad, modern və yeni düşüncəli yazarlarına böyük hörmətim var. Onların mühafizəkar, YAP-çı və ənənə bataqlığında qol-qanad çalan yazar və şairlər qarşısında boyun əyməmələri böyük canfəşanlıqdır, məncə.

Ağalar Qut, Rafiq Tağı, Niyazi Mehdi, Nərmin Kamal, Alov İnanna, Zümrüd Yağmur, Xaqani Hass, Şərif Ağayar, Aqşin Yenisey, Günel Mövlud, Cavidan, Rasim Qaraca, Səlim Babullaoğlu, Cavanşir Yusifli, Azad Qaradərəli, Namiq Hüseynov, Məsiağa Məhəmmədi, Tehran Əlişanoğlu əsərləri ilə yanaşı, Azad Yaşar və Araz Gündüzün tərcümələrini də xüsusi diqqətlə oxuyaram.

Elə düşünürəm ki, quzey-güney ədəbi əlaqələri genişlənməlidir. Ədəbi bağlarımızı gücləndirib bərkitməsək, bunun sonucu (axırı) yaxşı olmayacaq.

Coğrafiyamızı Araz çayı ilə bölüb parçalayan əllər və düşüncələr, dilimiz və ədəbiyyatımızı da parçalamaq istəyirlər.

- Orada da "Biz şair xalqıq" deyirlərmi?

- Bütün Şərq şair və şeirsevərdir. Ərəblər, türklər, hindlilər və farsların ortaq məxrəci irfan, şeir və iç dünyaya qapanmaqdır.

Bunu Carl Jung “Şərq təfəkkürü ilə qərb təfəkkürünün fərqi” adlı yazısında daha geniş şəkildə izah edib. Səma yollarının sirrlərini öyrənən şair və sufilərin məskənidir şərq. İç dünyasının mağaralarını, dolanbaclarını, otaqlarını və xalçalarını süpürüb təmizləyərək dilin pəncərələrsindən dışarıya fışqıran Mövlana, Nəsimi və Şəms Təbrizi torpağıdır.

Nitsşenin (Nietzsche) “Musiqinin ruhundan tragediyanın doğuluşu” adlı kitabında təsvir etdiyi Dionis ruhu daşıyır Mövlana, Təbrizli Şəms ("Məqalat" əsərində) və Nəsimi.

İçin quyuları və şeirin qafiyəsində ilişib qalmağımız, düşüncə və Qərb kulturasının dilimizdə dil açmasının qabağını alır, əngəlləyir. İçimizi də Qərb psixologiyası və elminin köməyilə öyrənmişik.

- Hafiz, yoxsa Nizami - bunları İranda müqayisə edirlərmi, necə olur adətən bu müqayisələr...

Hafiz (1320-) haqda bir kitab
Hafiz (1320-) haqda bir kitab

- Hər bir şair və yazıçının estetikasını başqası ilə müqayisəli şəkildə tutuşdurub araşdırmaq olar.

İranda isə Hafiz və Nizami arasındaki oxşarlıqlar və fərqlər arasında məqalələr yazan və konfranslar verənlər olub.

Ancaq, Hafiz şairdir, Nizami isə nazim. Bunların fərqinə diqqət etmək lazımdır. Nizami əruz vəzni və divan ədəbiyyatı çərçivəsində şərq tarixi, nağılları və əfsanələrini nəzmə çəkib. Hafiz isə, yazdığı yazıların bir çoxunda əsil şeir nümunəsinin poetikliyi və gözəlliyini göstərib.

Nizami Gəncəvinin (1141-1209) kitabı
Nizami Gəncəvinin (1141-1209) kitabı

Hafiz Nizaminin, Nizami isə Hafizin işini görə bilməzdi. Elə düşünün ki, Tolstoyun yazdığı və yaradıcılıq üslubunu Dostoyevskidən və Dostoyevskinin poetikasını Tolstoydan bəkləyirsən, bu, olası iş deyil.

Dostoyevski Hafiz kimi içərinin və əndərunun yazıçısıdır, Tolstoy isə Nizami kimi dışarıdaki nəsnələr və hadisələri iti və qartal gözü ilə ovlayan qocaman bir yazardır.

Bir də Hafizi Sədi, Kirmanlı Xacu və Mövlana ilə tutuşdurub müqayisəli şəkildə araşdırırlar. Nizamini isə Firdövsi və sair nazimlərlə.

- Dünyada nüfuzu getdikcə yüksələn İran filmlərini bəs İran xalqı necə qarşılayır?

- Vaxtilə, İran kinosu və teatrı dayaz melodramlar və əttökən komediya xarakterli filmlər, tamaşalarla aşıb-daşırdı (indi də belə filmlərin sayı çoxdur). Avropa ədəbiyyatı, Fransa və İtaliya kinosundaki yeni axım və müasir İran ədəbiyyatının təsiri altında yaranmış Yeni Dalğa demək olar ki, hər iki rejimin ideoloji basqıları altından yaxa qurtarıb, boyunu ucaltmağa nail oldu.

Amma rejissorların qələmi, ssenariləri və kameralarının gözü hələ də senzura qayçısının gözətçiliyində yaşamağa və nəfəs çəkməyə davam edir.

İranın birinci yeni dalğası nümayəndələrindən olan Məsud Kimiyayinin “Qeysər” filmi İran kinosunun ən çox satış rekordunu qaznmış filmlərindən biridir.

Yaxud tanınmış pyes yazarı, ssenarist və rejissor olan Bəhram Beyzayinin “İt Öldürmə” adlı filmi vaxtı ilə ilin (2001-ci ilin) ən çox satılmış filmi yerini tutmuşdu.

Asghar Farhadi aktrisalar Leila Hatami və Sareh Bayat (sağ) ilə Berlin film festivalında
Asghar Farhadi aktrisalar Leila Hatami və Sareh Bayat (sağ) ilə Berlin film festivalında

Əsğər Fərhadinin “Bir Ayrılıq” filmi isə vaxtilə ekranda olduğu zaman İran kino tarixinin ən çox satılmış filmi yerində krallıq (yeni dalğa filmləri sırasında) etmişdi.

Bu arada, İbrahim Gülüstan, Qəzvinli Söhrab Şəhid Salis, Nasir Təğvayi və hətta keçmişdə Abbas Kiyarostəminin filmləri İran kütləsi tərəfindən geniş şəkildə qarşılanmırdı, baxılmırdı. Bu da, həmin rejissorların yeni və şairanə üslublarından irəli gəlirdi, məncə.

Təəssüflə, keçmiş Pəhləvilər dövləti zamanı Quzey Azərbaycan kinosu və teatrından incəsənəti öyrəndiyini deyən İzzətollah İntizami kimi böyük aktiyorlar, bu günləri, Bakı kinosuna tərəf baxmır, heç boyunlarını belə döndərmirlər. Azərbaycan kinosunun İranın yeni kinosundan öyrənəcəyi bir çox şey var.

XS
SM
MD
LG