Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:31

Üfunətdən evlərini bağlayıb gedirlər


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

«Binanın aşağı mərtəbəsində yaşamaq mümkün deyil. Birinci mərtəbələrin sakinləri həm üfunətdən, həm də nəmişlikdən evlərini bağlayıb gediblər».

Nərimanov rayonu, Faiq Yusifov küçəsi 71 saylı ünvanda yaşayan sakinlər AzadlıqRadiosunun «Qaynar xətt»inə binanın zirzəmisinə kanalizasiya sularının dolmasından narahatlıqlarını bildiriblər. Bina sakini İlham Əhmədov deyir ki, zirzəmiyə dolmuş çirkab sular binanın birinci mərtəbəsindəki mənzillərin döşəməsindən qalxır. Buna görə də adamlar evlərində otura bilmir.

«BİNANIN DİVARLARINDA ÇATLAR ƏMƏLƏ GƏLİR»

Sakin deyir, bu vəziyyət azı 15 gündür davam edir. Kanalizasiya idarəsindən gəlib kanalizasiya xətlərini açıb gedirlər, ancaq çox keçmir ki, yenə həmin vəziyyət yaranır.

Bina sakini Abbas Daşdəmirov deyir, 9-mərtəbəli, 6-seksiyalı binanın divarlarında çatlar əmələ gəlməyə başlayıb:

«Binanın baş tərəfində kanalizasiya xəttinin birini ləğv ediblər. Dəqiq bilmirik, durduqları yerdə bunu niyə ediblər, ancaq fakt odur ki, xəttin biri ləğv olunub. Ora «pojarnı xod» sayılır. Ordan-burdan eşitmişik ki, oranı kimsə alıb, nəsə tikmək istəyir. Yoxsa ki, illərlə işləyən kanalizasiya xəttini niyə ləğv etsinlər? O xətt ləğv olunandan kanalizasiya sularının içində qalmışıq. Binanın yanından keçəndə iydən beyin çatlayır. Çirkab su həyətə axır».

ƏRAZİ ƏHALİ İLƏ YÜKLƏNİR, KANALİZASİYA XƏTLƏRİ İSƏ LƏĞV OLUNUR

Sakinlər deyir, «Keşlə bazarı» kimi tanınan ərazidə son vaxtlar bir-birinin ardınca binalar tikilib, kanalizasiya xətləri yüklənib. Əraziyə əlavə kanalizasiya xətləri çəkməkdənsə, olanı da ləğv ediblər. İndi əziyyətini onlar çəkir.

Sakinlər ərazi üzrə kanalizasiya idarəsinə də baş çəkiblər. Demələrinə görə, idarədən problemin həlli üçün vəsait olmadığını bildiriblər.

Nərimanov rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, sakinlər quruma da müraciət ediblər. Qurumun əməkdaşları ünvana gedərək problemlə tanış olublar. İcra hakimiyyətindən bildirdilər ki, zirzəmidəki çirkab suların çəkilməsi və kanalizasiya xətlərinin düzəldilməsi üçün «Azərsu» ASC-yə müraciət ünvanlayacaqlar. 71 saylı binanın sakinləri tezliklə çirkab sulardan xilas olacaqlar.

XS
SM
MD
LG