Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:40

Şaxta babalar da dolların qalxmasından danışır


►Balacaların sevimli qəhrəmanları deyirlər ki, iqtisadi çətinlik xurcunu “boşaldıb”

“Ehe-he-he-heyy, qarlı dağlar aşmışam, çox ellər dolaşmışam. 2016 yaşım olacaq...”

Artıq Bakının küçələrində, sevimli yolkalarının ətrafındadırlar. Uzun qırmızı kürklü, qırmızı papaqlı, ağ uzun saqqallı Şaxta Babalar, ağappaq paltarlı, parıltılı taclı Qar Qızlar.

Şaxta Babaların bəziləri sevinclidir, uşaqları qucaqlarına alır. Bəziləri narahatdır, ora-bura vurnuxur, uşaqları şəkil çəkdirməyə çağırırlar. Şaxta Babaların “nəvələri” Qar Qızlar da gülümsəyir, soyuqdan qorunmaq üçün tez-tez əllərini ovuşdururlar.

Buna da bax: Siyasi məhbus sayılanlardan heç kim əfvə düşmədi (Tam siyahı)

Şaxta Babalar uşaqları birtəhər “yola verir”

Yeni il qabağı sevimli qəhrəmanlar Bakı bulvarında, mərkəzi küçələrdə, əyləncə mərkəzlərində peyda olublar. Uşaqların gözləri hər yerdə onları axtarır.

“Şaxta Baba, mənə hədiyyə ver də.”

Balaca qızcığazın istəyinə Şaxta Baba gülümsəməklə cavab verir:

“Ayın 31-də gələrsən, mənim nəvəm, onda hədiyyə olacaq”.

Ancaq Şaxta Babanın hədiyyəsi yoxdur. Heç birinin kürəyində bir neçə il əvvələ qədər olan xurcunları görmək olmur. Şaxta Babalar deyir, iqtisadi çətinlik xurcuna da təsir edib. Xurcun birdəfəlik yoxa çıxıb:

“Xurcun yoxdur. Xurcunun içində hədiyyə olsun axı. Hədiyyə də olmayandan sonra boş xurcun nəyə lazım?”

Bunu Bakı Bulvarındakı Şaxta Babalardan biri deyir.

Buna da bax: İnəklərin devalvasiyadan sonrakı söhbəti

Rəngsaz, satıcı, müəllim Şaxta Baba və Qar Qızlar

Bu Şaxta Babalar, Qar Qızlar hərəsi bir peşənin sahibidir. Aralarında rəngsazı da var, tələbəsi də var, ticarət işçisi də, müəllim da.

“Keçən il bulvarda dostlarımla gəzəndə Şaxta Babaları görmüşdüm. Fikirləşdim ki, mən də ola bilərəm. Çox maraqlıdır. Uşaqlarla görüşürsən, əylənirsən”.

19 yaşlı Asif Xələfov ilk dəfədir şaxtababalıq edir. Bu vaxta qədər heç yerdə işləməyib. Şaxta Baba obrazında da birinci gündür işə çıxır.

Şaxta Babanın yanındakı 22 yaşlı Aysu Xudaverdiyeva isə deyir ki, 4 ildir Qar Qız “cildinə girir”. Qocalana qədər Qar Qız olmaq arzusundadır:

“Mənim üçün maraqlıdır, ləzzət eləyir. Uşaqlarla əylənirəm, həmişə Qar Qız olacağam, qocalana qədər”.

21 yaşlı Ayxan isə deyir ki, bu iş bir neçə günlük əlavə gəlir mənbəyi olsa da, onu gəlirdən çox əyləncə maraqlandırır:

“Özüm restoran sahəsində işləyirəm. 4 ildir Şaxta Baba oluram. Məni əsla gəlir maraqlandırmır. Uşaqları sevirəm, onlarla oynayıram, məncə bunu qazancı daha çox olur”.

Başqa bir Qar Qız Leyla Vəliyeva isə Yeni ili aktrisalıq bacarığını inkişaf etdirməyə fürsət sayır:

“Mən 4 ildir Qar Qız rolunda çıxış edirəm. “Azdrama”da, müxtəlif əyləncə mərkəzlərində iştirak etmişəm. Çox sevdiyim bir peşədir, uşaqları əyləndiririk. Səhər saat 10-dan axşam saat 11-ə qədər burda oluruq. Sevdiyim peşədir”.

İxtisasca rəngsaz olan Şaxta Baba Fariz Məmmədov deyir ki, günə 15-20 manat qazanır:

“Rəngsazam. Düz 8 idir Şaxta Babalıq edirəm. 15-20 manat arası gəlirim olur. Şaxta Babanın işi çox maraqlıdır. Bayramı balacalarla yaşamaq çox sevinclidir. İndi kasıbçılıqdır. Dollar qalxıb, hər şey bahadır. Bu işdə dolanışığa bir az köməkdir. Başqa da ki, hamının Yeni ili mübarək”.

"Ho-Ho-Ho", yoxsa "Ehe-he-he-heyy?"

Mərkəzi küçələrdə, ticarət mərkəzlərində isə Santa Klaus, Qar Adamı obrazına girənləri görmək olur. Onlar Şaxta Babadan daha şən görünürlər. Santa Klaus Elvin Məhərrəmov deyir ki, indi uşaqlar onun yanına tez-tez qaçır:

“Şaxta Baba sovet dövründən qalıb, yəqin ona görə. Şaxta Babaların fikirləri də özləri kim köhnədir. Bu gün bizim Santa Klauslar velosipedlə yürüş keçirirdi, onlar isə ancaq yolkanın ətrafında gəzişir. Biz “Ho-ho-ho” deyirik, onlar isə “eheheheyy””.

Şaxta Babaları, Santa Klausları, Qar Qızları və Qar Adamları yanvarın 5-ə qədər Bakının küçələrində görmək mümkündür.

XS
SM
MD
LG