Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:36

The Washington Post: «Xədicənin həbsində də belə davrandılar»


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

««The Washington Post»un İranda saxlanılmış müxbiri Jason Rezaian son 25 ildə xaricdə ən uzun müddətə həbsdə qalan ABŞ jurnalistidir. Bunu Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bildirir. Dekabrın 30-da onun həbsdə 527-ci günü tamam olacaq. Məhkəməsi avqustun 10-da bitsə də, nə Rezaian, nə də vəkilinə hökm barədə məlumat verilib. İran jurnalisti həbsdə saxlamaqla açıq-aşkar öz qanunlarını pozur, hələ əsas insan haqları standartları bir yana dursun». Bunu «The Washington Post» qəzeti dekabrın 29-da baş məqaləsində yazır.

Məqalədə dünyanın azad olmayan ölkələrində jurnalistlərlə bu cür özbaşına və qəddar rəftarın qeyri-adi görünmədiyi vurğulanır. Elə CPJ-nin hesabatında da dünyada həbsdə yatan, öldürülən jurnalistlərdən bəhs edilir. Çin, Misir, Eritreya və Türkiyə isə jurnalistləri həbsdə saxlayan ölkələrin başında durur:

«Avtokratik rejimlər, demək olar, cəzasız qaldıqları üçün jurnalistləri təkləyir. Dövlət Departamenti, digər Qərb hökumətləri kimi, jurnalistlər həbs olunanda etiraz bəyanatları ilə çıxış edir, ancaq nadir hallarda hərəkətə keçir. Hətta ABŞ hökumətinin maliyyələşdirdiyi Azad Avropa/AzadlıqRadiosu üçün işləyən azərbaycanlı jurnalist Xədicə İsmayılovanın həbsi zamanı da belə davrandılar. Rezaian-ın azad olunmasını isə Obama administrasiyası bu yay əldə edilmiş nüvə sazişinin bir şərtinə çevirməyə çalışmadı. Nəticədə cənab Rezaian rekord həbs müddəti yaşayır. Prezident Obama, nüvə sazişindən fərqli olaraq, bu məsələni özündən sonra miras kimi buraxmamalıdır».

Türkiyə qoşunları Suriya ilə sərhəddə.
Türkiyə qoşunları Suriya ilə sərhəddə.

GƏLƏN İL NARAHAT KEÇƏCƏK

Avrasiyada köhnə geosiyasi reallıqlar üzə çıxdıqca və xammal ucuzlaşdıqca, 2016 da dünyanın əksər hissəsi üçün narahat il kimi gəzlənilir.

«Stratfor» Araşdırmalar Mərkəzi gələn il üçün proqnozları yayıb və Avropayla Asiyanı birləşdirən ölkədən – Türkiyədən başlayır. Türkiyənin Suriyanın şimalına hərbi gediş edəcəyi, eləcə də İraqın şimalında mövqeyini gücləndirməyə çalışacağı gözlənilir: «Türkiyə təkcə «İslam Dövləti» silahlı qruplaşmasına qarşı dayanmayacaq, kürdlərin ekspansiyasını da nəzarətdə saxlayacaq ki, bununla köhnə rəqibləri - Rusiya və İranla qarşıdurması da güclənəcək».

Rusiya isə Türkiyə ilə qarşıdurma istəmir, ancaq bundan qaça da bilməyəcək. İŞİD Moskvanın Suriya kampaniyasının ancaq bir hissəsi olacaq. Rusiya Birləşmiş Ştatları kompromisə çəkməyə çalışacaq və nəticədə Qərbin postsovet məkanına girişi yavaşıyacaq.

Təhlildə daha sonra vurğulanır ki, iştirakçıların ikinci dərəcəli motivlərindən asılı olmayaraq, İŞİD-ə qarşı hərbi kampaniya qruplaşmanın özəyini zədələyəcək. Ancaq qurduqları «xilafət» 2016-da məhv edilməyəcək. Etibarlı quru qüvvələrinin olmaması anti-İŞİD kampaniyasını əngəlləyəcək.

Cihad təhlükəsi isə Qərbdə islamofobiyanı körükləndirəcək, Avropada parçalanma üçün katalizator rolunu oynayacaq. Sərhədlərə nəzarət AB-nin insanların azad hərəkəti prinsipinin əleyhinə işləyəcək.

«Stratfor» onu da yazır ki, ilin birinci yarısında bazara İran neftinin girməsi ABŞ-da istehsalın salınmasına gətirəcək. Ancaq Səudiyyə Ərəbistanı istehsalda dəyişikliyə ancaq bazarı qiymətləndirdikdən sonra baxacaq.

Respublikaçıların potensial namizədi Donald Trump
Respublikaçıların potensial namizədi Donald Trump

GƏLƏN İLİN ƏN BÖYÜK HADİSƏLƏRİ

«Newsweek» Karneqi Fondundan Judy Dempsey-nin yazısını dərc edib.

Müəllif gələn ilin böyük hadisələri barədə rəy sorğusu keçirib. Fondun araşdırmalar üzrə vitse-prezidenti Thomas Carothers Avropa strategiyasına təsir edəcək hal kimi ABŞ-da prezident seçkisini göstərir. Belə ki, respublikaçı prezident seçilsə, İranla nüvə proqramından çıxacaq və Suriyada hərbi əməliyyatlar kəskin artacaq.

Beynəlxalq Demokratiyaya və Seçkiyə Yardım İnstitutundan Koert Debeuf-un fikrincə, dünyanın diqqəti Suriyadan Liviyaya çönəcək. Özünü «İslam Dövləti» adlandıran silahlı qruplaşmanın bir sıra liderləri artıq Suriyadan Liviyaya gedirlər. Liviyadakı xaos yaraqlılara ərazilərini genişləndirməyə əl verir.

«Karneqi Avropa»dan Marc Piernini düşünür ki, 2016-cı ilin ən böyük xəbəri yenə İŞİD olacaq. Gözləntilərə rəğmən, İŞİD İraq və Suriyada quru mövqeyini saxlamağa çalışır. Qrupun Avropa ölkələrində şəbəkəsinin olması təkcə Fransa deyil, Belçika, İsveçrə, Almaniya və Böyük Britaniyanın təhlükəsizlik qüvvələri qarısında böyük problemdir. İŞİD-in Suriyadan Liviyaya doğru mümkün ekspansiyası isə gələn ilin özəlliklə narahatlıq doğuran məsələləri sırasında yer alır. Bu, Sidra körfəzindəki neft terminalları və Tunis sərhədində İtaliyaya gedən qaz kəmərinə risk yaratmış olar.

XS
SM
MD
LG