Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:41

Pulları «yastıq» altından çıxarmağın yolları axtarılır


Foto illüstrasiya
Foto illüstrasiya

-

Mərkəzi Bank maliyyə sektoruna əhalinin etimadının qaytarılması üçün imkanları gözdən keçirir. Bu addımlardan biri kimi əmanətlərə tam məbləğdə təminat verilməsi məsələsinə də «baxıla bilər». MB-nin bu il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında belə deyilir.

Sənəddə bildirilir ki, qorunan əmanətlərin əhatə dairəsinin genişləndirilməsi, differensial sığorta sisteminə keçid məsələsi bu il diqqətdə saxlanılacaq.

Ötən ilin fevralında manatın devalvasiyasından sonra Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini 9 faizdən 12 faizə qaldırdı. Yəni, hazırda illik 12 faizdən yuxarı gəlir əldə etmək üçün yerləşdirilmiş əmanətlər qorunmayan hesab edilir.

Hər hansı səbəbdən əmanəti qəbul etmiş bank onu qaytara bilməzsə, əmanətçinin qorunan əmanətinə ödənilməli olan kompensasiya hazırda 30 000 manat təşkil edir. Bankdakı əmanətiniz bu məbləğdən yuxarıdırsa, demək ki, bankınıza çox etibar edirsiniz.

Bəzi imkanlı şəxslər isə bu şərtlərə uyğun addımlar ataraq, əmanətlərini 30 000 manatlıq hissələrə bölüb yaxın adamlarının adına bir neçə bankda yatırıb, bəziləri isə «başının altına» qoyub. İndi Mərkəzi Bank bu pulları canlandırmağın yollarını axtarır.

Manatın dəyərdən düşməsi əmanətçiləri banklardakı əmanətlərinin qorunması qayğısına qalmağa vadar edib. Nəticədə 2015-ci ildə əhalinin xarici valyutada əmanətləri 40%-dən çox artaraq 5 mlrd. ABŞ dollarını ötüb.

2015-ci ilin sonuna MB-də olan məlumata görə, əhalinin bank əmanətləri 7 mlrd. manatdan çox olub. Amma nəzərə almaq lazımdır ki, manatın ABŞ dolarına nəzərən 34 faizlik devalvasiyasından sonra mart ayında 7.121 mlrd. manatdan (fevral) 7.932 mlrd. manata yüksələn bank əmanətləri növbəti aylarda yüksək sürətlə əriməyə başladı. Yəni, əhali bank əmanətlərini geri çəkməyə meylləndi. Nəticədə 2015-ci il noyabrın 1-nə əmanətlərin ümumi məbləği 7.172 mlrd. manata düşdü. Düzdür, bu, bir əvvəlki göstəricidən 168 mln. manat çoxdur, amma artıq manat o manat deyil.

Hazırda Əmanətlərin Sığortalanması Fonduna üzv banklar tərəfindən xidmət olunan 7.3 mln. nəfər əmanətçinin 91% hissəsi qorunan əmanətçilərdir.

XS
SM
MD
LG