Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:55

Hər şeyin yeni qiyməti var - nələr nə qədər bahalanıb?


Arxiv fotosu
Arxiv fotosu

-

İqtisadçılar qiymət artımı prosesinə nikbin yanaşmırlar

Ölkədə baş verən ikinci devalvasiyadan sonra manatın məzənnəsinin enməsi əks-təsirə, qiymətlərin yüksəlməsinə rəvac verdi. Bu qiymət artımı özünü ərzaq və ya qeyri-ərzaq məhsullarında göstərdi. Qiymət artımı 30-50% arasındadır.

Məsələn, «Yaşıl bazar»da satılan bütün məhsulların qiymətində artım var, amma bazar alıcı baxımından ciddi qıtlıq yaşayır.

TOPDANSATIŞ 30-70 QƏPİK ARTIB

Topdansatış qiymətləri 30-70 qəpik arasında qalxıb. Bu artım topdansatış sistemindən pərakəndə satış sisteminə sıçrayıb. Qiymət artımı təkcə xarici valyuta ilə ölkəyə idxal edilən mallara deyil, yerli istehsal mallarına da tətbiq edilir.

Vahid Əhmədov
Vahid Əhmədov

«Mən bu qiymət artımını başa düşə bilmirəm, çünki, bu qiymət artımı obyektiv deyil, subyektivdir. Yaxşı, xaricdən gələn mallar valyutaya bağlıdır, ona görə qiymət artır. Axı bununla yanaşı ölkədə istehsal edilən malların da qiyməti qalxır, bunu nə adlandıraq?» - deputat Vahid Əhmədov AzadlıqRadiosu-na qiymət artımına narazılığını bildirib. V.Əhmədov hökuməti ciddi fəaliyyətə çağırıb, əks halda böhrandan çıxmağı «qeyri-mümkün» adlandırıb.

Bazarda meyvənin, kartof-soğanın, sitrus meyvələrinin kiloqramına 50-70 qəpik qiymət artımı əlavə edilir. 21 dekabr devalvasiyasına qədər kiloqramı 1 manat 60 qəpiyə satılan alma indi 2,10-2,20 qəpiyə satılır. Kartof-soğan satışında isə artım hər kiloqrama 50 qəpik təşkil edir. Əmtəə görünüşündən və ş. asılı olaraq kartofun hər kiloqramı 1,20-2 manat arasında satılır.

ÇƏRƏZLƏR – 17-22 MANAT

Kəskin bahalaşma çərəz (kişmiş, qoz, fındıq, badam püstə və.s) satışındadır. Burada devalvasiyaya qədər kiloqramı 12-15 manat arasında olan çərəzlərin qiyməti indi əmtəə görünüşündən asılı olaraq 17-22 manat arasında dəyişir.

Göyərti satışında artım 10-20 qəpik təşkil edir. Limonun ədədlə satışı 70 qəpiyə qalxıb. Süd və süd məhsullarının satışında da 50-70 qəpik arasında artım var.

Pomidor-xiyar satışında da artım hiss edilir və burada satış qiymətləri 2-5 manat arasında dövr edir. Ət məhsulları, inək əti 8 manata, sümüksüz ət 10 manata, quzu əti 11 manata satılır. Burada da artım 1-2 manat təşkil edir.

«PROSES BİR İL ÇƏKƏCƏK»

Marketlərdə də qiymətlər bazardan fərqli deyil, hətta biraz da yüksəkdir. Bəzi marketlərdə qənnadı, çay, yağ satışında artım hər kiloqrama 5 manat təşkil edir. Süd və süd məhsillarında artım 1 manat və daha yuxarıdır.

İqtisadçı ekspert, Məhəmməd Talıblı
İqtisadçı ekspert, Məhəmməd Talıblı

«Bu proses hələ bir ilə yaxın davam edəcək, qiymət artımı bir sektorun məsələsi deyil, sektorlararası məsələdir. Yəni, bu, təkcə maliyyə məsələsi deyil, idxal, ixrac və istehsal məsələsinə birbaşa bağlıdır və yaxın bir ildə bu sahədə hər hansı müsbət nəticə gözləmək sadəlövhlük olardı», iqtisadçı ekspert Məhəmməd Talıblı qiymət artımının perspektivilə bağlı mövqeyini bildirib.

Ötən il dekabrın 21-də manat ikinci devalvasiyaya uğrayıb. Ötən ilki fevral devalvasiyası ilə birlikdə milli valyuta dollara nisbətən 98 faizədən çox dəyərini itirib.

İkinci devalvasiyadan sonra qiymətlər əhəmiyyətli dərəcədə artdı.

XS
SM
MD
LG