Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:17

Dollar qıtlığı və... Rüstəmov nə etsin?!


Elman Rüstəmov, karikatura
Elman Rüstəmov, karikatura

Virtualaz.org saytı yazır ki, Mərkəzi Bank üzən məzənnə siyasətinə keçidi elan edəndən sonra valyuta bazarında siyasəti heç cür tənzimləyə bilmir.

«İkinci devalvasiyadan sonra valyuta bazarında xaotik vəziyyət hökm sürdüyünü, manatın üzmədiyini, gah batıb gah çıxdığını deməyə əsas verir. Belə görünür ki, Mərkəzi Bank vəziyyətdən çıxmaq üçün valyutadəyişmə məntəqələrinin fəaliyyətini tamamilə dayandırmağa, dollar satışına ancaq banklarda və onların filiallarında icazə verməyə hazırlaşır. Ancaq bu inzibati tənzimləmə vəziyyətdən çıxış yoludurmu? Valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması spekulyasiyaların qarşısını almağa kömək edə bilər, ancaq vəziyyətdən çıxış yolu olmayacaq. Ölkədə ixracın 97 faizini neft təşkil etdiyi və neftin barrelinin 34 dollara düşdüyü bir vaxtda Mərkəzi Bank tələbatı ödəməkdə yenə də çətinlik çəkəcək. Onun kritik səviyyədə azalmış ehtiyatlarının isə bundan sonra da əriməsinə yol verəcəyini gözləmək olmaz.

O zaman Elman Rüstəmov dolları haradan alsın ki, bankların hamısının tələbatını ödəsin? Axı o, ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Cannet Yellen deyil ki, istədiyi qədər dollar çapına sərəncam versin».

Arxiv fotosu
Arxiv fotosu

Rayonlarda ot bahalaşdı, heyvanların qiyməti artdı

«Yeni Müsavat» qəzeti yazır ki, Bərdə rayonunda iribuynuzlu və xırdabuynuzlu heyvanlar bahalaşıb.

«Həftənin 5-ci günündən mal bazarında qiymətlər artıb. Yerli camaat gətirdikləri heyvanları əvvəlkindən 100-150 manat artıq qiymətə təklif edir. Ötən həftə bazarda 100 kiloqramlıq heyvan 400-450 manata satılırdısa, indi 550-600 manata təklif olunur. Diri heyvanın çəkisi 6 manatdan aşağı hesablanmır. Həftədə bir dəfə təşkil olunan bazara əsasən Bakı alverçiləri gəlirlər. Onlar da qiymətlərin bu dərəcədə artımını gözləmirdilər. Bir neçəsi əliboş qayıtdı. Yəqin ki, bu Bakıda ətin bahalaşmasına səbəb olacaq».

Alverçilər qiymətlərin artımını heyvan yemlərinin bahalaşması ilə izah ediblər.

Çürüyən pullar

«Azərbaycan» qəzeti yazır ki, pulun çürüməsinə inanmaq çətindir. Ona görə ki, heç kim, xüsusən indiki vaxtda pulunu çölə, bayıra atıb çürütməz.

Azərbaycanda ferma (arxiv fotosu)
Azərbaycanda ferma (arxiv fotosu)

«Amma bəzən elə olur ki, pul gözdən-könüldən uzaqda, gizlincə çürüyür. Bir nəfərin pulu çürüsə o qədər də yandırmaz, amma vay o günə ki, min, on min nəfərin pulu çürüyə. Biz «çürüyən pulları» Quba fermerlərinin meyvə bağlarında tapdıq.

Son bir neçə ildə rus pulunun rublun dollara nisbətdə aramsız qiymətdən düşməsi də almaya təsir edir, onu əvvəlki kimi baha satmaq olmur. Baha satmaq bir yana qalsın, fermerlər tez-tez ziyana düşür, ya da qan qaraldan cüzi gəlirlə geri dönürlər. Fermerlər deyirlər ki, almanı əvvəlki qiymətə satmaq olmur. Nəqliyyat xərcləri artıb, Rusiya tərəfi gömrükdən keçən hər kiloqram almaya görə 10 rubl əlavə dəyər vergisi alır. Xərclər elə artır ki, öz malını aparan adam qazanıb, ya da ziyana düşəcəyini bilmir. Ona görə də Rusiyaya mal aparmağa hamı ürək etmir».

Sürücü cərimələrini yoxlayan sistem «çökdü»

Avosfer.az saytı yazır ki, yanvarın 10-da cərimələr və cərimə balları barədə məlumatları özündə saxlayan serverdə xəta baş verib.

mia.gov.az saytında xəta
mia.gov.az saytında xəta

«Daxili İşlər Nazirliyinin saytında cərimə və balı yoxlamaq istədikdə nəticə əvəzinə bu xəbərdarlıq yazılır: «Profilaktik tədbirlərlə əlaqədar hal-hazırda server müvəqqəti olaraq işləmir. Xahiş edirik, bir az sonra bir daha cəhd edəsiniz».

Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət Ödəniş Portalından da cərimələrə baxmaq mümkün deyil: «Daxili İşlər Nazirliyi ilə informasiya mübadiləsində xəta baş vermişdir. Təşkilatın servisi qeyri-aktivdir».

Həmçinin Asan Ödəniş Portalında da cərimə balları olan bölmə işləmir: «Xəta 1100: Xəta baş verdi».

XS
SM
MD
LG