Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:40

Mehdiabad sakinləri: «Bizə adam kimi yanaşın!»


Mehdiabad qəsəbəsinə gedən yol (arxiv fotosu)
Mehdiabad qəsəbəsinə gedən yol (arxiv fotosu)

Mehdiabad sakinləri: «Özləri vaxtında elə şərait yaradıblar ki, adamlara qanunla ev tikmək baha oturub. Ona görə də rüşvətdən «basıb» tikmişik. Yəni bu vəziyyəti özləri yaradıblar»

«Hara gediriksə, deyirlər, «büdcədə pul yoxdur. Yolu özünüz təmir etdirin». Mehdiabadda belə baxımsız küçələr çoxdur. Gedirik icra hakimiyyətinə, deyirik, «bizə insan kimi yanaşın, şərait yaradın, biz də normal yaşayaq, yolumuz, kanalizasiyamız, heç olmasa küçəmizdə zibil qutumuz olsun». Deyirlər, "gəlib evinizi sökərik"».

Bunu AzadlıqRadiosu-nun «Qaynar xətt»inə Mehdiabad qəsəbəsi, Maqsud Abdullayev küçəsinin sakinləri deyir. 6 ildir bu küçənin sakini olan Əflatun Quliyev:

«Dərdimiz yolsuzluqdur. Çox əziyyət çəkirik. Asfalt yol yoxdur, yayda toz-torpaq, payızda, qışda palçıq bizi boğaza yığıb. Yağış yağan kimi qəsəbə gölməçəyə çevrilir, küçənin adını «nəcis dərəsi» qoyublar. Çünki kanalizasiya yoxdur, yay-qış nəcis anbarları daşır, küçəyə axır. Çox iyrənc şəraitdə yaşayırıq. Bu küçəyə bir kanalizasiya xətti, bir də yol çəkilsə, biz də özümüzü insan kimi hiss edərik».

KÜÇƏ DEYİL, ZİBİL POLİQONUDUR

Şerif, «Gəlin bir araya gələk», karikatura
Şerif, «Gəlin bir araya gələk», karikatura

Küçədə zibil qutuları da yoxdur. Bu üzdən hər tində məişət tullantılarından, az qala, bir zibil poliqonu yaranıb.

Küçə sakini Eyvaz Səlimov deyir, adamlar bir boş yer tapan kimi oranı zibilliyə çevirir:

«Abşeron rayon icra hakimiyyəti Mehdiabadın yeni salınmış yaşayış yerlərinə baxmır. Qapılarına gedirsən, deyirsən, "gəl qaldığım ərazini bir az abad elə, yol çək, zibilini təmizlə», deyir, «get sakit otur, elə etmə ki, gəlib evini başına uçurdaq». Özləri vaxtında elə şərait yaradıblar ki, adamlara qanunla ev tikməsi baha oturub. Ona görə də rüşvətdən «basıb» tikmişik. Yəni bu vəziyyəti özləri yaradıblar. İndi də gözümüzə soxurlar ki, «cınqırını çıxarsan, evini sökərik"».

ZİBİL DAVASI POLİSƏ QƏDƏR GEDİB ÇIXIB

Hətta zibillik problemi burada yaşayanları bir-birinə, az qala, düşmən də edib. Məsələn, qonşu küçənin sakinləri gətirib zibillərini bir başqa küçəyə tökürlər. Vay o gündən ki, həmin məqamda bunu ərazidə yaşayan kimsə görə… İki küçənin sakinləri arasında əsl «müharibə» baş verir. Hətta buna görə işi polisə düşən qonşular da olub. Sakinlər deyir, əslində bütün bunların baş verməsinin tək səbəbkarı var – yaşayış yerlərini nəzarətsiz qoyan məmurlar…

NƏQLİYYAT SAHƏSİ BƏRBADDIR

Sakin Əminə Şərifova isə qəsəbənin nəqliyyat sistemindən gileylənir:

«Qəsəbə daxilində yalnız bir dayanacaq var, o da mərkəzdə… Bizim ərazidən cəmi 3 avtobus işləyir, aralarındakı interval o qədər çoxdur ki, bəzən saatlarla gözləməli oluruq. İstiqamət də azaldılıb. Tutaq ki, əvvəllər 155 saylı marşrut üzrə hərəkət edən avtobuslar metronun "Nərimanov" stansiyasına qədər gedirdi, indi "Azadlıq prospekti" stansiyasına qədər gedir. Ancaq bununla da dərd bitmir. İritutumlu avtobusları kiçikləri ilə əvəz ediblər».

İcra hakimiyyəti: «Qəsəbədə hər şey ürəkaçandır».

Sakinlər yolhaqqının bahalığından da narazıdılar. Deyirlər, gedişhaqqını qaldıraraq 30 qəpik ediblər.

İCRA HAKİMİYYƏTİ DEYİR, MEHDİABAD ÇİÇƏKLƏNİR

Abşeron rayon icra hakimiyyəti isə Mehdiabadda gördüyü işlərdən məmnundur. Qurumdan bildirilib ki, qəsəbədə 400 şagirdlik, 3 mərtəbəli müasir təhsil avadanlıqları ilə təchiz olunmuş məktəb tikilib.

«6 qrupluq uşaq bağçasının tikintisi aparılır. Hətta mehdiabadlılar üçün mərasim evi tikilib. Yerli bələdiyyənin köməkliyi ilə Əhməd Cavad küçəsinin məktəbyanı ərazisinə karbonat, ağlay qırıntıları, Cəfər Cabbarlı küçəsinə isə çınqıl və asfalt qırıqları səpilib. Daha bir neçə küçəyə asfalt döşənib. Digər küçələrin də asfaltlanması nəzərdə tutulub», qurumdan belə deyirlər.

Qurum qəsəbədaxili məişət tullantılarının da vaxtında daşındığını bildirir. Nəqliyyat məsələsinə gəlincə, qurumdan sakinlərə Nəqliyyat Nazirliyinə müraciət etmək tövsiyə olunur. Bir sözlə, sakinlər deyir, Mehdiabad susuz dəyirmandır, icra hakimiyyəti isə iddia edir ki, qəsəbədə hər şey ürəkaçandır.

XS
SM
MD
LG