Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:43

Qaradolaqlı şagirdlər təzə məktəb arzusunda…


Məktəb. Foto illüstrasiya
Məktəb. Foto illüstrasiya

-

«Döşəmələri çürük-çürük, istiliyi yox… Uşağı evdən sağlam göndəririk, xəstələnib üstümüzə qayıdır».

Ağcabədi rayonu, Qaradolaq kəndinin sakinləri təzə, müasir məktəb arzusundadır.

Kənd sakini Səlimə Məcidova «Qaynar xətt»ə gileylənir ki, övladlarının təhsil aldığı Hamlet Məmmədov adına Qaradolaq kənd 1 saylı tam orta məktəbinin binası qəzalı vəziyyətdədir. O, iki övladını təhsilsiz qalmasınlar deyə, həmin qəzalı məktəbə göndərməyə məcburdur:

«O məktəbin sinif otağına heyvanı da bağlasan, dayanmaz. Ancaq biz ora oxutmaq üçün uşaq göndərməyə məcburuq. Dəhlizlərdə iri siçovullar adamın ayağının altından o tərəfə, bu tərəfə qaçır. Addımını atmağa qorxursan, ayağın girir döşəməyə…».

«ƏVVƏL MƏKTƏBİ ABIRA SALSINLAR»

Kənd sakini Osman Əsgərov isə deyir, məktəbin binasında istilik olmadığı üçün iki nəvəsini məktəbə buraxmır:

«Qanun çıxarıblar ki, məktəbə gəlməyən şagirdin valideyni cərimələnəcək. Əvvəl gəlib məktəbi abıra salsınlar, sonra şagirddən davamiyyət tələb etsinlər. Biz uşaq böyüdüb boya-başa çatdırmırıq ki, gedib soyuq, uçuq-sökük məktəbdə vərəm tapsın».

Osman Əsgərov deyir, uşaqları məktəbə buraxmadığı üçün qulaqları da dinclik tapıb. Hər dəfə onlardan «baba, yenə odun pulu yığırlar» kimi sözlər eşitmir.

MƏKTƏBİN TƏMİRİ GÖZLƏNİLIR

Kənd sakinləri yığışıb Təhsil Nazirliyinə, Ağcabədi rayon İcra Hakimiyyətinə, yerli təhsil şöbəsinə müraciət ediblər ki, ya təzə məktəb tikilsin, ya da köhnəsi abadlaşdırılsın. Ancaq demələrinə görə, onlara heç kəs qane edən cavab verməyib. Sakinlər də tənbəllik etməyib prezidentə yazıblar. Yazıblar ki, övladlarımızı tavanı dağılmış, döşəməsi çürümüş, içərisinə yağış yağan məktəb binasından xilas edin. Kəndimizin uşaqları üçün təzə məktəb binası tikilməsi üçün göstəriş verin.

Ağcabədi rayon İcra Hakimiyyətindən bildiriblər ki, Qaradolaq kəndində yeni məktəb binasının tikintisi gözlənilməsə də, köhnəsini təzələmək kimi fikir dolaşır. Yəni məktəb binasının təmir-bərpası nəzərdə tutulub. Ancaq bu məsələ icra hakimiyyətinin yox, Təhsil Nazirliyinin vəzifəsinə aiddir. Məktəbin istilik sistemi isə yaxın vaxtlarda yenidən qurulacaq.

Bir sözlə, balaca məktəblilərə dərs oxumağa gedərkən altdan geyinib, üstdən qıfıllanmaq və səbir etmək qalır.

XS
SM
MD
LG