Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:44

Aksiyaların yatırılmasında Daxili Qoşunlardan istifadə etmək qanunidirmi?


Füzulidə etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

Füzulidə etiraz aksiyası

-

Yanvarın 12-dən etibarən Azərbaycanın bir sıra bölgələrində bahalaşma əleyhinə etiraz aksiyaları keçirilir. Artıq Siyəzən və Füzuli rayonlarında hökumət bu etirazların qarşısını almaq üçün Daxili Qoşunların imkanlarından istifadə edir. Hadisə yerindən yayılan görüntülərdən bəlli olur ki, bu zaman etirazçılara qarşı hətta bibər qazından və rezin güllələrdən belə istifadə etməkdən çəkinmirlər. Artıq Siyəzən rayonunda yanvarın 13-də məktəblilərin belə zəhərlənmə və tüstüdən xəstəxanalara düşdüyü bildirilir.

DİN və prokurorluğun yaydığı birgə bəyanatda qeyd edilir ki, təkcə Siyəzən rayonunda 50-dən çox şəxs saxlanılıb. Onların bəziləri haqqında cinayət işi açılıb. Bəs aksiyaların yatırılmasında Daxili Qoşunlardan istifadə edilməsi nə dərəcədə qanunidir? Üstəlik, açılan cinayət işlərində hüququn normaları gözlənilirmi?

«BU, AŞKAR QANUNSUZLUQDUR...»

Hüquqşünas Əlayif Həsənov deyir ki, indi Azərbaycanın bir sıra bölgələrində baş verən aksiyaların yatırılması üçün Daxili Qoşunlardan istifadə aşkar qanunsuzluqdur. Əlayif Həsənov deyir ki, Daxili Qoşunların statusu haqqında qanunun birinci bəndinə baxmaq kifayətdir ki, bunun onların vəzifəsi ilə ziddiyyət yaratdığını aşkarca görəsən. Qanunun 1-ci maddəsində deyilir:

Əlayif Həsənov
Əlayif Həsənov

«Azərbaycan Respublikasının daxili qoşunları, onlara həvalə olunmuş vəzifələri yerinə yetirməklə şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar və digər hüquqa zidd qəsdlərdən qoruyur».

Əlayif Həsənov deyir ki, indi insanlar bahalaşma əleyhinə öz etirazlarını bildirirlər. Bu onların konstitusiya hüquqlarıdır.
Hüquqşünas qeyd edir ki, qanunun 4-cü maddəsində Daxili Qoşunların vəzifələrindən də bəhs olunur. Orada bildirilir ki, Daxili Qoşunlardan qeyri-zorakı icazəsiz mitinq və nümayişlərin qarşısını almaq üçün istifadə etmək qəti qadağandır:

«Düzdür orada qeyd edilir ki, Daxili Qoşunlardan iğtişaşlar baş verərsə, istifadə edilə bilər. Ancaq qiymətlərin qaldırılmasına dinc şəkildə etiraz etməyi nədən iğtişaş kimi dəyərləndirəsən».

«BİR NÖV ADƏT...»

Əlayif Həsənov deyir ki, Azərbaycanda 1993-cü ildən etibarən etiraz aksiyalarına qarşı Daxili Qoşunlardan istifadə bir növ adət halını alıb:
«Hətta 1995-ci ildə «OMON hadisələri» zamanı silahlı qüvvələrdən belə istifadə edildi. Halbuki, bundan ötrü parlamentin icazəsi olmalı idi».

«GÜC ORQANLARI SİYASİ HAKİMİYYƏTİN CƏZA ALƏTİNƏ ÇEVRİLƏNDƏ...»

Vəkil Yalçın İmanov isə bu proseslərdə Baş Prokurorluğun iştirakına diqqət çəkir:

«Növbətçi maddələr işə düşdü - İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə; Belə hərəkətlərdə fəal iştirak etmə; Əmlakı qəsdən məhv etmə və ya zədələmə; Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə. Baş prokurorluq rayonlardakı aksiyalarla bağlı dərhal cinayət işi başladı. Halbuki, Cinayət Prosessual Məcəllənin 209-cu maddəsinin tələbinə əsasən, sadalanan maddələr üzrə dərhal cinayət işi başlana bilməzdi. Baş Prokuroruq siyasi hakimiyyətin cəza aləti olduğunu növbəti dəfə isbatladı».

Yalçın İmanov bildirir ki, 209-cu maddədə dərhal cinayət işi başlamağın əsasları göstərilib:

Yalçın İmanov
Yalçın İmanov

«209.2.1. Qətl əlamətlərinin izləri ilə insan meyiti aşkar edildikdə;

209.2.2. Tanınmamış insan meyiti, insan bədəninin hissələri, yaxud onların basdırılma yerləri aşkar edildikdə;

209.2.3. İnsanların kütləvi həlak olması, yoluxması və ya zəhərlənməsi əlamətləri olduqda;

209.2.4. İctimai və ya yaşayış yerlərində, habelə dövlət müəssisə, idarə və ya təşkilatlarının binalarında güclü partlayış, yaxud yanğın baş verdikdə;

209.2.5. Qanuni əsaslarla saxlama halları istisna olmaqla, odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular, radioaktiv materiallar, zəhərləyici maddələr aşkar edildikdə... Və başqa bu kimi hallar.

Ancaq baş verən etirazlara nəzər yetirəndə, hələ dərhal cinayət işinə başlamağa əsas yoxdur. Bunun çün araşdırma olmalı idi».

HADİSƏLƏRƏ DİN VƏ PROKURORLUĞUN GÖZÜ İLƏ...

Baş verənlərlə bağlı DİN və prokurorluğun birgə bəyanatında isə Siyəzən rayonunda bir sıra zorakı halların baş verdiyi qeyd edilir:

«İctimai qaydanı kobud surətdə pozan aksiya iştirakçıları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan qanunazidd hərəkətlər törədiblər. Nəticədə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilib. Onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, ümumi təhlükəli üsulla polisin iki xidməti avtomaşını zədələnib».

XS
SM
MD
LG