Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:57

Gürcüstanın eks-baş bankiri Elman Rüstəmovun səhvini açıqladı


Roman Gotsiridze
Roman Gotsiridze

-

Gürcüstan Milli Bankının keçmiş prezidenti, iqtisadçı Roman Gotsiridze bildirib ki, Azərbaycan hökumətinin buraxdığı səhv, yəni vaxtında sərbəst üzən məzənnə siyasətinə keçməməsi nəticəsində hazırda ölkədə dollar «qara bazar»ı formalaşır. «Lakin Azərbaycan Mərkəzi Bankı axırda lazım olanı etməyə məcbur olacaq»- Gotsiridze deyib.

Bu haqda Virtualaz saytı yazır.

Azərbaycan Gürcüstanın əsas ticarət partnyorlarından biri olduğuna görə iqtisadçı hesab edir ki, manatın sürətli devalvasiyası Gürcüstanın da idxal-ixrac balansına təsir edəcək. «Azərbaycan milli valyutasının kəskin devalvasiyasının qarşısını ala biləcəyinə dair illüziyalarla qidalanan sonuncu ölkə oldu. Manatın dramatik şəkildə dəyərdən düşməsində daxildə yol verilən iqtisadi səhvlərin də rolu olub»-Gotsiridze deyib.

HARIN MƏMURLAR KİMƏ GÜVƏNİR?

«Azadlıq» qəzeti yazır ki, ölkə başçısı dəfələrlə müşavirələrdə «Məmurlar xalqla adam kimi davranmalıdır», «harın məmur balaları cəzalandırılacaq», «Mən harınların arxasında duranları cəzalandıracam» kimi fikirlər səsləndirib:

«Amma hər dəfə belə alovlu çıxışlardan sonra nəticə görünmür. Əksinə, harınlıqlar, kobudluqlar çiçəklənir. Son günlər isə bu mənzərə daha aydın şəkildə göründü. Məsələn, Cəbrayılın icra başçısı Mahmud Quliyev vətəndaşı təhqir etdi və sübut etməyə çalışdı ki, «köpəyoğlu» sözü söyüş deyil. Yaxud Siyəzənin icra başçısı haqlı etirazını bildirən vətəndaşları «ekstremist» adlandırdı, bu adamların dərdlərini dinləmək əvəzinə, onları təxribat törətməkdə ittiham etdi. Lənkəranın icra başçısı isə əhalinin etirazını «bir qrup içkili adamın səs-küy salması» kimi təqdim etdi.

İlham Əliyev
İlham Əliyev

Niyə bu adamlar ölkə başçısının hədələrindən qorxmurlar, niyə bu harın məmurlar məsuliyyət hissini itiriblər? Görünən budur ki, məmurlar da müşavirələrdə səslənən fikirlərin söz xatirinə deyildiyini, heç bir cəza olmayacağını bilirlər. Həm də arxayındırlar ki, arxalarında prezident dayanıb. Normal ölkədə hansı məmur cəsarət edib vətəndaşı təhqir edə bilər? Əgər belə bir hal baş versə, vətəndaş vəzifəli şəxsi məhkəməyə verər, təzminat tələb edər».

«MİLLİ ŞURA» TƏXRİBATLA MƏŞĞULDUR

«Azərbaycan» qəzeti yazır ki, devalvasiya nəticəsində manatın məzənnəsinin dəyişməsi, müəyyən çətinliklər yaratmalı idi:

«Ölkə ictimaiyyətinə də bəllidir ki, dolların bahalaşması nəinki Azərbaycanda, dünyada gedən qlobal prosesdir. Belə bir durumda antiazərbaycançı şəbəkə və onların ölkəmizdəki icraçıları köhnə əməllərini «işə salmağa» çalışırlar. Yəni iflasa uğrayan aqressiv müxalifət vəziyyətdən sui-istifadə etmək istəyir. Çünki real sosial bazası olmayan dağıdıcı müxalifət işbazların çörək və unun süni qiymət artımına yol verdikləri üçün yararlanmaq istədilər.

Mebel salonu
Mebel salonu

«Milli Şura» adlı qondarma qurum bəyanat qəbul edərək insanları zorakılığa əl atmağa çağırır. Bu da «Milli Şura»nın insanları təxribata sürükləməsini təsdiqləyən bir faktdır. Manatın məzənnəsi ilə bağlı durumdan istifadə edib süni sabotaj yaratmağa, qarışıqlıq yaradıb məkrli niyyətlərini həyata keçirməyə çalışan destruktiv müxalifət, təbii ki, iflasa məhkumdur».

MEBEL SALONLARINDA MÜŞTƏRİ QITLIĞIDIR

«Yeni Müsavat» qəzetinin müxbiri müxtəlif mebel mağazalarında və mebel hazırlayan sexlərdə olub.

«Delloro» mebel salonunda qəzetə bildiriblər ki, alıcı yoxdur: «Mebelə yaxın duran yoxdur. Ancaq qiymətlər qalxmayıb. «Madeyra» mebel salonu da qiymətləri qaldırmasa da, alıcı qıtlığından şikayətlənib: «Alıcı tapılmır. Biz müştərilərimizə mümkün qədər endirim edirik, amma yenə də alıcı yoxdur».

Daha kiçik mebel dükanlarında isə deyiblər ki, onsuz da 1 dollar 1.05 manat olanda alver can verirdi. İndi isə ölüb: «Bütün günü sağa-sola baxırıq, bahalaşan siqaretdən çəkirik».

XS
SM
MD
LG