Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 19:41

«Üzüm əkənlər ancaq varlı adamlardır»


Üzüm
Üzüm

-

2014-cü ildə Azərbaycanda 147.7 min ton üzüm istehsal olunub. Bu 2012-ci illə müqayisədə təqribən 4 min, 2013-cü illə müqayisədə isə min ton azdır. Müqayisəni başqa cür də aparmaq olar. Sovetlər dönəmində Azərbaycanın Şamaxı, Cəlilabad kimi tək bir rayonunda indi bütün ölkədən daha çox üzüm istehsal olunurdu. Son onilliklərdə isə Azərbaycanda ən az üzüm istehsalı 2002-ci ildə olub. Təqribən 62 min ton. Sonrakı illər istehsal artıb. Ancaq son iki ildə yenidən istehsalın azalması baş verib.

«DOĞRAYIB ODUN KİMİ İSTİFADƏ ETDİLƏR»

Cəlilabad rayon sakini Əli Hüseynov deyir ki, Azərbaycanda özəlləşdirmə vaxtı üzüm sahələri insanlar arasında bölüşdürülüb. Onun da payına 2 hektar üzüm sahəsi düşüb:

«Yaşlı üzüm bağlarının çoxuna xəstəlik düşmüşdü. Çünki sovxozlar dağıldığından üzüm bağları baxımsız qalmışdı. Vaxtlı-vaxtında sahələr gübrələnib-dərmanlanmırdı. Çox adam payına düşən sahələrdə üzüm tənəklərini doğrayıb odun kimi istifadə etdi. Mənim payıma cavan bağ düşmüşdü. Orada Fransadan gətirilmiş «Kardinal» sortu əkilmişdi. Mən həmin bağa qulluq etdim və bu günlərə gətirib çıxartdım».

1 HEKTAR ÜZÜM BAĞININ XƏRCİ VƏ GƏLİRİ...

Əli Hüseynov deyir ki, üzüm sərfəli bitkidir. İldə təqribən hər hektara 1500 manat xərc qoyur. 10 min manata yaxın isə qazancı olur:

«Sahə hər il şumlanır. Cərgələrin arası traktorlarla şumlanır. Tənəklərin dibini isə işçilər bellə şumlayır. Bunun quru, yaşıl bağlaması var. Dərman, gübrə xərcləri var. Birdə yığım xərcləri. Hektardan təqribən 20 ton üzüm götürürük. Əslində məhsuldarlıq daha yüksək olmalıdır. Sadəcə, mənim yerim seyrəkdir. İlk vaxtlar üzümün 1 kiloqramını 1 manata, 1 manat 50 qəpiyə satırıq. Sonra qiymət 80-60 qəpiyə düşür».

Əli Hüseynov deyir ki, onun əlavə 3 hektar sahəsi var. Orada da üzüm salmaq istəyər. Ancaq rayonda bəzi adamlar onun yerinə göz dikib, üzüm bağlarını əlindən almağa çalışırlar. Halbuki, yerinin bütün sənədləri qaydasındadır. Əli Hüseynov deyir ki, indi sadə insanların çoxu məhz maddi imkansızlıq üzündən üzümçülüklə məşğul ola bilmir:

«Üzüm əkdin, yalnız 3-4 ildən sonra məhsul götürürsən. 1 hektara məhsul götürənə qədər 8-10 min manat xərcin gedəcək. Ona görə, kasıb əhali bu işdən uzaq durur. İndi üzüm əkənlər ancaq varlı adamlardır».

ÜZÜMÇÜLÜYÜ TƏKRAR NECƏ İNKİŞAF ETDİRMƏK OLAR?

İqtisadçı Nemət Əliyev deyir ki, burda inkişafa ən böyük maneə emal müəssisələrinin olmamasıdır:

«Özəlləşdirmə vaxtı Azərbaycanda sovet dövründən qalma şərab zavodlarının çoxu ucuz qiymətə satıldı. Onları söküb, daşını-dəmirini satdılar. İndi olan emal müəssisələri sovet dövründə olan şərab zavodlarının heç 40 faizini təşkil etmir. Emal müəssisələri yaradılarsa, bu sahədə inkişaf olar. Bir də təbi ki, fermerlərə güzəştli kreditlər verilməlidir. Bu sahə məmur-oliqarxların nəzarətindən çıxarılmalıdır. İndi iri üzüm sahələri məmur-oliqarxlara məxsusdur. Onlar da özlərinə lazım olduğu qədər emal müəssisələri açıblar».

XS
SM
MD
LG