Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:49

Taleh Bağırzadə Bakının şeyx al-Nimr-idir?


Taleh Bağırzadə
Taleh Bağırzadə

-

«Səudiyyə Ərəbistanında dissident şiə ruhanisi Baqr al-Nimr-in edamı müsəlman dünyasında rezonans doğurmaqdadır. Bu arada Azərbaycanda daha bir cəsarətli şiə ruhanisi Taleh Bağırzadə dəmir barmaqlıqlar arxasındadır».

eurasianet.org saytı Eldar Məmmədovun təhlilini dərc edib. Avropa Parlamentində Sosialistlər və Demokratlar Qrupunun siyasi müşaviri Eldar Məmmədovun məqalədə şəxsi mövqedən çıxış etdiyi qeyd olunur.

BAĞIRZADƏ AL-NIMR-Ə NƏDƏ BƏNZƏYİR

Bağırzadə Bakının Nardaran kəndindəki toqquşmalar zamanı həbs olunub. O, «Müsəlman Birliyi Hərəkatı» adlanan təşkilatın rəhbəridir.

Müəllif yazır ki, Azərbaycan liderləri şiə probleminin həllində Səudiyyədə al-Nimr-in edamı və ondan sonra baş verənlərdən dərs çıxarmalıdırlar:

«Bağırzadənin Əliyev administrasiyasına qarşı sərt bəyanatları onun həbsinin əsl səbəbi kimi görünür. O, hakimiyyətə hücum xarakteri ilə al-Nimr-i xatırladır. Nəcəfdəki Böyük Ayətulla Ali Al-Sistani kimi ənənəvi, siyasi baxımdan sakit şiə ruhanilərdən fərqli olaraq, Bağırzadə və al-Nimr şiəliyin siyasi inadkar qanadına aiddir, İran İslam Respublikasının yaradıcısı Ayətulla Khomeini də bu sırada idi».

«LİBERAL DEMOKRAT DEYİLLƏR»

«Ancaq Bağırzadə də al-Nimr kimi avtoritarizmə qarşı çıxsa da, onlardan heç biri liberal demokrat deyil. 2008-ci ildə yayılmış «WikiLeaks» teleqramlarında al-Nimr ABŞ diplomatıyla söhbətində İranın idarəçilik sistemini dəstəkləyirdi».

«Bağırzadə iyulda həbsdən buraxılandan daha ehtiyatlı siyasi bəyanatlar verib. O, Azərbaycanın indiki məqamda İslam Respublikası qurmağa hazır olmadığını etiraf edir, ancaq İran sisteminə qarşı olduğunu da dilə gətirmir. O, ölkənin 19-cu əsrədək şəriətlə idarə olunduğunu vurğulayır, ancaq bu idarəçiliyin yenidən tətbiqinə də çağırmır. Ancaq moizələrindəki sərtlik, prezident İlham Əliyevi İraq diktatoru Saddam Hussein-lə müqayisə etməsi mövqeyi barədə fikir formalaşdırır».

Müəllif yazır ki, al-Nimr və Bağırzadə dini-siyasi baxımdan ümumi baxışları paylaşdığı kimi, onları həbsə atanlar da oxşar davranıblar. Üzdən baxanda, vəhhabi monarxiyası olan Səudiyyə Ərəbistanı ilə dünyəvi Azərbaycanın oxşar cəhətləri azdır. Ancaq bu ölkə liderlərinin hakimiyyəti saxlamaq metodlarında oxşarlıqlar var. Hər ikisində sülalə sistemidir – Səudiyyədə rəsmi, Azərbaycanda faktiki. Hər ikisi narazılarla sərt rəftar edir. Düzdür, Səudiyyədə edam yayılsa da, Azərbaycanda çoxdan ləğv olunub. Hər iki ölkə neftdən asılı olduğundan, «qara qızıl»ın ucuzlaşması Ər-Riyad və Bakıda maliyyə çətinlikləri yaradıb. Nəticədə də hər iki ölkədə sosial duruma təhlükə yaranıb.

Səudiyyədə etirazçılar şeyx Nimr al-Nimr-in portretini tuturlar - 2012
Səudiyyədə etirazçılar şeyx Nimr al-Nimr-in portretini tuturlar - 2012

QONŞULARI QƏZƏBLƏNDİRMƏMƏK

«Rəsmi ritorikaya rəğmən, al-Nimr və Bağırzadə iranpərəst baxışlarına görə deyil, ictimai narazılığa dəstək verdiklərinə görə təhlükə mənbəyi sayılırlar. Onlar Bakı və Ər-Riyadda elitalara ictimai təhlükə törədirlər. Bu problem indi özəlliklə təhlükəlidir, belə ki, rejimlər sosial vədlərini yerinə yetirməkdə çətinlik çəkirlər».

Müəllifin fikrincə, Səudiyyə şiə ruhaninin qətlinin doğuracağı qəzəbi öncədən görürdü, ancaq eskalasiyaya getdi, bir məqsəd də ölkədəki iqtisadi çətinliklərdən diqqəti yayındırmaq idi. Amma maliyyə resurslarının azalması, beynəlxalq diplomatik və hərbi dəstəyin olmaması Bakının belə bir yol seçməsini əngəlləyir. Rusiya-Türkiyə və İran-Səudiyyə böhranı Bakını da çətin durumu salır, iqtisadı sancılar başladığı bir məqamda qonşularını qəzəbləndirməmək üçün ehtiyatlı davranmağa çalışır.

«İndiki məqamda maliyyə qeyri-müəyyənliyi ilə diplomatik böhranın birləşməsi Azərbaycana gərəkən sonuncu şeydir. İranda şiə ruhanilərin taleyinə göstərilən həssaslığı nəzərə alsaq, Bakı Bağırzadəyə Səudiyyənin al-Nimr-ə yanaşmasından tam fərqli münasibət sərgiləməlidir. Bağırzadəyə qarşı cinayət işinin hüquqi əsasları varsa, o, ədalətli məhkəməyə çıxarılmalıdır. Əks halda, buraxılmalıdır», -müəllif yazır.

XEYİR-DUA

«Ümumilikdə isə Azərbaycanı ağuşuna almış, sürətlə inkişaf edən iqtisadi tufan Əliyev administrasiyasından ötrü bir xeyir-dua rolunu oynaya bilər. Hökumət çoxdan gərəkən struktur iqtisadi islahatlara başlaya, Avropa Birliyi və Birləşmiş Ştatlarla münasibətləri yenidən qura, siyasi məhbusların buraxılması daxil olmaqla, ehtiyatla idarəolunan siyasi liberallaşdırmanı həyata keçirə bilər».

«Bacarıqla və düzgün ardıcıllıqla idarə olunsa, bu islahatlar Azərbaycanı daha ümidverici yola çıxarar. İstənilən halda, belə islahatlar Bağırzadə kimi ruhanilərin siyasi nüfuzunu məhdudlaşdırmağı hədəfləyən açıq repressiyadan daha səmərəlidir».

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs olunub. O və daha 14 nəfər terrorda, qəsdən adam öldürmədə, kütləvi iğtişaş salmada və daha bir neçə cinayətdə ittiham edilirlər. Onlara qarşı 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG