Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:49

Manat şadlıq saraylarına «toy tutdu»


Şadlıq Sarayı
Şadlıq Sarayı

-

Nə vaxtsa aylarla şadlıq evlərində sifariş edilməyən, boş gün gözləyən toy sahibləri indi restoranlara yaxın düşmürlər. Şadlıq sarayları isə ayın yalnız bir neçə gününü siyahıda qaralayıb. Düzdür, yanvar-fevral ayları toy-düyün baxımından bir az kasad olur. İnsanlar havaların istiləşməsini gözləyirlər. Ancaq yenə də şənliklər keçirilirdi. Sadəcə, milli valyutanın getdikcə ucuzlaşması insanları gözləməyə məcbur edib.

«ƏVVƏLLƏR ÜÇ, İNDİ İSƏ BEŞ İL İŞLƏYİB CEHİZ ALMALIDIR»

«Golden Ring» şadlıq sarayının administratoru Azər Hüseynov deyir, qiymətləri sabit saxlayıb, keyfiyyəti azaldıb, müştəriləri itirməmək üçün menyuya redaktə edən restoranlar var.

«Əvvəllər bizim şadlıq sarayında müdiriyyət hər toydan 15 faiz pul qazanırdısa, indi bir az güzəşt edib. Belə ki, qazancı 7-8-9 faiz etmişik. Təbii ki, bu da toya baxır. Bir az da qiyməti qaldırmışıq. Dolların qalxmasının vurduğu ziyanı həm özümüz, həm də toy sahibi arasında bölüşdürmüşük. Belə etmişik ki, toy sahibinə də çox ziyan dəyməsin», - deyə Azər Hüseynov bildirir.

Azər Hüseynov söyləyir ki, bu şadlıq sarayında ötən dekabrda 5-6 toy olub, fevralda 3-4, martda da 4-5 toy gözlənilir. O, əhalinin manatın sabitləşməsini gözlədiyini sözlərinə əlavə edir. Menyunun qiyməti isə 35-50 manat arası dəyişir:

«Toy üçün axı təkcə şadlıq sarayını həll etməklə iş bitmir. Bunun əvvəlində nə qədər dəm-dəsgah var. Məsələn, cehiz almaq mərhələsi... Elə ailələr var ki, deyir, «3 il işləyim qızıma cehiz alım». İndi məcburdur ki, 5 il işləyib cehiz alsın. Ona görə, istər-istəməz, toylar da azalıb. Hətta, toyu danışanda da, deyirlər ki, «biz danışdıq, bu qiymətdə razılaşdıq, sabah dollar 3 manata qalxsa, ondanecə olacaq?». Onları da qınamaq olmaz. Özlərini bir növ sığortalayırlar».

QAPISI QIFILLI ŞADLIQ EVLƏRİ

«Oskar» şadlıq sarayının administratoru Natiq həmişə yanvar, fevralda toy sarıdan kasadlıq olduğunu təsdiqləyir, ancaq bu il durumun lap zəiflədiyini deyir:

«Oskar» şadlıq sarayı
«Oskar» şadlıq sarayı

«Görünür, ildən-ilə yanvar-fevral aylarında toy edənlərin sayı azalmaya doğru gedir. Əvvəllər ayda 15 toy olurdusa, indi 5-6-ya düşüb. Elə şadlıq evləri var ki, yanvarda 1 toy edib. Eləsi də var ki, ümumiyyətlə, bu aylarda qapısını bağlayır, işləmir. İndi də qeyri-müəyyənlikdir. Bilmək olmur, qışla, yoxsa dolların qalxması ilə əlaqədardır. Amma mənə elə gəlir, bir neçə il öncə olan güclü qışdan sonra hamı bu aylarda toy etməkdən qorxdu».

Qiymətlərə gəlincə, müsahibimiz deyir ki, onsuz da yanvar-fevral aylarında maydakı, yəni nisbətən aşağı qiymətlə toy edirlər:

«2-3 manat aşağı edirik ki, heç olmasa, toy olsun, işçilər evə çörək aparsınlar. Çünki onlar da toydan-toya pul qazanırlar. Aşağı edirik, amma gərək müştəri gəlsin, gələn yoxdur axı... Ötən ilin dekabrında 10-11 toy etmişdik. Fevrala 3 yazılan var. 2-3 toy işləyib nə edəcəyik ki?! Vəziyyət çox pisdir. Bakı şəhərində əksəriyyət şadlıq evləri ilə dolanırdı. Paltar, qızıl, meyvə-tərəvəz satan hamısının alveri toyların sayəsində gedirdi».

«ƏTİN QİYMƏTİ 10 MANATDAN QALXSA...»

Qardaşının toyuna hazırlaşan Mayisə xanımın ailəsi isə menyunu köhnə qiymətlərlə razılaşdırıb. Çünki devalvasiyadan öncə - noyabrda yer sifariş ediblər. Ancaq ailə digər məsrəflərə heç qıymayıb:

«Restorandan dedilər ki, «sizlə çoxdan danışmışıq». Ona görə də qiymət artımı olmayacaq. Ətin qiyməti 10 manatdan qalxsa, qiymətə təsir edəcək. Yaxşı ki, ətin də qiymətində dəyişiklik olmadı... Nə lazımdısa, aldıq. Qız toyu, oğlan toyu ayrı-ayrı olacaq».

Ancaq Maisə xanım bütün toy aksesuarlarının bahalandığını da sözlərinə əlavə edir. Belə ki, 16 manatlıq xına idi 19-20 manat, 30 manatlıq güzgü 40-45 manat, 5 manatlıq səbətlər 7 manat, xına mərasiminə bişirilən şirniyyatlardan 40 qəpiklik şəkərbura 70 qəpik olub, paxlavanın 1 kilosu 7 manatdan 12 manata qalxıb.

Toy. Foto illüstrasiya
Toy. Foto illüstrasiya

Yanvarın 31-də gəlin olacaq Sevda xanımsa ən çox qızılın bahalandığını vurğulayır:

«130 manata gəlinlik paltarını kirayə götürmüşəm. Amma çəkilən xərclərin içərisində elə ən çox şadlıq sarayının qiyməti sərf elədi. Xına mərasimini evdə edəcəyik».

TOYSUZLUĞUN GÖZƏLLİK SALONLARINA, TAKSİLƏRƏ TƏSİRİ

Toyların azlığından təkcə şadlıq evləri yox, gözəllik salonları, şadlıq evlərinin önündə dayanan taksi sürücüləri də ziyana düşüb. «Estellito» gözəllik salonunda işləyən Seyran xanım müştərilərin azaldığını söyləyir:

«İndiyə kimi heç belə olmamışdı. Qiymətlərdə artım yoxdur. Gəlinin saçı, makiyajı, manikürü birlikdə 260 manatdır. Adi toy üçün saç 30, makiyaj 30 manat, əlavə saç qoyulursa, 40 manata başa gəlir».

Restoranların birinin önündə axşam saatlarında «taksovatlıq» edən Rəsul dayı da müştəri qıtlığından gileylənir:

«Gündüz saatlarında şəhərin başqa yerlərində fəaliyyət göstərirəm. Axşam düşəndə isə şadlıq evlərinin yanında dayanıram ki, toydan çıxanları aparam. Əvvəllər gündüzlər işləməyəndə, ümidimizi gecəyə bağlayırdıq ki, şadlıq evindən ən azı iki müştəri aparacağıq, çörəkpulu çıxacaq. İndi isə vəziyyət çox pisdir. Toylar az-az olur. Heç taksiyə minən də yoxdur...».

Ancaq bəziləri devalvasiyanın toylara müsbət təsirinin olduğunu da deyir. Belə ki, ərzağın bahalaşması menyuya əl gəzdirilməsi, israfçılığın qarşısının alınmasıyla sonuclana bilər. Təbii ki, bu, təmtəraq, dəbdəbəli toy-büsat sevənlərə aid deyil.

XS
SM
MD
LG