Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:20

Təşkilatçı: Camaat elə bilirdi ki, yarmarkada sosial yardım verilir


Gəncədə işsizlər izdihamı
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Gəncədə işsizlər izdihamı

-

Fevralın 5-də polisin Gəncədəki əmək yarmarkasına qatılanları sıxışdırması sakinlərin etirazını doğurub. Yarmarkaya qatılanlardan Samir Məmmədov AzadlıqRadiosuna deyib ki, adamların çoxluğunu, həm də etiraz etdiklərini görən təşkilatçılar əlavə qüvvəsi polis çağırıb:

«Yarmarka başlanmazdan əvvəl də polis vardı. Ancaq təklif olunan iş yerləri adamları razı salmadığından, üstəlik, adamlar içəri buraxılmadığından basabas və qarışıqlıq düşdü. Sonra əlavə polis gəldi. Camaatı itələməyə başladılar. Polis etirazçıları maşına basıb aparmaq istəyirdi. Biabırçı bir şey oldu. Axırda camaatı qovub çıxardılar və yarmarka baş tutmadı».

Əmək yarmarkasının təşkilatçısı, Dövlət Məşğulluq Xidməti Gəncə şəhər şöbəsinin müdiri Abil Tağıyev tam əks fikirdədir və tədbirin çox yaxşı keçdiyini deyib:

- Əmək yarmarkası niyə baş tutmayıb ki? Çox gözəl baş tutdu. Sadəcə, adamımız çox idi. Əhalimiz çox gəlmişdi. 751 iş yeri təklif olunurdu. 25 dənə də dövlət qulluğu vardı.

- Təklif olunan vakansiyaları tutmaq istəyənlər işlə təmin oluna bildilər?

- Təkliflərin 200-ü həkim və tibb bacısı yeri idi. Bu yerlərə gələn olmadı, boş qaldı. Ondan ötrü neyləyə bilərik? Gərək başqa ixtisas yerlərinə də seçim keçirəydilər. Vətəndaş istəməyəndən sonra biz onu məcbur eləyə bilmərik ki.

Abil Tağıyev
Abil Tağıyev

- Yerlərin hamısı doldu?

- Yox, hamısı dolmadı. 274 göndəriş alındı. 20 nəfər də peşə kursuna yazıldı.

- Müraciətçilərin bu qədər çox olacağını gözləyirdiniz?

- Adamlar çox idi. Elə bilirdilər ki, orda sosial yardım verirlər. Biz elan vermişdik ki, işlə bağlı əmək yarmarkası keçirilir. Adamların çoxu başa düşməmişdi. Yoldan keçən də gəlmişdi, birinin yanında 5 nəfər də. Biri baxmağa gəlmişdi, biri deyir, görəsən, bu nə toplantıdır. Biz orda boş yerləri bildirmişdik. Elan vermişdik ki, əmək yarmarkasıdır. Vətəndaşa da deyə bilmərik ki, niyə gəlib burda durursan?

- Deyəsən, əmək yarmarkasına ilk dəfə bu qədər çox adam qatılırdı...

- Bəli, ilk dəfə idi ki, bu qədər adam toplanmışdı. Bizdə əvvəllər də əmək yarmarkaları olub. Ancaq bu dərəcədə çox adam olmamışdı. Əvvəl meydanda keçirirdik. İndi havanı nəzərə aldıq, qapalı yerdə keçirdik. Bütün idarə və müəssisələrdən kadrlar şöbəsinin məsul işçiləri gəlmişdi. Onlar da oturub yazmalıdırlar, axı. Gələn vətəndaşı başa salmalı, onun CV-sini götürməli, qeydiyyata almalıydılar ki, biz onlara göndəriş verək. Ona görə havanı da nəzərə alıb içəridə keçirdik. Çünki bu gün hava uyğun ola, amma sabah temperatur 10 dərəcə aşağı düşə, qar yağa bilər. Havanın isti olacağını bilmirdik. Bilsəydik, icra hakimiyyətinin qarşısındakı meydanda, stadionda, ya da idman komplekslərinin birində keçirərdik.

- Yarmarkaya nə qədər adam gəlmişdi?

- Dəqiq deyə bilmərəm, amma 1500-dən çox idi.

- Gəncədə işsizlərin sayı nə qədərdir?

- Rəsmi işsizlərin sayı 3500 nəfərdir.

- Bəs, işləyən əhali nə qədərdir?

- O rəqəm şöbədədir, indi deyə bilmərəm.

- Əmək yarmarkaları həmişə Yeni Azərbaycan Partiyasının binasında keçirilir?

- Yox. Qapalı yer olduğu üçün orda keçirdik. Həm də qarşısında meydan var, ona görə. Başqa seçim edə bilmədik, ona görə orada keçirdik. Əvvəllər də bir neçə dəfə orada keçirtmişik.

- Yarmarkaya çox sayda polisin gəlməsi hansı zərurətdən doğub? İştirakçıların söylədiyinə görə, sonradan əlavə polis qüvvəsi də çağrılıb.

- Polisi şəxsən mən özüm dəvət etmişdim, çünki əhalidir, narahatçılıq olmasın, bir-birinə hörmət qoysunlar, ona görə.

Gəncədə əmək yarmarkası.
Gəncədə əmək yarmarkası.

- Əvvəlki yarmarkalarda da polislər iştirak edib?

- Bəli, həmişə iştirak edirlər. Həkimlər vardı, - insandır, bir şey olsa, yardım göstərilsin deyə. Təcili yardım maşını da vardı. Polislər də dəvət olunmuşdu. Sakitliklə, yaxşı keçdi. Heç bir hadisə olmadı. Vətəndaşlarımız sərbəst içəri girib seçim etdilər, göndəriş alıb getdilər. Yəqin, ya birinci, ya da ikinci gün onların işlə təmin olunmaları haqqında sənədlərin hamısı təsdiqlənib gələcək.

- Polisin saxladığı adamlar da var?

- Yox, nə saxlanan olub, nə də qeyri-adi bir şey. Sadəcə, adamlar çox idi. İstədik 10-10, ya da 15-15 buraxaq ki, sərbəst olsunlar, sözlərini açıq deyə bilsinlər. Biz 10 nəfər buraxmaq istəyəndə birdən camaat «hurr» eləyib girdi. Dedim dəyməyin, qoyun keçsinlər, nə seçim eləyirlər, eləsinlər. Vəssalam, belə oldu.

- Yenə belə yarmarka keçirməyi düşünürsünüz?

- Cənab başçı tapşırıq verdi ki, bundan da böyük bir toplantı keçirək. Böyük əmək yarmarkası olacaq. Hansı vaxta təyin etsə, biz hazırıq.

- Əmək yarmarkasını icra başçısı keçirir?

- Bəli, bəli... Yox, bu yarmarkanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təşkil etmişdi. Başçı da iştirak edir. Onun razılığı ilə keçirilir. Şəhərin rəhbəri odur. Onsuz ola bilməz. Tapşırığı cənab başçı verir, biz də ona uyğun hərəkət edirik.

Sözardı: Abil Tağıyev AZƏRTAC-a yarmarkaya 56 idarə, müəssisə və təşkilatdan 400-ə yaxın iş yeri çıxarıldığını, 132 nəfərin işlə təmin edildiyini söyləyib. Bütövlükdə təklif olunan iş yerlərindən 134-ü fəhlə, 125-i qulluqçu, 138-i xidmət yerləri olub. İş yerlərində əməkhaqqı 143 manatdan 717 manatadək nəzərdə tutulub.

XS
SM
MD
LG