Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:41

Kommunistlər demokrat oldu, demokratlar - demaqoq


Yaşar Bünyad
Yaşar Bünyad

-

"Qalın şüşəli eynəyində bərq vuran şüalar gözlərini də qamaşdırmadı. Nə Günəşin heyi qalmışdı, nə də Rəcəbin."

Yaşar Bünyad

DEMAQOQ RƏCƏB

(hekayə)

Gərək qoyun olasan ki, ovuc içi kimi görünən kiçicik şəhərdə nələr baş verdiyindən bixəbər qalasan.

Necə ki, qonşunu tanıyırsan, “bazarkom” Vəlini, dəllək Qəşəmi, qara Təyyarı, işıq, qaz idarəsinin müdirini, raykom katibi Qulaməli müəllimi, “semişka” satan kor Vartanı, eləcə də, məsələn, prokuror Nəcəflini tanıyırsan, deməli, onun da hansı oyunlardan çıxdığından halisən; bapbalaca şəhərdi də, bu başında “cırt” elədin, iyi o biri başından gəlir...

Ədalət ilahəsidi, nədi, bir əlində qılınc, o birində tərəzi... gözübağlı qız var ha, - Femidadı, nədi.., hə, o Femida - başının üstündə dura-dura rayonu barmağına sarıyan prokuror Nəcəfli, gör necə qudurub ki, təzəcə qızlar bulağından su içmiş Gülsümü katibə götürəndən sonra hökumətin ona tapşırdığı vəzifəni də, evinin yolunu da unutmuşdu; sorağı gah İsmayıllı meşəsindən, gah da Bakının “İnturist”indən gəlirdi.

Arvadı da bu balaca rayon mərkəzində yaşadığından hər şeydən xəbərdar idi. Gözüylə görməsə də, qulağı eşidirdi. Amma susurdu. “Onu ovcunun içində saxlayır, istədiyin alıb gətirir, əgər-əskiyi yox, daha nə lazımdı.” Başqası olsaydı, qan salıb dünyanı ərinin başına çevirərdi.

Amma köpəyoğlu vəzifə, var-dövlət, hörmət-izzət qabağını kəsirdi. “Kişidi də, bir az hərrədib-fırradıb qayıdacaq xarabasına. Birinci dəfədi məgər?”-deyirdi.

Elə də oldu.

Prokurorun sürücüsü, dünyadan bixəbər (belələri də varmış!) kənd uşağıydı. Nəcəfli beş-altı ayın içində necə düzüb-qoşdusa, dədə-baba qaydasıyla toy çaldırıb katibəsiylə sürücüsünü evləndirəndən yeddi ay sonra Gülsüm uşaq doğdu.

“Pəpə” deyəndən “məmə” yeyənə qədər hamı bilirdi uşaq kimnəndi. Dilə-dişə düşməməkçin, Nəcəflinin Bakıda bəy-gəlinə toy hədiyyəsi aldığı evə köçdülər, bununla da söz-söhbət bitdi, çünki bu şəhərdə təzə hoqqa əmələ gələn kimi köhnələr yaddan çıxırdı.

Qara Təyyarın bicbala, dəllək Qəşəmin uşaqbaz, bazarkom Vəlinin uç arvadlı, raykom katibinin mafioz olduğu hamıya bəlliydi. Yəni, eşitmişdilər.

Amma kor Vartan erməni agenti, ağsaqqallar şurasının sədrinin (o da erməniydi) “Daşnaksütun”un kassiri olduğunu guya bir KQB bilirdi, bir də Rəcəb.

Əslində hamı hər şeydən haliydi, amma başını salamat saxlamaq üçün dilini dinc qoymaq da bu şəhər əhlinin xislətiydi.

***

Rəcəb çörəkpulunu öz “arxivində” qoruyub saxladığı “mühüm” məlumatlardan çıxarırdı.(Doxsan manat maaşla yeddi baş külfəti saxla görüm, necə saxlayırsan.) Bax, ali təhsili olmasa da, Rəcəbin güclü yaddaşı, məntiqli nitqi, situasiyanı soyuq başla analız etməsi, hər hadisəyə ağılla yanaşma qabiliyəti başını uca, qarnını tox, dilini uzun etmişdi.

“Danışmaq gümüşdüsə, susmaq qızıldı “ – deyən atalara ürəyində o qədər “yağlı” sözlər deyirdi ki, gəl görəsən. “Əlimə keçəydi dəə, keçəydi əlimə bunu uyduran!... Ə, susmaq havaxtdan qızıla dönüb, xəbərim yox?! Əəə, atalar, lal olmusuz ki, bu günə qalmusuz da?!”

Hə, susmaq Rəcəblik deyildi. Xətir-hörməti öz yerində, çoxları ondan qorxurdu da. O da yaxşı bilirdi, nə qədər ki, vəzifə-filan var, nə qədər ki, acgöz məmurlar nəfsini boğa bilmirlər, onun günü-güzaranı yağ-bal içində keçəcək!

İllüstrasiya
İllüstrasiya

Rəislərin, katiblərin, sovxoz-kolxoz müdirlərinin tez-tez dəyişdirilməsi də lap yerinə düşürdü.

Rayonda hamı onu tanıdığından, həm də qorxduğundan (yazdığı bir parça kağız daşı da dəlib keçirdi!) vəzifəyə təyinat almamış, yuxarıların basdığı möhür qurumamış, Rəcəbin pay-parçası qapısındaca hazır olurdu.

Üzünə deməsələr də (nəkarəydilər!), adına “demaqoq” ayaması yapmışdı camaat. Demaqoq sözünün mənasını başa düşməsələr də, biraz iyrənc və kobud səsləndiyindən uşaqlarına, qohum-əqrabasına pis təsir edən ayama ona zövq verirdi.

İlk dəfə camaatın qızına-arvadına sataşan, altını haram pulla doldurub quduran, vaxtlı-vaxtında yuxarıları “razı” salan əzazil birinci katibin özbaşınalığından, cavanların cibinə “şey” atdırıb dədələrin müflis edən “naçalnik”dən, büdcənin pulunu mənimsəyib Krasnodarda bankda “fırladan” texnikom direktorundan, on min alıb ölüm işinə xitam verən məhkəmə sədrindən Mərkəzi komitəyə, Kremlə, lap Leninin movzaleyinə yazmışdı anonim ərizələri və ilk “qələm” təcrübəsinə güclü reaksiya gəlmişdi Moskvadan; komissiya komissiya dalısıycan tökülmüşdü rayona.

Hərə öz sözünü deyib, öz payını alıb gedəndən sonra yerli təşkilatlar başladı anonim ərizələri yazanın ovuna. O vaxt ki, qanı it qanına dönmüş katibin göstərişiylə məhkəmə sədrinin məxfi xətt-ekspertiza yoxlamaları Rəcəbin gözəl xəttini aşkarladı, apar-gətir də başladı.

Bir neçə gün “padval”da saxladılar, xox gəlib yox eləyəcəkləriylə qorxutdular, amma onun informasiyaları o qədər dürüst və doğruydu ki, onu susdurmağın yolunu tapmaq gərək idi ki, bir də “arxalı köpək”ləri incitməsin. Tapdılar da.

Bir demaqoqu dayandırmaq bu boyda rayonun yiyəsinə su içmək kimiydi: iclas çağırdı, ərk elədiyi bəzi müdirlərə tapşırdı ki, Rəcəb müəllimin ailəsinə köməklərini əsirgəməsinlər.

“İctimai fəal vətəndaş, aktiv kommunust gözümüzün qabağında acından ölməli deyilki?!” - dedi raykom. Özüm ölüm, beləcə dedi.

Rayon səviyyəsində baş vermiş qalmaqaldan xəbərdar müdirlər bəladan uzaq olmaq üçün ağızları nəydi ki, yuxarıların göstərişinə əməl etməsinlər; həm katibə yararlı olar, həm öz gönlərini qoruyub işlərini görərdilər.

Artıq bu ağır titulu daşımaq alnına yazılmış Rəcəb, o gündən ictimai simaya çevrildi. “Danışmaq gümüş, susmaq qızıldı” fəlsəfəsiylə yaşayan camaatın aylarla, günlərlə ayaq döydüyü idarələrin qabağında növbələr olan dəri üzlü qara qapılarını ayağıyla açır, hər işini yola verirdi.

İş o yerə gəlib çıxmışdı ki, büdcədən yeyən idarələr arasında gözdən iraq arxiv şöbəsinə aylıq, illik mükafatlar, həmkarlar hesabına pulsuz putyovkalar da ayrılırdı.

Amma yazmaya bilmirdi Rəcəb. Ətrafında o qədər ədalətsizliklər, özbaşınalıqlar baş verə, o da susa? Ölmüşdü Rəcəb! ...Hə, xəttini tanımasınlar deyə ərizələri yazır, üzünü səkizincidə oxuyan qızına köçürtdürürdü. Poçt şöbəsində nəzarətdə olduğundan ehtiyat edib məktubları ya Bakıdan, ya da qonşu rayonlardan yola salırdı...

...“Moskovski komisya” bu dəfə “perepiska” məsələsiylə məşğul oldu. Sən demə, rayon üzüm planını heç əlli faiz də yerinə yetirmib! İri sovxozlarda olan yeyintilər kəllə-çarx imiş. Mükafat cədvəlləri yoxlananda lap zibili çıxıb.

Ömründə əli bağ qayçısı görməyən, ayağı üzüm bağına dəyməyən, hətta uş-dörd il əvvəl rəhmətə getmiş qocaların da adına mükafat yazılıb yeyilmişdi...

Rəcəbin atdığı oxa tuş gələnlər vardan-yoxdan çıxıb, çağrılmamış qonaqları yola salandan bircə ay keçmişdi ki, birinci katib “vəzifəsindən sui-istifadə etdiyinə görə” işdən çıxarıldı, bir neçə sovxoz direktoru, mühasib, briqadir həbs edildi...

***

Adətə görə, kabinetində öz zövqünə uyğun dəyişiklik edəndən dərhal sonra , təzə katib rayonun “şərəşur” adamlarını prokurorun, məhkəmə sədrinin və milis rəisinin iştirakıyla qəbula çağırdı. “Ay belə kəsərəm, belə asaram” demədi, amma iri yumruğunu stolun üstünə çırparaq, ilk və son xəbərdarlığını etdi:

“Nə qədər mən burdayam, bu rayondan yuxarılara bir “quş” uçsa... hamınızı dama basacam! Eşitdiz?! Hammı-nızııı!!!”

İndi vəzifədəkilər Rəcəbdən ehtiyat edir, təzə katibdən isə qorxurdular. Allah eləməmiş, qulağına çatsa, kresloları əldən gedər deyə pay-pürüştü kəsmişdilər.

“Təki düz işləsinlər, ürək bulandırmasınlar... Ay canım, qorxursan, əliəyrilik eləmə, taraz işlə də. Evinə haram tikə aparmasan, olmur bəyəm? Xalxın balası yemir haramı, ölür? Səninki də yeməsin! Yeməsin, mən də yazmayım. Yemə dəə!.. Nahaq yazıramsa əl-qolumu kəsin! ... "-fikirləşirdi Rəcəb.

Amma bilirdi xeyri yoxdu.”Köpəyoğlu şeydi ee, bu kreslo! Oturdun, danqradnan da qoparmaq olmur.”

Deməli, yazacaq! Lap atalarını yandıracaq!.. Bu dəfə, üçüncü sinifdə oxuyan oğluna yazdırdı; o, dedi, uşaq yazdı. Özü də katibdən – birincidən!

Yazdı ki, altı aydı gəldiyi, meşədə restoran tikdirib (düzdü) matuşkalarla kef eləyir, şəhərin mərkəzində qonaq otağı adıyla malikanə ucaldıb şərab zavodunun hesabına (dəqiq), rüşvət alıb filankəsi vəzifəyə qoyub, süd verməyən inəklərdən iyirmi litr süd “sağdırır” (qərəzsiz), yun planı yalandan dolur.., bir sözlə, söküb-dağıdır, talayır rayonu...

Atalar düz deyibmiş: “Arxalı köpək qurd basar”. Bu dəfə də gəldilər, yoxladılar, aldılar və getdilər... O gündən də Rəcəbin qara günləri başladı. Hər dəfə yüksək səviyyəli qonaqlar rayona gələndən bir gün əvvəl Rəcəbi “damlayırdılar” ki, dilini dinc saxlasın.

Rəcəb, “ÇK”-da , “MK”- da eyni qaloşun tayı, eyni bezin qırağı olduğunu bilsə də, yazmaqdan əl çəkmirdi ki, çəkmirdi.

***

Sədaqət andı içdiyi partiyanın biletini şərəflə daşıyan Rəcəbi təzə katib kabinetinə dəvət edib, ona vəzifə təklif edəndə duruxub qaldı. “Yox” deməyə ürəyi, “hə” deməyə cəsarəti çatmadı.

Çox götür-qoy etdi. Hətta dili də bir az qıfıllandı. İllər boyu bunumu gözləmişdi Rəcəb, bilmədi. İndiyəcən heç kimsənin ağlına gəlmədiyi təzə katibin ürəyindən keçdiyinə görə sevindi, həm də kövrəldi ...

“İndiki ağır zəmanədə sizin kimi ədalətli kommunistləri barmaqla saymaq olar, Rəcəb müəllim! Siz əsl leninçisiz! Vicdanlısız! Kommunistsiz! Sov.İKP MK-nın yürütdüyü siyasətin, yeni proqramların dürüst və qətiyyətlə həyata keçirilməsində Sizin kimi vicdanlı partiyaçılarımıza ehtiyacım var. Mənə bu yenilməz yolda yol yoldaşı olmanızı istəyirəm . Əminə , yuxarılar da sizin namizədliyinizi bəyənəcək.” - Təzə katibin qısa, lakin alovlu çıxışından sonra Rəcəb nəkarəydi razılıq verməyə. Camaat bir ətək pul verib vəzifəyə getdiyi halda, katibin, özü də birinci katibin ona etimad göstərməsi göydəndüşməydi!

***

Ömrü boyu arxivdə işləmiş və əməlli-başlı təhsili də olmayan Rəcəbin rayon yun tədarükü kombinatının direktoru vəzifəsinə təsdiq olunduğunu eşidən rayon camaatı barmağını dişlədi ki , “burda nəsə var”.

Kim nə fikirləşir fikirləşsin, amma ikicə ay keçməmiş təsərrüfatlarda yun qırxımı ki başladı və Rəcəbi Bakıya, nazirliyə çağırıb doxsan səkkiz (yüz yox!) faiz planı dolduracağını boynuna qoyanda, Rəcəb anladı ki, onun da fiti çalındı.

Deyəsən, bu, heç “fıştırıqçı ” Qasımın da fitinə bənzəmirdi. Bu paravoz fitiydi!

Çobanlar, qırxınçılar, ferma müdirləri, təsərrüfat və rayon rəhbərləri, həmişəki kimi, “paylarına düşən” bel yununu ələkdən keçirəndən sonra şaqqıldağlı yun kiplərini tədarük məntəqəsinə təhvil ki verdilər, Rəcəb planın heç otuz faiz də dolmayacağını anladı.

Ağlına gəlməyən başına gəldi Rəcəbin; katib büro iclasında məntəqənin yarıtmaz işindən, guya qulağına çatan maliyyə pozuntularından elə danışdı ki, az qala o da hamı kimi inanmışdı.

Büro dağıldı. Katib yüksək alicənablıq göstərərək, onun qalmasını xahiş edəndə Rəcəbin dalağı yenə sancdı.

-Rəcəb müəllim, ya plan, ya da...Özün yaxşı bilirsən də... Partiyanın etimadını doğrultmamaq nə deməkdi, bilirsən də?! Mən, Birincinin yanında dili qısa ola bilmərəm! Rayonun adını, respublikanın şərəfini tapdalaya bilmərəm!.. İki gün bəs edər?..

Katibin kinayə və qəzəblə nə demək istədiyini yaxşı başa düşürdü: ya ömrü boyu ifşa elədiyi müftəxor məmurlar kimi “perepiska” eləyib onların sırasında qalmalı, ya da türmə!..

Bir soxulcanın güdazına gedən balıq kimi ilişdiyi qırmaqdan çıxa bilməyəcəyini hiss etdi. Udqundu və elə bil yuxudaydı, ayıldı, ayılanda da kabinetdə ,nədənsə bayaqdan burda olduqlarını hiss etmədiyi, onunla üzbəüz oturmuş rayon prokurorunu, milis rəisini gördü. Gah rəisə, gah da katiblə prokurora baxıb dəhşətə gəldi.

“Dədəm vayyy, bir ananın qarnından çıxmış üçəmlər kimi necə də bir-birinə oxşayır bu gədələr?!..” Dəli kimi bağırmaq istədi Rəcəb. Amma səsi çıxmadı...

Hər üçü onun son sözünü gözləyirdi.

-Ne-necə məsləhətdi, yoldaş katib. - Bilmədi, doğrudanmı belə dedi, yoxsa nəsə buna bənzər bir şey, amma büro başlayandan katibin zəhirmar yağan sifətinə yüngül həlimlik qonduğunu görəndə anladı ki, elə belə də deyib.

Rahat yata bilmədi Rəcəb. Nə həmən gecə, nə də planı “doldurandan” sonra...

Çox keçmədi, sovetin komasını yıxdılar, kommunistlər demokrat oldu, demokratlar - demaqoq. Adlar, yollar, bayraqlar, dəblər, pullar dəyişdi – amma həqidələr dəyişmədi. Köhnə hamam, köhnə tas!

Bu ki, gözəldi, Rəcəb! Yazmağa o qədər material var ki! Amma Rəcəb susdu. Ağzına su alıb susdu. Hamı kimi. İlk dəfə, “susmaq qızıldı” demiş qocaman ataların məntiqini dərk etdi Rəcəb: Qızıl günü-gündən bahalaşırdı...

... Avqust günəşinin yandırıb-yaxan istisində, xırçıldayan sümüklərini qızdırmaq cəhdi boşa çıxdı. Qalın şüşəli eynəyində bərq vuran şüalar gözlərini də qamaşdırmadı. Nə Günəşin heyi qalmışdı, nə də Rəcəbin...

Dili gödək, qulaqları pambıqlı, gözlərində iri eynək, ömrü boyu arzuladığı işıqlı gələcəyin utopiya olaraq qalacağına inanmaq istəməyən Rəcəb, bir anlıq dünyaya lal, kar-kor gələnlərə həsəd apardı...

Yanvar, 2016

XS
SM
MD
LG