Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:20

Kredit məhkəmələri artıb


Kəmər tikintisi
Kəmər tikintisi

-

Rəsmi qəzetlər Bakıda keçirilən «Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı haqda geniş yazılar veriblər. Dövlət başçısı İlham Əliyevin tədbirdəki çıxışının mətni də dərc edilib . Rəsmi qəzetlər prezidentin çıxışında xüsusilə bu fikirlərin üzərində dayanırlar:

«Enerji amalı heç zaman siyasi təşəbbüs və ya siyasi tələb vasitəsi olmalı deyil. Biz enerji əməkdaşlığını siyasi formatdan ayırmalıyıq. Yalnız bu halda biz uğur qazana bilərik».

Müstəqil və müxalif media isə «Cənub Qaz Dəhlizi» toplantısı ilə yanaşı, sosial problemləri də işıqlandırıblar.

QƏRB BAKINI KREMLƏ QARŞI GÜCLƏNDİRİR

«Qərb Bakını Kremlə qarşı gücləndirir». Bu, «Yeni Müsavat» qəzetində dərc edilən məqalənin başlığıdır.

Məqalədə Qərbin «Cənub Qaz Dəhlizi» layihəsinə dəstək verməsindən bəhs edilir. Yazıda bu mövzuda deputat Vahid Əhmədovun fikirlərinə də yer verilib: «Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə necə maneələr var idisə, indi də «Cənub Qaz Dəhlizi» layihəsinə elə maneələr var. Amma bu maneələr aşıldı».

Politoloq Arzu Nağıyev isə mövzu ətrafında fikirlərini bölüşərkən bunları deyib: «Baş verənlər əsasən Avropanı neft-qaz inhisarçılığından qurtarmaq üçün atılan addımdır. Bununla bir tərəfdən Qərb Rusiyanın iqtisadiyyatını zəiflədir, digər tərəfdən də alternativ ixracatçılar axtarır».

ABŞ AVROPA BAZARINI ÖZÜ ÜÇÜN TƏMİZLƏYİR

«Novoye Vremya» qəzeti isə bu mövzunu bir qədər başqa prizmadan dəyərləndirir.

Müəllif R.Vəliyev bu mövzuya həsr etdiyi məqaləsində yazır: «ABŞ-ın bazarlara çıxması təkcə neft-qaz sahəsindəki situasiyanı dəyişməyəcək. Həm də uzunmüddətli geosiyasi nəticələrə səbəb olacaq».

Müəllif hesab edir ki, ABŞ Avropa neft-qaz bazarını özü üçün təmizləyir. O, bu baxımdan Ağ Evin «Cənub Qaz Dəhlizi» xəttini dəstəkləməsi bəyanatını səmimi saymır. Müəllifin fikrincə, Rusiya neft-qaz bazarına alternativ layihələrin xaricdən dəstəklənməsi Azərbaycana təhlükə yarda bilər.

MANAT UCUZLAŞDIQDAN SONRA...

Azərbaycanda biznes qurumları ilə banklar arasında çoxsaylı mübahisələr yaranıb. Bu fikir isə «Azadlıq» qəzetindən götürülüb.

Həmin məqalədə qeyd edilir ki, manatın ucuzlaşması, iqtisadi aktivliyin aşağı düşməsi, şirkətlərin gəlirlərinin azalması bu sahədə məhkəmə mübahisələrinin sayını kəskin artırıb.

Qəzetdə yazılana görə, hətta vəkillər belə məhkəmə çəkişmələrinin 10 dəfədən çox artdığını deyirlər: «Manat ucuzlaşdıqdan sonra şirkətlər dollarla olan kreditləri qaytara bilmirlər. Bu mübahisələr xüsusilə tikinti şirkətləri ilə bağlıdır. 2014-cü ildə bir tikinti şirkəti bankların birindən 5 il müddətinə 2 milyon dollar kredit götürüb. Əvvəlki məzənnə ilə borc 1.6 milyon manat idi. İndi bu məbləğ 3.1 milyon manat edir. Üstəlik, manatın devalvasiyasından sonra tikinti sektorunda böhran yaranıb, evlər ucuzlaşıb. Banklar isə şirkətə cəmi 1 faiz endirim edir. Kreditin müddəti də cəmi 6 aya kimi uzadılır ki, bu problemi qətiyyən həll eləmir».

Məqalədə deyilir ki, bu sahədə daha bir problem xarici şirkətlərin Azərbaycandakı tərəfdaşlarından borcunu ala bilməməsidir. Ukrayna və Belarusdan olan şirkətlər Azərbaycandakı tərəfdaşlarına satdıqları texnikanın pulunu ala bilmirlər.

Məqalədə bu mövzuda vəkillərin fikirlərinə də yer verilir: «Devalvasiyadan sonra vəziyyət çətinləşib. Texnikanın pulu dollarla ödənməlidir. Biz də həmin şirkətlərdən məhkəmə yolu ilə borcu alırıq. Onların əmlakı, ofisləri var. Satıb ödəmək olur və belələri ilə işləmək daha asandır».

XS
SM
MD
LG