Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:56

80 yaşlı cəlilabadlı: "3-4 polis işçisi məni yerlə sürüklədi"


►“Hələ də evə həkim gəlir, iynə vurur. Qolu sarıqdadır, tərpədə bilmir. 80 yaşlı bir qocanın növbədənkənar içəri keçmək istəyi bu qədər polis işçisini niyə şirə döndərsin, çox maraqlıdır”

“Bilirsiz dərdimiz nədir? Bizim polislər hələ də xalqla rəftarı bacarmır. Elə bil bu xalqdan yaranmayıblar, bu xalqın içində yaşamırlar”.

Cəlilabadın Məlikqasımlı kəndində yaşayan 80 yaşlı Həmdulla Kərimov birinci qrup əlildir. AzadlıqRadiosuna danışır ki, ötən ayın 23-də polis əməkdaşları tərəfindən döyülüb. Özü də hadisə Cəlilabad rayonu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) inzibati binasının qarşısında baş verib. 80 yaşlı ahıl ora sanatoriyalardan birinə müalicə üçün göndəriş əldə etməyə gedibmiş:

“10 MANAT VERMƏMİŞDİM”

“”Putyovka” üçün rayon mərkəzinə - VTEK-ə getmişdim. Növbədə 50-60 adam vardı. Ürəyim xəstə, özüm təngnəfəs oluram. Yaşıma, xəstəliyimə görə növbə gözləməməliyəm. Növbədənkənar keçmək istəyəndə polis işçiləri qollarımdan yapışdılar ki, “olmaz”. Dedim, “a bala, mənim 80 yaşım var, bu qədər adamın arasında növbə gözləməyə səhhətim də yol vermir”. Məni necə sürüdülərsə, növbədə dayanan adamlar əllərindən zorla aldılar. Bilirsiz niyə? Çünki 10 manat verməmişdim. Orada işləri-gücləri adamlardan 10 manat alıb növbəsiz buraxmaqdan ibarətdir”.

Həmdulla Kərimovun sözlərinə görə, elə həmin gün rayon polis şöbəsinə dəvət olunub:

“Gəldilər ki, “rəis səni şöbəyə dəvət eləyib”. Mən də getdim. Dedi, “ayıb olsun, sən qocalıqda kişiyə əl qaldırıblar”. Söz verdi ki, “ağsaqqal, narahat olma, tədbir görəcəyəm”.

Ancaq deyir, polislər qollarından tutub onu sürüklədikləri üçün qollarında kəskin ağrılar olub. Bu ağrılar polis rəisinin təsəllisindən daha güclü olduğundan o, başına gələnlərdən Cəlilabad rayon prokurorluğuna ərizə ilə müraciət edib:

“ÜRƏYİM ELƏ ORDA DAYANARDI”

“Prokurorluqda yazdığım ərizədə hər şeyi olduğu kimi göstərmişəm. Məni yerlə bir sürümələrindən, qollarımı sıxmaqlarından... izləri hələ də qollarımda qalıb. Bu, nəinki polisə, heç insanlığa sığmır. Məni onların əlindən növbədəki adamlar qurtardılar. Xəstə, qoca adamam, bəlkə də köməyimə çatmasaydılar, ürəyim elə orda dayanardı”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Həmdulla Kərimovun oğlu Niyaməddin Kərimov deyir, atasının döyüldüyünü eşidən kimi əvvəl TSEK binasının qarşısına, oradansa rayon mərkəzi xəstəxanasına gedib:

“Atamı müayinədən keçirtdik. Qollarındakı əziklər qeydə alındı. Özünü yaxşı hiss etmirdi. Hələ də evə həkim gəlir, iynə vurur. Qolu sarıqdadır, tərpədə bilmir. 80 yaşlı bir qocanın növbədənkənar içəri keçmək istəyi bu qədər polis işçisini niyə şirə döndərsin, çox maraqlıdır. Bunlar nə yeyib, nə içirlər görəsən? 2 həftədir kənddə hamı bu hadisədən danışır, polis işçilərinin hərəkətini heç kəs həzm edə bilmir”.

POLİSLƏRDƏN İZAHAT ALINIB

Cəlilabad rayon Prokurorluğundan bildiriblər ki, Həmdulla Kərimov rayon polis işçiləri tərəfindən xəsarət alması barədə ərizə ilə müraciət edib. Ekspertizadan keçib, adlarını çəkdiyi polis əməkdaşlarının izahatları alınıb. Lakin ekspertizanın cavabı hələ prokurorluğa daxil olmayıb. Araşdırma davam edir.

Cəlilabad polis şöbəsinin növbətçi hissəsində sualımızı eşidən növbətçi dəstəsi asıb.

Daxili İşlər Nazirliyindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG