Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:38

"Yarmarkada məhsulu ucuz satmırlar, ucuzunu satırlar"- [Fotolar]


►Bayram yarmarkalarında ən ucuz məhsul göyərtidir – 10-15 dəstəsi bir manata

Hər bayram ərəfəsi Bakıda keçirilən yarmarkalarda satıcılar çox olsa da, alıcıların sayı digər bazarlardakı kimidir. Yarmarkaların təşkilatçısı Kənd Təsərrüfatı Nazirliyi hər dəfə ancaq fermerlərin öz mallarını satacaqlarını, həm də ucuz satacağını vəd edir.

Yarmarkalarda satıcıların çoxu özlərinin yetişdirdikləri məhsulları satsa da, alverçilər də çoxdur. Bəlkə də bu səbəbdən bir çox məhsulların qiyməti də digər bazarlardakından fərqlənmir.

“Bu qədər südü-qatığı, pendiri mən ərsəyə gətirə bilərəm? Xeyr, mal özümün deyil. Satanlardan alıb, üstünə bir az qoyub satıram”. Ağartı məhsulları satan Sərfinaz Əliyeva deyir ki, bu qədər məhsul özünün olsaydı, varlanardı: “Ancaq gündəlik qazancım 5-6 manat ola, olmaya...”

Yerə sərilən məhsullar

Yarmarkalarda məhsullar piştaxtalara qoyulmur. Elə yerə sərilir. Qiymətlərə gəldikdə, Novruz bayramı süfrəsini bəzəyən quru meyvələr 2-3 manat ucuzdur. Qozun-fındığın kiloqramı 4-5 manat, qoz ləpəsi 12 manat, fındıq ləpəsi isə 10-11 manatdır. Qabıqlı badam, püstə isə 18-20 manata satılır.

Satıcılar deyir, məhsulu çətinliklə yetişdirirlər. Ona görə qiymətlər alıcıya baha görünməməlidir:

“Hamı deyir ki, “bahadır”. Niyə bahadır axı? Qoz ləpəsini 12 manata satıram, bazarda 16-18 manatadır. Fındıq da elə. Marketlərdə qabıqlı fındıq 10 manatdır, biz 4- 5 manata satırıq”.

"Televizorda elə dedilər ki..."

Alıcılardan isə razı qalanlar da var, “evimin yanındakı marketdən daha ucuz alardım” deyənlər də:

Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

– Qoz, fındıq başqa bazarlara baxanda bir az ucuzdur. Ancaq narıngini burda da 2 manata satırlar, mağazada da. Portağalı 3 manara satır. Evimizin yanındakı marketdə 2 manat 60 qəpiyədir.

– Düzünü desəm, bahaçılıqdır. Televizorda elə dedilər, elə bildik, hər şey ucuzdur. Kartof 90 qəpiyə satılır, soğan 70 qəpiyə. Alma 1 manata. Elə hər yerdə belədir də.

– “Yarmarka” deyib camaatın başını aldadırlar. Niyə aldadırsınız axı? Onsuz da alan gəlib qiyməti öz gözüylə görəcək də.

1 manata 10-15 dəstə göyərti

Bayram yarmarkasında ən ucuz satılanı göy-göyərtidir. 1 manata 10 dəstə satan da var, hətta 15 dəstə satan da. Salyan sakini Feyzulla Bağırov göyərtini həmişə belə ucuz satdığını deyir:

“Alverçilər həmişə bizdən alıb bir dəstəni 20 qəpiyə satırlar. Ancaq göyərti ucuz başa gəlir. Hərdən bu yarmarkalara gəlib satıram. Ancaq bazara bizi kimdir qoyan”.

“İndi ucuz mal yoxdur”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikrincə, indiki məqamda bazara ucuz məhsul çıxarmaq mümkün deyil. Çünki keçən il istehsal olunan məhsul tükənib. Ona görə də yarmarkalara, bir qayda olaraq, aşağı keyfiyyətli məhsul çıxarılır:

Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

“Anbarlarda çox az məhsul qalıb. Yeni çıxan ancaq istixana məhsullarıdır. Onun da həcmi çox azdır. Ona görə də “bazara ucuz məhsul çıxarılacaq” demək mümkün deyil. Xaricdən gələn məhsullar da bahalanıb. Bu da onunla bağlıdır ki, xaricdən məhsullar dollarla alınır. Dollar da bahadır. Ölkəyə gətirildikdən sonra manatla təklif olunduğu üçün əvvəlki ilə nisbətən daha bahadır. Buna görə də indi bazara ucuz məhsul çıxarmaq mümkün deyil. Bir sözlə, yarmarkalarda məhsulu ucuz satmırlar, sadəcə, ucuzunu satırlar”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki, nazirliyin məqsədi alıcılara ucuz məhsul təklif etməkdir.

Nazirlik əməkdaşlarının məhsulların keyfiyyətinə və qiymətlərin tənzimlənməsinə də nəzarət etdiyini bildirir.

Bakıda bayram yarmarkaları martın 20-dək davam edəcək.

XS
SM
MD
LG