Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:30

Zaminlərin də ölkədən çıxışına qadağa qoyulur?


İlham Əliyev ABŞ-da
İlham Əliyev ABŞ-da

-

Regional münasibətlər, prezidentin yeni fərmanları, intiharlar və bank borclarına görə vətəndaşların ölkədən çıxışına qadağa qoyulması medianın aparıcı mövzusudur.

ABŞ İLHAM ƏLİYEVİN YANINDADIR

«Azərbaycan» qəzetində «ABŞ İlham Əliyevin yanındadır» başlıqlı məqalə dərc edilib. Müəllif İxtiyar Hüseynli yazır ki, prezidentin ABŞ səfərindən az sonra bu ölkənin Ticarət Palatasının nümayəndə heyəti ilə keçirdiyi görüşü məhz bu kontekstdə dəyərləndirmək mümkündür: «Prezident İlham Əliyev əlaqələrin mövcud həcmindən, göstəricilərindən razı deyil. Bunun dəfələrlə artırılmasına həm zəminin, həm də potensialın olduğunu düşünür. Eyni zamanda, Palata üzvü olan şirkətlərdən ölkədə aparılan iqtisadi islahatlar prosesinə dəstək göstərmələrini istəyir».

Məqalədə qeyd edilir ki, hazırda Azərbaycanın 165 ölkə ilə apardığı xarici ticarət dövriyyəsində ABŞ-ın 5.7 faizlik payı var. Bu göstərici İtaliyadan (13.77 faiz), Almaniyadan (9.27 faiz), Rusiyadan (8.98 faiz) və Türkiyədən (7.15 faiz) geridir.

Yazının sonunda da oxuyuruq: ««Ernst&Young» şirkətinin nümayəndəsinin prezident İlham Əliyevə xitabən söylədiyi «İslahatların həyata keçirilməsində sizin rəhbərliyinizi çox yüksək dəyərləndiririk. Həm yerli, həm də xarici şirkətlər sizin yanınızdadır. Biz sizi bu islahatlardan geri çəkilməməyin qarantı kimi görürük» fikrini Amerika Ticarət Palatasının ümumi rəyi də hesab etmək olar. Bu rəyin mənbəyi isə, əlbəttə ki, prezident İlham Əliyevin yeni islahatlarına, təşəbbüslərinə ABŞ-ın birmənalı dəstəyi və etimadıdır...».

Rövşən Ağayev
Rövşən Ağayev

ƏVVƏLCƏ KORRUPSİYA YIĞIŞMALIDIR

«İstər dövlət büdcəsinə izafi xərc hesabına prezident yanında yeni Agentlik yarat, istərsə də bunu nazirliklərdən biri vasitəsilə elə, fərqi yoxdur. Şəffaflıq və ictimai nəzarət yoxdursa, nəticə eyni olacaq».

İqtisadçı Rövşən Ağayevin bu fikirləri «Azadlıq» qəzetində dərc edilən «Əvvəlcə korrupsiya yığışmalıdır» adlı məqalədən götürülüb. İqtisadçı orada Mənzil İnşaatı Agentliyinin yaradılması haqda fərmanı şərh edərkən belə deyib.

Rövşən Ağayevin düşüncəsinə görə, indiyədək ölkədə ucuz mənzillərin tikilməməsinin səbəbi hansısa mərkəzləşdirilmiş agentliyin olub olmamasında deyil: «Əsas səbəb odur ki, tikinti bazarında rəqabət yoxdur. Bütün iri tikinti şirkətləri siyasi hakimiyyətə bağlı qrupların əlinə keçib. Rəqabətin yerini inhisarçılıq tutub. Tətbiq etdikləri qiymətlər də inhisarçılıq qiymətləridir və bu şəraitdə bu belə də olmalıdır».

Ekspert bundan çıxış yolunu da göstərir: «Ucuz mənzil tikintisi üçün rüşvət mexanizmlərini kəsmək, tikinti bazarında bütün şirkətlər üçün bərabər fəaliyyət imkanı yaratmaq lazımdır. Hökumət müəyyən nazirlik və ya İpoteka Fondu vasitəsilə bunu edə bilərdi .Amma yenə də burada önəmli olan şəffaflıq və ictimai nəzarət imkanlarıdır».

İntihar.
İntihar.

KÖKLÜ SİYASİ VƏ İQTİSADİ İSLAHATLAR OLMADAN...

«Novoye Vremya» qəzeti «Həlledici məqam» adlı məqalədə son vaxtlar mediada yer alan intihar faktları və ondan qurtulmağın yollarından yazır.

Müəllif yazır ki, bu problemin «hər yerdə belə olur» yanaşması ilə həllini tapmaq mümkün deyil: «Bu, geniş təhlil tələb etmir. Artıq aydındır ki, son bir il və ya il yarımda intiharlara əsas səbəb vətəndaşların sosial problemləridir».

Məqalədə qeyd edilir ki, son bir ildə manat iki dəfə dəyər itirib. Müəllifin düşüncəsinə görə, dolanışığın çətinləşməsi, işsizlik, aşağı keyfiyyətli təhsil, korrupsiya, müstəqil məhkəmənin olmaması intiharları doğuran başlıca səbəblərdir: «Hakimiyyət ödənilməmiş kreditlər problemini həll etməyəcəksə, kim həll edəcək? Hakimiyyət deyilsə, vətəndaş üçün rahat həyat şəraitini kim yaratmalıdır? Ölkədə tikinti sahəsinin yenidən canlanacağına ümid yaranır. Amma bununla bağlı məmurların fəaliyyəti necə olacaq? Onlar hakimiyyətin hətta ən yaxşı niyyətlərini belə məhv edə bilirlər».

Müəllif sonda da yazır: «Köklü siyasi və iqtisadi islahatlar olmadan insanların həyatı yaxşılaşmayacaq».

Hava limanı.
Hava limanı.

STOP! -KREDİT BORCUN VAR

«Bizim Yol» qəzetində isə «Minlərlə vətəndaşın ölkədən çıxışına qadağa qoyulub» adlı məqalə verilib.

Yazıda qeyd edilir ki, hər hansı məhkəmə qərarı olmadan banklar gecikdirilmiş kreditlər ilə bağlı Ədliyyə Nazirliyi ilə anlaşaraq minlərlə vətəndaşın ölkədən çıxışına «stop» qoyub.

Ekspert Əkrəm Həsənov qəzetə bildirib ki, məhkəmə qərarı olmadan vətəndaşın hərəkət sərbəstliyinə qadağa qoyulması özbaşınalıqdır.

O deyib ki, hətta vətəndaş borcunu məhkəmə qərarı ilə hissə-hissə ödəyəcəyi öhdəliyi götürürsə, onun hərəkət sərbəstliyi məhdudlaşdırıla bilməz: «Yalnız müəyyən edildikdə ki, borclu borcu bilə-bilə ödəmir və bundan yayınır, o zaman bu hal tətbiq edilə bilər».

Yazı da qeyd edilir ki, hətta bank kreditinə zamin duran şəxslərin belə ölkədən çıxışı yasaqlanıb.

XS
SM
MD
LG