Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:46

Peyklər Qarabağı yox, Ukrayna və Suriyanı göstərir


Qarabağda erməni hərbçi
Qarabağda erməni hərbçi

-

«ABŞ belə sakit durunca, Putin boşluğu doldurmaqla məşğuldur»; Amerikalı və avropalıların 5 fərqi; Demirtaş: «Erdoğan xilafət istəyir» – 21 aprel Qərb mediasının icmalı.

«Rusiya Dağlıq Qarabağ münaqişəsində fürsəti ələ keçirib, Avropanın ən çətin münaqişələrindən biri üzrə diplomatik səylərini intensivləşdirib». «The Financial Times» qəzetində Jack Farchy diqqəti cəbhə xəttində son toqquşmalardan sonra Rusiyanın fəallaşmasına çəkir.

«Strateji baxsaq, ABŞ belə sakit durunca, Putin boşluğu doldurmaqla məşğuldur. Bakıyla Yerevanda belə bir təəssürat yaranıb ki, təkbaşına qalıblar, Putin də yeganə oyunçudur», - bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Matthew Bryza deyir.

Müəllif yazır ki, Moskvanın canfəşan diplomatiyası ATƏT-in Minsk qrupunu da kölgədə qoydu. Qrup toqquşmalar, demək olar, bitəndən sonra, aprelin 5-də toplaşdı. O vaxtadək Moskva artıq atəşkəsə vasitəçilik edə bilmişdi.

«Minsk qrupunun belə gec yığışması məni çox təəccübləndirdi», - Azərbaycanın Londondakı səfiri Tahir Tağızadə deyib. Səfir Qərbin münaqişəyə yetərincə diqqət ayırmamasını tənqid edib: «Atəşkəs rejiminin daha saxlanmamasının səbəbi beynəlxalq ictimaiyyətin münaqişəylə məşğul ola bilməməsi, yaxud bunu istəməməsidir».

Ermənistanın Xarici İşlər Nazirliyindən isə qəzetə deyiblər ki, Rusiyaya göstərdiyi səylərə görə minnətdardırlar və ümid edirlər, «bu səylər yekun həllə nail olunanadək davam edəcək».

«Doğrudan da, ABŞ diplomatları özəl söhbətlərdə etiraf edirlər ki, Obama administrasiyası son aylarını yaşadığı bir dönəmdə Vaşinqton Dağlıq Qarabağ üzrə yeni diplomatiya başlatmağa həvəsli deyil. Bir Qərb diplomatı təəssüflə yada salır ki, cəbhə xəttində toqquşmaların peyk təsvirlərini istəyib. Ona deyiblər ki, regiondakı bütün peyklər Ukrayna və Suriyanı göstərir», - müəllif yazır.

Ancaq təhlilçilər Avropa, Rusiya, İran və Türkiyənin qovşağında yerləşən Dağlıq Qarabağ münaqişəsinin bütün Qafqaz regionda sabitsizlik yarada biləcəyini vurğulayırlar.

Toqquşmalardan sonra Rusiya hər iki ölkəylə iqtisadi və siyasi əlaqələri gücləndirməyə çalışır. Ötən həftə «Gazprom» Ermənistanla qaz sazişini uzatdı və onsuz da ucuz satılan qazın qiymətini bir az da endirdi. Rusiyanın xarici işlər naziri Sergei Lavrov Bakıda Rusiya-Azərbaycan-İran dəmiryol xətti çəkilməsini müzakirə etdi.

Moskva, qısa müddətə olsa belə, Türkiyə ilə münaqişəsini də kənara qoymuş oldu. ATƏT-in Minsk qrupu zorakılığı pisləyən bəyanat yaydı. Birinci dəfəydi ki, ancaq həmsədrlər deyil, qrup adından açıqlama verilirdi. Qrupa Rusiya və Türkiyə ilə birlikdə doqquz daimi üzv daxildir.

Amma müəllif qeyd edir ki, Rusiya yalnız sabitləşdirici rolda çıxış etmir. Moskva hər iki tərəfə silah satışını davam etdirəcəyini bildirib. İndiyədək sülh prosesi üzərində işləyən şəxslər söyləyirlər ki, tərəflərdən heç biri davamlı sülhün təkcə Moskvanın vasitəçiliyi ilə yaranacağına inanmır.

Birləşmiş Ştatları Minsk qrupunda üç il təmsil etmiş Bryza isə deyir: «Münaqişənin həlli hər iki prezidentin bir-birinə inamının yaranmasından keçir. Rusiya bunun öhdəsindən gələ bilməz».

ABŞ/AB
ABŞ/AB

AMERİKALILAR AVROPALILARDAN NƏYLƏ FƏRQLƏNİR

Amerikalılar avropalılarla xeyli cəhətləri paylaşırlar: fundamental demokratik prinsiplərə sadiqdirlər, yarım əsrdən çox bir müddət ərzində dünya düzənini saxlamış strateji alyans yaradıblar; son illərin iqtisadi çətinliklərinə baxmayaraq, hər ikisi dünyada ən yüksək həyat standartlarını saxlaya bilib. Ancaq yenə də, Avropanın Atlantik okeanının o tayından gözəçarpan fərqləri varmış. «Pew» sorğu mərkəzi üzə çıxarıb ki, individuallıq, hökumətin rolu, söz azadlığı, din və əxlaq məsələlərində amerikalılar avropalılardan fərqlənirlər.

1) Amerikalılar öz talelərini özlərinin idarə etməsinə daha çox inanırlar. 2014-cü ildə amerikalıların 57%-i «uğur kənar qüvvələrdən asılıdır» fikri ilə razılaşmayıb. Amerikalılar inanırlar ki, çox çalışan uğur qazanır.

2) Amerikalılar individual azadlığı üstün tuturlar. Avropalılar isə cəmiyyətdə heç kəsin ehtiyac içində yaşamamasında dövlətin roluna üstünlük verirlər. Hər 10 amerikalıdan 9-u (58%) inanır ki, hər kəs dövlətin müdaxiləsi olmadan öz məqsədlərini həyata keçirməlidir.

3) ABŞ-da təhqiramiz nitqə dözümlülük Avropadan çoxdur. 77% amerikalı inanır ki, vətəndaşlar dini baxışlara dair təhqiramiz bəyanat verə bilərlər. Eləcə də azlıqda olan qruplarla bağlı oxşar bəyanatları mümkün sayırlar. Avropada əhalinin yarıdan azı bu fikri paylaşır.

4) Din amerikalılara nisbətən avropalıların həyatında daha az rol oynayır. Amerikada 53% deyir ki, din onlardan ötrü vacibdir. Polşada bundan 2 dəfə az, Fransada cəmi 14% belə düşünür.

5) Amerikalı və avropalıların əxlaq məsələlərinə, özəlliklə cinsi məsələlərə baxışı fərqlidir. ABŞ-da yalnız 30% evlənməmiş cütlüklər arasında cinsi əlaqəni əxlaqi saymır. Avropada isə bu rəqəm daha yüksəkdir.

Selahattin Demirtaş
Selahattin Demirtaş

DEMİRTAŞ: «ERDOĞAN XİLAFƏT İSTƏYİR»

Türkiyədə fəaliyyət göstərən Xalq Demokratik Partiyasının (HDP) rəhbəri Selahattin Demirtaş Almaniyanın «Spiegel» qəzetinə müsahibə verib.

«Prezident Recep Tayyip Erdoğan Avropanın qaçqın böhranını həll edə biləcəkmi» sualına Demirtaş belə cavab verib ki, Erdoğan daha çox problem yaratmaqla məşğuldur. «Türkiyə hökuməti kürdlərə qarşı müharibəni davam etdirsə, milyonlarla türkiyəli Avropadan sığınacaq istəyə bilər».

Demirtaş-ın sözlərinə görə, Erdoğan PKK-nı dəstəkləməkdə şübhəli bildiyi dinc sakinləri hədəfə alır. «400 min nəfər evindən didərgin düşüb. Türkiyənin cənub-şərqi Suriyanı xatırladır», - o deyib.

SPIEGEL: PKK da daha çox dinc sakinlərə hücum edir. Niyə bunlara terror hücumları demirsiniz?

Demirtaş: Ankaradakı hücumlara terror demişik. Ancaq hücumlara görə məsuliyyəti Kürd Azadlıq Şahinləri (TAK) üzərinə götürüb.

SPIEGEL: HDP-dəki tənqidçilər də sizin özünüzü PKK-dan uzaq tutmanızın vacibliyini vurğulayırlar.

Demirtaş: Belə də etmişəm. Ancaq Erdoğan və mediası bu barədə eşitmək belə istəməyib, məni «terrorçu» adlandırmaqda davam edib.

SPIEGEL: Erdoğan bu yaxınlaradək kürd münaqişəsinin dinc yolla həllinə çalışırdı. Sizcə, kursunu niyə dəyişdi?

Demirtaş: Çünki o, Türkiyədə mütləq hakimiyyət qurmaq istəyir. Erdoğan xilafət istəyir. Biz kürdlər onun yolunu tutmuşuq. Erdoğan bizi siyasi baxımdan dayandıra bilmir, ona görə də bizə «terrorçu» deyir.

XS
SM
MD
LG