Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 19:57

Dağlıq Qarabağda eskalasiya mümkün deyil


Ağdərədə döyüşlər.
Ağdərədə döyüşlər.

-

İki faktor toqquşmaların daha geniş müharibəyə çevrilməsini əngəlləyir; Pakistanın ilk qadın karikaturaçısı; Moskvada şaurma qadağan oluna bilər – 27 aprel Qərb mediasının icmalı.

«Azərbaycanın separatçı Dağlıq Qarabağ regionunda son toqquşmalar bu dondurulmuş münaqişənin Qafqazda sabitliyə yaratdığı təhlükəni kəskinliklə yada saldı. Ancaq regiondakı beynəlxalq maraqlar münaqişənin eskalasiyasını mümkünsüz edir». Bunu Globalriskinsights.com saytında Riccardo Dugulin yazır.

Müəllif Qafqazın tarixən Rusiyanın nüfuz dairəsində olduğunu, Moskvanın həm Yerevan, həm də Bakıyla güclü əlaqələr qurduğunu vurğulayır. Ermənistana baxanda, Azərbaycan Moskvaya elə də yaxınlaşmayıb, ancaq yenə də dərin münasibətləri var. Rusiya hər iki ölkəyə silah satır, regiondakı siyasi nüfuzuna söykənərək aprelin əvvəlində tərəflərin atəşkəsə getməsinə nail oldu.

«Moskvayla Ankara regionda daha geniş geosiyasi hakimiyyət uğrunda mübarizə aparır. Türkiyə Azərbaycanla güclü siyasi, iqtisadi, hərbi və mədəni əlaqələr qurub. Azərbaycan müstəqillik əldə edəndən iki ölkənin münasibətləri ortaq etnik və dini irsə dayanaraq daha da güclənib».

Müəllif yazır ki, Suriya münaqişəsindən dolayı Rusiya-Türkiyə ədavətinin qızışması özünü Ermənistan-Azərbaycan münaqişəsində də büruzə verir. Ötən il Türkiyə Ermənistan-Rusiya havadan müdafiə razılaşmasını kəskin pisləyib.

Azadlıq A-Live-də: Cəbhədə vəziyyət yenidən pisləşib:

Ancaq yazıda qeyd olunur ki, region müxtəlif oyunçuların ədavət meydanı olsa da, iki faktor Dağlıq Qarabağdakı toqquşmaların daha geniş müharibəyə çevrilməsini əngəlləyir.

Birincisi, Ermənistan və Azərbaycanın iqtisadi durumu onların uzunmüddətli münaqişə aparmasına əl verməyəcək. Neftin ucuzlaşması Azərbaycanı büdcəsinə yenidən baxmağa, kapitala nəzarət tədbirləri həyata keçirməyə məcbur edib. Heç bir ölkə təmas xəttindən kənarda münaqişəni sürdürə bilməyəcək. İkincisi, Rusiya ilə Türkiyə Qafqazda müharibəyə sponsorluq etməklə iqtisadi və siyasi maraqlarını qurban verməzlər, bu regionun sabitliyi hər ikisinə sərfəlidir.

«Regionda sabitlik qlobal iqtisadiyyat üçün də vacibdir, belə ki, bir sıra neft və qaz kəmərlərinin bir hissəsi Azərbaycan ərazisindədir. TANAP, Cənubi Qafqaz Kəməri, Bakı-Tbilisi-Ceyhan kəməri Dağlıq Qarabağın şimalından keçir. Bu kəmərlər Türkiyə, Avropanın enerji maraqları, eləcə də Azərbaycanın enerji resurslarının ixracından ötrü strateji əhəmiyyət daşıyır».

«Dağlıq Qarabağ münaqişəsinə qatılan bütün tərəflərin bu kəmərlərdə birbaşa, yaxud dolayısı maraqları var deyə, heç biri regiondan enerji axınını kəsəcək, yaxud kəmərlərə ziyan vura biləcək münaqişəni alovlandırmaz», - müəllif yazır.

Yazıda vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsi gələcəkdə də dondurulmuş qalacaq, təmas xəttində ara-sıra toqquşmalar olacaq. «Azərbaycanla Ermənistan hazırkı status-kvoya strateji zərbə vuracaq manevrlərə cəhd göstərməyəcək. Rusiya da zəifləmiş iqtisadiyyatında yeri olan bu regionda sabitliyin saxlanmasından ötrü siyasi və hərbi təzyiq vasitələrinə əl atacaq».

Nigar Nazar
Nigar Nazar

PAKİSTANIN İLK QADIN KARİKATURAÇISI

Pakistanın ilk peşəkar qadın karikaturaçısı olan Nigar Nazar, az qala, həkim olacaqdı. «Tibb kollecində oxuyurdum, ancaq elə hey dərsliklərin kənarlarında cızma-qara çəkirdim. Sonucda, qərar verdim, valideynlərimi də dilə tutub incəsənətə keçdim». Nigar Nazar ilə söhbəti BBC.com dərc edib.

Nazar-ın əsas qəhrəmanı Gogi adlı təhsilli pakistanlı qadındır. Xallı paltarlar geyinən bu qadını dünyada minlərlə insan sevir, izləyir.

Karikaturalarından birində Nazar Pakistanda oğlan övladlarına üstünlük verilməsindən söz açır: «Ölkəmizdə qız uşaqlarının doğulmasına elə də sevinmirlər, bu münasibətə nifrət edirəm».

Gogi komiksləri qadınların təhsili, ətraf mühit, sosial məsələlər barədə mesajlar çatdırır. Ancaq bəzən yerli qəzetlər bu karikaturaları çap etmirlər, çünki Pakistanda sosial komikslər siyasi karikaturalar qədər məşhur deyil. Ancaq Nazar çıxış yolu tapıb, kitablar hazırlayır. «Ekstremizm, korrupsiya, qızların təhsili, qadınların hüquqları kimi məsələlərlə bağlı 14 kitab hazırlamışam», - o söyləyir.

Sərhədsiz Reportyorlar Təşkilatının indeksində Pakistan mətbuat azadlığına görə 180 ölkə içində 147-ci yerdədir. Nazar da bəzən özünü senzura etdiyini boynuna alır. «Pakistanda bəzi mövzularda söz azadlığı geniş olsa da, insanları təsirləndirən real məsələlərdə məhdudiyyətlər var… Olub ki, müqəddəs «Quran»dan sitat gətirməklə ruhanilərin dəstəyini almışam, təhsilin qızların əsas hüququ olmasını göstərən, yaxud cinsi qısnama əleyhinə karikaturalar çəkmişəm».

Şaurma
Şaurma

MOSKVADA ŞAURMA QADAĞAN OLUNA BİLƏR

Moskva hakimiyyəti şəhər sakinlərinin sevimli ayaqüstü yeməyi olan şaurma köşklərini bağlamaqla hədələyib. Bu köşklərin sanitariya standartlarına əməl etmədiyi bildirilir.

Moskva ticarət və xidmət departamentinin rəhbəri Alexey Nemeryuk «Komsomolskaya Pravda» radiostansiyasına deyib ki, şaurma satılan bütün köşklər yığışdırılacaq. Çünki köşk sahibləri «müvafiq sanitariya standartlarının tətbiqindən ötrü minimum xərcləri çəkməkdən belə imtina edirlər». Nemeryuk daha sonra «Dojd TV»yə fikirlərinin səhv anlaşıldığını, yalnız bir köşkü nəzərdə tutduğunu söyləyib.

«The Guardian» qəzeti yazır ki, yayılan informasiya moskvalıları xeyli qəzəbləndirib, onlar Twitter sosial şəbəkəsində #ShaurmaZhivi (Şaurma, yaşa) həştəqi ilə etiraz ediblər. Bəziləri isə Moskvanın meri Sergei Sobyanin-i oğlunu öldürmüş İvan Qroznı ilə müqayisə edib.

Daha öncə də Moskva rəsmiləri kabab, şaurma satan köşkləri bağlamağa cəhd göstərib. 2006-cı ildə yeni səhiyyə və təhlükəsizlik qaydaları qüvvəyə minəndən sonra müfəttişlər şaurma satışının dayandırılacağını bəyan etmişdilər.

Nemeryuk onu da deyib ki, küçələrdə dondurma satan köşklər də yığışdırılacaq.

XS
SM
MD
LG