Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:42

«Adi adamlar da pul verib, kamera yaddaşına baxa bilər»


Verena Breit, Vanessa Sahinovic və Luna Pajer
Verena Breit, Vanessa Sahinovic və Luna Pajer

-

«Oruc Zalovun tapşırığıyla gəldi, görüntüləri götürüb getdi»

«Bizdə adi adamlar da pul verib, rəhbərliyin tapşırığı ilə gəlib təhlükəsizlik kameralarının yaddaşına baxa, videoları köçürə bilərdilər. Məsələn, Heydər Əliyev Sarayının direktor müavinin oğlunu döymüşdülər, gəldi, rəislə danışıb, videogörüntüləri götürüb getdi. Yaxud bir nəfər vəzifəli şəxsin xalasını maşın vurmuşdu, Oruc Zalovun tapşırığı ilə həmin adam gəldi, videonu götürüb getdi».

«DEDİ, «KİMDƏ VARSA, SİLSİN»«

Bunu Avropa Oyunları ərəfəsində avstriyalı idmançıların vurulması ilə nəticələnmiş avtobus qəzasının görüntülərini yaymaqda suçlanan polis əməkdaşı Elçin Həsənov məhkəməyə ifadəsində deyib. Nizami Rayon Polis İdarəsinin «Təhlükəsiz Şəhər» xidmətinin əməkdaşı olmuş Elçin Həsənov bildirib ki, ictimailəşən video-görüntüləri o yaymayıb:

«Əvvəllər görüntülərə baxmağa heç bir qadağa yox idi. Amma Avropa Oyunları ərəfəsində qaydalar dəyişdi. Hadisə səhər saat 8.21-də olmuşdu, mən isə işə təxminən bir saat sonra gəldim. Gələndə gördüm ki, otaqda xeyli adam var. Onlar istintaqla əlaqədar hadisənin görüntülərinə baxırdılar. Təxminən iki saat sonra iki polis əməkdaşı gəldi, görüntülərə baxmaq istədiklərini dedilər. Nizami rayon Polis İdarəsinin rəis müavini Ədalət Əliyevə zəng eləyib dedim. İcazə verdi, dedi ki, «mane olmayın, işlərini görsünlər». Mən də onlarla birlikdə otağa girdim. Dedilər ki, görüntüləri istəyirlər. Növbə yoldaşım Emin Axundovun telefonuna 17 saniyə çəkdim, xahiş elədim ki, mənə də göndərsin. Blutuzla mənim də telefonuma gəldi. Günorta aşağı yeməkxanaya düşəndə Vəli Əhmədovu gətirmişdilər. Müvəqqəti saxlama yerinin əməkdaşı Məzahir Əsgərov otağa çıxıb videoya baxmaq istədiyini dedi, bildirdim ki, otaqda heç kim yoxdur. Özümdəki videonu ona da göndərdim. Bir qədər keçəndən sonra Ədalət Əliyev zəng eləyib dedi ki, «görüntülər məxfiləşdirilib, heç kimə verməyin, kimdə varsa da, silsin». Sonradan Məzahir mənə dedi ki, 25-ci bölmənin əməkdaşı Nemətə də göndəribmiş. Saytlarda gedən çəkiliş kompüterdən köçürülüb, telefondan yox. Amma bilmirəm ki, kim eləyib. Mənim Avropa Oyunlarına, dövlətin nüfuzuna xələl gətirmək niyyətim olmayıb, əgər olsaydı, bunu müxalifətə ötürərdim».

«“KRESLOM” LAXLAYIR»

Elçin Həsənov deyir ki, Nizami RPİ-nin rəisi onu yalan vədlərlə aldadıb: «Hadisədən sonra mənim vəsiqəmi aldılar, «bandotdel»ə apardılar. Daxili işlər naziri Ramil Usubov, müavini Vilayət Eyvazov, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun qəbulunda oldum, onlara da dedim ki, «mən eləməmişəm, kimin yaydığını da bilmirəm». Nazir dedi ki, «görüntünü polis əməkdaşına vermisən, sadəcə, səhlənkarlıq etmisən». Sonra buraxdılar. Nizami rayonunun polis rəisi məni çağırdı, atamla getdik. Dedi ki, «idarəyə kompleks yoxlama gəlib, mənim «kreslom» laxlayır, adi adamların o otağa girib görüntülərə baxdığını heç kimə demə. Səni xidmətdən azad edirik, amma bir il sonra bərpa eləyəcəyik». Nazirin təlimatı vardı, biz ona qol çəkməmişdik. Məndən həmin təlimata qol çəkməyimi istədi... Mən istintaqda da demişəm ki, videonu Emin Axundovun telefonu ilə çəkmişəm. Amma Eminin rəislə yaxın olmasına görə onun adı istintaqda çıxarılıb. Məzahir Əsgərov öz telefonunu sındırdı. Amma mən özüm telefonumu istintaqa təhvil verdim ki, yoxlayın, «Məzahirdən başqa heç kimə video göndərməmişəm». Emin Axundovun telefonu isə heç yoxlanılmadı».

Məhkəmədə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi, təqsirləndirilən Fərid Əmiraslanov da ifadə verib. O bildirib ki, sürücü Vəli Əhmədovun işə götürülməsinə görə o, heç bir məsuliyyət daşımayıb. Fərid Əmiraslanov deyir ki, o, sadəcə, göndərilən siyahıların kompüterdə yığılması ilə məşğul olub:

«SƏLAHİYYƏTİM OLMAYIB»

«Ədalət Əliyev zəng eləyib dedi ki, «görüntülər məxfiləşdirilib, heç kimə verməyin, kimdə varsa da, silsin»

«Sərnişindaşıma ilə məşğul olan şirkətlər sürücülərin siyahısını elektron, kağız formasında mənə təqdim ediblər, onları bir yerə yığıb «e-mail» vasitəsilə Daşımaların Təşkili Şöbəsinin rəisi Malik Əliyevə göndərmişəm. Oradan siyahının hara getdiyini bilmirdim. Sonradan bildim ki, hüquq-mühafizə orqanları sürücülərin içindən seçim aparır. Bizə təkrar siyahı gəldi ki, kimlər təlimə gedəcək, kimlər yox. Mənim kiminsə adını siyahıya salmaq və ya çıxarmaq səlahiyyətim olmayıb. 2014-cü ilin sentyabrında göndərilən 286 nəfərlik siyahıdan Vəli Əhmədovun adı çıxarılmışdı. Lakin ikinci dəfə «Transqeyt» şirkətinin göndərdiyi siyahıda onun adı qeyd edilmişdi, hüquq-mühafizə orqanları da təsdiqləmişdi. Vəli Əhmədov təlimlərdən və hüquq-mühafizə orqanlarından keçəndən sonra ona akkreditasiya kartı verilib. Onun əvvəlki məhkumluğundan isə xəbərim olmayıb. Mənim əməlimdə cinayət tərkibi yoxdur. Məhkəmədən xahiş edirəm ki, barəmdə ədalətli hökm çıxarsın».

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses mayın 6-da şahid ifadələrilə davam edəcək.

2015-ci il iyunun 11-də Atletlər kəndinin nəqliyyat deposunda «Bakubus» MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq, Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer Verena Breyti vurub. Bu cinayət işi üzrə məhkəmə qarşısına dörd nəfər çıxarılıb, onların arasında avtobusun sürücüsü Vəli Əhmədovla yanaşı, keçmiş polis Elçin Həsənov, Nəqliyyat Nazirliyinin iki əməkdaşı - Hüseyn SalamovFərid Əmiraslanov da var.

XS
SM
MD
LG