Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:52

Xədicə İsmayıl UNESCO-nun Media Azadlığı Mükafatını alır


Xədicə İsmayıl
Xədicə İsmayıl

Xədicə İsmayılın Helsiknidə UNESCO-nun mükafatının təqdimetmə mərasimi iştirakçılarına müraciətinin mətni. Mətni jurnalistin anası Elmira İsmayılova təqdim edib:

AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova UNESCO-nun 2016-cı il Guillermo Cano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb.

Təqdimat mərasimi 3 may Dünya Mətbuat Azadlığı Günü Finlandiya paytaxtı Helsinkidə keçirilib.

Mərasimdə Xədicə İsmayılın anası Elmira İsmayılova onun mərasim iştirakçılarına həbsxandan göndərdiyi müraciətin mətnini səsləndirib.

Həmin mətn belədir:

Xanımlar və cənablar, hörmətli qonaqlar,
Bu gecə lütf edib Guillermo Cano mətbuat azadlığı mükafatının təqdimetmə mərasiminə toplaşmısınız. Etiraz etmirsinizsə, cənab Cano-nun xatirəsini bir dəqiqəlik yad edərdim. Çünki bu mükafat bir prinsip olaraq mətbuat azadlığı, həm də bir şəxs kimi onun barəsindədir.

Guillermo Cano 1986-cı il dekabrın 17-də qəzetin redaksiyası önündə qətlə yetirilib. (Cano qətiyyətlə pislədiyi, Kolumbiya cəmiyyətinə ziyanlı təsirləri barədə xəbərdarlıq etdiyi narkotik qaçaqçılığı mafiyasının qurbanına çevrilib).

Bütün fəaliyyəti boyunca, o, ədaləti önə çəkib, onu axtarıb, güzəştə getməyib.
2016-cı il mükafatının qalibi kimi bu gecə bu imkandan faydalanaraq, sizi cənab Cano-nun karyerası və uğurlarını bayram etməyə deyil, hərəkətə çağırıram. Onun irsi tamamlanmamış qalır. Bu gün buraya toplaşanların hamısının qarşısında görülməli çox iş var.

İzah edim. Elmar Hüseynov barədə eşitmişiniz?

O, Azərbaycanın Guillermo Cano-sudur. İnanıram ki, onun işi və verdiyi qurban bu gecə burada anılmalıdır. Elmar “Monitor” adlı müstəqil insan haqları jurnalının redaktoru idi. Bu jurnal Azərbaycanda baş verənlərlə bağlı həqiqəti demək kimi sadə jurnalistika missiyasını özünəməxsus şəkildə həyata keçirirdi.

Elmar 2005-ci il martın 2-də evinin kandarında öldürüldü. Güllələr atılanda həyat yoldaşı və övladı evdə idi; onun qətli araşdırılmadı, heç kəsə qarşı cinayət təqibi aparılmadı, təqsirləndirilən olmadı. Onun qətli Azərbaycanda jurnalistlərə qarşı cəzasız qalan saysız cinayətlərdən birinə çevrildi. Guillermo Cano-nu xatırladığımız kimi Elmar Hüseynovu da anmalıyıq, onların həqiqətə birgə xidmətləri boşuna getməməlidir.

İndi isə özümə keçirəm. Bilirsiniz ki, sizə həbsxana kamerasından yazıram. Cinayətim nədir? Araşdırıcı jurnalistikayla məşğul olmuşam – Azərbaycan Prezidenti İlham Əliyevə və ailə üzvlərinə bağlı korrupsiyanı üzə çıxarmışam. Nədə təqsirli bilinmişəm? Cinayəti sübuta yetirən edən heç bir dəlilin ortaya qoyulmadığı, əleyhimə heç bir şahidin ifadə vermədiyi məhkəmə mənə 7 il yarım həbs cəzası kəsib. Ancaq həmkarım və əziz dostum Elmardan fərqli olaraq, mən ədalət mübarizəsi yolunda sağ-salamatam; amma həbs bu işi təkbaşına görməyimə əngəldir.

Ona görə sizə səslənirəm. Jurnalistlər susanda bəşəriyyət əziyyət çəkir. Bu səbəbdən bəziləri inanır ki, jurnalistlərin öldürülməsi bəşəriyyətə qarşı cinayətdir. Bu gecə buraya yığımısınız, xahiş edirəm, mənim işimi, cəsarətimi tərifləməyin, özünüzü hər birinizin mətbuat azadlığı və ədalət adına görə biləcəyiniz işə həsr edin.

İndi Guillermo Cano, Elmar Hüseynov və mənə bağlısınız. Hamımız fundamental hüquqlarımıza hücumlar, ədalətə nifrət, obyektivliyə xor baxış, həqiqətin inkarından alçalır, insanlığımızı itiririk. Bu gecə buraya mətbuat azadlığı ehtiramına yığışmışıq, onun uğrunda savaş vədi verməliyik.

UNESCO-nun, dünyada bəşəri sivilizasiya və uğurların qoruyucusunun bizi bu missiyada birləşdirməsi də təqdirəlayiqdir. Beləliklə, bu günkü hərəkət çağırışına nə daxildir? Hamımız – fərdlər, təşkilatlar və dövlətlər üçün o deməkdir ki:

Həqiqəti müdafiə etsinlər, sual verməkdən çəkinməsinlər, tənqidi düşünsünlər.

Siyasi məhbuslara görə heç bir bəhanə qəbul etməsinlər. Cəmiyyətlər ictimai nəzarət və tənqid olmadan inkişaf edə bilməz. Narazılıq həbsə əsas verməməlidir.

Korrupsiya ilə savaşın, hökumətləriniz və müttəfiqlərinizdən bütövlük və hüququn aliliyini tələb edin. Korrupsiya şər qüvvədir və tamamilə pozucudur. Bunu gözardı etməyin, yaxud qol-qanad verməyin. Etibar olmayan yerdə təhlükəsizlik və beynəlxalq standartları və öhdəliklərini pozan tərəfdaşlarla mənalı strateji alyans gözləməyin.

Qorxmayın. Buna görə qurban verməyə dəyər.

Məndən öncə görülən işlər və qurbanlar, eləcə də görüləcək işləri nəzərə alaraq bu mükafatı təvazökarlıqla qəbul edirəm. Mənimlə birlikdə azadlıq və həqiqət uğrunda savaşın.

Mükafatın məbləği 25 min dollardır.

Bu mükafat kolumbiyalı jurnalist Guillermo Cano Isaza-nın şərəfinə təsis olunub.

Jurnalist 1986-cı il dekabrın 17-də Boqotada, “El Espectador” qəzetinin ofisinin qarşısında qətlə yetirilib.

Xədicə İsmayılova iqtisadi ittihamlarla 7 il yarım həbs cəzasına məhkum edilib.

Jurnalist ittihamları rədd edir və həbsinin fəaliyyətilə bağlı olduğunu deyir.

«Amnesty International» Xədicə İsmayılı vicdan məhbusu elan edib.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi və ya vicdan məhbusu omadığını deyir.

XS
SM
MD
LG