Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:28

Kanada İnsan Haqları Muzeyində Mirzə Fətəli Axundov


Kanada İnsan Haqları Muzeyində çəkilmiş foto
Kanada İnsan Haqları Muzeyində çəkilmiş foto

-

ABŞ-dan azərbaycanlı professor yazır

Azər Əhmədov

Kanada İnsan Haqları Muzeyindən kiçik reportaj

Azər Əhmədov
Azər Əhmədov

Winnipeg’i Ernest Thompson Seton’un “Winnipeg canavarı” hekayəsindən tanıyan (ilk dəfə bu hekayədən tanımışam Winnipeg’i, və indi neyçünsə mənə elə gəlir ki, əksəriyyət də elə tanıyır) və yaxud heç tanımayan oxucular üçün qısa məlumat verim:

təxminən 90 faizi ingiliscə, 10 faizi də fransızca danışan 740 minlik əhalisi var. Manitoba əyalətinin ən boyuk, Kanadanınsa 7-ci boyük şəhəridir. Mədəniyyəti baxımından bir az Avropanı xatırladır. Bura əvvəllər gəzməyə və istirahətə gəlmişik, bu səfərsə bir həmkarımın dəvəti ilə gəlmişəm, birgə çalışmaq üçün.

Kanada İnsan Haqları Muzeyi
Kanada İnsan Haqları Muzeyi

... Fevralın 20-si səhər, gözəl bir gün idi. Hoteldəki pəncərimizdən baxanda Kanada İnsan Haqlari Muzeyinin möhtəşəm binası görünürdü. Neçə gündür ki, bu muzeyə getməyi planlayırdıq, macalsızlıqdan həftə sonuna saxlamışdıq. Mən muzeyləri çox sevsəm də heç vaxt hər hansı insan haqları muzeyində olmamışdım, muzeydə nə görəcəyimiz barədə təsəvvvürlərim zəif idi.

Muzeyə tərəf addımladıqca - gözəl də bir gün olduğunu dedimmi sizə? - məlum sualları özümçün bir də təkrarlayırdım: insan haqları nədir? bir insanın haqqı basqa birisinin haqqı ilə necə uzlaşdırılır? insan haqları fərdimidir, yoxsa qrupların da (etnik, dini, və s.) haqqı olur? Muzeyin girişində götürdüyümüz broşurdan məlum oldu ki, muzeyin missiyası, qısaca ifadə etsək, öz ziyarətçilərinə elə bu suallara cavab tapmağa, həmçinin insan haqlarına qarşı həssaslığı artırmağa yardımçı olmaqdır.

Muzey yenicə istifadəyə verilib. 8-mərtəbəli, inanılmaz dərəcədə gözəl və orijinal bir binası var. Antoine Predock məşhur arxitektor olsa da bu binanı özünün ən böyük işi hesab eləyir. Spiralvari daxili quruluşu var, mərtəbələr sanki bir birinin içərisinə girir. Yuxarı mərtəbələrdən baxanda aşağı mərtəbələri də görmək olur, və bu çox qabarıq 3-ölçülü fəza hissi yaradır muzeyin içərisində.

10 əsas qalereyası var muzeyin. Qalereyaların quruluşu və tərtibatı bir ayrı aləmdir. Bu gözəlliyi təsvir edib çatdırmaq üçün, düşünürəm ki, gərək ən azından Azərbaycan Yazıçılar Birliyinin üzvü olasan.

Ilk qalereya “Insan haqları nədir?” adlanır. Burda “tarixin 100 mühüm anı” təqdim olunur; bəşəriyyətin insan haqları anlayışını qavramasında irəliyə doğru atdığı addımlar divarlarda asılmış lövhələrdə qısa mətnlərlə xatırladılıb. Bu qalereyada həmçinin ən qədim dövrlərdən üzü bəri insan haqları sahəsində müstəsna xidmətləri olan adamların şəkilləri (rəsmləri yaxud fotoları) asılıb. Filosoflar, dövlət adamları, ictimai hərəkatçılar, və s. təxminən 40-a yaxın şəkildir. Ilk şəkillərdən biri Zərdüşt peyğəmbərinkidir. Öz yaratdığı dini təlimddə sistemli bir şəkildə yaxşılıq etməyi təbliğ etdiyi yazılır. Ona yaxın Iran şahı Siruşun da şəklini görüb təəccüblənirəm.

Siruş silindri
Siruş silindri

Yaxınlaşıb oxuyanda səbəb məlum olur – bu, adına “Siruş silindri” deyilən tapıntıya görədir. 1879-ci ildə ingilis-assuriyalı arxeoloq Hörmüzd Rəssam apardığı qaızıntılar zamanı tapıb bunu.

Silindrdə Siruşun tolerantlığa çağıran, müxtəlif dinlərə və millətlərə mənsub insanların birgəyaşayışını təmin etmək məqsədi güdən bəyanatı yazılıb. BMT bu silindri insan haqları barəsində ilk deklorasiya sayır. Demək vacibdir ki, bu fikirlə razılaşamayan, hətta bu fikri ələ salan tarixçilər də çoxdur. Onlar silindrdə yazılanların insan haqları deklorasiyası sayılmasını mətnin yanlış interpretasiyası hesab edirlər. Amma görünür ki, muzey BMT-nin rəsmi mövqeyi ilə razılaşır.

19-20-ci əsrlərdən də bir xeyli adamın şəkilləri var. Martin Luther King’in, vaxtilə “Alatoran” jurnalında haqqında qısaca bəhs etdiyim Wangari Maathai’ın fotolarını görürəm. Keçmiş SSRI coğrafiyasından heç kim gözə dəymir. Axundov! – birdən xanımım çığırır. Həyəcanla şəklə yaxınlaşırıq. Mirzə Fətəli Axundov! Azərbaycan yazıçısı və filosofu, Islam dünyasında qadın haqları məsələsini qabardan ilk fikir adamı kimi təqdim olunur.

Kanada İnsan Haqları Muzeyində çəkilmiş foto
Kanada İnsan Haqları Muzeyində çəkilmiş foto

Maraqlıdır ki, şəkli də SSRI zamanı, 1962-ci ildə 150 illik yubileyi zamanı çıxan bir poçt markasından götürüblər. Əslində şəkil markanın çox iri ölçüdə (asılmış digər şəkillərin ölçüsündə) böyüdülmüş formasıdır. Əvvəl fikirləşirik ki, bəlkə muzey rəhbərliyi ilə danışaq, daha ciddi bir şəklinin asılmasını xahiş edək. Amma sonra düşünürük ki, elə bu şəkil də həm səliqəlidir, diqqət çəkir, həm də ədibimizə qarşı sovet rejiminin diqqətinin göstəricisi kimi də maraqlıdır.

SSRI-də M.F.Axundova olan münasibətdən söz düşmüşkən: orta məktəbdə oxuyanda hər il riyaziyyat olimpiadalarında iştirak eləyirdim; çox yaxşı xatırlayıram ki, 1988-ci ildə, mən 7-ci sinifdə oxuyarkən, fənnlər üzrə keçirilən respublika olimpiadası məhz elə Axundovun anadan olmasının 175 illiyinə həsr olunmuşdu. Bizə üzərində Axundovun şəkli olan iri döş nişanları verdikləri, əksər (100-lərlə) olimpiada iştirakçısının bir həftəyə yaxın müddətdə bu nişanı sinələrində gəzdirməsi indi də yadımdadır.

Həmin il ədibimizin yubileyi də çox böyük təntənə ilə qeyd edildi. Xarici ölkələrdən Axundovun tədqiqatçıları dəvət olunmuşdu ki, bu da o illər üçün qeyri-adi bir hadisə sayıla bilərdi. Bunu ona görə xatırladıram ki, indiki müstəqil durumumuzda bizim Axundova münasibətimiz bəlkə əvvəlki qədər xoş deyil heç. Əsasən də ateist olmasi səbəbindən, tez-tez ona qarşı aqressiv hücumların şahidi oluruq.

İnsanların inanclarına hörmətim olub həmişə (yeri gəlmişkən deyim: ümumilikdə din barədə iki nəfərin sözü çox maraqli gəlib mənə; birini elə Axundov yazıb:”mən bütün dinləri puç və əfsanə hesab edirəm!”, o birinisə saksofonçu John Coltrane deyib: ”mən bütün dinlərə inanıram!”), amma xurafat və cəhalət də bizim mətbuat və TV-imizə yol tapıb artıq, bu xurafat və cəhalət bəzən o qədər aqressivləşir ki, adama elə gəlir ki, vaxtilə Axundovun, Zərdabinin yandırdıqları və bizi son 150 ildə formalaşdırıb kimliyimzi təyin edən maarif çırağını bu dəqiqə üfürüb keçirəcəklər...

Oxuculara təəccüblü görünə bilər, amma qeyd edim ki, Axundovun muzeydə Azərbaycan yazıçısı və filosofu kimi təqdim olunması da avtomatik bir məsələ deyil. Çox asanlıqla onu bir iranlı yaxud fars kimi də təqdim edə bilərdilər (necə ki, bəzi mənbələrdə edirlər). Bəxtsizliyimizdən, şovinizm və təcavüzkarlıq təkcə qərb və şimal qonşularımızın deyil, cənub qonşularımızın da rəsmi dovlət siyasətidir. Yaşasın şərq qonşumuz! “Heç kimin günahkar olduğunu sormadan öz maviliyində” olub həmişə!

Muzeyin başqa bir qalereyasinda həm Kanadadan, həm də dünyanın müxtəlif yerlərindən haqları pozulmuş onlarla sadə insan öz hekayətlərini videolarda anladırdılar. Bu cur forma mənə çox təsirli göründü. Ziyarətçi özü dyməni basmaqla istədiyi adama tamaşa edə bilərdi. Gözəl də bir tərtibat verilib, sanki bu adamlarla üz-üzə dayanmısan, düz sənin gözlərinin içinə baxib danışırlar.

Muzeyin son mərtəbəsindən yuxarı lift qalxır. Ümid qülləsinə. Bu qüllədən bütün Winnipeg görünür. Qüllənin adı dəqiq seçilib məncə. Əminlik deyil, məhz ümid! Bu həm də o deməkdir ki, biz insanlar dünyanı yaxşılığa doğru dəyişməkdə hələ çox məsafələr qət etməliyik. Muzeyin bir qalereyası da elə Dəyişməyə ilhamlandırma adlanır.

Bir oda da var Ümid qülləsində. Adamlar ürəklərindən keçəni kağıza yazıb divarlarda ayrılmış hücrələrə qoyurlar. “Hamı xoşbəxt olsun, və mənim də itim var”, “Səni sevirəm, Afrika!” kimi yazıları indi də xatırlayıram. Mən, “kəndim 23 ildir işğal olunub, mən ora gedə bilmirəm” yazdım. Qızımsa fikirləşdiyini mənə izah etməyə çalışdı, dedi ki, yaxşı ifadə eləyə bilmir hisslərini. Onu dinləyib düşündüklərinə uyğun bir cümlə təklif elədim: ”yollar kəndlər arasında bərabərlik işarəsidir”. Yaxşı sözdür, sevindi, bunu elə bu dəqiqəmi fikirləşdin? Yox, dedim, Azərbaycanda Aqşin adlı bir şair var, onun bir şeirində buna bənzər bir misra var...

...Mən özümü həmişə haqları çox kobudcasına pozulan bir adam hesab etmişəm. Bunun da ən vacib səbəbi odur ki, yuxarıda qeyd etdiyim kimi, uşaqlığımı keçirdiyim kənd işğal olunub, dərin psixoloji zədələr almışam. Hər bir insan (statistikaya görə insanların 99 faizi) uşaqlıqda yaşadığı evə yenidən baş çəkir. Hətta heyvanlarda da bu cür hisslər var, öz əcdadlarının yaşadığı yerə qayıtmaq istəyi. Məni bundan məhrum eləyiblər.

20 il bundan əvvəl Garcia Marquez’in bir müsahibəsini oxumuşdum. Ona “Yüz ilin tənhalığı” barədə sual verirlər, deyir ki, uzun fasilədən sonra Aracataca’ya, uşaqlıqda yaşadığı evə dönmuşdu. Həyətdə durmşdu. Birdən içi hisslərlə doldu, anladı ki, böyük bir roman yazacaq... Mənim böyük roman yazmaq planım yoxdur, ancaq bioloji səviyyədəki ən bəsit bir haqqımdan məhrum olmuşam, və xaricilər bir tərəfə, azərbaycanlı dostlardan da bu barədə çox zaman duyğusuzluq görmüşəm.

20 ilə yaxındır ki, ABŞ-da akademiya sistemində çalışıram. Müxtəlif dini, etnik, cinsi, sosial və s. qruplarin haqlarının pozulmasına qarşı emosional hisslər bəsləyən yüzlərlə həmkarım olub. Icitmai fəallığa daha çox meylim və vaxtım olduğu 10-15 il bundan əvvvəlki zamanlarda da müxtəlif insan haqları aktvisitləri və təşkilatları ilə ünsiyyətim oldu.

Amma çox az sayda adam gördüm ki, onlar mənim dərdimə yaxından maraq və həssaslıq göstərələr. Bu barədə danışmağı belə, yersiz saydım, hətta utandım bundan. Duydum ki, mənim problemim bu adamlar və təşkilatlar üçün əlverişsiz həqiqətdən başqa bir şey deyil.

Fərdlər həqiqətdən daha çox nənələrinin nağıllarına inanmağı sevirlər, təşkilatların da öz gündəlikləri, öz maraqları var. Sənin birinci dərəcəli haqqının pozulmasına qarşı deyil, 5-ci dərəcəli haqqının pozulmasına qarşı “döyüşüb-vuruşmaq” onlar üçün “ilham mənbəyi”dir. Birisyçün insan haqları vicdan işidir, o birisiyçün öz emosiyalarını soyutmaq vasitəsi, başqa birisiyçün isə sadəcə gündəlik çörəkpulu yeri.

Muzeydən öyrəndiyim bir şey bu oldu ki, insan haqlarına həssaslıq və dünyanı yaxşılığa doğru dəyişməyə cəhd etmək, təkcə hansısa bir qrupu (məsələn, qaraçıları) düşünüb, onların haqqlarının pozulmasına qarşı mübarizə aparan təşkilat yaratmaq deyil. Əsl iş, elə öz haqqın barədə danışmaqdır. Dürüstcəsinə və mərdcəsinə! Muzeydəki videolarda danışanlar kimi. Adamların düz gözlərinin içinə baxaraq!

Praktik notlarla bitirmək istəyirəm bu yazını. Insan Haqları Muzeyləri Federasiyasının səhifəsində dünyada fəaliyyət göstərən çeşid-çeşid muzeylərin ünvanları və məramları ilə tanış olmaq olar. Çox istərdim ki, bizim hökumətimiz, xarici ölkələrdəki səfirliklərimiz, eləcə də ictimai təşkilatlarımız bu muzeylərlə əlaqə yaradıb əməkdaşlıq edələr. Hər haqqı pozulan insanin səsi muzeylərdə eşidilmir.

Elə Kanada İnsan Haqları Muzeyi, heç iki il deyil yaranıb, amma sagdan və soldan, çox da haqlı tənqidlərə məruz qalır hər zaman. Bir çox məsələlərdə birtərəfli mövqe nümayiş etdirdiyi üçün; bir qrupun haqqından bəhs edib digər qrupun haqqı barədə susduğu üçün.

Nəzərə almaq lazımdır ki, muzeylər bəhs etdikləri mövzularda rəsmi mövqelərə söykənməyi daha əlverişli sayırlar. Bu üzdən insan haqlarının tanınması məsələsində təkcə filosoflar və fikir adamları deyil, həm də və daha çox dövlət adamları və siyasətçilərin fəaliyyətləri önəmlidir. Fərdlərin, sadə insanların fəaliyyəti bəlkə hamısından əhəmiyyətlidir.

Susmaq yoxsa danışmaq? seçim aydın olmalıdır bizə! Səsimizi ucaldaq! Gözəl gələcəyə, ədalətə və yaxşılığa inamımızı itirmədən.

ABŞ, May 2016

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG