Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:55

Ali Məhkəmənin ikili standartı


Ali Məhkəmə
Ali Məhkəmə

►“Təəssüf ki, eyni məhkəmə fərqli nəticələrə gəlir və gəldiyi nəticələri də əsaslandırmır. Vahid məhkəmə praktikası olmalıdır"

Ali Məhkəmədə hüquq müdafiəçisi Leyla Yunus və AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın kassasiya şikayətinə eyni gündə və eyni hakimlərdən (Əli Seyfəliyev, Hafiz Həsibov və İlham Cəfərov) ibarət kollegiya baxdı.

AVROPA MƏHKƏMƏSİNƏ İSTİNAD EDİRLƏR

Əvvəlcə Leyla Yunus və həyat yoldaşı Arif Yunusun işinə baxıldı və hüquq müdafiəçilərinin özü məhkəmədə iştirak etmədiyinə görə məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salındı.

Bildirildi ki, nə vaxt Yunuslar özləri gəlib iştirak etsə, o zaman da onların kassasiya şikayətinə baxılar. Hərçənd, Yunusların vəkilləri vəsatət qaldıraraq, onların iştirakı olmadan şikayətə baxılmasını istəyirdilər. Amma məhkəmə bunu mümkünsüz saydı.

Xədicə İsmayılın işi üzrə prosesdə isə tamam əks qərar verildi. Baxmayaraq ki, Xədicə İsmayıl kassasiya şikayətinə baxılarkən özünün iştirakının təmin olunması üçün üç dəfə Ali Məhkəməyə məktub yazmışdı, vəkilləri də məhkəmənin gedişində bu barədə vəsatət qaldırdılar, amma təmin olunmadı. Hakimlər kollegiyası belə qərara gəldi ki, məhkumun özünün iştirakı vacib deyil. Hətta bu haqda vəsatətin rədd olunmasına dair qərarı elan edəndə Avropa Məhkəməsinin qərarlarına da istinad etdi.

Yada salaq ki, Ali Məhkəmədə insan haqları üzrə vəkil İntiqam Əliyevin kassasiya şikayətinə baxılarkən onun da iştirakı təmin olunmamışdı.

Hüquq müdafiəçisinin vəkili Cavad Cavadov şifahi şəkildə məhkəməyə bildirmişdi ki, İntiqam Əliyev ədalətli nəticəyə gözləntisi olmadığından prosesdə iştirak etmək istəmir. Məhkəmə də bununla kifayətlənmiş və kassasiya şikayətinə onun iştirakı olmadan baxılmışdı.

____________________________________________________________

Bunlara da bax:
"Sənədləri, bir də canımızı götürüb qaçmışıq"- [Fotolar]
Liberman Azərbaycanla münasibətlərdən danışır

____________________________________________________________

“VAHİD MƏHKƏMƏ PRAKTİKASI YOXDUR”

"Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Seymur Həzi Ali Məhkəmədə iştirak etmək istəsə də, təmin olunmamışdı. Daha dəqiqi, məhkəmə əsas gətirmişdi ki, prosesdə iştirak üçün Seymur Həzi özü yox, vəkili Adil İsmayılov məktubla müraciət edib. Halbuki, məhkum iştirak etmək istəyirsə, özü müraciət etməli idi. Bu əsasla jurnalistin işinə də onun iştirakı olmadan baxılmışdı.

Eyni hakimlərin bənzər situasiyalarda fərqli qərarlar verməsini şərh edən vəkil Fariz Namazlı deyir ki, bu qərarlar vahid məhkəmə praktikasının olmadığını göstərir. Müdafiəçinin sözlərinə görə, Cinayət Prosessual Məcəllənin 91-ci maddəsində məhkumun apellyasiya və kassasiya şikayətlərinə baxılarkən prosesdə iştirak etmək hüququna malik olduğu göstərilir:

"Bu, hüquqdur, vəzifə deyil. İstəsə, iştirak edə bilər, istəməsə yox. Əgər məhkum prosesdə iştirak istəyilə bağlı iradəsini ifadə edibsə, deməli, onun iştirakı təmin olunmalıdır. Yox, əgər iştirak etmək istəmirsə, bu da onun hüququdur. Təəssüf ki, eyni məhkəmə fərqli nəticələrə gəlir və gəldiyi nəticələri də əsaslandırmır. Vahid məhkəmə praktikası olmalıdır".

XS
SM
MD
LG